BİRİ İKİSİNDƏ – İlkin Əhmədoğlunun debütü Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün debütdür, sizlərə İlkin Əhmədoğlunun şeirləri təqdim edilir.

  

ŞƏKLİNİ ÇƏKMİŞƏM

 

Dənizdə çəkmişəm şəklini.

Çəkmişəm dupduru

dənizin ləpələrinə...

Ətrini səpmişəm

Bakının bəyaz gecələrinə.

Gözlərinin rəngini

Xəzərdə axtarmışam.

Ürəyimdə sevda çiçəyi,

Aydan, gündən nur alıb.

Palitra yaratmışam

Ürəyimin içi boyda.

Şəklini çəkmişəm

Bu dənizin özü boyda...

 

 

MƏN SUSDUM

 

Mən susdum,

susmaz ürək.

Qasırğa sovurar, inləyər ruzigar,

içimdə bir hiss, bir şeir qaynar

                              bu gecə...

Kimsə bilməz, kimsə

               duymaz, susaram.

Susar mənimlə həsrət,

Susar mənimlə səbir.

susar həyat, susar zaman...

Acılarım dinər, danışar,

                          kimsə duymaz.

Dörd divardan başqa...

 

 

QARAYLA AĞ ARASINDA QALMIŞAM

 

Bir təpədən boylanıram dörd yana,

Aranla dağ arasında qalmışam.

Keçidlərim dumanlandı gözümdə,

Bağçayla bağ arasında qalmışam.

 

Arzularım saçlarını yolubdu,

Tale yolum o tay, bu tay olubdu,

Ümidlərim Araz-Araz solubdu,

Sol ilə sağ arasında qalmışam.

 

Açılmayır fikirlərdən gül üzüm,

Qərarsızdı aylı gecəm, gündüzüm,

Hərdən məni zilə çəkir öz sözüm,

Qarayla ağ arasında qalmışam.

 

 

SƏNİ GÖZLƏRİMƏ ÇƏKDİM

 

Mən səni gözlərimə çəkdim,

Xəbərin olsun.

Gəl, artıq qalma uzaqlarda...

Tut əllərimi,

Dözmürəm yoxluğuna.

Rəsmini ürəyimə çəkdim,

Gəl sən də çək məni

Gözlərinə, ürəyinə....

Səni yağışlara, buludlara –

Lap uzaqlara çəkdim...

Səni kitablara,

divarlara çəkdim.

Gəl sən də məni

həsrətinə çək..

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.