Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Onun yoxluğundan beş il ötdü. Mən ömrü dövrlərə ayırıram. Bu günə qədər – 50 illik ömrümdə – ilk on ilimdən tutmuş indiyədək, hər mərhələnin bir adı, bir ruhu olub. Amma son beş ildə çəkdiyim kədərin adını hələ də tapa bilməmişəm.
Halbuki əvvəlki illərdə də itkilərim olub. Görünür, o zamanlar həyatımda olan öhdəliklər və ya səhhətim məndə bir növ dözüm yaradıb. İndi isə lal həsrətin insanı hansı hala gətirə biləcəyinin canlı şahidiyəm.
Hərdən dərd o qədər ağır olur ki, onu daşımaq mümkünsüz görünür. Ya özündən nələrsə uydurursan, ya da özünü kənardan bir ruh kimi izləyirsən – sanki sən deyilsən, başqasının həyatına baxırsan.
Aqşin Babayev – fəxrlə adı çəkiləcək tək-tük Azərbaycan ziyalılarından biri idi. Bu dünyada yaşadı, getdi... Amma unudulmadı. Onu sevənlərin dilində, düşüncəsində, ürəyində yaşayır. Böyük ziyalı idi. Həlim, sakit, səssiz, eyni zamanda kövrək və mehriban.
Babam Əlisəttar Babayev 4 övladını da zərif, xeyirxah, sevgi və saflıq dolu dəyərlərlə böyütmüşdü. Nənəm bir az ötkəm idi. Amma bu ötkəmliyin içində də sevgi yatırdı – gizli, dərin bir sevgi.
Belə bir mühitdə böyüdüm. Əlbəttə, dayımın söhbətlərini hələ də eşitmək istəyirəm. Son zamanlar daha çox yaradıcılıq mövzusunda danışırdıq, tez-tez zəngləşirdik. Səsi hələ də qulağımdadır.
Dayım əsl pedaqoq idi. Onun tələbələrinin sevgisi bu gün də onu yaşadır.
Ömrünün sonuna qədər ADMİU-da (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) çalışdı. Mən ilk dəfə universitetə gələndə uşaqlara deyirdim ki, burda dayım var – onlar zarafatla “day-day” deyə düşünürdülər. Mən isə deyirdim: “Yox, əsl dayım burda işləyir!” Yaxşı oxuyurdum deyə, özü deyirdi ki, bir dəfə də day-daylıq etmədim sənə. Dərs də demədi mənə, amma onun tələbələrlə münasibəti tamam başqa bir aləm idi.
Sevinirəm ki, sonda mənimlə fəxr etdi. Yazılarımı sevdi. Hansısa şeirimə münasibət bildirdi – bu məni çox sevindirdi.
Aqşin Babayev əsl Azərbaycan ziyalısı idi. İndi belə insanlar tək-tük qalıb, azalıb. Cəmiyyətə gərək idi, vacib idi.
Və getdi... O gedən günü yaxşı xatırlayıram. Çətin dövr idi, pis isti var idi, çox adam yox idi. Həyat yoldaşı onun bu dünyada tək sevgisi fəryad qoparırdı. Biz ailə üzvləri çox pis vəziyyətdəydik – pərişan. Amma sonra da itkilər artdı... və səs batdı.
Nə səs? Mənim üçün bir şən səs var idi. Görünür, həyata həmişə sevinc içindən baxırdım əvvəllər. O səs batdı, səssizləşdi. İtkilər mənim içimdəki gözəl duyğuları işğal etdi.
Tez-tez dayım yadıma düşür. Onun son səsi, demək olar ki, hər gün qulağımda səslənir.
Təsəlli kimi bir adam idi – Aqşin Babayev. Getdi... və bu dünyanın təsəllisi azaldı.
“Ədəbiyyat və incəsənət”
(11.06.2025)