İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan muğam və opera parçalarının mükəmməl ifaçısı - Qulu Əsgərovu bir cümlə ilə məhz bu cür təqdim edə bilərik.
Və mən bir əlavə də edim. Səhnəmizin ən yaddaşlara hopan Məcnunu da Qulu Əsgərov olubdur. Bu yazını yazanda mən dəfələrlə arxiv lent yazılarına tamaşa edib bu qənaətə gəlmişəm.
11 iyun bu görkəmli sənətkarın anım günüdür.
O, 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik edib. 1953-cü ildə Gənc istetadların respublika olimpiadasının qalibi olub.
Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib.
Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilib. Qulu Əsgərov yaradıcı xanəndə olub. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M. Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olub.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olub. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.
Azərbaycanın görkəmli xanındəsi, bəstəkarı, pedaqoqu 1988-ci ildə 60 illik yubileyini gözləyirdi, amma əcəl aman vermədi. 11 iyun 1987-ci ildə o, 59 yaşında Bakıda vəfat etdi.
Özü yoxdur, ifası isə tarix boyu qalacaqdır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.06.2025)