Super User

Super User

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub.

 

AzərTAC xəbər verir ki, Xalq yazıçısı tədbirdən öncə jurnalistlərə açıqlamasında oxucularla daim ünsiyyətdə olduğunu deyib: "Çalışıram oxucularımla tez-tez görüşüm. Fikrimcə, yazıçı öz oxucusunu tanımalıdır. Mənim təkcə Azərbaycanda deyil, həmçinin MDB məkanında və Avropada da oxucularım var. Onlarla ünsiyyət qurub, fikirlərini öyrənmək mənim üçün çox önəmlidir. Amma bu, o anlama gəlmir ki, yazıçı oxucunun dedikləri ilə tam razılaşmalıdır. Çünki yazıçının öz dəst-xəti, yolu var".

 

Onun sözlərinə görə, bəzən yazıçılar yorulur və əsərlərində zəif tərəfləri görmür. Oxucu kitabı ilk dəfə oxuyanda o məqamları görür. Buna görə də oxucularla vaxtaşırı ünsiyyət qurmaq bu məsələdə kömək olur.

 

Əvvəlcə Natiq Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

 

Yubiley gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digərləri Natiq Rəsulzadənin əsərlərindəki xarakterlərin bitkinliyi ilə diqqəti cəlb etdiyini bildiriblər. Natiqlər yazıçının gənc yaşlarında inkişaf etdirdiyi üsluba sadiq olduğunu deyiblər. Qeyd olunub ki, yazarın əsərləri üzərində qurulan ssenarilər aktyor üçün asandır. Təsadüfi deyil ki, onun kitabları bu gün bir sıra Avropa dillərinə tərcümə olunur.

 

Qeyd edək ki, Natiq Rəsulzadə Azərbaycanda, Rusiyada, Avropa və bir çox başqa ölkələrdə nəşr olunan 50-dən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

Azərbaycan Respublikasınin Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024- cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində  "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək" layihəsi baş tutmuşdur. 

 Layihənin icra planına uyğun olaraq, düșərgədə iștirak etmiş Beyləqan gənclərinin "Gənc təbiət dostları" şəbəkəsi yaradılmışdır və yașadiqları bölgədə onların iştirakı ilə "Tullantılarla İncə Sənət" kiçik layihə təşəbbüsü həyata keçirilmişdir.

Layihənin keçirilməsində əsas məqsəd məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq tədbir iştirakçılarına nümayiş etdirməklə bərabər, gəncləri ətraf mühitə duyarlı yanaşmaq vərdişləri formalaşdırmaq, zərərli əşyaları,  plastikləri, sellofan torbaları düşünmədən zibil qutularına, su hövzələrinə atmaq vərdişlərindən çəkindirməkdir. Həmçinin yaradıcı yeniyetmə və gəncləri dəstəkləməyi, həvəsləndirməyi məqsəd kimi qarşısına qoymuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Dekabrın 1-də başlayan və beş gün davam edən festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarından gələn teatr kollektivləri də iştirak ediblər.

Festivalın sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Emil Salmanov, Samir Abbasov, Akif Səfərov, Həsən Cəfərov və Elmir Məmmədov ifa ediblər.

Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, teatr kollektivlərinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektorunun rəhbəri Böyükxanım Talıbova festivalın Şəkinin, eləcə də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, 145 illiyini qeyd edən Şəki teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb. Nazirliyin rəsmisi festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.

Şəki Dövlət Dram Teatrı və Şəki Şəhər İcra Hakimiyyəti adından Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Avstriyanın dünyada məşhur zərgərlik brendi “Freywille”nin “Sehrli xalça” adlı yeni kolleksiyasının təqdimatı keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə “Sehrli xalça” kolleksiyasının yaranması haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

 

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək milli-mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyası və Azərbaycan zərgərlik sənəti haqqında məlumat verib. O qeyd edib ki, bu unikal kolleksiya Milli Xalça Muzeyi ilə “Freywille” brendi arasında imzalanan Anlaşma Memorandumuna əsasən milli irsimizin dünya miqyasında tanıdılması məqsədilə hazırlanıb.

 

“Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən “Sehrli xalça” kolleksiyası Qarabağın məşhur xovsuz xalçası “Vərni”nin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Bu layihə üzərində altı aya yaxın proses gedib. İnanırıq ki, kolleksiya Azərbaycanda və bütün dünya miqyasında layiqincə qiymətləndiriləcək, daha geniş kütlələr arasında xalça sənətimizin tanıdılması və bu sokral bəzək elementlərinin tərəddüdsüz milli-mədəni irsimizin bir hissəsi olduğunu bir daha təsdiq edəcək", - deyə Ə.Məlikova əlavə edib.

 

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov diqqətə çatdırıb ki, “Freywille” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışları və motivlərindən istifadə edib.

 

“Freywille” şirkətinin rəhbəri Fridrix Ville öz videomüraciətində onların Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu söyləyib.

 

Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nigar Namazova yeni kolleksiyanı sənətkarlığın, tarix və mədəniyyətin möhtəşəm harmoniyası kimi dəyərləndirib.

 

Bədii hissədə tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və onu müşayiət edən musiqiçilər - İlqar Əliyev (klaviş) və Şükür Əliyev (ritm alətləri) Azərbaycan və Avstriyanın musiqilərindən ibarət kompozisiya təqdim ediblər.

 

Həmçinin “Mirvari” rəqs ansamblı Qara Qarayevin “Yeddi gözəl” baletinin sədaları altında xoreoqrafik kompozisiya nümayiş olunub.

 

Sonda muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunan “Vərni” xalça fraqmentlərinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 25 dekabr saat 19:00-da "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutacaq.   

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlərin ifasında mahnılar, rəqslər təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstanın Saqareco rayonunda fəaliyyət göstərən “Parlaq Gələcək” Tədris Mərkəzinin layihəsi çərçivəsində yaradılan “Aşıq dərnəyi” gənc nəslin yetişməsində müstəsna rol oynayır.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, mərkəzin direktoru Rafael Süleymanov kursların ödənişsiz olduğunu bildirərək: “Tərbiyənin bir çox növləri var. Lakin musiqi tərbiyəsi daha böyük imkanlar yaratmaq qüdrətinə malikdir. Xalqımızın milli-mənəvi dəyərləri Gürcüstanda musiqi zövqünün tərbiyə olunmasında əsas amil kimi dəyərləndirilir. Milli musiqi nümunələrimizdə - xalq mahnılarında, rəqslərdə, aşıq musiqisində xalqın yüksək mənəviyyatı, onun arzu və istəkləri əks olunur”,- deyə qeyd edib.

Aşıq Əlibala Qurbanov uşaqların bu qədim el sənətinə böyük maraq göstərdiyini, aşıq sənətinin öyrədilməsində əsas məqsədin şagirdlərdə yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, musiqi bacarıqlarını inkişaf etdirmək, həmçinin xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaq olduğunu söyləyib.  

Saz dərnəyinin üzvü Sərvət Yusifov ailələrində həmişə saz olduğunu, ona görə də aşıq sənətini sevdiyini, Nuray Hacıyeva isə bu qədim el sənətinə uşaqlıqdan maraq göstərdiyini qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqında gənc rəssamların “Tablolarda nağıllar” adlı yaradıcılıq sərgi-müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.

 

AzərTAC xəbər verir ki, sərgi Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə təşkil olunub.

 

Tədbir Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

-  İnsana ağıl həyata uyğunlaşmaq üçün, hisslər həyatı yaşamaq üçün verilib.

 

-  İnsan yekə- yekə danışanda kiçilir.

 

-  Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər.

 

-  Həqiqət axtaranın təəssüfdən çarığı, kədərdən əsası olmalıdır.

 

-  Uğur qazanmaq üçün uğurluya bax, uğursuza qulaq as.

 

-  Nəzəri biliklər iki halda əhəmiyyətsizdir, suda üzmək istəyəndə, qadınla münasibət quranda.

 

-  Gözüaçıqlıq yalanlara göz yummaq bacarığıdır.

 

-  Kim olursansa ol, amma kürəyini sürtməyə biri olmalıdır.

 

-  Şamın məşəl kimi yanmağına ümid eləmə.

 

-  Sözün dəyəri cümlədə, insanın dəyəri cəmiyyətdə bilinər.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Friday, 06 December 2024 16:40

BİR SUAL, BİR CAVAB Fərid Hüseyn ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

İndi divardakı quş kölgələrini

önündə dayadığımız gecənin

xatirəsinə qalıb saat,

kəfgirləri yaddaşıma sancmışam.

Sənsiz keçən vaxtı görməmək üçün

qol saatımı divardan asmışam.

(Fərid Hüseyn)

 

Necə düşünürsünüz, zaman yaraları sağaldırmı, yoxsa yaralar qasnaqlasa da, zaman adlı həbin gücü yetməz o yaraları tam sağalda, Fərid bəy, zaman adlı həb "ən ağır yaranı"  sağalda bilərmi?

 

CAVAB

Zaman əlbəttə ki, insanı olanlardan, baş verənlərdən az-çox soyudur, iş-güc, gündəlik qayğılar adamın başını qatıb köhnə günlərin havasından uzaq salır, amma bəzən elə vaxt yetişir ki, keçmiş günün bircə anlıq xiffəti ürəyini didik-didik eləyir, bağrının başı göynəyir. İnsan “o məsələ belə olmasaydı, belə olardı, bu adam olmasaydı, o biri olsaydı” deyə düşünəndə əlacsızlıqdan az qalır özünü kağız kimi cırıb kənara tullasın. İnsan bir anının içində keçmişi xatırlayıb elə peşmanlıq keçirə bilər ki, on ilin dustağı, iyirmi ilin əsiri əzablı günlər içərisində o qədər sarsıntı yaşamaz. Hər şey insanın mənəvi dərinliyindən asılıdır, nə qədər Allaha bağlısansa, ürəyin təmənnasız istəklərinə mübtəlasansa əzabların da o qədər ağır olur. İndi insanlar ona görə Allahdan uzaq olmağa çalışırlar ki, günün, peşmanlıq hisslərini yüngül keçirsinlər. Biri var hansısa günahın Allahın nəzəri önündə törədildiyini təsəvvür edəsən, biri də var kameraya düşüb-düşmədiyini fikirləsən. Lev Tolstoyun “Dirilməsi”nin qəhrəmanı Nexlyudov saf eşqin qurbanı olan Katya adlı qızın gələcəyini korlayır, sonra o hadisə qızcığazın bütün gələcəyini məhv edir. Məhkəmədə qız taleyini danışdıqca Nexlyudov anlayır ki, bu qədər rüsvayçılıqlar Allahın nəzəri önündə baş tutub. Dəhşətə gəlir. Allah səhv, günah etməyəndir deyə onun səhv addım atma ehtimalı da təbii ki, yoxdur. Səhvsizin qarşısında səhv edəndə onun təsiri daha ağır olur, nəinki daim səhvlərin məskənində yaşayan adi insanların. Dinlərin hamısında “axirət rüsvayçılığı” məsələsi var. Nə deməkdir axirət rüsvayçılığı: Kəsə mənası budur ki, nə qədər çox günahın varsa o qədər də çox o hadisəyə şahid olan və sənin həqiqi kimliyini tanıyan adamlar var.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rafiq Yusifoğlunun poeması təqdim edilir.

 

"Mənəm ki, qafiləsalari karivani-qəməm"...

Məhəmməd Füzuli

 

Sevən gözlərimə verib Tanrı su,

İndi dərk edirəm məhəbbətini.

Ey böyük Füzuli - sənət Tanrısı,

Bizdən əsirgəmə səxavətini.

 

Özüm də bilmirəm, axı nə sirdir,

İncə kəlamının dadı azalmır.

Bir şair ürəyi neçə əsrdir

Yanır için-için, odu azalmır.

 

Baxıb kainata məhəbbət ilə

Həsrət işığında hey köks ötürdün.

Sən ulu eşqinin əzəmətiylə

Məcnunun eşqinə yuxu gətirdin.

 

Közərdi qəlbində söz için-için,

Keçib əsrləri, bizi yandırdı.

Hicranın zülməti sevənlər üçün

Qaranlıq dünyanı işıqlandırdı.

 

Məndən sevgilimin üzü dönəndə

Sənin dilin ilə danışdırmışam.

Bəzən ürəyimin odu sönəndə

Şeirinin oduna alışdırmışam.

 

Mən sənə biganə qala bilmərəm,

Hər sözün önündə başımı əydim.

Sənintək sənətkar ola bilmərəm,

Barı, sənin kimi sevə biləydim...

 

*

- Yarəb, bir ilahi məhəbbət ilə

Səni dərk etməyə çalışıram mən.

Ürəyim eşq ilə gəlsə də dilə,

Sənin rizan ilə danışıram mən.

 

İzn ver, qanımda haqq nuru axsın,

Dözərəm, olsa da yarım hikkəli.

Qoy sevgi ruhumu odlara yaxsın,

Sənin dərgahına təmiz, pak gəlim...

 

Fələklər alışır hər gün ahımdan,

Sevgi qanadında göylərə uçum.

Əfv et Füzulini, keç günahımdan,

İlahi, sevməkdir mənim də suçum...

 

Qəlbimdə közərir gizli bir inam,

Eh, sənsiz bir günü axı, neylərəm?!

Yoxdur bu dünyadan ayrı təmənnam,

Yarımdan yarımı tələb eylərəm.

 

Aşiq göz yaşını necə saxlayar? -

Dolaram, yadıma, yar, sən düşəndə.

Adətdir, həmişə zar-zar ağlayar

Qəribin yadına vətən düşəndə.

 

Bir ürək sinədə batıbsa yasa,

Etdiyin cəfalar məgər azdımı?

Sinəmdə min tənə oxu olmasa,

Ürək tənhalıqdan darıxmazdımı?

Bəs sənə vəfasız necə deyim mən,

Hicrində çəkdiyim səfa deyilmi?

Məndən ki cəfanı əsirgəmirsən,

Elə bu özü də vəfa deyilmi?!

 

Bəxt ulduzu sandım qara gözünü,

Onları üstümdən iraq eyləmə!

Əzizim, amandır, parlaq üzünü

Əğyar məclisinə çıraq eyləmə!

 

Sənin qəmzə oxun məni yaralar,

Ancaq ki, ölmərəm, yönüm bəridir.

Bağrımın başında olan yaralar

Cünunluq dağının qönçələridir.

 

Bəzən kövrəlirəm, ürək daş deyil,

İndi varlığıma hopan alovdur.

Gözümdən tökülən qanlı yaş deyil,

Sevən ürəyimdən qopan alovdur.

 

El-aləm danışır mənim sözümü,

İndi ağıl qoyur hər yetən mənə.

Eh, eşqə salmışam özüm-özümü,

Heç düşmən etməzdi, etdim mən mənə.

 

O qara gözlərin önündə dur ki,

Ürəyin sirrini aça, söyləyə.

Hamı vüsal istər, aşiq odur ki,

Hicran bəlasını tələb eyləyə.

 

Peyman bağlamışdıq ikilikdə biz,

O məndən cəfanı kəm eyləyərmi?

Qafil, nə çaşmısan, axı səbəbsiz

Göz yaşı yanağı nəm eyləyərmi?!

 

Dünyanın işığı gözümün deyil,

Görmürsən, nə qədər onlar itidir?

Məndəki nəfəs də özümün deyil,

Bir gözəl pərinin əmanətidir.

 

Səbrə nöqtə qoydu qara xalıyla,

Dərmanım tapılmaz, elə xəstəyəm.

Sağaltdı hamını öz vüsalıyla,

Hicran bəlasıyla hələ xəstəyəm...

 

Qırılmış bir çiçək çətin ki, bitə,

Onu öz əlimlə dərdim, ay təbib!

Özünü nahaqdan salma zəhmətə,

Sən bilən dərd deyil dərdim, ay təbib!

 

Mənimçün pərişan olduğun yetər,

Həkim, xoşdur mənə yar yolunda qəm.

Aşiqin dərdinə dərman etsələr,

Onun xəstəliyi artar dəmbədəm.

 

Yanıqlı naləmə qulaq tut mənim,

Dərdimi deməyə eh, mən acizəm.

Seyr et göz yaşımı, ey bulud, mənim,

Elə düşünmə ki, səndən acizəm.

 

Yar bizi yad edib, nə danış, nə din,

O gələn yolları öpüm sevinclə.

Odlu göz yaşımı mən öz sərvimin

Ayağı altına səpim sevinclə.

 

Ahımdan fələklər titrəyir zağ-zağ,

Çətin ki, bu yoldan dönə, - deyirlər.

Çoxdur eşq oduna tutulan, ancaq

Leyli sənə, Məcnun mənə deyirlər.

 

Dərdim yüz dərmandan artıqdır, təbib,

Cünunluq yolundan məni əyləmə.

Yar vuran yaraya dərman eyləyib,

Məni şirin zövqdən məhrum eyləmə.

 

İncə əllərində gültək solaydım,

Bu xəzan mənimçün bahar, yaz olar.

Min canım olaydı, qurban olaydım

Sənə miniylə də, bir can az olar.

 

Gəl, hər şəffaf suyu bulaq bilmə sən,

Axan gözlərimin qaynar yaşıdır.

Nahaq gizləyirsən üzünü məndən,

Gözlər gözəlliyin məhək daşıdır.

 

Acı sözlərin də mənə bal dadır,

Odur dərdlərimin dəvası, gözəl.

Sənin o pərişan saçlarındadır

Könlümün quşunun yuvası, gözəl.

 

Yaxır ürəyimi həsrət, intizar,

Vüsalın gözümdən süzülür dən-dən.

Yəqin ki, yaquttək qiymətim artar

Bağrımın qanına boyandıqca mən.

 

Məni əridibdir hicran ələmi,

Nahaqdan danlama, gülüm, özünü.

Ahımın tüstüsü tutar aləmi

Bircə yol görməsəm parlaq üzünü.

 

Gözündən könlümə işıq axanda,

Dilim topuq çalır, dəyişir halım.

Bağrım parçalanır sən hər baxanda,

Gündə bir ciyəri de, hardan alım?!

 

Gözlərim səninçün qanlı yaş tökər,

Mənə rəhmi gələr dilsiz daşın da.

Məcnunda olsaydı fəğanım əgər,

Yuva qurardımı quşlar başında?!

 

Mən sevda yolunda təkcəyəm, təkcə,

Mənimçün qəm deyil yardan gələn qəm.

Gözəllər cəfanı çox eylədikcə,

Eşqin də ləzzəti artır dəmbədəm.

 

Səba bu dərdimi yayıb aləmə,

Deyib ki, verirəm eşq yolunda can.

Eşq rüsvalığı ayıbdır demə,

Ay zahid, rüsvayi-aləm olarsan!

 

Eşqsiz o səda olmazdı neydə,

Gör necə yandırır? - Bir dəm tut qulaq!

Ahımdan ulduzlar alışar göydə,

Muradımın şəmi alışmaz, ancaq.

 

Vurğunu olduğum o nazikbədən

Məni öz ardınca dartır günbəgün.

Bidərd tədbirini eşitdiyimdən

Ürəkdə dərdim də artır günbəgün.

 

Naləmlə hamını oyadıram mən,

Heç kəs möhkəm yatmır sən yatan kimi.

Hər an vüsalına can atıram mən,

Qərib vətəninə can atan kimi.

 

O ətirli saçlar dağılıb yenə,

Mişki-Çin də verməz onun buyini.

Ağlım söz kəsəndən vətəndir mənə,

Necə tərk eyləyim yarın kuyini?

 

Qəlbimə vurduğun yara göynədər,

Ona öz əlimlə mən duz səpmişəm.

Hicrində göydəki ulduzlar qədər

Gözümdən torpağa ulduz səpmişəm.

 

Sözümü üzbəüz deyərdim sənə,

Yadıma yenə də o günlər düşüb.

Sənin tellərini açdıqca şanə,

Mənim can telimə düyünlər düşüb.

 

Vəfasız dövrandır, verir əziyyət,

Cünunlarda görmə günahı, səhra!

Sən suya həsrətsən, mən yara həsrət,

Sən ey sevənlərin pənahı, səhra!

 

Sözümü pas tutmaz, ötsə də min il,

İlahi, nə qədər odlanım, yanım?

Məndə can qoymayıb bu şeyda könül,

Verim bir gözələ, qurtarsın canım!

 

Axır ki, sözümə baxmadı fələk,

Vuruldu bir təzə güli-rənayə.

Məni iynə kimi incəldib fələk,

Saldı iplik kimi uzun sevdayə...

 

Ahımla, naləmlə könül dağladım,

Dərdlər pərvanətək doldu qoynuma.

Bir sənəm zülfünə könül bağladım,

Cünunluq zənciri keçdi boynuma.

 

Hicranı ömrümü etsə də yarı,

Kimsəyə uymadım, - sədaqəti gör!

Qiyamət günündə görməsəm yarı,

Saqi, sən özün gəl qiyaməti gör!

 

Meh əsdi, titrədi könlümün simi,

Meyvəsiz budağa bar gəldi, bəlkə?

Sübhə saxlayıbdır hicran qətlimi,

Səhər açılınca yar gəldi, bəlkə?!

 

Xəyala dalmışam, nədir əlacım? -

Tamarzı qalmışam vüsal dadına.

Qəlbimin dərdini de, kimə açım? -

Məntək yanan varmı hicran oduna?!

 

Qəlbim istəyir ki, nur salıb aytək

Sənin keşiyində gecə dayansın.

Sərv qamətini görübsə külək,

Gülüstan içində necə dayansın?!

 

O necə sevgidi, yandırıb-yaxmaz?! -

Sevənlər imanı, dini neyləyər?!

Qaşlarını görən hilalə baxmaz,

Ay üzünü görən günü neyləyər?!

 

Qolları qandallı bir çıraq susur,

Gözəlim, baxmırmı sözünə zülfün?!

Üzümə açıqkən sevda qapısı,

Niyə qıfıl vurub üzünə zülfün?!

 

Boynuma salsa da, hicran qolunu,

Bənzətmə bir quru xəyala məni.

Tərk edə bilmərəm sevda yolunu,

Bu yol yetiribdir kamala məni.

 

Alovlar püskürən qəlbimin başı

Buxar etməsəydi gözümdə nəmi, -

Göz açıb-yumunca, gözümün yaşı

Bir anda tutardı bütün aləmi.

 

Dərdimi duyana dərd oldu dünya,

Eşqimə bir nəfər gülən qalmadı.

Gözümün yaşında qərq oldu dünya,

Gözümün yaşını silən qalmadı.

 

Sən gəldin ömrümə, ilk bahar kimi,

Sərdim ürəyimi yaz yağışına.

Qaşlarım yelkənsiz qayıqlar kimi

Az qalır qərq ola gözüm yaşına.

 

Şehmidir, bərq vurur gül yanağında? -

Sevincdən kövrələr, bəbəyin dolar.

Tökmə göz yaşını vüsal çağında,

Hicran günlərində gərəyin olar.

 

Danışa bilmirəm, od tutub dilim,

Göz yaşım sevdalı dənizdir mənə.

Onu bəxş eləyib mənə sevgilim,

Dərdim ürəyimdən əzizdir mənə.

 

Qəlbimi isidən söz nuru olur,

Ürək arzulayır bar dodağından.

Qasid gətirdiyi söz quru olur,

Qoy onlar süzülsün yar dodağından.

 

Yarpağa dönübdür titrəyən əlim,

Eşqin havasıyla gör, əsir necə?

Yar deyib yanına səhərlər gəlim,

Bilmirmi mənimçün yox gündüz, gecə?!

 

Zülfünü yığ yana, üzünü görüm,

İsitsin qəlbimi bir qaynar nəfəs.

Yarımın yanında olsaydı yerim,

Kafərəm, cənnətə eyləsəm həvəs.

 

Eşqimlə həyatım qərq olub zərə,

Bura hər sevənin güzarı düşməz.

Pəncərən önündə durduğum yerə

Min il cənnət quşu uçsa, yetişməz.

 

Yanımdan bir xəfif külək keçibdir,

Ürəyim - titrəyən payız nanəsi.

Gözlərin könlümü vətən seçibdir,

Şükür ki, nurlanıb qəm viranəsi.

 

Nasehin dediyi sözə uymayın,

Sevənlər qoy, mənim sirdaşım olsun.

Məzarım üstünə heç nə qoymayın,

Yarımın kölgəsi başdaşım olsun.

 

Məni laləüzlüm öldürdü, dağlar!

Çətin ki, mələklər dadıma yetə!

Ey bulud, sən mənim üstümdə ağla,

Bəlkə kəfənimdə lalələr bitə!

 

Vuruldum, hörmətim aşağı düşdü,

Qismət özgələrin, ad mənim oldu.

Üzümə həsrətin işığı düşdü,

Hər gözəl canıma bir qənim oldu.

 

Gözündə şeh gülən körpə bənövşə,

Təşnə olduğumu hardan bilirsən?

Göylərdə mələklər, yerlərdə bəşər

Ağlayır halıma, - sənsə gülürsən.

 

Rəhmdil görmədim gözəl qızları,

Gül xarsız, gözəllər cəfasız deyil.

Ay ürək, incimə, vəfasızların

Yaxşı ki, həsrəti vəfasız deyil.

 

Ah çəkdin, ürəyim yarpağa döndü,

Demə bu xəzəlin yiyəsi yoxmuş.

Kölgənin xətrinə torpağa döndüm,

Büllur qamətinin kölgəsi yoxmuş...

 

Zənginə dönmüşəm səni sevəndən,

Dövlətim göz yaşı, varım göz yaşı.

Yolunun üstündə ucalmışam mən,

Bir eşq ağacıyam, barım - göz yaşı.

 

Sənin təbəssümün nur oldu qanda,

Qəlbimə yenilməz qüdrət gətirdi.

Qiyməti yox imiş eşqin cahanda,

Göz yaşım ona da şöhrət gətirdi...

 

Sevgilin yoldadır, daha nə dərdin?!

Ağlama, taleyin üzünə gülsə.

Vüsal müjdəsinə canını verdin,

Bəs nə verəcəksən yar özü gəlsə?!

 

Yadıma dağların maralı düşdü,

O, mənim ömrümün sultanı oldu.

Güzarım yarımdan aralı düşdü,

Məzarım ayrılıq zindanı oldu.

 

Meyvə arzuladı divanə ürək,

Təbəssümün kimi nübar görmədim.

Dolandım bağları, axar sulartək,

Sərv qamətintək çinar görmədim.

 

Ayağın incisə, sinəm üstə gəz,

Tapdala, bir xəzan yarpağı kimi.

Mənə elə gəlir, pak ola bilməz

Cənnət ayağının torpağı kimi.

 

Ürəyim tab etməz həyəcanına,

Qıymaram kədərdən yarım mat ola.

Tez-tez getmirəm ki, onun yanına,

Qorxuram itləri narahat ola.

 

Cananın əliylə can alınıbdır,

Deşib ürəyimi müjgan şeşpəri.

Kirpiyi oxuyla fəth olunubdur

Eşqin səltənəti, eşqin kişvəri.

                                                              

Qəlbimi çəkibdir dara gözlərin,

Bərq vurub məhəbbət kəhkəşanında.

Göz qırpıb, bu üzü qara gözlərim,

Məni xəcil edib sənin yanında.

 

Qəlbimi dünyada kədər yaşatdı,

Mələklər eşqinə göz yaşı tökdüm.

Gözəllər o qədər mənə daş atdı,

Yığıb özüm üçün qəmxanə tikdim.

 

Sevən ürəyimdə şimşəklər çaxıb,

Adını çağırsam, dilim alışar.

Sönmüş ocağımın yerinə baxıb,

Nəsihət eləmə, külüm alışar!

 

Nasehin sözünü yaxşı bilirəm,

Aləmi üstümə güldürür mənim.

Əgər mey içməsəm, dərddən ölürəm,

İçəndə nəsihət öldürür məni.

 

Qısqanclıq odunda alışdı ürək,

Gördüm göz izi var solğun üzündə.

Dadıma çatmasa badə qayıqtək,

Çoxdan qərq olmuşdum qəm dənizində.

 

Sevgili yardamı, çevrilib yada?!

Kim açar qapımı, küləkdən özgə?!

Əlimdən iş gəlməz qoca dünyada

Nazlı sənəmləri sevməkdən özgə...

 

Əgər duya bilsən, güntək sadəyəm,

Nəsihət eləmə hər səhər mənə.

Özünü öldürmə, tiryəkzadəyəm,

Təsir edə bilmir hər zəhər mənə.

 

Çiçək aramışam gəzib gülşəndə,

Sevgini başıma bir tac almışam.

Hər gözəl xalına gözüm düşəndə,

Elə bil dünyadan xərac almışam...

 

Eşq Qaf dağının əyib belini,

Vədəsiz qocalıq haqlayıb bizi.

Şükür, tuta bildik canan əlini,

Məhəbbət şövqlü saxlayıb bizi.

 

Bəsdir, sərv kimi ucaldın göyə,

Əyil, başın dəyər, doğrudur sözüm.

Dünya qapısından çıxırıq deyə

Fələk qəddimizi əyibdir bizim...

 

*

Dözümün rəqibi qorxuya salıb,

Əzmin ürəyinə bir düyün çəkib.

Gözlərin gül üzü görüb zövq alıb,

Cövrünü yaralı ürəyin çəkib.

 

Nəfəsin çiçəkli bahar kimidir,

Dünya gülşəninə həsrətlə baxır.

Sənin hər bir misran damar kimidir,

Ürəyinin qanı onlarda axır...

 

Sözünün mənası necə dərindir,

Ruhundur onlara dərinlik verən.

Deyirəm, bəlkə də şeirlərindir

Bağdad xurmasına şirinlik verən...

 

Xəzan ömrümüzdə ilk bahar oldun,

Nasehin sözünü dinləmərik biz.

Qəm çəkmək işində bizə yar oldun,

Nə qədər dərd olsa, inləmərik biz.

 

Babam, yetməsən də nazlı yara sən,

Sevən ürəklərə nur ələmisən.

Qoşun çəkməsən də bir diyara sən,

Dünyanı sözünlə fəth eləmisən...

 

Sağ ol, bəxtiyaram şeirin, sözünlə,

Hər misran qəlbimi nura bələdi.

Tale gözəlləri sənin gözünlə

Görməyi mənə də qismət elədi...

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.