İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Keçmiş Vartaşen şəhəri və rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindən olub. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, IX–XVI əsrlərdə Şirvanşahlar, XVI–XVIII əsrlərdə Səfəvilər dövlətlərinin, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək isə Şəki xanlığının tərkibinə daxil olmuşdur.
1930-cu il 8 avqust tarixli qərarla Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar inzibati vahid kimi mərkəzi Vartaşen kəndi olmaqla ayrıca Vartaşen rayonu təşkil olunub. Vartaşen kəndinə 1961-ci il sentyabrın 9-da rayon tipli qəsəbə, 1969-cu il martın 15-də isə şəhər statusu verilib. 1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən həm Vartaşen şəhərinin, həm də rayonun adı dəyişdirilərək Oğuz adlandırılmışdır.
Bizim söhbətimiz Vartaşen toponimi haqqında olacaqdır. Toponim təbii və ya insan tərəfindən yaradılan obyektlərin xüsusi adıdır. Onlar bir yerin keçmişini, orada baş vermiş tarixi hadisələri, xalqın tarixini, etnik qrupların tərkibini, etnogenizini, təfəkkürünü, məşğuliyyətini, dilini, dini inanclarını, mədəniyyətini və s. əks etdirir. Toponimlərin öyrənilməsi və əhəmiyyəti yalnız tarixçilər, coğrafiyaçılar və dilşünaslar üçün deyil, həm də hər bir insan üçün faydalıdır. Ona görə də onların tədqiq olunması olduqca əhəmiyyətli və çox maraqlıdir.
Vartaşen toponimi də öyrənilməsi maraqlı olan belə toponimlərdəndir. Bəri başdan deyək ki, bu toponim haqqında bir sıra versiyalar var və fərqli mülahizələr söylənilmişdir.
Həmin versiyaların bir qismində ehtimallara, əfsanə və rəvayətlərə, bir qismində isə real tarixi gerçəkliklərə istinad olunur.
Məsələn, bir mülahizəyə görə, “Varta” yağış ilahələrinin birinin adı olub. Toponim də həmin ilahənin adı və “şen” sözü ilə formalaşıb.
Başqa bir mülahizədən isə belə məlum olur ki, əslində Vartaşen sözünün əsli türkcə “Artaş” olub. “Ar” (”ər”) türkcə igid, mərd mənasını verir. “Taş” isə türk dillərində t>d əvəzləməsini nəzərə alsaq, “daş” deməkdi. Deməli, “Artaş” daş kimi, möhkəm insan mənasını verir. Kənd də Artaş tərəfindən salındığı üçün Artaşın (yəni Artaşın yaşadığı yer, kənd) adlanmışdır. Sonralar A>V əvəzlənməsi olmuşdur.
Filologiya üzrə fəlsəfə doktoru Ə.Ələkbərli və E.Qaraqoyunlu “Türk mənşəli erməni soyadları” əsərində (səh:452, Bakı, “Qaya”-2016) yazırlar ki, “...saitlə başlanan sözlərin əvvəlinə “v” samitinin əlavə olunması bulqar dilinə də xas bir əlamət olmuşdur və Azərbaycanda bulqar türklərinin məskunlaşması ilə əlaqədar buradakı toponimlərdə də belə dil hadisələrinə tez-tez rast gəlinir. Məsələn: Eti//Veti//Vedi. Keçmiş Vartaşen rayonunun adı da bu yolla düzəlmiş ola bilər”.
Digərlərinə görə, toponim hind-iran mənşəli “vard” (gül) və türk mənşəli “şen” (kənd) sözlərindən yaranmış, “güllər kəndi” deməkdır. Bu fikir “Azərbaycan Sovet Ensiklopediyası”nda (II cild, səh:410, 1978-ci il) da təkrarlanır.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə isə (II cild, səh:142, 2007-ci il) göstərilir ki, "Vartaşen" toponimi fars dilindəki "varde" (qala, qüllə) və "şen" (kənd, məskən) sözlərindən ibarət olub, (-a birləşdirici saitdir) "qala kəndi" mənasını verir.
Bəzi araşdırmaçılar da toponimin adını Rusiya Elmlər Akademiyasının 2015-ci ildə çap etdirdiyi "Albania Caucasica" kitabında adı keçən “Vərdud” (“Gülüstan”) kəndinin adı ilə əlaqələndirirlər. Həmin kəndin VI-XV əsrlərdə indiki Oğuz şəhəri ərazisində yerləşdiyini nəzərə alaraq Vartaşen toponiminin də bu ad əsasında formalaşdığını bildirirlər.
Vartaşen toponimi Albaniyada Mehranilər sülaləsinin əsasını qoyan, Girdiman dövlətini yaradan Mehranın nəvəsi, Cavanşirin ulu babası, alban knyazı Cəsur Vardanla da əlaqələndirilir. Vardan qədim alban şəxs adlarından olub. AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rza(yev) özünün “Oğuzda “Avesta”nın izləri” adlı əsərində (Mingəçevir-2010, səh:74) yazır: “Vartaşen” sözünün mənşəyinin hind-iran, erməni mənşəyi ilə heç bir əlaqəsi yoxdur...Vartaşen də türk-Azərbaycan mənşəli sözdür. Bu toponim Vardan adlı şəxsin adından yaranmışdır...Burada “d” “t”-ya çevrilmiş, “n” isə düşmüşdür. Söz ilkin formada “Vardanaşen” olmuş, sonralar “Vartaşenə”ə çevrilmişdir”. Belə ehtimal olunur ki, “Vartaşen” ucada, ali məqamda duran, ərənə, od oğluna, Tanrı övladına məxsus yer mənasını daşıyır.
Yuxarıda adı şəkilən “Türk mənşəli erməni soyadları” əsərində (səh:452) də qeyd edilir ki, “-an şəkilçisinin köməyilə yaranan art+an//artan sözü feili sifətdir. “V” samiti proteza hadisəsi yolu ilə “artan” sözünün əvvəlinə əlavə edilmiş və Vartan şəxs adı düzəldilmişdir. Vartan şəxs adını... Azərbaycanın keçmiş Vartaşen (indiki Oğuz) rayonunun adı ilə müqayisə etmək olar”.
Tarixi faktlar göstərir ki, Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsindəki Aranzəmin kəndinin digər adı da vaxtı ilə “Vardaşın” olub. B.Budaqov və Q.Qeybullayev “Yuxarı Qarabağ toponimləri” əsrində (2005) qeyd edirlər ki, XVIII əsrdə Şirvan xanı Mustafa xan bir neçə Yuxari Qarabağ kəndini öz xanlığına köçürmüş və onlar indiki Oğuz rayonu (keçmiş Vartaşen) ərazisində “Vartaşın” adlı kənd salmışlar. Bu fakta istinad edən bəzi araşdırmaşılar indiki Oğuzun keçmiş adının yuxarıda adı çəkilən Aranzəmin kəndinin ikinci adından götürüldüyünü iddia edirlər. Lakin "Albania Caucasica" kitabında göstərilən faktlar toponimin tarixinin daha qədimlərə gedib çıxdığını göstərir.
Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. M.Kaşğarlının, L.Z.Budaqovun, İ.M.Dyakonovun, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, "şen" sözü sırf türk sözüdür və bu söz "yaşayış yeri", "kiçik məntəqə", "məhəllə", "abad yer", “kənd” mənasındadır. XIII əsrə aid "Türk-ərəb lüğəti"ndə də "şen" sözünün, "məskun", "əhali yaşayan yer", "əhalisi sıx olan yer" mənasında olduğu göstərilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, tanınmış dilçi alim F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında) əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi-“qar kut”, “lavaş”, “dolma”, “soğan” kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”. Onlar hətta Qərbi Azərbaycandakı tarixi yaşayış məntəqələrinin də bəzilərinin adını dəyişərək “Vartaşen” qoymuşlar. Məsələn, 1945-ci ildə Artaşat rayonundakı Mehrablı kəndinin adı “Vartaşen”lə dəyişdirilmişdir.
AMEA Folklor İnstitutunun elmi işçisi T.Nəsib də “Qars, Ani və çevrəsindəki tarixi-coğrafi adların öntürk uyqarlıqları, orta əsrlər türkmonqol maddi-mənəvi həyatı ilə etimoloji bağlılığı və bunlara erməni iddiası” adlı məqaləsində yazır: “Şen” kökü ilə yaranmış toponimlər yanlış olaraq ermənicə yer, yurd mənasında izah olunur. Həmin kök ilk başlanğıcda, türkcə əcdadla bağlı yurd deməkdir. Bu, açıqca şenadan (börüdən), qurddan törəmə əcdad əfsanəsinin yaddaş qatının ifadəçisi və daşıyıcısıdır. Şimali Azərbaycanda Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) yaşayış məskənlərinin adı da hər cəhətdən birbaşa həmin əcdad əfsanəsinin ruh aləmini özündə cəmləşdirib. Qut kökü göyün kutunu (xeyirxahlığını) almaq mənasını, qa kökü ikinci əfsanədə 4 qardaşdan birinin qu quşuna çevrilməsi inancını, şen kökü də börüdən (şena) törəmə təsəvvürünü Qutqaşendə cəmləşdirərək birləşdirib. Eyni cəhətdən də Vartaşen toponimində də Var-bar (börü), ta dağ kultu, şen-yenə də börüdən (şena) törəmə mənaları birləşib”.
Hörmətli oxucu, oxuyub gördüyünüz kimi, araşdırmaçılar “Vartaşen” toponimi barədə xeyli versiya irəli sürsələr də, çoxlu mülahizə və ehtimallar söyləsələr də, bu barədə hələlik konkret yekdil fikir yoxdur. Bu isə adı çəkilən toponimin daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(10.06.2025)