Super User
Bir sual, bir cavab - Ruslan Dost Əli
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Məni ürəyində saxla demirəm,
vaxt gələ, görərsən ürəyin mənəm.
Harda soruşsalar: qız, haralısan?
de ki, bir oğlanın ürəyindənəm...
(Ruslan Dost Əli)
"Dərindən sevmək- özünü unutmaq deməkdir!" ( Jan Jak Russo)
Ruslan bəy- gənc şairimiz, bu fikrlə razısınızmı?
CAVAB
- Dərindən sevmək deyəndə ki, ümumiyyətlə, yüngülvari sevmək olmur. Sevgi bizim bildiyimiz, ya da bilmədiyimiz dənizlərdən, okenlardan belə dərin və bəzən də vahiməlidir. Balıq və dənizi necə düşünürüksə, insan və sevgini də elə düşünün. O sevgiyə xəyanət etmədiyin müddətcə, boğulmayacağından əmin ola bilərsən…
Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Üç gün dalbadal gözəl tamaşalar
Könül, “Ədəbiyyat və incəsənət”
Bakının ən gözəl iki məkanının - Fəvvarələr və Molokan bağlarının qonşuluğunda yerləşən bu teatr sanki elə yerləşdiyi yerlə də özünə imic yaradıb: mərkəz, kübarlıq, gözəllik…
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının mart repertuarı yenə də həmişəki kimi diqqət çəkir. Baharın gəlişi ilə daha emosional, daha hərarətli tamaşalar oynanılır sanki.
Bu gün – cümə günü sizlərə “Afina axşamları”, şənbə günü “Kişi, qadın, pəncərə... məşuq” və bazar günü “Sevgi, @ nöqtə.RU” tamaşaları təqdim ediləcək.
İndisə ayrıca hər bir tamaşa haqda danışmaq istəyirəm. Çox təəssüf ki, mən yalnız bugünkü cümə tamaşasını izləyə biləcəyəm, şənbə və bazar şəhərdə olmayacam, amma teatrın tamaşaçı kontingentinin hər üç tamaşanı izləyəcəyindən əminəm.
1 mart – “Afina axşamları”
Rus dramaturqu Petr Qladilinin ikipərdəli lirik komediyasının premyerası 2016-cı il yanvarın 17-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Pyesin süjeti bizi keçmiş zamanlara aparır, ailənin atası Boris Oleqoviçlə onun qızı, pianoçu Nataşa arasında ixtilafa toxunur. Baxışların ziddiyyətini Nataşanın nənəsi – knyaginya Rastopçina özünəməxsus tərzdə aradan qaldırır.
2 mart – “Kişi, qadın, pəncərə... məşuq”
İngilis dramaturq Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.
Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.
3 mart – “Sevgi, @ nöqtə.RU” (“Любовь, собак@Точка.RU”)
Rus dramaturq Leon Aqulyanskinin pyesi əsasında komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. Premyerası 2022-ci il noyabrın 12-də keçirilən tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Tamaşanın qəhrəmanları uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Uğurlu işgüzar qadın və tanınmış plastik cərrah. Onlar bir-biri üçün doğulmayıblarmı?
Qapaq şəklində “Afina axşamları” tamaşasından səhnə.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Ətli umac şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ətli umac şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Mal əti – 78 qr
§ Quyruq – 15 qr
§ Hazır umac – 50 qr
§ Yumurta – 40 qr
§ Soğan – 25 qr
§ Noxud ləpəsi – 30 qr
§ Təzə və ya quru alça – 10 qr
§ Cəfəri – 8 qr
§ Nanə – 8 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sirkə – 10 qr, abqora – 10 qr, meyvə turşuları – 20 qr, nar – 15 qr
HAZIRLANMASI:
Mal əti, quyruq, soğan ətçəkən maşından keçirilir, duz, istiot əlavə olunaraq, qiymə, qiymədən isə xırda küftəciklər hazırlanır. Əvvəlcədən umac edilir, qurudulur. Göyərtilər təmizlənir, yuyulur, qurudulur, xırda doğranır. Müxəşşər (noxud ləpəsi), təzə və ya quru alça yuyulur, təmizlənir.
Qazanda yağ qızdırılır, hazırlanmış küftəciklər yağda qızardılır, üzərinə işgənə və ya su əlavə olunur. Sonra ardıcıl olaraq ərzaqlar: noxud ləpəsi, alça, bişənə yaxın umac, göyərtilər, duz, istiot, ədviyyatlar, sonda isə qarışdırılaraq çalınmış yumurta əlavə olunur və bir az qaynadılır. Süfrəyə yanında sirkə, abqora, meyvə turşuları, narla verilə bilər. Qış yeməyi olmasına baxmayaraq, bütün fəsillərdə hazırlana bilər.
İrəvanda yaşamış Tərifə Kəngərlinskaya eyni nüsxəni “umac aşı” adlandırmışdı. Eyni nüsxədə təzə ət əvəzinə qovurma əti, noxud ləpəsi əvəzinə ərik qurusu, albuxara, cəfəri, nanə əvəzinə əvəlik istifadə et- mişdi. Umac aşına əti tikələr şəklində əlavə etmişdi.
Arzu Bağırova (Dərələyəz mahalı, Heşin kəndi) eyni nüsxəni “umac aşı” adlandırmışdı. Eyni nüsxədə noxud ləpəsi, alça əvəzinə maş, noxud, cəfəri, nanə əvəzinə əvəlik, ələyəz istifadə etmişdi. Xörəyə yumurta əlavə etməyib.
Tariyel Səfərəliyev (Dərələyəz mahalı, Cermuk şəhəri) eyni nüsxəni “sulu umac” adlandırmışdı. Bu nüsxədə cəfəri, nanə əvəzinə əvəlik, ələyəz, əlavə olaraq qırmızı bibər istifadə etmişdi. Xörəyə mal əti, para noxud, alça əlavə etməyib.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Xəqani Qayıblı: “Dünya söz-söz keçir məndən
Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün
Mətbuat və sosial şəbəkələr vasitəsilə şeirləri ilə tanış olsam da Xəqani Qayıblı ilə şəxsən tanış deyildik. Onunla ilk görüşümüz və tanışlığımız 29 oktyabr 2016-cı ilə təsadüf edir. Həmin gün Xəqani müəllim mənə görüşümüzdən xatirə olaraq “Yenə canım söz gəzir” şeirlər kitabını hədiyyə etmişdi. Kitabı ara-sıra varaqlayıb yaradıcılığı ilə tanış olduqca istiqanlı, vətənpərvər və dostcanlı, bir az da ərköyün bu oğlanı bir şair kimi getdikcə daha yaxından tanımağa başlayırdım...
Həmişə o fikirdə olmuşam ki, yaradıcı insanlarla, xüsusilə şairlərlə ən yaxşı ünsiyyət onların şeirləridir.
Və budur, Xəqani Qayıblının “Yenə canım söz gəzir” kitabı ilə yenidən üz-üzəyəm. Varaqlar bir-bir çevrildikcə Böyük Füzulinin 600 il bundan əvvəl bəşəriyyətə ünvanladığı, lakin bu günə qədər də cavabı axtarılan sualı yada düşür:
“Bu nə sirrdir ki, olur hər ləhzə yoxdan var söz”?
Təbii ki, əslində söz hələ təklikdə elə bir məna kəsb eləmir, hikmət deyil. Sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının qüdrəti sayəsində öz məqamına yüksəlir. Elə ona görə də Böyük Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını dəyişə bilər. Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər. Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara - şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir. Xəqani Qayıblı da bir şair kimi, Mövlanə Füzulinin həmin sualına cavab tapmağa çalışır. Kitaba “Önsöz yerinə” yazdığı bir səhfəlik yazısında deyir: ”Hər kəsin imrəndiyi bir varlıq var, mənimki Sözdür, Sözünkü mənəmmi, bunu Söz bilər.”
Xəqani Qayıblı fikirlərini davam edərək yazır: ”İstədiyi vaxt şeir yazmağı bacaranlardan üzürxahlıq eyləyib keçirəm əsas mətləbə...İstəyin başqa şey, ŞEİR yazmağın isə bambaşqa şey olduğunu, məncə, dirsəyi dizdə, canı sözdə olanlar daha gözəl bilir...Bu məqamlarda yazılan şeirin Tanrıdan Peyğəmbərlərə gələn vəhy kimi qutsal olduğu da bilinən bir gerçəklik.”
Söz dürr, varlığı dürr,
Haqqa ərənlər bilir...
Şeir vəhy kimi gəlir,
Hisslə Sözün arası.
Xəqani Qayıblının şeirləri onun kitabına “uğurlu yol” yazmış mərhum şairimiz İsa İsmayılzadənin dediyi kimi bir nəfəsə yazılmış şeirlərdir. Göydən vəhy kimi gəlir:
Zinrik-zülmət gecənin
Sübhü-Danı özgədir!
Sabaha sağ çıxmağa
Yenə canım söz gəzir.
Sübhün şəfəqlərində
Yenə itib azacam...
Sükut saçını yolur-
Yenə şeir yazacam...
Nə qədər sözdən qaçmağa çalışsa da şair olmaq Xəqani Qayıblının tale qisməti imiş, ona elə şeirləri kimi bir vəhy də gəlmişdi ki, o şaır olacaq:
Bir uşaq can atır şair görməyə...
Can atır əl çatmaz arzusu kimi.
Bir şair Ağatlı oğlana dönüb
Keçir həyatından bir yuxu kimi...
Başıma gələnlər gəlməz ağlıma
Başıma gələnlər qəfildən gələr.
Ağlıma gələnlər gəlsə başıma
Səsim yüz obadan, yüz eldən gələr...
Mən, vallah, nə vaxtsa şair olacam.
Ağlıma gələnlər başıma gəlsə!
Yazılarımın birində bir dəfə yazmışdım. Şeir də, uşaq ana bətnindən doğulan kimi doğulur. Ağrı ilə, əzabla. Belə qənaət etmək olar ki, şeir Tanrının şairlər vasitəsilə öz bəndələrinə ünvanladığı pıçıltıları-dualarıdır və ancaq şairlərin ifadə edə bildiyi hikmətdir... Şeir həm də qeyri-adi bir aləmdir. Sən onun orbitinə düşdünsə, bu orbitdən çıxa bilməyəcəksən. Çünki onun xislətində elə bir cazibə qüvvəsi var ki, səni özunə çəkməkdə davam edəcək”.
Xəqani Qayıblı “Sözün içini-dışını-YÜKÜNÜ görəndən sonra şeirdən uzaq durmağa çallışsa da, ” bu vəhylər gələndə o vədinə xilaf çıxmaqdan başqa əlacı qalmır. Bax onda Xəqani Qayıblı şeiri kağıza köçürmək yox, “quş kimi bir ağacın budağına qonub ötmək, dünyanın özündən boyat bir bayatı kimi üzünü Dan Yerinə tutub şeir demək, tənha bir ağaca, bomboş səhraya, yetim bir cocuğun gözlərinə baxıb” əzbər oxumaq istəyir:
Bu dəyirman daşına bax,
Bir gün öz dəni yandırar!
Mən dolannam söz başına,
Neylim, söz məni yandırar!
Sözə bənd olandan “Söz” onun başına “min oyun açsa “da, elə huşu tərpənəndən, ağlı kəsəndən Tanrının söz kəməndinə düşüb və bu kəmənddən qopa bilmir:
Adam var söz ondan baş alıb qaçıb,
Söz mənim yağımdır, mən əriyən şam.
Söz mənim başıma min oyun açıb
Mən sözün başına ip salmamışam.
Bəlkə də sözə yad, özgə “mən”im var
Di gəl ki, söz qoymaz özgə “mən” dinə.
Huşum tərpənəndən, ağlım kəsəndən
Düşmüşəm Tanrının söz kəməndinə.
Xəqaninin şeirlərinin energetikası var və oxuduqca onu hiss edirsən. Bir misal çəkəcəm- Etiraf şerinin bir bəndini. Oxuyub əmin olacaqsınız:
Özümü özümdən ayılda bilsəm,
Bir də o yerlərə qayıda bilsəm,
Ata evimizin daşından öpüb,
Anamın gözünün yaşından öpüb
Bir yaşın içində qardaşım oğlu,
Dünyaminin qırxıq başından öpüb,
Üzümü torpağa sürtüb qalacam...
Gəldim...
Evimizin daşından öpdüm,
Anamın gözünün yaşından öpdüm,
Dünyaminin qırxıq başından öpdüm
Üzümü torpağa sürtdüm, qalmadım.
... Mən daha bu yurdda qala bimədim-
Bu yurdun sevgisi ilahi sevgi!
Bu sərtirlər səni düşünməyə vadar edir, ruhunu yerindən oynadır, səni uzaqlara düyaya gözünü açdığın yurda, məkana, ata evinə, doğma insanların yanına aparır, kövrək xatirələr oyadır.
Qürbətdə yaşamaq Xəqani Qayıblının alın yazısı imiş. Bir vaxtlar Borçalı dağlarında yeniyetmə çağlarını yaşayan Xəqani Qayıblı heç ağlına da gəlməzdi ki, zaman gələcək ömrünün əsas hissəsini qurbətdə yaşayacaq və ən yanıqlı “qərib şeirlər” yazacaq. “Qərib şeirlər”mövzusu Xəqani Qayıblı yaradıcılıından qırmızı xətt kimi keçir. Əslində bu şeirlər taleyin qismətilə müxtəlif zamanlarda və şəraitdə qərib ölkələrə səpələnmiş, qərib şəhərlərdə yaşayan, qərib insanların qu nəğməsidir.
... Ömrümün yaddaş güzgüsü çilik-çilik
Durmuşuq üzbəsurat,
Bir mənəm, bir də
Beli qırılmış qəriblik...
Bu sətirlərin arxasında taleyini qərib ölkələrə bağlamış qərib insanların iztirabları, kədəri gizlənib. Lakin qəribliklə Vətən məhəbbəti, Vətən sevgisi arasında üzvi bir bağlılıq, bir ilahi sevgi var. Mən düşünürəm ki, vətən sevgisini ən çox yaşayanlar da vətəndən ayrı düşənlər, vətəndən uzaqda vətən həsrətilə yaşayanlar daha yaxşı biilir. Bu insanlar təkcə Vətən həsrətilə yaşamır, həm də vətəni içində yaşadırlar:
Güc almaq üçün, dizimi söykəməyə,
Lap belə son anda, rahatca uyumaq üçün
Üzümü söykəməyə,
Bir əlçim yer tapılmadı bu vətənin içində...
... Mən qürbətdə yaşadım, vətən mənim içimdə.
Ürkək ceyran kim çıxdı qarşıma,
Dünyamı təzədən yaradan gözəl.
Yaş deyir: “Xar olma ellər içində!”,
Ruh deyir: ”Yaşını yara dan”!, gözəl!
Gəl sən əsirgəmə yara zülfünü,
Titrəyən əllərim sara zülfünü!
Meh vurub oynada qara zülfünü...
Nə gözəl gürünür yara Dan gözəl!-
deyərək ənənəvi klassik aşıq poeziyasına söykənən, Aşıq Ələsgərsayasğı aşiqanə şeirlər, qoşmalar, təcnislər yazan, bu şeirləri ilə öz kökü üzərində möhkəm dayanaraq, bənzərsiz, təkrarsız, yalnız onun özünə məxsus olan poeziyasını yaradan və elə bu bənzərsiz şeirləri ilə də oxucularının qəlbini fəth edən Xəqani Qayıblı özünün dediyi kimi sətir-sətir, bənd-bənd şeirdə əriyir.
Bir karvana qoşulmuşam bələdçim-ürək
Hələ neçə cəngəlliklər keçəsiyəm mən.
Hələ neçə könülləri oxşayam gərək,
Neçə-neçə ürəklərə köçəsiyəm mən...
Və indi Xəqani Qayıblının heç özünün də xəbəri yoxdur ki, o, uzaq Estoniyada yaşamaqla bərabər həm də burda, Azərbaycanda (həm də təkcə Azərbaycanda yox) doğmalığı, şirinliyi, istiliyi və ən əsası şeirləri ilə ürəklərə köçmüşdür. Bu “köç” hələ uzun zaman davam edəcək və Xəqani Qayıblının şeirləri hələ “neçə-neçə” ürəkləri fəth edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Şuşa Teatrının mart repertuarı
Şuşa Dövlət Musiqili Dram Teatrı mart repertuarını təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənət ocağının mart repertuarı çox maraqlıdır:
1 mart - “Anamın kitabı”
2 mart - “Tənbəl dovşan”, “Ana”
3 mart - “Dovşanın ad günü”
8 mart - “Solğun çiçəklər”, “Sən həmişə mənimləsən”
9 mart - “Cırtdanın nağılı”, “Ölməz sevgi”
10 mart - “Qırmızı papaq”
15 mart - “Lənkəran xanın vəziri”
16, 17, 19, 20, 21, 22, 23, 24 mart - “Novruz şənliyi”
29 mart - “Solğun çiçəklər”
30 mart - “Nağıllar aləmində”, “Ana”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Kukla Teatrının mart repertuarı
Azərbaycan Dövlət Kukla Teatrı mart repürtuarını təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ay da teatr maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının mart repertuarını təqdim edirik:
1 mart - “Pinokkionun sərgüzəştləri”
2 mart - “Karlson”
3 mart - “Qar kraliçası”, “Qoğal”
8 mart - “Düyməcik”
9 mart - “Maşa və ayı”
10 mart - “Melisa”
15 mart - “Qırmızı papaq”, “Üç cəsur”
16 mart - “Qoğal”, “Çipollino”
17 mart - “Ağca və yeddi cırtdan”, “Düyməcik”
20 mart - “Tıq-tıq və Taq-taqın nağılı”, “Durna balığı”
21 mart - “Yeddi nar çubuğu”, “Çipollino”
22 mart - “Cırtdan”, “Üç cəsur”
23 mart - “Maşa və ayı”, “Ələddinin sehrli çırağı”
24 mart - “Qırmızı balıq”, “Durna balığı”
25 mart - “Məlikməmməd”, “Pişiyin evi”
26 mart - “Düyməcik”, “Gözəl və bədheybət”
29 mart - “Qoğal”
30 mart - “Melisa”, “Çipollino”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mart repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatr martda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının mart repertuarını təqdim edirik:
1 mart - “35 ildən sonra”
2 mart - “Çipollino”, “Don Rafaello-trombonçu”
3 mart - “Sindbad”, “Qağayı”
9 mart - “Buratinonun macəraları”, “Sərgüzəşti-Vəziri-Xani Lənkəran”
10 mart - “Möcüzəli pillələr”, “Gerçəkləşməyən arzular”
16 mart - “Qırmızı papaq”, “Antiqona”
17 mart - “Uzuncorab Pippi”, “Müsyo Jordan və Dərviş Məstəli şah”
22 mart - “Tıq-tıq xanım”
23 mart - “Göyçək Fatma”
24 mart - “Hekayəti-Xırs quldurbasan”
30 mart - “Koda adı: V.X.A”
31 mart - “İnanıram”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Musiqili Teatrın mart repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mart repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənət ocağının repertuarında maraqlı tamaşalar yer alıb:
1 mart - “Qafqazlı qardaşqızı”
2 mart - “Qırmızı papaq”, “Molla Nəsrəddinin beş arvadı”
3 mart - “Buratino”, “Mən dəyərəm min cavana”
7 mart - “Aysedora”
8 mart - “Qadınım”
9 mart - “Qoğalın macərası”, “Amerikalı kürəkən”
10 mart - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
16 və 17 mart - “Lazgi: Ruh və sevginin rəqsi”
22 mart - “Sevənlərindir dünya”
23 mart - “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun”
24 mart - “Yağış göbələyinin macərası”, “Paris Notr-Dama ithaf”
28 mart - “Utancaq qız”
29 mart - “Bəxtiyar”
30 mart - “Düyməcik”, “Beş manatlıq gəlin”
31 mart - “İki küpəgirən qarı”, “Bir nəfəs qədər”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Opera və Balet Teatrının mart repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mart repertuarını təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ay teatr maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının mart repertuarını təqdim edirik:
3 mart - “Orfey və Evridika”
6 mart - “O olmasın, bu olsun”
10 mart - “Trubadur”
12 mart - “Qu gölü”, “Qıpçaq rəqsləri”
19 mart - “Jizel”
24 mart - “Baharın səsi”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Milli Dram Teatrının mart repertuarı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mart repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ay teatr maraqlı səhnə əsərləri ilə tamaşaların görüşünə gələcək.
Belə ki, martın 9-da və 10-da “Əsrə bərabər gün”, 15-də “Şükriyyə”, 16-da “Dantenin yubileyi”, 17-də “Ah, bu uzun sevda yolu”, 29-da “Ölülər”, 30-da “Sənsiz” və ayın son günü, 31-də “Qarabağnamə” tamaşaları təqdim olunacaq.
Xüsusən, “Əsrə bərabər gün”ü hamımız səbirsizliklə gözləyirik!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)