“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pərviz Novruzova həsr edilmiş şeirlə tanış olacaqsınız.
PƏRVİZ NATİQ OĞLU NOVRUZOV
(02.02.2002.-03.10.2020.)
Kürdəmir rayonunun Ərəbxana kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
UNUDULMAZ PƏRVİZ
Hələ kiçik yaşından xətirli –hörmətliydin,
Çox mehriban, gülərüz, şirin söhbətli idin,
İstiqanlı oğuldun, dostluqda ülfətliydin,
Qısaca həyatında qoydun yaxşı əməl, iz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Böyüdün, yaşa doldun, arzuların böyüdü,
Oldun Ərəbxananın cavan, qoçaq igidi,
Ağsaqqallardan aldın nəsihəti, öyüdü,
Həyatda yolun kimi əqidən də oldu düz,
Unutmaz heç bir zama el-oba səni, Pərviz.
Vətən məhəbbətiylə döyünürdü ürəyin,
Sevirdin yurdumuzun hər gülün, hər çiçəyin,
Qarabağ azad oldu, qəbul oldu diləyin,
Arzuların saf idi, xəyalların tər-təmiz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Oxuyurdun kollecdə, dedin orduya gedim,
Artıq zaman yetişib, vətənə xidmət edim,
Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım,
Bu ad hamıya doğma, bu ad hamıya əziz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Alqış ülvi sevginə, alqış mətanətinə,
Hamı heyran qalıbdır vətən məhəbbətinə.
Tab etmədi yağılar sənin rəşadətinə,
Yaddan çıxarmaz heç vaxt qəhrəmanın Horadiz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Zaman keçir, hərənin həyatı bir cür ötür,
On doqquz il yaşadın gözəl, mənalı ömür,
Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür,
Səni doğması bilir Gəncə, Naxçıvan, Təbriz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)