Super User
Biz niyə professorları tanımırıq? - REPLİKA
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bir dəfə işlədiyim yerə bir neçə nəfər qonaq gəlmişdi. Çay içib söhbət edirdilər. Bir az keçmiş onlardan biri məni çağırdı. Masaya yaxınlaşanda onlardan birinin professor, digərinin əməkdar rəssam olduğu məlum oldu. Masaya çatanda rəssam mənə dedi :
- Ay oğlan, (professoru işarə edərək) bu xanımı tanıyırsanmı ?!
Sualı eşidəndə bir anlıq professora zillənərək düşünsəmdə, özümü itirməyib "yox" cavabı verdim.
Rəssam qarşılığında təəccüblənərək "sən niyə bizim dəyərli professorumuzu tanımırsan ?" sualını verdi.
"Niyə” sualının qarşısında onlarla cavabım olduğu halda nədənsə susmağı seçdim.
Sonradan düşünürəm ki, niyə demədin ki, ölkədə bu yöndə təbliğat, təşviqat işləri olduqca zəifdir? Televiziyalarda əksərən bozbaş verilişlər göstərilir, onun-bunun həyatına burun soxan şou maqazinlər ekranlarda yer alır. Camaatın dərdlərindən, problemlərindən istifadə edərək manipulyativ şoular düzəldilir. Çöldəki elan, afişalarda ya idmançı, ya da hər hansı bir meyxana, şoubiznes tipli konsertlər nümayiş etdirilir.
Gərək də deyəydim.
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
“TOKİO HEKAYƏSİ” - Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 3-cüsü
“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir.
Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.
1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.
Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.
Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.
Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.
Tokio hekayəsi" (1953), Yasuciro Ozu
Usta rejissor Yasuciro Ozunun şah əsəri sayılan film, rejissorun digər filmləri kimi sakit, sadəlövh şəkildə Yaponiyada o dövrün mədəni və sosial dəyişikliklərinin ailə dəyərləri və sosial münasibətlər üzərindəki təsirini, uşaqlarını ziyarət etmək üçün Tokioya gələn qoca ər Şukiçi və arvadı Tomi vasitəsilə göstərir.
Şəkildə: Filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
Bir sual, bir cavab - Təranə Turan Rəhimli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Hərəmiz bir ruhda. İkiləşməyək,
Ömür qatarında itələşməyək.
Bu sonu görünən yola düşməyək,
Biz bir-birimizçün yaranmamışıq.
(Təranə Turan Rəhimli)
Təranə xanım, müxtəlif xarakterdə olan insanları əbədi birləşdirməyə sevginin gücü çatarmı? Yoxsa anlaşılmamaq o sevginin hər saniyə "məzarını qazacaq?"
CAVAB
Məgər həyatı maraqlı edən xarakterlərin müxtəlifliyi deyilmi? Bir anlığa düşünək ki, ətrafımızda öz xarakterimizdə insanlar toplanıb. Bu nə qədər cansıxıcı olardı. Dünyanın da gözəlliyi fərqliliklərin vəhdətindədir. Bir evin içində böyüyən iki övladın xarakteri yerlə göy qədər bir-birindən fərqli ola bilirsə, sevgi telləri ilə birləşən insanlar niyə eyni xarakterdə olmalıdırlar? Anlaşmaqla xarakter yaxınlığının heç bir əlaqəsi yoxdur. İnsan anlamaq istəyəndə buna cəhd göstərir. Əslində həmişə, bütün vəziyyət və situasiyalarda bir-birini anlamaq da mənə real görünmür. Sevgi münasibətlərində, xüsusilə ailədə anlaşmaq qədər qarşılıqlı hörmət də önəmlidir. Ortaq fikrə gəlmədiyin məsələdə belə sayqı, hörmət çərçivəsində davranış hər şeyi yoluna qoyur.
Ədəbiyyat və incəsənət”
(04.03.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Çərəzli kələm şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Çərəzli kələm şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Mal əti (sümüklü) – 117 qr
§ Kələm – 100 qr
§ Pomidor – 30 qr
§ Kök – 20 qr
§ Soğan – 25 qr
§ Yaşıl bibər – 15 qr
§ Acı bibər – 5 qr
§ Un – 5 qr
§ Qoz – 10 qr
§ Badam – 10 qr
§ Axta zoğal – 10 qr
§ Sarıkök – 0,1 qr
§ Kəklikotu – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Sümüklü mal ətinin qabırğa və döş hissəsi 50-60 qramlıq tikələrə doğranır, yuyulur, təmizlənir. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynayanda kəfi alınır. Ət bişən müddətdə digər ərzaqlar hazırlanır. Kələm samanvarı doğranır. Kələm, qoz, badam, zoğal təmizlənir, isladılır. Badamın qabığı təmizlənir, qoz xırda doğranır. Soğan, kök, pomidor, bibər yuyulur, təmizlənir, xırda doğranır. Ət 70-80 faiz bişəndə çıxarılır, işgənəsi ələkdən süzülür. Ət sümüklərdən təmizlənir. Qazanda yağ əridilir, soğan qızardılır. Sonra kök, bibər, pomidor əlavə olunur və tovlanır. Sonra ət əlavə olunaraq, birgə bişirilir. Ayrıca yağda un qovrulub, qarışığa əlavə olunur. Kəklikotu, duz, istiot, sarıkök əlavə olunaraq, ehtiyatla qarışdırılır. Qoz, badam, zoğal və işgənə əlavə olunur, bişməyə qoyulur. Qaynayandan 20-25 dəqiqə sonra hazırdır. Süfrəyə verəndə üzərinə cəfəri səpilir.
QEYD: Xörəyin dadlı olması üçün bütün ərzaqlar bir yerdə tovlanır.
Ədəbiyyat və incəsənət”
(04.03.2024)
UĞUR QAZANDIRAN KİTABLAR – Marşal Qoldsmit «Başından uca tullan»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Marşal Qoldsmit «Başından uca tullan»
Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.
Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!
Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.
Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!
Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə biznes liderləri təcrübədən keçiriblər.
Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.
«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Çayı içə-içə bir qədər kəşfiyyat aparmağı, bu evdə sözü keçən ağsaqqalın kimliyini müəyyən etməyi, əvvəlcə vəziyyəti onunla müzakirə etməyi düşünürdük. Bundan sonra əgər hər şey düşündüyümüz kimi gedərsə, onun vasitəsilə heç kimə hiss elətdirmədən Səyyarə arvadla təklikdə söhbət edəcəkdik. Söhbətimizdə başqa bir adamın iştirak etməməsi şərt idi. Yavaş-yavaş hər şeyi buna gətirməli idik. Vəziyyətin ciddiliyini nəzərə alaraq buradan heç bir halda istədiyimizi öyrənmədən getməyəcəyimiz aydın idi. Son nəticədə polkovnik Mahir Vəliyevin təqdim edəcəyi xidməti vəsiqənin onsuz da hər şeyi həll edəcəyini bilirdik. Sadəcə faciə baş vermiş bir ailədə insanların hisslərinə hörmətlə yanaşmaq borcumuz idi və bu səbəbdən hər şeyi sakitcə, incəliklə həll etməyə çalışırdıq.
Çayıma bir qurtum vurub masanın başında, molla ilə yanaşı oturmuş yaşlı adamı hiss elətdirmədən süzdüm. Bu bizə lazım olan adam deyildi. Yaşlı adam ona başsağlığı verənlərə tez-tez başını tərpətməklə və çox canfəşanlıq etməklə, bəzən isə, hətta bir qədər yerindən qalxmaqla cavab verirdi. Bir sözlə, yaşına görə yuxarı başda otursa da, onda əsil ağsaqqallara xas xüsusiyyətlər, sanbal yox idi. Yavaş-yavaş digər məclis üzvlərini nəzərdən keçirməyə başladım. Mahir də çay içə-içə öz müşahidələrini aparırdı.
Bir azdan həyətə girib yoğun səslə hamı ilə salamlaşan təxminən altmış yaşlı kişini görən məclisdəkilərin az qala yarısı ayağa qalxdı. Əli ilə onlara oturmaq işarəsi verən kişi keçib orta yerlərdən birinə oturub üzünü mollaya tutub dedi:
-Bir neçə mərasim evinə dəydim. Vəziyyətlə bağlı mərasim evləri məclis keçirməyi dayandırıblar. Ona görə də üç mərasimini sabah elə burda, həyətdə keçirəcəyik.
Molla onun dediklərini dinləyib başını razılıqla yellədi və dedi:
-Bəli, hamımız vəziyyəti başa düşməliyik. Allah mərhuma rəhmət eləsin, xalqımıza da, indi düşmənlə üz-üzə dayanmış əsgərlərimizə də kömək olsun. Allah səndən də razı olsun, ay Mehdi.
Məclisdəkilər «Amin» deyib razılıqla başlarını yellədilər.
Qərarını elan edən, amiranə görkəmli, yoğun səsli Mehdinin ailənin ən məhrəm və sözü keçən üzvü olduğuna şübhə qalmırdı. Hiss elətdirmədən Mahirə baxdım. Artıq hərəkətə keçməyin vaxtı idi. Mollanın işarəmizlə verdiyi fatihəni bitirməsini gözləyib ayağa qalxdıq. Bizə çay gətirən oğlanın qulağına Mehdiyə təklikdə sözümüz olduğunu deyib, onu küçəyə çağırmasını tapşırıb həyətdən çıxdıq.
Az sonra küçəyə çıxan Mehdi bir qədər aralıda dayandığımızı görüb bizə yaxınlaşdı.
-Uşaq dedi mənimlə işiniz var. Buyurun, nə qulluğunuz?
Növbə ilə əlimizi uzadıb onun əlini sıxdıq və bir daha başsağlığı verdik. Bu hərəkətimiz istər-istəməz yaranmış gərginliyi bir qədər azaltsa da, Mehdinin ardınca küçəyə çıxıb bir qədər aralıda dayanmış bir neçə qolu zorba kişinin altdan-altdan bizə baxdıqları gözümüzdən qaçmadı. Vəziyyəti nəzarətdən çıxmağa qoymaq olmazdı. Ona görə də Mahir məsələni çox uzatmadan üzünü Mehdiyə tutub sakit səslə dedi:
-Qardaşlara de, narahat olmağa bir səbəb yoxdur. Biz dövlət adamıyıq, Daxili İşlər Nazirliyinin əməkdaşlarıyıq və çox vacib bir məsələ ilə bağlı sizdən bir xahiş edəcəyik.
-Dövlətə canımız qurbandır. Nə köməyim dəyə bilərsə, mən hazır.
Bunu deyən Mehdi əli ilə aralıda gözləyən kişilərə hər şeyin qaydasında olduğunu bildirən işarə verdi. Bir-biri ilə baxışan kişilər növbə ilə həyətə qayıtdılar. Küçədə üçümüz qaldıq. İndi əsas məsələyə keçməyin vaxtı idi. Seçimi düz etmişdik və qarşımızdakı adamın bizi başa düşəcəyinə əmin idik. Yenə də söhbətə Mahir davam etdi:
-Mehdi müəllim, ümidvaram bizi başa düşəcəksiniz. Gəlişimizin səbəbini sizə tam açıqlaya bilməyəcəyik, məsələ belədir ki, biz təcili mərhumun anası Səyyarə xanımla söhbət etməliyik.
Mehdi döyüküb üzümüzə baxdı. Onun bu reaksiyası anlaşılan idi.
-Başa düşmədim. Necə yəni Səyyarə xanımla. Yaşlı bir arvadla sizin nə söhbətiniz ola bilər?
Onun bir qədər əsəbləşdiyi hiss olundu. Söhbətə müdaxilə etməyimin vaxtı idi.
-Qardaş, biz buraya gəlməz, Səyyarə xanımı Nazirliyə dəvət edər və orada onunla söhbət edə bilərdik. Ancaq gəlişimizlə həm ağbirçək anaya, həm ağsaqqal kimi sizə və sizin simanızda bu nəslin kişilərinə olan ehtiramımızı ortaya qoyduq. Eyni ehtiramı və anlayışı da sizdən gözləyirik.
Dediyim sözlərlə həmsöhbətimizin gözlərində yaranmağa başlayan qığılcımlar bir anda yox oldu və o, əlini çənəsinə uzadıb sakit səslə soruşdu:
-Mən məsələnin nə olduğunu bilə bilərəm?
-Xeyir. Hətta o söhbətdə iştirak da edə bilməzsiniz.
Mehdi bir qədər də çənəsini ovuşdurub dedi:
-Yaxşı. Gözləyin, indi gəlirəm.
Onun gedib-qayıtması on dəqiqəyədək çəkdi. Başsağlığına gəlmiş qadınlarla dolu olan evin bir otağını boşaldıb gəlmişdi. Bizi ayrıca girişi olan o otağa qədər ötürüb özü qapıda qaldı. Səyyarə arvad otağın ortasında, ayaq üstə dayanıb gözləyirdi. Qapını arxamızca örtüb salamlaşdıq. Soyuq şəkildə salamımızı alan ağbirçək qadının gözlərindəki təlaş nəzərimdən yayınmadı. Söhbətə birinci mən başladım.
-Allah Tərxana rəhmət eləsin.
-Mənim oğlumun adı Sərxan idi,-Səyyarə arvad sərt səslə cavab verdi.
Bu qadınla danışmaq asan olmayacaqdı. Ancaq dediyim kimi, bunun yollarını biz gözəl bilirdik və onu açıq danışmağa vadar edəcəkdik. Ona görə də davam etdim.
-Səyyarə xanım, siz dünyagörmüş bir qadınsız. Oğlunuzun ölüm işi ilə rayon polis idarəsinin əməkdaşları məşğul olur. Biz Nazirliyin Baş Cinayət Axtarışı İdarəsini təmsil edirik. Əgər buraya qədər gəlmişiksə və ölənin Tərxan olduğunu deyiriksə, deməli hər şeyi bilirik. Sizdən tələb olunan sadəcə səmimi olmağınız və bildiklərinizi bizə danışmağınızdır.
-Mən sözümü dedim. Çıxın gedin.
Səyyarə arvad bir qədər səsini qaldırdı. Dönüb Mahirə baxdım. Həlledici gedişi etməyin vaxtı idi. Bayaqdan susan Mahir Səyyarə arvada tərəf baxmadan əlini çiynimə toxundurub bir qədər asta səslə dedi:
-Gedək qardaş. Daha başqa çarə yoxdur. Anamız bizə başqa çıxış yolu qoymadı. Sabah səhər qəbiri açıb meyiti yenidən müayinə etməli olacayıq.
Bu sözlərdən sonra birlikdə qapıya tərəf getdik. Bir addım… İki addım… Səyyarə arvad susurdu. Daha iki addım atıb qapıya çatdıq. Əlimi qapının dəstəyinə uzadanda qəfildən arxamızdan gələn səsə çevrildik.
-Dayanın.
Bayaqdan amiranə şəkildə ayaq üstə dayanmış Səyyarə arvad yaxınlığındakı stula çökdü. Sonra asta səslə dedi:
-Dayanın. Qəbri açmaq lazım deyil. Oğlumun ruhunu narahat etməyin. Hər şeyi danışacam. Ancaq söz verin ki, deyəcəklərim bu otaqdan kənara çıxmayacaq.
-Buna əmin ola bilərsiniz-Mahir ağbirçək ananı sakitləşdirdi. İki stul götürüb onun qarşısında əyləşdik. Səyyarə arvad sanki bizə inanıb-inanmayacağını götür-qoy edərək bir qədər susdu. Sonra sözə başladı.
-Elə isə bu bədbəxt anaya qulaq asın. Yazıq əkizlərimdən heç birinin həyatı alınmadı. Atalarını da erkən itirdik. Sərxan nisbətən sakit təbiətli idi. Amma Tərxan məni çox incitdi. Dəfələrlə həbsxanaya düşüb gözümü yollarda qoydu. Ailəsi dağıldı. İl yarım əvvəl Sərxan qəfildən dünyasını dəyişdi. Heç baş aça bilmədik nə oldu, necə oldu. Dedilər ürək çatışmazlığıdır. Amma oğlumun ürəyində heç bir problem yox idi. Eləcə gecə yatıb səhər oyanmadı. Onda Tərxan hələ heç kimə xəbər verməməyi tapşırıb mənimlə ciddi söhbəti olduğunu dedi. Onu dinləyəndə dəhşətə gəldim, çox qorxdum. Düşmənli imiş. Kimlərsə onu öldürməyə qərar veribmişlər. Oğlum hamıya ölənin Tərxan olduğunu deyəcək, bundan sonra Sərxan kimi yaşamağa davam edəcəkdi. Bu yolla düşmənlərindən xilas olmaq istəyirdi. Onlar bir almanın yarısı kimi bir-birlərinə oxşayırdılar. Yalnız mən onları ayıra bilirdim. Bir oğlumun meyiti hələ soyumamışdı. İkinci oğlumu da itirməkdən çox qorxdum. Razılıq verdim. Sərxanı Tərxan kimi dəfn etdik. Mən nə etmişəmsə, oğlumu qorumaqçün etmişəm.
-Ana, biz sizi heç bir şeydə ittiham etmirik. Narahat olmayın. Amma suallarımız var ki, onlara dəqiq cavab verməyə çalışın. Bu bizim üçün çox vacibdir.
-Soruşun, nə bilirəmsə, deyəcəm.
Sualları Mahirin verəcəyini şərtləşmişdik.
-Zəhmət olmasa, deyin, son zamanlar Tərxanın ətrafında tez-tez gördüyünüz adamlar var idimi?
Səyyarə arvad fikrə getdi.
-Nə deyim, ay bala. Evə adam gətirməyi xoşlamırdı. Görüşdükləri olubdusa da, kənarda olub.
-Nə işlə məşğul olurdu, daimi iş yeri, bir qazanc yeri var idimi?
-Daimi yox, amma orda-burda nə iş tapdı yapışırdı, çörək pulunu çıxarırdı. Hə, yadıma düşdü. Axır vaxtlar bir nəfərlə iş görürdü. Onunla işləməyə başlayandan yaxşı pul qazanırdı.
-O adam kim idi?
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Məhəmməd İqbal
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhəmməd İqbalın fikirlərinə yer ayırıb.
Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Qərblilərin gözündə ağıl həyatın nizamı, şərqlilər üçün eşq kainatın özüdür. Ağıl Haqqı eşq sayəsində tanıyır... Əgər eşq ağılla yan-yana gələrsə, müstəsna bir aləm qurar.
***
Könlün hökmü altında olan ağıl ilahidir. Könlün hökmü altına girməyən ağıl isə şeytanidir.
***
Eşq məqamı minbər deyil, dar ağacıdır. İbrahimlər Nəmrudlardan qorxmazlar.
***
Eşqə “dəlilik” deyən kəs həyatın sirlərinə əbədi biganə qalsın.
***
Yaşamaq və çalışmaq – çamıra könül toxumu atmaq deməkdir.
***
İslam milləti heç bir zaman yox olmayacaq, çünki azanlarında Musa ilə İbrahimin sirri təcəlli etməkdədir.
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
“Qasırğa” – TƏRANƏ VAHİDİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə Biri ikisində layihəsində bu gün sizlərə sevilən imzalardan olan Təranə Vahidin “Qasırğa” adlı hekayəsini təqdim edəcəyik. Hekayənin qəhrəmanı çox qəribə bir soyadının daşıyıcısıdır – Çalağanov. Həyatından qasırğa keçən Çalağanovun aqibəti necə olur? Oxuyub agah olacaqsınız.
...Kəpənəklər uçur, uçur, uçur...
Hamı kimi onun hekayəsi də xırda bir uçuşdan başladı. Dünya hava limanına qonar-qonmaz sallaq bığlı bir kişi əyilib qulağına şəcərəsinin baş tacını – soyadını pıçıldadı: Çalağanov!
Guya Yer üzündə adlar qurtarmışdı ki, ulu babası dünyanın gözünü töküb züryətinə belə yönsüz ad qoymuşdu: Çalağan... Heç sonrakı nəsillər də Çalağanın qan-qadasından qurtara bilmədilər. Şura hökuməti gələndə Çalağanın arxasına "oraq-çəkicli" “ov” şəkilçisi yapışdırıb dövriyyəyə buraxdı. Məktəbdə oxuyanda uşaqlar soyadına xeyli şəbədələr qoşdu. Əsgərlikdə ruslar bu soyadı nə deyə, nə də yoza bildi. Ali məktəbdə də bu nadir soyadını rüşvətxor müəllimlərin parolu kimi kodlaşdırdılar.
Düzdü, soyadından hamıdan çox özünün zəhləsi gedirdi, amma bu adda həm də bir hikmət, kəramət vardı. Bunu sonralar bildi, qapılar üzünə taybatay açılanda: “Çalağanov belə deyir”, “Çalağanov məsləhət gördü ki...”, “Əgər Çalağanov deyirsə...” – deyib istər-istəməz onunla razılaşanda...
Xoşbəxtlikdən ailə qurduğu qadın da adından çox, soyadını sevdi.
Sonralar özü də adını unutdu...
Bu uzun-uzadı müqəddimədən sonra hekayəmizin qəhrəmanıyla tanış olmağın vaxtıdır. Çalağanov altmış beş yaşlarında, iri cüssəli, dolu bədənli, babası kimi sallaqbığlı, gözləri göz çuxurunun dərinliyində işım-işım işıldayan müəmmalı bir adamdı. Onu tanıyanlara elə gəlir ki, Çalağanov anadan olandan özüylə gözəgörünməz xətkeş gəzdirir, ölçüb-biçməmiş, toplayıb-çıxmamış, kök altına salıb çıxarmamış bir addım da atmır.
... Üzə gülən bəxt, atılan fişəng və uğur böcəyi ...
Sözün qısası, xətkeşi sayəsində Çalağanov bu yaşınacan nə istədisə, hamısını əldə elədi: gözəl ailə, vəzifə, sərvət, çoxlarının qibtə edəcəyi barlı-bəhərli həyat...
Amma bir gün ona elə gəldi ki, həyatında nəsə, çox mühüm nəsə çatışmır. Xeyli baş sındırandan sonra qəfil anladı ki, əslində, həyatında heç də hər şey yerində deyil. Çatışmazlıqların konturları üzə çıxanda içində ucsuz-bucaqsız boşluq yarandı. Peşmanlıq küləkləri əsdi, nigarançılıq yağışı yağdı, təəssüf vulkanı püskürdü. Yox, o təslim olmayacaqdı, lazım gəlsə, qədərini pozub yenidən yazacaqdı. Axtarışları nəticə verdi: həyatının ən böyük yanlışı üzə çıxdı: düzgün olmayan seçim!
...Tərəddüd eləmə, istədiyini seç, bu, sənin həyatındır...
Uşaq vaxtı onu ancaq qaymaqçiçəyinə oxşayan sarışın qızlar həyəcanlandırardı. Böyüyəndə bu istək bir az da böyüdü, ürəyinin güzgüsündən ancaq sarışınlar boylandı. Amma həyat bağçasında belə olmadı, insanpərvərliyi başına vurdu, anasının “qara kişmiş” deyib gecə-gündüz təriflədiyi çəlimsiz qonşu qızıyla evləndi. Həssas, kövrək, göz yaşı ovcunda olan qadınlardan ötrü ürəyi gedə-gedə, bir ömür “Soyuq cərəyan”la bir yastığa baş qoydu. Dəmir iradəsi, tükənməyən səbri, polad əsəbləriylə ürəyinin əksinə getdi. Getdi, getdi, getdi...
Və “Soyuq cərəyan” ona üç yaraşıqlı oğlan bağışladı. İndi onların üçü də ataydı. Altı nəvəsiylə açıqdan-açığa fəxr edirdi. Amma bunlar təskinlik üçün bəs eləmirdi. Ömrünün qürubunda düşdüyü boşluq ölüm çuxuru kimiydi, ya cəhd edib çıxacaqdı, ya da...
...Çiçək dörd ləçəyini itirib yeganə ləçəyinə böyük ümidlərlə baxırdı...
Fikrini qətiləşdirdi. Düşündü ki, insanın dünyaya gəlməsi milyonda bir təsadüfdür. İkinci dəfə bu şans ona verilməyəcək, “Seçim et” təklifi də nə göydəkindən, nə də yerdəkilərdən gəlməyəcək.
Vaxt daralır, qocalıq zınqırovlu ilan kimi ona tərəf sürünürdü. Mənəvi böhran keçirdiyi belə bir vaxtda həyatında möcüzə baş verdi: xəyallarında rəqs edən, ən çətin anlarında gözünün qabağında gülümsəyib ona göz vuran, yaşamağa həvəsləndirən Sarışın peyda olub dünyasını səhra qasırğası kimi yerindən oynatdı. İpək saçlı, ala gözlü, çəhrayı dodaqlı Sarışın ona seçim imkanı verdi. Bu seçim qarşısında Çalağanov sarsıldı, gözlərini yerə dikib Tanrıya yersiz bir sual verdi: “İlahi, yer üzündə belə sarışınlar ola-ola, quru balıqla gün keçirmək rəvadırmı?”. Ağlına cəhənnəm sözündən başqa heç nə gəlməyəndə Dəli Cəmilin sözlərini xatırladı:
"...Bu dünyada cənnət ola-ola, cəhənnəm axtarmaq ağılsızlıqdır..."
Çalağanov boşanmaq üçün axtardığı üç əsas səbəbi, əslində, bəhanəni göz qırpımında tapdı: xasiyyətimiz tutmur, mən danışanda o həmişə uzaqlara baxır, qonşu istirahətə gedəndə pişiyini uşaqların anasına əmanət elədi, amma o neylədi? Üç gün qapının ağzında ilan dili çıxarıb yemək istəyən pişiyə dönüb belə baxmadı.
Məhkəmə bəhanələri ciddi qəbul eləmədi. Amma arvadı ərinin istəyinə qarşı çıxmadı. Nə ağladı, nə sızladı, nə də səsinin tonunu qaldırdı. “Soyuq cərəyan” qüruruyla “Boşanmaq istəyirsən, boşanaq!” – dedi.
...Şah deyilsən ki, məğlub olanda tacını itirəsən, gülümsə...
O gün Çalağanovun həyatının ən bəxtəvər günüydü. Həmin gün günəş onun şərəfinə çıxmışdı, quşlar ona görə cəh-cəh vururdu, adamların üzündəki təbəssüm ona gülümsəyirdi...
...Sevgi, çəkisizlik və yoxluq...
Sevgi yolunda bütün qapılar taybatay üzünə açılırdı. Açılan hər qapı onu Sarışının hüzuruna aparırdı. Sarışının ilıq təbəssümü, işıqlı gözləri, zərif səsi onu səsləyirdi. Qırxıncı qapının ağzına çatanda nəfəsinin odu dodaqlarını qarsaladı. Bu qapı, gərək ki, qızıldanıydı, yoxsa belə göz qamaşdırmaz, işıq saçmazdı. Amma indi qızıl hayında deyildi. Qızıldan qiymətli ala gözlü, albalı dodaqlı, qızılı saçlı Qasırğa qapının o üzündəydi....
Həyəcanını ört-basdır eləmək üçün bir addım geri çəkilib qapının açılmasını gözlədi. Qapını açan kimi həyatı kökündən dəyişəcək, hər şey istədiyi kimi olacaq, bütün boşluqlar dolacaqdı...
...Yeriyirdi, ayaqları yerə dəymirdi, uçurdu, qanadları yoxuydu, sevirdi, sevirdi, sevirdi...
Qapı özünü naza qoyub qızıl anların ömrünü uzadırdı. Bu dəfə qapını barmaqlarıyla yox, ürəyiylə döydü.
Gözlədiyi qapı yox, qonşunun qapısı açıldı. Başını qırmızı dəsmalla çalmış kök qadın yoğun səslə:
– Getdi, – dedi.
İnanmadı. Gülümsədi. Təbəssümünün üstündə elə bil iri şriftlərlə bu sözlər yazıldı: Lütfən, xoşbəxtliyimə kölgə salmayın!
Qonşu qadın başını yelləyib dönüb getmək istəyəndə yenə insafı yol vermədi. Demək istədiyini qorxa-qorxa birnəfəsə dedi:
– Dünən dəf-dumbulla getdi.
...Elə həqiqətlər var ki, ona inanmayın...
Heç o da inanmadı. Həmin gün nikah bağlayacaqdılar, sonra da bal ayına gedəcəkdilər. İstanbul-Paris-Roma bileti cibində xəcalətdən tərləyirdi...
Çalağanov sonralar da bu həqiqətə inanmadı. İnamsızlıq onu elə yeyib-bitirdi ki, həyatında Sarışının olub-olmadığına şübhə etməyə başladı.
Hamıya elə gəlirdi ki, Çalağanov anadan olandan özüylə xətkeş gəzdirir. Bu yaşında, bu başında məlum oldu ki, Çalağanovun heç vaxt xətkeşi olmayıb...
...İpək pərdələr, ipək xalçalar, ipək arzular...
Qasırğa əhvalatından sonra Çalağanov soyadı elə bil soluxub yazıqlaşdı. Sayrışan qığılcımlar depressiyası onu cənginə aldı. Puç olmuş ümidlər cəngəlliyində bir müddət dolaşandan sonra özünü yığışdırdı.
Hərdən istəyir ki, əvvəlki həyatına qayıtsın, isti sözlərlə “Soyuq cərəyan”ın könlünü alsın, yarımçıq qalmış həyat hekayəsinin ardını yazsın, belə düşünəndə gözlərinin qabağında Sarışın peyda olub qasırğa kimi fırtına qoparır, şişkin dodağını sağlam dişləriylə didişdirir, gözləri min oyundan çıxır, uzun, caydaq ayaqları durduğu yerdə “Tanqo” oynayır, o da yaz qarı kimi əriyir, əriyir, əriyir...
Hər axşam da özünə belə təskinlik verir: hər kəsin həyatında qasırğa olmalıdır.
...Sevgi qasırğa kimidir, ürəyin ən gözəl hisslərini kökündən qoparıb aparır, yerində rəngli xatirələr qalır, qalır, qalır...
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
Şəhidlər barədə şeirlər – Oqtay Ağabəyov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Oqtay Ağabəyova həsr edilmiş şeirlə tanış olacaqsınız.
OQTAY BAXŞƏLİ OĞLU AĞABƏYOV
(22.11.1987.-15.10.2020.)
Bakının Nizami rayonundan olan, Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, SOCAR-ın Bakı Neft Emalı zavodunun əməkdaşı olmuş Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
O Q T A Y
Oqtay:
“-Bu Vətən canımdan əzizdir mənə,
Vaxt gəlib, məqamdır, hünər vaxtıdır.
İnsana ağırdır, kinayə, tənə,
İntiqam vaxtıdır, zəfər vaxtıdır.
Neçə il gözlədik hücum əmrini,
Nəhayət, həmin gün yetişib, şükür.
Kəsərik kafirin səsin-səmrini,
Tale üzümüzə gülübdür, şükür.”
Oqtay gəldi evə, üzündə fərəh,
Ana, bu gündən mən, yenə əsgərəm.
Bu, haqq işimizdir, bu işə gərək
Mən də oğul kimi payımı verəm.
Ana, bax, ağlama, şükür ki, varam,
Həm sənin, həm də ki, yurdun oğluyam.
Necə də xoşbəxtəm, çox bəxtiyaram,
Gedirəm düşmənin qəlbin dağlıyam.
Ana qucaqlayıb öpdü balasın,
Kədəri sevincə qarışdı o an:
-Allah kafirlərin versin bəlasın,
Çəkilsin yurdumdan bir yolluq duman.
Oqtay yola düşdü, addımı mətin,
Canında yox idi nə qorxu-hürkü,
Yağı əlimizdən qurtarar çətin,
Yaxşı tanıyarlar yenilməz Türkü.
Nə qədər döyüşkən, cəsurmuş Oqtay,
Dostlar arasında vardır hörməti.
Qorxmazmış, mərd imiş, məğrurmuş Oqtay,
Yalnız qələbəydi sözü-söhbəti.
Torpaq azad olsun, var olsun Vətən,
İnamla, qeyrətlə döyüşdü Oqtay,
Burda yaşayammaz hər yoldan ötən,
Yağıyla qalibtək görüşdü Oqtay.
Füzuli uğrunda gedən vuruşda,
Gördülər yox imiş bu mərdin tayı.
Sonadək aslantək, şirtək vuruşdu,
Mələklər cənnətə çəkdi Oqtayı.
Ucadan ucaya ucalan igid,
Səninlə fəxr edir Azərbaycanım.
Sən xalqın qəlbində yaşayan igid,
Mənim qəhrəmanım, tarix yazanım.
ADNA-nın məzunu, mühəndis idin,
Hərbi xidmət keçdin Murovdağında.
SOCAR-ın işçisi, halal, düz idin,
Ayaq izlərin var Qarabağımda.
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)
İstədiyi qıza ürəyini aça bilməyən məzarsız şəhid - ANIM GÜNÜ
Lalə İsmayıl, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, “Ədəbiyyat və incəsənət” üçün
1-ci Qarabağ müharibəsinin nə qədər məzarsız şəhidi var! Onlardan biri də Məstalı İxtiyar oğlu Əliyevdir. Onun anım günü ilə əlaqədar martın 1-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Gəncliyə Yardım Fondunun birgə təşkiltçılığı ilə tədbir keçirildi, bu barədə danışacağam.
Tədbirdə şəhidin ailəsi, yaxınları, sinif yoldaşları, silahdaşları və bir çox digər qonaqlar iştirak edirdilər.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı giriş sözü ilə çıxışa başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət himni səsləndirildi. Məstalının həyat hekayəsi barədə videorolik təqdim edildi.
Çıxış üçün ilk söz şəhidimizin sinif rəhbəri Aftandil müəllimə verildi. Müəllim öz şagirdi haqqında danışdı.
Döyüş yoldaşlarından Fariz Qəhrəmanov, Elçin Məmmədov, Həmid Mahmudov
Məstalı haqqnda, onun nə qədər mərd, ürəkli, sözünə sadiq bir dost olduğunu söylədilər.
Məstalı ilə eyni hərbi hissədə xidmət etmiş Nazilə xanımın xidmət yoldaşı haqqında danışıqları hər kəs üçün maraqlı oldu.
Varis bəy, Ceyhun bəy, Şahin bəy Məstalı Əliyevlə eyni sinifdə oxumuş, uşaqlıq illərinin ən xoş çağlarını paylaşmışdılar. "Bağışlayın, deyirlər kişilər ağlamaz, amma biz dostumuzu göz yaşısız xatırlaya bilmirik.
Onun istədiyi qız var idi. Amma ürəyini aça bilmədi sevdiyi qıza. .. " deyərək, bizlərlə də həm xatirələrini, həm də göz yaşlarını paylaşdılar...
Ehtiyatda olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədov da Əliyevlər ailəsinin digər döyüşçü oğulları, Ülfət, Fərrux haqqında, onların döyüş yollarından söz açdı, şəhidimizin xatirəsini uca tutanlara öz təşəkkürünü bildirdi.
Şair Sona Əli Məstalı həsrətiylə yaşayan Pakizə ana ilə bağlı uşaqlıq xatirəsini dilə gətirdi.
Nisgil, həsrət dolu bir fədbir beləcə sona çatdı. Amma şəhidlər xatırlanan hər bir tədbir bədbin yox, nikbin köklərə bağlıdır. Çünki hər bir şəhid unudulmazlıq statusu qazanıb.
“Ədəbiyyat və incəsənət”
(04.03.2024)