Şəhidlər barədə şeirlər – Oruc Soltanov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Oruc Soltanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ORUC FƏRHAD OĞLU SOLTANOV

(01.01.1999.-15.10.2020.)

 

 Kürdəmirin Sovla kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin  əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi 

 

 

 ORUC

 

Necə də şirinmiş, İlahi, vətən,

Vətən daşı olmaz hər yoldan ötən.

Qarabağ uğrunda savaş zamanı

Tanıdıq nə qədər igid cavanı.

 

Ölümün üzünə onlar dik baxdı,

Mərdlər sayəsində üzümüz ağdı.

Vətən darda olsa oğullar gülməz,

Onların hünəri tərifə gəlməz.

 

Oruc da vətənin cəsur övladı,

İgid qəhrəmantək çağrılır adı.

Sovlada böyüyüb yaşa dolmuşdu,

Qeyrətli, cəngavər igid olmuşdu.

 

Vardı kəndlərində xətir-hörməti,

Hamıya xoş idi  sözü-söhbəti.

Vaxt gəldi, orduya xidmətə getdi,

Vətənə qürurla xidmətin etdi.

 

Əsgərlik necə də şərəfli yoldu,

Mahir  bir nişançı- snayper oldu.

Xidmətin bitirib, qayıtdı geri,

Başından çıxmadı  hərbinin sehri.

 

Haqq işi uğrunda başladı savaş,

Düşmənin başına yağırdı od, daş.

Oruc da yazıldı yenə orduma,

Zəfərlər yaraşır ana yurduma.

 

Nə qədər düşməni məhv etdi Oruc,

Necə də qoçaqmış, igidmiş Oruc.

Füzuli uğrunda döyüş vaxtında

Yaralandı – bu da varmış baxtında.

 

Yara ağır oldu, sağalmaz oldu,

Əlacsız həkimin gözləri doldu.

Yağılar məhv olsun, gəlsin lənətə,

Oruc şəhid oldu, köçdü cənnətə.

 

Oruc, arzuların açıbdır güllər,

Artıq əsir deyil  xarı bülbüllər.

Qarabağ ömürlük azad olubdr,

Erməni xülyası bərbad olubdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.