Qovuşduran Xəzər… ayıran Araz… Featured

Əkbər Qoşalı yazır

 

 Qardaş Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə uğurlu səfəri hər iki ölkədə, digər qardaş ölkələrimizin mətbuatında tirajlanmaqda, alqışlanmaqdadır. Lakin yalnız öz mətbuatımızda, qardaş ölkələrin mətbuatındamı? – Dost da, dost ola bilməyənlər də bu mübarək səfəri diqqətlə izləyir. 

 

Hər kəs görür ki, Qazaxıstanla Azərbaycanın arasından Xəzər keçir, amma su keçmir… Tarixdə belə olub, bu gün belədir, gələcəkdə belə olacaq! Prezident Tokayevlə Prezident Əliyevin qardaşlıq-dostluq bağları xalqlarımızın ortaq keçmişindən qaynaqlanan dostluq-qardaşlıq bağları ilə üzvi surətdə birləşir, bir-birini tamamlayır. Tokayev-Əliyev qardaşlıq-dostluğu ölkələrimizin işbirliyini zənginləşdirir, yeni gözəlliklər qatır.

Bəli, “ortaq keçmişdən ortaq gələcəyə!” gedən mübarək yol ortaq dənizli qardaşların işbirliyi timsalında davam və inkişaf edir. Ortaq dənizli qardaşlar “dəniz bizi ayrı salıb” deməyib heç vaxt, “dəniz bizi birləşdirir” düşüncəsindədir. Bilirsiz, obrazlı desək, bir nazik, dayaz çayla Güneyindən ayrı düşmüş Quzey Azərbaycan, qardaş ölkə Qazaxıstanla bir dənizlə belə ayrı düşmür deyiriksə, bu çox anlamlı bir hadisədir. Gündoğarımızdakı Xəzər qovuşdurandır; Qarabağda – Ağdərədə isə Suqovuşan adlı qəsəbəmiz var… – Bax, bunlar sanki ilk baxışda rabitəsiz ünvanlar kimi görünür bəlkə, lakin biz inkişafımızı Arazın da “ayrıcı finksiya”sını itirəcəyinə ismarıc kimi görmək haqqına sahibik. Bəli, Qarabağda, Gündoğar Zəngəzurda qazanılmış tarixi Zəfərimiz nə 2020-ci ildə, nə Qarabağ və Gündoğar Zəngəzurda qalmadı, böyüdü, yayıldı, Qafqaza, Türk dünyasının bugününə sirayət etdi. Suqovuşanın 4 il öncələrdə ilk azad olunan və adına (“Suqovuşanın azad olunmasına görə”) medal təsis edilən yeganə qəsəbəmiz olması, habelə Şuşanın bir Mədəniyyət paytaxtı olaraq Zəfərin rəmzi kimi qəbul edilməsi, dərin anlam daşıyıb, qanadsığmaz üfüqlərə ismarıcdır… “Yüksəl, türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur! Üfüqə yetmən azdır, üfüqötəsinə yetmən lazım”! (Atatürk). Şuşa – Azərbaycanın Mədəniyyət paytaxtı olmaqda qalmadı; ötən il Türk dünyasının, bu il İslam dünyasının Mədəniyyət paytaxtı oldu!

O Şuşa ki, orada 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Və o Şuşa ki, bu il bu şəhər Türk Dövlət başçıları Zirvəsinə evsahibliyi edəcək! Özü də Azərbaycan Prezidentinin dəvəti ilə Zirvəyə KKTC Cümhurbaşqanı Ersin Tatar da qatılacaq…

Xəzərdən Suqovuçana, Suqovuşandan Şuşaya keçidimiz təsadüfi deyil.

 

Gəlin ən yaxın illərə qısa ekskurs edək:

Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərinin birinci ildönümü günlərində Türk Şurası Türk Dövlətləri Təşkilatına (TDT) çevrildi; ondan daha öncələrsə, Azərbaycanla Türkmənistan Xəzər dənizindəki – bizim deyimlə “Kəpəz”, türkmənlərin sonrakı adlandırması ilə “Sərdar”ı “Dostluğ”a çevirdi! Bu, 2021-ci ilin birinci, TDT-nin elanısa ilin 11-ci ayında baş verdi. 1-ci ilə 11-ci ayın arasında (eləcə də, sonrakı aylarda, illərdə!) Qazaxıstan-Türkiyə, Özbəkistan-Qırğız Respublikası, Qırğız Respublikası-Azərbaycan, Türkiyə-Qırğız Respublikası, Azərbaycan-Türkiyə-Türkmənistan və b. ikitərəfli, üçtərəfli, çoxtərəfli anlaşmalar, önəmli səfərlər, o cümlədən TDT çərçivəsində görüş-müzakirələr oldu da oldu. Ayrıca, Azərbaycan KKTC-yə diqqət-qayğını dövlət səviyyəsində daha da dərinləşdirməkdə, eləcə də, ortaq türk qurumları daha da canlanmaqdadır. Bax, bütün bu və bənzəri hadisələr Arazı qovuşduran çay olmağa daha da yaxınlaşdırmırmı, sizcə? Burada müharibədən söhbət getmir; söhbət təfəkkürdən, ustad Zəlimxan Yaqub demiş, həqiqətlərin çözüm-çözüm olmasından gedir; söhbət ondan gedir ki,

 

“Vaxt Təbrizin, dünya Ərkin dünyası,

Yol Tanrının, haqqı dərki dünyası,

Əvvəl-axır dünya türkün dünyası,

Üç gün-beş gün gecim-tezim olacaq,

Bu gün-sabah dünya bizim olacaq”!..

 

Yeri gəlmişkən, Rəşt şəhərindəki universitetdə vİran yenə anti-Azərbaycan hoqqası çıxarmağa çalışıb. Belə ki martın 10-da Rəştdəki Azad İslam Universitetində vİran hökumətinin dəstəyi ilə (!?) baş tutan bir konfransda qondarma və çox keçmiş “Talış-Muğan Respublikası”nın “başçı”sı Əlikram Hümbətovun “davamçı”sı kimi “təqdim edilən” Boris Talışinski adlı birisinin çıxışı təşkil olunub; bu azmış kimi, tədbirə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rezayəti və b. anti-türk “sima”lar (simasızlar!) və bekara faşist-paniranist düşüncəsinin (düşüncəsizliyinin!) təbliğatçıları da qatılıb; yaramazların çıxışında müstəqil Azərbaycan Respublikasına qarşı kin-kudurət, nifrət yağdırılıb. Hərçənd o kin-kudurət, nifrət Rəştdən bəri qanadlana bilməz (hərçənd bizim nəzdimizdə bir dərinliyi, üfüqü yoxdur), lakin axı vİran o boyda adamı ora niyə yığıb, o çıxışlara niyə münbit ortam yaradıb? Avtomatdan atəş açmaqdan bir şey çıxmadı, indi də “elmi konfrans” modunamı keçdilər? – Qutsal Ramazan ayının başlanmasına saatlar qalmış… xoşməramlı niyyət tutmaqdansa, Azərbaycana qarşı eyləmlərdə bulunmaq islamçılıqdırmı, insanlıqdırmı?.. – vİran ötən il – yanvarda Tehrandakı səfirliyimizdə, martın əvvəlində Əhmədlidə bir supermarketdə, martın sonunda isə Sabunçuda Millət vəkili Fazil Mustafaya qarşı avtomatlı eyləmlərdə bulundu. Eyləmlərin heç birindən umduğu sonucu almaması Fars-Molla rejimini “dərin” düşüncələrə qərq etmiş olmalı ki, bir illik götür-qoydan sonra, “mübarizə”ni universitetə daşımaq istəyir… (Tovuzlular belə yerdə deyir: öz başınçün!..)

Yoxsa, Anadolulular demiş, durub-dururkən bu da nə? – Məsələ onda ki, Fars-Molla rejimi müstəqil Azərbaycan dövlətinə qarşı eyləmlərdə dayanmaq, durmaq bilmir; azca duraqlasa dəxi, beynəlxalq münasibətlər baxımından “dayanma-durma işarəsi”nin tələblərini pozur…

 

*

İşə baxın:

Arazın o tayında 40 milyondan çox soydaşımız yaşayır;

Xəzərin o tayındakı Qazaxıstanda isə toplam əhali sayı 20 milyona çatmayıb;

Azərbaycanlılar 99 ildir Fars-Molla rejiminin kontrolunda olan ərazilər uğrunda tarix boyu can verib, qan töküb; oralarda şəhərlər salıb, inkişafa səbəb olub;

Azərbaycanlıların qardaş Qazaxıstanın inkişafında da töhfələri olsa belə, bu, Arazın o tayındakı tarixi töhfələr qədər deyil;

vİran Qarabağın, Gündoğar Zəngəzurun Ermənistanın işğalında qalması, oralarda erməni-fars işbirliyi qurulması baxımından adıyaman işlər görübsə və işğalsonrası dəxi keçmiş qondarma rejimlə iqtisadi bağlarını sürdürübsə, Qazaxıstan dövləti Azərbaycanın Zəfərini alqışlayıb, Füzulidə Kurmanqazı adına böyük təhsil-mədəniyyət kompleksini Azərbaycana qardaş hədiyyəsi edib! O Füzuli ki, orada üç on il boyunca baş verənləri vİran yaxından izləyir, bilir, görürdü… Bilir, görürdü ki, orada İslam ibadətgahları dağıdılır; üstəlik, indi Kurmanqazı adına təhsil-mədəniyyət kompleksinin çevrəsində vaxtıilə mövcud olmuş məktəblərin, evlərin ermənilər tərəfindən sökülməsini vİran görür, bilir və hətta söküntüdə iştirak edirdi…   

Fars-Molla rejimi Araz çayının ən dayaz yerinlərindən bu taya narkotik maddələr ötürməkçün yararlanmağa çalışır,

Qazaxıstansa… bizimlə birgə, Xəzərin dibi ilə optik-lif rabitə xəttinin qurulması kimi unikal layihə planlaşdırır…  

 

Qazaxıstan-Azərbaycan bağları kiməsə qarşı deyil, əlbəttə; əlbəttə, Qazaxıstan Prezidentinin Azərbayacan dövlət səfəri kiməsə qarşı yönəlməyib və bu, iki müstəqil, suveren dövlətin beynəlxalq hüquq normalarına tam uyğun, səmimi, işgüzar bağlarının təcallasıdır. Bununla belə, Fars-Molla rejimi müstəqil, dünyavi, çiçəklənən Azərbaycanın varlığını öz idbar sistemi üçün təhlükə saydığına görə, bizim qardaşlarımızla sıx işbirliyimizdən də darılır…

 

*

Ötən ayın 14-də İlham Əliyev Azərbaycan Prezidenti olaraq, Milli Məclisdə and içərkən Türk Dövlətləri Təşkilatına (TDT-yə) çox güclü, unudulmaz vurğu etdi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”!

Budur, TDT-nin qurucu üzvü Qazaxıstan Prezidenti ilə görüşdə eyni vurğuya tanıq olduq:

“…Biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.

Çünki “Sözümüz imzamız qədər keşərlidir”!

Çünki macərapərəst deyilik, düşünülmüş, məqsədyönlü siyasət yürdür, onu ən uyğun zamanlama ilə həyata keçiririk! – Bəli, nəyi, necə, nə vaxt

etmək lazım olduğunu bilirik!

 

“Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.

...Ali Dövlətlərarası Şuranın birinci iclası əsnasında elə mühüm məsələlər müzakirə olundu ki, onların reallaşdırılması, nəzərdə tutulan planların yerinə yetirilməsi üzrə bu məsələlərin strateji istiqamətindən danışmaq həqiqətən yerinə düşür.” (Kasım-Jomart Tokayev).

 QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.