İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir aktrisa neçə ampluada rol oynaya bilər? Adətən burada yekcinslik müşahidə olunur. Ya dramatik rollar oynayarsan, ya komedik. İstisna hallar da olur. Bu istisna hal elə Azərbaycan kino və teatr aktrisası Hökümə Qurbanovanın repertuarıdır.
Bu gün bu görkəmli incəsənət xadimini xatırlamağınız heç də əbəs deyil. Bu gün onun doğum günüdür.
Hökümə Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib.
Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizodik rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb.
Romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır o.
Hökumə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri romantik faciə rolları bölümünə aiddir.
Psixoloji-dramatik rolları da az deyil. Bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Vilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib.
Tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar.
Və o, hətta yumorlu dramatik rollar da oynayıb, özü dı bu bölüm kifayət qədər zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb.
Filmoqrafiya
1. Almaz
2. Aygün
3. Bir ailə
4. Bizim küçə
5. Bizim qəribə taleyimiz
6. Böyük dayaq
7. Cavidi xatırlarkən
8. Əhməd haradadır?
9. Əmək və qızılgül
10. Həyat öyrədir
Hökümə Qurbanova 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq artisti, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.
1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.06.2025)