Super User

Super User

Rəsm qalereyası.

Maral Rəhmanzadə, “Şah İsmayıl Xətai”

 

Əkbər Qoşalı

“Ədəbiyyat və incəsənət” təqdim edir

 

Azərbaycanın ilk qadın rəssamı kimdir - 

Qeysər Kaşıyeva, Reyhan Topçubaşova, 

Vəcihə Səmədova, yoxsa Maral Rəhmanzadə?

Rəhmətliklərin hər birinin özünəxas İLKi var, amma fərqli qaynaqlara baxdıqda görürük, ortaq bir qənaət yoxdur, hər biri haqqında AZƏRBAYCANIN İLK QADIN RƏSSAMI yazılır.

Qeysər Kaşıyeva - rəssamlıq təhsili almış ilk qadın rəssam;

Reyhan Topçubaşova - qadın rəssamlar arasında ilk Əməkdar incəsənət xadimi, Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət ilk sərginin təşkilatçısı;

Vəcihə Səmədova - ilk peşəkar qadın rəssam, boyakar;

Maral Rəhmanzadə - peşəkar rəssamlıq təhsili görmüş ilk qadın rəssam, qrafika ustası…

İndi bu rəhmətliklər arasından hansını ilk qadın rəssamımız olaraq qəbul etsək, daha doğru olar? 

Məncə, daha ədalətli olmaqçün Vəcihə xanım Səmədova və Maral xanım Rəhmanzadə arasında seçim etmək doğru olar. 

Yoxsa, boyakar, qrafika ustası, ali təhsil və s. üzrə bölgü apararaq, hər birini İLK saymalıyıq?

Ruhları şad olsun!

 

Şəkildə: Vəcihə Səmədova və Maral Rəhmanzadə.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Bu gün “QGallery” Bakı Rəssamlıq Qalereyasında konseptual heykəltaraş və rəssam Bütünay Haqverdiyevin “Yarımadanın gündəliyi” adlı fərdi sərgisi açılacaq. 

“Ədəbiyyat və incəsənət” portalı qalereyanın xəbərinə istinad edərək bildirir ki, Bütünay Haqverdiyevin “Yarımadanın gündəliyi” sərgisi Abşeronun sənədli xronologiyası, Abşeron kəndlərinin mənzərəsinin “fotoyaddaş”ıdır.
Gənc, istedadlı, irsi rəssam Bütünay Haqverdiyevin əl işlərini qeyri-adi enerji və emosional zənginlik fərqləndirir. Onun rəsmlərində hərə özünə məxsus olan nəyisə tapır. Azərbaycanın tanınmış təsviri sənət ustası Ucal Haqverdiyev (1960-2004) və rəssam Yelena Haqverdiyevanın oğlu sanki öz tamaşaçısını uşaqlığın anabiozuna aparır. Orada isti və sakitlikdir, irəlidə yalnız cəsarətli arzular var və adama elə gəlir ki, bu arzulara çatmaq üçün heç bir maneə yoxdur.
Bütünay Haqverdiyev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Britaniya Ali Dizayn Məktəbində oxuyub. O, bir neçə kollektiv sərgilərdə, o cümlədən 55-ci Venesiya biennalesində, eləcə də fərdi ekspozisiyalarda iştirak edib.
Sərgi dekabrın 30-dək davam edəcək.

“Ədəbiyyat və incəsənət”
(15.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Dəyərli bir kitabla ölkə boyu, addım-addım. Bu dəfə “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Göygölə rayonuna səfər etmişdi, Gəncə -Daşkəsən Regionol Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi keçirilirdi. Tədbirdə yenə də mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media və şəhid ailələrinin nümayəndələri, tələbə-gənclər iştirak edirdi. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü  Eldar Tomarlıdan tədbir barədə fikrini aldıq. Güllü xanım söylədi:

 

-Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açdım,  təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər  Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının 20 iyul, 2023-cü ildə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, sonra 5 dekabr, 2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, 8 dekabrda Sabirabadda Bayraq Muzeyində, eləcə də Bərdədə Bələdiyyə Binasında keçirildiyini  qeyd etdim.  Bildirdim ki, kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqləri, səsləndirilən fikirləri, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirləri toplanıb. Və qeyd etdim ki, kitabın növbəti təqdimatları  Ağsu rayonunda, Sumqayıt şəhərində  və digər bölgələrdə keçiriləcək. 

Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü, şair Mələk İsmayıl tədbir iştirakçılarını salamlayaraq  Ulu Öndər Heydər Əliyevin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açdı, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirdi və Ulu Öndərə həsr etdiyi şeirlərini söylədi.

Sonra Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, Göygöl rayon Təhsil sektorunun metodisti, sair, publisist Afət Qara qızı, Mərkəzləşmiş kitabxana sisteminin direktoru İntizar Əliyeva və başqaları çıxış edib kitabın Ulu Öndər haqqında yazılan çox dəyərli mənbə və nəşrlərdən biri olduğunu vurğuladılar. Qeyd edildi ki, Milli Lider Heydər Əliyev özü mədəniyyətə bağlı insan olduğu qədər də mədəniyyət işçilərinə, şair və yazıçılara, sənət adamlarına həmişə diqqət və qayğı göstərib.

Sonda təqtimat mərasimində kitabda toplanan və Milli liderə həsr olunan şeirlər  səsləndirildj, tədbir iştirakçılarına kitablar hədiyyə olundu. 

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə"  rubrikasının budəfəki sevimli qonağı  səmimiyyəti ilə qəlbləri isidən, çağdaş Ədəbiyyatımızda öz üslubu ilə seçilən Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurası başqanı, Beynəlxalq "Alaş" mükafatı laureatı, şair-publisist Əkbər Qoşalıdır.

 

-Xoş gördük, dəyərli Şairimiz. Əl-ələ tutub cavab alması üçün Sizi səbirsizliklə gözləyən suallarımızı artıq gözlətmək istəmirəm və dərhal “qamətli" bir nömrəli sualımızı görüşünüzə çağırıram.

 

1) “Bəlkə də, bir gələn var,

   Gözlərim yol çəkir, yol;

   Ölü dillər kimiyəm,

   Sözlərim yol çəkir, yol...

 

   Göy ulu, yer yağızdı,

   Hər dua bir ağızdı;

  Bu - qələm, bu - kağızdı,

  Özləri qol çəkir, qol”... 

(Ə.Qoşalı)

Dəyərli Əkbər bəy, şeir yazarkən, "Kağız və qələmin sehri böyükdür" deyib ruhunuzun pıçıltılarını qələmə söyləyirsiniz, yoxsa, deyəcəksiniz ki, "Əbülfəzqızı, indi zaman dəyişib, düymələri sıxmaqla, müasir texnika ilə yazıram"?

 

-Əbülfəzqızı, söyləşimizin “Bismillah”ını şeirlə başladığınız üçün də, bu sualınız və qarşıdakı suallarınız üçün də öncədən sizə əsənliklər diləyir, gün ağlığı arzulayıram! Bilirsiniz, şeirin hansı texnika, texniki dəstək və ya avadanlıqla yazılması, bəlkə, bir o qədər də önəm daşımır. Axı, biz qələmlə yazmağa alışıq olsaq da, qələmdən öncə lələk olub, lələkdən öncə bir başqa nəsnə olub... üstəlik, hələ “qələm” şərti adı ilə tanıdığımız əşyanın özü çox fərqli formalarda olub, necə deyərlər, inkişaf yolu keçib. Yaradıcı insanlar yazıdan öncə də olub, əlbət; əlbəttə, onlar öz hiss-həyəcanlarını şifahi olaraq bölüşüb və ağız ədəbiyyatı da belə başlayıb hər halda. Hər halda sözdən də, yazıdan da öncə səs olub – sonra sözlər səslərin, başqa sözlə, müəyyən ahəngə, ritmə malik musiqinin müşayiəti ilə dinləyicilərə çatdırılıb. “Oxu!” əmrindən öncə, “Dinlə!” olub, “Düşün!” olub, “Özün özünü dərk et!” mənəvi buyruğu olub, elə deyilmi? Uzun sözün qısası, yazı icad olub, yazanlar, oxuyanlar təsirli dərəcədə çoxalıb, yazmaq-oxumaq yayğınlaşıb ki, artıq İlahi buyruq da, “Oxu!” şəklində təcalla edib. Ancaq bu, digər mənəvi, ilahi buyruqları sıradan çıxarmayıb.

Beləliklə, bilgisayarların icadı, yazı şəklinin yeni forma və texniki məzmun qazanması da digər yazı şəkillərini tam sıradan çıxarmayacaq. Bax, Səmərqəndi, Buaxaranı ziyarətə gedərkən, əski əlifba ilə yazan, başı qaragül papaqlı xətattalara ödəniş edib, adımızı, yaxud istədiklərimizin adını yazdırmırıqmı? Yəqin, 20-30 il öncəki yazı şəkilləri də bir qədər sonra, sanki ekzotikaya çevriləcək, muzey predtmetinə dönüşəcək; ancaq insanlar ona can atacaq, onu unutmayacaq, ona yeni anlamlar yükləyərək yaşadacaq...

Sualınızdan çox uzağa düşmədən, deyim: doğrudur, son illər, əsasən bilgisayr klaviaturasına barmaq vurur, ağ ekrana qara hərflər düzür, o hərflərin ifadə etdiyi sözləri, o sözlərin şəkilləndirdiyi cümlələri, misraları bəndlərə, ağ şeirlərə, aydın hekayələrə daşıyıram; lakin hər dəfə mənə elə gəlir, tam ürəyim istəyən alınmır, enerji itkisi olur... Sanki qara qələm ağ kağıza enincə enerji itkisi çox daha az olurdu...

Nə bilim... Aşıq Veysəl demiş,

“Uzun, incə bir yoldayız,

Gediyoruz gündüz-gecə”...

 

2) “Ər odur həq yoluna baş oynaya,

    Döşəkdə ölən yigit murdar bolur”. 

(Qazi Bürhanəddin)

 Bəs Əkbər bəy qəhrəmanlığı sözlə necə təsvir edir? Qəhrəmanlığı ilə seçilənlərin hansı keyfiyyətləri onları qorxaqlardan "qırmızı xət”lə ayırır?

 

-Siz Qazi Bürhanəddindən misal gətirdiniz, mən də ATSIZdan misal çəkim. Nə təvafüqlükdür, ruhu şad ATSIZın adını onun haqqın rəhmətinə qovuşmasının 48 ildönümü günündə anmış oluruq... –

“Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də yıldızlar kimi parlayıb, sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir;

Qəhrəmanlıq: saldırıb, bir daha dönməməkdir”. –

 Bax, bu mükəmməl təsvir-təsbit qəhrəmanlığı çox yaxşı açır, mahiyyətini parlaq ifadə edir. Qəhrəmanlıq və qorxaqlığı qarşı-qarşıya qoymaq nə dərəcədə doğrudur, dəqiq bilmirəm; gəlin etiraf edək, qəhrəmanların da özünəxas qorxularının olması çox təbiidir – insanlıq halıdır – örnəyi, anasını, sevgilisini, körpə övladını, nə bilim, borclarını və s. düşünməyi anlayışla qarşılamalıyıq. Həyatdan nakam gedib, gerisində dərdli insanlar buraxacağını düşünmək insana ayıb gətirməz. Ancaq elə bir məqam, elə bir an gəlir, borclardan ən yüksəyi bütün digər borcları üstələyir, dəyərlərdən biri ən önə çıxır və sən özün-özünü ötürsən, qorxularını yenirsən. Bu məqam bizim Dövlət himnimizdə gözəl əks olunub:

“Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”!

İnsan bu dünyaya Tanrının verdiyi çox geniş hüquqlarla gəlir: yemək, yatmaq, gülmək, baxmaq, görmək, gül dərmək, qoxlamaq, danışmaq, yerimək, oxumaq, dost-qardaş olmaq, sevmək, sevilmək... və s. kimi... Dövlət Himnimizdə də, o vurğulanır ki, görün Vətən eşqi, torpaqlarını qorumaq hüququ necə böyük hadisədir ki, əsgər Tanrının verdiyi doğal hüquqlardan, bütün o gözəlliklərdən könüllü keçir... Əsgərlikdə, özəlliklə də, öncəbhədə istədiyin hüquqları dövriyyəyə daxil edə bilmirsən, əlbəttə. Elə hüquqlar var, onlar düşmənlə üz-üzə duran əsgərə xeyir yox, ziyan gətirər. Orada bir hüququ düşünürsən – Vətən hüququnu! Bu hüquq Vətənə xidmət görəvini hüquqlaşdırır, qutlayır və yalnız hüququndan keçən əsgər qəhrəman ola bilir!

 

3) “Gəl quş qonan budağıq,

   İlk iz düşən yolağıq;

  Sabahlardan sorağıq,

  Sən mənsən, mən sənəm, gəl”...

(Ə.Qoşalı)

Əkbər bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü...

Rəhmətlik Mikayıl Müşfiq:

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim”

deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...

 

4) “Zərrəcə tamahım yoxdur bu dünyanın varına,

Ruzimi verən Xudadır, qula minnət eyləməm”. 

(Nəsimi)

Əkbər bəy, heç olub ki, "tamahına əsir düşənlərə" şair qələminizlə təsir göstərib əsirlikdən azad etmisiniz?

 

-Ah, Əbülfəzqızı, ah! A günü ağ olmuş, tamah əsiri əsirliklərin ən yaramazı, ən buraxmasıdır; siz ordan qələmlə qurtuluş mümkünmü, sanırsız? Doğrusu, mən şeirlərimdə bu mövzunu işləməmişəm.

 

5) “Bu - əl, bu - göz, daha nə?

   Qalan hər şey bəhanə...

   Günəş özü göylərdə,

   Nuru, nuru yerdədi.

  Eşqdi göyə qaldırır,

 Qanada inandır...

 Sevgisizlər inanmır,

 Odu, budu... yerdədi”...

(Ə.Qoşalı)

 Əkbər bəy, ola bilməzmi ki, sevgisizlər dünənin ən güclü aşiqləri olmuş olsun?.. Bəlkə onların sevgisiz yaşayan “ölü” olmalarına səbəbkarlar, sevgi dolu qəlbləri "acımadan donduran buz adamlar"dır...

 

-Bu da ilginc bir təsbitdir – bir gənc yazarımızın qənaəti kimi diqqtəlayiqdir. Məncə, sevda, sevgi, eşq buzlaşa bilməz – o yandırar-yaxar – ya qarşısındakını ya da sahibini... Atəşdən köynək geyinmişlərin könlü buza dönə bilməz deyə düşünürəm. Elə bilirəm, sevgi və ağıl ayrı-ayrı kateqoriyalardır. Sevgisizlik isə həyatdan  nəsibini almamışlara aiddir – həm sevgi, həm ağıl baxımından. Bəlkə də, bu, necə deyərlər, üçüncü haldır. Belə olunca, daha çox, utancaqlıq gəlir ağla – bax, o da, münasibətlər sistemində özünü doğrultmamış, nə qarşıdakına, nə utananın özünə xeyir gətirməmiş bir haldır, davranışdır.

Sevgi konkret bir insana – sevgiliyə qarşı deyilsə belə, yenə sevgi vardır, əlbəttə; əlbəttə, kimsə onu büruzə verər, kimsə büruzə verə bilməz; yaxud hal əhli gərəkdir, onu duysun, onun könlündən keçənləri oxuya bilsin...

 

6) “Sözünü yaxşı bişirgil,

   Yaxşı us ilə düşürgil,

   Yaramazını şaşırgil,

  Canına оlur dağ bir söz”. 

(Xətai)

Əkbər bəy, sözün gücü nə ilə ölçülə bilər?

 

-Şah şair babamız elə həmin o “Bir söz” şeirində gərəyalısında bu suala cavab verib:

“Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı, 

Söz vardır ağulu aşı, 

Bal ilən edər yağ bir söz”. – Bax, buradan belə bir sonuca vara bilərik: Sözün gücü onun kəsərində, adamına, zamanına görə və uhulət-suhulətlə deyilməsindədir. – Yəni, necə deyərlər – hər adamın öz sözü, hər sözün öz adamı var; yaxud hər sözün öz zamanı, hər zamanın öz sözü var...  

 

7) Əkbər bəy, olubmu, öz şeirinizi bir müddətdən sonra oxuyarkən "Əhsən sənə, Əkbər Qoşalı" söyləmisiniz?

 

- Əgər bir suala cavab verməmə haqqım varsa, qoy o sual bu sual olsun.

 

8) "Uca dağ", “Xəfif meh", "Yaşıl", "Xəyal", "Əbədi"... – Əkbər bəy, bu sözlərdən istifadə edərək bizlərə poetik tüllü, zərif bir cümlə bəxş etmənizi istəsək, xahişimizi yerinə yetirərsinizmi? Böyük həvəslə o cümləni  gözləyirik.

 

-Olmağına olar, o sözlərdən toxunmuş cümlə olar, hətta bir bənd şeir də olar)... ancaq bu bir qədər texniki həll olacaq yəqin.)

Buyurun:

Uca dağ başına teyləndi xəyal,

Xəfif meh sanaraq ötürdü dağlar...

Yaşıl vadilərdə saralan yarpaq,

“Əbədi can” yoxdur deyibən ağlar...

 

9) “Deyir, söz ölməyir, deyir səs ölmür.

    Bəs öləndən sonra nə üçün gəlmir?

    Gəlməyinə gəlir e,

                                  eşidilməyir,

    yoxsa keçəmməyir kəfəni səslər”?! (Ə.Qoşalı)

Əkbər bəy, qəlbinizdə hansı söz ustadları iz salıb?

 

-Qəlbin, könlün sevgisi var, yaddaşı və ağlı yoxdur. Yaddaş hər halda qəlb hadisəsi, yaxud qəlbin funksiyası deyil. Hərçənd dilimiz belə öyrəşib – “könlümdə qaldı”, “qəlbimdən silə bilmirəm” deyirik.

Yaddaşımda ustadlardan çox söz qalıb.

Zövqümü oxşayan söz yiyələri,

haq söz deyənlər,

millilikdə bəşərilik, bəşərilikdə millik təcalla etdirməyi bacaranlar,

yaxud biləvasitə tanış olduğum, yol yoldaşı olduğum ustadların

sözü – hər biri öz qatında, öz doğmalığında yaddaşıma yazılıb.

 Yəni, söhbət sözdən yox, sözlərdən gedir. O sözlər məqamında, yerində və göyündə özünü haraya yetirir və görürsən, o söz öz dəmində alternativlərin ən yaxşısı kimi çıxış edir... Elə bayaqdan bir neçəsini yad etmişik – Nəsimidən, Qazi Bürhanəddindən, Xətaidən, Aşıq Veysəldən, Müşfiqdən, Əhməd Cavaddan, Atilla İlhandan... Ruhlarına alqış!

 

10) Əkbər bəy, "Qılınc və qələm" eyni gücdədirmi, yoxsa qələm daha güclü?

Bəlkə, qılınc və qələmin gücü vəhdətdə daha güclü?

 

-Sufi təlimindən çıxış etsək, “Vəhdəti-vücud” deyəlim. Asif Atanın belə bir sözü var, “Türk ata minəndə Koroğlulaşırdı, atdan düşəndə Füzuliləşirdi”... Yaxud Asif Atanın başqa sözünü xatırlayaq: “Azərbaycan Türkün beyni və ürəyi, Türkiyə qolu və kürəyi”dir deyirdi. Yenə “vəhdəti-vücud” ifadəsi ilə qarşılaşrıq. Ona görə, sualınızın cavabı özündədir, sizin qənaətiniz doğrudur - qılınc və qələmin gücü vəhdətdədir. Yəqin bu vəhdətin təcallasıydı, Qazi Bürhanəddinin, Xətainin, Sultan Süleymanın qılınc tutan əlləri qələm də tutur, şeir də yazırdı... Yəqin o təcallanın günümüz üçün də keçərli olmasının ifadəsidir, şair Nizami Aydını şəhid şairimiz olaraq anırıq... Neçə şəhidimizin əlyazmasını tutiyə bilirik... Torpağımızı bütövləşdirən, bizləri “vəhdəti-vücud”a qovuşduranların ruhu şad olsun!

 

-Dəyərli şairimiz, qəlbinin sadəliyi ilə hər kəs tərəfindən sevilən Əkbər bəy,  gərgin iş rejiminiz, vaxt məhdudiyyətiniz olsa da, bizlərə ömrünüzdən  pay ayırdığınız üçün Sizə təşəkkür edirik və ənənəvi sualımız- ən çox hansı sualımızı bəyəndiniz?

 

-Günün ağ olsun, Əbülfəzqızı! Hər biri gözəldi. İlla ən gözəli deyibən birini seçiriksə, qoy elə əlyetərdəki 10-cu sual olsun...

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Yavaş-yavaş sevdim səni,

Hər gün bir az da sevdim.

Ən çox bu qış sevdim səni,

Qarda, ayazda sevdim. 

 

Gör bir nə tez isinişdik

Havalar soyuyanda,

Adamlar qalın geyinib,

Ağaclar soyunanda 

 

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni,

İstisinə qızındığım

Ocaqtək sevdim səni. 

 

Hələ bu cür sevməmişdim

Ömrüm boyu heç kimi.

Səni sevdim qar üstündə

Yem axtaran quş kimi. 

 

Qorxa-qorxa bu sübh çağı

Nə baxırsan göyə sən?

Deyirsən ki, günəş çıxıb,

Qar əriyir deyəsən... 

 

Bu gün uşaqdan-böyüyə hamının sevimlisi olan, şeirləriylə poeziya sevərlərin könlündə taxt qurmuş, çağdaş Azərbaycan poeziyasının, Azərbaycan şeirinin canlı əfsanəsi, xalq şairi Ramiz Rövşənin doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik. Və yeni yaşında sevimli şairdən bol-bol şeir payı, ədəbiyyatımıza yeni-yeni töhfələr gözləyirik. 

 

Ramiz Məmmədəli oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən isə Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. 

Şair ilk təhsilini Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində alıb. 

Daha sonra təhsilini 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsində, 1976–1978-cu illərdə Moskva Ali Ssenari Kurslarında davam etdirib.

1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında,  "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974–1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979–1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü,  1987–1992-ci illərəd kinostudiyanın baş redaktoru,  1992–2020-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində  çalışıb. 

"Bir yağışlı nəğmə", "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Hamı oğul böyütmüşdü", "Sevgi açarı", "Nəfəs - kitablar kitabı", “Sevgi məktubu" kimi şeir kitablarının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş  SSRİ  respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada,  Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nə layiq görülüb. 

Gəlin birlikdə şairin ən unudulmaz, ən ölməz misralarına kiçik bir səyahət edək. 

 

Kölgə 

 

Sənin kölgən düşür burda hər şeyə;

Bu evə-eşiyə,

          yorğan-döşəyə,

Körpəm mışıl-mışıl yatan beşiyə

          Sənin kölgən düşür gecəbəgündüz.

Kölgən düşür

          qadınımın üzünə,

Gizlədir üzünün eyiblərini... 

 

...Ağac kölgəsinə,

          daş kölgəsinə,

Maşın kölgəsinə, quş kölgəsinə

          ilişir, dolaşır, qarışır kölgən.

Bütün kölgələri çəkib canına 

         Təzədən canıma daraşır kölgən. 

 

Görəsən, bir azca səni unudub

          birtəhər başımı qatarammı heç?

Görəsən, kölgənin ucundan tutub

         gəlsəm, gəlsəm sənə çatarammı heç? 

 

Bəlkə ən dözümlü kölgədi kölgən,

         qırılan, cırılan, sökülən deyil.

Tanrı kölgəsidi, bəlkə də, kölgən,

         ölüncə üstümdən çəkilən deyil.

Gecələr kölgənlə üstümü örtüb

         yuxlaya biləydim bu dünyada kaş.

Kölgənə üzümü-gözümü sürtüb

         ağlaya biləydim bu dünyada kaş. 

 

Ağlaya bilmirəm...

         yağır yağış-qar,

Çöldə kölgən qalır yağış-qar altda.

Keçir kölgən üstən 

        ağır maşınlar,

Kölgən tapdalanır

        ayaqlar altda. 

 

Kölgən dirsəklənib daşa-torpağa

       dikəlmək istəyir,qalxmaq istəyir.

Dayanıb mənimlə qabaq-qabağa

       gözümün içinə baxmaq istəyir. 

 

Tez-tez bu şəhərdə aldanır gözüm,

        sən donda görükür gözümə qızlar.

Bəlkə parça-parça doğrayıb-kəsib

        kölgəndən don tikib özünə qızlar. 

 

Kölgənə nə qədər əllər uzanır,

      o küncə-bu küncə qısılır kölgən.

Aylar ötüb keçir, illər uzanır,

      günbəgün gödəlir, qısalır kölgən.

Kölgən qısaldıqca

     uzaqlaşırsan,

Bəlkə də hardasa çılpaqlaşırsan... 

 

Beləcə sən məndən, mən səndən uzaq

    ölüncə yaşarıq tək-tək 

          dünyada.

Hələ bircə qarış kölgən qalıbsa,

          mən qərib deyiləm, demək, dünyada. 

 

Bir gün sən hardasa dil-dil ötəndə

        son sözüm kölgənə yazılar sənin

Kaş ki, vaxt bitəndə əcəl yetəndə

       qəbrimi kölgəndə qazalar sənin

 

 

Tək adam 

 

Gəzər küçələri gəzər tinləri,

Səhərdən axşama təkdi bu adam.

Fil çəkə bilməzdi o çəkənləri, 

İlahi, gör nələr çəkdi bu adam!... 

 

Ürəyi sızladı dost yarasından,

Xəbəri olmadı öz yarasından,

Uçulan evinin xarabasında

Özgəyə təzə ev tikdi bu adam! 

 

Bu gün o adamı gördüm güzgüdə,

Yox-yox, mən deyiləm, yox-yox, özgədi!...

İlahi, gör məni necə gizlədib,

Elə güzgüdə də təkdi bu adam!...

 

 

Ayrılıq 

 

Yenə bu şəhərdə üz-üzə gəldik, 

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, 

          xəbərimiz yox. 

 

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim, 

          məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, 

          məni bağışla! 

 

“Ölmədim” deyirəm, 

          nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz 

          ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, 

          nə sən indiki, -

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, 

     bu ayın, 

          bu günündəki,

Elə bu küçənin bu tinindəki

     məni də, səni də öldürdük onda. 

 

...Sağımız-solumuz adamla dolu, 

Qol-qola kişilər, qadınlar keçir,

Özündən xəbərsiz 

           ömründə min yol

Özünü öldürən adamlar keçir. 

 

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

           Qan axı yoxdu...

Hamı günahkardı dünyada, 

          amma

Dünyada heç kəsin günahı yoxdu. 

 

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz, 

Bəlkə bu dünyada 

         on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz. 

 

Halal yolumuzu dəyişib,

          nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə 

          qurban getmişik. 

 

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində

          ögey analar

Ögey balaları gəzdirir indi. 

 

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

          anamdı bəlkə 

Bəlkə də oğlumdu bu oğlan elə. 

 

Bu yalan ömrümdə 

          görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan

     bacımsan 

          nənəmsən 

                 nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim. 

 

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

           nə yol, nə körpü.

Ölüsən,

     dirisən,

          hər nəsən,

               dayan!

Dayan, heç olmasa əlindən öpüm... 

 

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."

Əlimin içində

           soyuyur əlin.

Deyirsən: "Sən Allah, əlimi öpmə,

           əlimdən, deyəsən, qan iyi gəlir.. 

 

Köhnə məktublar 

 

Xəbər gələr daha ömrün qışından, 

Soyuyarsan - 

          saçlarına qar düşər. 

Ancaq köhnə kitabların içindən 

Hərdən-hərdən 

          köhnə məktublar düşər. 

 

Əyilərsən, götürərsən gizlicə, 

          boylanarsan - 

               arvad-uşaq görməsin. 

Çəkilərsən otağın bir küncünə, 

          gizli-gizli oxuyarsan hər sözü. 

 

Bu nə sevgi məktubudu, ilahi, 

          indiyəcən ağrıyır hər sözü də. 

Yazan qızın nəydi adı, ilahi, 

          Yaddan çıxıb sifəti də, üzü də. 

 

Oxuduqca lal sətirlər səslənər, 

Yavaş-yavaş səsi düşər yadına. 

Bir hərfdən - qaşı düşər yadına, 

Bir hərfdən - gözü düşər yadına. 

 

O gözlərdən yadigartək varaqda 

Göz yaşının ləkəsini görərsən. 

Birdən donu xışıldayar otaqda, 

Pəncərədə kölgəsini görərsən. 

 

Diksinərsən, boylanarsan qapıya; 

          "O kölgəni arvad-uşaq gördümü?!"

Tez məktubu atarsan külqabıya, 

          yandırarsan hər sözünü, sətrini. 

 

Sözlər yanar - kağızı da yandırar, 

Sözlər yanar - o qızı da yandırar. 

Sözlər qaçar o alovun içindən, 

Sən baxdıqca - 

          basar səni soyuq tər. 

Sıra-sıra qara qarışqalartək 

Qaçıb gedər qara-qara hərflər. 

 

Təkcə o qız qaça bilməz bu oddan. 

Bir quş olub uça bilməz bu oddan. 

O qız yanar o alovun içində, 

Göyə qalxar o alovun dilləri. 

O alovun dillərinə sarmaşıb 

Yanar, yanar uzun-uzun telləri. 

Yanar bir vaxt saçlarını oxşayan 

Uzun-uzun barmaqları, əlləri. 

 

O qız yanar - 

         ərşə çıxar tüstüsü, 

Kağız yanar - 

         külqabıda küllənər. 

Qəfil birdən 

         külqabının içindən 

Yerə düşüb bir üzük diyirlənər. 

 

Lap özünü itirərsən - baxarsan, 

O üzüyü götürərsən - baxarsan; 

Bu üzüyü axı harda görmüsən? 

Bu üzüyü görməmisən bəlkə heç. 

Sən o qıza haçan üzük vermisən? 

Ona üzük verməmisən bəlkə heç. 

 

Arvadın da qəfil girər qapıdan: 

- Əlindəki nədi? - deyər. 

         - Üzükdü. 

- O üzüyü nə yaxşı ki, tapmısan, 

         neçə vaxtdı, itirmişdim, gəzirdim. 

 

Sonra gələr, səndən alar üzüyü: 

         - Bunun rəngi niyə belə qaralıb? 

Barmağına güclə salar üzüyü: 

         - Elə bil ki, bir balaca daralıb. 

 

Külqabıdan tüstü qalxar hələ də, 

         o məktubun külü hələ işarar. 

Maddım-maddım durub baxar arvadın, 

        o tüstüdən bir cüt gözü yaşarar. 

 

- Heç olmasa pəncərəni aç, - deyər, - 

        burda necə oturmusan sən, necə?! 

Bu nə yanıq qoxusudu, ilahi, 

        elə bil ki, adam yanıb indicə... 

 

Kino

 

Mənə də yer verin... ən son sırada...

Mən də bu kinonu görüm, nə olar.

Görüm, nəyə gülür bu qədər adam?

Mən də hamı kimi gülüm, nə olar.

Hava da soyuqdu... kefim də yoxdu...

Canım qoy bu zalda qızınsın bir az.

Kino da köhnədi... lent də qırıqdı...

Qırıla-qırıla uzansın bir az.

Bir küncdə səssizcə oturub baxım,

Baxdıqca açılsın qoy qaşqabağım.

İlahi, bu kino necə tanışdı,

Bu filmi deyəsən görmüşəm axı.

Ekranda görünən sifətlər tanış,

Öpüşlər, gülüşlər, söhbətlər tanış.

O kimdi? Ekiztək mənə oxşayan?

Mən onun özüyəm? Ya qardaşıyam?

Bu kinoya necə çəkiblər məni?

Deyəsən, gizlicə çəkiblər məni.

Yox, tək mən deyiləm... demə bu zalda

Hamı mən gündəymiş, hamı mən halda.

Hamı otursa da burda yan-yana,

Hər kəs öz filminə baxırmış demə.

Hər kəs bu ekranda öz həyatına,

Hər kəs öz ömrünə baxırmış demə.

Mənsə, baxa-baxa yatdım, yuxladım,

Heyif, öz filmimi görmədim... heyif!

Filmin ortasından xəbər tutmadım,

Axırı nə oldu? Bilmədim... heyif!..

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Cümə, 15 Dekabr 2023 10:45

Sonuncu dərviş

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Məni pal-paltar maraqlandırmır. Məndən sonra deməyəcəklər ki, nə yeyib, nə geyib. Deyəcəklər ki, nə yaradıb..." 

 

Bu gün mavi rəngi gözlərində, buğdayı rəngi simasında, geriyə qalan bütün rəngləri fırçasında, özünəməxsusluğun rəngini saçlarında, inadkarlığın, səxavətin, sadəliyin, şöhrətpərəstlikdən uzaqlığın rənglərini isə ruhunda daşıyan, ömrünü torpağının, el-obasının təbiətinin təsvir və tərənnümünə həsr etmiş, hələ sağlığında dövrünün yaşayan əfsanəsi, aramızda gəzən dahi, sonuncu dərviş adlandırılan, Azərbaycan təsviri sənətində öz üslubunu, öz dəsti-xəttini yaratmış xalq rəssamı, mənzərə janrına fəlsəfi mənzərəni gətirən, Azərbaycan ekspressionizminin banisi  Səttar Bəhlulzadənin doğum günüdür. 

 

Səttar Bəhlulzadə 1909-cu il 15 dekabrda Əmircanda əkinçi Bəhlul kişi ilə həyat yoldaşı Hökumə xanımın ailəsində dünyaya gəlmişdir.

Uşaqlıqda riyaziyyat fənnini çox yaxşı bilir və hətta qonşuluqda yoldaşları arasında bu fəndən çətinlik çəkənlərə kömək edirmiş. Bu səbəbdən hamı onun gələcəkdə riyaziyyatçı olacağını düşünürmüş. Amma Səttar isə rənglərin riyaziyyatçısı oldu.

O, qara rəngi sevməz, nə əsərlərində, nə də öz dünyasında qaraya yer verməzdi. Hətta qara rəngli geyimlərdən də imtina etmişdi. 

Lakin təbiətcə sadə olduğu qədər həm də mürəkkəb və inadkar biri olmuşdur.

Səttar Bəhlulzadə Füzuliyə vurğunluğu ilə də çox seçilirdi. Onun yaradıcılığında Məhəmməd Füzuli böyük yer tuturdu.

O, rəngkarlıq, əsasən də qrafik işlərində çoxlu sayda Leylinin, Məcnunun və Füzulinin obrazlarını yaratmışdır. 

O, bəzən həmin əsərlərinin altında  Füzulinin qəzəllərini də qeyd edirmiş.

"Mən portretçi olsaydım Füzulinin nəinki hər qəzəlinin, hər beytinin portretini çəkərdim" -, söyləyirmiş.

Səttar Bəhlulzadə 1927-ci ildə Azərbaycan dövlət rəssamlıq texnikumuna daxil olur və hələ tələbə ikən həmin dövrlərdə əsas mətbu orqanı olmuş “Kommunist” qəzetinin baş rəssamı Əzim Əzimzadənin dəvəti ilə 1931-1933-cü illərdə qəzetdə karikaturaçı rəssam kimi çalışır.

Səttar Bəhlulzadənin qrafika sənətindəki bacarığını görən Əzim Əzimzadə onun bu sahədə ali təhsil almasını istəyir. 

Və beləliklə Səttar Bəhlulzadə 1933-cü ildə ali təhsil almaq məqsədi ilə Moskvaya yollanır.

V.İ.Surikov adına rəssamlıq institunun qrafika fakultəsinə daxil olur.

Krımda keçirilən yay təcrübəsi zamanı Səttarın uğurlu rəngkarlıq etüdlərini görən məşhur rəssam Q.M.Şeqal ona rəngkarlıq fakultasınə keçməyi təklif edir. Səttar da tərəddüd etmədən bu təklifə razılıq verir. Beləliklə Səttar Bəhlulzadə 3-cü kursdan başlıyaraq Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir.  Realist sənət ənənələrini dərindən öyrənir.

Moskvada diplom işi üçün Babək mövzusunu seçmiş və başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını işləmişdir. Lakin İkinci dünya müharibəsinin başlaması ona diplomunu müdafiə etməyə imkan verməmişdir.  Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna etiraz edib və "Məgər diplomsuz rəssam olmaz?"-, söyləyir.

Yaradıcılığının ilk illərində tarixi mövzulara müraciət etsə də Səttar Bəhlulzadə sonralar özünü mənzərə janrında tapır.

"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir" söyləyən rəssam Azərbaycanı qarış-qarış gəzərək gördüyü gözəl mənzərələri rəsm etməklə yanaşı, həm də maraqlı yarpaqlar, çiçəklər, daşlar toplayıb onları öz emalatxanasının ən gözəl guşələrinə qoyurdu. 

"Mən Azərbaycan təbiətini tanınmaq üçün deyil, tanıtmaq üçün çəkirəm" söyləyirdi. 

Rəsm çəkərkən Bax və Bethovein musiqilərini dinləyməyi, həmçinin Asəf Zeynallının “Ölkəm” əsərinə qulaq asmağı və zümzümə etməyi çox sevirdi. 

Heç vaxt maddiyyat düşünməyən, daim şan-şöhrətdən, tərifdən qaçan rəssam ona verilən evi Tahir Salahova, əsərlərinə görə ona verilən qonorarı isə uşaq evinə bağışlamışdı.

O, sadəcə əsərlərinə görə ona ödənilən qonorarı deyil, öz əsərlərini də ürəyinə yatan ən sadə, ən kasıb insanlara təmənnasız bağışlayır və "Mənim əsərlərim əllərdə gəzdikcə, evləri bəzədikcə sənət ömrü yaşayacaq, onu qoruyacaqlar” söyləyərdi.

Bəlkə də bu gün Azərbaycanın neçə ucqar kəndində neçə evin solğun daş divarlarıını Səttar Bəhlulzadənin ölməz rəngarəng  əsərləri bəzəyir.

Əfsanəvi neft daşlarına gedən ilk rəssamlardan biri də məhz Səttar Bəhlulzadə olmuş və bu səfərləri zamanı "Xəzər gözəli", "Xəzərdə axşam", "Neft daşları", "Dəniz mədənləri", "Dənizdə buruqlar" adlı əsərlərini yaratmışdır. 

Səttar Bəhlulzadə 1960-cı ildə əməkdar, 1963-cü ildə  xalq rəssamı fəxri adına layiq görülüb. 

1972-ci ildə isə o, dövlət mükafatına laiq görülüb.

Səttar Bəhlulzadə tələbəlik illərindən başlayaraq fasilələrlə ta ömrünün sonuna qədər gündəlik yazıb. Gündəliklərinin bir hissəsi Moskvada qaldığı yataqxanada baş verən yanğında məhv olduğu üçün o, yadında qalanları "Yadımda qalanlar" başlığı ilə yenidən qələmə alıb.

Gündəliklərində rəssam həm də öz əsərləri haqqında fikirlərini, bəzi əsərlərinin rəng, mövzu, kompozisiya baxımından təhlillərini verib. Onun gündəliklərinin səhifələrində bir çox əsərlərinin istər rəngkarlıq, istərsə də qrafik əsərlərinin rəngli qələm və flamastrlərlə çəkilmiş eskizlərinə də rast gəlinir. 

O, həmçinin gündəliklərinin bəzən ilk, bəzən də son səhifələrində həmişə qırmızı qələmlə  Qız qalasının rəsmini çəkirdi.

Bu səbəbdən Səttar Bəhlulzadənin gündəlikləri də onun yaradıcılığının bir hissəsi hesab olunur. O, gündəliklərinin əksəriyyətini Azərbaycan dilində ərəb əlifbası ilə, bir qismini isə kiril əlifbası ilə yazıb.

Rəssam 1955-1957-ci illərdə Qarabağ mövzusunda bir çox əsərlər yaradıb ki, bu əsərlər arasında "Yuxarı Daşaltı", "Çıldır düzü" və "Şuşa ətrafında" əsərləri xüsusi ilə seçilir. 

60-cı illərin əvvəllərində Moskvada təşkil olunan ümumittifaq sərgisində onun "Xəzər gözəli" əsərini görən Qazaxıstan mədəniyyət nazirliyinin əməkdaşları müəllifin ardınca Bakıya gəlirlər. Onlar rəssamla görüşüb "Xəzər gözəli" əsərini Qazaxıstan dövlət rəsm qalereyası üçün almaq istədiklərini bildirirlər. Səttar Bəhlulzadə isə əsərin artıq Azərbaycan dövlət incəsənət muzeyi üçün alındığını bildirir. Cavabdan məyus olan qonaqlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar, lakin Səttar bunu gizli saxlamağa çalışır. Qonaqlar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirərək ona 25000 rubl verməyə hazır olduqlarını bildiriblər. Buna rəğmən rəssamdan razılıq ala bilməyən qonaqlar heçolmasa əsərin neçəyə alındığını söyləməyi xaiş edirlər. Və Səttar Bəhluızadənin 600 rubl cavabını eşidib çox təəccüblənirlər. 

Qazaxıstanlı qonaqlar ən sonda Səttardan ən azından əsəri təkrar etməyi xahiş ediblər. Səttar Bəhlulzadə isə "Təkrarçılıqla məşğul olmuram” söyləyib. 

Rəssamın xüsusi ilə seçilən ən məşhur əsərlərindən biri də 1965-ci ildə yaratdığı "Kəpəzin göz yaşları" əsəridir.  Bu əsər bu gün Azərbaycan milli incəsənət muzeyində sərgilənir. 

Bir gün Çexoslavakiyadan gəlmiş bir qrup sənətşunası Səttar Bəhlulzadənin emalatxanasına aparmağı qərara alırlar.

Çex sənətşunaslar emalatxanaya gəlib rəsmləri incələyərkən təsadüfən onların gözləri rəssamın qrafik əsərlərinə sataşır. Bu əsərləri çox bəyənən sənətşunaslar Praqada Səttar Bəhlulzadənin sərgisini təşkil edəcəklərini söyləyirlər. 

Və beləliklə 1966-cı ilin oktyabrında Səttar Bəhlulzadənin Praqada qrafik əsərlərindən ibarət sərgisi keçirilir.

O, Avropada fərdi sərgisi keçirilən ilk Azərbaycan rəssamı olur. 

Və bu sərgi elə bir rezonans doğurur ki, onun müddəti iki aya qədər uzadılır. 

1973-cü ilin avqustunda Səttar Bəhlulzadəni Sabunçuda yerləşən xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib yanlış sarılıq diaqnozu qoyurlar.

Onun xəstəliyindən gec xəbər tutan dostları və qohumları hər gün onun yanına çiçək və meyvə aparırlar. 39 dərəcə qızdırması olmasına baxmayaraq o, həmin çiçəklərin və meyvələrin şəkillərini çəkərək otağın divarlarına yapışdırır.

Onun müalicəsini Moskvada davam etdirmək barədə göstəriş verilmişdi, lakin, onu müalicə edən həkimə onu Bakıda ləngitməyi, Moskvaya getməyə qoymamağı tapşırırlar.

Onun həkimi Mehdi Quliyev isə onu tapşırılan bu işi Səttara və onun yaxın dostlarına açaraq, onu təcili olaraq Moskvaya aparmalarını söyləyir. 

Həmin vaxt Səttar Bəhlulzadənin Moskvada sərgisi açılıbmış. 

Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına "Oğlum yox, qızım yox evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Altmış dörd yaşım var. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm. Bilmirəm, neyləyim?.. "-, söyləyir

Onun bu sözlərindən təsirlənən dostları ölümlə çarpışan Səttarı Moskvaya göndərməyə müvəffəq olurlar. 

Amma Səttar Bəhlulzadə Moskvada əməliyyat olur və sərgisinin açılışına gedə bilmir. Arif Məlikov sərgidən fotolar çəkib albom formasında rəssama hədiyyə edir.

Səttar Bəhlulzadə əməlliyyatdan sonra 1 il yaşayır. Həkimlər ona vaxtını istirahətə sərf etməsini söyləyirlər, amma o isə demək olar ki, günün yarısını rəsm çəkməklə məşğul olur. 

Novruz bayramının qadağan olunduğu bir dövrdə 1974-cü ildə o xonça əsərini çəkmişdi. Səttar Bəhlulzadənin inadkarlığı bəzən onun Sovet ideologiyasına qarşı etiraz səsi idi.

Gündəliyində: “1974-cü ilin avqust ayında yenidən vəziyyətim pisləşdi. Bacım gözümdə sarılıq gördü. Deyəsən şoğərib xəstəliyim qayıdır. Bu xəstəlik aman versin, görün mən nələr yaradacam. Fikrimdə böyük işlər var” yazan böyük rəssam 1974-cü il oktyabr ayının 13-də 65 yaşında Moskvada dünyasını dəyişmişdir. Fəxri xiyabanda dəfn edilməsinə icazə verilməyən rəssam öz vəsiyyətinə əsasən Əmircanda,  anası Hökumə xanımın yanında dəfn olunur.

Onun əsərlərinin dəqiq sayı bilinmir, bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun əsərləri saxlanılır. 

Azərbaycanda və keçmiş SSRİ məkanındakı muzeylərdə onun 200-ə yaxın rəngkarlıq, 30-a yaxın qrafik əsəri var. 

Son araşdırmalar nəticəsində rəssamın  600-ə qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığı müəyyən edilib. 

Xarakterində sadəliklə, mürəkkəbliyin həm vəhdət, həm də təzad təşkil etdiyi kimi, əsərlərindəki rəngarəngliklə zahiri görünüşü və həyat tərzi də təzad təşkil edirdi. 

Şair Xeyrulla Camal Səttar Bəhlulzadə haqqında  danışarkən "Tanrı Səttar Bəhlulzadənin bütün gözəlliklərini içinə yığmışdı, çölünə heç nə saxlamamışdı"-, söyləmişdir.

Üst-başına, geyim-keçiminə fikir vermədiyinə, nimdaş geyiminə görə çox zaman Səttar Bəhlulzadəni dilənçi sanırmışlar. Hətta dəfələrlə bu səbəbdən ona pul verirlərmiş.

Bir dəfə elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.

Heç vaxt ailə həyatı qurmayan rəssan deyilənlərə görə gəncliyində həmkarı, xalq rəssamı Maral Rəhmanzadəni çox sevib, lakin Maral xanım həmişə onu yalnız bir dost kimi görüb. 

Onun haqqında "Bu Səttar Bəhlulzadədir", "3 hekayə", "Sonuncu dərviş" filmləri ekranlaşdırılıb.

2009-cu ildə rəssamın 100 illiyi UNESCO səviyyəsində dünya miqyasında qeyd edilib.

Səttar Bəhlulzadə həmçinin UNESCO səviyyəsində yubleyi qeyd olunan ilk Azərbaycanlı rəssam olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Cümə, 15 Dekabr 2023 11:45

“Yoxdur…” - ESSE

Nigar Arif

“Ədəbiyyat və incəsənət” təqdim edir 

 

Hərdən ayaqlarımız bizdən əvvəl yüyürüb fikrimizin unudulmuş qatlarında, heç özümüzün də bilmədiyimiz, amma elə bil ki, çalışıb-vuruşub çox ciddi cəhdlə hamıdan gizlədiyimiz həmin o yerə - harasa getmək istəyir… Bax onda başa düşürük ki, əslində gediləcək heç bir yerimiz yoxdur… Ən pisi də elə budur… Yoxluq!.. 

 

Yoxluğun nə olduğunu anlamaq üçün elə də böyük savad, qeyri-adi bilik-bacarıq tələb olunmur… Əvvəl-axır hamımız az-çox bunun dadına baxırıq, barmağımızı batırıb pəh-pəhlə tamını yoxlayırıq, bəzən əlimiz yanır, bəzən ürəyimiz… “Yoxdur” sözü xəyal qırıqlığıdır, o qırıqlar çox zaman dərimizə batır, yaralayır, ağrıdır, olur ki, öldürür də… 

 

Binamızın arxa hissəsində zibil yeşikləri var idi… Yayın cırhacırında tez-tez üfunət iyi verəndə, hərdən külək də bu iyi qabağına qatıb məhləmizə qədər gətirirdi, yanından keçəndə əlimizlə burnumuzu tutsaq da, bir topa çibin-milçək çox həvəslə bu yeşiklərin başına dolanır, üzərində “ləzginka” oynayırdı… 

Bir dəfə həmin o yerdən keçəndə üst-başından çirk, üz-gözündən yazıqlıq, bədbəxtlik yağan bir qocanın bu zibil yeşiklərinin içində eşələndiyini, hər şeyi ələk-vələk etdiyini gördüm… Mən onda uşaq idim, bir uşaq bu mənzərə qarşısında nə qədər heyrətlənə, nə düşünə bilərdisə onu da düşündüm: “Görən zir-zibilin içində neyləyir, bu adam dəli olub?”…

Çox keçmədi, yağış yağanda ortaya çıxan balaca göbələklər kimi haradansa başqa məhlələrdən də bir yığın uşaq peyda oldu, əllərini əllərinə vurub başladılar qocaya gülüb ələ salmağa… Dəyəsən bu hadisə bircə məni əyləndirə bilməmişdi, “komik” deyildi… “Görən acdır? Yəni doğrudan da bu üfunətin içində yemək axtarır? Yazıq…” …deyə ağlımdan bir sıra suallar keçirdi… 

Bir xeyli yeşiklərin içindəkiləri töküb -dağıtdıqdan sonra axır ki, o çirkabın içindən çıxdı, bu dəfə də yerdə oturan qoca başını aşağı salıb “ yoxdur” deyərək ağlamağa başladı, onun bu hərəkəti bayaqdan gülən uşaqları elə çaşdırmışdı ki, elə bil qurbağa gölünə daş atılmışdı, hamı susmuşdu… Qoca kiminsə “Nə yoxdur?” sualına “Oğlum yoxdur, burda da yoxdur, heç yerdə yoxdur!”… cavabını verəndə mən artıq burnumu tutmamışdım, əlimlə “yazıq qoca” deyib göz yaşımı silirdim…

Sonradan öyrəndik ki, müharibədə oğlunu itirən ata havalanıbmış, bu “üzümüzdən iraq olsun” dediyimiz hadisə baş verəndən bəri ağlı onu tərk edib hər yerdə bu cür balasını axtarırmış, bəzən öz-özünə gülüb oğlu ilə danışırmış, bəzən də… yəqin ardını eşitmək istəməzsiniz…

Bəzi sonluqlar bilinməyəndə daha yaxşıdır… Ümumiyyətlə, bəlkə də hər şey ona görə var ki, heç nə yoxdur… Nə olursa olsun, ən xırda məqamda belə “ yoxdur” kəliməsi tikan kimi batıb diksindirməyi bacarırsa, bu var olanları xatırlatmaq üçündür, şükür etməyi bacarmağımız üçündür, çünki əlimizdə olanlar əllərində olmayanların xəyalıdır… Gediləcək heç bir yerimiz yoxdursa, qoy olmasın, bəlkə olduğumuz yer elə olmalı olduğumuzun ən yaxşısıdır? Kim bilir?…bəlkə də…

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib müğənni Nisə Qasımovadır. Ondan müsahibə1998-ci ilin iyununda    götürülüb.

 

“EŞQİMİ SÖNMƏYƏ QOYMARAM”

 

         Yetmişinci illərdə səhnəyə çıxan bu şən, gülərüz qızı dinləyicilər dərhal seçdi və sevdi. Başına şlyapa qoyub, “Azərbaycan qızıyam” oxusa da, sarışın saçları, göy gözləri ilə Dağlı qızından daha çox hansısa şimal ölkəsindən gəlmiş gözəli xatırlatsa da... O, Ələkbər Tağıyevin mahnılarının yeni ifaçısı kimi meydana çıxdı. Özünün nikbin ovqatı ilə səhnəyə, ekrana, efirə, bir sözlə, olduğu hər yerə coşqun həyat nəfəsi gətirdi. Paxıllığını çəkənlər, gözü götürməyənlər, şəhərin müxtəlif yerlərinə vurulmuş afişalarını məqsədyönlü surətdə qopartdıranlar da oldu. 90-cı illərdə dekolte geyimi üstündə qınaqlara, təzyiqlərə məruz qaldı. Bir müddət inciyib Moskavya getdi, müğənnilik fəaliyyətini uzaq şimal şəhərində davam etdirdi.

Bir-iki günlüyə Bakıya qayıtdığını eşidib, telefon əlaqəsi saxladıq, görüşüb, söhbət etmək istədiyimizi bildrdik. Görüşümüz səsyazma studiyalarından birində oldu. Bəstəkar Səyavuş Kərimi ilə birlikdə yeni mahnılarını lentə aldırırdı. Arada bizimlə söhbətə də vaxt tapdı. Beləliklə, müsahibimiz sevimli müğənnimiz Nisə Qasımovadır.

 

-Nisә xanım, sizi yenidәn Bakıda görmәyimizә çox şadıq. Doğma şәһәrlә görüş sizdә һansı tәәssüratı oyadır?

 

 

-Elә yorulmuşam ki... Çünki tələsməyi sevmirәm. Tәləsəndə darıxıram vә yoruluram. Qısa müddәtdə üç albom yazdırıb yenidәn Moskvaya dönmәliyәm.

 

-Nə vaxt qayıtmaq fikriniz var?

 

-Yәqin ki, әn uzağı bir neçә gündən sonra. Albomlardan artıq ikincisi һazır olmaq üzrədir. Sәһәrdәn axşama qәdәr gərgin işləyirəm.

 

-Bakıda olduğunuz son bir neçә ildә ekranda çox az görünürdünüz.

 

-Çünki özümü bu meydanda tәsәvvür etmirdim. Görürdüm ki, əvvəlki Nisə  deyilәm, o tempdәn düşmüşәm. Mәn çalışmışam ki, һәmişә yenilik edim.

 

-Bәs, sizә nә mane olurdu?

 

-Şәxsәn kim tәrәfindәn maneəçilik göstərildiyini deyә bilmәrәm. Mәn etdiyim yenilikləri vaxtında səsləndirə bilmirdim. Küsürdüm. Elә bil ayı meşәdәn küsürdü, amma meşәnin һeç bundan xәbәri dә olmurdu.

 

-Özünüzü bәxti gәtirәn sәnәtkar һesab edirsinizmi?

 

-Özümə bәxtsiz demәzdim. Tәnbәllik etmişәm. Bunu Moskvada olandan sonra daһa kәskin һiss edirәm. Orada adam һәr dәqiqәnin qәdrini bilir. Odur ki, һeç kәsdә günaһ görmürәm.

 

-Moskva müһitinin nә kimi üstünlükləri var?

 

 

-Biz һәmişә sәһnәyә tәlәsik çıxmışıq. Halbuki müğәnni geyim, saç düzümü, bilet satışı vә digәr mәsәlәlәr һaqqında düşünmәmәlidir. Çünki bunlar müğәnniyә imkan vermir ki, maһnının ruһuna girsin. Mәn bütün bunlar barәdә һәlә Bakıda olanda arzu etmişdim. İndi şükür, Moskvada bunları һәyata keçirmәk mümkündür.

 

-Moskvaya gedişiniz necә oldu?

 

-"Mosfilm" nәzdindәki kompaniyalardan birinin direktoru olan һәmyerlimiz İlqar Hüseynovdan tәklif aldım.

 

-İlqar bәyin bu alicәnablığına görә bütün musiqisevәrlәr adından biz dә ona sağ olun deyirik. Amma  belә tәklifi niyә mәһz sizә etdilәr?

 

-Mәn özüm dә tәәccüb etdim. Özüm üçün dә bu, gözlәnilməz vә sevindirici oldu.

 

-Albomlarınıza daxil olan maһnıların bәstәsi kimlәrә mәxsusdur?

 

-Әsasәn, Nailә Mirməmmədli, Novruz Aslanov, Eldar Mansurov, Elçin İmanovun maһnıları.

 

-Retro maһnılara dönmәk fikriniz varmı?

 

-Sәһnәyә ilk çıxdığım vaxtlarda oxuduğum maһnıların bәzilәrini yenidən oxuyacağam. Mәsәlәn, “Eşqimi sönmәyә qoymaram”. “Gedirsәn, get".

 

-Bakı sizi necә qarşıladı?

 

 

-Bakı! (gülür, isteһza ilә) Hәmişәki kimi üzümə gülür. Aeroportda düşəndə eynәk taxsam da, dәrһal tanıdılar. “A... Nisә xanım", “Nisә Qasımova gәlib" sozlәrini eşidirdim. Sağ olsunlar, mәni unutmayanlar. Televiziya mәni efirә dәvәt etdi, etiraz etdim. Hәlə bu tezliklә görünmәk istәmirәm. Moskvaya gedişimlә yaradıcılığımın yeni mәrһәlәsi başlayır. İstәyirәm özümü yeni bir Nisə kimi tәqdim edәm.

 

-Yəqin ki, yaradıcılığınızın yeni mәrһәlәsindә sizi yeni imicdə görәcәyik.

 

-Mәnә 70-ci illәrdә buruq, sarı saçlarıma görә “alman kuklası" deyәrdilәr. İndi dә istәyirlәr ki, mәni 70-ci illәrin Nisәsi kimi görsünlәr. Amma yeni imic qazanmaq üçün plastikәmәliyyat elәtdirәcәk, saçlarımı qısa vurduracağam.

 

-Sarışın olduğunuza görә Moskva sizi ilıq qarşılayar.

 

-(gülür) Anam qarayanızdır. Mən atama oxşamışam.

 

-Yaxınlarınızdan kim sizinlә birlikdәdir?

 

-Anam yanımda qalır. İlk tәnqidçim elә odur. Qardaşım oğlu Çingiz Qasımov ansamblımızda һәm skripka çalır, һәm dә maһnı oxuyur.

 

-Moskvaya getmәmişdәn әvvәl “Ulduzların görüşü” adlı şou-proqram һazırlayırdınız. Bu proqramın ömrü niyә qısa oldu?

 

-İki veriliş һazırladım. Mәqsәdim incәsәnәt adamları arasındakı umu-küsünü lәğv etmәk idi. Sәnәtkarlar arasında rəqabət tәbiidir. Ancaq bizdә bu çox primitiv formada olur. Birinci verilişә Natәvan Şeyxovanı, Oqtay Ağayevi, Mәmmәdbağır Bağırzadәni dәvәt etdim. İkinci verilişdә Yaşar Sәfәrov vә Elmira Rәһimli çıxış etdilәr. Üçüncü verilişә Zeynәb Xanlarovanı dәvәt etmәk fikrim var idi. O da razılıq vermişdi. Ancaq nә zәng oldu, nә dәvәt. Deyәsәn, dekolte paltarım televiziyadakıların xoşuna gәlmәmişdi. İndi, Allaha şükür, deyəsən çətinliklər arxada qalıb taleyim üzümə gülməyə başlayır.

 

-Taleyin üzünüzə gülməyə başladığını nә ilә izaһ edirsiniz?

 

-Mәn bunu һiss edirәm. Axı, mәn Dolça bürcündənəm. Qarşıdan isә dolça erası gәlir. İnsan taleyin mәһkumudur.

 

-Bir vaxtlar rәһbәrlik etdiyiniz ”Nur" instrumental ansamblı indi dağılıbmı?

 

-Bu ansambl 1983-cü ildә yaranmışdı. Son illәr kollektivdә dәyişiklik әmәlә gәldi. Mәn onları qınamıram. Çünki mәnimlә һәddindәn çox mәşğul olmaq onlara maddi baxımdan fayda vermirdi. Biz çox һalallıqla ayrıldıq.

 

-Bir dәfә şәһәrdә sizin afişalarınızı cırmışdılar. Bu, nә ilә bağlı idi?

 

-Özüm dә bilmirәm. Çünki birinci vә sonuncu dəfə belə һadisә ilә üzlәşirdim. Mәn belә һesab etdim ki, bunu küçə xuliqanları edib.

 

-Bәlkә, pul mәsәlәlәrindә kimisә narazı salmısınız?

 

-Mәn pul һaqq-һesabları ilә o qәdәr dә maraqlanmıram. Bilmirәm sumkamda nә qәdər pul olur. Dostlarım bunu anormal һal kimi qiymәtlәndirirlәr.

 

-Heç Azәrbaycanda sizә yaxşılıq edәn olmayıb?

 

-Mәn sәһnәyә tәzә çıxanda Zeynәb xanım özü mәni axtarıb tapdı, Әlәkbәr Tağıyevlә tanış etdi ki, yeni maһnılar oxuyum.

 

- Bəs, sonra Zeynəb xanımla münasiəbtlərinizin korlanmasına səbəb nə oldu?

 

- Allah şeytan lənət eləsin. Allaha şükür, indi hər şey qaydasındadır. Zeynəb xanım mənim qohumumdur.

 

-İndiyәdәk nә әcәb ailә qurmamısınız?

 

-Bu yaşda, bu başda nә ailә? Mәn artıq һeç sevmәk dә istәmirәm.

 

-Sevgi istәmәklә olmur, axı...

 

- Sevsәm, ailә qurar vә sәnәtlә dә vidalaşardım. Bu mövzu bir az tәһlükәlidir. Sәһәr qәzet çıxır, axşam görürsәn, qapını döydülәr ki, bәs, sizi sevirәm. Bir dә görürsәn, kolxoz sәdrinә oxşayanın biri gәlib ki, gəl evlənək.

 

- Kolxoz sədri bəyəm pisdir? Malı-pulu çox olur.

 

- Şərt pulda deyil, axı. Bir az da insanda zövq, mədəniyyət olmalıdır. Sənətdən az-maz da olsa başı çıxmalıdır ki, oturub kəlmə kəsə biləsən. Bir dәfә də bir sәrxoş oğlan gәlmişdi ki, avtoqraf yaz. Sonra mәlum oldu ki, elani-eşq etmәyә gәlib. Mәnә çox gülmәli gәldi bu. Elә gülmәli şәkildә dә yola saldım onu.

 

- Bəlkə, utanmasın deyə içib gəlibmiş?

 

- Bəlkə də, amma mən təsadüfi tanışlıqlara önəm verən deyiləm. Mənim eşqim indi ancaq sənətimədir. Bu sevgimi kiməsə, nəyəsə görə sönməyə qoymaram.

 

-Gәlәcәk planlarınız barәdә nә deyә bilәrsiniz?

 

-Gәlәcәkdәn danışmaq mәnә düşmür.

 

-Onda keçmişә qayıdaq. Deyilәnlәrә görә, uşaq vaxtı elә xәstәlik keçirmisiniz ki, sәsinizi itirә bilәrmişsiniz?

 

-Bu, tәxminәn 16-17 yaşımda olub. Sәs tellәrimdә düyün әmәlә gәlmişdi. Sәsim batmışdı. Sağ olsun һәkimlәr, xilas etdilər məni. İki ay danışmadım. Bir ay lal kimi gәzdim. İkinçi ay gün әrzindә 2-3 söz demәyimә icazә verirdilәr.

 

-         Әn çox nәdәn qorxursunuz?

 

-         Qaranlıqdan. Ona görә anamla yatıram.

 

-         Әn xoşbәxt gününüz nә vaxt olub?

 

-         Yadıma gәlmir.

 

-         Bir vaxtlar Mәmmәdbağır vә Nisә dueti çox mәşһur idi?

 

-         Bu ideyanı bizә Әlәkbәr Tağıyev vermişdi. Bizim duetimiz o vaxtlar çox yaxşı qarşılandı.

 

-         Әlәkbәr Tağıyevin yubileyindә birlikdә oxuduğunuz maһnılardan birindә deyirdiniz:

                 Bizi bir gün ayrı görsә, yağılar,

                Könlüm sәnin һәsrәtindәn dağılar.

               Yağıları niyә sevindirirsiniz?

 

-         Hәlәki duet oxumaq fikrindә deyilәm. Eһtiyac һiss etsәm, yәqin ki, oxumaq olar.

 

-         Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-         Ya sevdiklәrimlә gedәrәm, ya da һeç mәn ora getmәrәm.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Biri ikisində rubrikasında bu dəfə sizlərə Araşdırma təqdim edilir. Günel Natiq yazır. Dünən arıdan və baldan yazmışdı. Bu günsə qarışqadan və kəpənəkdən yazır.

 

 

Günel NATİQ                                                              

 

Bu gün kəpənəyəm, sabah qarışqa

 

“Qarışqa şıllaq atdı, dəvə palçığa batdı”. Ta bu boyda da yalan olmaz. Bəs niyə bapbalaca qarışqaya bu boyda qaravəlli qoşublar? Yəqin, bu sözün də bir olmuşu-keçmişi var.

Şifahi və yazılı ədəbiyyatda qarışqa təzadlı obrazdır. O, xeyirxah da ola bilər, bədxah da. Şərq ənənəsində qarışqa on ilahi canlıdan biridir. Bir rəvayətdə bu kiçik varlıq Süleyman peyğəmbərə müdrik və adil olmağı nəsihət edir. Çin mədəniyyətində qarışqa ədalətin, həqiqətin keşikçisidir. Ağ qarışqa buddizmdə gözəllik simvoludur. Bəzi ənənələrdə isə o, dağıdıcılıq rəmzidir.

Hindistanda qara qarışqalar müqəddəs həşərat sayılırlar. Hindular da qarışqaya hörmət bəsləyir. Çünki inanca görə, onlar insanların ləpirlərini yox edir və təqibçiləri yollarından azdırırlar. Ona görə hindu rəqslərində qarışqalarla bağlı xüsusi elementlər, motivlər var. İnanca görə, qarışqa yuvasını dağıtmaq bədbəxtlik gətirər. Yuvanı dağıdan şəxs yalnız bir duanın – qarışqa duasının gücüylə dərd-bəladan qurtula bilər.

Hinduların fikrincə, qarışqaların bəzi özəllikləri insanları xatırladır. Belə bir inanc var ki, qarışqalar nə vaxtsa insan olublar, ya da insanlar nə zamansa qarışqa.

Əsatirlərdə hindu qadınları ağdərili adamlarla ailə qurmaqdan çəkinirlər, çünki inanırlar ki, ağ adamlara ərə gedən qadınlar qırmızı qarışqalara çevrilirlər.

Yunan miflərinin birində Zevs qarışqa cildində peyda olur. Başqa bir mifdə isə adanın əhalisi vəbadan tələf olduqdan sonra yerli hökmdar Zevsdən kömək istəyir. Zevs adadakı qarışqaları insana çevirir.

Bir çox xalqların folklorunda qarışqa xeyirxah niyyətin daşıyıcısıdır. Alman nağıllarının birində qarışqa qalada həbs olunmuş qəhrəmana ipək saplar gətirir, ondan kəndir toxunur və qəhrəman həbsdən azad edilir.

         “Büllur qala” rus nağılında şahzadə İvan qarışqaya çevrilir və dağın balaca bir yarığından keçib şahzadə qızı xilas edir. Başqa canlıya çevrilə bilmək bacarığını isə o, qarışqalardan onlara etdiyi yaxşılığa görə alır.

Qarışqaların insanlara çevrildiyi miflərdə qeyri-adi bir yola da rast gəlinir. Bu, qarışqa yoludur. Qarışqa yolu yerdən göyə qədər uzanır, yaxud yerin dərinliyində, ya da göy üzündədir.

Qarışqaların adı hətta “Bibliya”da da çəkilir. Müqəddəs kitabın pritçalarından birində deyilir: “Qarışqalar güclü deyil, amma öz tədarüklərini özləri görürlər”.

Afrikada “dərzi” qarışqa yaşayır. Bu qarışqalar yarpaqlardan özünə yuva tikir. Yuva tikmək üçün isə yapışqanlı sürfələrdən istifadə edir. Beləcə, yarpaq kisə ərsəyə gəlir, onun içində isə yuva yerləşir.

Yer üzündə 10000 qarışqa növü var. Qarışqalar sarı, mavi, yaşıl, qırmızı, hətta moruğu rəngdə olurlar.  Bir qarışqa öz ağırlığının 20 qatını qaldıra bilər. Qarışqa koloniyasının iş bölümü var. İşçi qarışqalar yuvanın içindəki zibili çölə daşımaqla məşğul olur. Əgər çöldə bir yemək mənbəyi tapsa, yuvadakı qarışqaları xüsusi qoxu buraxmaqla cəlb edir.

Qarışqaların ən vacib özəlliklərindən biri qidaları paylaşmaqdır. Hər qarışqada iki mədə olur, birində özü üçün, digərində isə o biri qarışqalar üçün yemək saxlayır. Eyni koloniyadan olan iki qarışqa qarşılaşdıqda əgər biri ac və susuzdursa, digərinin isə qursağında çeynənmiş yemək varsa, ehtiyacı olan ondan yemək tələb edir. O da ac qarışqanı geri qaytarmır, yeməyini onunla paylaşır. Qarışqalar sürfələrini də qursaqlarındakı yeməklə qidalandırırlar. Hətta çox vaxt özlərinə digər qarışqalara verdiklərindən daha az pay saxlayırlar.

Qarışqa nə qədər balaca olsa da, onunla bağlı mətləblər heç atalar sözlərinə də sığmır. “Çox qarışqa bir şiri öldürər”. “Qarışqa meydanı tutar, heç kəs də bilməz”. “Qarışqa öküzün buynuzuna dırmandı, elə bildi ki, dağa çıxıb” və s.

Poeziyamızda da bu obrazla bağlı maraqlı təşbeh və ifadələr var.

 

Vaqif Bayatlı Odər şeirlərinin birində qarışqa sevgisinə sığınır:

 

Mən bir gün sevirəm, hər gün başqa cür,

Bu gün kəpənəyəm, sabah qarışqa.

Cəmi bircə günlük ömrüm var mənim,

Bu gün bir başqayam, sabah bir başqa.

 

Şair eləcə də “qarışqa qışqırığı”, “qarışqa dili” deyimlərini şeirinə gətirir:

 

And olsun Göyüzündə qanad çalan o mələklərə!

Qanad çalıb, çalıb

Ancaq Göyüzünün olan mələklərə!

Baxdı ayağı altında

Otlara dırmaşan qarışqalara,

Onu qarışqa dilində qışqıra-qışqıra

Qarşılayan qarışqalara,

Şahlıq andı içdi yenə

– And olsun qarışqa elinə,

Qarışqa qışqırığına, qarışqa dilinə!

 

İsa İsmayılzadə bir məqamda şəhərləri, kəndləri qarışqa boyda görür:

 

Uçdum təyyarədə, getdim qatarda-

Gördüm, baxa-baxa yaman susuram.

Gah illüminatordan, gah pəncərədən

Hey boynunu büküb boylandı misram,

Boylana-boylana gözü qaraldı.

Baxdım ağ buluda, qara buluda-

Bir azdan hamısı dönüb «qar» oldu.

Qarışqa boydaca şəhərlə, kəndlə

Gördüm, dünya doludu…

 

Başqa bir şeirində şair ağlayır qarışqa yuvası üstə...

 

Adsız çiçəkləri, otları sevdim,

Tanışları sevdim, yadları sevdim,

Ürəyimə yatan adları sevdim,

Neyləyim,

tək səni sevə bilmədim.

Sızladım qarışqa yuvası üstə,

Göynədim «Sarıtel» havası üstə.

Dünyanın məhəbbət «davası» üstə

Tək səni,

tək səni sevə bilmədim.

 

“Bu dünyanın qarışqa yükü var, dəvə yükü var”, – belə deyir Musa Yaqub:

 

Yenə bu dünyada ölçü-ülgü var,

Qarışqa yükü var, dəvə yükü var.

Özündən ağır yük çəkə bilsə də,

Bir yolu min dəfə gedib-gəlsə də,

Zəhməti çoxsa da,

Dili yoxsa da,

Bu yükü qarışqa adına yazma.

 

Başqa bir şeirində qarışqalarla adamları eyniləşdirir şair:

 

Bir yuva qarışqa – süfrəsi bir dən,

         Bir dənlə bahara çıxar salamat.

         Ulu təbiətim, yaman xəsissən,

         Yaxşı adamları bir az çox yarat.

 

Aqşin Yenisey qarışqa sevgisini belə görür:

 

Demişdim axı... sevə bilməyəcəksən onu!

Təkadamlıq deyil onun sevgisi.

Qocaman bir palıdın yalnız bir quşun,

Dərin bir dəryanın yalnız bir balığın,

Dibsiz bir yuvanın yalnız bir qarışqanın olmadığı kimi.

 

Şair başqa bir şeirində kimisə “hamıdan güclü” adlandırır. Həmin varlıq- qarışqadır.

 

Səndən sonra günlərlə, həftələrlə, aylarla deyil,

İllərlə tək qalmağı öyrəndim.

Nə edəydim? Heç olmamış kimi yoxdun.

Bir gün külək köhnə qəzet cırığını

Yapışdırdı şüşəmə.

Açdım, baxdım. – Şairlərdən yazmışdın.

Amma mənim adım yoxdu.

Ömrümdə ilk dəfə özüm üçün darıxdım.

Çıxdım, getdim, içdim, susdum.

Küçədə bir qarışqa yuvasına baxdım:

İlahi bir faciə!

Hamıdan güclü olasan

Və ayaqlar altında yaşayasan.

 

Şeirlərində təbiətə qahmar çıxan Reyhan Kənan da deyir ki:

 

Onu bir heç sanmışıq,

Yuvasın tapdamışıq,

Bəlkə, ona görə də

Çox bəlalar tapmışıq.

Bəlkə də, bilə-bilə,

bəlkə də, heç bilmədən

Qırx mərtəbə yuvanın

Lap üstündə durmuşam,

Uçurub yuvasını, qarışqa

ürəyinə neçə yara vurmuşam.

Ağlayırmı, görəsən,

gülürmü bu həşərat?

O qədər incitmişəm,

Gizlənir məni görcək.

Bağışlamaz, bilirəm,

Bağışlamaz o məni.

 

Hə, əziz oxucular, qarışqa yerişi yeriməsək də, sizinlə “qarışqa dilində” danışmağa çalışdıq, amma yükümüz, bilmədik, qarışqa yükü oldu, ya dəvə yükü...

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

  

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.