“Sürüyə qayıdış” – HEKAYƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yaz təzəcə öz taxtına oturmuşdu. Günəş Kəlbəcərin qarlı zirvələrini də qızdırmağa başlamışdı. Dağ çaynın dəli nərəsi qulaq batırır, min bir rəng çalan, qoxusu adamı bihuş edən çiçəklərin, otların qoxusu ciyərlərimə dolurdu. Səhərin erkən saatları idi. Sakitliyin içində qoyun mələşmələri, cobanların səsi eşidilirdi. Babamla birlikdə sürünü yaylağa aparırdıq.

 

Hər daşın, hər kolun adını bilən babam bu dağların sirrini oxuya bilirdi, buludun rəngindən yağış, yoxsa dolu olacağını, selin haradan gələcəyini, qoyun arxacının hada olsa, təhlükəsiz olacağını ovcunun içi kimi bilirdi. Bir dinşəməklə qurdun sürüyə hansı məsafədə olduğunu, itin hürüşündən, atın kişnəməyindən, qoyunların hürkməyindən təhlükənin nə həddə olduğunu duyurdu. Mən babamın bu bacarıqlarına heyran qalmışdım. Mən də ana təbiətlə öz dili ilə danışmağı öyrənməyə çalışırdım.

Yolumuz Kəlbəcərin bir dağlıq ərazisindən keçirdi. Qaya döşləri günəşin altında elə bil közərirdi. Birdən babam ayaq saxladı. Əlini gözünün üstünə kölgəlik edib dağın ətəyindəki qayalığa baxdı. Baxışları bir nöqtədə donub qaldı.

— Bala, bax o qayanın başına... Çəpişləri görürsən?

Baxdım. Bəli, qayanın üstündə iki çəpiş dayanmışdı. Sakitcə itburnu kolunun yarpaqlarını dodaqları ilə dartıb yeyir və tez-tez qulaqlarını şəkləyib ətrafa baxırdılar. İncə bədənləri günəşin altında qızıl kimi parıldayırdı. Onlara baxanda elə bil təbiətin bir sirri açılırdı: nə gözəl idi azadlıq! Amma babamın baxışlarında qəribə bir tanışlıq vardı. Bu itirdiyini uzun müddət sonra tapan uşağın sevincinə bənzəyirdi.

O, çobanlara səsləndi:

— Ayə, payızda bizim sürüdən qaçan keçinin balalarıdı! Biz burdan arana qayıdanda doğmaq üçün qaçmışdı, xatırladınız?

Çobanlar təlaşla sağa-sola səpələndilər. Hərəsi bir tərəfdən qayanı dövrəyə aldı. İtlər də onlara kömək edirdi. Bu dağlarda çoban itləri çobanın ən yaxın silahdaşı idi. Mən isə baxırdım. Əllərim tərləmişdi, qəlbim sürətlə döyünürdü. Həyəcandan boğulmaq üzərə idim. Həmin an o çəpişlər mənim üçün azadlığın simvoluna çevrilmişdilər. Ürəyimdə Allah yalvarırdım ki, kaş çobanların əlindən qurtula bilsinlər.

Qovalaqaç başladı. Çəpişlər qaydan-qayaya dırmaşır, tullanır, ayaqları sürüşür, yüksək səslə mələyir, sanki ana təbiəti köməyə çağırırdılar. Ancaq, deəyəsən, Tanrı  öz hökmünü vermişdi, insan oğlu qalib gəlməli idi. Çobanlar çəpişlərin yönünü sürüyə sarı yönəldəndə ana keçi də göründü. Balalarının köməyinə tələsən ana keçinin gözlərində bir həyəcan, bir qorxu vardı. O, balalarına sarı qaçdı, lakin insan səddi onu saxladı.

Babam çobanlara işarə edib növbəti əmrini verdi. Sanki komandir öz əsgərlərini hansısa əməliyyata göndərmişdi və növbəti tapşığını verirdi:

— Ana keçini sürüyə qatın. Amma bu çəpişlər axşam qaçacaq, sürüdə qalmazlar. Onları tutub kəsmək lazımdı...

Bu sözlər məni sarsıtdı, oxa dönüb sinəmə sancıldı. Başımı aşağı saldım. Susdum. Gözlərim yaşardı. Valideynlərimdən də çox sevdiyim babama qarşı içimdə sanki nifrəti yarandı. Yavaş səslə xahiş etdim:

-Baba, nə olar, çəpişləri kəsməyək, hər ikisi dişidir, bala verərlər, saxlayaq.

O, üzümə baxdı, ürəyimdən keçənləri gözlərimdən oxudu:

-Yaxşı, sən deyən olsun, amma onlar dayanmayacaq, qaçacaqlar.

Bütün günü gözümün qabağında o ana keçi dayanmışdı. Təsəvvürüm məni heyrətə gətirmişdi: o keçi bu dağlarda təkbaşına doğub, balalarını böyüdüb. Ayılar, canavarlar, soyuq gecələr, ac-susuz günlər — bunların heç biri onun əzmini sındıra bilməmişdi. Amma insan... insanın bir qərarı onun və balalarının azadlığını əlindən aldı.

Axşam düşəndə babamın dediyi oldu, çəpişlər qaçmağa çalışdılar. Babam haqlı idi. Onların canı hələ də dağa bağlıydı. Və o can azadlıq üçün çırpınırdı. Amma bu çırpınışın sonu yox imiş...

Səhəri gün o çəpişləri görmədim. Onların səsi, nəfəsi, baxışları o dağlarda qaldı. Sanki dağın sinəsində bir ana fəryadı, hıçqırtısı əbədi səsləndi. Keçi isə sürüdə idi. Sakit, boynu bükük, lal. Onun susqunluğu hər şeydən çox danışırdı.

O gündən sonra mən dağlara daha fərqli baxmağa başladım. Artıq əminəm ki, ana təbiət insandan daha mərhəmətlidir. Təbiət səni dəyişməyə çalışmaz, sənə olduğun kimi yer verər. Amma insan əvvəlcə səni azad qoyar, sonra azadlığını əlindən alar, sonra da sənin yerinə qərar verər.

O keçi öz balalarını təbiətin qılıncından qoruya bilmişdi, amma insanın hökmündən qoruya bilmədi. Çünki insan qərarı ilə təkcə cismi yox, ruhu da öldürə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.