
Super User
Məsum Nurcahandan Məğrur Zərnisəyədək
Fariz Əhmədov, “Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi
Bu gün Azərbaycan səhnəsinin və kino sənətinin sonuncu böyük səslərindən biri, korifey sənətkarlar pleyadasının axırıncı mogikanı, xalqımızın qüruru, Xalq artisti Amaliya Pənahovanın doğumundan 80 il ötür.
Əgər sağ olsaydı, bu gün 80 illik ömrünün işıqlı mərhələsinə qədəm qoyacaqdı. 1964-cü ildə 19 yaşında ikən, o, səhnəyə yeni nəfəs, fərqli baxış, qadın ruhunun dərinliklərini gətirdi. İlyas Əfəndiyevin “Mənim günahım” əsərində Nurcahan obrazı ilə stereotipləri darmadağın etdi. Tamaşaçı ilk dəfə səhnədə qadının daxili dünyasını bütün çılpaqlığı ilə gördü. O dövr üçün səhnədə psixoloji qatlara enməyi Amaliya xanım təkbaşına bacardı.
Azərbaycan səhnəsinin bəzəyi olan Nargilə, Pəri, Firəngiz, Xumar, Zərifə, Təhminə, Natəvan, Nərmin, Şahnaz, Kəmalə, Mahnur, Aynur, Sürəyya, Mədinə, Luiza, Medeya, Nigar… Bu adların hər biri əslində bir ruh, bir qadın, bir ömür demək idi. Onun yaratdığı obrazlar sadəcə rollar deyildi xalqın yaddaşına hopmuş düşünən gözlər, danışan baxışlar idi.
Televiziya tamaşalarında da o, öz teatr enerjisini kameraya ötürə bilirdi. “Qırmızı yaylıqlı qovağım mənim”, “Bayramın son gecəsi”, “Beş manatlıq lüstr”, “Duel”, “Mədinənin ürəyi” kimi əsərlərdə Amaliya xanım yenə də qadının psixoloji qatlarını ustalıqla açırdı.
Kino isə onun üçün ayrı bir dünyaydı. “Əhməd haradadır?” filmindəki Məsmə obrazı ilə başlayan kino yolu “Babək” filmindəki Zərnisə ilə zirvəyə çatdı. Zərnisə sadəcə ağıllı bir qadın deyildi, ana idi, şəxsiyyət idi, məğrur və sevən bir qadın idi. “Arxadan vurulan zərbə” filmindəki Ziba isə bir dialoqla xalqın yaddaşına həkk olundu: “Ə, bu nə maşındır gətirmisən, başqa maşın tapılmadı mənə?” Bu sualda bir qadının həyatdan gileyini, həm də yumorla iç dünyasını açmaq bacarığı vardı.Bu isə yalnız Amaliya xanıma məxsus idi.
“Nəfəs” filmində canlandırdığı Ağabəyim obrazı da təsadüfi deyildi. Amaliya xanımın gənc rejissorlara verdiyi dəstəyin, yaradıcılıq yolunda dayanmadan yeni nəfəs axtarışlarının göstəricisi idi.
“Ədəbiyyat və incəsənət”
(15.06.2025)
"Lənkəran teatrı" kitabı təqdim olundu
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Lənkəran Dövlət Dram Teatrında sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin Lənkəran Teatrının tarixindən və bu günündən yazdığı "Lənkəran teatrı" adlı kitabının təqdimatı keçirildi.
Təqdimatda kitabın müəllifi və Bakıdan gələn sənət adamları, Teatrın kollektivi, yazıçı və şairlər, ziyalılar iştirak etdilər.
Kitab haqqında Teatrın direktoru Laləzar Hüseynova geniş məlumat verdi. Çıxış edən Lənkəran ŞİHB-nın müavini Ülviyyə Əliyeva, AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli, tanınmış rejissor Bəhram Osmanov, xalq artisti Qabil Quliyev, aktyorlar Sücəddin Mirzəyev, Allahverən Babayev, Şahrud Mehdiyeva Lənkəran teatrı barədə yazılmış bu kitabın tarixi əhəmiyyətindən söz açdılar.
Müəllif professor İlham Rəhimli çıxış edərək kitabın yazılması,sənədlərin toplanması və kitab üçün hazirlanması,kitabın nəşri ilə bağlı gördüyü işlərdən, qarşılaşdığı problemlərdən söz açdı.
Tədbir çoxsaylı maraqlı məqamları ilə yaddaşlara yazıldı...
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Sözün Arifi 101 yaşında
Fariz Əhmədov, “Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi
XX əsr Azərbaycan poeziyasının nadir simalarından biri Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arif, bədii təfəkkürümüzdə silinməz izlər qoymuş söz ustadıdır. Onun poeziyası torpağın nəfəsini, dağın sükutunu, ananın laylasını, övlad məhəbbətini özündə ehtiva edən zəngin bir aləmdir. Hüseyn Arifin şeirlərində həyat danışır, torpaq danışır, insan danışır, özü də şirin, doğma, təbii və axıcı dildə.
Söz arifinin poetik dünyası həm geniş mövzu əhatəsi, həm də dərin mənalarla zəngindir. Onun misraları zamanın sınağından keçərək bu gün də mənəvi gücünü qoruyub saxlayır, oxucunun qəlbinə yol tapır. Elə buna görə də onun şeirləri tez-tez nəğməyə çevrilib, dillərdə əzbər olub. Arifin qələmi ilə vətən sevgisi, təbiətə vurğunluq, ana məhəbbəti bənzərsiz ifadə tapıb.
1924-cü ilin 15 iyununda Qazax mahalının Yenigün kəndində dünyaya göz açan Hüseyn Hüseynzadə, ədəbiyyata İkinci Dünya müharibəsi illərində qədəm qoyub. Onun librettosu əsasında yazılmış “Azad” operası 1957-ci ildə səhnələşdirilmiş, “Yolda” poemasından yazılan pyes isə 1974-cü ildə Gənc Tamaşaçılar Teatrının səhnəsində canlandırılıb. 1971-ci ildə qələmə aldığı “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb.
Hüseyn Arifin poeziyası təkcə ölkəmizdə deyil, keçmiş SSRİ və bir sıra xarici ölkələrdə də sevgi ilə qarşılanıb. Şeirlərinə musiqilər bəstələnib, bir çox şeiri nəğməyə çevrilib. Hüseyn Arif “Azərnəşr”də böyük redaktor, “Gənclik” nəşriyyatında redaksiya müdiri, Azərbaycanın Aşıqlar Birliyində isə sədr kimi fəaliyyət göstərib.
Şairin təbiətə bağlılığı, ana yurdun hər qarışına sevgisi onun poeziyasının əsas qayəsini təşkil edir. O, xalqın içində yoğrulduğu üçün xalq dilində danışırdı. Ən ciddi əsərlərinin arasında belə yumor və həyatsevərlik nəfəsi duyulurdu. Elə buna görə də, onunla bağlı olan baməzə əhvalatlar, lətifələr xalq yaddaşında yaşayır. Bu lətifələr onun şəxsiyyətinə xələl gətirməmiş, əksinə, onu insanlara daha doğma etmişdir.
1992-ci ilin sentyabrında dünyasını dəyişən Hüseyn Arif doğma kəndində, nakam oğlunun yanında əbədiyyətə qovuşub. Onun Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan və Ağstafada küçələrə, eləcə də Ağstafa Uşaq Musiqi Məktəbinə adı verilib. Onun haqqında “Mən Hüseyn Arifəm…” adlı sənədli film çəkilib, haqqında şeirlər yazılıb, əsərlərinə nəzirələr həsr olunub.
Hüseyn Arif poeziyası bu gün də məktəblərdə, auditoriyalarda, ürəklərdə yaşayır. O, sözün, ruhun, vətənin şairidir. Nə qədər ki, bu xalq yaşayır Hüseyn Arifin misraları da yaşayacaq, sevgi ilə oxunacaq və yeni nəsillərə təbliğ olunacaq.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Alqışa layiq biri – ROBİN ŞARMA
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda ən çox oxunan kouç Robin Şarmadır, gənclər onun təlimini su kimi içir, karyera yüksəlişində ondan bəhrələnirlər. Bu gün Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması Robin Şarmanın doğum günüdür.
O, 1965-ci ildə Yeni Şotlandiyada - Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir.
Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Ən sevdiyi kitab Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir. "Robin Şarma Uşaq Fondu" kasıb ailələrin uşaqlarına təhsil almaları üçün yardımlar edir.
Ən məşhur kitabları
- Superhəyat! 30 günlük həqiqi həyata səyahət
- Ferrarisini satmış rahib
- Sən öləndə kim ağlayacaq
- Titulsuz lider
- Gündəlik ilham
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Vokalçıları yetərincə tanıyırıqmı?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Elitar musiqi kölgədə qalmaqdadır, bu faktdır. Bu gün bu musiqinin bir təmsilçisi barədə söz açmaq istəyirəm. Söhbət Azərbaycan Respublikasının xalq artisti Qərinə Kərimovadan gedir.
Bu gün ömrünün 61-ci baharını qeyd edən Qənirə Kərfimova 16 iyun 1964-cü ildə Bakıda anadan olub.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini bitirib. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin qalibı və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli opera tamaşalarında aparıcı partiyaları ifa edir.
Son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil edib.
Prezident mükafatçısı Qərinə Kərimova Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
O vaxt türk sözü yasaq olunanda o, “türk” deyə hayqırırdı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlistlik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil.
Xalq yazıçısı Mirzə İbrahimov
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfiq Zəka Xəndanın doğum günüdür. Rəfiq Zəka Xəndanın həyatı və yaradıcılığı həm də Azərbaycan tarixinin səhifələridir, sovet rejimində o milliliyi qoruyub saxlamaqla, türk sözü yasaq olunanda “türk” deyə hayqırmzaqla o, silinməz bir iz qoyubdur.
Rəfiq Zəka Xəndan 1939-cu ilin 16 iyununda Bakıda dünyaya gəlib. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.
Keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olub. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırıb.
O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc edib. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxuyub.
Onun adı türk dünyasında tanınıb və sevilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib. Ötən əsrin 80–90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatı səhifələrində azərbaycanlı şair və yazıçıları haqqında maraqlı yazılar dərc etdirib. Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açılıb.
Həm də bir alim kimi diqqət mərkəzində olub. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilirdi. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.
Kitabları
1. Çağlayan (Kitabdakı şerlərin böyük qismi və "Səni düşünürəm" poeması çox sevdiyi şair Mikayıl Müşfiqə həsr olunmuşdur).
2. Şerlər
3. Səadət
4. Vətən kimlərindir
5. Meşədə
6. Altı gül
7. Nərmin
8. Vəsilə
9. Baharın heykəli
10. Könlümün yadigarı
11. Əbədi saniyə
12. Tanışlıq
13. Nur səhəri
Şair heca və əruz vəznlərində əsərlər yaratmışdır. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır.
Filmoqrafiya
1. Dəli Kür
2. Oxuyur Şövkət Ələkbərova
3. Axtaran tapar
21 mart 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Şair həmçinin 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub.
O, 7 yanvar 1999-cu ildə vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Bu gün saat 20-də, Heydər Əliyev Mərkəzinin parkında
Əziz bakılılar və şəhərin qonaqları.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 20.00-da konsert proqramı təqdim ediləcək.
Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirə giriş sərbəst olacaq.
Sevdiyiniz populyar ifaçılar bayram abu-havasına xüsusi rəng qatacaqlar.
“Ədəbiyyat və incəsənət”
(15.06.2025)
Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, partiya veteranları və ağsaqqallar iştirak ediblər.
Əvvəlcə iştirakçılar xalqımızın Ulu Öndəri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin zəngin həyat və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başcısı Cavid Əbdul-Qədirov Milli Qurtuluş Gününün tariximizə qızıl hərflərlə yazılan, ölkəmizi böyük perspektivlərə aparan inkişaf yolunun, uğur və qələbələrinin başlanğıc tarixi olan bir gün olduğu vurğulanıb. Qeyd edilib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxarıb. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.
Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə nüfuz sahibi olan qüdrətli dövlətə çevrilmiş, milli maraqlara əsaslanan siyasi xətt ardıcıl şəkildə həyata keçirilmiş, eyni zamanda, möhtəşəm tarixi Zəfərimiz əldə edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatınin sədri Saleh Məhərrəmov bildirdi ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil edərkən qənaətə gəlmək olur ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan dövləti müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədaxili xaos və anarxiya son həddə çatmış, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqiliyimizi, habelə Azərbaycanın varlığını təhlükəyə salmışdı.
Çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək qətiyyətli və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, vətəndaş müharibəsi təhlükəsi, ərazi baxımından parçalanma, xaos, anarxiya şəraiti dövlətimizi və xalqımızı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Böyük risklərə baxmayaraq xalqın qurtuluş missiyasını öz üzərinə götürdü, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi. Hakimiyyətə qayıdışı ilə o tariximizin yeni bir mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı.
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdilər. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Müzəffər Ali Baş Komandan, tarix yazan Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdılar. Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurlu nəticələri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bu kimi mühüm layihələr Azərbaycanı nəinki regionun, hətta dünyanın güclü və sayılan dövlətləri sırasına daxil edib. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni qazandırdı. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
“Ədəbiyyat və incəsənət”
(16.06.2025)
AzTV onun sayəsində öz köhnə hörmətini qaytarır...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Jurnalistika bütün peşələrdən yüksəkdə dayanır. Bilirsiniz niyə görə? Müəllim, həkim, mühəndis, şair, yazıçı, alim, eləcə də, hansı sahədə işləməsindən asılı olmayaraq hər kəs, lap elə evdar qadın da jurnalistə inanır. Onun verdiyi məlumatlara etibar edir. Əlbəttə ki, söhbət əsl jurnalistdən gedir- vicdanlı, qərəzsiz, necə deyərlər, faktı dədəsinə də satmayan qələm adamından...
Deyir ki:- “Jurnalistikanı istər aktiv yaradıcılıq növü kimi, istər ekstremal şəraitdə çalışmaq və nəyin bahasına olursa - olsun cəmiyyəti informasiya ilə təmin etmək baxımından daim maraq dairəsində, diqqət mərkəzində olduğu üçün sevmişəm. Jurnalistika həmçinin sağlam həyat tərzidir. Bu üzdən insanı şəxsiyyət kimi formalaşdıran, cəmiyyətin aktiv üzvü edən və milyonlara tanıdan jurnalistikanı sevməmək sadəcə mümkün deyil.”
Bəli, bu dəfə sizə peşəsi jurnalist olan, bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədovdan söhbət açmaq istəyirəm. Axı, iyunun 15-i – yəni sabah onun növbəti ad günüdür...
O, 1979-cu ilin iyun ayının 15-də Ağstafada anadan olub.Amma Sumqayıt şəhərində böyüyüb boya-başa çatıb. Orta təhsilini orada alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnib. AzTV-yə gələnədək “Lider”, “İctimai” televiziyalarda çalışıb. O, hətta pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Slavyan Universiteti, Bakı Avasiya Universiteti və Dövlət İdarəçilik Akademiyasında da müəllim işləyib. Bir neçə dərsliyin və “Azərbaycan diasporu və milli mətbuat”, “Avropada Azərbaycan diasporu” və “Lider jurnalist” kitablarının müəllifidir...
“Televiziyanın kandarından içəri keçən və bu sahədə çalışmaq arzusu ilə alışıb yanan hər bir tələbə üçün televiziyanın necə də böyük məkan olduğunu yəqin ki, izah etməyə dəyməz. Bəlkə də bu, çoxlarına qəribə gələcək. Amma inanın ki, Lider TV-də ştata düşmək üçün 8 ay çalışmışam. Razılaşın ki, bu, az müddət deyil. Lakin sonda istəyimə nail oldum. Daha sonra xəbər aparıcısı, redaktor və İdman redaksiyasının baş redaktoru olmaq nə boyda xoşbəxtlikdir. Səmimi olaraq deyirəm, Lider TvVmənim üçün sadəcə iş yeri olmayıb, doğma evim, ailəm olub. Həyatda əldə etdiyim hər nə varsa Lider TV-yə borcluyam..”- söyləyir.
Yazıçı-ssenarist, kulturolq, bir vaxtlar AzTV-nin müxtəlif redaksiyalarında çalışan Hafiz Ataxanlı (Eynullayev) onun barəsində deyir:- “Rövşən Məmmədovu Lider TV-dən tanıyırdım. Həm həmkar, həm də sumqayıtlı kimi. İllər sonra mən AzTV-yə dəvət aldım. O ərəfədə telekanallarda maraqlı analitik proqram ərsəyə gətirmək məsələsi gündəmdəydi. Mən də kanallardan birinə infoteyment üzərindən analitika proqramı təklif etmişdim. Amma ədəbiyyat, incəsənət yönümlü olduğum üçün dalınca düşmədim. Bir gün AzTV-də Rövşənin müəllifi və aparıcısı olduğu həftəlik analizə baxdım. Məni tutdu. Aydın, səlis nitq, rəvan danışıq tərzi, intonasiya tənzimlənmələri, çatdırdığı xəbərə səs tembrində və sifət cizgilərində açıq münasibət göstəricisi onu başqalarından çox fərqləndirirdi. Mövzunun ruhu ilə uyğunlaşan, balanslaşan hərəkətlər, süjetlərlə mizanın harmoniyası bir üslubun formalaşmasına rəvac verirdi. "Bu anda belə düşünürəm və belə şərh edirəm" manerası Rövşən müəllimin analitik dərinliyinə əlavə cizgilər qatırdı. Bu gün də Rövşən Məmmədov analitik proqram aparıcısıdır və uğurla öz missiyasını davam etdirməkdədir. Üstəlik sədr kimi daha qlobal məsələlərin həllində çalışır. Onunla işləmək qismət olmasa da, analitik- aparıcı kimi izləyirəm və uğurlar diləyirəm. Yeri gəlmişkən, ilk proqramdan sonra foyedə rastlaşarkən, düşüncələrimi özü ilə bölüşmüşdüm və hər dəfə bunu məndən özü soruşurdu:- Müəllim, dünən baxdınız? Necəydi?”
Bəli, Rövşən Məmmədov AzTV-ni ləng kadrlardan qurtarıb dinamika yarada bildi. İnformasiya operativliyini təmin etdi. Xəbər aparıcıları stendup-a çıxmaqla, baş verən hadisənin içinə qatılmaqla informasiyaya rəngarənglik qatdılar. Mövzu çeşidliyi, müsahiblərin hazırlıqlı çıxışları, görüntü keyfiyyəti AzTV-yə marağı artırdı. Elə mən özüm də bu gün AzTV-yə məmnuniyyətlə baxıram...
Deyir ki:- “Həmkarlarımın iş prinsipi, dil - üslüb xüsusiyyətləri, peşəkarlığını müzakirə etmək istəməzdim. Düşünürəm ki, kimin nəyə qadir olduğunu auditoriya çox gözəl bilir. Amma bir şeyi qətiyyətlə deyə bilərəm ki, ölkədə televiziya sahəsində inkişaf və peşəkarlıq hiss olunur və bu proses yüksələn xətt üzrə inkişaf edir.Jurnalist olmaq hər zaman maraqlıdır.Azərbaycanda yaradıcılıqla məşğul olmaq və jurnalist kimi formalaşmaq baxımından yetərincə şərait var. Hər bir jurnalist layiq olduğu hörməti və qayğını görür. Yəni özünə və başqalarına hörmət etsən, cəmiyyət də sənə hörmət edəcək...”
Sabah 46 yaşı tamam olur. Bu münasibətlə Rövşən müəllimi təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
...Lap unutmuşdum, Rövşən Məmmədov AzTV-yə sədr təyin olunandan sonra, AzTV öz inkişaf dövrünü yaşayır...
Hə, bir də deyir ki:“Nəsir İmamquliyev, Famil Mehdi, Əliş Nəbili, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Akif Rüstəmov, Zaur Babayev, Əli Hacıyev və digər ziyalılar mənim formalaşmağımda böyük rol oynayıblar. Onlara ömrümün sonuna kimi minnətdaram. İnanın, bu gün qazandığım uğurlar onların əməyidir…”
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(14.06.2025)
Musiqisi Faiq Sücəddinovundur!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azman bəstəkarlarımız indi çox azdır. Eldar Mansurov, Siyavuş Kərimi, Faiq Sücəddinov...
Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Faiq Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub. Özü də ulu Gəncədə.
Və demək ki, onun boş yerə adını çəkmirik, bu gün onun doğum günüdür.
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub.
Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayıb. 1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert, simli kvartet, piano və kamera orkestri üçün konsert, kamera orkestri üçün skertso, xor və simfonik orkestr üçün "Atatürk" odası müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları vardır.
Faiq Sücəddinov İkinci Qarabağ müharibəsi və Zəfər Günü mövzusunda "Zəfər" simfonik poeması, "Şuşa" oratoriyası və "Qarabağnamə" simfonik balladasının müəllifidir.
14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. "Şöhrət" ordeni və "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Filmoteka
1. Aşkarsızlıq şəraitində...
2. Bir anın həqiqəti
3. Bahar oğlu
4. Balqabaq
5. Qovğalı kəndinin gecələri
6. Dalan
7. Ömür payı. Səməndər Rzayev
8. Portret... Bəstəkar Faiq Sücəddinov
“Ədəbiyyat və incəsənət”
(14.06.2025)