Fariz Əhmədov, “Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi
Bu gün Azərbaycan səhnəsinin və kino sənətinin sonuncu böyük səslərindən biri, korifey sənətkarlar pleyadasının axırıncı mogikanı, xalqımızın qüruru, Xalq artisti Amaliya Pənahovanın doğumundan 80 il ötür.
Əgər sağ olsaydı, bu gün 80 illik ömrünün işıqlı mərhələsinə qədəm qoyacaqdı. 1964-cü ildə 19 yaşında ikən, o, səhnəyə yeni nəfəs, fərqli baxış, qadın ruhunun dərinliklərini gətirdi. İlyas Əfəndiyevin “Mənim günahım” əsərində Nurcahan obrazı ilə stereotipləri darmadağın etdi. Tamaşaçı ilk dəfə səhnədə qadının daxili dünyasını bütün çılpaqlığı ilə gördü. O dövr üçün səhnədə psixoloji qatlara enməyi Amaliya xanım təkbaşına bacardı.
Azərbaycan səhnəsinin bəzəyi olan Nargilə, Pəri, Firəngiz, Xumar, Zərifə, Təhminə, Natəvan, Nərmin, Şahnaz, Kəmalə, Mahnur, Aynur, Sürəyya, Mədinə, Luiza, Medeya, Nigar… Bu adların hər biri əslində bir ruh, bir qadın, bir ömür demək idi. Onun yaratdığı obrazlar sadəcə rollar deyildi xalqın yaddaşına hopmuş düşünən gözlər, danışan baxışlar idi.
Televiziya tamaşalarında da o, öz teatr enerjisini kameraya ötürə bilirdi. “Qırmızı yaylıqlı qovağım mənim”, “Bayramın son gecəsi”, “Beş manatlıq lüstr”, “Duel”, “Mədinənin ürəyi” kimi əsərlərdə Amaliya xanım yenə də qadının psixoloji qatlarını ustalıqla açırdı.
Kino isə onun üçün ayrı bir dünyaydı. “Əhməd haradadır?” filmindəki Məsmə obrazı ilə başlayan kino yolu “Babək” filmindəki Zərnisə ilə zirvəyə çatdı. Zərnisə sadəcə ağıllı bir qadın deyildi, ana idi, şəxsiyyət idi, məğrur və sevən bir qadın idi. “Arxadan vurulan zərbə” filmindəki Ziba isə bir dialoqla xalqın yaddaşına həkk olundu: “Ə, bu nə maşındır gətirmisən, başqa maşın tapılmadı mənə?” Bu sualda bir qadının həyatdan gileyini, həm də yumorla iç dünyasını açmaq bacarığı vardı.Bu isə yalnız Amaliya xanıma məxsus idi.
“Nəfəs” filmində canlandırdığı Ağabəyim obrazı da təsadüfi deyildi. Amaliya xanımın gənc rejissorlara verdiyi dəstəyin, yaradıcılıq yolunda dayanmadan yeni nəfəs axtarışlarının göstəricisi idi.
“Ədəbiyyat və incəsənət”
(15.06.2025)