ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Onun sadəliyi və səmimiliyi diqqətimi çəkdi. Suallarımı əhatəli, ətraflı cavablandırmaqla özünün istedadlı aktyor olmasını bir daha təsdiqlədi. 

Onu da deyim ki, haqqında söz açdığım Əməkdar artist, "Tərəqqi" medallı aktyor Rauf Ağakişiyev bir çox mükafata layiq görülübdür. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla səhnə fəaliyyətinə görə ona Prezident təqaüdü verilibdir.

 

Söhbət əsnasında öyrəndim ki, Rauf 1972-ci il martın 26-da Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinə qəbul edilib və 1997-ci ildə ali təhsilini başa vuraraq, təyinatını H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına alıb. 1988-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni fəaliyyətə başlayan Əziz Əliyev adına Azərbaycan Dövlət Dram Teatrına göndərilib. Həmin teatrın ilk pərdəsinin açılışında Vaqif  Əsədovun quruluşunda Hidayət Orucovun "Məhəbbət yaşayır hələ" əsərində Zəfər obrazını oynayıb. İki ildən sonra doğma Sumqayıt teatrına qayıdıb.

İndiyədək yüzə yaxın obrazı səhnədə canlandıran aktyor G.Xuqayevin "Varlı ev"ində Yari, "Ailə"sində Kavril, M.İbrahmovun "Yaxşı adam" əsərində Azər, F.Kərimzadənin "Şah İsmayıl" tamaşasında Sərkərdə, Ə.Haqverdiyevin “Xacəşah” pyesində Cəfərquluxan, C.Cabbarlının "Almaz"ında Əhməd, N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük"də Qıdı kirvə, A.Məmmədovun "Həmyerlilər" tamaşasında Sığortaçı, İ.Məlikzadənin "Gəl, qohum olaq"da Ədalət, Ə.Əmirlinin "Varlı qadın"da Əlvan, Abdulla Şaiqin "Qaraca qız"da Bəy, A.Babayevin "Xilaskar "əsərində Ədalət, Əvəz Mahmud Lələdağın "Qorxaq" tamaşasında Mahir, "Dağlarda tufan"ında Kazım bəy, Teymur bəy, "Tələ"sində Səfərxan, F.Süleymanovun "Qisas"ında Saleh bəy, Əyyub Qiyasın "Qarışqa yuvası"nda İlqar, "Cəhənnəm ekspresi"ndə Zabit, F.Həsənzadənin "Anası öpməyən qız"da Məhəmməd, H.Ataxanlının "Missiya"sında Milli Qəhrəman Eyvazov, "Xəzinə"sində Nizami və bir çox rolları ilə tamaşaçı qəlbinə yol tapıb. 

Kinofilmlərə və teleseriallara da dəvət alan aktyor maraqlı obrazlar canlandırır. Belə ki, Vahid Mustafayevin "Seçilən" filmində, həmçinin Ramiz Fətəliyevin "Həqiqət anları", rejissor Emil Babayevin "Cinayət və cəsa" sənədli filmində yaxından iştirak edib. Eyni zamanda, istedadlı aktyor və rejissor Şahmar Qəriblinin Lider televiziyasında yayımlanmış "Özümüz bilərik" tele-layihəsində rol alaraq tamaşaçı rəğbəti qazanıb. "Hörümçək toru", "Uçurum", "İmtahan", "Həyat varsa", "İfşa - Çətin hədəf" və digər tele-seriallarda, Xoşbəxt Yusifzadə, Polad Həşimov haqqında və şəhid həkimlərimizə həsr olunan "Şəfadan şəhadətə" və s. filmlərdə aparıcı rollara çəkilib.

O, Sumqayıtın ictimai-siyasi həyatında da fəallıq göstərir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Yeni Azərbaycan Partiyasının üzvüdür. Qayğıkeş atadır, bir oğlu, bir qızı var. 

Bəs Rauf Ağakişiyevi teatr sahəsinə bağlayan səbəb nə olub? Sualımıza cavab olaraq o, tanınmış rejissor, dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun adını çəkdi, yaradıcılığında onun əhəmiyyətli rol oynadığını xüsusilə vurğuladı. Dedi:

-Hələ orta məktəbdə oxuyarkən Ağalar İdrisoğlunun rəhbərliyi ilə "Sehirli yaylıq" tamaşasına baxmışam və sonra onun dəvətilə "28 May" klubunda yerləşən tənqid-təbliğ teatrının üzvü olmuşam. O zamandan teatr sənətinin incəliklərinə yiyələnmişəm. Əsl sənət müəllimim isə Nəsir Sadıqzadə olub. Həsənağa Turabovdan da dərs almışam.

Yaradıcılığının məhsuldar dövrünü yaşayan Rauf Ağakişiyev respublikamızda peşəkar aktyor kimi tanınır və dəyərləndirilir.

Həmsöhbətim Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun mədəniyyətimizə göstərdiyi diqqət və qayğısından da danışdı. Dedi:

-Zakir müəllimin cəfakeş ziyalı kimi teatrla maraqlanması, aktyorların sosial-məişət problemlərini həll etməsi, onlara hərtərəfli dəstəyi kollektivin ürəyindən xəbər verir.

Sevimli aktyorumuza yeni-yeni nailiyyətlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bir neçə gündən sonra Beynəlxalq Qadınlar Günüdür. Qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

Türkiyəli yazar Gökalp qeyd edirdi ki, "Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və sayğı göstərməmişdir.

 

Türklərdə qadınlara kişilərin yeganə yoldaşı və uşaqlarının anası olmaq kimi mühüm vəzifə qoyulmuşdur. Daha da önəmlisi odur ki, o, Türk Millətinin tək bərəkət qaynağıdır. Hamının baş əydiyi şərəf abidəsidir:

 

1.) Türklərin ən qədim dastanlarından olan Yaradılış dastanında Yaradana ilham verən qadın “Ağ Ana”dır.

         2.)Bilgə xaqan kitabəsində xaqan xitabını  “Sən, mənim Katun Anam, mənim böyük analarım, xalalarım, şahzadələrim...” sözləri ilə başlayır.

3.) Qədim türk inancına görə “Xan və Xatun” yerin və göyün övladlarıdır. Qadının yeri göyün yeddinci qatındadır.

4.) Türk sivilizasiyasında epik qəhrəmanlar döyüşməyi bacaran, qılıncdan istifadə etməyi yaxşı bilən, əcdadlarının qayğısına qalmağı bacaran qadınlarla evlənmək istəyirlər. 

5.) Qədim türk atalar sözlərinin birində deyirlir: "Birinci sərvət sağlamlıqdır, ikinci sərvət yaxşı qadındır."

6.) Müharibə vaxtı qadınların düşmən əlinə keçməsi böyük ayıb sayılırdı.

7.) Bir qadın yanlış yola getdikdə belə qadını cəzalandırır, onu o yola təhrik edən kişini isə öldürürdülər. Çünki namus sadəcə qadına yüklənmiş məfhum deyildi.

 8.) Başqa bir nəcib səyyah İbn Bəttuta deyir: “Burada mən qərbdə bir vəziyyətin şahidi oldum ki, bu da türklərin öz qadınlarına göstərdiyi hörmət idi. “Burada qadının dəyəri və rütbəsi kişilərdən yüksəkdir”.

 9.) Qədim türklərdə qadın kişinin nə önündə gedirdi, nə də arxasında. Tam yanında həyatda çiyin-çiyinə addım atırdılar.

10.) Altay dağlarının ən uca zirvəsinə “Kadınbaşı” adı verilməklə qadının böyüklüyü yaşadılmışdır.

11.) Bir qadın zorla ərə verilməzdi. Qadından 3 dəfə fikri alınar, sonda rədd edərdisə, ona basqı etmək təcavüz sayılırdı.

12.) Əgər xanın əmrləri yalnız “Xan əmr edir” ifadəsi ilə başlayırdısa, onlar etibarlı sayılmırdı. Orada mütləq “Xan və Xatun əmr edir” yazılmalı idi.

13.) Xanım xarici dövlətlərdən səfirləri qəbul edərkən xanı müşayiət edərdi. Mərasimlərdə və ziyafətlərdə qadınlar xanın solunda oturub siyasi və inzibati vəzifələr haqqında öz fikirlərini bildirirdilər. Məsələn, Böyük Hun imperiyası adından Çinlə ilk sülh müqaviləsini Tanrıkut Mete xanın Katun imzaladı.

Bütün türk qadınları kimi tarixin bütün dövrlərində Azərbaycan qadını da Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

                                                             

 

 

Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sizə “Dünya memarlıq şedevrlərindən” rubrikasında təqdim etdiyim unikal bina İspaniyanın Kataloniya əyalətində, Barselona şəhərində yerləşir. Kasa Battlo (Casa-Batllo) evinin bir adı da Sümüklər evidir. 

 

Ünvan belədir: Eşample rayonu, Paseo-de-Qrasiya küçəsi, 43. 

Əlbəttə ki, bu gözəlliyi görmək xoşbəxtliyi mənə nəsib olmayıb, amma Barselonaya yerli “Barselona” klubunun Madrid “Real”ı ilə derbisinə getmiş dostum Rövşən Məmmədov mənə ağızdolusu o gözəlliyi vəsf edib. 

Bu ecazkar binanın memarı dünyaşöhrətli memar Antonio Qaudidir. Bina 1877-ci ildə tikilməyə başlanıb, on illər ərzində tikilib, açılışı 1912-ci ildə olub. 

Bina Modernizm və eklektika üslularında inşa olunub. Sahibi toxuculuq maqnatı Jozep Balyo-Kasanovasadır. Hazırda onun nəticə-kötücələrinə məxsusdur bina. 

Hündürlüyü 32 metrdir.

Gözəllikdən zövq alın, gözləriniz gözəlliklərə alışsa həyat sizinçün daha gözəl olar.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Sərgidə Azərbaycanın da turizm imkanları nümayiş olunur

 

Martın 4-də Berlində Beynəlxalq turizm sərgi və konqresi (ITB Berlin 2025) işə başlayıb.

 

AzərTAC xəbər verir ki, martın 6-dək davam edəcək sərgiyə 190 ölkədən 100 minədək nümayəndə və 5600 şirkət qatılıb.

 

“ITB Berlin”də Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə təqdim edilir.

 

Stenddə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə, 12 sənaye tərəfdaşı təmsil edir.

 

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, şərabçılıq məhsulları və digər turizm imkanları barədə ətraflı məlumat verilir. Həmçinin digər ölkələri təmsil edən turizm sənayesinin nümayəndələri ilə görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, bir sıra xarici şirkətlərin rəhbər və nümayəndələri də milli stendimizi ziyarət ediblər.

 

Qeyd edək ki, turizm sahəsində ən son innovasiyaları təqdim edən sərgidə rəqəmsal texnologiyalar, ekoturizm, süni intellekt və səyahət planlaşdırılmasına dair innovativ həllər nümayiş olunur. Qlobal turizm bazarına böyük iqtisadi töhfə verən “ITB Berlin”də müxtəlif ölkələr və şirkətlər arasında milyonlarla avro dəyərində müqavilələr imzalanır, yeni investisiya imkanları yaranır. Builki sərginin rəsmi qonağı Albaniyadır.

 

Bu sərgi ilə yanaşı, turizm üzrə dünyanın aparıcı ekspertlərinin çıxış etdikləri “ITB Berlin” Konqresi ilə də məşhurdur. Sərgi çərçivəsində keçiriləcək konqresdə iştirak üçün 24 min nəfər qeydiyyatdan keçib. “ITB Berlin” Konqresində turizm sahəsində tanınmış 400-dən çox ekspert davamlılıq və texnologiya kimi mühüm mövzularda çıxışlar edəcək. Konqresdə, həmçinin turizm sənayesində son trendlər və çağırışlar, turizm texnologiyaları, davamlı turizm, innovasiyalar və qlobal bazar tendensiyaları müzakirə olunacaq, dayanıqlı biznes modelləri təqdim olunur.

 

Qlobal turizm sənayesinin ən mühüm tədbirlərindən olan “ITB Berlin” ilk dəfə 1966-cı ildə keçirilib. Həmin vaxt sərgidə 9 ölkədən 250-dək iştirakçı qatılıb. İllər keçdikcə sərginin miqyası və əhəmiyyəti sürətlə artıb. Dünyanın ən böyük turizm platforması olan “ITB Berlin”də iştirakçılar yeni turizm trendlərini öyrənir, biznes əlaqələri qurur və müxtəlif regionların turizm potensialı ilə tanış olurlar. Sərgi, həmçinin turizm tendensiyalarını müəyyənləşdirir, innovasiyaları dəstəkləyir və turizm sahəsində əməkdaşlığı gücləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir. 

“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə martın 4-də “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar İmanovun iştirakı ilə həmin muzeydə təşkil olunub. 

Seminarın açılışında MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçiriləcəyindən danışıb. 

Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın jurnalistika sahəsinə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının öyrədici-maarifləndirici xüsusiyyətləri və gənc nəslin əsl peşəkar kimi formalaşmasından, eləcə də sahənin müasir inkişaf istiqamətlərindən söhbət açıb. 

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Vüqar İmanov Mədəniyyət Nazirliyi tərəfindən Fəxri diplomla təltif olunub.

Tədbir zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışova tərəfindən musiqi əsərləri səslənib. 

Rəfiqə Nəsirovanın moderatorluğu ilə baş tutan seminar fikir mübadiləsi formatında keçirilib və Vüqar İmanov auditoriyanı maraqlandıran sualları cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü

Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Orxan Qəhrəmanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

ORXAN SƏLVƏR OĞLU QƏHRƏMANOV

(28.03.1991.-23.10.2020.)

 

Bakı şəhərinin Qaraçuxur qəsəbəsində anadan olmuş Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

BU YURDUN BALASI

 

Baharda doğulmuşdu, necə xoş soraq idi,

Hamı onu sevirdi, zirəkdi, qoçaq idi.

Böyüdü halallıqla, eldə üzü ağ idi,

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

Qarabağsız yurd olmaz, insan  olar qara baxt,

Anlayırdı,  işğalda qala bilməz Qarabağ,

Ürəkdən inanırdı gələcəkdi həmin vaxt,

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

Əmisi şəhid idi, dözəmmirdi bu dərdə,

İntiqamı yağıdan almaq  bir borcdur mərdə,

Özünü ləyaqətlə aparırdı hər yerdə,

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

O, hərbi xidmətini çoxdan vursa da başa,

Zaman gəldi,  könüllü yola düşdü – savaşa,

Dedi, qurbanam sənə, dedi - vətənim, yaşa

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

Topçu oldu, düşmənə, necə də uddurdu qan,

Azad oldu Cəbrayıl, azad oldu Zəngilan.

Hər döyüşdə deyirdi; - Yaşa, can Azərbaycan!

Fəxr edirdi bu yurdun, bu elin balasıdır.

 

Qubadlı döyüşündə  göstərdi  o, rəşadət,

Soy-kökündən gəlirdi  bu hünər, bu mətanət.

Şəhadətə qovuşdu  göstərərək şücaət,

Fəxr edirdi bu yurdun, bu elin balasıdır.

 

Orxan Qəhrəmanovla fəxr edirik  hamımız,

Onu unutmayacaq  millətimiz, xalqımız,

Zəfər qazanmışıq biz, sönməz zəfər şamımız,

Orxanlardır bu elin  sevimli balaları,

Orxanlardır bu yurdun, yenilməz qalaları!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Bir neçə gün əvvəl 33-cü ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı Ukraynanın bir sıra şəhərlərində anım tədbirləri ilə xatırlanıb.

 

Krivoy Roq şəhərində Azərbaycan diasporunun fəalları həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarına ehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və gül dəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verilib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xarkov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Albaniya Respublikasının Xarkovdakı fəxri konsulu Şahin Ömərov, Xarkov Vilayət Dövlət Administrasiyasının investisiya və xarici iqtisadi fəaliyyət idarəsinin xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin müdiri İnessa Qluşenko, Xarkov vilayətinin “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın xalq rəssamı Katib Məmmədov, elmi institutların nümayəndələri, yaradıcı və təhsil ictimaiyyətinin üzvləri, eləcə də Xarkov sakinləri iştirak ediblər. Çıxışçılar erməni separatçılarının Xocalıda törətdikləri cinayətlərin amansızlığının, bu faciənin nəticələri və günahsız insanların qətlə yetirilməsinin dünya tərəfindən soyqırım aktı kimi tanınmasının vacibliyini vurğulayıblar. Daha sonra Xocalı soyqırımını haqqında sənədli film göstərilib. Sonda tədbir iştirakçıları Xarkov İnformasiya-Sərgi Mərkəzinin “Buzok” qalereyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan fotosərgisiyə baxıblar.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Düzünə qalsa, onunla nə dostluğum, nə də yoldaşlığım olub, amma arada Əli Kərim adına Poeziya klubuna yolum düşəndə, rastlaşıb söhbətləşərdik. 

 

Çox çılğın və emosional adam idi. Bir anda coşa, bir dəqiqə sonra sakitləşə bilirdi. Güclü yaddaşı vardı. Demək olar ki, bütün klassiklərin, eləcə də zəmanə şairlərinin poeziya nümunələrini əzbərdən söyləməyi bacarırdı. O vaxt yüksək postda çalışan qohumunun vasitəsi ilə AYB-nin Sumqayıt bölməsini yaratmışdı və bölməyə özü rəhbərlik edirdi. Münasibətinin kimlərlə necə olduğunu deyə bilmərəm, amma onun vəzifəsinə göz dikənlərin də olduğundan məlumatlıydım. Hətta AYB-nin sədri xalq yazıçısı Anara, eləcə də müxtəlif distansiyalara yazılı, şifahi müraciətlər edirdilər ki, onu tutduğu vəzifədən uzaqlaşdıra bilsinlər. O isə bu xəyanətlərə tab gətirirdi. Elə bil, hansısa sehirli qüvvə onu qoruyub saxlayırdı...

 

Haqqında söhbət açdığım şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdu. Əsl anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanımın himayəsində böyüyüb, təlim-tərbiyə almışdı. 1971-ci ildə Sarvan  kəndində səkkizillik məktəbi, 1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə o vaxtkı M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakultəsini bitirmişdi. Bir müddət N. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, sonra isə Bakı Tədris Teatrında aktyor işləmişdi. 1996-cı ilin dekabr ayından AYB-nin Sumqayıt bölməsinin sədri vəzifəsində çalışırdı. 

 

2017-ci ilin mart ayında xəstəlikdən vəfat edib...

Uzun illər evli olsa da övladı yox idi. Amma uşaqları çox sevirdi... 

Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə, həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: “Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq, amma bir arzum var, keşkə Qarabağı azad görüb öləydim.” Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?- deyə soruşduqda isə, Sabir Sarvanın cavabı qısa və sərt olub: “Mən Azərbaycanlıyam. Bunu istəmək üçün Qarabağlımı olmalıydım?!.

Xarizmatik xüsusiyyətlərilə çoxlarından seçilirdi. Mərdanə davranışı, ağayanə xarakteri vardı. Sözü üzə deməyi bacarırdı. Yaxşı təşkilatçı, bacarıqlı inzibatçıydi. Şəhər rəhbərliyi ilə münasibəti çox yaxşıydı. Bütün bunlarla yanaşı, Sabir Sarvan necə deyərlər, təpədən dırnağa şair idi. Şəxsiyyətilə yaradıcılığı üst-üstə düşən şair...

Deyirdi ki,- “Ədəbiyyat ilk növbədə səmimiyyətdən başlayir. Səmimiyyət olmayan yerdə insanlıq və deməli sənət də yoxdur. Mənim müşahidələrimə görə paytaxt ədəbi mühitində səmimiyyət itib, Sumqayıt ədəbi mühitində isə ayrı-ayrı qələm sahiblərinin sayəsində hələ ki, bir duruluq var və buna görə də, bu fikirlə razıyam ki, Sumqayıt ədəbi mühiti daha fəal, daha güclüdür. Paytaxt ədəbi mühitinin nümayəndələrinin Sumqayıtda görüşlər keçirmək istəyi də elə bununla bağlıdır. Amma təəssüf ki, səmimiyyətdən kənar, bir-birini oxumadan belə, bir-birini tərifləmək bizim ədəbi mühitə də ayaq açır. Ümumilikdə isə, bizim ədəbi mühitdə elə imzalar var ki, təbliğatı “tanrının yanına” qaldırılan paytaxt yazıçısından, yaxud şairindən qat-qat üstündür. Sadəcə, reklamı yoxdur. Günahı da budur ki, əyalətdə yaşayır.”

Vəfatından az öncə, 2017-ci ildə AYB-nin "Natavan" adına klubunda 60 illik yubileyi geniş şəkildə qeyd edilib. Vəsiyyətinə əsasən, doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində dəfn olunub. 

Sağlığında hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onların dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi...

Sabir Sarvanın Miri deyə müraciət etdiyimiz bir həmkəndlisi və sinif yoldaşı ilə mehriban münasibətim var. Hər dəfə Sabir Sarvandan söz düşəndə, söhbətə atası Soltan müəllimdən başlayıb deyir ki,- “Soltan müəllim çox ciddi və zabitəli kişi idi. Onun zabitəsindən hamımız çəkinirdik. Bu gün nail olduğumuz ali təhsilə, mədəni davranışa görə, məhz ona minnətdarıq. Elə bir kişinin oğlu pis adam ola bilməzdi. Şairin ölümü hamımızın sinəsinə dağ çəkib...”

Söhbətimin sonunda, bir daha vurğulamaq istəyirəm ki, bəli, Sabir Sarvan mərdanə kişilərdən idi. Bunu sağlığında ondan qalaq-qalaq şikayətlər yazıb yuxarılara göndərən qələm yoldaşları da, sonradan başa düşdülər və haqqında ürək dolusu danışmağa başladılar...

Bu gün onun yaratdığı bölmədən necə deyərlər, evinə əməkhaqqı aparan bir neçə adam var. Onlardan biri də Sabir Sarvanın vəzifəsini daşıyan Gülnarə Cəmaləddindir. Sağ olsun, Sabir bəyin açdığı cığırı daha da genişləndirərək, AYB-nin Sumqayıt bölməsinin köhnə nüfuzunu qoruyub saxlaya bilir...

Yaşasaydı, bu gün - martın 5-də şairin 69 yaşı tamam olacaqdı... 

Ruhu şad olsun!..

 

“Ədəbiyyqt və incəsənət”

(05.03.2025)

Türkiyənin paytaxtı Ankarada, eləcə də Antalya və Kayseri şəhərlərində bir neçə gün ərzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının və hər iki ölkənin azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Tədbirlər beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırışla yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ankaradakı “Bir millətin ürəyindəki alov: Xocalının dinməyən ağrısı” adlı anım tədbiri Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Türkiyə Siyasi və Strateji Araşdırmalar Fondunun (TÜRPAV), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin, Türk Dünyası Mədəniyyət Mərkəzi və Ankara – Bakı Tanıtım və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri Eldar Əliyev, Ankara Böyükşəhər Bələdiyyəsinin sədr müavini Faruk Köylüoğlu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və siyasi partiyaların təmsilçiləri çıxışlarında Xocalı soyqırımının bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi olduğunu vurğulayaraq, Xocalını təkcə Azərbaycanın deyil, türk dünyasının ortaq acısı kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının zəruriliyini qeyd ediblər. Tədbir çərçivəsində Türkiyənin bir sıra aparıcı universitetlərinin iştirakı ilə panel müzakirələr keçirilib. Sonda tədbir iştirakçıları Xalq artisti Əlixan Səmədovun ifasını dinləyiblər.

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Türk Ocaqlarının Antalya təşkilatının və Türk Dünyası Topluluğunun birgə təşkilatçılığı ilə Akdeniz Universitetində keçirilən tədbirdə Kərkük, Qazaxıstan və Qırğızıstanın müxtəlif bölgələrindən olan dərnək üzvləri, eyni zamanda İraq Türkmən Birliyi və Həmrəylik Cəmiyyəti sədri Kürşad Çavuşoğlu, Akdeniz Universitetində təhsil alan Cənubi Azərbaycanlı soydaşlarımız iştirak edib. Əvvəlcə iştirakçılar universitetin foyesində Xocalı soyqırımını özündə əks etdirən fotosərgi ilə tanış olublar. Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Türk Ocaqlarının Antalya təşkilatının sədri Abdullah Uysal Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulayıb və bu faciənin unudulmamasının, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının zəruriliyini qeyd ediblər. Məruzəçi, professor Toğrul İsmayıl Xocalı soyqırımının tarixi, beynəlxalq hüquq baxımından təhlili və türk dünyası üçün əhəmiyyəti haqqında geniş təqdimat edib. Təqdimatın ardından iştirakçılar, məruzəçiyə mövzu ilə bağlı suallar verərək daha ətraflı məlumat əldə ediblər.

Kayseri şəhərinin Talas rayonundakı Şuşa Azərbaycan Evində də Xocalı qurbanları yad edilib. Anım tədbirində Kayseri valisinin müavini Adnan Türkdamar, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın, Melikqazi Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu, Kayseri Polis İdarəsinin rəisi Atanur Aydın, Kayseri Universitetinin rektoru Prof. Dr. Kurtulmuş Karamustafa, Kayseri Mədəniyyət və Turizm İdarəsinin müdiri Dos. Dr. Şükrü Dursun, SOCAR-ın Kayseri nümayəndəsi Sinan Temur, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri təşkilatının rəhbərləri, QHT və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə soyqırımının tarixi aspektlərinə toxunulub, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının vacibliyi diqqətə çatdırılıb. Sonra tədbir iştirakçıları Azərbaycan Qardaşlıq Parkında ucaldılmış Xocalı abidəsinin önünə gül dəstələri düzüblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

İsraildə fəaliyyət göstərən “Israel National News Arutz Sheva” xəbər saytında Xocalı soyqırımı ilə bağlı  “Paylaşılan ağrı. Yəhudi icmaları soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlı məqalə işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə İsraildə və dünyanın müxtəlif yerlərində yaşayan minlərlə  Azərbaycan əsilli yəhudi icmasının 33 il əvvəl Xocalıda baş verən qətliamı qurbanlarını yad etdiyi  bildirilir. Qeyd olunur ki, yəhudi icmaları Xocalıda  həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq şamları yandırır, dualar oxuyur və mərasimlər keçirirlər.

Bakıdakı Səfərad icmasının ravvini Zamir İsayev İsraildə 7 oktyabr 2023-cü ildə baş vermiş qətliam zamanı azərbaycanlıların İsrailə böyük dəstək olduğunu vurğulayıb. Ravvin  rəhbərlik etdiyi yəhudi məktəbində Xocalı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirildiyini də diqqətə çatdırıb.

Məqalədə xüsusi olaraq qeyd olunur ki, Azərbaycanda İsrail dövlətinə və yəhudilərə münasibətdə həmrəylik nümayiş etdirilir. 

İsraildə Xocalı faciəsinin anım mərasimini təşkil edən “Azİz” İsrail - Azərbaycan Xalqlararası Əlaqə” Assosiyasiyasının prezidenti Adam Amilov “Azərbaycan və İsrailin ortaq ağrıları iki xalq arasında ümid və birlik körpüsünə çevrilmiş və beynəlxalq arenada diplomatik əlaqələri və qarşılıqlı dəstəyi gücləndirmişdir” kimi fikirləri də yer alıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.israelnationalnews.com/news/404585

 

"Ədəbiyyat və incəsənət"

(05.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.