Fariz Əhmədov, “Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi
XX əsr Azərbaycan poeziyasının nadir simalarından biri Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arif, bədii təfəkkürümüzdə silinməz izlər qoymuş söz ustadıdır. Onun poeziyası torpağın nəfəsini, dağın sükutunu, ananın laylasını, övlad məhəbbətini özündə ehtiva edən zəngin bir aləmdir. Hüseyn Arifin şeirlərində həyat danışır, torpaq danışır, insan danışır, özü də şirin, doğma, təbii və axıcı dildə.
Söz arifinin poetik dünyası həm geniş mövzu əhatəsi, həm də dərin mənalarla zəngindir. Onun misraları zamanın sınağından keçərək bu gün də mənəvi gücünü qoruyub saxlayır, oxucunun qəlbinə yol tapır. Elə buna görə də onun şeirləri tez-tez nəğməyə çevrilib, dillərdə əzbər olub. Arifin qələmi ilə vətən sevgisi, təbiətə vurğunluq, ana məhəbbəti bənzərsiz ifadə tapıb.
1924-cü ilin 15 iyununda Qazax mahalının Yenigün kəndində dünyaya göz açan Hüseyn Hüseynzadə, ədəbiyyata İkinci Dünya müharibəsi illərində qədəm qoyub. Onun librettosu əsasında yazılmış “Azad” operası 1957-ci ildə səhnələşdirilmiş, “Yolda” poemasından yazılan pyes isə 1974-cü ildə Gənc Tamaşaçılar Teatrının səhnəsində canlandırılıb. 1971-ci ildə qələmə aldığı “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb.
Hüseyn Arifin poeziyası təkcə ölkəmizdə deyil, keçmiş SSRİ və bir sıra xarici ölkələrdə də sevgi ilə qarşılanıb. Şeirlərinə musiqilər bəstələnib, bir çox şeiri nəğməyə çevrilib. Hüseyn Arif “Azərnəşr”də böyük redaktor, “Gənclik” nəşriyyatında redaksiya müdiri, Azərbaycanın Aşıqlar Birliyində isə sədr kimi fəaliyyət göstərib.
Şairin təbiətə bağlılığı, ana yurdun hər qarışına sevgisi onun poeziyasının əsas qayəsini təşkil edir. O, xalqın içində yoğrulduğu üçün xalq dilində danışırdı. Ən ciddi əsərlərinin arasında belə yumor və həyatsevərlik nəfəsi duyulurdu. Elə buna görə də, onunla bağlı olan baməzə əhvalatlar, lətifələr xalq yaddaşında yaşayır. Bu lətifələr onun şəxsiyyətinə xələl gətirməmiş, əksinə, onu insanlara daha doğma etmişdir.
1992-ci ilin sentyabrında dünyasını dəyişən Hüseyn Arif doğma kəndində, nakam oğlunun yanında əbədiyyətə qovuşub. Onun Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan və Ağstafada küçələrə, eləcə də Ağstafa Uşaq Musiqi Məktəbinə adı verilib. Onun haqqında “Mən Hüseyn Arifəm…” adlı sənədli film çəkilib, haqqında şeirlər yazılıb, əsərlərinə nəzirələr həsr olunub.
Hüseyn Arif poeziyası bu gün də məktəblərdə, auditoriyalarda, ürəklərdə yaşayır. O, sözün, ruhun, vətənin şairidir. Nə qədər ki, bu xalq yaşayır Hüseyn Arifin misraları da yaşayacaq, sevgi ilə oxunacaq və yeni nəsillərə təbliğ olunacaq.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)