Super User
Ankarada “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub
Türkiyənin Xaricdə Yaşayan Soydaşlar və Əqrəba İcmaları Departamentində “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub. Kitabda indiki Ermənistan ərazisində olan və sonradan kilsəyə çevrilən qədim türk memarlıq abidələri haqqında ətraflı məlumat verilir.
AzərTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu tədqiqat əsəri dünyanın 19 ölkəsində təməldə türk abidəsi olmuş və sonradan kilsəyə çevrilmiş irs yadigarları haqqında məlumatları ehtiva edir.
Kitabın müəllifi olan memar Emin Yılmaz bildirib ki, Türkiyənin soydaş və əqrəbalar yaşayan coğrafiyalarında memarlıq abidələrinin üzə çıxarılması üzrə fəaliyyət davam edir. Onun sözlərinə görə, bu tədqiqat türklərin məruz qaldıqları köç, sürgün proseslərinə də işıq salır, həmçinin tarixin müxtəlif mərhələlərində baş vermiş faciələri daha müfəssəl şəkildə araşdırmağa imkan yaradır. Müəllif qeyd edib ki, kitab ingilis dilində də nəşr edilib.
Emin Yılmazın 13 il ərzində hazırladığı bu tədqiqat əsəri üç cilddən və 1425 səhifədən ibarətdir. Kitabın birinci cildində Azərbaycan, Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Əlcəzair, Ermənistan, Kipr, Xorvatiya, Monteneqro, Kosovo və Makedoniya, ikinci cildində isə Ukrayna, Macarıstan, Moldova, Rumıniya, Serbiyadakı tarixi abidələr haqqında məlumatlar yer alıb. Əsərin üçüncü cildi bütövlükdə Yunanıstandakı türk tarix abidələrinə həsr edilib.
Təqdimat mərasimi çərçivəsində kilsəyə çevrilən qədim türk abidələrinin fotoşəkillərindən ibarət sərgi də təşkil olunub
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Şamil Mahmudbəyovun 100 illiyinə həsr edilən tədbir keçirilib
Ötən gün Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyilə tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.
“Ədəbiyyat və incəsənət” portalı bu barədə Fondun məlumatına istinad edərək xəbət verir.
Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şamil Mahmudbəyovu təvazökar insan, peşəkar rejissor kimi yada salıb. Sonra Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Nizami Abbas, aktyor Arif Kərimov və prodüser Rasim Həsənov kinorejissor haqqında xatirələrini bölüşüblər.
Tədbirin sonunda kinorejissor Şamil Mahmudbəyovun son işi olan “Adam” filmi nümayiş etdirilib. Yarımçıq qalan film 2010-cu ildə Əməkdar incəsənət xadimi Nizami Abbas tərəfindən “Yeni dalğa” prodüser mərkəzində tamamlanıb.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
“DİDƏRGİNLİK DƏRDİ” - Miraslan Bəkirlinin esseləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə MİLLİ ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Miraslan Bəkirlinin esselərini təqdim edirik.
BU MƏNƏM
Nər kimi ovcumda özümü, ər kimi ruhumda babalarımı, şir kimi dişimdə balalarımı, pir kimi qəlbimdə Tanrımı, nur kimi varlığmda ay-ulduzlu bayrağımı gəzdirirəm...
Altmışımda da hələ havalı oğlanlar kimi eşqimlə yol getməkdəyəm...
Mənim də varım-yoxum o dəli könlümdü, bir də bax, bu yazılarım - ağ vərəqdə naxışlanan qanımın, ruhumun, yaşantılarımın, mənimin bir parçası.
Doğmalarım, dostlarım inciməsin, onlar canımın bir parçası...
GECİKMƏ...
Yaman gec gəldin...
Bir göz qırpımından da uzun çəkdi sənin gəlməyin...
Qəlbimə bahar çiçəklərinin naxışı düzüldü, bu gözlədiyim vaxtda...
Cadar-cadar olan könlümə yaz yağışı süzüldü, bu gözlədiyim vaxtda...
Bilirdim ki, bu gözləmənin sonunda sənin vüsalın var. Sevə-sevə gözlədim...
Dəvə karvanının zınqırovlarının səsini, sevgililərin pıçıltısını, məsum körpə qığıltısını eşitdim, bu gözlədiyim vaxtda...
Sahili döyəcləyən ləpələrin laylasını, dağları sinəsində əks etdirən dəryanın aynasını yaşadım, bu gözlədiyim vaxtda...
Tək, əzəmətli bir çiçəkləyən meyvə ağacına kürəyimi söykəyib, səndən danışan yarpaqların pıçıltısını dinlədim, arı nəfsi, fəhmi ilə çiçəklərin, ləçəklərin gözəlliyini gördüm, sonra da xəyal pətəyi hördüm, bu gözlədiyim vaxtda...
Burnumu soyuq pəncərə şüşəsinə söykəyib, aram yağan yağışın səsində səndən danışan damlaların nəğməsini dinlədim, bu gözlədiyim vaxtda...
Dizimi qucaqlayıb çataçatla yanan sobanın rahatlığını və bayırda qar dənələrinin pəncərəyə çırpılan çovğununun narahatlığını yaşadım, bu gözlədiyim vaxtda...
Ağ vərəqdə səni gözlədiyimi naxışlayıram, bu ilahi yaşantıları mənə bəxş etdiyinə görə səni bu dəfə bağışlayıram...
Mənə uzaq olan qədər yaxınım, bir də gecikmə, yaxşı?!...
QARDAŞLAR
İki qardaşım var...
Biri yolumda ölən qardaşım;
biri mənli-mənsiz varımı bölən “qardaşım”...
Biri mənimlə ana dilimdə danışan, doğma ola-ola məndən aralı, ağrıma yanıb-alışan;
biri varımı yeyib, varlığıma darlıq olan, xəncəri kürəyimə saplamağa çalışan...
DİDƏRGİNLİK DƏRDİ
Qaysağı qoparılmış yaradı - didərginlik dərdi.
Didərginin arzuladığı nə var-dövlət, nə pul-paradı, ağrısı nə xəstəlikdi, nə yaradı.
Ürək göynədən, qəlb ağrıdan İblisin yaratdığı faciə simfoniyasıdı - didərginlik dərdi.
Vallah, qardaş, ağır dərddi didərginlik dərdi.
Onu çəkənlər bilər, elə didərginlikdi, didərgin dərdi...
QAN YADDAŞI
- Niyə yazırsan? - Soruşursan.
- Qəlbim yuxalıb-yuxalıb qırılmamaq üçün, sevincdən qanadlananda uçmamaq üçün yazıram.
Bəxtəvərliyim gəlməyəndə dilimə, bax, onda qələmi alıram əlimə.
Dərdlərimiz başımızdan aşanda, haramlıq acıyıb qabından daşanda yazıram.
İnsan övladı dininə, dilinə görə haqsızlıqları yaşayanda üzülürəm, bax, onda mürəkkəbə dönüb ağ kağıza qara naxış kimi düzülürəm.
Göynərtilərdən göyərməmək üçün, sevincdən yaxa qurtarmamaq üçün yazıram.
Babalarımın qan yaddaşıdı bu...
Onlar daş üstə yazıblar, mən kağız üstə yazıram.
ETİRAF - Dialoq
- Qorxaqsan, ölümdən qorxursan!
- Sən ondan qorxmursan?
- Yox! Qorxaq elə ölümdən qorxandı. Onnan bu tərəfə bədən, vücud qorxusu var, Onnan o tərəfə cəhənnəm əzabı, cənnət qoxusu var. Mənən onu addıya bilən Qəhrəmandı, Şəhiddi, Qazidi və Allaha yaxındı.
- Sən özünə Qəhrəman deyirsən? (gülümsünür) Özündən müştəbeh...
- Mən ruhən Qəhrəmanam, vücudumla torpağam, istəyimlə Şəhidəm, imanım, inamım və iradəmlə Qaziyəm, bütün məhəbbət və istəklərimin qaynağı Ondan olduğundan Ona yaxınam!
- (Dərin düşüncələr içində)
- Nə oldu? Səndən səs gəlmədi.
- Mən özümü və Allahımı sənin kimi dərk etməyənə qədər səsim gəlməyəcək.
TORPAQ
Anamızın anası, torpaq! Babalarımızın qəbir evi, müqəddəs əmanəti torpaq!
Balalarımızın ban evi, igidlərin dəyanəti, torpaq!
Nəvələrimizin ruzi payı, sabahı, səadəti, torpaq!
Səndən yaranıb, sənə döndüyümüz, varlığı ilə öyündüyümüz,
Üstündə gəzməyə başlayanda söyündüyümüz, torpaq!
Sinəsində min möcüzə bitirən, haramlığı, murdarlığı özünə çəkib itirən,
Bütün canlılara bərəkət gətirən, torpaq! Babamın can əmanəti torpaq!
İSTƏRƏM
Qara kösöv kimi ocağında yanmaq istərəm...
Dağlarımızın üstü ilə uçan qərib
durnaların bir lələyi olub, doğma torpaqlarımıza düşmək istərəm...
Axan çaylarında bir damla su, zirvələrində bir ovuc qar olmaq istərəm...
Göy otunla göyərrəm, ağaclarında tumurcuqlarınla bir yerdə açaram, Günəş kimi şölə saçaram, bircə sənə qayıda biləm, doğma el-obam mənim...
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
"Yüz ilin tənhalığı" romanını necə yazdığımı deyəndə görərsən ki, Mersedesə nə qədər borcluyam...” MARKESİN MÜSAHİBƏSİ
Qarsia Markesin kubalı jurnalist Manuel Pereyra ilə 1979-cu il fevralın 2-də "Bohemia" jurnalında dərc olunan müsahibəsini Daycest bölümündə sizlərə təqdim edirik. Tərcümə Malik Atilaya məxsusdur.
- Təxminən bir il əvvəl eşitdim ki, yazıçı yazmağa başlayanda cəsarətli olmalı və qarşısına aydın məqsəd qoymalıdır: Servantesdən, Lope de Veqadan, Kevedodan daha yaxşı yazmalıyam. Bu tezisi daha çox inkişaf etdirə bilərsiniz?
- Düşünürəm ki, yazıçı sənətində təvazökarlıq artıq bir məziyyətdir. Çünki təvazökar yazmaq fikrindəsənsə, o zaman təvazökar yazıçı olaraq qalacaqsan. Buna görə də, özünüzü dünyanın bütün ambisiyaları ilə silahlandırmaq və qarşınıza böyük nümunələr qoymaq lazımdır. Sonda böyük modellərdən yazmağı öyrənmək - mənim üçün bu Sofokldur, Dostoyevskidir... Və əgər belədirsə, niyə bu böyük sənətkarlardan daha pis yazmağa çalışırsan?
- Beləliklə, siz Regis Debranın bir müsahibəsində dediyi ilə razılaşırsınız, nümunələr məhv edilənə qədər onlarla mübarizə aparır...
- Bu, həmişə düşündüyüm şeydir. Ona görə də insanlar mənə Folkner haqqında danışanda bildirirəm ki, məqsədim Folkneri təqlid etmək deyil, onu "bitirməkdi".
- Bəs Servantes?
- Xeyr, Servantesin mənə təsir etdiyini düşünmürəm.
- Bəs Müqəddəs Kitab haqqında?
- İncil - bəli. İncil hekayələrində olan hər şey danılmazdır. Siz başa düşürsünüz ki, Müqəddəs Kitab heç nədən qorxmur?
- Və utanmır.
- Doğru! Müqəddəs Kitab hər şeyi edə bilər. Əhdi-Ətiqdə hər şey mümkündür. Orada qətiyyən qorxacaq bir şey yoxdur. Tutaq ki, İncil bir müəllif tərəfindən yazılmışdır - bu mövzunun "təvazökarlığı"nı təsəvvür edə bilərsinizmi! Axı bu mövzu, kim olursa-olsun, Allahın yaratdığına inandığı dünyadan daha yaxşı bir dünya yaratmaq üçün yola çıxıb. Beləliklə, burada böyük rəqabət var idi.
- Heç əsərlərinizi müsabiqəyə göndərmisiniz?
- İştirak etdiyim iki müsabiqə barədə danışım?
- Danışın!
- Birincisi, "Şənbədən sonrakı gün" adlı hekayə ilə baş verdi. 1954-cü ildə Kolumbiyada ən yaxşı hekayə üçün milli müsabiqə elan edildi və görünür, onun iştirakçılarının səviyyəsi o qədər acınacaqlı idi ki, kiminsə ən azı bir az daha yaxşı bir şeyə sahib olub-olmadığını araşdırmağa başladılar ki, birtəhər səviyyəni yüksəltsinlər. Sonra bir dostum yanıma gəldi və dedi: "Budur, ən asan iş: sən hər hansı bir şey təklif edirsən və sənə mükafat verirlər, çünki bu yarışmada hər şey çox pisdir və biz onu belə buraxmaq istəmirik." Hekayəmi təqdim etdim və qalib gəldim.
- Yaxşı, bəs ikinci dəfə?
- Digər insident, "An Unkind Hour" ilə baş verdi. Bu, Parisdə yazmağa başladığım, lakin süjet haqqında kifayət qədər aydın təsəvvürüm olmadığı üçün işi yarımçıq qoyduğum bir kitabdır. 1958-ci ildə mən Karakasa uçdum və orada işləməyə davam etdim. Bu arada mən artıq "Polkovnikə məktub yoxdur" hekayəsini yazmışdım - heç şübhəsiz ki, ən yaxşı əsərim hesab edirəm. Daha çox deyəcəyəm və bunlar boş sözlər deyil: "Yüz ilin tənhalığı"nı yazmalı oldum ki, insanlar "Polkovnikə məktub yoxdur" oxusunlar. Bu hekayə, sadəcə, uğursuz oldu. Beləliklə, "Şər saatı" parça-parça yazdım və Avropadan Karakasa qayıdanda bu əlyazmanı gətirdim, bükdüm və qalstukla bağladım. Düşünürəm ki, bu mənim sonuncu qalstukum idi və o vaxtdan bəri qalstuk taxmamışam. O vaxt Mersedeslə evləndim və o, evi yığışdırmağa başlayanda qalstukla bağlanmış bu kağız rulonu çıxarıb soruşdu: "Bu nədir?" Mən ona cavab verdim ki, bu bir romandır, amma xoşuma gəlmədi: ən yaxşısı, onu atıb bir daha xatırlamamaq idi - indi qarşımda başqa perspektivlər açılmışdı. Latın Amerikasına qayıdaraq, mən Karakasda Karib dənizinin nəfəsini hiss etməyə başladım... və Kuba artıq partlamağa hazırlaşırdı. Mersedes bir dəqiqə düşünüb, "yox" dedi və paketi olduğu yerdə qoyub getdi.
- Beləliklə, biz bu romanı Mercedesə borcluyuq...
- Praktiki olaraq bütün romanlarımı Mersedesə borcluyuq. "Yüz ilin tənhalığı" romanını necə yazdığımı deyəndə, görərsən ki, Mersedesə nə qədər borcluyam. 1961-1962-ci illərdə Mexikoda yaşayanda dostum yenə gəlib mənə ilk dəfə olduğu kimi, sözün əsl mənasında, eyni şeyi dedi: "İndi Kolumbiyada milli ədəbi müsabiqə keçirilir; ona təqdim edilən hər şey tamamilə cəfəngiyyatdır, ona görə də əlində olan hər hansı bir şeyi göndərsən, qalib gələcəksən. Mercedesdən qalstukla bağlanan əlyazmam haqqında soruşdum. Onu çıxartdı. Əlyazmanın başlığı yox idi və mən ona başlıq verdim: "Adsız". Müsabiqəyə təqdim edərək yenidən qalib oldum. Yaxşı yadımdadır ki, üç min dollar idi və onu aldığım gün Mersedesin ikinci oğlumu dünyaya gətirdiyi klinikada qalmasının pulunu ödəməli oldum.
- Yazanda yazdıqlarınızı kiməsə oxumaq üçün vermək vərdişiniz varmı?
- Heç vaxt. Bir məktub da yazılmayıb. Çünki mən inanıram ki, ədəbiyyat ictimai məhsuldursa, ədəbi əsər tamamilə fərdi və üstəlik, dünyada ən tənha fəaliyyətdir. Yazdıqlarınızı yazmağa heç kim kömək edə bilməz. Burada sən tamamilə təksən, müdafiəsizsən, sanki dənizin ortasında batmış gəmi. Əgər sən bunu oxuyaraq kiməsə hansı istiqamətə getməli olduğunu söyləmək üçün kömək gözləyirsənsə, bu səni çaşdıra bilər, səni çox incidə bilər, çünki yazarkən heç kim sənin beynində nə olduğunu bilmir.
- Həmişə elektrik yazı makinasında olursunuz?
- Bəli, çünki bir dəfə başlasan, öyrəşirsən ki, siz artıq başqa cür işləyə bilməzsiniz. Mexaniki çətinliklər yazılanlarla yazan arasında maneə yaradır. Elektrik maşını bu maneəni o dərəcədə aradan qaldırır ki, siz, sadəcə olaraq fərqinə varmırsınız.
- Sizcə, adi bir yazı maşınının düymələrinə basmaqdansa, barmaqlarınızın ucu ilə elektrik makinasının düymələrinə toxunmaq daha yaxşıdır?
- Əlbəttə. Mən elektrik makinasında işləməkdən qorxan bir çox yazıçı tanıyıram. Xüsusilə, ona görə ki, - fürsətdən istifadə edib sizə bunu deyim, - hələ də romantik bir mif var ki, yazıçı və ümumiyyətlə, sənətkar çox bədbəxt olmalı, yaratmaq üçün ac olmalıdır. Tam əksinə! İnanıram ki, insan ən yaxşı şəraitdə daha yaxşı yaza bilər və ac qalanda aclıq yaşamayandan daha yaxşı yazacağınız doğru deyil. Bütün bunlar ona görədir ki, rəssamlar və yazıçılar o qədər acdırlar ki, aclıq onlara zəruri şərt kimi görünür - amma şübhəsiz ki, acqarına deyil, elektrik makinasının köməyi ilə yazmaq daha yaxşıdır. Bilirsinizmi: romantik mif bir şeydir, amma müasir yazıçıların yadda saxlamalı olduğu başqa bir şey var. Çox gənc olanda səndən bulaq fışqıran kimi yazırsan, amma getdikcə azalır yazmaq bacarığın. Əgər gənc yaşda sənətkarlığın müəyyən üsullarını öyrənməsəniz, sonradan bu qabiliyyət itəndə, texnikaları mənimsəmədən artıq yaza bilməyəcəksiniz. Artıq fışqırmadığınız zaman texnikalar çox kömək edir. Yadımdadır, qəzetdə işləyəndə reportajlar, redaksiya məqalələri və hər cür qeydlər yazırdım, işi bitirdikdən sonra gecə yarısına qədər qalıb yazırdım, bəzən bir nəfəsdə hekayə çıxırdı. Vaxt keçdikcə, indi, bütün iş günündən sonra, adətən növbəti gün təkrar etdiyim yaxşı bir abzas yazsam, özümü şanslı hesab edirəm.
- Sənətkarlığın texnikası ilə bağlı bu söhbət bizi bir vaxtlar Heminqueyin "ədəbi emalatxanası" haqqında dediklərinizə yaxınlaşdırır...
- Düşünürəm ki, Heminquey yaxşı romançı olmasa da, böyük hekayələrin müəllifidir. Onun yaxşı qurulmuş romanları yoxdur: romanları "axsayır". Əksinə, onun hər hansı hekayəsi bu janrda əsərin necə olması lazım olduğuna bir nümunədir. Amma bilirsiniz, Heminqueydə ən çox sevdiyim şey onun romanları, hətta hekayələri deyil, onun verdiyi məsləhətlər, yazıda etdiyi kəşflərdir.
- Kəşflər?
- Dəqiq: üslub və ya ədəbi siyasət dərsləri deyil, ədəbi texnika və üsul dərsləri verir. Bəlkə də bunda mənfi bir şey var: onun texnikası çox şüurlu idi. Amma onun verdiyi məsləhət ən yaxşısıdır. Onlardan biri - aysberqlə bağlı deyir ki, çox sadə görünən hekayə kənardan görünənlərə deyil, onun arxasında gizlənən hər şeyə, yəni öyrənilən hər şeyin həcminə, nəhəngə söykənir. Qısa hekayə yazmaq üçün lazım olan material miqdarı. Bu, aysberqdir: gördüyümüz buz bloku o qədər böyükdür; və buna baxmayaraq o, kütlənin yalnız səkkizdə birini təşkil edir. Birincisi, bu, həqiqətən də, belədir, ikincisi, gənc yazarların bundan ən geniş nəticə çıxara bilmələri çox vacibdir, çünki yaxşı ədəbiyyat yaratmaq (fövqəladə bir dahi birdən-birə meydana çıxan müstəsna hal istisna olmaqla) qətiyyən mümkün deyildir. Yaradıcılıq mədəniyyətinə nifrət etmək, kortəbiiliyə, ilhama inanmaq meyli var. Həqiqət budur ki, ədəbiyyat mənimsənilməli bir elmdir, bu gün yazılan hər hekayənin arxasında on min illik ədəbi inkişaf dayanır; və bu ədəbiyyatı anlamaq üçün burada təvazökarlıq və hörmət lazımdır. Yazıya mane olan bütün bu təvazökarlıq bütün ədəbiyyatı öyrənmək və on min il bundan əvvəl edilənin nə qədər böyük olduğunu görmək üçün lazımdır ki, bizim yaşımızın neçə olduğunu, dünyanın hansı nöqtəsində olduğunu bilək.
- Bəs onun dildən istifadə etməsi necədir?
- Bilmirəm, çünki Heminqueyi tərcümədə oxudum.
- Bəs sizcə, ispan ədəbiyyatını rədd etmək olar?
- Bunu rədd etmək olmaz, çünki ədəbiyyatı inkar etməyin mənası yoxdur, bu, insanlığın irsidir, onun arxasında on min il dayanıb. İndi siz burada çox danışmadığım ispan ədəbiyyatını qeyd etdiyinizə görə deyim ki, ispan romanının böyük həvəskarı deyiləm. Əgər, əlbəttə ki, Servantesdən və Pikaresk romanından danışırıqsa, onda mübahisə yoxdur. Bu, möhtəşəm ispan romanıdır. Bir yazıçı kimi, mənim üçün Servantesdən daha maraqlısı çox az xatırlanan kiçik bir kitabın müəllifidir - Tormesli Lazarillo. Daxili monoloq (yeni romanda inqilab etdiyi güman edilir) Coysa aid edilir və Coys dünya ədəbiyyatının abidəsidir. Heç kim Coysun daxili monoloqda nail olduğu virtuozluq və effektivliyin zirvələri ilə mübahisə etmir. Mən, şəxsən, Virciniya Vulfun daxili monoloqdan istifadəsini Coysunkindən üstün tuturam - onların hər ikisi eyni illərdə o qədər işləyiblər ki, onu ilk kimin istifadə etdiyini müəyyən etmək çətindir. Ancaq ilk dəfə olaraq Coys və ya Virciniya Vulfdakı kimi qəsdən və qəti şəkildə həlli olmayan daxili monoloqu Tormesli Lazarilloda görürük. "Lazarillo"nun müəllifi süjet şəraitinə görə - söhbət görmə qabiliyyətinə malik yaramazı ələ keçirməyə çalışan kor adamdan getdiyi üçün - bu kor adamın düşüncələrinin gedişatını oxucuya açıqlamalı olur. Və onun tapdığı yeganə çıxış yolu hələ mövcud olmayan, bu gün daxili monoloq deyilən bir şeyi icad etmək idi. Bunu ona görə deyirəm ki, bizim dövrümüzdə romanı ciddi şəkildə yazmağın nə qədər çətin, demək olar ki, qeyri-mümkün olduğunu başa düşəsiniz. İspan ədəbiyyatında, ilk növbədə, şeiri bilməlisən. Əsasən, formalaşmağımı ona borcluyam. Mən ədəbiyyata şeir vasitəsilə maraq göstərmişəm. Mən sizə daha çox deyim, pis şeir sayəsində, çünki pis şeirdən başqa yaxşı şeirə yüksəlmək mümkün deyil. Remboya, Valeriyə yaxınlaşa bilməzsən.
- Köhnə günlərdə siz Gözəl Remediosun yüksəliş epizodundan bəhs edirdiniz və mən elə bilirdim ki, siz ədəbiyyatın sirrinin özəyini ifşa edəcəksiniz, bu da nəhayət, poeziyaya çatır. Bütün deyilənlərdən belə nəticə çıxır ki, siz təxəyyüldən çox, müşahidəyə güvənirsiniz.
- Məsələ ondadır. Qarsia Markesin təxəyyülü haqqında deyilənlərin hamısına çox yüngül inanmamalıyıq və mənim dediklərim də bir qədər şişirdilmişdir. Düşünürəm ki, bu bədnam təxəyyül reallığı yaradıcı şəkildə emal etmək üçün spesifik (və ya qeyri-spesifik) qabiliyyətdən başqa bir şey deyil, dəqiq reallıqdır.
- Yazdığınız hər şeyin reallıqda əsası olduğunu və onu sətir-sətir nümayiş etdirə biləcəyinizi demişdiz. Bir misal çəkmək istərdinizmi?
- Yazdığım hər şeyin reallıqda əsası var, çünki yoxsa, fantaziyadır, fantaziya isə Uolt Disneydir. Və bu məni maraqlandırmır. Əgər məndə bir qram fantaziya tapsalar, utanaram. Heç bir kitabımda fantaziya yoxdur. Budur, Maurisio Babiloniyanın sarı kəpənəkləri ilə "Yüz ilin tənhalığı" filmindəki məşhur epizod: "Nə fantaziyadır!" Lənət olsun, fantaziya yox, belə bir şey yoxdur! Altı yaşım olanda Arakatakadakı evimizə bir çilingərin necə gəldiyini çox yaxşı xatırlayıram və mənə elə gəlir ki, indi də nənəmi o axşam ağ kəpənəkdən qorxduğu zaman görürəm... Bunlar sirlərdir ki, izah edilməlidir.
- Niyə izah edilməməlidir?
- Çünki sirri açmaq olmaz; amma necə olursa-olsun, sirr daha da dərinləşir! Bir sehrbaz sizə: "Yumurta buradan götürülüb və əsas odur ki, məndə ipə asılmış vəziyyətdə var" deyəndə və bunun necə olduğunu izah edəndə, hər şey sehrli olduğundan daha çox sirli olur. Çünki sehr daha asandırsa, lakin məharətli saxtakarlıqdan və əl cəldliyindən istifadə edildikdə, bu, istənilən sehrdən qat-qat çətindir və buna görə də heç bir ifşa məni qorxutmur. Nənəm cır-cındır yelləyir, ağ kəpənəyi qorxudurdu və mən onun deyindiyini eşidirdim: "Lənət olsun! Mən bu kəpənəyi qova bilmirəm. Hər dəfə baxıcı gələndə evə uçur". Və əbədi olaraq mənimlə qalmışdı. İndi ədəbi emaldan keçəndən sonra görürsən, nə baş verib. Amma sizə bir şeyi daha demək istəyirəm. Əvvəlcə, kəpənəklər əslində olduğu kimi ağ idi və mən özüm buna inana bilmədim. Onları saraltmaqla mən buna inandım və yəqin hamı inandı. Beləliklə, özünüzə qeyd edin, sizə söylədiyim real hekayədən kəpənəyin rənginə qədər atılan addım onun kitabda ədəbi istirahətinə doğru bir addımdır. Və bu, poetikdən başqa heç bir şəkildə həyata keçirilə bilməz.
Eyni şey, əvvəlcə, cənnətə belə yüksəlməməli olan, lakin Rebeka və Amaranta ilə qalereyada tikmə tikmələri lazım olan Gözəl Remediosun göyə qalxması epizodu ilə də baş verib. Sonra onun cənnətə, bədənə və ruha yüksələcəyinə qərar verdim. Fakt budur ki, nəvəsi sübh çağı evdən qaçan başqa bir xanımı xatırladım və nəvəsinin qaçmasından utanaraq cənnətə qalxdığını qışqırmağa başladı. O, bu barədə hər kəsə danışsa da, ona gülsələr də, gördüyü parlaqlıqdan və digər bu kimi şeylərdən danışdılar. Və o da dedi ki, əgər Məryəm cənnətə qalxıbsa, niyə onun nəvəsi qalxmasın?! Bir yazıçı kimi romanı yazarkən bütün bunları xatırladım. Əgər Məryəm mifinin ədəbi nəticəsi onun bədəni və ruhu ilə cənnətə yüksəlməsidirsə, niyə qəhrəmanımın hekayəsində eyni ədəbi nəticə ola bilməz? Sonra oturub yazmağa başladım, amma belə bir nəticəyə gəlmək başqa, ədəbi yazıb sübut etmək başqa şeydir ki, oxucu sizə inansın. Ancaq onu yüksəltmək üçün heç bir yol yox idi. Anladım ki, onu yüksəltməyin yeganə yolu şeirə müraciət etməkdir. Onu cənnətə necə ucaldacağımı düşünüb həyətə çıxdım, güclü külək əsdi, evdə camaşırxana ilə məşğul olan bir qadın çarşafları asmağa çalışırdı: paltar sancaqları ilə onları tutsa da, çarşaflar uçurdu. Sonra mən ona çarşafları yığmağa kömək etdim və Gözəl Remediosun ruhu və bədəni cənnətə yüksəlməsi hekayəsində mən bu vərəqlərdən istifadə etdim - o, qalxdı, havaya qalxdı və heç bir maneə yox idi.
- Və onu saxlaya biləcək Tanrı yox idi!..
- Onu saxlaya biləcək Allah yox idi - axı sən gəminin yelkənini tuta bilməzsən və məncə, sən onun necə dalğalandığını aydın göstərə bilərsən...
- Əgər sirlərdən danışırıqsa, bütövlükdə ədəbiyyatda və incəsənətdə ən fenomenal hadisələrin baş verdiyi və Avropa sürrealizminin soyuqda qaldığı Karib dənizi adlanan dünyanın o ərazisinin sirri, sizcə, nədir?
- Mən Karib dənizini ada-ada yaxşı öyrənmişəm. Yeri gəlmişkən, eyni şey Braziliyada da olur. Sizin danışdığınız Karib dənizinin elə tarixində, dəniz quldurlarının taleyində - isveç, holland, ingilis - sinkretizmdə, bizi fərqləndirən zənci inqrediyentində var. Karib dənizində yaranan insan sintezi fantastik həddə çatır. Mən Martinikdə böyük yaşıl gözləri və başında qızıl yaylıq olan bal rəngli bir qadın gördüm və onun kimi birini xatırlamıram. Kurakaoda qaradərililərin ingilislərlə qarışdığını gördüm..
- Bəs Braziliya?
- Braziliyanın təbii yaşayış yeri Karib hövzəsidir.
- Onda onun xəritədəki yerini dəyişmək lazım gələrmi?
- Pis fikir deyil, onu dəyişdirməliyik... Qulaq as, bu Karib probleminin nə olduğunu bilirsənmi? Fakt budur ki, buraya gələn hər kəs Avropada edə bilmədiklərini burada etmək istəyirdi və bu, tarixi nəticələrə səbəb olmalı idi. Dəniz quldurları - bir misalla məhdudlaşaq - Yeni Orleanda bir opera evi var idi və almazdan hazırlanmış dişləri olan qadınlarını ora apardılar. Belə israfçılığı təsəvvür edə bilərsinizmi? Həmişə müşahidə etdiyim, lakin ilk dəfə danışmağa cəsarət etdiyim Karib dənizi dünyasının başqa bir maraqlı xüsusiyyəti şeyləri bir-birindən ayıran məkandır. Karib dənizini dünyanın qalan hissəsindən fərqləndirən budur: kosmosun qəzəbidir...
- Son bir sual: detektiv fantastika haqqında nə düşünürsünüz?
- Ortaya qədər mənə əla görünürlər. Onlarda əsas şey oyundur: bükmək və açmaq. Qıvrılanda əladır, amma açılanda məyus olur. Parlaq detektiv Sofoklun Edip Reksidir, çünki orada cinayəti araşdıran şəxs qatilin özü olduğunu aşkar edir: bu, əvvəllər heç vaxt olmamışdı. Edipdən sonra - Çarlz Dikkens tərəfindən Edwin Droodun sirri, çünki Dikkens kitabı bitirmədən öldü və heç kim qatilin kim olduğunu öyrənə bilmədi. Detektiv romanının yeganə pis cəhəti odur ki, o sizə heç bir sirr qoymur. Bu, sirri üzə çıxarmaq və məhv etmək üçün yaradılmış ədəbiyyatdır. Amma əyləncə kimi əladır. Yeri gəlmişkən, mən həmişə detektivdən çox, qatilin tərəfindəyəm, çünki uduzmalı olanın o olduğunu əvvəlcədən bilirəm.
- Roman yazmayacağınız doğrudurmu?
- Daha romanlar üçün mövzum yoxdur. Yenidən onlara sahib olanda nə gözəl gün olacaq!
Şəkildə: Qabriel Qarsia Markes həyat yoldaşı Mersedeslə
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Pişik Jozefina
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Sənə hələ heç kəs deməyib ki, sən qorxuncsan?
-Yox.
-Qorxudan demirlər.
2.
“40 yaşlı arvadımı iki 20 yaşlı qıza dəyişirəm” elanını yazıb “Lalafo” da yerləşdirən kişiyə bir təklif gəldi: “35 yaşlı arvad 5 yaşlı uşağıyla”.
3.
Qum saatlarının qanunu: əgər saatı çevirməyi unutmusunuz və qum da əvvəlki təki tökülürsə, demək, qocalıq gəlib.
4.
29 fevral ruslarda xalq günüdür. Zarafatsevər ruslar bunu ona görə belə deyirlər ki, hakimiyyət xalqın problemləri barədə 29 fevral günü təqvimdə görsənən qədər düşünür.
5.
Ən uyğun an ən uyğun olmayan vaxtda gəlir.
6.
Alma gətir bir yeşik,
Ay pişik!
Bu fransız Jan Pejinin pişiyi Jozefinaya komandasıdır. Ağıllı pişik hər bir işi görür, hətta paltar da ütləyir.
(Qapaq fotosuna bax)
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
“Saatımız köklənib həqiqətin vaxtına” - Fərqanə Səfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirləri ilə tanışlığı davam etdirir. Bu gün oxuculara gənc müəllifin 3 şeirini təqdim edəcəyik.
CƏZALI QƏZA
Ömrümü qoymuşam atın belinə,
Yüyənini tuta bilmirəm
Amma.
Çalışıram ayaq-ayağa verim,
Nə edirəm, çata bilmirəm
Amma...
Bu at keçib zamanımın üstündən -
Həm yorğası,
Həm dördnalı cəzadı.
Hərdən dizləri üstə dincəlməyi,
Yatmış arzularım üçün qəzadı...
Bu qəzamla hüzuruna gəlmişəm,
Ey Allahım, babalımı de,
Bilim.
Mən qulunam, bəlkə tərsə dönmüşəm -
Tərs haramdı,
Halalımı de, bilim.
GUYA Kİ...
Bismillahla keçib arxın üstündən
Ağırlığı suya atdıq
Guya ki.
Yağışa küləyin göz yaşı deyib
Ah-vayına çətir tutduq
Guya ki...
Bir gün ölüm mələk üzlə gələcək,
Qorxu çəkdik sabahadək
Guya ki?
Yorğan tapıb uzatdıq savabların
Ayaqların günahadək
Guya ki...
GERÇƏK ADAMLAR
Biz gerçək adamlarıq:
Hərə bir cür anlayır
Dünyanın qərib üzün -
Fitvasına bağlayıb
Gecəsin, həm gündüzün.
Biz gerçək adamlarıq:
Həqiqətdən güc aldıq,
Yalanla yoğrulmadıq -
Dünyanın daş yerinə
Boş yerə doğulmadıq.
Biz gerçək adamlarıq:
Nəfsimizin halına
Haqqımızla yanırıq -
Bircə addım geridə
Səbirlə dayanırıq.
Biz gerçək adamlarıq:
Gülümüzdə arılar
Şəfqətini anlayır -
Bal yığa bilməyəndə
Pətəyini danlayır.
Biz gerçək adamlarıq:
Saatımız köklənib
Həqiqətin vaxtına -
Yovşan kök üstə bitir
Hər yoncanın baxtına.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
“Andrey Rublyov” - Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 2-cisi
“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir.
Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.
1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.
Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.
Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.
Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.
“Andrey Rublyov" (1966), Andrey Tarkovski
Filmdə hadisələr XV əsrdə tatarların hücumlarına məruz qalan Rusiyada baş verir. Andrey Rublyov həm rahib, həm də ikona rəssamıdır. Barbarlıqdan, zorakılıqdan, qandan fərqli olaraq təbiətin möcüzəvi gözəlliyi və inanc Rublyovun qida mənbəyidir. Ancaq bir kənd qızını zorlanmaqdan xilas etmək üçün bir adam öldürməli olanda həyatını və Allaha olan inancını yenidən sorğulayır.
Şəkildə: Filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Məzarsız yeddi şəhid anıldı
Lalə İsmayıl, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü - “Ədəbiyyat və incəsənət” üçün
Ötən gün - 29 fevral 2024-cü il tarixində Bakı şəhəri, Qarabağ rayonu, şəhid Elxan İsmayilov adına 253 nömrəli məktəbin 8c sinif şagirdləri, sinfin rəhbəri Sevinc Əliyevanın zəhməti və Əsmər İsmayılovanın təşkilatçılığı ilə MəzarSız Yeddi Şəhid Polisimizin: İsmayıl Barat oğlu İsmayılovun, Elşad Əvəz oğlu Nərimanovun, Möhlət Bəhmən oğlu İsmayılovun, İlham İmamqulu oğlu Quliyevin, Aqil Mehralı oğlu Quliyevin, Sabir Əziz oğlu Paşayevin, Fazil Arif oğlu Bəşirovun xatirəsinə “Unutmadıq” adlı tədbir təşkil etmişdilər.
Tədbirdə şagirdlərin ifasında şeirlər söyləndi, mahnılar səsləndi, səhnəciklər göstərildi.
Şagirdlərdən Abdullazadə Bahar, Ağayev Rafiq, Cəfərova Zümrüd, Əkbərli Xədicə, Əsgərova Banu, Əsgəri Saleh, Fəzliyeva Nuray, Gülverdiyeva Zəhra, Heydərova Ayşə, Hümbətzadə Zərifə, Hümmətova Ülkər, Hüseynli Aydan, İsgəndərli Ömər, Quliyev Ömər, Məmmədzadə Məhəmməd, Nəbili Xəzər, Nəbizadə Banu, Seyidova Ayan, Sultanlı Ayan, Süleymanov Məhəmməd, Tağıyeva Xədicə, Tarverdili Emil, Verdiyev Hüseyn, Vəliyeva Sədaqət səhnədə tam qüsursuz çıxışları ilə qonaqları heyrətləndirərək, onlara duyğulu anılar yaşatdılar.
Tədbirdə Türkiyəli şair polis Cahit Günayın yeddi şəhid polisimizin adına yazdığı "Bayraq Oldu", "MəzarSızlar" adlı şeirləri səsləndi, İbrahim Cankardeşlerin ifasında Lalə İsmayılın sözlərinə "Durnalar" adlı türkü dinləndi, Zəminə Cavadlının şeiri oxundu. Şəhidlərimiz haqqında qısa şəkildə də olsa məlumat verildi, onların son döyüş kadrları izləndi. Tədbirin ən kiçik iştirakçısı, məktəbin birinci sinif şagirdi Mehrac Dünyamalıyev Rafayıl Baratoğlunun "Dəlinə Qurban, Vətən” adlı şeirini söylədi.
Tədbirdə şəhidlərimizin ailə üzvlərindən Gülüzə İbadova, Bikəxanım Quliyeva, Gülnarə Quliyeva, Rafayıl İsmayılov, Mürvət Qocayev, Tamaşa Quliyeva, məktəbin adını daşıyan şəhid Elxan İsmayilovun bacısı Nailə İsmayılova iştirak edirdilər. Və yüksək səviyyədə təşkil olunmuş tədbirdən məmnun olduqlarını bildirdilər.
Şəhid Polislərimizin məslək və döyüş yoldaşı Süleyman Rəhimov silahdaşları haqqında ürək sözlərini məktəblilərlə paylaşaraq, Vətən uğrunda can fəda etmiş qəhrəman polislərimizin bir rayonun əhalisinin sağ qalma səbəbi olduğunu vurğuladı.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlının alovlu çıxışı hər kəsin ürəyincə oldu.
Tədbirin sonunda məktəbin direktoru Arus Niftəliyeva öz çıxışında “Biz ömrümüzü şəhidlərimizə borcluyuq” deyərək, bu məsuliyyətli və layiqincə yerinə yetirilmiş tədbirin təşkilatçılarına, Sevinc Əliyeva, Əsmər İsmayılova və səhnəni ələ alıb, tamaşaçıların ürəklərini fəth edən balalara təşəkkürünü bildirdi.
Mən də Lalə İsmayıl olaraq, yeddi şəhid polisimizin bacısı kimi, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Ayşət xanıma öz minnətdarlığımı bildirirəm, maraqlı, nöqsansız, gərəkli görüşü təşkil edənlərə, bu görüşə zaman ayırıb iştirak edən hər kəsə təşəkkür edirəm, vətənə, millətə, dövlətə sevgi ailələrdən başlayıb, məktəblərdə böyüyür deyirəm.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Sazlı, sözlü kəlağayı Mədəniyyət və İncəsənət Universitetində
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün maddi-mənəvi dəyərlərimizdən olan kəlağayı təbliğ olunmaqdadır. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Ev Muzeyi” yarandığı gündən Respublikamızın müxtəlif bölgələrində, eləcə də ali və orta ixtisas məktəblərində ədəbi-bədii gecələr keçirir, kəlağayını daim diqqət mərkəzində saxlayır.
Bu barədə biz də vaxtaşırı yazılar vermişik, 2023-cü ildə İctimai Birliyin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ərazilərində keçirilən “Sazlı Sözlü Kəlağayı Günləri” uğurla həyata keçirildi.
2024 cü ildə ilin başlanğıcından Elm və Təhsil Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsi çərçivəsində belə tədbirlər davam etməkdədir.
Yanvarın 29-da, Kəlağayı Muzeyində, fevralın 22-də Bakı Dövlət Universitetində (BDU), davamı isə 28 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi və Universitetlərin birgə təşkilatçılığı ilə yaddaqalan tədbirlər keçirildi.
ADMİU-dakı tədbir barədə ətraflı danışmaq istərdim. “Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir tələbə və müəllim heyətinin böyük marağına səbəb oldu. Tələbə gənclərin qədim və heç vaxt dəbdən düşməyən milli baş örpəyimiz kəlağayıya diqqəti və ehtiramı bunu deməyə əsas verir.
Tədbiri giriş sözü ilə ADMİU-nin kafedra müdiri, dosent, Əməkdar Mədəniyyət işçisi Sədaqət Əliyeva açaraq, qonaqları salamladı, belə tədbirlırin vacibliyini vurğuladı, kəlağayı haqqında geniş məlumat verdi. Sonra sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, və “Sazlı Sözlü
Kəlağayı Günləri” layihəsinin rəhbəri şair, publisist Güllü Eldar Tomarlıya verdi. Birliyin sədri tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd etdi və bu gərəkli işə dəstək olanlar təşkilat və məsul şəxslərə təşəkkür etdi. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılması, kəlağayımızın əzəlki şan -şöhrətini özünə qaytarmaqdır.
Güllü Eldar Tomarlı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 2024- cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyidir. Bu münasibətlə “Anam – kəlağaydı, kəlağay – anam” kitabı nəşr edilib.
Güllü Eldar Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verdi. Diqqətə çatdırdı ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə ''Kəlağayı Muzeyi' yaradılıb: “Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.
“Sazlı Sözlü Kəlağayı Günləri” çərçivəsində keçirilən tədbirdə Sazın Sözün Butası təşkilatının sədri, şair Səadət Buta, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva və başqaları kəlağayı haqqında maraqlı çıxışlar etdilər. Çıxışlarda gənc qızlarımızı kəlağayıdan istifadə etməyə səslədilər, kəlağayı haqqında mariflənməyə çağırış etdilər. Çünki kəlağayı təkcə baş örtüyü deyil, həm tariximiz, həm mədəniyyətimiz, həm də qız-gəlinlərimizin yaraşığıdır.
Tədbir ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü Ramin Qarayevin, aşıq Nemət Qasımlının, aşıq Ləman Mübarizqızının, Rəhimə Quliyevanın (kamança) və başqalarının ifaları məclisə xoş ovqat bəxş elədi.
Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı Elm və Təhsil Nazirliyinə, AMİU rektoru Ceyran xanım Mahmudovaya, aşıq sənəti kafedrasının rəhbəri Samirə xanım Əliyevaya və zəhməti keçən hər kəsə təşəkkür etdi.
“Sazlı Sözlü Kəlağayı Günləri' layihəsi çərçifəsində ilboyu tədbirlər keçiriləcək. Layihənin icrasının davamı 7 mart 2024-cü ildə Mingəçevir Dövlət Universitetində olacaq. Çətin, şərəfli və məsuliyyətli yolda təşkilata və layihələrə uğurlar arzulaylrıq!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Milli Məclisin Komitə sədri növbəti qəbul keçirib
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə bir qrup incəsənət xadimi, mədəniyyət işçisi və tanınmış yazıçı ilə görüşüb. Milli Məclisdə keçirilən görüşdə, incəsənət xadimləri, mədəniyyət işçiləri və yazıçılar öz yeni yaradıcılıq qayğıları, uğurları, planları ilə bağlı danışıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisdən məlumat verilib.
Əməkdar artistlər - konsertmeyster, pedaqoq Nigar Məlikova, tanınmış aktyor Çingiz Əhmədov, tanınmış yazıçı Səfər Alışarlı, bəstəkarlar - Fərahim Sadiq, Rüfət Xəlilov, rəssamlar - Saleh Mürsəlov, Emin Seyidov, tar müəllimi Ağakərim Kərimov, mədəniyyət işçisi Məlahət Vəliyeva, "Mərmərə Beynəlxalq Təhsil Mərkəzi"nin icraçı direktoru Fərid Həsənzadə, "Yaşıl Elm" platformasının rəhbərləri və b. - toplam 24 nəfərlə görüşən Fazil Mustafa, onları ətraflı dinləyib, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb. Komitə sədri onların qaldırdığı bir sıra məslələrlə bağlı müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.
Mədəniyyət Komitəsində mədəni irslə, ümumən mədəniyyət, incəsənət fəaliyyəti ilə bağlı aparılan müzakirələr, Milli Məclisdə qəbul edilən müvafiq qanunlar (yaxud qanunlara əlavə və düzəlişlər) barədə danışan Fazil Mustafa, qəbula gələnlərə Komitənin fəaliyyəti haqqında ətraflı bilgi verib.
Komitə sədri Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinə, yazarlara yüksək diqqət-qayğısını hər bir səlahiyyətli şəxs üçün örnək adlandırıb, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin təşkil etdiyi forumlara, vacib mədəniyyət layihələrinə diqqət çəkib.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)