“Ədəbiyyat və incəsənət” portalı Ağalar İdrisoğlunun nəsr əsəsrləri ilə sizlərin tanışlığını davam etdirir. Bu gün sizlərə “Dərəbəylik” novellası təqdim edilir.
Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması”
və “Dolça” povestlərinə nəzirə
... Əminə xanım Ağabacının və Ağababanın acığına bağ evini məhz bu kənddə aldırmışdı Bəşir müəllimə. Özü də kimin evini alsa yaxşıdı? Zübeydənin. Bəli. Zübeydə ağır xəstələndiyindən və ona müalicə üçün çoxlu pul lazım olduğundan üç-dörd il bundan qabaq evini dəyər-dəyməzinə satmışdı Əminə xanıma. Zübeydə də həmin pulu götürüb getmişdi müalicəyə. Elə o gedən olmuşdu. Hansı məmləkətə getdiyi də heç kimə məlum deyildi... Nə öldüsündən, nə qaldısından xəbər vardı.
Gözünə döndüyüm Əminə xanım da kənd adamlarının, elə şəxsən Ağabacı və Ağababanın acığına Zübeydənin evini sökdürüb, yerində bir imarət tikdirmişdi ki, gəl görəsən. İki göz istəyirdi ki, tamaşa eləsin. Hələ canım sənə desin, ətraf bağları da alıb qatmışdılar bura. Həyətin ucu-bucağı görünmürdü... Sovet hökuməti dağılandan sonra, yəni bu məmləkətdə dərəbəylik başlayandan Bəşir müəllimin də, Kələntər müəllimin də, necə deyərlər, aşıqları “toxan” durmuşdu. Qorxu yox, hürkü yox. “Dərə xəlvət, tülkü bəy” deyib başlamışdılar min cür fırıldağa... Pul da sel kimi axırdı ciblərinə. Abış yəni Adil instituta girəndən sonra Kələntər müəllim də artıq olmuşdu bu evin məhrəm ailə üzvü... Abış da nə Abış. Uşaq atasından çox Kələntər müəllimin bütün biclik dərslərini yaxşı öyrənmişdi. Və Kələntər müəllimin hesabına bu bazar iqtisadiyyatı, hər şeyin hərraca qoyulduğu keçid dövründə, Abış da cavan yaşında artıq olmuşdu böyük bir şəhərin polis rəisi. Özü də çiynində üç böyük ulduz gəzdirirdi. Yəni olmuşdu polis polkovniki. Söz vardı ki, Allah qoysa Əminə xanım deyən kimi, Adil bala bu yaxınlarda olacaqdı general mayor. Bə nə... Hər uşağın nə Əminə xanım kimi anası, nə də Kələntər müəllim kimi arxası, dayağı ola bilər... Bu yandan da hakimiyyətdə olanların onundan doqquzu onların öz adamları, öz həmyerliləri, öz qohumları, öz çaşqa-loşkaları idi. Özü də bundan sonra daha heç qorxuları da yox idi. Çünki çox dərinə kök atmışdılar... Heç tankla da onları bu vəzifələrdən dartıb çıxara bilməyəcəkdilər...
Zübeydənin həyətindən indi əsər-əlamət qalmamışdı. Ağacların, meynələrin çoxu kəsilmişdi. Yerində, dünyanın ayrı-ayrı yerlərindən dekorativ və meyvə ağacları gətirilib əkilmişdi. Həyətdə böyük bir çarhovuz da tikilmişdi. Hətta Əminə xanımın xahişi ilə, çarhovuzun tən ortasında, Bəşir müəllimlə, Kələntər müəllimin bir yerdə böyük heykəllərini yapmışdılar. Bu heykəllər də əl-ələ tutub, Əminə xanım yatan otağa tərəf baxırdılar...
Orta əsrlər qəsrinə oxşar imarətin arxa hissəsində böyük bir boz dağ düzəltmişdilər. Deyilənə görə Bəşir müəllimgilin ta inqilabdan qabaq gavurların əlində olan kəndləri həmin boz dağın döşündə yerləşirmiş. Bəşir müəllimin də ata evləri həmin boz dağın ətəyində imiş. Evlərindən bir az aralıda boz dağın döşündə isə kəndin qəbiristanlığı varmış. Bəşir müəllim də eləmə tənbəllik, bir rəssam gətizdirib əvvəlcə həmin boz dağın şəklini çəkdirib. Sonra da şəkildəki kimi elə həyətdə həmin boz dağı düzəltdirib. O, boz dağın döşündə də öz atasının, anasının, Əminə xanımın atasının, anasının və qohumlarının simvolik baş daşlarını düzəltdirib. İndi hər gün səhər yuxudan duranda, həmin baş daşlarına baxıb, fatihə verir, salavat çevirir. Əvvəllər Əminə xanım, o qəbir daşlarına baxanda əti çimçəşirdi. Deynirdi. Dodağının altında Bəşir müəllimin ünvanına bəzi söyüşləri söyüb və ucadan da bu sözləri deyirdi:
- Sən Allah, bir gör e... Bu kişinin başı vapşe xarab olub. Heç belə şey olar, sən Allah?.. Harda görünüb bu? Həyətdə də qəbiristanlıq olar sən Allah?.. Ay səni görüm belə kişi...
Sonra Əminə xanımın köpü yatdı. İndi bəzən özü də Bəşir müəllimə və həmin qəbir daşlarına baxıb, dodağının altında fatihəyə oxşar bir şey mızıldanırdı...
Əminə xanımın istəyi ilə həyətdə böyük bir qara it də saxlayırdılar. Adını da Ağabacının və Ağababanın acığına qoymuşdular Dolça. Bu Dolça adlı iti də Həsənulladan almışdılar. Həmin o, Qriqori Mixayloviçdən. Kənddə heç kimin gözləmədiyi bir hadisə baş vermişdi. Günlərin bir günü həmin o Xanıtı-Mansidən həqiqətən sifəti Həsənullaya oxşayan, ancaq gözləri qıyıq bir cavan kişi gəlmişdi. Demə, bu Həsənullanın oğlu imiş. Zarafat-zarafat sən demə həqiqətən Həsənulla Xantı-Mansidə öz kökünü salıbmış... Gözləri qıyıq, Həsənullaya oxşayan bu cavan kişi bir neçə gün kənddə, onun yanında qalıb. Həsənulla da kənddə kimi görürmüşsə şəstlə deyirmiş:
- Xoroş, moy oğul priyexal... (Mənim oğlum gəlib.)
Bir həftə qalandan sonra isə Həsənullanın gözləri qıyıq oğlu, onu da götürüb özü ilə aparıb, Xıntı-Mansiya. Həsənulla da getməyə razılaşıb. Ona görə ki, daha qarovulçu işləmirdi. Çünki qorumağa daha bir şey qalmamışdı. Zavod, fabriklərin ən lazım olan detallarını, hissələrini rəhbərlər elə özləri satmışdılar iranlılara, türklərə. Yel vurub, yengələr oynayan həmin zavodları, fabrikləri də su qiymətinə özəlləşdirmişdilər. Həsənulla kimiləri də çıxartmışdılar öz hesabına məzuniyyətə... Bu məzuniyyət də illərlə davam eləyirdi. İşçilər də daha işə qayıtmaqdan əllərini üzmüşdülər… Bu dərəbəylikdə də onları başqa işə kim götürərdi?.. Həsənullanın da arvadı ölmüşdü. Özü də daha qocalmışdı. Qoca adam, pul yox, dolanacaq yox... Daha neyləməliydi Həsənulla? Oğlu deyən kimi:
- Poyexali so mnoy? (Gedək mənimlə.)
Həsənulla elə o dəqiqə demişdi:
- Xoroşo.(Yaxşı.)
Elə bil Həsənulla, bu bir həftədə oğlundan ancaq bu sözləri gözləyirmiş.
Əminə xanım da eləmə tənbəllik elə həmin günü, yəni kəndə səs yayılanda ki, Həsənulla qıyıq göz oğlu ilə gedir Xantı-Mansıya, gecəynən hasar qonşuları Həsənullanı çağırıb evlərinə. Yağlı dilini işə salıb. Həsənullanın saqqızını oğurlayıb, evini, həyətini, hətta o qara itinə də pul verib alıb. Elə səhəri gün Həsənullanın köhnə hasarını sökdürüb, yerində təzə hasar tikməyə başlayıblar. Həsənulla da bunu görəndə başlayıb, uşaq kimi ağlamağa. Hasar qonşusu Ağababanın ona acıqlı-acıqlı baxdığını görəndə başlayıb daha ucadan ağlamağa və deyib:
- Ya nevinovat. Jizn zastavil... (Mən günahkar deyiləm. Həyat məcbur elədi.)
Məsələ belə idi ki, Ağababa da eşidibmiş Həsənulla gedəcək. Gəlib ona yaxınlaşıb və deyib:
- Atam-qərdeşim, Həsənulla. Eşitmişəm oğlunla gedəcəksən Amur vilayətinə. Baladadaş ordadı. Məktub yazaq Baladadaşa, qoy orda sənin bu evinin, həyətinin pulunu versin. Ev elə bil ki, sənin özünündü. İstədiyin vaxt gələ bilərsən.
Ağababa Həsənullanın evini Ağagül üçün almaq istəyirdi. Ağagül evli idi. Evi yox idi. Dörd uşağı vardı. Nuhbala da evli idi. Onun da dörd uşağı vardı. Üç ailə bir tirin altında yaşayırdı. Ağabacıgil qızları köçürmüşdü. Subay bircə sonbeşik oğlanları qalmışdı. Həmin o uşaq ki, Ağabacı, həmin gecə yerinə girəndə Ağababaya utana-utana, qızara-qızara demişdi:
- Ağababa, başıva dönüm deyəsən uşaq gözləyirəm... Bax, bu həmin o uşaq idi. Ağababa da bu oğlana atasının adını qoymuşdu. Sonra da Ağabacıya əyri-əyri baxıb demişdi:
- Ağəz, daha bəsdi!
Ağabacı da yazıq-yazıq Ağababaya baxıb, guya təqsirkar təkcə o özüdü. Demişdi:
- Ağababa başıva dönüm, mən nə deyirəm ki... Qoy sən deyən olsun.
Ağagül zabit idi. Qarabağ savaşında iştirak eləmişdi. Hətta gedib Bəşir müəllimgilin Qərb məmləkətində olan kəndlərinə də çıxmışdı. O kəndin gavurlardan azad olunmasında da iştirak eləmişdi. Orduda olan başı pozuqluq, mənəm-mənəmlik, yekə-xanalığa görə heç nə eləyə bilməyib, kəndi yenidən düşmənlərə təhvil verib, geri çəkilmişdilər. Ağagül də bunlara etiraz eləyəndə hətta özümüzkülərdən kimsə torpağı qoruduğuna görə Ağagülü ayağından yaralamışdı. O da hər şeyə tüpürüb, geri qayıtmışdı. Heç kimə heç nə deməmişdi. Evlərinə gəlmişdi. Yaranın şiddətləndiyini görüb axırda getmişdi hərbi hospitala. Bir müddət hərbi xəstəxanada yatandan sonra ayağı sağalmışdı. Ancaq həkimlərə pul vermədiyinə görə müalicəni pis aparmışdılar. Və Ağagül əbədilik şikəst qalmışdı. Həmin vaxt onun adına “fərari” damğası vurub, üstünə də bir-iki şər atıb, tutub salmışdılar türməyə.
Bu hadisə də belə olmuşdu. Ağagül yaralanıb evlərinə gəlmişdi. Sonra da hərbi xəstəxanada müalicə olunmuşdu. Sağalandan sonra, ayağı şikəst qalan vaxtı evlərində istirahət eləyəndə hərbi prokurorluqdan gəlib onu aparmışdılar. Ağagül, həmin hərbi şöbədə rəis işləyən Abışı-Adili görüb tanımışdı. Ağagülün hansı kənddə yaralandığını biləndə, Abış-Adil şəstlə demışdı:
- O bizim kəndimizdi...
Sonra Adil-Abış, Ağagüldən bu işi xətm eləmək üçün pul istəyib. Aralarında böyük dava düşüb. Pulu olmayan Ağagül də əsəbiləşib, Adili - Abışı söyüb:
- Alə, sən niyə kişi olursan? Gedib qoruyaydın da kəndinizi. Nəsillikcə kəndinizi qoyub qaçmışdınız Bakıya... Mən isə bakılı ola-ola sizin kəndinizi qoruyurdum. Sonra da davasız - şavasız kəndi verdilər dığalara. Mən də onlara deyəndə ki, kəndi qoyub arvad kimi hara qaçırsınız, elə özümüzünkülər məni vurub yaralardılar... Alə, mənim pulum var sənə verməyə? Alə, anası göyçək...
Elə bu sözlərinə görə də Ağagülü, ordaca tutub, salmışdılar türməyə fərari adıyla. Guya Ağagülün, Abış - Adilə “anası göyçək” deməsi çox yer eləyib ona. “Aydan arı, Sudan duru” olan anasına Ağagul niyə yalandan şər atıb. Belə söz gəzirdi ki, bu yaxınlarda amnistiya olacaq, Ağagülü də əfv edəcəklər.
Hə onu deyirdim axı. Həsənulla, Ağababaya heç nə deməmişdi. Nə “hə”, nə də ki, “yox”. Bir saatdan sonra isə Əminə xanım onu çağırtdırmışdı. Həsənullaya o qədər pul vermişdilər ki, o, anadan olandan bu qədər amerika dolları görməmişdi, daha doğrusu bu qədər dollar əlində tutmamışdı. Ona görə də sevincindən dili tutulmuşdu. Atasının sevincdən dili tutulduğunu görən həmin qıyıq göz oğlu da o dəqiqə demişdi:
- Mı soqlasnı. Da, oteçs? (Biz razıyıq. Hə, ata?)
Həsənulla da sevinc və təəcüblə gah oğluna, gah da əlində tutduğu dollara baxıb, həm başını dəfələrlə yellətməklə, həm də dililə demişdi:
- Da. Soqlasen. Ya nikoqda ne videl tak mnoqo dollar... (Hə. Razıyam. Mən heç vaxt bu qədər dollar görməmişəm.) Ona görə də Həsənulla qonşusu Ağababaya yazıq-yazıq baxıb deyirdi:
- Ya nevinovat. Ağababa, əzizim, jizn zastavil... ( Mən günahkar deyiləm. Ağababa əzizim. Həyat məni məcbur elədi.) Həsənulla oğlu qıyıqgözlə Xantı-Mansıya gedən gününsəhəri Əminə xanım da əmr verib, Həsənullanın köhnə həyəti ilə, Ağababanın həyəti arasında düz beş metrlik hasar hördürüb. Hasarın bu tərəfındə də bir tövlə tikdirmişdilər. Orada da atlar saxlayırlar. Atların da peyninin iyi gedirdi Ağababagilə... Məsələ bundadır ki, Bəşir müəllimlə, Kələntər müəllimindi meyllərini salmışdılar ata. Ona görə də iki baş, cins at almışdılar. Səhər-axşam, həmin atları minib, ovçu paltarlarını geyinib, qoşalülə tüfənglərini götürüb, gedirlər dənizkənarına ova. Yanlarında da həmin o Dolça. İti də nə təhər öyrətmişdilərsə ova gedəndə də, qayıdanda da Dolça düz Ağababagilin evlərinin qabağında dayanıb, hürürdü onlara sarı. Ağabacının da dişi bağırsağını kəsirdi. Lakin Ağababanın, gəlinlərinin, uşaqlarının, nəvələrinin yanında heç nə deyə bilmirdi. Ancaq tək olanda, həmin biədəb söyüşünə bir-iki əlavə də eləyib, Əminə xanımın qarasına deyirdi:
- Vay ciyərüvüz yansın, sizün! Yansın ciyərüvüz! Köpək uşağı, əclaf uşağı əclaf! Bu fahişənin hikkəsinə bax ey... Hələ utanmaz-utanmaz evdə də iki kişi saxlayır... Üstəlik bir-birinə qoşub ova da göndərir. Həyasızlığa, dərəbəyliyə bax ki, iti də bizə hürdürür. Bu fahişədə gücə, hiyləyə bax ki, kəndin yarısının ev-eşiyini aldırıb qohum-əqrabasına. Dörd yanımız hamısı bunun qohum-qardaşlarıdı. Tayfasıdı. İydəyənidi. Belə getsə deyəsən bizi öz kəndimizdən vısılka elətdirəcəklər!..
Deyəsən Ağabacının bu axırıncı sözləri günlərin bir günü çin oldu. Belə ki, günlərin bir günü Adil-Abış sevincək evə gəlib dedi:
- Vsyo, mamaşa, mən artıq arzuma çatdım.
- Nə arzun mama qurban, - deyə Əminə xanım soruşdu.
- Bu gün axır ki, qərar verildi. Qərar verildi ki, kəndin bizim evimizdən o yandakı evləri sökülsün və yerində beynəlxalq standartda cıdır meydançası, stadion tikilsin. Bundan sonra dünyanın hər yerindən bura cıdır yarışına gələcəklər. Cıdır oyunları keçiriləcək. Dünyanın milyonerləri qumara pul qoyan kimi, yarışan atlara da pul qoyacaqlar. Yığılan pulların da bu başdan iyirmi beş faizi olacaq bizim. Kim qalib gəlsə, o da iyirmi bez faizini verəcək bizə. Təsəvvür eləyirsən təkcə bir oyundan biz nə qədər dollar qazanacağıq?..
- Nə qədər? - deyə, Əminə xanımın gözləri, pişik siçan görəndə necə parıldayırsa, elə parıldadı.
- En qədər, - deyə Adil-Abış sevincək qışqırdı:- En qədər!.. Bəşir müəllim sevinclə oğlunu qucaqladı.
- Malades! Oğul belə olar ey.
- Mənim yetirməmdi, mənim tələbəmdi, - deyə Kələntər müəllim də əlini sinəsinə vurdu.
- Sabah da mənə general rütbəsi verirlər, - deyə Adil-Abış bir az da ucadan qışqırdı.
- Nə? Necə? General balama maması qurban, - deyə Əminə xanım sevinclə oğlunu qucaqlayıb, öpdü və çırtma çalıb yekə bədənini əsdirdi. Sonra Bəşir müəllimə, Kələntər müəllimə baxıb dedi:
- Bu isə mənim tərbiyəmdi. Hamıyla tez dil tapmağı, öz xeyri üçün yaxşıca rola, qılığa girməyi də ona mən öyrətmişəm. Maması qurban general balama.
... Həmin gün Əminə xanımın bu dörd mərtəbəli qəsrə oxşar evində böyük bir ziyafət oldu. Çoxlu paqonlu, paqonsuz Adil-Abış kimi yekəpərlər gəlmişdi bu ziyafətə. Özü də hamısı xarici maşınlarda. Kənd yaranandan bu günə kimi bu qədər xarici maşın, belə yekəpərlər görməmişdi... Yeyib-içəndən sonra həmin yekəpərlər, bazburtlular çıxıb kəndi piyada gəzirdilər. Gecənin sakitliyində onların səs-küyü, gülüşləri kəndi başına götürmüşdü. Adil-Abış da onlara cıdır meydançasının, stadionun harada olacağını, oturacaqların harada yerləşəcəyini, restoranların, mehmanxanaların, saunaların, qumarxanaların, disko barların harada tikiləcəyini həvəslə danışır və göstərirdi. Dostları, şərikləri də ona diqqətlə, maraqla qulaq asır, hər biri də öz fantaziyalarında, təxayüllərində dünya standartlarına uyğun böyük bir əyləncə mərkəzi yaradacaqlarını və burdan milyonlarla pul qazanacaqlarını fikirləşirdilər. Elə bir əyləncə mərkəzi ki, bütün dünyada məşhur olacaq. Bütün dünya milyonçuları, Adilə-Abışa və onun dostlarına paxıllıq eləyəcəklər. Hətta mənfur qonşularımız olan erməni gavurları da... O gavurlar ki, sonra məcburən Bəşir müəllimgilin həmin o boz dağın ətəyindəki kəndlərini yalvar-yaxarla onlara qaytaracaqdılar ki, təki Adil-Abış icazə versin həmin erməni gavurları da gəlib cıdır yarışlarında iştirak eləsinlər... Onsuz da müharibədə Azərbaycan əsgərlərinin qarşısında duruş gətirə bilməyib, Qarabağı verməyə məcbur olmuşdular. Bu gün-sabah Zəngəzur yolu da açılacaqdı. Zəngəzurdan da Abış-Adilgilin kəndlərinə, dədə-baba yurdlarına çox az bir yol vardı.
… Kənddə isə Adilin-Abışın və dostlarının bu planlarından, bu oyunlarından heç kimin xəbəri yox idi. Çünki artıq gecənin yarısı idi. Kənddə hamı yatmışdı. Şirin yuxu görənlər də vardı. Həmin yuxuda çoxlu pul qazananlar, Əminə xanımın evi kimi imarətlər tikənlər, özünə yaxşı gün-güzəran düzəldənlər, uşaqlarının qarnını doydurmaq üçün çörək qazanmaq arzusu ilə yaşayanlar da vardı... Bunlar hamısı şirin, rəngli yuxular, xəyallar idi... Bəli, kənddə hamı yatmışdı. Heç kimin, heç nədən xəbəri yox idi. Xəbəri yox idi ki, sabah onların kəndləri və özlərinin taleləri ilə nə baş verəcəkdi...
Guya xəbərləri olsaydı neyləyəcəkdilər?.. Hakimiyyət də, pul da, güc də, zor da Abış-Adilgilin əlində idi. Onların qabağında ölkə başçısı belə acız idi. Bu tarpatrupun qabağını isə heç kim ala bilməzdi. Heç bəlkə nözənbillah Allah özü də...
Sumqayıt şəhəri, aprel - oktyabr 2000-ci il.
Bəzi əlavələr 27 may 2023-cü ildə olub.
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)