Dəzgah qarafikasının görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Naxçıvan eli bir çox məşhur ədiblər, elm xadimləri yetişdirib. Bu sırada incəsənət xadimləri də az deyil. Və əlbəttə ki, Naxçıvan dahi rəssam Bəhruz Kəngərlinin vətənidir.

Zaman-zaman Naxçıvandan digər tanınmış rəssamlar da çıxıb. Onlardan biri də Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevdir.

 

Rafiq Mehdiyev 1933-cü ilin bugünkü günündə - 10 iyununda Muxtar Respublikanın Şahbuz rayonunda anadan olub.  Ə. Əzimzadə adına rəssamlıq texnikumunu, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini bitirib.

Onun yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin "Axşam" və "Səhər" adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində "Kənd", "Uşaqlar", "Qadın uşaqla birlikdə", "Bazarda", "Bir cərgə", "Son gün", "Güllələnmə", "Bir cərgə", "Yağışdan sonra" tablolarının adlarını qeyd etmək olar.

Rəssamın dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələrinin də olduğunu söyləyən sənətşünaslar diqqətə çatdırıblar ki, Rafiq Mehdiyevin respublika bədii sərgilərində  "Üzümyığanlar", "Təzə xəbər", "İstirahət", "Natürmort" tabloları uğurla təqdim edilib.

Rəssam pedaqoji fəaliyyətini də uzun illər davam etdirmişdir, müdafiə etmiş, professor fəxri adınadək yüksəlmişdir.

O, 1980-ci ildə əməkdar rəssam, 1992-ci ildə isə xalq rəssamı fəxri adına layiq görülmüşdür. 

2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur. 

Rafiq Mehdiyev bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

28 noyabr 2009-cu ildə isə o, Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.