
Super User
ANAR, “DURNA TALEYİ” – Xalq şairi Nigar Rəfibəyli barədə
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
ANAR, “DURNA TALEYİ”
Anam Nigar xanım Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. Azərbaycanda ilk siyasi partiyanı – Bakıda Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan “Difai” partiyasını – Gəncədə yaradanlardan biri Ələkbər bəy sonralar bu partiyanın fəxri sədri seçilir. Rəfibəylilər nəslinin sülalə gerbi “Difai” partiyasının emblemi olur. 1919-cu ildə Ələkbər bəyin vəfatı bütün Azərbaycanda böyük hüznlə qarşılanmışdır, dövrün görkəmli siyasi xadimləri – Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev, məşhur ziyalılar Firidun bəy Köçərli, M.S.Ordubadi, Əhməd Cavad mətbuatda başsağlığı yazıları dərc etdirmişlər.
Ələkbər bəyin oğlu, Nigar xanımın atası Xudadat bəy Rusiyada (Xarkov və Peterburq şəhərlərində) təhsil almış ilk azərbaycanlı cərrahlardandır. Uzun zaman Gəncədə tibb cəmiyyətinə rəhbərlik etmiş, Azərbaycan müstəqilliyini elan edəndən sonra Fətəli xan Xoyski hökumətində Cümhuriyyətimizin ilk səhiyyə naziri olmuşdur. Sonra yenidən Bakıdan Gəncəyə qayıtmış və xalqın israrlı təkidiylə Gəncə quberniyasının valisi vəzifəsini tutmuşdur. Böyük Britaniyanın səfiri O.Vordrop Azərbaycana səfəri haqqında Londona göndərdiyi məlumatda yazırdı: “Gəncəyə gəldiyim zaman məni general-qubernator doktor Xudadat bəy Rəfibəyov və bütün başqa əsas hərbi və sivil məmurlar qarşıladılar. Dəmir yolu vağzalı gül-çiçəklə və xalılarla bəzənmişdi, əhali milli bayraqları ucaltmışdı”.
Daha əvvəl, 1918-ci ildə Qafqaz İslam ordusunun başında Gəncəyə gələn Nuri paşanı qarşılayanlar sırasında da Ələkbər bəy və Xudadat bəy Rəfibəylilər vardı və bu, fotolarda da əks olunub.
Nigar Rəfibəyli 1913-cü il iyulun 29-da Gəncədə dünyaya gəlib, 1981-ci il iyulun 10-da Bakıda vəfat etmişdir. Bu 68 illik ömrün bəlkə də yeganə qayğısız, qorxusuz illəri balaca Nigarın yeddi yaşına qədər yaşadığı illərdir. Onun hələ yeddi yaşı tamam olmamış Azərbaycanı istila edən bolşevik rejimi atası Xudadat bəyi heç bir günahı olmayan məsələlərdə suçlayaraq Xəzər adasında güllələdi.
Xoşbəxt bir ailədə böyüyən, babalarının, nənələrinin nəvazişinə bürünən, atasının çiynində gəzən, anasının ağuşuna sığınan qızcığaz hardan bileydi ki, amansız həyat gələcəkdə ona nə sürprizlər hazırlayıb. Nə bileydi ki, çox gənc yaşlarından, yeniyetməlik çağından, ən dəhşətli nağıl personajlarından daha qorxunc “yeddi başlı əjdahalar”la, növbənöv “şeytanlar”la və şeytançılıq edənlərlə qarşılaşacaq, uzun gecələrdə yuxusunu qaçıran nağıl süjetləri yox, acı gerçəkliyin repressiya, sürgün, məhbəs təhlükələri olacaq.
Gəncliyində yazdığı ilk şeirlərindən birində bu şüuraltı təlaş, öncədən duyulan nigaranlıq heyrətamiz şəkildə ifadə olunmuşdur:
Sönür dünən gecə yandırdığın şam,
Xəstəyəm, verən yox bir az su, ana,
Vaqon yırğalayır səni bu axşam,
Ey uzaq yolların yolçusu ana…
“Anama” şeirindəki qəribə ifadə “ey uzaq yolların yolçusu ana” sətrindədir. O illər Gəncədə yaşayan anası Cəvahir xanım Bakıya, qızının yanına gələr və sonra yenə Gəncəyə qayıdardı. Nədən Bakı–Gəncə yolu uzaq yollar adlandırılsın, həm də ana bu “uzaq yolların yolçusu” sayılsın? Bunun səbəbi ikinci bənddə açılır:
Darıxır ürəyim, yanır nəfəsim,
Başımın üstündə yoxdur bir kəsim,
Qəlbimi köz kimi yandırır, səni
Bir daha görməmək qorxusu, ana.
Nigar Rəfibəylinin 1934-cü ildə nəşr olnumş “Şeirlər” adlı kitabında başqa bir şeir o dövrün tanınmış tənqidçisi Əli Nazimi “şübhələndirmişdi”. “Şair qız” adlı məqaləsində gənc şairənin yaradıcılığına ümumiyyətlə müsbət qiymət verilir. Əli Nazim Nigarın ayrı-ayrı şeirlərini xeyirxahlıqla təhlil etsə də, “Məktub” şeirinə kəskin iradlarını bildirir:
“Nigarın “Məktub”u onun təhtəlşüurunda gizlənmiş və çoxdan bəri atılmalı olan bir məfkurəvi momenti ifadə edir. Çox qüvvətli bir lirika ilə yazılmış (tənqidçi bunu qeyd etməyə bilmir – A.) bu şeir müşayiət etdiyi “gözəl dost”undan ayrılışına həsr edilmişdir. “Gözəl dost”una dediyi bu sözlər onun kim olduğunu yaxşı göstərir.
Sən indi uzaqlarda, bizdən uzaqlardasan,
Yolun gecədən qara, oldu yolun gecələr.
Bəlkə gecə yaş tökür, gündüz anırsan bizi,
Bəlkə həsrət çəkirsən yad edib ölkəmizi.
Bu, “gözəl dost” deyil, bəlkə də keçmişdə şair qızla çox dost olan bir yabançıdır. Şair özü də deyir ki, “gəmi uzaqlaşdı getdi, biz ayrıldıq o gündən” və “biz ki səninlə çoxdan ayrılmış bir eşdik”. Belə bir dost ilə ayrılış xatirəsinə həsr edilmiş şeirin əsl mərkəzini təşkil edən cəhət həmin “dost”a qarşı Nigarın sağlam və sabit bir münasibət yarada bilməməsidir. “Dostunun bu məktuba gülüb-gülməyəcəyini” belə kəsdirməyən şair şeirinin sonunda “Bəlkə bir gün bu yolun ayrıcında birləşdik” və “Bəlkə də bir günün sevgisini yaşatdıq” deyə dumanlı xülyalara qapılır”.
Şairə özünü sığortalamaq üçün şeirini “bəlkə ayrı cəbhədən bir-birimizə daş atdıq” misrasıyla bitirsə də, Əli Nazim bunu, yəni “gözəl dost”la mübarizə ehtimalını zəif ehtimal sayır: “nə qədər tənbəl bir mübarizə hazırlığı”, – deyə hökm çıxarır. “Doğrudanmı, Nigar “gözəl” dostu deyil, yabançı, düşmən dostu ilə bir günün eşqini yaşatmağa hazırdır?”
Yazısında sovet ideolojisinin sayıq keşikçisi kimi çıxış edən tənqidçi aydın dərk edir ki, bu şeirdə hər halda calayi-vətən olmuş bir mühacir qəsd edilir. Və bunu açıb-ağartmaqdan, başqa sözlə, gənc şairəni təhlükəli zərbə altında qoymaqdan çəkinmir. Üç il sonra Əli Nazim də bir çox başqa günahsız ədəbiyyat, elm adamları kimi repressiya qurbanı oldu. Bu gün repressiya qurbanlarına haqlı olaraq acıyarkən və bəzən repressiyalardan xilas olmuşlara ən azı şübhəylə yanaşılarkən o illərin ideoloji mübarizələrində bada verilənlərin başqalarını bada vermək cəhdlərini də unutmamalıyıq. Əlbəttə, “bada vermək” ifadəsi parlaq tənqidçi və özəlliklə Nigar Rəfibəylinin ilk kitabını təqdir edən Əli Nazimə şamil edilməməlidir, amma bu sayaq ideoloji “ifşalarla” Nigar xanım yaradıcılığının müxtəlif mərhələlərində dəfələrlə rastlaşıb.
Anamın 30-cu illərdə yazdığı “Komandan” şeiri haqqında 40-cı illərdə donos vermişdilər ki, bu şeir müsavat zabitinə həsr edilib.
Mən qəlbimin ilk eşqini
Sənə verdim uzaqdan,
Bu gün də xəyalımda
Bəslədiyim komandan!
Mən kiçikdim o zamanlar
Sən göy atın belində
Hacıkəndin dağlarında
Gözəl vətən elində,
At çapardın, təlimlərdə
Vurar, nişan alardın,
Göy dağların sinəsinə
Sən vəlvələ salardın.
Mən dalınca baxa-baxa
Həsrət çəkərdim sana,
Komandanım, o günləri
Bir yadına salsana.
Bilirdim ki, sən qoymazsan
Düşmən mənə kəm baxa.
Gəncliyimin şən çağından
Bahar ötə, qəm baxa…
Əlbəttə, “mən kiçikdim o zamanlar” işarəsi də, gözəl vətən elində, göy atın belindəki komandan da sovet zabitini yox, Cümhuriyyət ordusunun süvarisini xatırladır. “Komandanım, o günləri bir yadına salsana” çağırışı da, düşmənin kəm baxmasına imkan verməyəcəyinə ümid də donos verənin əsassız olmadığını göstərir. Amma necə olur-olsun, donos donosdur… Və belə şeytançılığın ən ağır nəticələri ola bilərdi…
Mən dəfələrlə qeyd etmişəm ki, sovet dövründə yaranan ən namuslu ədəbiyyat çox vaxt Ezop dilindən istifadə etməyə məcbur idi. İndi anamın şeirlərini yenidən, necə deyərlər, təzə gözlə oxuyarkən əvvəllər tam mənasında dərk etmədiyim çox mətləbləri aydın görürəm. Cavanlığımda Nazim Hikmətin bir misrasını tez-tez təkrar edərdim: Mühacirlik ölümdən betər.
Bu misraları oxuduqca anamın gözlərinə çökən kədərin uzun zaman fərqinə varmamışdım. Nəhayət, bir gün: “Xahiş edirəm, bu misraları daha oxuma”. – dedi və o anda birdən ağlıma batdı ki, axı bu sözlər ona ovunmaz dərdini – mühacir qardaşı Kamil həsrətini xatırladır.
Və indi, çox illər sonra bu həsrətin izlərini onun bir çox şeirlərində görürəm. Bəlkə yeddi yaşında atasını əbədi itirmiş balaca qızcığazın qəlbində bu itkidən daha çox yeniyetməlik çağında ayrıldığı və otuz il öldüsündən-qaldısından xəbəri olmayan böyük qardaşının nisgili qövr eləyirdi.
Ürəyim torpaq kimi yaralıdır,
Üstündə tikanlı məftillərin
Qanatdığı yaraların ağrısı var.
Hicran yarası da var ürəyimdə,
həsrət dağı da…
Bolşeviklər Azərbaycanı, o cümlədən, Gəncəni istila edib qubernator Xudadat bəyi güllələdəndən sonra Cəvahir xanım əvvəllər nökərləri olmuş birisinə deyib: Sənə özümün də, üç balamın da qanını halal edirəm, görsən ki, biz ermənilərin əlinə düşürük, hamımızı özün öldür.
Azərbaycanın bəy-xan nəsillərinə, ziyalılarına, ümumən üzdə olan hər şəxsiyyətinə daşnaklar qədər nifrət bəsləyən “özümüzünkülər” özümüzə divan tutur, hələ bununla öyünürlərmiş də. Sonralar özü də repressiya qurbanı olmuş azərbaycanlı komissar: “Gəncədə bir başıpapaqlı qoymadım”, – deyə qürrələnirmiş.
Cəvahir xanımın təkidiylə hər iki oğlu vətəni tərk etməli olur: Rəşid Rusiyaya köçür, Kamil bircə tarını götürüb İrana, ordan da Türkiyəyə keçir.
Dostum, bu yerlərin qürbətdir adı.
Qürbətdə insanın könlü açılmaz.
Yaralı quş kimi sınar qanadı,
Xəyal bu göylərdə edərmi pərvaz.
Ay bir cığır salıb dənizə nurdan
Ağaclar başını əyibdir yerə.
Xəyalım dağınıq, könlüm pərişan
Baxıram bu qərib yad sahillərə.
Vətən həsrətiylə qəlbim döyünür,
Neylərəm cənnəti vətəndən ayrı.
Şirindir vətəndə hər acı tüstü
Şirindir vətənin küləkləri də...
Bu şeir ruhu, hətta bəzi oxşar ifadələriylə Almas İldırımın “Azərbaycan oy” rədifli məşhur şeirini xatırladır. Əlbəttə, Nigar xanımın bu şeirdən xəbəri yoxdu, amma qəribəsi odur ki, Almas İldırımın mühacirliyin acısını duyaraq qürbətdə yazdığı şeirin ovqatı Nigar Rəfibəylinin vətəndə yazdığı şeiriylə həmahəngdir. Sanki Nigar xanım bu şeiri böyük qardaşının duyğularını, vətən həsrətini ifadə edərək yazmışdır.
Bizi, övladlarını dərdlərlə yükləməmək üçün bütün ağrılarını öz içində çəkirdi. Bunun acısını ancaq arabir şeirlərinə sızdırırdı:
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
İndiyəcən “sirlər xəzinəsində” saxlanan ailəmizlə bağlı sənədləri üzə çıxaran Rafael Hüseynova bir daha minnətdarlıq edirəm, Xudadat bəyin bəraət alması üçün lazımi materialları toplayan və bu bəraətə nail olan hüquqşünas, ədliyyə generalı, Rəfibəylilərin ağsaqqalı Akif Rəfiyevə dərin təşəkkürlərimi bildirirəm.
Bəzən yuxularımda anamla danışıram, deyirəm ki, babası Ələkbər bəyin də, atası Xudadat bəyin də tərtəmiz adları şər, böhtanlar və yalanlar girdabından çıxarılıb, tariximizdə layiq olduqları şərəfli yeri tutublar. Bizim günlərdə nəşr olunmuş “Cümhuriyyət ensiklopediyası”nda altı Rəfibəyliyə – Ələkbər bəyə, Xudadat bəyə, Cəmil bəyə, Cavad bəyə, Əyyub bəyə (Sayqına), Səməd bəyə (Sayqına) ayrıca maddələr-məqalələr həsr olunub. İndi qədim Gəncədə dörd Rəfibəylinin adına küçə var: Ələkbər bəy küçəsi, Xudadat bəy küçəsi, Cavad bəy küçəsi, Nigar Rəfibəyli küçəsi… Xan bağında (keçmiş adıyla Sərdar bağında) Nigar xanımın əzəmətli heykəli ucaldılıb, adına məktəb var, yaşadıqları evin divarına xatirə lövhəsi vurulub. Bilmirəm anam yuxuda ona danışdıqlarıma necə münasibət bəsləyir. Ayılıram yuxudan. Amma əminəm ki, yaşasaydı, bu faktlardan, özəlliklə babasının, atasının, nəslinin adının süni ləkələrdən təmizlənməsinə çox sevinərdi. Axı sovetin ən qatı qəddar illərində soyadını da dəyişməmişdi və belə bir bənd yazmağa da cəsarət etmişdi:
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
VƏTƏN TORPAĞINDA İFTİXAR OLAN
ŞANLI NƏSİLLƏRİN YADİGARIYAM.
Nigarın 17 yaşı olanda sovet hökuməti Gəncədəki evlərində növbəti axtarış aparanda bir şeir tapılmışdı. Bu imzasız şeirdə deyilirdi ki, “günəş şərqdən doğub, şərqdən doğacaq”. Bir həngamə qaldırdılar ki, gəl görəsən. Mərkəzi Komitənin katibi Əliheydər Qarayev bir neçə qəzetdə iri bir məqalə dərc etdirdi, gənc şairəyə ən ağır ittihamlar verdi. Burda Ə.Qarayevin cızma-qarasından sitatlar verməyəcəm. Bir onu qeyd etmək istəyirəm ki, bu məqalədən sonra Nigar hər yerdən çıxarılır, işsiz qalır, özü də, himayəsində olan anası da bir parça çörəyə möhtac olurlar. Amma heç yerdə demir ki, hücumlara hədəf olmuş bu şeir onun deyil, Mikayıl Rzaquluzadənindir. Böyük qardaşlarının – Kamilin və Rəşidin dostu Mikayıl o vaxt Moskvada təhsil alırmış, gənc şeir həvəskarı Nigarla da məktublaşırmış. Bu şeiri məktublarının birində göndəribmiş. Amma anam Mikayıl Rzaquluzadənin taleyini təhlükə altında qoymamaq, təhsilini pozmamaq üçün şeirin kimə aid olduğunu heç yerdə demir. Rafael Hüseynov Nigar Rəfibəylinin arxivində gənc şairənin Fəhlə-kəndli inspeksiyası Komissarlığına ünvanladığı məktubun surətini aşkar edib. Bu mərd və cəsarətli məktub gənc şairənin ləyaqət və qürurunun heyrətamiz örnəyidir.
Nigar yazır ki, Ə.Qarayevin məqaləsinin böyük hissəsi ona, N.Rəfibəyliyə həsr edilib. “Məqalə birtərəflidir, faktlar təhrif olunub və həqiqətə uyğun deyil”. Mərkəzi Komitə katibinin imzasıyla çıxan məqalə haqqında məktubda belə sərt sözlər deyilir.
Şairə yazır ki, bu məqaləyə qədər “Azərkino”da tərcüməçi işləyirdim. Bu yazıdan sonra məni işdən çıxartdılar”.
Bu vaxt məsələ Mikayıl Rzaquluzadəyə çatır və o, kişilik göstərərək Bakıya məktub yazır, şeirin məhz ona məxsus olduğunu etiraf edir. O vaxtacan hücumlar kampaniyası də səngiyir və Nigarı yenidən işlə təmin edirlər. “Azərnəşr”də işə düzəlir. Burda isə tamam başqa mühit vardı. Mikayıl Müşfiq, Sabit Rəhman, Nəzakət Ağazadə işləyirdilər burda…
Həsən bəy Ağayevin qızı Nəzakət xanım anamın ən yaxın rəfiqəsiydi. Nəzakət xanım xarici səfər zamanı vəfat edir, cənazəsini təyyarəylə Bakıya gətirirlər.
Cənazəni qürbətdən
Təyyarəylə gətirdilər:
Qapadı dəmir yatağında
Vətən torpağına yetirdilər
Soyuq barmaqlarıyla
Yapışdı ürəyimdən, –
Bu dərd mənim, bu qəm mənim,
Nəzakət, Nəzakət,
Əziz, mehriban
rəfiqəm mənim.
Şeirdə Nigar xanım nisgilli xatirələrə də dalır, “uşaqlıq illərimiz yetimliklə, möhnətlə keçdi, gəncliyimiz qayğıyla, zəhmətlə”, – deyir.
“Nə ata çörəyi yedik, nə gördük qardaş sovqatı, qamçıladı bizi acı-acı sərt üzlü yetimlik həyatı”, – deyir.
Ömrün çətin yollarında
Bizə yar oldu Əli, Rəsul.
Onlar açıqürəkli,
Qaynar məhəbbətli gənclər idi.
O zamanlar bizimlə
ünsiyyət bağlamaq
Sadə sevgi deyil –
Böyük hünər idi…
Bu misralar da həmin şeirdəndir.
Rəsul Rzayla Nigar Rəfibəyli 1934-cü ildə nişanlanmış, bir yerdə Moskvaya təhsil almağa getmiş, 1937-ci il fevralın 11-də evlənmişlər. “Şairənin qisməti” adlı qiymətli məqaləsində İlyas Əfəndiyev yazır ki, mən elə bilirdim Rəsulla evlənəndən sonra Nigar xanımın başından təhlükələr tamam sovuşubmuş. Demə belə deyilmiş. İlyas müəllimin xatırladığı faktdan məlum olur ki, NKVD daima Nigar xanımı izləyir, nəzarəti altında saxlayırmış.
Nigar Rəfibəylinin və anası Cəvahir xanımın başları üstündə dolaşan qara buludlar – həbs və sürgün təhlükəsi – 40-ci illərin ikinci yarısında tamamilə reallaşmışdı.
Anamın və nənəmin “Sürgün olunsunlar” sənədinə M.C.Bağırovun dərkənarı var: “Ostavit”. Yəni “dəyməyin, qalsınlar”. Kim bilir, kefinin hansı dəm çağında Bağırov ailəmizin taleyini həll edən belə bir qərarı verib. Bəlkə o vaxtlar artıq tanınmış şair və ictimai xadim olan Rəsul Rzanın ailəsini dağıtmaq istəməyib. Axı Rəsul açıq deyirdi: Nigarı sürgün etsələr, mən də onunla gedəcəm, – və bu sözləri də, şübhəsiz, “hara lazımdı” çatdırırdılar. Hər halda bir bu Bağırov dərkənarı ilə nənəmin, anamın, atamın və bizim – onların üç balasının taleyi həll olundu.
Yar-yoldaşından aralanmış,
Dirilərin cərgəsindən
Adı, sanı qaralanmış
Nakamların qismətinə dözə bilmirəm,
Dərdinə, möhnətinə dözə bilmirəm.
Bu misralar da Nigar Rəfibəylinindir və ailəvi dostları Əhməd Cavadın, Rəsulun və özünün yaxın yoldaşları Müşfiqin, böyük Hüseyn Cavidin və yüzlərlə başqalarının aqibətini onlar da yaşaya bilərdilər. Qismət Bağırovun bir dərkənarından asılıymış.
Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın vəfatının təsiriylə yazılmış şeirində Nigar Rəfibəyli Zamana, Dövrana, daha doğrusu, bu zamanı yaradanlara, bu dövranı idarə edənlərə qəlbinin əzablı suallarını verir:
Niyə axdı, niyə, günahsız qanlar,
Niyə susdu, niyə, soyuq vicdanlar?!
Əsrin cinayəti açılmayacaq,
tarix gizləyəcək varaqlarında.
NKVD-KQB-nin Nigar Rəfibəyliyə xüsusi “diqqət”inin bir səbəbini də tədqiqatçı Nəsiman Yaqublu açır. “Nigar Rəfibəyli sovet dövründə niyə təqib edilirdi?” adlı yazısında (“Yeni Müsavat” qəzeti, 1 avqust 2011) şairənin bəzi şeirlərinin Türkiyədə, mühacir mətbuatında dərc olunmasını qeyd edir. Məsələn, Azərbaycan mühacirlərinin Ankarada nəşr olunan “Azərbaycan” jurnalında hələ anamın sağlığında (1979, №231) Nigar xanımın bu şeiri dərc edilib:
Uzaq ölkələrə, uzaq ellərə
Axışan buludlar, axan buludlar.
Bir ilıq nəvaziş umarkən sizdən
Könlümü həsrətlə yaxan buludlar.
Solan çiçəkləri siz öpərsiniz,
Siz ey köksünüzdə örpək buludlar
Yanan səhralara su səpərsiniz,
Ey atlas buludlar, ipək buludlar!
37-ci il olsaydı, donosbazlar bu sətirləri qurdalayıb gör nə qədər antisovet mənalar çıxarardılar. Şükür ki, bu şeir Türkiyədə 1979-cu ildə çap olunub, daha bu sayaq şeytançılıqlara çox da fikir verilmədiyi, belə ucuz çuğulçuluğun vaxtı keçdiyi illərdə. Amma axır illərəcən hakimiyyət Nigar xanıma sonacan etibar etmirdi, ehtiyatla, müəyyən şübhələrlə yanaşırdı. Düz deyirlər ki, onun cənazəsinin Birinci Fəxri xiyabanda Rəsul Rzanın yanında basdırılmasına icazə verməmək – sovet quruluşunun Rəfibəylilərdən aldığı son qisas idi.
Əlbəttə, mən Nigar Rəfibəylinin bütün ömrünü başdan-ayağa qəm-kədər içində yaşanılmış bədbəxtçilik kimi qələmə vermək istəməzdim. Bu ömrün işıqlı günləri, xoşbəxt illəri, ayları, günləri də az olmayıb.
Övladlarıyla, nəvələriylə bağlı qayğılar onu yaradıcılıq həyatından ayırsa da, o, tərəddüdsüz olaraq ikincini birinciyə qurban verirdi. Bu qurbanın təəssüfü yalnız bəzi şeirlərində yüngül qüssəylə əks olunub. Yaşlı vaxtının ən böyük sevinci qırx illik ayrılıqdan, xəbər-ətərsizlikdən sonra Türkiyədə qardaşı Kamillə qovuşması oldu.
İlk dəfə Türkiyəyə 1956-cı ilin 26 oktyabrında Rəsulla birgə “Pobeda” gəmisiylə Avropa səyahətinə çıxdıqları zaman gəlir. Məktublaşmaları 1936-cı ildə birdəfəlik kəsilmiş Kamil haqqında heç bir məlumatı yox idi. Heç bilmirdi sağdırmı, bircə tibb təhsili alıb həkim işlədiyindən xəbəri vardı. Mənə danışırdı ki, bircə gün İstanbulda olduqları zaman küçələri dolaşdıqca həkimlərin lövhələrinə baxırdı, bəlkə birdən Kamil Rəfibəylinin adına rast gəldi. Təbii ki, Kamilin İstanbuldamı, Türkiyənin başqa şəhərindəmi yaşadığını da bilmirdi. Onu da bilmirdi ki, böyük qardaşı Bakıdakı qohumlarını qorumaq üçün soyadını dəyişmiş, Kamil Arran olmuşdu.
1956-cı ildə İstanbul təəssüratlarından:
İstanbul duman içində,
Ürəyim güman içində.
Ümidlərim puça çıxdı,
Dağıldı bir an içində.
“Güman” – həkim lövhələrinin birində qardaşının adına rast gələcəyiylə bağlıydı. “Ümidlərin puça çıxması” isə elə həmin gün İstanbuldan uzaqlaşan gəmidə keçirdiyi hisslərin ifadəsi idi – bir də heç vaxt qardaşını görə bilməyəcəyinin ovunmaz ağrısı…
Türkiyədən, Kamil bəydən ilk sorağı məşhur bəstəkar və dirijor, atamın yaxın dostu Niyazi gətirdi. Qardaş-bacı qiyabi də olsa bir-birini tapdılar, məktublaşmağa başladılar. Bu, bəlkə anamın ən xoşbəxt günləri idi.
Rəsul Rzaya ara-sıra endirilən zərbələr Nigar Rəfibəylinin taleyinə də təsirsiz qalmırdı. Amma bununla bərabər xoşbəxtlikdə də, bədbəxtlikdə də həmişə Nigarın yanında Rəsul vardı – sevən həyat yoldaşı, etibarlı dost, həmkar, arxa, onu hər bəladan qoruyan müdafiəçi…
Heç bir şey – nə bolşevik rejimi tərəfindən güllələnmiş qubernatorun qızıyla evlənmənin riski, nə 37-ci ilin amansız sınaqları, nə sürgün qorxusu, nə müharibənin ölüm-dirim təhlükəsi, nə Nigar xəstəliyinin müdhiş diaqnozu, nə məişət problemləri, xırda-para umu-küsülər onları bir-birindən ayıra bilmədi. Onları həyat yox, ölüm ayırdı. Daha doğrusu, həyatda onları bir-birindən ayırmağa gücü çatmayan Quruluş onları ölümlərindən sonra araladı.
Nigar Rəfibəylinin belə misraları var:
Mən ki doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Bu misralar da Rəsul Rzanındır:
Mən bütöv bir yuvaydım,
Yel vurdu, paralandım.
Mən səndən ayrılmazdım,
Zülmnən aralandım…
… Və mən heç nə edə bilmədim.
Anamı ümumi qəbiristanlıqda öz anasının, nənəsinin, dayısının, dayısı oğlanlarının yanında basdırdıq. Dəfn etdiyimiz dəqiqələrdə qeyri-ixtiyari anamın keşməkeşli taleyi haqqında düşünürdüm. Haçansa kübar, zadəgan ailəsində bir qız dünyaya gəlir. Başqa zadəgan ailəsi “bu qız bizim gəlinimiz olacaq” deyə qoyun kəsdirir. Sonra siyasi tufanlar qopur, yeddi yaşlı qızın atasını qətl edirlər, qurban kəsənlər pərən-pərən olub dünyaya səpələnirlər. Balaca Nigar yeniyetməlik çağından öz əlinin zəhmətiylə çörəyini qazanır, özünü və anasını saxlayır, özgəsinin şeirinə görə vicdansız təqiblərə və təhqirlərə düçar olur. Ala gözlü bir gəncə rast gəlir, onunla bir yerdə yeni həyata qovuşur, dünyanın ədalətinə və işığına iman gətirir, ömrünün ən gözəl illərini, yaradıcılığının ən qaynar çağını ailəsinə, üç balasına qurban verir, özü ağır xəstə olsa da, xəstə ərinin yanından aralanmır, ona qulluq edir. Qadınlıq, analıq borcunu sona qədər yerinə yetirir.
…Və indi – ərinin ölümündən sonra, öz ölümündən sonra yenidən ilk ailəsinin – çox sevdiyi Rəfibəylilərin yanına qayıdır.
Anamın bir şəkli də gözümün qabağına gəlirdi bu dəqiqələrdə: Moskva ətrafında, güllü-çiçəkli bir çəməndə çəkdirib bu şəkli. Çox cavandır, əllərində bir qucaq çöl çiçəkləri saxlayıb.
Mənə elə gəlirdi ki, o özü də bizim həyatımıza, hamımızın ömrünə bu güllər, çiçəklərlə dolu bir aləmdən gəlib və bir gün ora da çəkilib qeyb oldu…
Nigar Rəfibəylinin sayca çox da olmayan şeirləri şairənin məişət üzərində, ailə qayğıları üzərində, siyasi təqiblər üzərində qələbəsidir.
Sanki öz taleyini nəzərdə tutaraq məşhur “Durna” şeirində yazırdı:
Mən
Yuxuda durna oluram
Gecələr.
Çırpıb qanadlarımı
yerdən üzülürəm,
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarına düzülürəm.
Uçuruq uça bildikcə
Uçuruq diyar-diyar…
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
ən şirin,
ən incə,
ən sevimli arzular.
Səhər şəfəqlər oyadır məni,
Sevinə-sevinə durub
qalxıram ayağa:
Sonra bütün günü
nə həvəsim olur,
nə macalım,
bir də yerdən üzülüb
durna olmağa.
2013, may-iyun
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
Öz yağında qovrulan…
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Ədəbiyyatımızda elə imzalar var, onların adını çəkmək yetərlidir – qalanı artıq söz olur... Kənan Hacı imzası da bu qəbildəndir: yazıçı, şair, jurnalist – hər üç yaradıcılıq qütbündə görünən, sözə sədaqəti ilə seçilən və… “öz yağında qovrulan” qələm adamı... Onun 50 illik yubileyi yalnız bir insanın ömür hesabatı deyil, həm də çağdaş Azərbaycan ədəbiyyatında və jurnalistikasında imzanın necə məsuliyyət daşımasının bir örnəyidir.
Kənan Hacı, necə deyərlər, nəsrin içində poeziyanı, poeziyanın içində publisistikanı, publisistikanın içində düşüncənin dərin qatlarını yaşadan qələm sahibidir. O, sözün sınırlarını genişləndirməyə çalışan, dilin imkanlarını dəyərləndirən, hər misrasında yurd ağrısı, milli ruh və insan taleyi gizlədən yazardır.
Hər kəsin yaşadığı dövr var, bir də dövrünü yaşayanlar... Kənan Hacı həm dövrünü yaşayır, həm də onu yaradıcılığında təcalla etdirir.
Onun qələmindən həsrət süzülür, ancaq o həsrət fəryad deyil – bəlkə, bir çağırışdır.
Onun nəsrində insan ağrıları var, amma bu ağrılar ümidsizlik yaratmır – ümid oyadır, inam aşılayır...
O, həyatın sərt gerçəklərini süni pafosa bürümədən, gerçəkliyin öz dili ilə yazır. Ol səbəbdən Kənan Hacının əsərləri oxucunun ruhuna toxunur, yaddaşda iz qoyur.
O, bir şair olaraq, sözü yüngülləşdirmir, yəni sadəcə duyğu ifadə etmir – duyğunu ağıl süzgəcindən keçirib oxucuya təqdim edir. O, qafiyənin yükündən çox, fikrin yükünü çəkir. Bəlkə də ona görə, şeirləri interaktivdir - oxucu ilə dialoqa girir…
Jurnalistikanın içində isə Kənan Hacı intriqalardan uzaq duruşu, obyektiv və prinsipial mövqeyi ilə seçilir. Bugünkü informasiya xaosunda qələmi vicdanın tərəzisində tutmaq asan deyil. Yubilyar dostumuz qələmin gücünü şan-şöhrət vasitəsinə çevirmədən, onu vicdanın və xalqın xidmətinə yönəldib.
50 il – rəqəm kimi böyük görünməyə bilər, amma bu illərin içində neçə əsər, necə düşüncə, necə-necə duyğular və nəfəs var.
Bəli, dostum, “Özündən qaçmaq olmur"; qan
"Çəhrayı qan"a dönə bilir… bir də görürsən, "Quşlar üçün karusel" peşindəsən… Bir də görürsən, işlər səhmana süşür və "Yağ kimi" gedir, sən də, taleyin cilvəsiylə "Atamın sevgilisi" deyə bir əsər yazırsan…
"Yaddaş kartı" pozulmur… Ha yaxında "Rəqqasə"nin zərif döndərmələrinə, incə xallarına tamaşa et, ha "Uzaqdasan, soyuqdur" deyib, kövrəl - həyat həyatdır… Həmyaşıdlarınla, çağdaşlarınla "Ədəbiyyatın kulisi"ndə olub-bitənlər də, qədim nəğmə kimi oxunan "Fironun dəftəri" də ilgincdir - lap "İki qadını ayıran pəncərə" kimi…
Bir də, "Xəlbir və ney" var, “Fəna fadiləsi” var bir də…
Yubileyin qutlu olsun, dəyərli dost!
Qələminə qüvvət!
Möhkəm cansağlığı, iş avandlığı diləyirəm!
Qardaş məhəbbəti,
qonşu səmimiyyəti ilə: Mən - Əkbər Qoşalı.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondu “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabını təqdim edəcək
Sabah - 5 mart tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr edilən “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutacaq.
Bildiyiniz kimi, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif genişmiqyaslı tədbir və layihələr həyata keçirilməkdədir.
Fondun növbəti genişmiqyaslı layihəsi olan "Türk dilli ölkələrin milli musiqi alətləri" kitabı 6 türk ölkəsinin alimləri, incəsənətşünasları və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış yüzdən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir. Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulmuşdur.
Tədbir rəsmi və bədii olmaqla iki hissədən ibarətdir. Proqramın bədii hissəsində Türk musiqi dünyasının inciləri ifa olunacaq.
Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV agentliklərinin əməkdaşları və başqaları iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)
BİZİM KİNO - Ceyhun Mirzəyevi necə olub ki, “Ögey Ana” filminə çəkiblər?
Könül, “Ədəbiyyat və incəsənət”
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət alıb. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib.
“Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub. Özü bu filmini görə bilmədi.
Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırıldı. Ceyhun Mirzəyev 1994-cü ildə vəfat edib.
Bəs necə olub ki, onu “Ögey ana” filminə çəkiblər? Bu barədə Ramilə Qurbanlının "Ceyhun Mirzəyev əfsanəsi" yazısından oxuyuruq:
“Sınaq çəkilişindən sonra kinostudiyanın dəhlizində əmisini gözləyən Ceyhun dəhlizin o başından bu başına keçən Nəcibə xanımı görür. Aktrisanı ilk dəfə canlı görməsi, onun gözəlliyi balaca kişini neçə heyran edirsə, özü də bilmədən ağzıaçıq qalır. Nəcibə xanım ona: “Balası, ağzını yum”, deyə eyham edib, keçib gedir. Sonra nə düşünürsə, duruxub geri dönür. Aktrisa Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa keçib “Ögey ana” filminin çəkilişlərinə aktyor yığan rejissora “İsmayılı tapdım, öz ayaqları ilə gəlib, dəhlizdədir”, deyir. Rejissor çıxıb Ceyhuna baxıb “Doğrudan İsmayıldır ki!”, deyir. “Ögey ana” filminə çəkiləndə Ceyhun Mirzəyevin 12 yaşı olub...”
Ruhu şad olsun böyük sənətçimizin.
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)
“Ömür bir yol, dünya bir körpüdür” - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Dünya bir pəncərədir – hər gələn baxdı, keçdi. Amma nə gördü, nə apardı, kim xatırladı?
Su axdı, torpaq qaldı, insan getdi, adı qaldı. Böyük sarayların divarları çökdü, sultanlar taxtlarını tərk etdi, amma onların izləri ya yaddaşlarda qaldı, ya da bir külək kimi unuduldu. Biz tərəflərin belə bir deyimi var:
“Sular axdı, vaxtı keçdi,
Sultan getdi, taxtı keçdi.”
Həyatın qanunu budur: zaman dayanmır. Ömür bir bulud kimidir – əsən yellə dağılır. Hər birimiz bu dünyada bir yolçuyuq, gəlib baxırıq, sonra da gedirik. Amma baxıb keçmək yetərli deyil. Çünki hər axan su dənizə çatmaz, hər çıxan günəş sabaha qalmaz.
Bəs bizdən sonra nə qalacaq? Unudulacaq bir ad, yoxsa xatırlanacaq bir iz? Babam həmişə deyərdi:
“Ömür bir saz kimi – ya çalınar, ya qırılar.”
Dünya bir körpüdür – bir tərəfdən gələnlər, o biri tərəfdən gedənlər var. Heç kim əbədi deyil, heç nə daimi deyil. Bu gün biz buradayıq, sabah olmayacağıq. Bütün saraylar bir gün xarabaya çevrilir, bütün padşahlar bir gün tarixə qarışır. Əsas olan, adını daşlarda deyil, qəlblərdə yaşatmaqdır.
Dünya bir nağıldır – kimisi yazır, kimisi oxuyur, kimisi isə sona çatanda ancaq anlayır.
O halda, gəlin elə yaşayaq ki, pəncərəmiz bağlananda və geriyə baxanda peşman olmayaq. Gəlin baxıb keçməyək, iz qoyaq. Çünki sular axar, torpaq qalar, insan gedər, adı qalar.
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)
İmzanız daim parlasın!
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Ötən gün ölkənin ən sevilən nəşriyyatlarından biri olan "Parlaq imzalar" nəşriyyatı 12 yaşını qeyd etdi.
İllərdir "Oxucu candır" devizi ilə fəaliyyət göstərən “Parlaq imzalar" daim öz oxucularına orjinaldan tərcümə prinsipi ilə nəfis tərtibatlı xarici və eyni zamanda bir-birindən gözəl, keyfiyyətli yerli ədəbiyyat nümunələri təqdim edir.
Həmçinin "Parlaq imzalar"
oxucu - nəşriyyat, oxucu - müəllif münasibətlərində yeni bir cığır açması ilə də fərqlənir.
"Parlaq imzalar" - yəni öz oxucusuna dəyər verən, oxucusunu sevən. Oxucusunun fikirlərini önəmsəyən, oxucusuna diqqət göstərən və onun üçün daim ən yaxşısını ərsəyə gətirməyə çalışan doğma bir nəşriyyat.
Nəşriyyatın ötən il təsis etdiyi
"Parlaq oxucular klubu"nun üzvü olaraq mən də sevimli nəşriyyatı, onun səmimi və mehriban kollektivini ürəkdən təbrik edirəm.
İmzanız daim parlasın!
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)
BAHARIN İKİNCİ MÜJDƏÇİSİ - Bu gün Od çərşənbəsidir
Könül, “Ədəbiyyat və incəsənət”
Bu il qış xeyli sərt keçdi, sonda qarı, çovğunu, şaxtası ilə yadda qaldı. Ona görə də indi baharı daha şiddətlə arzulamaqdayıq.
Bu gün Baharın gəlişinin ikinci müjdəçisi qədəm qoyur - Od çərşənbəsi.
Od çərşənbəsi bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gündür.
Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması, arzuların artması
deməkdir.
Bu çərşənbə qədim inanclara əsaslanaraq odun müqəddəsliyini, onun insanları təmizləyən və qoruyan gücünü simvolizə edir. Əcdadlarımız odun isidici və həyatverici gücünə inanaraq, bu günü xüsusi mərasimlərlə qeyd ediblər. Azərbaycanın qədim inanclarına görə, Od çərşənbəsi Günəşin oyanışını, torpağın isinməsini və təbiətin canlanmasını simvolizə edir. Əcdadlarımız odun təmizləyici gücünə inanır, tonqal qalamaqla bütün bəlaların yanıb yox olacağını düşünürdülər. Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edir, sağlamlıq və ruzi-bərəkət diləyir. İnsanlar inanırlar ki, tonqalın üzərindən tullanan hər kəs uğursuzluqlardan qurtulur, yeni ilə təmiz ruhla qədəm qoyur.
Odla bağlı inancların tarixi min illərlə ölçülür və bu inam türk xalqlarının dünya görüşündə mühüm yer tutur. Od Günəşin yer üzündəki rəmzi sayılmış, həyatverici, isidici və qoruyucu gücə malik olduğuna inanılmışdır. Bu düşüncə animizm və tanrıçılıq inancları ilə sıx bağlıdır.
Xalq arasında Od çərşənbəsi ilə bağlı müxtəlif inanclar və adətlər geniş yayılıb. Qədim dövrlərdə insanlar tonqal başında toplaşar, odun ətrafında nəğmələr oxuyar, şeirlər söyləyərdilər. Od müqəddəs sayıldığı üçün ona hörmətlə yanaşılır, onun üzərindən atlanmaqla köhnə ilin çətinliklərindən qurtulmaq mümkün olduğuna inanılırdı.
Bu gün də insanlar Od çərşənbəsində tonqal qalayır və inancına uyğun olaraq üzərindən tullanırlar:
- “Ağırlığım, uğurluğum odda yansın!”
Bu ritualın məqsədi insanın bütün mənfi enerjidən təmizlənməsi və yeni ilə uğurla qədəm qoymasıdır.
Azərbaycanın müxtəlif bölgələrində Od çərşənbəsi özünəməxsus şəkildə qeyd olunur. Tonqalların işığında bir araya gələn insanlar, qədim inancları yaşadaraq, birlik və həmrəylik ruhunu daha da möhkəmləndirirlər.
Bakı və ətraf bölgələrdə küçələrdə, meydanlarda tonqallar yandırılır, insanlar alovun ətrafında toplaşaraq şənlik edirlər. Şəki, Qax və Zaqatalada ailələr həyətlərində böyük tonqallar qalayır, qonşular birlikdə bayram edirlər. Bu bölgədə külək tonqalı alovlandırdıqca insanlar bir-birinə “Bərəkətli olsun” deyə diləklər edirlər. Qarabağ bölgəsində – xüsusilə Ağdam, Füzuli və Şuşada – keçmişdə tonqalın ətrafında yallılar gedilər, sazlı-sözlü məclislər qurulardı. Gəncədə isə Od çərşənbəsində qovurulmuş çərəzlər və şirniyyatlar hazırlanır, qapı pusmaq kimi maraqlı adətlər yaşadılır. Naxçıvanda hər evdə üzərlik yandırılır, tonqalın külü isə səhər tezdən axar suya tökülür.
Cənub bölgəsində Od çərşənbəsi odun və suyun vəhdəti kimi qəbul edilir. Tonqal qalamaqla yanaşı, bulağa gedib suya niyyət etmək də yayılmış bir adətdir.
Hər çərşənbədə olduğu kimi, Od çərşənbəsində də süfrənin bol olması ilin bərəkətli keçəcəyinə işarədir. Xalq inancına görə, süfrədə şam yandırılmalı və bu şam axıra qədər yanmalıdır. Bu, ailənin həmişə işıqlı və bərəkətli olmasını təmin edəcək. Həmçinin bəzi inanclara görə də Od çərşənbəsində səməni suya qoyulmalı və niyyət edilməlidir. Bu, ilin ruzi-bərəkətlə keçəcəyinə işarədir.
Bayram süfrəsində ən çox qırmızı rəngə üstünlük verilir, çünki alovun rəngi olduğu üçün gücü, həyat enerjisini simvolizə edir. Buna görə də süfrədə qırmızı alma, nar, qırmızı şərbətlər və bu rəngdə olan digər meyvələr yerləşdirilir. Ənənəvi olaraq qovrulmuş çərəzlər – fındıq, badam, qoz və noxud da olur. Bu çərəzlər məhsuldarlığın və ruzinin artmasını ifadə edir. Şirniyyatlardan şəkərbura, paxlava və qoğal hazırlanır, çünki bunlar Novruz süfrəsinin ayrılmaz hissəsidir.
Od çərşənbəsi təkcə alovun yox, həm də qəlblərin isinməsi, mehribanlıq və paylaşımın simvoludur. Buna görə də süfrə nə qədər zəngin olarsa, evə bir o qədər bolluq və xoşbəxtlik gətirəcəyinə inanılır.
Od çərşənbəniz mübarək! Həyatınız həmişə işıq, sevgi və bərəkətlə dolsun!
Yazıda Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin Qaliboğlunun fikirlərindən istifadə edildi.
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)
GAP Antologiyasında Mərcan Manafzadənin “Məni tanıyırsınızmı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.
Mərcan Mənafzadə
Təbriz
MƏNİ TANIYIRSINIZMI?
Mən qadınam
Neçə yol ayrımına çatarkən
Çizilmiş, incə, buruq
Sevgi ilə yoğrulmuş bir yola vardım.
Mən bir türk qadınam
Min bir yerə parçalanmış gövdəm var
Bir yarı həsrət
Bir yarı sevgi
Bir yarı nisgil
Bir yarı dilək
Və... Bir yarı vətən.
Bir yarımı səbir çəni bürümüş
Bir yarıma həsrət buludları yağır
Bu mənəm...
Mən bir azərbaycanlı qız
Körpəcik sevgimi
Nə ayaqlar altında əzib keçməklərinə izin verə bilirəm
Nə qoruyub, əmişdirə bilirəm
Minnətlərində boğulanlara
Bağıra bilmirəm, lal gəlir sözüm
Dilimə qıfıl rəsmi salır beynim
Dodaqlarımı kimin barmağı barmaqlıqlarda dustaqlayıb?
Ürəyimdə devrim havası
Xəyalımda intihar qoxusu
Bu mənəm...
Mən bir qadınam
Ürəyim parça-parça iki vətən
Bir parçası sevgidən yaralı
Bir parçası yoxluğundan qabarlı
Bir parçası keşgələr tapdağında qançıl
Bir parçası ölən arzulara yaslı
Bir parçası mərcan daşıdır, al geyinib.
Bir parçası buğdalıqlardan, səmadan iz almış...
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Ölüm ssenarisi – ŞEİR-ESSE MİKSİ
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Tarix: 09:09.2024
Yasin oxunur və…
Bu gün ölüm dünyaya gəldi.
Gəldi ki, qısa ömür sürənləri
uzun yaşatsın.
Yaşıl rəngli 12 vərəq mərasim dəftərlərini,
düzsün xatirələrin masasına.
Bu ölüm ona görə gəldi ki,
ölülərdən pul qazananların,
uşaqları acdır.
Ya da torpaqlar,
insan əti üçün darıxmasın deyə gəlib.
Terminologiya lüğətində:
Ölüm - yaşamdan öncə baş verən hadisədir.
Sənin dilində:
Ölüm - yaşamaqdan qaçma bəhanəsidir.
Mənim dilimdə:
Ölüm - ayrılığın bir sinonimidir.
İndi qənimət kimi görünür
qapı qarşısına qoyulan,
bir cüt ayaqqabı.
Paltarlar məsciddə qovuşur
yeni sahiblərinə.
Qəbrin sinə daşında
şairin müəllif hüquqları tapdalanır.
Nə qəribədir…
Ölüm ana qucağından istidir.
Ölüm ata ocağından soyuqdur.
Görən yaşayan hər kəsə rəhmət düşür?
Hər kəsə qalsa:
- Yox.
Mənə qalsa:
- Hə!
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)
YENİ NƏŞRLƏR - Cəfər Cabbarlı, "Sevil"
Pərviz Muradov, “Ədəbiyyat və incəsənət”
Cəfər Cabbarlının XX əsrdə qadınların azadlıq rəmzinə çevrilən məşhur "Sevil" pyesini oxuyub bitirdim. Kitab "Xan Nəşriyyatı"nın “Buta - mini klassika” seriyasında işıq üzü görüb.
Əsər başdan-ayağa bizi XX əsrə səyahətə aparır. Bir çoxlarımızın da məlumatlı olduğu bu dövr üçün qadın azadlığı ciddi məsələlərdən biri idi. Biz bu pyesi oxuduqca mübarizə əzmi qazanaraq ədalətli qərarlar verə bilir, o dövrün yaşam standartlarını öyrənir və bəzi iyrənclikləri istəməsək də görürük.
Şəriət, dini inanclar, psixoloji basqı ilə qadınları idarə edən bu zümrəni birbaşa qatil də adlandırmaq olar. İstədikləri bütün əməlləri çox rahat şəkildə edən bu şəxslər öz doğma evlərinə gəldikdə isə qadınları ilə bir qulluqçu kimi rəftar edirlər. “Bilmirəm deyəndən qorxma, bilirəm deyəndən də qorxmaq lazımdır”.
Əbdüləli bəy obrazı məni ən çox əsəbiləşdirən obraz oldu pyesdə. Künc-bucaqda bütün hoqqaları edib sivil mühitdə özünü bilgili kimi aparıb, deyilən bir çox fikirlərlə razı olması bunun bariz nümunəsidir.
Dilbər obrazı da yad deyil bizə, hələ də belələrini cəmiyyətimizdə görürük əfsus ki. Azadlıq məfkurəsinə baxış bucağımız nisbi olsa da burda birbaşa mövzu qadınlara edilən çirkinlikdən bəhs edir. Hər bir halda insan haqlarımız, azad düşüncə, seçim şansımız olmalıdır. Savadsızlıq simvolu olan Sevil isə "Oxumaq və savadlı olmaq lazımdır" ideyasının bariz nümunəsidir. Digər obrazlar, digər hadisələr haqqında da geniş yazmaq olar. Amma əsərin ideyasın götürüb təhlil etməyimiz də kifayət edir bizə.
Sayqılar!
“Ədəbiyyat və incəsənət”
(04.03.2025)