Super User
Şəhidlər barədə şeirlər – Oruc Soltanov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Oruc Soltanova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ORUC FƏRHAD OĞLU SOLTANOV
(01.01.1999.-15.10.2020.)
Kürdəmirin Sovla kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
ORUC
Necə də şirinmiş, İlahi, vətən,
Vətən daşı olmaz hər yoldan ötən.
Qarabağ uğrunda savaş zamanı
Tanıdıq nə qədər igid cavanı.
Ölümün üzünə onlar dik baxdı,
Mərdlər sayəsində üzümüz ağdı.
Vətən darda olsa oğullar gülməz,
Onların hünəri tərifə gəlməz.
Oruc da vətənin cəsur övladı,
İgid qəhrəmantək çağrılır adı.
Sovlada böyüyüb yaşa dolmuşdu,
Qeyrətli, cəngavər igid olmuşdu.
Vardı kəndlərində xətir-hörməti,
Hamıya xoş idi sözü-söhbəti.
Vaxt gəldi, orduya xidmətə getdi,
Vətənə qürurla xidmətin etdi.
Əsgərlik necə də şərəfli yoldu,
Mahir bir nişançı- snayper oldu.
Xidmətin bitirib, qayıtdı geri,
Başından çıxmadı hərbinin sehri.
Haqq işi uğrunda başladı savaş,
Düşmənin başına yağırdı od, daş.
Oruc da yazıldı yenə orduma,
Zəfərlər yaraşır ana yurduma.
Nə qədər düşməni məhv etdi Oruc,
Necə də qoçaqmış, igidmiş Oruc.
Füzuli uğrunda döyüş vaxtında
Yaralandı – bu da varmış baxtında.
Yara ağır oldu, sağalmaz oldu,
Əlacsız həkimin gözləri doldu.
Yağılar məhv olsun, gəlsin lənətə,
Oruc şəhid oldu, köçdü cənnətə.
Oruc, arzuların açıbdır güllər,
Artıq əsir deyil xarı bülbüllər.
Qarabağ ömürlük azad olubdr,
Erməni xülyası bərbad olubdur.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“XAN” nəşriyyatının 10 yaşı tamam oldu
Azərbaycan nəşriyyatçılığında öz yeri və çəkisi olan XAN nəşriyyatının 10 yaşı tamam oldu. Bu münasibətlə nəşriyyatın direktoru Səbuhi Şahmursoyun yazısını sizlərə təqdim edirik.
Nəşriyyatın missiyası nədir? Hansı əlamətdar işlər görüb? Niyə məhz XAN?
Tələsməyin, bütün suallara cavab alacaqsınız.
İlk yazı, heroqlif, daş lövhəcik, lələk, mürəkkəb, perqament, “Xəmsə”, 1440-cı il, Qutenberq, samizdat, “Voyniç əlyazmaları”, makulatura, “əvvəl yazıçı olum, sonra yazmağı öyrənərəm”, minlərlə ağacın kəsilməsinə etiraz, PDF...
Bu açar sözlərin hər biri zaman şkalasının cüzi qismini xatırlatsa da, bəşər tarixinin nəhəng dövrü üçün əhəmiyyətli anlayışlardır. Bunların arasında minlərlə irili-xırdalı başqa açar sözlər də var, hər birinin vəzifəsi cəmi bir nəsnənin yaşaması üçün yalnız pazl rolunu oynamaqdır: KİTAB.
Kitab dünyanın dərki mövzusunda istənilən informasiyanı nəsildən-nəslə ötürən akkumulyasiya bazasıdır. Kitab inqilabdır, kitab bizə həm inanc bəxş edən, həm də inancımızı sorğulayandır. Kitab əmrin simasıdır, necə yaşayacağımızı göstərən qanundur. Tarixdir, sevgidir, haqq-hesabdır... Kitab bəşərin yaddaşıdır.
Kitaba sevgimin yaşını bilmirəm: elə sanıram, min ildir. Amma xatırlayıram ki, nə vaxtsa atamın kiçik rəfə sığışdırdığı qalın üzlü kitablarına balaca əllərimi sürtərkən də onlar mənə doğma gəlirdi. Onda hələ kitabların əsl həyatda nələrə qadir olduğundan xəbərsizdim. Onda hələ yalnız atamın tez-tez yaxınlaşdığı bu sakit guşənin özündə hansı fırtınalar gəzdirdiyini bilmirdim. Könüllü olaraq ilk dəfə hansı kitabı açdığımı da xatırlamıram, hərçənd əminəm ki, o kitabı əsgər rejimi ilə cümlə-cümlə oxumağım həftələr çəkmişdi.
Nədənsə taleyim elə gətirdi ki, həmişə kitabların əhatəsində oldum. Bu sehri hər gün daha bir az dərk etməyə çalışdım: əvvəl qarşıma çıxanı oxudum, sonra oxumaq istədiyimi axtardım, bəzən başqa layiqlisinə rast gəldim, sonra axtardığım məni tapdı və beləcə davam etdi. İnsanmərkəzçiliyin manifesti “nəhayət, insan yarandı” olan kimi, mənim də həyatım dövr edib, nəhayət, kitabın məbədinə çatdı. Əvvəllər məndə sakral məkan təəssüratı yaradan nəşriyyat gündəlik həyatımın böyük hissəsinə çevrildi. Kitabların doğuluşunu artıq canlı müəlliflərlə söhbətdə müşahidə etdim, iş alətimiz “ərköyün” söz oldu, biz onu, o bizi dəyərə mindirdi. İndi yeni doğulan kitabların bizə uzanan balaca əllərini təsəvvür edəndə, vaxtilə böyük kitablara uzanan öz balaca əlimi xatırladım. Həyatda hər şey necə də qarşılıqlıdır!
XAN Nəşriyyatı. XAN. Xalqım Azərbaycan Naminə – XAN-ın açıqlaması budur. Məncə, bu söz birləşməsi nəşriyyatın amalı barədə hər şeyi deyir.
İşlədiyin yerin şəninə xoş sözlər demək öz-özünü tərifləmək kimi bir şeydir və kənardan adekvat görünməyə bilir. Amma bu məsələnin olanı deməməklə ədalətsizlik etmək kimi bir vəziyyətə düşməmək istəyi də var. Məsələn, sirr deyil ki, ilin-günün bu vaxtı (bazar iqtisadiyyatının söz sahibi olduğu zamanda) “XAN Nəşriyyatı”nın müraciət etdiyi müəllif və əsərlərin böyük əksəriyyəti ədəbiyyatın fövqündə dayananlardır, bu mənada “Atlant göy qübbəsini hələ də çiynində saxlayır”. Məsələn, hələ tanınmamış gənc müəllifin nəşr olunan kitabı oxucular tərəfindən uğurla qarşılananda gizli-gizli duyulan qalibiyyət hissinin nə demək olduğunu yaxşı bilirəm. Eləcə də bilirəm ki, “Məşhurlar” silsiləsi ana dilində qeyri-bədii kitab axtarışında olan oxucu üçün nə deməkdir. Həvəsli oxucuya “Xatirə Ədəbiyyatı” silsiləsindən bir kitab uzatmaq onu elə çılpaq tarixlə qovuşdurmaqdır. Bilirəm ki, İsa Muğanna kimi dahinin Azərbaycanda müəllif hüquqları verilən yeganə nəşriyyat olmaq böyük məsuliyyətdir. Bu məsuliyyətə “Dədə Qorqud. Vatikan nüsxəsi”nin 500 ildən bəri ilk dəfə transliterasiya olunmuş nəşrini Azərbaycan oxucusuna təqdim etmək də aiddir. Ümumilikdə milli ədəbiyyat nümunələrini gənc nəslə tanıtdırmaq istiqamətində “XAN Nəşriyyatı”nın gördüyü işlər danılmaz faktdır. Müasir Azərbaycan ədəbiyyatının, necə deyərlər, “qaymaqları”nı seçib nəşr etməksə yerli ədəbi prosesə faydalı addımdır. “Tərcümə ədəbiyyatı” silsiləsinə məxsus kitabların seçimi onları tərcümə edənlərin seçimi qədər həssas mövzudur. Bu mənada yaşlı nəsillə birgə gənclər arasından kəşf edilən tərcüməçilər bu nəşriyyatın uğurudur. Əminəm ki, bu əzmlə, öz üzərində çalışmaqla Cavid Qədir, Xəyalə Murad, Həmid Piriyev və başqa tərcüməçi gənclər Azərbaycan dilinə hələ çox dəyərli əsər qazandıracaq.
“BalaBilgə” uşaq kitabları silsiləsi ilə uşaqların sevincinə bais olmaq “XAN Nəşriyyatı”nın istənilən əməkdaşı üçün ən gözəl duyğudur. Misal üçün, uşaqlıqdan Koroğlunu, Dədə Qorqudu, “Xəmsə”nin qəhrəmanlarını, Balaca qırmızı balığı tanıyan, şahmatı öyrənən, milli irsimizi – geyimlərimizi, abidələrimizi, sənətkarlarımızı, hökmdar və generallarımızı, idmançı və qəhrəmanlarımızı tanıyaraq, onların şəklini boyayan, yaxşılıq haqqında hekayələr dinləyən bir uşağın gələcəyini təsəvvür etmək adamda, həqiqətən, xoş hisslər oyadır. Məktəbdə uşaqların sıxışdırılması – “bullinq” mövzusunda işlənən ən gözəl kitablardan biri – Jeleznikovun “Müqəvva”sını oxuyan uşaq təkcə sinif yoldaşlarını deyil, bütün insanlığı anlamağa çalışar, heç vaxt empatiya hissindən uzaq düşməz. “Böyük adam olmuş uşaqlar”, “Bilgənin macəraları”, “Balaca Delfinin macəraları” silsiləsindən istənilən kitabı oxuyan uşaq ömründə pis insan ola bilməz.
Və bütün bunlar qısa zamanda – cəmi 10 il ərzində görülən işlərin cüzi hissəsidir. Bu nəşriyyatı yaxından izləyənlər bilməmiş olmaz ki, “XAN Nəşriyyatı”nın məqsədi və idealı fəaliyyət göstərdiyi cəmiyyəti hərtərəfli maarifləndirməkdir, bu yol isə təsəvvür ediləndən də uzun və hər cür sürprizlərlə doludur. Bu yükü, bu məsuliyyəti enli çiyinlərində saxlayan təsisçi Şəmil Sadiq və bütün həmkarlarımı – bu nəhəng insanları yubiley münasibətilə təbrik edirəm! Əminəm ki, zəhmətli olsa da, gələcəkdə yenə fəxrli və mənəvi dəyəri yüksək olan işlər görəcək, arzuladığımız xoş günləri yaşayacağıq! Qoy, bu qədim tarixin bir açar sözü də “XAN” olsun! Ədəbiyyat və kitab qədər ömrün olsun, əziz “XAN Nəşriyyatı”!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - Sitarə Abbasova və Fidan Məmmədli
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun
Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini 1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.
2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin, 2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.
ŞAGİRD:
Mən, Məmmədli Fidan Vüsal qızı 19 avqust 2011-ci ildə dünyaya göz açmışam. 2017-ci ildə Binəqədi rayonu 244 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşam. 2021-ci ildən isə 247 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsilimi davam etdirmişəm və hal-hazırda həmin məktəbdə təhsil alıram.
ESSE:
“Hacı Zeynalabdin Tağıyev”
Azərbaycanın görkəmli mesenatı Hacı Zeynalabdin Tağıyev kamil insanlardan biri idi. O öz doğma vətəninin gözəlləşməsi və abadlaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Belə ki, Azərbaycan xalqına öz xeyriyyəçi xidmətləri ilə böyük töhfələr verən Hacı Zeynalabdin Tağıyevin ömür yolu hər birimiz üçün örnək olmalıdır. O, xeyir əməllərin carçısı, bir millət fədaisi kimi çar Rusiyasının müstəmləkə siyasətinə zərbə vuran ilk milli kapitalistimiz olmuşdur.
Bu gün onun xeyirxah əməllərinin layiqli davamçısı Heydər Əliyev Fondudur. Fond da Hacı Zeynalabdin Tağıyev kimi dövlətimizin mütərəqqi ölkə kimi tanınmasında bəşəri addımlar atır.
Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada evlənmişdir. Zeynalabdinin anası Ümmü xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında olarkən atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Tağıyev müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edirdi. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar məktəbinin binasında onun dəsti-xətti hiss edilir.
Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O həm də, Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçilərdən idi.
“Neft sənayesi və nəqliyyat”
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradır.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır, lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z. Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxartdı. Nəticədə onun gəlirləri sürətlə artmağa başladı. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, indiki Volqoqradda, Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtkü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.
Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınaraq neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə maraq göstərir.
1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud neft hasil edir.
"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb,Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda "Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti" təsis olunarkən Z. Tağıyev Şuranın 6 üzvündən biri olur.
Bundan başqa Tağıyev "Kaspi" birliyi ilə əməkdaşlığını sürətlə inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka və körpüyə sahib idi.
“Qız məktəbinin açılmasına mane olanlarla mübarizə”
Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnəfikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu, iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb, isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə, imamlardan hədislər və sübutlar gətirərək, bu işi küfr adlandırırdılar. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dillərində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burada nə pis iş var?”
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
EKSPRESS-SORĞU - Mənim üç arzum
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət”in növbəti
ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır?
Mənim cavabım belədir:
Tilovumu sudan çəkdim. Ümidlə atıb, məyusluqla çıxardığım tor sayını unutmuşdum. Əfsanələrdəki insanlara qızıl balıq bəxş edən sular, məndən quru balığı da məhrum edirdi. Dəniz sanki kimdənsə incimişdi və mən arada qurban gedirdim, savaş halında iki dövlət arasında qalan torpaq, mübahisə edən ana-atanın arasında qalan uşaq kimi. "Ey başqalarına qızıl balıq bəxş edən dalğalı sular! Niyə məndən kiçik xoşbəxtliyi də əsirgəyirsiniz?!" dedim qəzəblə. Buraya gəlmək məqsədim yadımdan çıxmışdı sanki. Bu üsyanım dənizin mənə vermədiyi balıqlar deyil də, həyatın mənə bəxş etmədiyi xoşbəxtlik idi sanki.
Bəzən insan ən böyük hadisələrə susar, kiçik bir qığılcımda parlayar və arada haqqı olmayan haqsızlıqlara məruz qalanlar qalardı. Deyəsən, məndə də elə olmuşdu. Balıqdan başqa nələrsə tələb edirmişcəsinə baxırdım qəzəblə qayalara çırpılan dalğalara. Bunları düşünərək, "Son ümid" deyib ümidlənərək atıb, ümidsizcə toru sudan çəkdim. Tordan 3 kiçik balıq çıxdı. "Bunları verəcəyinə, heç verməzdin! İndi mən sənə "qızıl balıqlarını" geri qaytarıram" dedim, qəzəblə alt dodağımı dişləyərək. Dalğalar sanki bir az əvvəlkindən daha bərk gəlirdi üzərimə. Bu sözlərimə cavab olaraq, sanki dəniz mənə mənasız bir şey istədiyi üçün ağlayan uşaqlara susmaları üçün qəzəblə "nə istəyirsən?!" sualını verən valideynlər kimi cavab vermişdi. Əvəzində səndən ev, maşın və bir miqdar pul, qısaca, xoşbəxtlik istəyirəm! dedim mavi sulara. Bu balıqları mənə dənizin verdiyini unudaraq və indi balıqları geri qaytararaq ona nələrisə lütf etdiyimi zənn edərək.
Dalğalar get-gedə sakitləşdi. Bunu "istədiklərini sənə verəcəyəm" kimi qəbul edirəm, dedim. Yığışıb, heçnə olmamış kimi evin yolunu tutdum. Son olaraq "arada belə də olar" deyərək, "əsəbi idim, dediklərim üçün üzr istəyirəm" deyən ruh qatillərinə bənzəyirdim.
Yolu keçmək üçün dayandım, ətrafda elə də çox maşın görünmürdü. Keçmək üçün addımlamağa başladım. Yolu keçərkən, sürətlə mənə doğru gələn maşını gördüm, lakin bəzən görmək üçün çox gec ola bilirdi və eyni zamanda düşünmək üçün də... O an dünya ilə bütün əlaqəmi kəsmiş, qəlb ritmimə və yaşamaq üçün çırpınan ruhuma açmışdım sanki. Özümü yolun kənarındakı ağaclıqlara atdım iradəmdən kənar şəkildə. Qəlbim sanki əlimin içində döyünürdü. Xoşbəxtlik... xoşbəxtlik... xoşbəxtlik dedim tək kəlmə, deməyə də halım olmayacaq şəkildə. Bu sözlər məndən asılı olmayaraq dilimdən çıxmışdı. Bəzən dünyaya bizə verdikləri üçün yox, verdiklərini almama lütfünü bəxş etdiyi üçün təşəkkür etməli və sevinməli idik. Nəfəs almaq qızıl balıq, qızıl balıq xoşbəxtlik, xoşbəxtlik özüm imişəm sən demə!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
Mədəniyyəti çəpərə almaq olmaz!!! - Şahbaz Xuduğlu yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir, ictimai xadim Şahbaz Xuduoğlunun ürək ağrısı ilə qələmə aldığı kəlmələri REPLİKA rubrikasında diqqətinizə çatdırır.
Dostluq" kinoteatrını çəpərə alıblar. Müvəqqəti narahatlığa görə üzr istəyirlər. Amma əmin olun, bu müvəqqəti deyil, bu əbədidir. Bu mədəniyyətimizə vurulan böyük bir zərbədir.
Özəlləşdirmə proqramına əsasən mədəniyyət obyektləri özəlləşdirilə bilməzdi. İndi qanunvericilik dəyişibmi, onu bilmirəm.
“Dostluq" böyük zalları olan gözəl bir binadır. Mədəniyyət ocağıdır. Onu dağıtmaqdansa bərpa edib mədəniyyətə qaytarın. Bir hissəsini kitabxana edin, bir hissəsini kino zalı, birinci mərtəbəsində kitab kafesi olsun. Kitabla, kino, teatr ilə əlaqəli olan bir ocağa çevirin.
Niyə bu xalq öz mədəniyyətinə sahib çıxmaq əvəzinə onu dağıdır. Hər rayonda bir neçə kinoteatr, bir neçə mədəniyyət klubu vardı, cüzi bir hissəsi qalıb. Hamısı dağılıb. Hamısı satılıb.
Bu faciəyə necə müvəqqəti narahatlıq adı vermək olar?!
Şəkildə: “Dostluq” kinoteatrı indi (qapaq şəkli) və ötən əsrin 70-ci illərində.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Tanrı səni yaratdı, bir də çətin yarada..." - BU GÜN BÖYÜK MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN ANIM GÜNÜDÜR
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Yetmiş illik ayrılıq axır ki, çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordum uzaq yolları, səsinlə, sorağınla,
Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm.
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!
Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!
Sizdən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət “İstiqlal!” – deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!
Kəsilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində.
İllər gəlib keçsə də, sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!
Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!
(“Kişi”, Zəlimxan Yaqub, Ankara, 1991)
Bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti üçün yaşayasan, lakin vətənində yaşaya bilməyəsən...
Bəli, o, bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti yolunda xərclədi. Bu uğurda dəfələrlə doğma yurdundan didərgin düşdü, 71 illik ömrünün 40 ilini o çox sevdiyi vətənindən uzaqda mühacirətdə, mübarizələrdə keçirdi. Mühacirətdə də daim vətəninin, millətinin rifahı üçün çalışdı. Davası yolunda ən əzizlərini, ailə üzvlərini belə faciəvi şəkildə itirdi, istiqlal səadəti yarım qaldı. Lakin, o, yenə də son nəfəsində Azərbaycan söylədi.
Bu gün siyasi və ictimai xadim, publisist, şair, ədəbiyyatşunas, bütün şərqdə, türk-islam dünyasında ilk parlamentli demokratik respublikanın qurucusu, əzəmət və azadlıq mücəssəməsi, böyük mütəfəkkir, milli lider Məhəmməd Əmin Rəsulzadənin 1955-ci il mart ayının 6-da şəkərli diabet xəstəliyindən müalicə aldığı Ankara universitetinin Cebeci xəstəxanasında hər şeydən çox sevdiyi, uğrunda bütün ömrünü, ailəsini quraban verdiyi Azərbaycanın adını 3 dəfə söyləyərək əbədiyyətə qovuşduğu gündür.
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
"Hürriyyət" fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
(“Mayıs duyğuları” - Məhəmməd Əmin Rəsulzadə, 1955-ci il. (Son şeiri))
Bizim üçün Rəsulzadə mayak kimi daim üfüqdə parlayıb millətinə yol göstərəcək olan Zöhrə ulduzu, işığı heç bir zaman sönməyəcək olan bir Azadlıq Günəşidir. Çünki bu yurdda azadlığın, istiqlalın, hürriyyətin günəşi onunla birlikdə, onun verdiyi qurbanlar, onun çəkdiyi zəhmətlər hesabına doğdu...
Ruhunun şad olması diləyi ilə...
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
Rəsm qalereyası: Sakit Məmmədov, “Tomrisin portreti”
Günün fotosu: NATO Nordic Response adlı hərbi təlimlərə başlayıb
Günün fotosu: NATO Nordic Response adlı hərbi təlimlərə başlayıb
50-dən artıq gəmi, 110-dan artıq hərbi təyyarə, 20 min əsgər - NATO İsveç, Norveç və Finlandiyada - Finnmark adlı ərazidə Nordic Response adlı hərbi təlımlər keçirir.
Hərbiçilər 13 ölkəni təmsil edirlər.
Məqsəd nədir? Təlimlərə başçılıq edən polkovnik Yorn Kviller söyləyir: “İlk öncə onu deyim ki, Finnmark - Rusiya tərəfindən təcavüzə məruz qala biləcək potensial ərazidir. Odur ki, məhz burda praktila keçmək vacibdir”.
Foto: AP
"Ədəbiyyat və incəsənət"
(06.03.2024)
Komitə sədri "İncəgülü" şöləninin ideya müəllifini təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “İncəgülü” saz-söz şöləninin, “Könül körpüsü” telelayihəsinin ideya müəllifi və rəhbəri Çiçək Mahmudqızına təbrik məktubu ünvanlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib.
Tanınmış şair-publisist və televiziya aparıcısının 60 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:
“Hörmətli Çiçək xanım,
Sizi – tanınmış şair-publisist və televiziya aparıcısını, Azərbaycan Yazıçılar Birliyi, Aşıqlar Birliyi və “Aşıq Pəri” Məclisinin üzvünü 60 illik yubileyinizlə bağlı təbrik edir, yaradıcı və ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz özünəxas ədəbi-mədəni gələnəkləri olan qədim Qazax mahalının Qaymaqlı elində doğulmusunuz və hələ 20 yaşlarından paytaxtın qaynar yaradıcılıq mühitinin fəal iştirakçısı olmusunuz.
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dövlət Dillər Universitetini) 1987-ci ildə fərqlənmə diplomu ilə başa vurmuş, həmin ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Bununla yanaşı, dövri mətbuatda ardıcıl olaraq şeirlər və publisistik yazılarla çıxış etmisiniz.
2002-ci ildən Gəncənin “Kəpəz” telekanalında “Mənim şeirli dünyam” verlişinin aparıcısı, 2008-ci ildən Tovuzda fəaliyyət göstərən yerli televiziyada “Saz-söz dünyası” verlişinin müəllifi, 2010-cu ildən “Türkel” adı ilə yenidən fəaliyyətə başlayan həmin televiziyada “Xoş ovqat” verilişində müəllif-aparıcı olmusunuz.
2013-cü ilin oktyabrından isə yenidən Gəncənin “Kəpəz” televiziyası ilə əməkdaşlıq edərək, ünlü “Duyğulu könüllər” verilişinin aparıcısı olmusunuz.
“Könül körpüsü” telelayihəsi və 2011-ci ildən hər ilin yazında kecirdiyiniz “İncəgülü” saz-söz şöləni saz-söz sənətinə sizin dəyərli xidmətinizdir.
“Bənövşə yaşlar”, “Könüllərin Çiçəyi” və b. kitablarınız oxucularınızın marağına səbəb olub. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Aşıq Ələsgər – 200" yubiley medalı, bir sıra digər ictimai ödüllərlə təltif olunmusunuz.
Sizi ictimai, yaradıcı uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(05.03.2024)
“Solmayan qırmızı ləçəklər…” - Yazıçı Varislə gənclərin görüşü təşkil edilib
Azərbaycan Respublikası Gənclər Fondunun və Böyük Qayıdış Gənclər Təşkilatının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının müəllifi, yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Varislə görüş keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Böyük Qayıdış Gənclər Təşkilatından məlumat verilib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev tədbirlə bağlı bunları söyləyib: “Yazdığı əsərlərlə gənclərin sevimlisinə çevrilmiş Varis bəy, hər zaman söylədiyi ədəbi fikirlərlə oxucuların qəlbini qazanmağı bacarıb. Bu gün ADPU-da artıq ənənə xarakteri alan Varis bəylə görüşlər tələbələr tərəfindən daim böyük səbrsizliklə gözlənilir.
Görüş zamanı Varis bəy müəllifi olduğu kitablarla bağlı tələbələrə məlumat verdi, öz uğur hekayəsini onlarla bölüşdü. Görüşün ardında Varis bəy Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığının ifadə olunduğu “Qırmızı ləçəklər” romanındaki hadisələri, yazarkən keçirdiyi hissləri tələbələrlə bölüşdü. Tədbirin sonunda tələbələri maraqlandıran sualları cavablandıran müəllif imzalı kitablarını tələbələrə hədiyyə etdi. Dəvətimizi qəbul edib gəldiyiniz üçün
Varis bəyə təşəkkür edirik”.
Xatırladaq ki, Böyük Qayıdış Gənclər Təşkilatı Dövlət sifarişi ilə yazılmış, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ edilən “Qırmızı ləçəklər” romanının müxtəlif gənclər auditoriyasına təqdimatını silsilə şəklində davam etdirir. Daha öncə “Libraff-Akademiya” kitab evində təqdimat baş tutmuşdu.
“Ədəbiyyat və incəsənət”
(05.03.2024)