Hər doğum günü bir az da ölməkdir - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəzən bir tortun üstündə yanıb sönən bir şam, bütün keçmişinin metaforasına çevrilə bilər. Əllərin titrəyərək sönməsini gözlədiyi o kiçik alov, insanın ömründən çəkilib çıxarılan illərin simvoludur. Hər doğum günü bir az da ölməkdir. Və hər yeni yaş, keçmişdə qalan bir versiyamızın yandırılmış nömrəsidir. 

 

Zamanı ancaq təqvimə baxaraq deyil, ruhumuzun çöküntülərinə baxaraq da hesablamaq olar. Doğum günləri də məhz bu hesablamanın tarixçəsidir. Uşaqkən səbirsizliklə gözlədiyimiz o gün – böyüdükcə daha çox tənhalığın, "görəsən kim xatırlayacaq məni?" sualının altına sığınır. İnsan diqqətə ac bir varlıqdır. Doğum günləri də bu aclığın bayramıdır.

Ancaq niyə qeyd edirik bunu? Çünki bu dünyaya gəldiyimizi, mövcud olduğumuzu bir daha sübut etməyə çalışırıq. Elə bil özümüzə və başqalarına demək istəyirik, “Mən hələ də buradayam.” Bəziləri üçün bu gün sadəcə bir tarixdir, təqvimdəki növbəti gün. Bəziləri üçünsə içindəki uşaqla görüşdüyü bir ayindir. Və kimiləri üçün doğum günü hər il bir az da ağırlaşan bir daşdır, çiynində daşıdığı yaşların ağırlığı.

 Cəmiyyət doğum günlərini necə qarşılayır? Sosial mediada yayılan "Ad günün mübarək!" mesajları, bəzən insanın özündən çox, başqalarının onu unutmadığını göstərmək üçündür. Bu bir növ sosial təsdiqdir, "məni hələ də xatırlayanlar var." Amma bütün o rəngli mesajların arxasında çox vaxt bir səssizlik gizlənir, səsli, amma ruhsuz təbriklər. İnsan yaşlandıqca bu günlərə daha fərqli baxır. Bəzən doğum gününə günlər qalmış narahatlıq başlayır. Keçən illərin boşa getdiyinə dair hiss, uğurların sayının gözləntilərlə üst-üstə düşməməsi, gələcəyin qeyri-müəyyənliyi. Hər yeni yaş bir az da məsuliyyət, bir az da cavabsız sualdır. İçində bir yerdə hələ də kimsə var, uşaq vaxtı doğum günü tortunu gözləyən, şarların içində qaçmaq istəyən birisi. Bəzən o səni bir gecə əvvəlki yuxuda ziyarət edir. Və sən oyandıqda hiss edirsən, bu gün sənin ad günündür, amma içindəki uşaq çoxdan böyüyüb, itkin düşüb.

 Amma bəzən... bəzən bu gün heç kim zəng etmir. Şam yanmır. Tort kəsilmir. Sən sadəcə divara baxırsan və fikirləşirsən,  “Görəsən, doğrudan da bu gün mən doğulmuşam?” Və həmin anda anlayırsan ki, doğum günləri, xatırlanmaqla unudulmaq arasındakı o incə sərhəddir. O sərhədi keçmək isə hər kəsə nəsib olmur.

  İyun ayı gələndə içimdə qəribə bir səssizlik yaranır. Bəlkə də bu səssizlik sükut deyil, sadəcə yaddaşın xatirələrlə dolub daşdığı bir ayın səsidir. Bir tərəfdən keçmişi, digər tərəfdən gələcəyi çəkib taraz saxlamaq istəyən bir tərəzi kimi... Amma tərəzinin gözləri heç vaxt bərabər olmur. Nə qədər çalışsam da.

 

  İyunun 7-si Varis bəyin doğum günüdür. Amma bu sadəcə bir insanın dünyaya gəldiyi tarix deyil. Bu, düşüncənin dillə, sözün məsuliyyətlə, mövqenin şəxsiyyətlə birləşdiyi bir günün xatirəsidir. Bu gün gəlib çatanda, düşündüm, bəzi insanlar doğulmur, onlar bu dünyaya ehtiyac üzündən göndərilir. Cəmiyyətin içində yanan suallar, səssiz üsyanlar və daralan düşüncələr, bir nəfəs axtarır. Və o nəfəs bəzən bir insanın yazısında, baxışında, susqunluğunda doğulur. Varis bəy kimi. Onun danışığı, sanki qəlbin özü sözə çevrilib. Tələsmir, çünki sözün dəyərini bilir. Səs tonundakı hər bir ara, hər bir pauza, düşünməyə dəvətdir. Biz sözləri sərf edirik, o isə yaşayır. O, danışanda susmaq bir ehtirama çevrilir.

 O, müəllim deyil, amma öyrədir. Hər gün deyil, amma yadında qalır. O, ətrafındakıları dəyişmək üçün qışqırmır, sadəcə özü kimi olur. Bəzən elə sadəcə özü olmaq kifayətdir. Varis bəyin doğum günü, belə insanlara təkcə "təbrik edirəm" deməklə qeyd olunmur. Bu, bir təşəkkür günüdür, sözə dəyər verdiyinə görə, düşüncəni qoruduğuna görə, susanların səsi olduğuna görə.

 Çünki bəzi insanlar vardır, onların doğum günündə təkcə onlar böyümür. Ətrafındakı insanlar da onlarla birgə böyüyür. Düşüncədə, yanaşmada, ruhda. Onların varlığı, sadəcə bir bədən deyil, bir mövqe, bir möhkəmlikdir. Sanki onun doğum günü, bir çağırışdır. “Sən də susma. Sən də sözə məsuliyyət ver. Sən də özünü itirmə.”

 Bəzən bir insanı tanımaq, həyatın sənə verdiyi ən səssiz hədiyyə olur. Və hər il onun doğum günü gələndə, bu səssiz hədiyyəni bir daha açırsan, yenidən baxırsan: “Bax, bu adam, həyatın içində öz ləyaqətini itirmədən yaşadı.” İyunun 7-si, deməli, təkcə bir təqvim deyil. Bu, səsin, mövqenin, şüurun və ləyaqətin bir daha xatırlandığı gündür.

  Ad gününüz mübarək, Varis bəy. Sizin varlığınız – səssizlərin içində bir nidasız nida kimidir.

 Bütün bu doğum günləri arasında öz doğum günüm bir kölgə kimi qalıb. Təqvimdə qeydli olsa da, yaddaşda bəzən bulanıq, bəzən sönük bir işıq. Uşaqlıqda aldığım oyuncaqların səsini, tortun üstündəki şamların qoxusunu, anamın “ad günün mübarək, balam” deyərkən gözlərindəki sevinci xatırlayıram. İndi isə o gün gəlib keçəndə, bəzən telefona gələn bir-iki mesajla kifayətlənirəm. Bəzən heç o da olmur. Elə bil doğum günüm mənim yox, başqalarınındır. Və bu, qəribədir, insanın özü ilə bağlı bir tarixdə belə kənarlaşması.

 Bəlkə də doğum günləri ona görə vacibdir ki, bizə həyatın hələ də davam etdiyini, keçmişin hələ də bizimlə gəzdiyini göstərmək üçün. Və bəlkə də bu günlərdə insan öz unudulmuş tərəfləri ilə qarşılaşır. İçindəki uşaqla, gənclik xəyalları ilə, həyata keçməyən arzularla...

 Doğum günləri, həm də sükutun səsləndiyi günlərdir. Sevgilinin adını çəkərkən boğazında düyün yaranır. Dostunun gülüşünü xatırlayanda gözlərin yaşarır. Və səssizcə düşünürsən, illər keçir, insanlar dəyişir, amma bəziləri var ki, onların ad günü sənin üçün sadəcə bir tarix deyil. Onlar ruhunda yaşayan təqvimlərdir. Onlar doğulanda sanki sən bir az daha var olursan. Və bəzən öz doğum günündə belə, sənin üçün heç nə dəyişmir. Sən yenə metroda gecikirsən, yenə kartında pulun azdır, yenə yuxusuzsan, yenə həyatla üz-üzəsən. Amma içində bir səs pıçıldayır: “Bu gün sən doğulmusan. Əgər heç kim deməyibsə də, mən deyirəm. Varlığın üçün təşəkkür edirəm.”

 İyunun 9 u, bu gün isə, təqvimdə sadəcə bir gün kimi görünə bilər. Amma mənim üçün bu tarix ilin ən çox işıq saçan günüdür. O gün sanki dünya bir az daha səssiz, bir az daha şəfqətli doğulub. O doğulanda hansı mahnı səslənirdi bilmirəm, amma bu gün içimdə səslənən musiqinin ritmi onun gəlişi ilə dəyişir. Onun doğum günü, mənim üçün minnətdarlığın, sevginin və bir az da qorxunun günüdür. Minnətdaram, çünki o bu dünyaya gəlib. Sevirəm, çünki varlığı ilə həyatımı daha dərin, daha mənalı edib. Qorxuram, çünki bu qədər gözəl bir şeyi itirməkdən çəkinirəm. Sevgi – sanki hər gün doğulan bir hissdir, amma bu gün, iyunun 9-u, o hissin öz tarixidir. Onu tanıdığım gündən bəri mənim üçün fəsillər dəyişib. İyunun qızmar günlərində belə, ona baxanda bahar havası duyuram. Gözlərinin içində bir sükut var, danışmadan hər şeyi anlayan bir səssizlik. Gülüşündə uşaq təmizliyi, sözlərində qadın hikməti var. Mən bəzən ona baxanda, dünyaya onun gözlərilə baxmaq istəyirəm. Bəlkə onda həyat daha az sərt, daha çox həlim olar.

 Bugün o doğulub və bu elə bir möcüzədir ki, bunu izah etməyə kəlmələr yetmir. Bu doğum günü onun üçün olsun, amma mənim varlığımın sevincini daşıyan hər kəs üçün də bir bayram sayılsın. Mən bu dünyada bir çox ad günü tanımışam. Amma ilk dəfədir ki, kimsənin doğulmasını bu qədər içdən sevinirəm. İlk dəfədir ki, "Təbrik edirəm" deməklə kifayətlənmək istəmirəm.

 Mən bu yazını oxuyan hər kəsə demək istəyirəm, bu gün gözəllik doğulub. Təkcə zahiri gözəllik yox, daxili sükunət, zəriflik, anlayış və sevgi doğulub. Mənim sevdiyim insan doğulub. Və onun varlığı, mənim həyatımın ən möhkəm dayaqlarından birinə çevrilib.

O doğulmasaydı, mən bu qədər yazmazdım. Bəlkə də bu qədər susmazdım da. O doğulmasaydı, içimdəki bir səs sonsuza qədər lal qalardı. Amma indi o səs onun üçün yazır, onu sevir, onu qorumaq istəyir. Hər gün doğulmur, amma hər gün içimdə təzədən sevilir.

 O doğulanda dünya bir az daha gözəlləşib. Bu gün mən susuram, çünki bəzi gözəlliklər üçün susmaq da bir təbrikdir.

 Doğum günləri, həyatın içində bəlkə də ən qəribə təzadları bir araya gətirən günlərdir. Sevinc və kədər, yaddaş və unudulma, başlanğıc və son, hamısı bu bir günün kölgəsində toplanır. Bu günlər bəzən bizi özümüzə qaytarır, bəzən də başqasına bağlayır. Bəzən bizi gözləyənlərin sayını göstərir, bəzənsə susanların adını. Bu yazı, təkcə bir neçə doğum gününün qeyd olunması deyil, həm də hər birimizin öz içindəki doğum gününə boylanmasıdır. Hər il təkrar doğuluruq. Hər il təkrar itiririk nəyisə. Amma hər yeni yaş, ümidin, dirçəlişin, bir daha sınamağın simvoludur. Hər yeni yaşda bir az daha susuruq, amma içimizdəki səs bir az daha dərinləşir. İnsan, təqvimdəki bir günə sığmaz. Amma bəzən bir gün, bütün bir insanı xatırlamağa bəs edir.

 Sonda onu demək qalır ki, doğum günün bu il də gəldi – səndən xəbərsiz bəlkə, ya da sənsiz... Amma unutma, sənin varlığını dəyərləndirən biri haradasa səni düşünür. Bəlkə bir köhnə fotoşəkildə, bəlkə bir səssiz dua içində, bəlkə də bu yazının hər sətirində...

 

 Ad gününüz mübarək!!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.