Super User
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Ölərəm yazmasam”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ölərəm yazmasam” şeirinin növbəsidir.
Şair “Ölərəm, yazmasam!!!” deyirdi. Görəsən indi yaza bilməməyə necə dayanır?
Evimin bir küncü,
Uşaqlardan qaça-qaça
tapmışam bu yeri.
Bura şeirlərimin
döyüş səngəri.
Əyilib masama,
ağlımı, hissimi
verirəm yazıma.
Mənimlə öpüşə-öpüşə
ölür siqaretlər,
Yayın bürküsü,
Payızın bölgüsü,
Qışın ayazı,
Yazın dadı
Hamısı yazımdadı.
Anlarım, saatlarım
Kədərim, şübhəm, inadlarım,
Qeybətlərdə sındırılan
qanadlarım
hamısı yazımdadı...
Xəstə yazılarım olur,
Elə vərəqdəcə ölür.
Ölən şeirimin tabutuna dönür
yazı masam.
Təzəsini yazıram,
Ö-lə-rəm,
Ölərəm, yazmasam!!!
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
“Şəbi - Yelda", "Çillə gecəsi" və ya "Çillə bayramı"
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Əfsanəyə görə Qış adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini — Böyük çilləni qırx günlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
Böyük çillə altdan-üstdən bərk geyindi. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxdı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, axır ki, aralıq ayının, yəni dekabrın iyirmi ikisində gəlib el-obaya yetişdi.
Adamlar səhər yuxudan oyanıb çölə baxanda gördülər ki, paho, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişlədilər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə bu öz qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli Böyük çillənin qarından-soyuğundan qorxub evin bir küncünə çəkilmək olmazdı ki! Bəs onda işgücün qulpundan kim yapışsın?!
Çuvalların ağzı açıldı, buğda götürülüb, səməni göyərdildi. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxıldı. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq, xamır iri tavada ocaq üstə qoyuldu. Başladılar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salındı. Uşaqlar, cavanlar, qızlar, gəlinlər dəstə ilə səməni tavasının başına dolana-dolana səs-səsə verib nəğmə oxudular:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam...
Halva bişəndən sonra qara istiot, darçın, mixək, razyana, ceviz, quluncan, badyan, gülçəkəmər, zəncəfil, hil kimi ədviyyatları da döyüb ona qatdılar. Qoğalı, kündə şəklində yumurlanmış halvanı qonşulara da payladılar. Halvanı elə böldülər ki, hər payda badam, qoz ləpəsindən də oldu.
Axı bu, həmişə el içində xeyir-bərəkət rəmzi sayılıb.
Adamlar səməni halvasından yeyir, canları qızışır. Böyük çillənin qar-soyuğunu veclərinə də almayıb elə öz işlərini görürdülər.
Qırx gün qurtardı. Böyük çillə kor-peşman geri qayıtdı. Yolda soyuq ayın — fevralın lap başlanğıcında ortancıl qardaşı Kiçik çilləyə rast gəldi. Hal-əhval tutdular. Kiçik çillə soruşdu:
— Hə, qardaş, de görək, getdin nə iş gördün?
Böyük çillə dedi:
— Təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.
Kiçik çillə dedi:
Səncə, Kiçik çillə öz məqsədinə nail ola biləcək?
— Eh, heç nə eləməmisən ki. Bax, indi gör, mən gedib nələr edəcəyəm. Qarıları təndirin ağzından salıb, külfəsindən dartıb çıxaracağam. Zəhmimdən uşaqlar tir-tir əsəcəklər. Çuvalları, küpləri bomboş boşaldacağam. Qazanları ağzı üstə çevirəcəyəm.
Böyük çillə dedi:
— Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə bilməzsən.
Kiçik çillə böyük qardaşından ayrılıb haray-həşir qopara-qopara, boranla, dumanla el-obaya hücum çəkdi. Elə bil dünyanın axırıydı.
Böyük çilləni damba-durumbla yola salan adamlar heç Kiçik çillənin də belə əsib-coşmasından qorxub çəkinmədilər. Tez «Xıdır Nəbi» mərasiminə tədarük görməyə başladılar. «Xıdır Nəbi» mərasimi qışın ən soyuq günü sayılan Kiçik çillənin onuncu günü keçirilir. Adamlar buğda qovurub, əl dəyirmanında üyüdüb qovut elədilər. Xaşıl, quymaq bişirib yağla, doşabla, sarıköklə yedilər. Canları qızışdı. Kiçik çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün yaydan saxladıqları «Çillə qarpızı»nı da kəsdilər. Qaynadılmış yumurtaları bahar, günəş oxşarı kimi yaşıl, qırmızı rənglə boyadılar.
Uşaqlar da axşam qaranlıq düşəndə həyətləri gəzib bacal ardan qurşaq, torba salladılar. «Xıdır Nəbi» mərasimi nəğmələrindən oxudular:
Xanım, ayağa dursana,
Boşqabı doldursana,
Yük dibinə varsana,
Boşqabı doldursana,
Xıdırı yola salsana.
Uşaqlara qovutdan, boyanmış yumurtalardan, ərik, əncir, alma, armud qurusundan pay verdilər. Pay verməyəni yenə də elə «Xıdır Nəbi» nəğməsi ilə yamanladılar:
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya,
Xıdır payın kəsənin,
Ayağı yerə çatmaya.
Beləcə Kiçik çillənin iyirmi günlük ömrü qurtardı. Lovğa-lovğa gələn Kiçik çillə suyu süzülə-süzülə geri qayıtdı. O da yolda sonbeşikləri Boz ayla qarşılaşdı.
Boz ay baxdı ki, özündən böyük qardaşı Kiçik çil lənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Dedi:
— Əziz qardaşım Kiçik çillə, sən də böyük qardaşımız Böyük çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam.
İki qardaş xudahafizləşib ayrıldı. Boz ay el-obaya gəldi. Bir ay ömrü olan, Bahar-Novruz bayramı gününəcən yaşayan Boz ay başladı hər çərşənbədə bir iş görməyə. Havaları qızdırdı. Suların şaxını sındırdı. Ağacları yuxudan oyatdı. Torpağın canını isitdi. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə haı zırlaşmağa başladılar.
Boz ayın çərşənbələrində həyətlərdə tonqallar yandırıldı. Adamlar «ağırlığım-uğurluğum tökülsün», — deyib bu tonqalın üstündən hoppanmağa başladılar.
Boz ay da beləcə ömür sürüb vaxtını başa vurdu.
Artıq yer-yurd al yaşıla bürünmüşdü. Üç qardaş köçünü sürüb gedirdi. Onların yerinə istəkli bir qonaq gəlirdi, gözəllər gözəli bahar...
Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər ki, bu da "çillə kəsmək" adlanır.
Qış fəslinin hər bir çilləsində insanlar qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünya görüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, ayinlər icra etmişlər.
Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir. Böyük çillənin ilk gecəsi el arasında "Şəbi -yelda" adlanır.
El-obada Böyük çillənin qarlı-tufanlı, donduran, sümük üşüdən günlərinə qaraqış deyirlər. Bu müddətdə qış ağır, üzücü keçir, qar qarışıq külək uğuldayır. Qışın qışlığı çənindən, dumanından bəlli olur deyirlər. Çünki qışın çəni, dumanı qar gətirər, yaz dumanı bar.
Şumlanacaq torpağı Böyük çillədə qış aratına qoyarlar. Arxları, kanalları təmizləyib qaydaya salarlar. Belə vaxtlarda uşaqlar da köməyə gələr, hamı bir-birinə əl tutar. Ağacların dibini yumşaldarlar. "Qışda işini bilən yazda, yayda ziyan çəkməz", -deyiblər.
Ömrünü-gününü torpağa bağlayan bağbanlar ağacların, budanmasını Novruza qədər qurtarmalıdır. Bundan sonra onlara əl gəzdirmək olmaz. Canlarındakı su göz yaşı kimi axıb tökülər və ağaclar kökündən quruya bilər.
Təcrübəli bağbanların sözlərinə görə budama işi şirə çubuqlara axmağa başlanana qədər başa çatmalıdır. Əks halda kəsdiyin çubuqların ucundan su axsa, ağacın puçurları kor ola bilər, onlardan zoğ çıxmaz, bar verməz.
Ulularımız deyib ki, Böyük çillədə torpaq qırxın çıxardır, Kiçik Çillədə isə torpaq səhər yuxusundadır.
Böyük çillə girəndə və çıxanda ulularımız məclis qurmuş, şirniyyat, isti xörəklər bişirmiş, əhvallarını xoş saxlamışlar. Adamlar bu üsulla təbiətə təsir etmək, qışa bağlı olan hami ruhları mülayimləşdirmək istəmişlər. Qışı qarşılama mərasiminə "Kövsək", yola salma mərasiminə isə "Çilləkəsdi" və ya "Çiləçıxartma" deyilmişdir.
Çox qədim zamanlarda qışın başlanması münasibətilə el-obanın ilin ən uzun gecəsində keçirdikləri mərasim "Çillə gecəsi" çox vaxt "Çillə bayramı" da adlanır. Bayramda tonqallar yandırılır, ailə üzvləri onların ətrafına toplaşıb şadlıq edir, üstündən tullanırlar. Hər yerdə atəşfəşanlıq başlanır, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edirlər. Çalıb-oxuyur, oynayırlar.
Çillənin girdiyi gün şərəfinə açılmış süfrəyə müxtəlif adda yeməklər düzülür. Hamı süfrə başına yığışır. Böyük çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün ortalığa yaydan saxlanılan qarpız gətirilir. Yaşıllıq, bolluq rəmzi olan qarpız çillə gecəsinin ən dəyərli payı hesab olunur.
Çillə qarpızı evin ağsaqqalı tərəfindən kəsilib dilimlənir, bütün ailə üzvlərinə paylanıb, ağız ləzzətiylə yeyilir. Belə bir inam mövcuddur ki, çillə qarpızı yeyən adam çətin xəstələnir, o, xəstəlikləri sovuşdurur. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Çillə qarpızdan nişanlı qızlara da pay aparılır. Bu, el söyləmlərində də öz əksini tapıb.
Və mən də bu yazını yazarkən mənbə kimi
Novruz bayramı ensiklopediyasından istifadə etmişəm.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
Bu gün “Baladadaşın toy hamamı” nümayiş olunacaq
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası yenidən nümayiş olunacaq.
Sevilən tamaşalar sırasında yer alan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.
Səhnə əsərində teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub.
Tamaşada var-dövlətin insanın mənəvi zənginliyinin yanında heç bir mənasının olmamaması, dünyanın faniliyi, saf və pak sevgi ustalıqla nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
Nobel qardaşlarının Bakıdakı fəaliyyəti və irsinə dair sənədli film İsveçdə nümayiş olunacaq
Nobel qardaşlarının XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıdakı fəaliyyəti və irsinə dair İsveçin “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli filmin 2024-cü ilin əvvəlində İsveçdə nümayişi nəzərdə tutulur.
Bu barədə AzərTAC-a Azərbaycanın İsveç Krallığındakı səfirliyindən bildirilib.
Xatırladaq ki, bu il Nobel qardaşlarının Azərbaycana gəlişinin 150-ci ildönümü qeyd olunur. Bu kontekstdə məşhur İsveç yazıçısı və tarixçisi Bengt Yangfeldtin mövzu üzrə müfəssəl məlumatları əks etdirən kitabı səfirliyin təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilib və Bakıdakı “Villa Petrolea” Mərkəzində birgə tədbir çərçivəsində ictimaiyyətə təqdim olunub.
“Bakı Media Mərkəzi” ilə əməkdaşlıqda “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli film də bu kitabın motivləri əsasında ərsəyə gəlib və onun dünya premyerası Bakıda keçirilib. Azərbaycan və onun təbii sərvətlərinin dünyaca məşhur Nobel mükafatının ərsəyə gəlməsində rolu da daxil olmaqla Nobel qardaşlarının Azərbaycanla tarixi bağlarına işıq salacaq və ölkəmizin beynəlxalq təşviqinə böyük töhfə verəcək həmin sənədli filmə artıq Avropa və Amerikadan olan bir çox xarici ölkələrinin televiziyaları və film yayımı platformaları maraq göstərirlər.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclası keçirilib
Dekabrın 21-də İstanbulda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclasında turizm sahəsində prioritet əməkdaşlıq məsələləri, ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni irsin qorunması sahəsində əməkdaşlıq, marketinq, kommunikasiya və turizm məhsulları, həmçinin növbəti dövr üzrə Birgə Fəaliyyət proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, komissiyanın iclasında turizm əlaqələrinin cari vəziyyəti barədə danışılıb, gəlmə və getmə turizmi sahəsində statistik göstəriciləri təqdim edilib, həmçinin 2-ci iclasda qəbul edilmiş tədbirlər planı üzrə həyata keçirilən işlər barədə məlumat verilib.
İclas çərçivəsində turizm sektorunda insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi, beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, tədbirdə mədəni irs obyektlərinin idarə edilməsi, oxşar mədəni irs obyektləri arasında əlaqələrin qurulması, birgə layihələrə başlanması müzakirə edilib.
Tədbir zamanı Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.
Sonda 2023-cü il üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2024-cü il üçün yeni Birgə Fəaliyyət Planı hazırlanıb. İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
Tükəzban İsmayılovanın 100-cü ildönümünə
Könül, “Ədəbiyyat və incəsənət”
Musiqimizin qızıl fondunda həkk olunan adlar içərisində onun adı ön sıralardadır. Xalq artisti Tükəzban İsmayılova! Onun ifa etdiyi muğamlar və xalq mahnıları milyonların qəlbinə həkk olunub.
Tükəzban İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.
Ötən gün milli musiqimizin inkişafında özünəməxsus yer tutan Xalq artisti Tükəzban İsmayılovanın anadan olmasının 100 illiyi qeyd olundu.
Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.
1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib.
Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. T.İsmayılovanın özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi.
Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. ikinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.
Tükəzban İsmayılova, həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.
T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.
Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb.
İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.
Xalq artistinin birinci evlilikdən olan oğlu Akif İslamzadə, ikinci evlilikdən olan qızı İlhamə Qasımova da öz adlarını məşhur müğənnilər olublar.
Muğamlarımızın mahir ifaçısı Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Polad Həşimov
Həvəskar şair Çoşğun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. İlk şeir əfsanəvi qəhrəman Polad Həşimova ithaf olunub.
POLAD İSRAYIL OĞLU HƏŞİMOV
(02.01.1975.-14.07.2020.)
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərahgah rəisi, general-mayor, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi
ULDUZLARA UÇDUN SƏN
Qələmin gücü yetməz vəsf etsin hünərini,
Dünya boyda işıqdın, boğdun dünya şərini,
Belə tez gözləmirdik cənnətə səfərini,
Getdin, gedişin ilə ürəklərə köçdün sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Tanrı bəxş eyləmişdi sənə tərtəmiz ürək,
Yaşayıb çalışırdın ana yurdu sevərək,
Ən şərəfli peşəni məhəbbətlə seçərək,
Addım-addım yüksəldin, şərəfli yol keçdin sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Sən xalqın ürəyində nur kimisən- sönməyən,
Azadlığın yolçusu, öz yolundan dönməyən,
Elə zirvədəsən ki, heç bir zaman enməyən,
Müqəddəs yolçuluğu məhəbbətlə, seçdin sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Polad kimi komandir, general unudulmaz,
Elə yaralar var ki, heç zaman, ovudulmaz
Zaman keçər, dəyərin itirməz yaqut, almaz,
Parlayan almaz kimi nurlu şəfəq saçdın sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Təbəssümün nur saçır günəş kimi üzündə,
Sabaha bir inam var baxışında, gözündə,
Hələ yola çıxacaq çox oğullar izinlə,
Zəfər yoluna çıxan təzə bir yol açdın sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Hünərindən söz açır, bax, Ali Baş Komandan,
Peşəkar zabit idin, həm də xeyirxah insan,
Bu torpağı, Vətəni əziz bilirdin candan,
Şəhidlik şərbətini birnəfəsə içdin sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
Günün fotosu: İlham Əliyevin zərbəsi
Günün fotosu: İlham Əliyevin zərbəsi
Dünən tarixi anlar yaşandı Azərbaycan üçün. Xankəndi stadionunda Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsində “Qarabağ” - MOİK matçı keçirildi və oyun ərəfəsi topa ilk zərbəni Azərbaycan Prezidenti İlham Əliyev vurdu.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
“Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq”
BU GÜN AYB-DƏ TƏDBİR KEÇİRİLƏCƏK
Bu gün saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Heydər Əliyev-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur:
Alim, yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadiq Qarayev məlumat verib.
Tədbirin moderatoru AYB-in Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu olacaq.
Xatırıadaq ki, Sadıq Qarayev biologiya üzrə fəlsəfə doktorudur, “Sahibsiz kölgələr”, Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrların sintezində romanlar ərsəyə gətirib.
Bu günlərdə onun 44 günlük Vətən müharibəsindən bəhs edən “N saylı qəhrəmanlıq” romanı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)