Super User
Salam əleyküm, Hitler ağa!
Sərtyel, “Ədəbiyyat və incəsənət”
XATİRƏ
Georgiya Daneliyanın xatirələrindən:
“Bir dəfə mən Daşkənddə televizorda özbək dilinə çevrilmiş “Baharın on yeddi anı” filminə baxırdım. Orada Borman kabinetə daxil olub Hitlerə təzim edərək dedi: “Salam əleyküm, Hitler ağa!”
(Şəkildə)
XƏBƏR
Bizim avtomobil sənayemizi çinlilər icarəyə götürürlər. Bundan sonra bütün avtomobillər bir-birinə oxşayacaq.
Eynən çinlilər kimi.
LƏTİFƏ
Bir erməni lətifəsini diqqətinizə çatdırıram.
Ərlə arvad sözləşirlər.
Arvad:
-Ara, sən niyə üstümə bağırırsan? Sən özün guya axşam yeyib-içmirdin?
Kişi:
-Axçi, mən kişilərlə yeyib-içirdim.
Arvad:
-Ara, mən də küşilərlə yeyib-içirdim də.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Fidan və Xuraman Qasımova bacılarının şərəfinə “İncəsənət işığında” adlı konsert keçirilib
III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində dünyaca məşhur opera müğənniləri - Azərbaycanın Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının şərəfinə “İncəsənət işığında” adlı konsert keçirilib. Bu barədə AzərTAC xəbər paylaşıb.
Dolğun konsert proqramından əvvəl tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova parlaq vokalçıların Azərbaycanın musiqi mədəniyyəti və vokal ifaçılıq sənətinin formalaşdırılmasında xidmətləri, milli vokal ifaçılıq məktəbinin ənənələrinin layiqli şəkildə qorunub saxlanılması haqqında danışıb. Qasımova bacılarının yaradıcılığı yüksək ifaçılıq mədəniyyəti, zəngin zövqü, intellektual dünyagörüşü özünə qarşı tələbkarlıqla sıx bağlıdır, bu da öz əksini repertuar seçimində və klassikdən əvvəlki və orta əsrlər musiqiçilərinin mürəkkəb əsərləri, Azərbaycan bəstəkarlarının məşhur mahnıları və ariyaları üzərində aparılan iş prosesində tapır. Buna görə də Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva və Zülfiyə Sadıxovanın ifa etdikləri musiqi əsərləri musiqili komplimentlər kimi səslənib, Bakı Musiqi Akademiyasının Vokal və opera hazırlığı kafedrasının professorlarına olan çox böyük hörməti vurğulayıb və tamaşaçılar tərəfindən çox böyük heyranlıqla qarşılanıb. Əməkdar artist İnarə Babayeva Andrea Falkonyerinin “O Bellisimi capelli”, Vinçenso Bellininin “Vaga Luna, che Inargenti”, Nikolay Rimski-Korsakovun “Qızıl gülün əsiri olmuş bülbül”, Sergey Raxmaninovun “Qızçiçəyi”, Ferens Listin “Oh! Quand je dors”, Qara Qarayevin “Gürcüstanın təpələrində” və “Mən sizi sevirdim” əsərlərini təqdim edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti İnarə Babayeva Cakomo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, “Boqema” operasından Muzettanın valsını, Üzeyir Hacıbəylinin “Sənsiz” romansını, Frederik Lounun “I Could Have Danced all Night» və Tofiq Quliyevin “Əziz surət” əsərlərini, “Qoy gülüm gəlsin, ay nənə” Azərbaycan xalq mahnısını ifa edib
Konsertin sonunda Xalq artisti, professor Xuraman Qasımova səhnəyə çıxaraq İnarə Babayevanı səmimi-qəlbdən təbrik edib, ona təşəkkürünü bildirib. O qeyd edib ki, məhz onların sənətinə həsr olunmuş konsert ilk dəfədir keçirilir.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri
Qardaş Özbəkistanın sevilən şairi Xasiyyət Rüstəmi DGTYB-nin xətti ilə Azərbaycanda olduğu vaxt tanıdım. Sonra münasibətlərimiz daha da inkişaf etdi, bir-birimizi yaxından tanıdıq və bir-birimizə bağlandıq. Ən az öz tərəfimdən ehtiyat ki, mən onu həm bir ziyalı, bir ədib olaraq, həm də türkcanlı, Turan¬eşqli xanıməfəndi olaraq, bir vəfalı dost olaraq çox qiymətləndirirəm. Özəlliklə, “Kitab Dünyası”nı yalnız Özbəkistanın deyil, türk dünyasının (və bütün dünyanın) ədəbiyyat-sənət ocağına çevirməyi, bu planda Azərbaycan ədəbiyyatına geniş şəkildə diqqət yetirib, yer ayırmasını böyük sevgi-sayğıya layiq bilirəm.
Bəzən “Kitab Dünyası” Özbəkistan və Azərbaycanın ortaq ədəbi nəşrinin təsiri bağışlayır və bütün bu gözəlliklər, çiçəklənmələr Xasiyyət Rüstəmin adı ilə sıx bağlıdır.
Xasiyyət xanım Azərbaycanda dəfələrlə olub və mən də, bir neçə dəfə Özbəkistanda olmuşam; artıq bir-birimizin oxumasına bir-birimizdən xəbərsiz səfər edə bilməz hala gəlmişik. Bu, çox xoşdur! – Təsəvvür edin, uzaqlarda səni yanından gözləyən bir şair var, sənin səfərindən şad olan var...
Xasiyyət Rüstəm insani inkişaf, şəxsiyyətinin məziyyətlərinin şeirlərində böyük ölçüdə yansıdan şairlərdəndir. Məncə, yansıtdığı ən böyük keyfiyyət, məziyyət kimi incə qadın qəlbi, qadın dünyası ilə - zərif duyğular, kövrək məqamlarla bağlıdır. Əgər Xasiyyət Rüs¬təmin şeirlərini müəllifi bilinmədən təqdim etsələr, onun bir qadın şairə, duyğulu könüllə, xeyirxah insana və məhz bir türk qızına kömək etmək çətin olmaz. O, oxuculara bu imkanı verdiyi üçün də alqışa layiqdir.
Xasiyyət Rüstəm ədəbiyyatda həm aşikar, həm də gizli mənalarla çıxış edir. – Bir tərəfdən kimliyi özünü gös¬tərir, başqa tərəfdən sanki demədikləri dediklərindən da¬ha düzəldir. Mən biləndən “demədiklərini” yazıram, “deyə bilənlərini” yazıram. Bunun iki səbəbi var: birincisi, poetexnologiyadan onun ifadə etdiyi material, deyə bilən fikir yoxdur, məncə; ikincisi, o, o sözü ki demir, o mənanı ki, sətiraltı verir, bu da Xasiyyət xanımın şair kimliyini qətiyyən qərarlamir – arif oxucu anındaca hiss edir: “demək, belə məsləhətdir”. – Necə deyərlər, işi deməmək özü də (nəyisə) etmək...
Xasiyyət Rüstəminin özəlliklərindən biri, çox məşğul olmasından, çox məşğul olmasından, bir neçə paralel (amma enerji!) işə bölünməsinə baxmayaraq, enerji ehtiyatı, hər yerdə şair qala bilməsidir. Altı beynəlxalq ədəbi ilə, səfərlər bir yandan; davamlı olaraq populyar nəşrin məsuliyyətli baş redak-toru olmaq başqa yandan; yoldaşı, ana, nənə həyat fəaliyyətinin (“evtapşırıqları”)daşımaq bir başqa tərəfdən... – bütün bu mənəvi, ədəbi və hüquqi hüquqi fəaliyyət, işin gedişində, məhz şair duruşu, şair kimliyi ilə özünü bir istedaddır.
Xasiyyət Rüstəm istəyirəm öz gücü, Azərbaycanda və bir çox ölkə başqa başqa təltif edilib, təqdir görüb, əsərləri neçə dilə çevrilib, neçə-neçə kitabı gün görüb belə, mənlə işləyir, elə ina¬nıram ki, onun daha böyük uğurları hələ qabaqdadır. Bu onun indiyədək əldə etdiyi uğurları heç bir şəkildə kölgə altına salmır; olaraq, hər kitab, hər səfər, hər tanışlıq və əlbəttə, hər şeir onu daha da kamil və Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri, yeni imkanları üzə çıxır. Və bizləri, oxucuları ona daha böyük uğurları yaraşdırır, özümüzə ondan yeni ba¬şarılar dosta veririk...
Fürsətdən istifadə edib, Azərbaycanda ikinci kitabı münasibəti ilə müəllifi ürəkdən təbrik edirəm, Azərbaycan oxucusuna bu gözəl kitabı qazandıran könül dostlarıma da təşəkkür edirəm! Var olun! Oxucularımızı bu gözəl “Leli ağaclar”ına sahib olmaq üçün təbrik edirəm!
Qoy, bu kitab iki qardaş ölkə arasında, qardaş ədə¬biyyatçılar arasında yeni bir bağ, yeni körpü olsun!
Prof.Dr.Qənirə PAŞAYEVA,
Azərbaycan Respublikası
Milli Məclisin Mədəniyyət idarəsinə
İyul-2020. Bakı
“Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası ixtiyarınızdadır
Könül, “Ədəbiyyat və incəsənət”
Daim yenilikləri ilə fərqlənən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu gün də təqvimi unutmayıb. Belə ki, elmi fəaliyyəti Azərbaycan tarixşünaslığına qızıl hərflərlə yazılan, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlarda təbliğ edən, görkəmli şərqşünas-alim, ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyi münasibətilə “Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası hazırlayıb.
Qeyd edim ki, elektron məlumat bazasında akademik Ziya Bünyadovun həyat və elmi fəaliyyəti, rəhbəri olduğu elmi tədqiqat işləri, Azərbaycan və xarici dillərdə nəşr edilən kitabları, tərcümələri, məqalələri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, haqqında yazılan nəşr nümunələrinin siyahıları təqdim edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Ölümsüzlüyə qovuşan ömür”, “Akademik Ziya Bünyadov: bizim yaddaşımızda və özgələrinin təsvirində. Hollandiyalı tədqiqatçı Sara Krombaxın dissertasiyası haqqında düşüncələr” kimi bölmələrlə yanaşı, akademikin layiq görüldüyü təltif və mükafatlar, Türkiyə Milli Kitabxanasında qorunan kitabları haqqında məlumatlar da yer alıb. Məlumat bazasında akademikin video və fotoqalereyası və 100 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi və videomaterial da sərgilənib.
Kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkə -https://ryl.az/melumat-bazalari/Ziya_Bunyadov_el_melumat_bazasi/index.html keçid edə bilərlər.
Xoş mütaliələr.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Güzgülərin yaddaşını sındırmaq olmur - LİRİK ETÜDLƏR
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
1.
Aşiqlər sevgi acısını
bala çevirən arılardır
Bu arıların iynələri yalnız öz qəlblərinə
sancılmaq üçündür.
Kəpənəklər sevginin
rəngarəng qanadlarıdır.
Bu kəpənəklərin Vətəni
qızılgül bağlarıdır.
Ömrün ən gözəl zamanı
məhəbbətə ayrılan çağlarıdır.
Sevginin bitmə təhlükəsi
sadiqliyin intiharıdır.
2.
Çirkin simalar
güzgünü günahkar bilər,
Çıxış yolunu onu
qırmaqda görərlər.
Güzgülərin yaddaşını
sındırmaq olmur,
bunu hər beyin dərk etməz.
Şaxta isə dondurduğu vücudların
soyuqluğundan şikayət edər.
Gecəni sevən yarasalar
"Günəş oğrusuna" aşiq olarlar.
Günahkarlar çalışsalar da, günahlarını
özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
qalaq- qalaq yığılanda
günahkarlar da o odunların sevgisinə
çırtaçırtla yanarlar...
3.
Qaçıram, qaçıram,
Özümdən qaçıram
fələyin qurduğu tələni duyanlar kimi.
Qaçıram, qaçıram,
kədərin hökmdar olduğu sarayın
cəlladından qaçan sevinc kimi.
Qaçıram, qaçıram,
saat əqrəblərinin zamandan
qaçdığı dairədə zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
insan adlı sənət əsəriyəm..
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram qanadları, ayaqları olmayan
külək kimi qaçıram.
Özümü tapmağa,
qaranlıqlar arxasındakı
"sirli nur qapı"sına qaçıram.
Qaçıram, qaçıram,
mən daxilimdəki mənə qaçıram!
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Ədəbiyyat Fondu akademik Feyzulla Qasımzadənin 125 illiyini qeyd etdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar Ümummilli lider Heydər Əliyevin müəllimi olmuş görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyidir və bu münasibətlə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin və AMEA-nın təşkilati dəstəyi ilə
“Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – Alim və müəllim” mövzusunda yubiley tədbiri keçirib.
Yazıçılar Birliyinin “Natavan” klubunda təşkil olunan tədbirdə dövlət və hökümət nümayəndələri, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, eləcə də ədibin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis açaraq görkəmli alimin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. Akademik Feyzulla Qasımzadənin yaradıcılığını yüksək qiymətləndirən Varis onun şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata malik alim və pedaqoq olduğunu vurğulayıb. Bildirib ki, A.Bakıxanov, N.B.Vəzirov, M.F.Axundov, M.Ş.Vazeh, Əbülqasım Nəbati və neçə-neçə mütəfəkkirlərimiz müstəqil tədqiqat predmeti kimi Feyzulla Qasımzadə tərəfindən araşdırılmışdır.
Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan xalqının zəngin ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi ilə haqlı olaraq hər zaman fəxr etdiyini vurğulayıb. O, görkəmli ədiblərin yaradıcılıq yolunun gənc nəslə tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan ədəbiyyatşünaslığını dünya səviyyəsinə çıxaran akademik Feyzulla Qasımzadənin zəngin elmi irsi barədə məlumat verən Çingiz Abdullayev onun milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib. Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, akademik Feyzulla Qasımzadə Azərbaycanda yeni ictimai-siyasi sistemin məhsulu kimi formalaşan bir dövrün - bütöv bir yüzilliyin ədəbiyyatının ümumi inkişaf istiqamətini və mərhələlərini əks etdirən “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental tədqiqat əsərini 3 dəfə çap etdirib. Həmçinin bu yüzillikdə yaşayıb-yaratmış böyük sənətkarlar, mütəfəkkirlər haqqında monoqrafiyalar yazıb. O, 600-dək elmi məqalənin, 34 kitabın müəllifi olub.
Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan akademik Feyzulla Qasımzadənin elmi-pedaqoji fəaliyyətindən danışıb, onun böyük bir elmi məktəb yaratdığını söyləyib. Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. O, Mirzə Fətəli Axundzadə və digər ədiblərimizin yaradıcılığı ilə bağlı ciddi tədqiqatlar aparıb.
Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünas alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını sistemləşdirərək ali məktəblər üçün dərslik hazırlayan, bütöv bir ədəbiyyatşünas və tənqidçilər nəsli yetişdirən böyük bir pedaqoq olduğunu deyən Sabir Rüstəmxanlıonun gərgin elmi axtarışlarının nəticəsi olan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini həmin dövrün ədəbiyyatının öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbə hesab edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixini Mirzə Feyzulla Qasımzadəsiz təsəvvür etmək qeyri–mümkündür. Alimin o dövrdə tədqiqatları olmasa idi, XIX əsrşünaslıq ədəbiyyatı da olmazdı”, - deyən akademik Nizami Cəfərov Feyzulla Qasımzadənin türk ədəbiyyatına, Osmanlı ədəbiyyatına, hətta aşıq ədəbiyyatına dərindən bələd olduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Feyzulla Qasımzadənin namizədlik dissertasiyası Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə olub və o, ədibin yaradıcılığını sistemli şəkildə dərindən araşdırıb.
Akademik Nizami Cəfərov qeyd edib ki, görkəmli alim əsərlərini sovet dövrü ideologiyasının qəbul edə biləcəyi hüdudda qələmə alıb. O, Azərbaycan ədəbiyyatının həm tarixi, həm də nəzəri məsələləri ilə məşğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün örnək rolu oynayan fundamental əsərlərin müəllifidir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna və özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.
“Feyzulla Qasımzadənin əsərlərinin tədqiq olunması, böyük tirajla çapı mühüm əhəmiyyətə malikdir”, - deyə bildirən akademik Teymur Kərimli alimin həmin dövrün İran qəzetlərini əldə edərək oradakı məxrəzlərdən isifadə etməsini, eləcə də Türkiyədən hər hansı təzkirəni tək başına əldə etməsini böyük hadisə kimi dəyərləndirib.
Akademikin elmimizə verdiyi töhfələri sadalayan fil.e.n Şərəf Cəlilli həm də onun Azərbaycan məfkurəsinin formalaşmasına verdiyi töhfələrdən, yetişdirdiyi tələbələrdən, qoyduğu mirasdan danışıb.
Tədbirdə Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, fil.e.d. Təyyar Salamoğlu, fil.e.d Yeganə İsmayilova, dos.Sakibə Ələsgərova, dos. Razi Məmmədov və başqaları akademik Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki müstəsna xidmətlərindən danışıblar.
Sonda mərhum alimin qızı, fil.ü.f.d. Nigar Qasımzadə və nəvəsi biol.e.d Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Tarix unudulmayanlarındır, odur ki, bütün dəyərli ziyalılarımız daim yada salınmalı, anılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Heydər Əliyevin büstünü naturadan işləmiş tək heykəltəraş - BU GÜN ONUN DOĞUM GÜNÜDÜR
Könül, “Ədəbiyyat və incəsənət”
Onu kim tanımır ki? Böyükdən kiçiyə az qala hamı. Daşdan, qranitdən möcüzələr yaradan möcüzə adamdır o. Ömər Eldarovdur o.
Bu gün görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 96 yaşı tamam olur.
“İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Ötən müddət ərzində bu görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Cavidin abidəsi, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltəraşlığımızın öncülü kimi səciyyələndirirlər.
Gəlin onun tərcümeyi-halına nəzər yetirək.
Ömər Eldarov 1927-ci ildə Dəmir qapı Dərbənddə dünyaya göz açıb. Azərbaycan Rəssamlıq Məktəbində, sonra isə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. O, gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib.
Bütün mənalı ömrü boyu Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Təsadüfi deyildir ki, o, 1958-1968-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərib, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olub. 1995-ci ildə isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Ömər Eldarov parlamentdəki 5 illik fəaliyyəti dövründə xalqın elçisi vəzifəsinin öhdəsindən layiqincə gəlib.
60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltəraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.
Sədrəddin Ayninin (Düşənbə,1978),
Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələri ona məxsusdur.
Ulu Öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olmuşdur. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir.
Görkəmli heykəltəraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə düşünməyə qərq etmirmi, edir.
Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Oğlu Müslümün (1972), qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.
Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltəraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.
Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır.
Yüzə doğru!
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Kaş ki”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Kaş ki” şeirinin növbəsidir.
Kaş ki, heç birimiz peşimanlayıb “kaş ki” deyərək qayb etdiyimizi geri qaytarmağı arzulamayayadıq.
Nələr, nələr yada düşdü,
Xatirələr oda düşdü.
O günlərdən qəlbimizə
Qorxulu bir səda düşdü,
Görməyəydim kaş ki səni.
Bahar gəldi qış evinə,
Bu köçəri quş evinə.
O vaxt naşı bənna kimi
Yaddaşımın daş evinə
Hörməyəydim kaş ki səni.
Külə dönmüş od-ocaqsan,
Bəlkə belə qalacaqsan.
Onda uşaq deyildim ki,
Bilirdim ki solacaqsan,
Dərməyəydim kaş ki səni.
Hicran gəldi sinə-sinə,
Günlər ötdü sənə-sənə.
Bir güldanda saxlayaydım,
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki səni...
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Əbasət Purhəsənin “Bəzəkli mankən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
BƏZƏKLİ MANKƏN
Bazar qabağında bəzəkli mankən,
Hər gələn əl atır donuna sənin.
Yaşamağın üçün açılmır donu,
Soyuq şəhrimizdə geydiyin donun.
Əllərin əlimdə, əlin əlimi,
Əlinin içində saxlaya bilmir,
Nə çəpik çalırlar qabağımızda?!
Nə üçün görənlər ağlayır, gülmür?
Mən səni sevdiyim qıza oxşatdım,
Ya şəhər ağılsız, ya da mən dəli!
Bir dəyqə özümü sevindirməyə,
Sənin də abrına toxundum, bəli.
Səndən ayrılıram, bilirəm ancaq,
Əynindəki donu götürəcaqlar.
Bilmirəm bəlkə də oğlan paltarın,
Geydirib əyninə, toy tutacaqlar.
Bəlkə də bazardan, bazara köçüb,
Gözdən düşəcəksən, gic qalacaqsan.
Bilmirəm, sabahın heç kimsə bilmir,
Bəlkə də sevdiyim qız olacaqsan!..
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Birləşmə... -HEKAYƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Hər kəs ondan danışırdı- TV-lərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər. Yeddi milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq sadəcə bir şey birləşdirirdi. Qorxu.
Çin, İran, Avropa ölkələri-xüsusən İtaliya və İspaniya, Amerika Birləşmiş Ştatları, Afrika, Avstraliya - bütün dünya tarixdə misli-bərabəri görünməyən bir pandemiyaya qarşı mübarizə aparırdı. Artıq ən güclü dövlətlər belə bu virusa məğlub olduqlarını etiraf edir və əgər tez bir zamanda bu pandemiyanın peyvəndi tapılmazsa insanlığın böyük bir hissəsinin məhv olacağı proqnozlaşdırılırdı (ən nikbin öngörülərə görə milyonlarla insanın öləcəyi ehtimal edilirdi).
Getdikcə artmaqda olan ölümlərin sayı onminləri keçir, yoluxmaların sayı yüzminlərlə hesablanırdı. Həkimlər yeddi gün, iyirmi dörd saat ayaqda dursa da yoluxanların sayı o qədər sürətlə artırdı ki, hər kəsin həyatını xilas etmək mümkünsüzləşirdi.
Qoca, cavan, körpə - virus heç kəsə məhəl qoymadan hər kəsin canına qıymağa davam edirdi. Sağ qalanlar qorxu içində-növbəti qurbanın özləri ola biləcəklərinin həyəcanında. Hətta dövlət başçıları, krallar belə bu gün yaşaya bilirdilərsə şükür etməli idilər. Virus ayrıseçkilik bilmirdi. Bir zamanlar izdihama şahidlik etmiş şəhərlər indi qorxu filmlərindəki kimi bomboş qalmış, polislər, hərbiçilər əhalinin küçələrə çıxmasını əngəlləmək üçün gecə-gündüz bilmədən nəzarət edirdilər.
Google-da axtarış versələr bu virusun, yəni daha dəqiq koronavirusun təxminən 6 000 000 000 milyard dəfə axtarıldığının şahidi olurdular. İstər iudaistlər, istər xristianlar, istər müsəlmanlar, bir sözlə, bütün dinlərin nümayəndələri qardaşlaşaraq çarəni Allaha dua etməkdə görürdülər.
Ah insan, sadəcə bir gün qabaq öz elmin, öz inkişafın ilə o qədər öyünmüş, o qədər təkəbbürlənmişdin ki... Hətta bəziləri özünə “Mən Allaham” deyəcək qədər cəsarətlənmişdi.
Kimiləri koronavirusun dünyaya yayılmasını bir-birinə müxalif olan dövlətlərin bioloji silah kimi istifadə edilməsindən, kimiləri Hz İsanın, Hz Mehdinin yer üzünə qayıtmasının işarəsi olmasından, kimiləri Allahın bütün dünyaya bəla yağdırmasından, kimiləri təbiətin onu pis günə qoyan insanlardan intiqam almasından, kimiləri bütün bu oyunların arxasında illumunatların durmasından və onların “Yeni Dünya Nizamı” yaratmaq məqsədlərindən, hətta kimilərinə görə isə başqa planetdən gələnlərin yer üzünə istilasının başlamasının əlamətlərindən danışır və bütün bunlar TV-lərdən tutmuş sosial şəbəkələrə kimi hər yerdə müzakirə olunurdu. İş yerləri bağlanmış, turizm məhv olmuş, iqtisadiyyat çökmüş, nəinki ölkələrarası nəqliyyat , eyni zamanda şəhərlərarası gedişlər də aradan qaldırılmışdı. Nəticə etibarı ilə dünya bir xaosa sürüklənirdi, daha doğrusu sürükləndirilirdi və artıq öncəsi kimi olmayacaqdı.. Və ən qorxulu ssenari-bəşəriyyət yox olmağa doğru hər gün bir az daha yaxınlaşırdı.
Ölümün nəfəsini bir az daha yaxın hiss edərək qan-tər içərisində yuxudan oyandım. Şok vəziyyətindən qismən də olsa çıxmağım dörd-beş dəqiqə çəkdi. Paltarlarımı geyib, əl-üzümü yuyaraq mətbəxə yaxınlaşdım. Səhər yeməyinə oturan zaman telefonumu əlimə alıb feysbuk hesabıma yenicə daxil olmuşdum ki, daha böyük bir şoka düşdüm. “Aman Allahım” deyərkən əllərim əsməyə başladı. Bir neçə saniyə sonra bu xəbərin doğru olub-olmadığını rəsmi xəbərlərdən də öyrənmək üçün televizoru açdım. “İlahi, bu nə deməkdir” deyə düşünməyə başladım. Eyvana yaxınlaşıb həyətimizi seyr edərkən də insanların telefonda nəyə isə baxdıqlarının (çox güman ki, onlar da bu yuxunu izləyirdilər) şahidi oldum. Az qala gördüklərim, eşitdiklərim qarşısında dilim tutulmağa başlayacaqdı.
Necə olur ki, yeddi milyard yeddi yüz milyon insan hər biri eyni yuxunun dəhşətli təsirindən vahimələnərək oyanır (təbii, minlərlə insan da bu yuxunun qorxusundan ölümlə üzləşir və bəlkə də öldüyünü düşündüyümüz insanlar gerçək həyata qədəm qoyacaqlardır)?
TV-lərdən, radiolardan tutmuş bütün sosial şəbəkələrə qədər- hər kəs ondan danışırdı. Qorxu- yeddi milyard yeddi yüz milyon insanı dilindən, dinindən, irqindən asılı olmayaraq birləşdirmişdi. Artıq çoxları, “Bəlkə də, yaşadığımız həyat yuxuların həqiqətindən başqa bir şey deyildir və ya bəlkə də yuxularımız həyatın elə özüdür. Paralel aləmlər varmı və ya bizim aləmimiz də sonsuz sayda paralel aləmlərdən sadəcə biridirmi?” və s deyə düşünməyə başlamışdı. Hər kəs haqlı görünə bilərdi, amma heç kəs həqiqəti bilmirdi və ya biriləri bilirdi də, heç kəsə açıqlamırdı. Bəlkə də nə vaxtsa açıqlanacaqdı. TV-lərdən, sosial şəbəkələrdən “Elə yuxularımız var ki, onları reallaşdırma Allahım, Amin” dualarının ardı-arası kəsilmirdi. Mən də bir dəfə səsli, sonra isə ürəyimdə onlarla dəfə “Amin” deyərək göz yaşlarımı saxlaya bilmədim.
Göz yaşlarımı silməyə hazırlaşırdım ki...
Gözlərimi açıb həyəcanlı halda ətrafıma baxmağa başladım... Dərhal feysbuk hesabıma daxil olub hər şeyin həmişəki kimi davam etdiyini görüb olduqca sevindim və Allaha şükür etməyi də unutmadım. Sən demə hər şey (dünyada baş verən koronavirus pandemiyası da, dünyadakı bütün insanların eyni yuxunu görməsi də) sadəcə yuxudan ibarət imiş. Bu zaman düşüncələrimdə belə bir sual yarandı. Görəsən, əgər biz bir yuxunun içində başqa bir yuxu görürüksə ola bilərmi bizim həyatımızın özü də başqa birisinin yuxusudur? Və ya başqa bir iddia daha... Yuxu gördüyümüz zaman yuxumuzun içində də başqa bir yuxu görürüksə başqa-başqa aləmlərəmi ziyarət edirik?
Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız, bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)