Super User
Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:
1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;
2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;
3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;
4. Azərbaycan muğamı;
5. Lahıc misgərlik sənəti;
6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu;
7. Azərbaycan aşıq sənəti;
8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;
9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;
10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.
Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb, mədəni irsin qorunmasının, mühafizəsinin və davamlılığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.
Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
“Zəlzələ” - NİGAR ARİFİN ESSESİ
“Ədəbiyyat və incəsənət” portalı adətən şeirləri ilə tanıdığımız gənc istedad Nigar Arifin növbəti essesini təqdim edir. Bu dəfə o, zəlzələdən yazır.
Gözümü yumanda elə bilirdim heç kim məni görmür, üzərimdəki ədyalı başıma çəkəndə də nə qorxulu qüvvə var idi, nə də ki, hansısa cin-əcinnə pislik edə bilərdi… Yəqin belə düşünən tək mən olmamışam, başınıza gəlibsə, təbriklər, deməli siz də mən ağılda olmusunuz…
O vaxtlar anam “yıxılın yatın” deyəndə, ağzımı büzüb “olar, mən yıxılmadan yatım?” deyən, hərdən sözləri qarışdırıb məsələn, “gözüm səndən su içmir” əvəzinə “gözüm səndən yemək yemir” deyən, “çoxyaşlı”ları güldürən azyaşlı, saf, şıltaq qızcığaz idim… İndi heç nəyi qarışdırmıram, əksinə özüm bir yerdə oturmasam da, sözlərim yerinə yaxşı oturur.
Yazaram axı…həddləri nədir oturmasınlar! Əslində bəzi şeylər hələ də dəyişməyib, yer yerindən oynayanda heç indi də xəbərim olmur… Zəlzələni deyirəm… Bir neçə gün əvvəl yenə hay-küy qopdu, mənsə həmişəki kimi fil qulağında yatırdım… Əslində xəbərim olsa belə, bir şey dəyişəsi deyil onsuz da, hərdən elə vecsiz adam oluram ki, görsəm tavan üstümə uçur, kefimə düşsə deyərəm “gəl qucaqlayım”…
Zarafat bir yana, yaşım çox az olanda nə vaxt ki, eşidirdim yer silkələnib, camaat təşvişə düşüb, elə bilirdim Yerin bədəni qaşınıb, üstündəki qarışqa boyda adamları tökmək üçün də həyətimizdəki “Palkan” itimiz kimi bu cür çırmıxıb… Eşidəndə ki, zəlzələ “yer sürüşməsi”dir, oturub bir az da baş sındırmışdım ki, görəsən yer bərk sürüşsə, uzaqbaşı hara düşə bilər?
Başqa planetin üstünə? Bəlkə də elə Yerin planı budur? Hansısa planetlə birləşmək istəyir? Bəs görəsən hansı? …
“-Baba, ay baba, planetlər hansılardır?
- Planetlər?… Merkuri… Venera…
Yer kürəsi… Mars, Yupiter, Saturn, Uran… biri də var idi, dayan yadıma salım… hə, Neptun! Niyə soruşursan, qızım, nədi ki?
- Bəs sən Yer kürəsi olsan, bunlardan hansını seçərdin?
Babam gülüb, “ Mən özümü seçərdim, bu nə suallardı verirsən yenə?” yanağımdan dartmışdı…
Babamın cavabından başa düşmüşdüm ki, vəziyyət heç də mən düşündüyüm kimi deyilmiş, məsələ fərqliymiş… Sən demə, “Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesi” imiş… Gör a! Yer qabığı qırılanda bu cür “həngamə” qopursa, onda insanların ürəyi “qırılan”da niyə onları yaratdıqları problemlərə görə qınayırıq? Yer kürəsi qədər də ola bilmədik… Ya da belə çıxır ki, insanlar hətta zəlzələni başa düşürlər, amma bir-birlərini yox… Yəqin ona görə ki, hər kəs özünü seçir… Haqsızdırlarmı? Deməzdim… Özünü seçməyən seçilmir, özünü seçməyən uduzur… Həyat belədir… Şah şahlığını unutsa, vəzir ona biət etməz…
Amma əgər xırda bir şeyə görə də olsa kimisə qınayırsansa, deməli, hələ də “çoxyaşlı” görkəmində azyaşlısan, məndən demək…
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Əbasət Purhəsənin “Birinci sual” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
BİRİNCİ SUAL
Ölümlər şirindi, ölümlər acı,
Yoxsulluq ölümün biridi bəlkə.
Biz hələ dünyadan nə bilirik ki,
O qız, o oğlanın əridi bəlkə?!
Ağaclar köynəyin dəyişir nədən?
Küçədən, küçəyə min sualım var.
Yadımda babamın nağıllarında,
Bir nağıl deyirdi: “Axtaran tapar.”
Axtardım, tapdığım bu gün sən oldun,
Ah qundaq, sənin də dərdin çox imiş.
Inqıltı səsinə analar gəldi,
Heç eləbil sənin anan yox imiş!..
Gözlərimdə yollar, içimdə dağlar,
Səni evlərinə kimlər aparar?
Atalı, analı yetim qundağın,
Bələyin kim açar, başın kim dadar?
Günəş də küsürdü dağın dalından,
Quşlar da göylərdən yığışırdılar.
Sızıltı səsinə can-can deyənlər,
Sadağa tullayıb soruşurdular.
Sən qucağımdaydın, mən oturmuşdum,
Kiçik əllərini üzümə çəkdin.
Dilənçi deyildik, biz qərib idik,
Beynimdə nə varsa gözümə tökdün.
Yolun qırağına kim qoyub səni,
Bəlkə də yenidən Həvva doğubdur!
Bizi göydən yerə gətdiyi kimi,
Səni də cənnətdən yerə qovubdu.
Biz hələ dünyadan nə bilirik ki,
Bir uşaq qolumda, ana olmuşam.
Atası kim ola, anası kimdi?
Birinci sualda hələ qalmışam...
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Ölümə tərəf”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ölümə tərəf” şeirinin növbəsidir.
Ölümə tərəf getmək hissiyyatı kimdə yoxdur? Bu hissiyyat orta yaşlardan başlayır, ahıllıq yaşında sürətlənir. Amma nə yazıq ki, bunu gəncliyində də hiss edənlər tapılır.
Gedirik deyə-gülə,
Gedirik ölümgilə.
Gedər-gəlməz yoldu bu,
Kim qayıda, kim gələ?!
Ölüm, qarşıla məni.
Piyada səbrimiz yox,
Maşın qəzası nə çox...
Həyat üzük içində, -
Hansı tərəfə qaçaq;
Ölüm, qarşıla məni.
Ömür – sinif dəftəri,
Saylıdır varaqları.
Əlimiz yetməz ona,
Təzədən yazaq barı;
Ölüm, qarşıla məni.
Hələ tezdir, igidim,
Nəyim var, nə üyüdüm.
İki körpəm gözləyir,
Möhlət ver qoy böyüdüm,
Gəlim, qarşıla məni...
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
Ayrılan yolları ayrılmaz edən Barat Vüsal
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
“Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində şair, publisist, ictimai xadim, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsalın "Ayrılmaz yollar" kitabının təqdimatı keçirildi.
Kitabda müəllifin müxtəlif ədəbi nəsillərə aid yazdığı məqalələr, açıq məktublar, bir sıra xatirələr, bir çox kitablara yazdığı ön sözlər toplanmışdır. Kitab 4 fəsildən ibarətdir. Birinci fəsil "Boxça çiçəyi" adlanır. Boxça çiçəyi xalq arasında "solmaz çiçək" hesab olunur. O çiçək dəriləndən sonra heç vaxt solmur. "Boxça çiçəyi" fəslinə şairin klassiklər haqqında yazdığı məqalələr daxil edilib.
İkinci fəsil "Bir ocağın övladıyıq" adlanır. Bu fəsildə müxtəlif nəsillər haqqında yazılan məqalələr toplanmışdır.
Üçüncü fəsil "Bir qom bənövşə" adlanır. Bu fəsildə həcmcə kiçik, xatirə xarakterli yazılar yer alıb.
Dördüncü fəsil isə "Bir şamın kölgəsində" adlanır. Sonuncu fəsildə Barat Vüsalın müxtəlif kitablara, xüsusən gənc şair və yazıçıların kitablarına yazdığı ön sözlər, uğurlu yollar öz əksini tapıb. Kitabın rəssamı "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Qafar Sarıvəllidir. Kitab "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun maliyyə dəstəyi ilə işıq üzü görüb.
Təqdimat mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri - Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov, Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, professor Rüstəm Kamal, şair-yazıçılar, ziyalılar, media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov açaraq qonaqları salamladı. İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasından, fəaliyyətindən danışaraq dünyasını dəyişən ziyalıları rəhmətlə andı. "Qazax" Xeyriyyə İctimai Birliyinin hər kəsin üzünə açıq olduğunu söylədi. Bu cür ədəbi tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında vacib və əhəmiyyətli olduğunu söylədi. Qazaxda yaşayıb Azərbaycan ədəbiyyatına xidmət edən, çağdaş Azərbaycan poeziyasının inkişafında xüsusi xidmətləri olan və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində Barat Vüsal yaradıcılığının özünəməxsus yeri olmasını qonaqların diqqətinə çatdırdı: "Barat Vüsal Qazaxdan Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına xidmət edən görkəmli şairlərdən biridir. Onun özünəməxsus dəsti-xətti, özünəməxsus yaradıcılığı var. Onun şeirlərini oxuduğun an ilk misrasından anlamaq olur ki, bu şeir Barat Vüsal yaradıcılığının məhsuludur. Çünki onun yaradıcılığında Vətən, döyüş, qələbə, azadlıq, Azərbaycançılıq, Türkçülük, keçmişi daim öz yaddaşında yaşatmaq, gələcəyə böyük umid, inam öz əksini tapır. Barat Vüsalın Vətən Müharibəsində yazdığı "Şuşanı alan oğullar" şeirini oxuyanda elə bilirsən ki, şair özü də qəhrəman oğullarla birlikdə döyüşüb. Onların döyüş yolunu, keçdikləri keçilməz yolları, fəth etdikləri zirvələri Barat Vüsal elə dəqiqliklə təsvir edib ki, şairin bütün varlığı ilə döyüşən oğulların yanında olduğunu açıq-aydın görmək olur. Barat həm də hər zaman döyüşdə olan, qələbə qazanan, qazandığı qələbəni xalqına, millətinə həsr edən şairdir. Mən tədbirimizə uğurlar arzulayıram".
İlham Pirməmmədov Barat Vüsalı Şəhid ailələrinin, Qazilərin, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun, hərbi jurnalist Şəmistan Nəzirlinin, İctimai-siyasi xadim Eldar Namazovun, İctimai Birliyin bütün üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından təbrik etdi.
Sonra söz Xalq şairi Nəriman Həsənzadəyə verildi: Nəriman Həsənzadə alim Baratın görüşünə gəldiyini fəxr hissi ilə söylədi: "Barat şair idi. Bu kitabı oxudum, gördüm Barat filosofdur, tənqidçidir, ədəbiyyatşünasdır, alimdir, ictimai xadimdir. Həm şair, həm alim Baratı təbrik edirəm. Bu gün biz alim Baratın görüşünə gəlmişik".
Akademik Nizami Cəfərov görkəmli klassikləri birləşdirməyi, onların ideyalarından ümumi Azərbaycançılıq, Türkçülük ruhunu axtarıb tapmağı Barat Vüsalın xidməti olaraq dəyərləndirdi: "Barat Vüsal Azərbaycanın ən görkəmli şairlərindən biridir. Rayonda yaşasa da o Respublika miqyasında, Azərbaycan miqyasında, hətta Türk dünyası miqyasında görünən bir şairdir. Yəni ədəbiyyatın tarixini, ədəbi ideyaların tarixini, ədəbi-ictimai fikrin tarixini, böyük ədəbi şəxsiyyətlərin tarixini yaxşı bilən ziyalılarımızdandır. O neçə illərdir Azərbaycan mətbuatında Azərbaycan ədəbiyyat tarixinin ən möhtəşəm ideyalarını əhatə edən, xüsusilə idrak, bədii idrak, ictimai idrak, dini idrak, ruhani dünya - bu istiqamətlərdə maraqlı məqalələr yazıb. Həmin məqalələrin toplusu olaraq bu gün araya-ərsəyə möhtəşəm ədəbiyyat əsəri meydana gəlib. Barat Vüsalın ədəbi əcdadları ayrılan yollardan danışırdısa, Barat Vüsal ayrılmaz yollardan danışır. Bu da onu göstərir ki, Barat Vüsal o dövrün - 50-60-cı illərin əsərlərindən fərqli olaraq iyirmi birinci əsrin əsərini yazır. Yəni bizim ədəbi uğurlarımızı, nailiyyətlərimizi, əsas ideyalarımızı birləşdirir, ayırmır. Bizim görkəmli klassikləri birləşdirmək, onların ideyalarından ümumi Azərbaycançılıq, Türkçülük ruhunu axtarıb tapmaq bunlar Baratın xidmətidir. "Ayrılmaz yollar" kitabı çox dəyərli bir əsərdir. Hətta şairliyi qədər də, Barata nüfuz gətirən bir yaradıcılıqdır. Mən Baratı da, ədəbiyyatı da, oxucuları da təbrik edirəm".
Millət vəkili Səməd Seyidov çıxışı zamanı ilk öncə tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova təşəkkürünü bildirdi: "Əziz dostlar, hamınızı salamlayıram. Hörmətli İlham müəllim, Barat Vüsal yaradıcılığına verdiyiniz qiymət üçün sizə təşəkkür edirəm. Barat Vüsala təşəkkür edirəm. Barat Vüsal unikal insandır. Yaradıcı insan həm sadə, həm də mürəkkəb olur. Barat Vüsal fəlsəfəsində böyuklüklə sadəlik birləşib. Barat Vüsalın öz dünyası var. O, həm də özünə qapana bilir. Barat Vüsalın fikirləri üsyançıdır, dövlətçidir, sadədir. Barat müəllim ədəbiyyata yenilik gətirdi. O, üsyanla, dalğa ilə sakitliyi birləşdirməyi bacardı. O, məhsuldar bir şairdir. Barat müəllim bir dost kimi, insan kimi, şair kimi hər kəs tərəfindən yüksək qiymətləndirilir. Mən Barat müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Yeni-yeni yaradıcılıq uğurları arzulayıram".
Mətbuat Şurasının sədri Rəşad Məcid həm Vətənpərvərlik, həm ədəbi mövzuda tədbirlərin təşkilində, həm də insanlara göstərdikləri diqqətə görə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədova təşəkkürünü bildirdi: "Hörmətli İlham müəllim rəhbəri olduğunuz İctimai Birliyin fəaliyyəti həm ziyalılar, həm də sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Sizin vətənpərvərlik ruhunda gördüyünüz işlər, ədəbi görüşlərin keçirilməsində xidmətləriniz göz qarşısındadır. Sizə və komandanıza uğurlar arzulayıram. Barat Vüsal yaradıcılığı xüsusi dəyərə malikdir. Barat Vüsal bölgə şairi yox, ölkə şairidir. O torpağa bağlı insandır. Zəngin biliyə malik, dərin düşüncəli insandır Barat Vüsal. Biz Barat Vüsalla Şuşaya birlikdə səfər etdik. Yol boyu xeyli söhbət etdik. Onun necə uzaqgörən, bənzərsiz şair olduğunun bir daha şahidi oldum. Yeni çapdan çıxmış kitabı münasibətilə Barat Vüsalı təbrik edirəm. Kitabın naşiri Xəyyam Nəsibova təşəkkürümü bildirirəm".
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxışında Barat Vüsalı Azərbaycan ədəbiyyatında insanlığın nümunəsi adlandırdı: "Barat Vüsal Azərbaycan ədəbiyyatında insanlığı təmsil edir. Onun Aysberq kimi görmədiyimiz tərəfləri var. Onu hər şeyə inandırmaq olmur. O tam əmin olduğu işlərə arxayınlıqla inanır. Ziddiyyətlər olmasa dahilik olmaz. Barat Vüsal ziddiyyətlərdən dahiliyə doğru olan yolu qət etmədi, fəth etdi. "Ayrılmaz yollar" kitabı da Barat Vüsalın növbəti uğurudur. Təbrik edirik, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".
Professor Rüstəm Kamal uzun illərdir dostluq etdiyi şairin daim yolda olduğunu təqdimat iştirakçılarının diqqətinə çatdırdı: "Baratın özü kimi şeirlərinin də xasiyyəti var. Baratın öz dəsti-xətti, öz səsi var. Bir var yolda olan, bir var evdə olan şair. Barat yolda olan şairdir. O, tarixçi olduğu üçün tarixi emosiyanı poeziyaya gətirməyi bacarıb. Bu kitabdan gənclər, ədəbiyyatçılar bir çox məqamları öyrənib, ədəbiyyata xidmətin necə lazımlı və vacib olduğunu öyrənəcəklər. Mən də Barata yeni-yeni yaradıcılıq uğurları arzulayıram".
Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Barat Vüsalın müqəddəs yolun ən uca məqamında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Barat müəllim "Ayrılmaz yollar" kitabını yazmaqla klassik irsimizə, o irsi yaşadanlara, çağdaş yazarlarımıza vəfa borcunu yerinə yetirib. Hətta yaşca ondan kiçik olan yazarlarımıza da yazılar həsr edərək yolların ayrılmadığını ifadə etməyə çalışıb. Aşıq Veysəlin məşhur sözləri yadımıza düşür:
"Uzun, incə bir yoldayım,
Yürüyorum gündüz-gecə".
Barat müəllim müqəddəs bir yolun ən uca məqamındadır. Bir daha təbrik edirəm".
Ustad Aşıq Cahangir Quliyev, Aşıq İlqar Qələmçəli, Aşıq Şahin Süleymanov sazda Barat Vüsalın şeirlərini ifa etdilər. Aşıq Avdı Musayev Ustad Kamandar Əfəndiyevin Barat Vüsala həsr etdiyi şeiri ifa etdi. Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli və Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı Barat Vüsala həsr etdikləri şeiri söylədilər. Vurğun Vəkilov, Xəyyam Nəsibov, Nəzakət Məmmədli, Aqşin Ağkəmərli, Sərvaz Hüseynoğlu Barat Vüsal yaradıcılığının sonsuzluğundan, ululuğundan, bir ziyalı olaraq onun Vətən və ədəbiyyat qarşısında xidmətlərindən söz açdılar.
Sonda söz müəllifə verildi. Barat Vüsal tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Yubiley tədbirinin keçirilməsində əməyi olan insanlara, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova, tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi: "Əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. İnsan əzizlərini görəndə sevinir. Mən sizləri görüb sevinirəm. Biz bu gün sözün işığına yığışmışıq. Hər biriniz mənə əzizsiniz. Kitaba dəyər verən, sözə dəyər verən hər kəsə təşəkkürümü bildirirəm. Kitabın çap olunmasında xüsusi zəhməti olan Xəyyam Nəsibova təşəkkür edirəm. Kitabın rəssamı Qafar Sarıvəlliyə təşəkkür edirəm. Mən bu kitabı bütün unudulmazları bir yerə toplamaq üçün yazdım. Bu kitab mənim 30 illik zəhmətimin bəhrəsidir. Şükürlər olsun, biz bu gün "Ayrılmaz Yollar"ın işığına yığışıb, əziz dostlarla bir araya gəldik. Biz hər zaman dövlətimizə, Şəhidlərimizə borcluyuq. Allah Şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun". Barat Vüsal çıxışının sonunda müəllifi olduğu şeirləri söylədi. Tədbir yüksək əhval-ruhiyyə ilə başa çatdı.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
“Müasir gənclik artıq Zet nəsli mərhələsini keçərək, Siqma nəslidir” - MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün növbəti dəfə sizlərə bir pedaqoq təqdim edirəm. Xatirə Həsənovanı. Düşünürəm ki, bu maraqlı həmsöhbətlə söhbətim sizlərin də marağına səbəb olacaq.
-Salam Xatirə xanım! İlk öncə özünüz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
-Mən Həsənova Xatirə Qələmşah qızı. Siyəzən rayon sakini. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu. 19 ildir ki , pedaqoji fəaliyyətlə məşğulam. Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışmağımın 18 ili tamamdır. Bu illər ərzində Pedaqoji fəaliyyətimdə heç bir qüsura yol verməmiş, rayon təhsil şöbəsi tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşam. Fəaliyyətimdə öncüllük ilk növbədə cəmiyyət üçün mükəmməl şəxsiyyət, vətənpərvər vətəndaş və mükəmməl mütəxəssis yetişdirməkdir.
-Texnologiyanın, süni intellektin həyatımızda rolu haqqında fikirlərinizi bilmək istərdik.
-Texnologiya mənim həyatımın əsas hissəsini təşkil edir, süni intellekt isə dünyada baş verən digital transformasiyanın əsas parçalarından biridir. Dinamik inkişafda olan cəmiyyətdə rəqəmsal olmadan yaşamaq artıq mümkünsüzdür. Mütləq ki, hər bir sahədə müsbətlər olduğu kimi mənfilər də var. O, cümlədən İKT-nin də. Hər şey normada faydalıdır. Nizami Gəncəvi demişdir:
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da"
-Bir pedaqoq olaraq müasir gənclik, onların hal-hazırdakı mütaliə səviyyəsi sizi qane edirmi?
-Müasir gənclik artıq Zet nəsli mərhələsini keçərək, Siqma nəslidir. Bu çox sevindirici haldır. Artıq yeni nəsil müasir dövrün tələbi olan müasir elmlərə yiyələnir. Dünya təhsil sisteminə inteqrasiya edirik. Amma özülü möhkəm olmayan bir bina nə qədər uca olsa belə ilk zərbədə təhlükəli ola bilir. Mükəmməl şəxsiyyət hərtərəfli, İntellektual, Məsuliyyətli, Uzaqgörən, Fikrini faktlarla mükəmməl çatdıran olmalıdır. Bunların hamısının yolu mütaliədə kəsişir. Əfsus olsun ki, gəncliyimizin mütaliəyə marağı məni qane etmir.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Mən hər zaman oxuyuram. Əsasən dram, fantastika, poetik, triller janrına daha çox üstünlük verirəm. Poetika ruhumu, dram dünyanı, fantastika xəyallarımı, triller isə artan həyəcan, təlaş, sürpriz, intizar hislərimi qidalandırır ki, hər əsərdən sonra baxış bucağımda fərqi hiss edirəm.
-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq gözəl fəaliyyətdir. Amma bunu vərdişə çevirmək üçün hədəf təyin etmək lazımdır. İnsan hər zaman hədəfə doğru addımlayır. Bu vərdişi qazanmaq üçün ilk növbədə hazırkı maraq dairəsinə uyğun, kiçik ölçülü və həcmli, rahat daşına biləcək kitablardan başlamalı, diqqətimizi çəkən hissələrin altından xətt çəkməli , gündəlik səhifə hədəfi seçib hər gün artırmalı və s. - mən belə düşünürəm.
-Bir pedaqoq olaraq gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Gənclər şüurlu seçim edərək addım atsınlar, daxili potensiallarını nəzərə alaraq peşə seçib, hansı sahədə olmalarından asılı olmayaraq peşəkar olsunlar. Ədalətli, dürüst, mərhəmətli olub, Allahı unutmadan şəxsi inkişaflarına yol açan cığırlardan keçib düz yolda addımlasınlar.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
Əsrin oğurluğu - SSENARİ
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
31 dekabr, saat 08:00.
Telefona zəng gəlir...
+ Alo
- Alo, rəis üzürlü sayın bu vaxtı narahat edirəm. Amma, təcili gəlməlisiniz.
+ Niyə ? Nə olub ?
- Şəhərdəki marketlərin birində soyğun hadisəsi baş verib.
+ Yaxşı, siz nəzarətdə saxlayın mən gələnə qədər, heç kəs müdaxilə etməsin birazdan gəlirəm.
Saat 08:15
“Yeni il günü də heç market soyarlar ?! Durum hazırlaşım... Nəysə, gedək görək bu gün başımıza nə gəlir”
+ Əzizim, çay süz içim, getməliyəm təcili.
- Hara belə? Hələ vaxta var axı.
+ Deyir, marketlərin birində soyğun olub, getməliyəm. Yenə hansısa adam nəfsinin ucbatından özünü bədbəxt eliyib.
- Yazıq kişi... Heç olmasa bir tikə çörək yeyərdin. Bu arada, yəqin ki, məzuniyyət götürüb gedəcəyik də Parisə. Mən bunun üçün hətta pul da toplamışam. Atam, qardaşımgil də yeni ilə görə bir az köməklik edib. Deyiblər, gedin istirahət edin. Bir sözlə, əla bir tətil keçirə bilərik. Hə, əzizim nə deyirsən ?
+ Əlbəttə, gedərik. Parisə gedərik, sevgililər şəhərinə... Məndə də kartda maaşdan yığışıb qalan pulum var, bu gün üçün az istifadə edirdim, toplayırdım. Nəysə, bu günü yola verək, görək sonra bu barədə danışarıq.
- Yaxşı. Yaxşı yol sənə, diqqətli ol.
Saat 09:06 İş yeri
+ Hə, gətirin görək nəyimiz var, nəyimiz yox.
- Deməli belə, cənab kapitan ! Hadisədən sonra, təhlükəsizlik kameralarına baxdıq, araşdırma etdik. Hadisə təxminən gecə saat 04:15 radələrində baş verib. Marketdən sadəcə, pul oğurlanıb, başqa heç nəyə ziyan verilməyib. Özü də maraqlısı burasındadır ki, kassada 8.500 AZN məbləğində pul olub, amma oğru sadəcə, 3300 manat götürüb. Nə bir qəpik çox, nə də bir qəpik az.
+ (Gülümsəyərək) Hə, nədi indi deyirsən ki, oğru insaflı çıxıb? Yaxşı bəs sonra, tuta bilmisiniz bəs həmin oğrunu ? Zərərçəkənlə necə danışıq aparmısınız ? Hadisə şahidlərini necə, onların izahatları alınıb ?
- Əlbəttə, cənab kapitan. Zərərçəkənlə də danışıq aparmışıq, şahidlərlə də görüşüb izahatlarını almışıq. İşin digər maraqlı tərəfi burasındadır ki, oğru elə həmin marketdə işləyirmiş. Marketin müdiri ilə bu barədə danışıq apardıq, amma bir şey öyrənə bilmədik. Dedi ki, son vaxtlar gərgin, əsəbi görünürmüş. Yalandan gerçəkdən bir sözlər dedi, amma inanmadım yenə də.
+ Həə, demək belə. Maraqlıdı... Məlumat üçün çox sağ olun, indisə zəhmət olmasa oğrunu yanıma göndərin. Onunla danışmaq istəyirəm. Mənə də maraqlı olan bəzi məqamlar var. Özün də nəzarət elə, otağa heç kəs gəlməsin.
- Baş üstə cənab Kapitan.
Saat 10:47
Oğrunun gəlməsini gözləyən kapitan, oğru gələnə qədər telefonla başını qatmağa çalışır...
“Oğlum Fuad uzun müddətdir ki, ağır xəstədir. Təcili əməliyyat olunmalıdı. Maddi köməyinizə ehtiyacım var. Ümumi məbləğ 5000 manatdı, məbləğinsə sadəcə 1700-ü toplanıb, geriyə qalır 3300-ü. Həkimlərsə yalnız məbləğ tamamlandığı halda əməliyyat edəcəklərini deyirlər. Əməliyyatsa, 31-i günü olmalıdır mütləq. Xahiş edirəm hər bir kəsdən, Allah xatirinə kömək edin, yardımınızı əsirgəməyin”
Həə, belə yazıb camaatın hissləri ilə oynayıb, onları aldadıb kart hesabına pul yığan nə qədər şərəfsizlər var...
Bir gün birisi belə həqiqətən olsa, insanlar yardım etməyəcək. Birinin nəfsinin güdazına o biri də gedəcək.
Tələsməyin, yaxın zamanda sizinlə şəxsən məşğul olacam.
Saat 10:58, qapı döyülür...
+ Buyurun...
- Olar ?
+ Əlbəttə, buyurun əyləşin.
- Çox sağ olun.
+ Yəqin ki, burda olma səbəbinizi bilirsiniz. Doğrusu, sizə baxanda adam deməz ki, heç nəfsinin güdazına gedən birinə bənzəyirsiniz. Nəysə, gəlin belə edək...
Mən sizə suallar verəcəm, sizsə mənə hər şeyi olduğu kimi danışacaqsınız.
Söhbətin ortasında oğurluq edən şəxsə zəng gəlir...
+ Bu sizin telefonunuzdu ? Verin mənə.
Alo
- Alo, Vasif bəy bu mənəm, oğlunuzun həkimi, Murad. Oğlunuzun vəziyyəti heç də yaxşı deyil, təcili əməliyyat olunmalıdı. Xəstəxana rəhbərliyi isə əməliyyata yalnız siz pulu gətirəcəyiniz halda başlayacaqlarını deyirlər. Vallah mənlik bir şey yoxdu, başqa əlimdən gələn hər şey etməyə hazıram. Günorta saat 2-yə qədər sizin vaxtınız var, yoxsa övladınızın vəziyyəti getdikcə ağırlaşır.
Həkimin söylədikləri polisin fikirlərini qarışdırmış, bir az də kövrəltmişdi.
+ Demək siz işlədiyiniz marketi buna görə soymusunuz və yalnız sizə lazım olan puldan artığını da buna görə götürməmisiniz, elədi ?
- (Gözləri dolaraq) Bəli, cənab polis elədi. Bir gün axşam mən, yoldaşım və oğlum hər zamankı kimi işdən gəldikdən sonra birlikdə oturmuşduq. Qəfil masa ətrafında oğlumun vəziyyəti pisləşdi, təcili yardım çağırıb həkimə apardıq. Həkimlər müayinədən sonra bizim də uşaqda daha əvvəl müşahidə etmədiyimiz xərçəng olduğunu dedilər və tez bir zamanda əməliyyat olunmasa övladımızı itirə biləcəyimizi dedilər. Əməliyyat üçün məbləği deyəndə donub qaldım, dünya başıma hərləndi, nə edəcəyimi bilmədim. Mən marketdə işləyirəm 250 manat məvacibə. Həmin pulla isə həm kommunal, həm xeyir-şər, həm də ailə daxili tələbatı qarşılamaq çox çətin olur. Borclar yaranır. Həmin məbləği necə tapacağım barədə isə heç bir fikrim yox idi. Sosial şəbəkədə insanlar kömək edər deyə elan, kart hesabı paylaşdım. Düzdü Allah kömək olan hər kəsdən razı olsun, kömək etdilər, amma sadəcə 1700 manat toplana bildi. Geriyə qalan məbləğ isə qalırdı.
Qohumlarımdan, dostlarımdan kömək istədim. Amma heç biri kömək etmədi, hər biri başqa-başqa bəhanələr gətirərək məni yola verdilər. Necə deyərlər, dost dar gündə tanınar. İş yerimdə mənlə işləyən hər kəs əlindən gələn dəstəyi göstərirdi onsuz da. Baxmayaraq ki, onların da vəziyyəti məndən heç də fərqli deyildi. Marketə xeyli borcum var idi, düşündüm ki, müdirdən kömək istəsəm, bəlkə insaf göstərib mənə yardım edər, çünki vəziyyətimdən onun da xəbəri var idi.
Yanına getdim, hadisəni danışdım. O isə qarşılığında marketin vəziyyətinin heç də yaxşı olmadığını, ərzaq şirkətlərinə borclarının olduğunu dedi. Bir sözlə, dedi ki, “sən marketə olan borcunu nə vaxt olsa verərsən. Belə köməklik edə bilərəm yalnız. Yoxsa özündə bilirsən məndə də pul yoxdu.”Kassirlə aram yaxşı olduğundan söhbət zamanı günlük gəlirin, xərcin nə qədər olduğunu deyirdi və mən bilirdim ki, müdir yenə yalan danışır. Hətta, bu yaxınlarda eşitdim ki, həyat yoldaşına xəyanət etdiyi yerdə şəklini çəkiblər. İndi də bunu şəklini çəkən adam kefi istəyəndə zəng edib pul qarşılığında şantaj edir.
Nəysə, həkim bu məsələni mənə deyəndə ayın 13-ü idi. Gecələri yata bilmirdim. Beynimdə "necə olacaq?, necə edəcəm?" fikirləri məni əməlli-başlı narahat edirdi. Çünki cəmi bir övladımız var, hər şeydən hər kəsdən çox sevdiyimiz bir övladımız... Mənsə bu vəziyyətdə əli qoynunda sakit oturub oğlumun ölümünə tamaşa edə bilməzdim.
Onsuz da illərdi övladımız olmurdu, nəhayət Allah üzümüzə baxıb bizə bir övlad vermişdi. Onu da itirsəm necə olar ?! Necə yaşayaram ?! Başqa valideynlər övladından fəxrlə danışanda mən necə olaram ?! Qarşıdan da yeni il gəlir, indi insanlar isti evlərində ailəsi ilə birlikdə, yolka ətrafında oturub xoşbəxtdirlər. Mən və mənim kimilərindən xəbəri belə yox. Bəlkə də bu, Allahın bizə bir imtahanıdır. Bəlkə də məni yoxlayır, görüm bu çətin vəziyyətdə nə edəcəm deyə.
Hə, indi hər şeyi bilirsiniz cənab polis. Marketdən götürdüyüm pullar da üstümdədi, oğlumun həyatı isə əzrailin əllərində...
İcazə verin heç olmasa bu pulları həkimə deyilən vaxtda verə bilim, oğlum əməliyyat olunsun. Sonra isə məni həbs edərsiniz. Təki oğlum əməliyyat olunub, yaxşılaşsın.
Saat 13:07
Polis dərin fikirə getmişdi, Atanın söylədikləri onu o ki, var kövrəltmişdi. Beynində səhər həyat yoldaşıyla planlaşdırdığı Paris səyahətilə Gözü yaşlı Atanın çarəsiz vəziyyətini və bir insan ölümünü müqayisə edirdi. Uzun sükutdan sonra nəhayət polis dilləndi:
+ Neçə illik polis həyatımda ilk dəfədir ki, belə halla qarşılaşıram. Nə qərar verəcəyimi doğrusu mən də bilmirəm. Amma bir planım var, sizə mən kömək edəcəm. Sizi, çox güman, iş yerinə yenidən götürməyəcəklər. Siz aparıb əməliyyat üçün pulu verərsiniz xəstəxanaya, oğlunuz əməliyyat olunar. Oğlunuz ayılandan sonra onunla görüşüb, sağollaşıb gələrsəniz yenidən yanıma. Çünki sizi bir müddət içəridə saxlamalıyam ki, heç olmasa ara bir az sakitləşsin. Çıxandan sonra isə sizə bir iş taparıq, işləyib yenidən həyatınıza davam edərsiniz. Amma, bu barədə qətiyyən heç kəsə bir kəlmə belə demirsiniz.
- Çox sağolun, cənab polis. Allah sizdən razı olsun. Nə deyəcəyimi bilmədim doğrusu. Əməliyyat vaxtına çox az qalır, çatdıra bilərik ?
+ Tələssək, çatdırarıq. .
Saat 13:43
Polis maşındaykən telefonla zəng vurdu.
+ Alo, əzizim. Sənə bir şey deyəcəm. Sual vermədən səyahət üçün topladığımız pulu sənə indi atacağım kart hesabına göndərərsən. Səni sevirəm.
Nəhayət, onlar xəstəxanaya gəldilər, hər şey hazır vəziyyətdə idi. Pul artıq kart hesabına yüklənmiş və xəstəxana hesabına köçürülmüşdü. Artıq əməliyyat gedirdi...
+ Hə, demək belə, artıq əməliyyat gedir. Narahat olmayın, oğlunuz sağalacaq, necə dediniz, "oğlum əzrailin əlindədir". İndi isə oğlunuzu həmin əllərdən geri almaq üçün həkimlər çalışırlar. Bu arada kartda əlavə sizi bir neçə müddət idarə edəcək pul var, istifadə edərsiniz.
- Çox sağ olun cənab polis. Allah sizdən razı olsun, Allah sizi qorusun. Bilmirəm nə deyim ki, sizin bu yaxşılığınızın ifadəsi olsun.
+ Hə, bir də, məncə, oğlunuz fəxr etməlidir ki, sizin kimi atası var... Hələlik.
Əməliyyatdan 4 saat sonra, saat 20:15.
- Ata: Hə oğlum özünü necə hiss edirsən ? Yaxşısan ?
- Oğul: Biraz yaxşıyam, Ata.
- Ata: İstirahət et, dincəl. Yeni ilin mübarək oğlum !
-Oğul: Ata, Ana, sizi çox istəyirəm, yaxşı ki varsınız.
-Ana, Ata: Bizdə səni çox istəyirik oğlum.
- Ana: Heç soruşa bilmədim, a kişi, sən bu qədər pulu birdən-birə necə tapdın ? Hələ sənin işlədiyin marketi hansısa əclaf yarıb. Pul oğurlayıb. İndi işin necə olacaq ?
- Ata: Niyə əclaf deyirsən, bəlkə hansısa vacib problemi olan biridi, əlacsız qalıb bunu edir... Pulu müdir verdi, çatışmayan hissəsini də iş yoldaşlarım kömək etdi. İndi bir müddət market qaydasına düşənə qədər başqa yerdə işləyəcəm ki, heç olmasa boş dayanmayım, həm borcumuza görə, həm də xəstəxana xərclərinə görə.
- Ana: Allah müdirindən razı olsun, görürsən, sən hər dəfə onu pisləyirdin, bəyənmirdin, amma o, necə bir yaxşılıq edib.
- Ata: Hə, eləymiş. Yanılmışam fikrimdə, nə bilim. Kartda bir az pul var burda, ehtiyacınızı ödəyərsiniz. Nə lazım olsa alıb istifadə edərsiniz. Yeni işimlə əlaqədar gec-gec gələcəm bir müddət. Amma, özüm də əlaqə saxlayacam tez-tez.
- Ana: Yaxşı, özündən muğayat ol. Əminəm ki, bir gün hər şey yaxşı olacaq. Oğlumuz da tez sağalıb ayağa qalxacaq.
- Ata: Mütləq elə olacaq ! Ürəyini buz kimi saxla. Hə, bir də, al bu hədiyyəni, sabah oğlumuza verərsən. İstədiyi əsgər paltarıdı. Deyərsən ki, şaxta baba gətirib. Mənim əvəzimə də öpərsən. Sən də özündən muğayat ol, balamızdan muğayat ol. Hələlik...
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
Xatirə yarası - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ağaclarda qalmış ən son yarpaqlar da bir-bir qopub üsulca düşür budaqlardan.
Son çiçək, son yağış, köç edən son quş dəstəsi - son durna qatarı, son yarpaq deyərkən yavaş-yavaş payızı da ötürürəm artıq...
Soyuqlar düşür, yaraların sızıldadığı qış fəsli qədəm qoyur təbiətə.
Qış öz kəskin soyuqluğuyla, şillə tək üzümüzə çırpılan sazaqlı yağışlarıyla həm də yaraların əslində heç vaxt sağalmadığını, sağalsa belə izinin, xatirəsinin həmişə orada durduğunu anladır insana...
Bəs bir ömür necə keçər bu sağalmayan yaralar, kölgə kimi arxamızca sürünən bu xatirələrlə?
Yəqin ki, bu sualın ən gözəl cavabı "həyat"dır. Həyat dinməyən acılarla, sağalmayan yarlarla bir ömür necə yaşanar, zamanla onu öyrədir insana.
Üstündən zaman keçib yaşananlar hər nə qədər keçmişə çevrilsə də, yaralar hər nə qədər sağalıb qabıq bağlasa da mütləq izləri, xatirələri bir çapıq kimi ruhumuzda, bədənimizdə həkk olur.
Zamandan daha hökmlü, yaddaşdan daha iti bir şey varsa o da xatirələrdir.
Acısı da, şirini də fərq etməz xatirələr isə təzə yara kimidirlər. Və onlar heç vaxt sağalmırlar, sadəcə biz müvəqqəti olaraq onların varlığını yaddan çıxarırıq. Niyə təzə yara, çünki, bəzən əlində-qolunda, ya ayağında təzə bir yara olur. Sən bir anlıq o yaranı unudursan. Unutduğun üçün də ehtiyyatsızlıq edib onu harasa toxunduranda canın çıxır.
Xatirələr də eyni ilə belədir. Sən xatırlamadıqca, yad etmədikcə müvəqqəti olaraq unutduğun üçün keçdi sanırsan. Amma yaranın harasa dəyməsi kimi, qarşına həmin xatirəni xatırladacaq nəsə çıxır, bəzən oxuduğun bir yazı, ya adicə bir söz, bir səs, bir insan, üzünə çırpılan bir yağış damlası belə sənə hansısa bir anı, hansısa bir günü, hansısa bir insanı xatırladır. Və xatırladığın o xatirə eynən harasa dəyən təzə yara kimi incidir səni.
O yara hər zaman ordadır əslində və heç vaxt da sağalmayıb. Sağalsa belə izi, çapığı durur orda və hava hər soyuq olanda o yaranın yeri mütləq göynəyir...
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
BİR DİREKTOR, BİR ŞAGİRD - Zaur Yusifov və Səkinə Əsədova
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Səkinə Əsədova ilə görüşürük.
DİREKTOR
Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.
ŞAGİRD
Mən, Səkinə Əsədova Mehdi qızı Bakı şəhərində dünyaya göz açmışam. Hal - hazırda Bakı şəhərinin Xəzər rayonunda, 121 nömrəli tam orta məktəbdə oxuyuram. 10-cu sinif şagirdiyəm. Ən böyük arzum universitetə qəbul olmaqdır. Qarşıma məqsəd qoymuşam ki, arzuladığım hər şeyə nail olacağam. Ədəbiyyatı, esselər yazmağı çox sevirəm.
ESSE
“Təbiət”
Biz təbiətin qoynunda böyüyürük. Su, torpaq, yel və od birləşir, bir-birini tamamlayır və nəticədə təbiət mövcud olur. İnsanlar yarandığı ilk vaxtlardan təbiəti öyrənməyə başlayıblar. Onlar ilk vaxtlarda bitkinin cücərməsini müşahidə ediblər. Təbiət bir ildə dörd fəsil dəyişir. Əvvəlcə qış fəsli gəlir, qış fəslində təbiət yatır. Bəzi heyvanlar qış yuxusuna gedir, üç ay mövcud olan qış fəsli bitir və yaz fəsli gəlir. Yazda təbiət oyanır. Güllər açılır və yaz fəsli təbiətin oyanışı hesab olunur. Payız fəslində artıq ağaclar yarpaq tökməyə və soyunmağa başlayır. Bir sözlə, bir il ərzində görün, təbiətdə nə qədər dəyişiklik olur?!
Təbiəti qorumaq bizim hər birimizin borcudur. Lakin insanlar buna əməl etmirlər. Boşuna su israf edir, ətrafı zibilləyirlər. Buna misal olaraq zibilliyə atılan sınıq şüşə qabları bir çox heyvanın yaralanmasına və hətta ölümünə səbəb olur. Düşünə bilərsiniz ki, bu zaman təbiətə necə zərər gəlir?!
Düzdür, təbiətə zərər gəlmir, orada yaşayan canlılara ziyan gəlir. Heyvanların belə şəkillərdə yaralanması, təbiətə zərər gəlməsi təəssüfedici bir haldır. Başqa cür də desək, bəzən insanlar meşələrdə manqal yandıranda təmiz söndürmürlər, bu da bir çox yanğınlara səbəb olur və nəticədə təbiətimizdə böyük problemlər müşahidə olunur.
Əgər yaşamaq istəyiriksə, təbiətimizi yaşatmalıyıq.
Təbiət bizim evimizdir, evimizi qoruyaq!
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)
“Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq”
AYB-DƏ TƏDBİR KEÇİRİLƏCƏK
22 dekabr 2023-cü il tarixdə, saat 12.00- da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Heydər Əliyev-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur:
Alim, yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadiq Qarayev məlumat verib.
Tədbirin moderatoru AYB-in Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu olacaq.
Xatırıadaq ki, Sadıq Qarayev biologiya üzrə fəlsəfə doktorudur, “Sahibsiz kölgələr”, Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrların sintezində romanlar ərsəyə gətirib.
Bu günlərdə onun 44 günlük Vətən müharibəsindən bəhs edən “N saylı qəhrəmanlıq” romanı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)