Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Saleh Səccadinin şeirləri təqdim ediləcək.
3 ildir ki fəaliyyətdə olan layihə böyük oxucu auditoriyası toplayıbdır və hər iki Azərbaycanda sevilərək izlənir.
I.
Qışın Təbriz gecəsi min il uzağam evə,
Məndə ağır yüklər var, içimdə itib dəvə.
Yorğun bir minibusda, minibus qədər yorğun,
Kölgələrlə birlikdə işdən dönürük evə.
Bir qərib hirsdən dolu baxıram həndəvərə,
Ya birin tapıb vuram, ya biri məni döyə.
Bu gün daha bir qadın məndə özünü asdı,
Qəlbində məni sevib, dilində söyə-söyə.
Bu gün bir qadın daha məni asdı özündə,
Gözləri buruq-buruq, saçları şəvə-şəvə.
Düşünürəm ki, nədən ölür məndə qadınlar,
Qəzəl məndə bir tordur, sevgi məndə bir büvə.
Mən ki, bütün ömrümü hamıdan nifrət etdim,
Əslən kim deyir gərək bir nəfər məni sevə?
Yorğun biri minibusda... Avtobus qədər yorğun,
Təbrizin qış gecəsi kaşki bu maşın züyə...
II.
Şəhərdən qıraqda bir avtobanın o baş, bu başıdır yaşayış mənə,
Hər gün bir qılıqda düşürəm yola, mən yola yabancı, yol tanış mənə.
Bir başı iş yerim, bir başı evim, yuxulu gedirəm, yorğun dönürəm,
Gedən baş qaranlıq, gələn baş zülmət, hər gün qurtuluşdur başlanış mənə.
Bir qərarda gedən isti minibus... Motorun uyduran tırıltı səsi...
Səndəldə özümü qucaqlayıram... Ana bətnidir bu bir qarış mənə.
Minibus məni hər səhər doğub, hər axşam nəşimi gömür özündə
Hər səhər özündən məni ayırıb, hər axşam deyir ki, gəl qarış mənə!
O baş-bu başında bu avtobanın, iki maqnit durub, evim, iş yerim
O deyir ey tənəkə daha qop məndən, bu deyir ey dəmir gəl yapış mənə.
Mən dəmir deyiləm, amma illərdir meqnatis tuneldə iki maqnitə
Özümü qoparıb yapışdırıram qalsın ki, ağaclar deyir quş mənə.
Ağaclar... Hə, məni quş bilir amma, mənim qanadlarım çoxdan əriyib
İkarus çoxdandır düşüb dənizə daha qurtulubdur bu yarış mənə.
Bəzən aydan-ildən şəhrə gedəndə, adamlar gözümə eybəcər gəlir,
Xiyabanlar, evlər, dükan-bazarlar... Özünü göstərmir bir tanış mənə.
Ansızın bir portal ayağım altda, açılıb düşmüşəm buraya sanki,
Özümdən soruram sən haralısan? Nədən bitməyir bu axtarış mənə?
Avtoban bir dibdir, başı bizim ev, ayaqları isə mənim iş yerim
O divin ömrünün şüşəsi mənəm, düşümdə bir pəri deyir düş! Mənə...
Maşınları tək-tək baxıb, axtarıb məni tapmayınca dəli olur div,
Çarpır maşınları bir-birlərinə... Bir gün sataşacaq o baxış mənə.
O an bir İkarus yanmış qanadla, uçacaq minibus pəncərəsindən...
Şəhərdən qıraqda bir avtobanda... Nə demək istəyir bu yağış mənə??
III.
Həyatımın qurtarıb gerçəyi, qalıb xəyalı,
Xəyal demək, nə qalar, yansa arzusu, amalı?
Umudlu şair idim bal damardı şerimdən,
Saqın! Ki zəhr olub indi, ilan çalıb o balı.
Bu dağda “Əl-ayağın daş əzən” maraldım mən,
Zəmanə quzğuna döndərdi o quzu maralı.
Hər an desəm şad olub beş dəqiqə boynumdan –
Alıb qoyum yerə dərd adlı bu ağır vəbalım
Hüzünsə sırtıq uşaq tək həmən kəsər sözümü,
Həyatsa sırtıma bir qəm çatar ata-analı.
Dili kəsik, sazı sınmış kədərli bir aşığam,
Oxunmamış havalardan başım hələ havalı.
“Səkinə dayıqızı” ağzında turşammış Türkəm,
İçimdə gur-gur əsir Lorların “Bəlal, bəlalı”.
Bir az toxun mənə ey əllərin mənə mərhəm!
Bir az toxun mənə ey hər yerim sənə yaralı!
Oxunmamış havalardan başım şişib, ölürəm
Bu bomba partlamaq üzrə, di haydi, çal qavalı!
IV.
İztirab içrə ürək bir qərib axşam masasında,
Sübh ilə birgə oturmuşdum o gün şam masasında.
Şe’rsiz illərə son qoymağa heyrətlə bərabər,
Bir mələklə otumuşdum yenə ilham masasında.
Neçə ay zülmət içində yaşadım, ancaq o axşam,
Nur içib cilvə yeyirdim günəşin tam masasında.
Dinimi, imanımı, allahımı ortaya qoymuş,
Şeytana göz-göz edirdim yenə islam masasında.
Dil, təarüf də ki, faş olmasın əğyarə məhəbbət
Yan baxışlarla dedik sözləri peyğam masasında.
Hər işarətdə mənə min şirin anlam yaşadırdı,
Şərh açırdım quşa ecazlara eyham masasında.
Belə bilsəydim o cür nəşəli, aram oturmazdım,
Fırtına öncəsi o sevginin aram masasında.
V.
Yuva qurmuş başımda bir dəli quş, məndə səs bəsləyir fikir yerinə,
Özün azad buraxmışam, səsini istirəm saxlayam əsir, yerinə.
Tutmaq istir başım onun səsini amma heç bir qəfəs səsi tutamaz,
Səsini tutmuşam, bu dar qəfəsin miləsi aynadır dəmir yerinə.
Səsini dinlirəm, uçur ağlım, dəli bir quş kimi qonur səsinə,
Səndə oynur, deyib-gülür sonra, kefli-kefli dönüb gəlir yerinə.
Adın ağzımdadır, ətirlənmiş yenə ruhum, canım, dilim, dodağım,
Boynunu sağ-solunda bir cüt öpüş, izn ver səpdirim ətir yerinə.
Qışda bir paltodur sənə qucağım, qoruyar şaxtada səni, yazda –
Qorxma hay-küy salan buludlardan kölgəm üstündədir çətir yerinə.
Məndə bir çöl boyu quraqlıq var, səndə bir çay boyu yağış, bərəkət,
Hər gedəndə bir az apar, “Mən”dən amma, bir parça “Sən” gətir yerinə!
Neçə gündür başımda bir hava var, damarımda sənin səsin dolanır,
Əlqərəz o başımdakı ağlın, neçə gündür ki, yel əsir yerinə.
“Ədəbiyyat və incəsənət”
(11.06.2025)