Yazarlar 2024-cü ili necə uğurlayırlar? - I yazı Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 Hər il ömrümüzdən təbəssümlə keçir.  Həmin ildə nəyi itirdiyimizi, nəyi qazandığımızı haqq-hesab edirikmi? Kim “Yox” cavabı versə, inanmayın.  Və də, inciməyin. O “Yox” ən birinci elə onu söyləyənin özünü aldatmağı üçün dilə gəlir.  

Hər ilin dekabrında qəmli şeirlər oxuyuram. Və hər ilin dekabrında bir daha anlayıram ki, insan itirdiyinə ağladığı kimi ağlaya bilir qazandığına. İlin sonuncu ayında xəyalən qurulan cümlələrin əvvəlinə bu kəlmələr yaraşdırılır: “Eybi yox...”, “Gələn il, yəqin...”   Hə, heç kimin  keçən ilin dekabrında tutduğu “gələn ilin planı” tam mənasilə yekunlaşmayıb yenə də... 

Hə, hamımızın özümüzlə gələn ilə daşıdığımız arzularımız, planlarımız var.  Və onların ikisinə də çiyin verən ümidlərimizdir. 

Mənimçün 2024-cü ilin yadda qalan ədəbi hadisələri İSİM və “Ulduz” jurnalının birgə təşkil etdiyi müsabiqədə qalib olmağım,  YAZŞADER-in hekayə  və şeir yarışmasında hekayəmin I yeri qazanmağı, yazar dostum Şahanə Müşfiqlə birgə qələmə aldığımız  “Qələmli və qələmsiz: Rəşad Məcid portreti” kitabının işıq üzü görməyi, bir də “Azalyalı nağıllar” kitabının I hissəsini bitirməyim oldu (hazırda çap prosesindədir). 

Neçə ildir xəyalımda dolanan  duyğuları yazmağa da bu il başladım- “Afayət muzeyi” romanımın I bölümünü bitirmişəm. 

Təbii, əziz oxucu, sənə açmadığım sirlərim də var. Bundan incimə... Gələn ilə saxladıqlarım gözümü doldurur. Həm də, sevinirəm. Yeni ilə başlamaq səbəbidir keçən ildən qalanlar...  Nə gözəldir  öz-özünə yaşamaq səbəbi yaratmaq!  Dəyərli yazıçımız Varisin “Qızıl cib saatı” romanında bir fikir var:  elə an gəlir ki, insan doğmalarının xətrinə yaşayır... Öz xətrimizə yaşaya biliriksə, xoşbəxtik!  Öz xətrimizəmi? Yarımçıq yazılarımız elə “mən” deyilmi?  Hələ romanımı bitirməliyəm! Gələn il... 

 

Bəs Azərbaycan ədəbiyyatının  bu gününü öz düşüncələriylə, yazılarıyla var edən ədəbiyyat adamları 2024-cü ili necə yola salır? Onlar nə qazandı, nə itirdi? İlin sonuncu ayında hansı xatirələrin qoynunda ümidlərə doğru yelkən açıb düşüncə gəmiləri?  Birlikdə oxuyaq, əziz oxucu!  

 

ƏKBƏR QOŞALI

Ən birinci döydüyüm düşüncə qapısı ərkim çatan qapı oldu-Ustad Əkbər Qoşalıya üz tutdum. Beynəlxalq “Alaş” Ədəbiyyat ödülü laureatı,  Dünya Gənc Türk Yazarlar Birliyini (hazırkı başqanı İntiqam Yaşar) ədəbiyyata, bu birlik vasitəsilə də  neçə-neçə yaradıcı gənci ədəbiyyata qazandıran Ustad yol üstdə olan ili belə dəyərləndirdi: 

 

“2024-cü il bizimçün bir çox əməli çalışma sahəsi və kateqoriya üzrə, o cümlədən yaradıcılıq baxımından özünəməxsus bir il sayıla bilər. Birincisi, ilin və işin rəsmi, beynəlxalq səciyyəsini vurğulayaq: 2024-cü ilin Azərbaycanda Yaşıl Dünya naminə Həmrəylik İli olacağını, 2024-cü ildə Azərbaycanda COP29 beynəlxalq tədbiri keçiləcəyini daha öncədən bilirdik. Həmçinin, onu da bilirdik ki, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il boyunca İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyacaq. Beləliklə, 2024-cü ili - necə deyərlər, öncədən Yaşıl İl kimi təsəvvür edirdik, təsdiq edirdik, görürdük. Və nəzərə alsaq ki, poeziya, sənət, ümumən yaradıcılıq həm də yaşıl rənglə üzvi bağlılığa malikdir,yaxud yaradıcılığı yaşıl rənglə daha yaxşı şəkilləndirmək olar - o zaman 2024-cü ilin “mətn-mündəlicə”si, gündəliyi də öncədən müəyyənləşmişdi.

Bəli, yaşılı yaradılışın rəngi kimi götürə bilərik, ən əziz milli, xəlqi bayramımızın təvafüq etdiyi yaz fəslinin rəngi kimi götürə bilərik. Dağlarda buzların əriməsi, çayların coşması, buludların öz köynəyini daha tez-tez sıxması, qar çiçəyinin qara inad boy göstərməsi və s.Bunlar bizi yaradıcılığa səsləmirmi? - Zatən, adından da göründüyü kimi, qar çiçəyi bir tərəfdən zərifliyi, bir tərəfdən də inadı, əzmi ifadə edir…

...Fəsil fəsilliyində, il illiyində olsun, bu təqvim ili içində Nabranda və Şabranda qısamüddətli yaradıcılıq ezamiyyətində oldum, dincərlik hüququndan yararlandım və hər ikisində bir xeyli yeni şeirlər yazmış oldum. Nabran da, Şabran da şen olsun, mövzuların önündə yenə Turan gəlirdi, deyə bilərəm. 

2024-cü il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ilk təqvim iliydi ki, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş şəkildə qarşılayırdıq. Dövlət başçısının növbədənkənar seçkisi bu il oldu və Müzəffər Ali Baş Komandan öz səsvermə hüququnu Xankəndidə həyata keçirdi.

Ayrıca, Qazaxın dörd kəndində üçrəngli bayrağımızın yenidən ucalması kimi qürurlu hadisə də da bu il baş verdi. Əlbəttə, bütün bunlar yaradıcılıqda, düşünən insanların, aydınların dünyasında, o cümlədən qələm-kağız qardaşlığında öz təcəllasını tapmalı idi, tapır və yenə də tapacaq…

Bu il içində bir sıra ölkələrə poeziya festivallarına, simpozium, sərgi və  konfranslara çağırıldım, onlardan bir bölümünə qatılmaq fürsətim oldu. Qardaş Türkiyədə-Ankara, Əskişəhir, İstanbul və Elazığda köhnə dostlarla görüşmək, təzə dostlar qazanmaq, onlarla fikir alış-verişində bulunmaq, kitablaşmaq çox xoş idi. Əlbəttə, Bakı, Şuşa, Laçın, Sumqayıt şəhərləri öndə olmaqla, öz ölkəmizdə də önəmli mədəni tədbirlərə qatıldığımızı, çıxış etdiyimizi, kitablaşdığımızı deməliyəm. 

Bu il Dünya Gənc Türk Yazarlar Birliyinin dövlət qeydiyyatına alınmasının 25-ci ildönümü Bakı və Ankarada önəmli tədbirlərlə, Türk dünyasının çeşidli bölgələrindən yaradıcı insanların qatılımı ilə qutlandı.

Neçə dostun kitabına ön söz yazdım, redaktor oldum, rəy verdim, tanıtımında söz söylədim - bunlar da önəmlidir mənimçün. Bu il mənim yaxından iştirakım və dostum-qardaşım, Xalq şairi Rkail Zəydullanın təşkilatçılığı ilə “Azərbaycan hekayələri” antologiyası Kazanda tatarca çıxdı. Başqa görkəmli tatar şairi Lenar Şeyxin “Qələmli dünya” adlı tərcümələr kitabı mənim şeirlərimlə başladı… Tatar qardaşlarımın nəcib diqqəti mənimçün bir başqa özəllikdə anlam daşıyır - çox sağ olsunlar!

Bu il, Qazaxıstanın görkəmli akını Devletkerey Kəpoğlunun, Udmurtiyanın Xalq yazıçısı Vyaçeslav Ar-Serginin kitablarını çıxardıq; qazax şairi Sayat Kamşıger və tatar şairi Lenar Şeyxin kitabları üzərində son tamamlama aşamasındayıq.

Onu da vurğulayaq ki, təqvim illəri özlüyündə şərtidir, amma şeirin-sənətin yuvası, ev-eşiyi olan könlün ritmi, qəlbin atışı, ürəyin vuruşu şərtilikdən uzaqdır… Şeirin yaranması üçün gərək il ilə, gün günə sığmasın… Sığmır, sığdırtmırıq və yazırıqsa, nə mutlu bizə!

Daha gözəl yarınların vicdanına salam və eşq olsun!Bu sözlərlə bir təqvim ilini tam əhatə etdiyimi deyə bilmərəm, amma olsun - qalanını da sonra deyərik…”

 

Sözünüzə söz qatmaq ərkimi xoş görün, Ustad! Amma deməliyəm... Deməliyəm ki,  yazar ömründə bir il bir nəfəs kimidir elə... “Şam işığı əyilməz” deyirlər ha, şair könlü elə o şam işığıdır.  Üzü kainata yanır, yanır... Ürəyiniz var olsun! Gələn il də Əkbər Qoşalı imzalı şeirlər, Ustad sözləri gözləyirik! 

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.