Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, partiya veteranları və ağsaqqallar iştirak ediblər.

Əvvəlcə iştirakçılar xalqımızın Ulu Öndəri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin zəngin həyat və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başcısı Cavid Əbdul-Qədirov Milli Qurtuluş Gününün tariximizə qızıl hərflərlə yazılan, ölkəmizi böyük perspektivlərə aparan inkişaf yolunun, uğur və qələbələrinin başlanğıc tarixi olan bir gün olduğu vurğulanıb. Qeyd edilib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxarıb. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə nüfuz sahibi olan qüdrətli dövlətə çevrilmiş, milli maraqlara əsaslanan siyasi xətt ardıcıl şəkildə həyata keçirilmiş, eyni zamanda, möhtəşəm tarixi Zəfərimiz əldə edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatınin sədri Saleh Məhərrəmov bildirdi ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil edərkən qənaətə gəlmək olur ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan dövləti müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədaxili xaos və anarxiya son həddə çatmış, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqiliyimizi, habelə Azərbaycanın varlığını təhlükəyə salmışdı.

Çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək qətiyyətli və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, vətəndaş müharibəsi təhlükəsi, ərazi baxımından parçalanma, xaos, anarxiya şəraiti dövlətimizi və xalqımızı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Böyük risklərə baxmayaraq xalqın qurtuluş missiyasını öz üzərinə götürdü, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi. Hakimiyyətə qayıdışı ilə o tariximizin yeni bir mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı.

Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdilər. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Müzəffər Ali Baş Komandan, tarix yazan Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdılar. Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurlu nəticələri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bu kimi mühüm layihələr Azərbaycanı nəinki regionun, hətta dünyanın güclü və sayılan dövlətləri sırasına daxil edib. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni qazandırdı. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2025)

 

 

                                                                                           

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.