Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- İnsana ağıl həyata uyğunlaşmaq üçün, hisslər həyatı yaşamaq üçün verilib.
- İnsan yekə- yekə danışanda kiçilir.
- Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər.
- Həqiqət axtaranın təəssüfdən çarığı, kədərdən əsası olmalıdır.
- Uğur qazanmaq üçün uğurluya bax, uğursuza qulaq as.
- Nəzəri biliklər iki halda əhəmiyyətsizdir, suda üzmək istəyəndə, qadınla münasibət quranda.
- Gözüaçıqlıq yalanlara göz yummaq bacarığıdır.
- Kim olursansa ol, amma kürəyini sürtməyə biri olmalıdır.
- Şamın məşəl kimi yanmağına ümid eləmə.
- Sözün dəyəri cümlədə, insanın dəyəri cəmiyyətdə bilinər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)