Super User
8 mart maskası
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
-Harda qaldı az yemək, çay-çörək ?! İşdən gəlmişəm, yorğunam. Tez ol yemək ver.
İç səsim: şşş... Neynirsən sən, Rasim? Bu gün axı 8 martdı, qadınlar günüdür. Bu gün "az"ı, "ürəyim"lə əvəzlə. Daha şirin bir sözlər söylə. Bu günü yola ver, onsuz da 24 saatdan ibarət bir gündür. Sonra qaldığın yerdən davam elə. İldə bir dəfə olacaq bir gündür.
-Ürəyim, deyirəm bəlkə bu gün restorana gedək ?! Onsuz, evdə uşaqlar da səni yorur, evin hər əziyyətini çəkirsən. Belə zillət olmaz axı. Sən də axı qadınsan. Dur, dur hazırlaş gedirik restorana...
“Karikaturist sətirlər" silsiləsindən.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Adsız məqalə
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Martın 8-də iki arvad saxlayanlar qadınlar bayramını təbrik etdi, iki qız fırladanlar qadınlar bayramını təbrik etdi, evdə yoldaşını döyənlər qadınlar bayramını təbrik etdi, qızının seçimlərinə qarışanlar qadınlar bayramını təbrik etdi, anasını qocalar evinə atanlar qadınlar bayramını təbrik etdi, nişanlısına söyüş söyənlər qadınlar bayramını təbrik etdi.
Bacısını icazəsiz evdən çölə çıxmağa qoymayanlar qadınlar bayramını təbrik etdi. Qadına söz verib arxasında durmayanlar qadınlar bayramını təbrik etdi.
Həmin gün qadınları mətbəx əşyası görənlər, kişidən aşağı görənlər qadınlar bayramını təbrik etdi.
Bir savab bir günahı yuyur, amma bunların təbrikləri savab sayılmaz və etdikləri günahları da yumaz.
Qarşıdan isə daha bir bayram - Novruz bayramı gəlir.
Hər şeyə rəğmən güclü olan, çətinliklərə qalib gələn, qadın olduğundan qürur duyan və xanım adına layiq olan bütün xanımların bayramları qutlu olsun.
Biz bütün günlər özəlik bu bayram günlərində isə, bizə özəl olsun. Neçə belə günlərə yox, daha da gözəl günlərə.
Və bir də, saxta, süni təbriklərdən uzaq olaq həmişə!
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
“Qazax” Xeyriyyə İctimai Birliyindən nəcib təşəbbüs
Bu gün saat 19:00-da Aktyorlar Evində (Xaqani küç., Sahil Metrosuna yaxın) Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" tamaşasının premyerası baş tutacaq. Tamaşa Qazax Dövlət Dram Teatrının əməkdaşları tərəfindən səhnələşdirilib, teatr premyeranı öncə məhz tələbkar paytaxt tamaşaçılarına təqdim edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır. Gənc rejissor həm də Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində teatrda təlimlər həyata keçirib.
Maraqlı premyera olacağı şəksizdir.
Bir zamanlar həm teatr kollektivinə, həm də teatra getməyə maddi durumu imkan verməyən incəsənət həvəskarlarına dəstək verən şəxslər olurdu, təşkilatlar olurdu, biletləri alıb inaanlara paylayardılar. Günümüzdə bu ənənə əfsus ki unudulub. Amma budur, tək-tük də olsa, incəsənət himayədarları vardır.
"Qazax" Xeyriyyə İctimai Birliyi Qazax Dövlət Dram Teatrına dəstək olaraq çox sayda biletlər alıb və onu teatr həvəskarlarına paylayıb. Bu nəcib təşəbbüsü sadəcə alqışlamaq qalır.
Şəkildə: Tamaşadan səhnə.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Avtomatika-telemexanika və üstəgəl poeziya
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu şəxs 76 ildir ki, yol gedir. Ağır günləri də olub, xoş keçənləri də. Xoş günlərində sevincini dostlarla bölüşsə də, ağır günlərində əlinə qələm götürüb, kədərini kağızlara köçürüb. Bir də görüb ki, kədərləri şeirlərə çevrilib, şeirləşib. Deyir ki;
“Keyfin yaxşı ola, cibin də dolu,
Qəşş edib, ürəkdən gülməyə nə var?
Çətinmi bölüşmək kimsəylə pulu,
Sevinc bəsimizdir, bölməyə nə var?
Ey gözəl, sən gəl ey daha, hardasan?
Bircə bildiyim bu, uzaqlardasan…
Səninçün, əzizim, asandan asan,
Arabir yuxuma gəlməyə nə var?
Yağdırma mənimçün yağışlarını,
Gizlətmə zümrüdü baxışlarını,
Yanımda olaydın, göz yaşlarını
Şirin busələrlə silməyə nə var?
De, kimçün yazılır bu şirin sözlər,
Məndən bu sözləri kim var ki, gözlər?
Sıxıram köksümə, titrəyir dizlər,
Nədəndir? Eh, bunu bilməyə nə var?
Məhəbbət dəryadır, dərindən dərin,
Ələmi, bihuşsan, axır gözlərin,
Səninçün ölərəm, deyən dilbərin
Köksünə baş qoyub ölməyə nə var?”
Haqqında söhbət açdığım Əli Əmirov 1948-ci ildə Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca “avtomatika və telemexanika” üzrə mühəndisdir.
Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan “Neftkimyaavtomat” ETLİ-də (indiki “Neftqazavtomat” EİM) başlayıb. 1983-cü ildə Ukrayna EA “Elektrodinamika” institutunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Bir müddət “Neftqazavtomat” EİB-in tabeliyində olan Əli-Bayramlı “Cihazlar” zavodunda direktor vəzifəsində işləyib. Sonra isə 25 il “Neftqazavtomat” EİM-ə rəhbərlik edib. 2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda, Azərbaycan Texniki Universitetində dossent vəzifələrində çalışır...
Gəncliyindən texniki sahədə, məsul vəzifələrdə işləsə də, şairlik istedadı da var. O, ədəbi aləmdə şair-qəzəlxan kimi Ələmi təxəllüsü ilə tanınır. Əli Ələminin yaratdığı poeziya nüminələrindən bir neçəsi əlimə düşüb, istəyirəm ki, onları sizinlə də bölüşüm:
“Gizlin gəl, oxu şe'rimi, neynək, görürəm mən,
Mənlə sevişən tellərinə söz hörürəm mən.
Misra sənə doğru, necə gör, can atır, ey gül!
Can vermədəyəm, yarə bu cür can verirəm mən.
Səssiz oxuyan, yaş axıdan gözlərə qurban,
Göz yaşımı, yazdıqca da həm əndərirəm mən.
Bəlkə oxusan sözlərimi, rəhmə gələrsən,
Söz baxçasın, ey gül, gəzirəm, söz dərirəm mən.
Qibləm daha sənsən, yazıram mən üzü qarə,
Qarə üzümü sən tərəfə döndərirəm mən.
Hey yalvarıram badi-səbaya, səni görsün,
Bilməm, sənə yetmişmi, salam göndərirəm mən.
Gəlsən, de, pəyandazın olar bax bu vərəqlər!
Yaz, ver, Ələmi, şeiri yol üstə sərirəm mən.”
Onun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, respublikamızda və xaricdə geniş surətdə tətbiq edilib. Eyni zamanda, onun rəhbərliyilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılıb və seriyalı istehsala buraxılaraq silahlı qüvvələrimizin istifadəsinə verilib. O, həm də ölkədə ixtiraçı-alim kimi də tanınır, bir sıra ixtiraların müəllifidir. Əli Əmirov bu xidətlərinə görə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.
Yüzlərlə qəzəlin, o cümlədən, şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Ömür bitir, xəbər gəldi axır ki,
Dönüb baxdım geriyə mən bir anlıq,
Gördüm, elə əyri-əyri baxır ki,
Baş götürüb qaçır məndən cavanlıq.
O gəncliklə indi məndən qaçanlar,
Hər sözümlə qanad çalıb uçanlar,
Nə desəm də gecdi, məni gec anlar,
Vəfasıza qalar, dedim, yamanlıq.
Yol öndədir bir addım da geri yox,
Canım, nolub, kimin dərdi-səri yox?
Vallah, əsib-coşmağın da yeri yox,
Quru sözdə qalıbdı pəhlivanlıq.
O xırman ta bitib getdi, yox ardı,
Dolanışıq o xırmandan çıxardı,
Ələk, xəlbir unu, dəni apardı,
Mənə qalan oldu, gördüm, samanlıq.
Dümdüz yolda adam necə aşarmış,
Yaddaş itər, özün tapmaz, çaşarmış.
Gözüm görmür, bir az həmi yaşarmış,
Ətrafımda hökm eyləyir dumanlıq.
Ətrin gözəl, ey güldodaq, gül incə,-
Deyəcək hey yazıq şair ölüncə.
Ta nə deyim Ələmitək gülüncə,
Arzulayaq yalnız əminamanlıq!”
Adətən şairlər yaşa dolduqca onların təbi də qocalır. Bu şeirdə o, gəncliyinin tez ötüb keçdiyindən gileylənsə də, hələ də ruhunun cavan qaldığı hiss olunur. Onun yaradıcılığına yaxından bələd olduqca, bunun təsdiqini tapmaq olar. Sanki o, ikinci gəncliyini yaşayır...
Əzizlərim, bu söhbətimdə məqsədim Ələminin yaradıcılığını təhlil etmək yox, onu bu gün - martın 12-də qeyd edəcəyi ad günü münasibətilə təbrik etməkdir. Odur ki, yaradıcılığına səthi toxunub, təhlil etməyi sizin iştiyarınıza buraxıram...
Hörmətli, Əli Əmirov, ömrünüzün elə bir dövrüdür ki, sizə var-dövlət yox, sağlamlıq daha vacibdir. Mən də sizə can sağlığı, ağrı-acısız günlər arzulayıram.
Yeni yaşınız mübarək!
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Poeziya hissin xülasəsidir - ADİLƏ NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin şair Yusif Nəğməkarın "Nizami demiş" adlı lirik poeması haqqında yazdığı “Poeziya hissin xülasəsidir” məqaləsini diqqətinizə çatdırır.
Romantizmin ifrat emosionallığını və xəyalpərəstliyini həyatın canlı, bəzəksiz təsvirləri ilə əvəzləyən realizm ədəbi cərəyan kimi Azərbaycan ədəbiyyatında da
XIX əsrdən başlayaraq özünü göstərdi. Öz həyatiliyi ilə realizm əsasən bədii nəsri
və dramaturgiyanı ağuşuna alsa da, onun forma və məzmun təzahürləri və inikas
qanunları poeziyadan da yan keçmədi. Vaqif, Vidadi, Seyid Əzim Şirvani, Qasım
bəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları XIX əsr və ondan əvvəlki dövr Azərbaycan poeziyasında bu janrın imkanlarından bəhrələnərək milli quruluşumuzun bir sıra mənfi xüsusiyyətlərini tənqid atəşinə tutdular.
Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim. (M.P.Vaqif)
Bu misralar hələ realizmin əsas konsepsiyası açıqlanmamış, sanki həyatın sərt diktəsilə başıbəlalı Qarabağımızda yazılmışdı. Daha sonra realizm lirik poeziyaya da öz qanunlarını diktə etməyə başladı. Bir neçə istisnalar olmaqla, Azərbaycan sovet poeziyası büsbütün realizm janrının məhsulu sayıla bilər. XIX əsr tənqidi realizmi dünya ədəbiyyatının qızıl fonduna böyük şedevrlər bəxş etdi.
Keçən əsrin ortalarından başlayan və sonunadək davam edən dövrü
Azərbaycan poeziyasında realizm poeziyasının pik dövrü adlandırmaq olar. Realistik poeziyanın böyük bir hissəsini “sənət həyat üçündür prinsipi”nə söykənən
şeir nümunələri təşkil edir. Həmin dövr Azərbaycan poeziyasının sovet ədəbi
mühiti ilə həm mövzu, həm üslub, həm də ideoloji səciyyə baxımından oxşar
akkordlar vurduğunu demək yanlışlıq olmaz.
Adətən deyirlər ki, ədəbiyyata hər gələn nəsil yeni ab-hava gətirir. Mən deyərdim ki, hər müəllif özü ilə yeni hava, yeni üslub, yeni fikirlər gətirir.
Yusif Nəğməkar da belə şairlərdəndir. Hələ poeziya aləminə yeni gəldiyi vaxtlarda xalq şairi Rəsul Rzanın diqqətini çəkmiş və şair onu “Təsadüf” adlı məqaləsi ilə Azərbaycan oxucusuna təqdim etmişdi.
Ustadı saydığı Bəxtiyar Vahabzadə onun haqqında dediyi fikirlərdə haqlı idi:
“...ədəbiyyatımızın gələcəyindən narahat deyiləm. Bizdən sonra ədəbiyyata
gələnlər içərisində seçilən gənclərimiz çoxdur. Onlardan biri də Yusif Nəğməkardır”
Yusif Nəğməkar bu inamı doğrultdu və ustadının izi ilə gedərək bütün yaradıcılığında özünəməxsusluqla milliliyi qorudu:
İki nizəm, iki oxum,
iki xəncərim, iki bıçağım –
Qıpçağım.
Ötən sözüm, dünənki danüzüm,
Uca başım
Ağ üzüm –
Oğuzum.
... Qıpçağımla Oğuzum –
iki kökün böyük biri...
Bu da olsun
Şeirimin ilk şeiri...
– dedi və yoluna şəxsi maraqlarına xidmətdən uzaq, milli-mənəvi dəyərlərin
qorunmasına, xalqın bütövlüyünə, Azərbaycan milli mədəniyyətinin inkişafı və
güclənməsi naminə davam etdi. O öz əsərlərinin ekspressivliyi, yığcamlığı və dərin
məna tutumu ilə bir daha sübut etdi ki, poeziya həyatdan daha çox, hissin xülasəsidir.
Sözə ilk olaraq ədəbi cərəyanlardan başlamağım təsadüfi deyildi. Ədəbi
cərəyanlar bəzən ədəbiyyatda yeni bədii metodun, yeni ədəbi üslubun yaranmasına
səbəb olur. Bu yeni üslub Yusif Nəğməkarın şeirlərində açıq şəkildə görünür.
Akademik Nizami Cəfərova həsr etdiyi, heca üslubunda, vəznin qorunması ilə başlayan "Nizami demiş" lirik poemanın davamında başqa, şeirin formaca yeni ideya estetikasını dəyişən bir üslubla qarşılaşırıq.
Belə də deyəsən, bir qədər
ənənəvi formadan çıxdım,
bu dəfə,
bu səhifə,
bu töhfə...
O ağbirçək yaddaşın qəlbigeniş,
saçları dən-dən..
Qoy yol – sətir ucası -
Şeirimizin hecası inciməsin məndən.
Bu ara, bu sıra
sərbəstə keçməyim
uzun qaçış arası
bir hovur nəfəs dərməyimdir;
yəni ki, daş binanın arakəsmələrinə
kərpic hörməyimdir.
Ya ünvanı bəlli mənzil yolun
damarını qırmaqdır,
Ya fikirlər xalısının ərişinə
təzə ilmə vurmaqdır.
Sərbəst və nağılvarı bir fonla davam edən əsər lirik növün daha böyük formalarına qədərki epik növə keçərək, sərbəst vəznə uyğunlaşdırmışdır ki, bu da musiqililiyin, ritmik imkanların genişliyi ilə fərqlənən formadır. Bu forma müasir ədəbiyyatda ənənə halını almasa da, şifahi xalq ədəbiyyatından oxuculara tanışdır.
Belə vəzndə yazılan şeirlər vurğulu hecalar üzərində qurulur. Təqdim etdiyimiz nümunədə də söz və ifadələr hecaların tərtibatına, onların yerini elastik şəkildə dəyişmək imkanına uyğun seçilib. İxtisarla və avazla oxunanda şeirin daxili ahəngi, vəznin özünəməxsusluğu asan duyulur, təsir dərinləşir.
Lirika var ki, bəlli bir hadisədən danışır, lirika da var ki, hadisənin yaranmasını nəql edir. Bu əsər içində müəllifin həm də özünü təqdimatıdır. Bu sanki kollektiv lirikaya – xora oxşayır, necə ki, xorda kollektiv ifaçılardan birinin (və ya bir neçəsinin) kollektivdən ayrılıb fərdi bir sözü və ya səsi ifa etməsi kimi, fərdi, ritmik özünüifadə, özünüvaretmə formasıdır. Bu, xora həm forma verir, həm fərqlilik gətirir. Nümunədəki mətn də ritmindən ayrılan lirikadır, nəğmədir. Şair burada bədii dilin xüsusiyyətlərini əsas götürərək vəzni qısa və uzun hecaların tənasübü üzərində qurmuşdur ki, bu da onun zəngin sənətkarlıq texnologiyasının təzahürü kimi qiymətləndirilməlidir.
Əsərin bu bölümündə diqqətə çarpan digər məsələ isə müəllifin eyni zamanda
tənqidçi kimi çıxış etməsidir. Epik və lirik poemanın tarixində və təcrübəsində Həsənoğludan üzübəri, N.Gəncəvi, M.Füzuli, Ş.İ.Xətai, M.Hadi, H.Cavid, S.Vurğun, B.Vahabzadə və b. əsərlərində belə bir ənənəvi üslub vardır ki, müəllif yazdığı fikrə niyə gəldiyini əsərin özündə açıqlayır, yəni əsərin içərisində əsəri bir növ təhlil edir – müəllif həm də tənqidçi rolunda çıxış edir. Yusif Nəğməkarın "Nizami demiş" poemasında yeni bir ədəbi üsluba rast gəlinir ki, müəllif bu üslubun izahını verir, niyə hecadan sərbəst vəznə keçdiyini elə əsərin içərisində izah edir. Klassik şairlərdə əsərin içərisində gəlinən fikrin izahı verilirdisə, Y.Nəğməkarda üslubun izahı verilir – bu, ayrıcalıqdır.
Qeyd: Yenilik kitabın forma və quruluşunda da özünü göstərir. Həm ölçü, həm dizayn, həm də əsərin səhifələrə yerləşdirilməsi baxımından yeniliklər diqqəti cəlb edir. Belə ki, kitabın qoşa səhifələrinin birində müəllifin poeması ardıcıllıqla, digərində N.Cəfərovun elmi nəzəriyyələrindən, Azərbaycan tarixi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı haqqında və bu sahələrdə iz qoyan görkəmli simalar
haqqında fikirlərindən seçmələr verilib. Silsilə olaraq bir-birini əvəzləyən
mətnlərdə bədii və elmi təfəkkürünün paralel, eyni zamanda çarpazlaşan xətləri
aydın sezilir. Bu üslub böyük türkoloq alim və ictimai-siyasi xadim Nizami Cəfərovun həm insan kimi xarakterini, həm də onun zəngin fikir dünyasını müasir oxucuya çatdırmaq baxımından özünü doğruldur. N.Cəfərov bir şəxsiyyət olaraq sağlığında poeziyamızın diqqətini çəkən həqiqətən nadir alimlərimizdən biridir.
Onun bir millət vəkili, Bakıda Atatürk Mərkəzinin sədri kimi gördüyü çox dəyərli
işlər türk dünyasının birliyinə, dünya türklərinin mədəniyyətinin tanıdılmasına
əvəzsiz xidmətdir. Bu baxımdan şairin mövzu seçimi də, bütün parametrlər üzrə
özünü doğruldur.
Əsərin davamında öz ritmindən ayrılan “nəğmə” ritminə dönür və mətndə lirika ilə məntiqin birgəliyi xüsusi zövq verir.
...Hər kəsdən hər şeyi sormaq gülüncdür,
Demirəm qurunu sən yaşa söylə.
Qınından sıyrılan söz də qılıncdır,
Dərdi də dərd qanan sirdaşa söylə.
Məqamdır, üzümü tuturam sənə,
Qəbzəli xəncərin tiyəsi hanı?
Uca dağ qocalır hey sinə-sinə...
Bəs qoca dünyanın yiyəsi hanı?!
- deyən şair alimin bu sualların cavabını verəcəyinə inanır və yaxud buna borclu olduğunu ona çatdırmaq istəyir.
"Nizami demiş" poemasında görkəmli akademik Nizami Cəfərovun simasında
Azərbaycan aliminin ümumiləşdirilmiş obrazı var və şair bu obrazda alimi yetişdirən müəllimləri də öz müsbət keyfiyyətləri ilə təqdim edir.
Alçaq qaldırsa da, çox uca tutmaz,
Ucalıq yolunu bilən adamı.
Kölgədən qaçsa da, kölgədə qalmaz,
Əqidə sahibi, qələm adamı.
Şair eyni zamanda alim adına layiq olmayanları da diqqətdən kənarda
saxlamır və onları da, necə deyərlər, əməlli-başlı "mükafatlandırır".
Adaməvəzlərə "əvəzsiz" dedik,
Hanı əvəzliklər – yeganəliklər?!
Hərənin əlində bir susqun düdük,
Bürüyüb ətrafı biganəliklər...
Alimi zirvələrsayaq bilirəm.
Bildiyim bilgidən aləm halıdır.
Alimi aləmə dayaq bilirəm,
Alim cəmiyyətin pyedestalıdır.
Burada müəllif alimin ən böyük dəyərini verməklə, həm də ona məsuliyyətlərini bircə sözlə xatırladır. Eyni zamanda şeirə gətirilməsi nə qədər çətin olan bu
sözü (pyedestal) elə ustalıqla ölçüyə sığdırır ki, oxucu bu sözün ağırlığını, qəlizliyini hiss etmir və misranın ahəngində asanlıqla oxuya və səsləndirə bilir.
Qatqıdan qorunub özünü gözlər,
Bu saf mayamızla təmiz dölümüz.
Meydan sulayanda qurama sözlər,
Ana deyib ağlar Ana dilimiz.
Reklamlar bərq vurur, işığı gözəl,
İşığın altında yazısı özgə.
Parkda bizimsə də zəncir dartan əl,
Zəncir boğazında tazısı özgə...
Bu bəndlər oxucuya Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini xatırladır. Demək ki, müəllif yaradıcılığında da müəlliminə sadiq qalaraq, sanki onun yolunu davam etdirir.
Şairin soy-kökünə, xalqına bağlılığının, dövlətinə sədaqətinin, vətənə məhəbbətinin ölçüsü ikicə misrasından bəlli olur: “Qürbətin şirini zəhərdən betər, Yurdun acısı da şəkər kimidir”.
Qeyd edək ki, ədəbiyyat tarixində vətənpərvərlik mövzusu daim aktual olub.
Bütün şairlərin poeziyasında vətən mövzusu bu və ya digər şəkildə özünü göstərib. Müasir Azərbaycan ədəbiyyatında da vətən mövzusu son illər ən çox işlənən mövzudur. Lakin yaradıcılığında şəxsiyyəti, şəxsiyyətində yaradıcılığı görünən şairlər çox deyil. Bəllidir ki, poeziyanın vətənpərvərlik hisslərinin yüksəldilməsinə
təsiri olduqca yüksəkdir. Bu hissləri ötürə bilmənin əsas yolu onu daha güclü yaşamaqdan keçir. Ana dilinə məhəbbət, dünyəvilik, humanistlik, türkçülük, milli
şüura, milli kökə bağlılıq ideyaları Yusif Nəğməkarın yaradıcılığında olduğu kimi,
əməllərində də özünü göstərir. Bu böyük milli ideyaları məsləkində, ictimai həyatında tətbiq etmək, yarım əsrə yaxın bir müddətlik yaradıcılığında yeni forma və yeni məzmunla ifadə etmək, özünün də qeyd etdiyi kimi, elə də asan deyil.
Elə də asan deyilmiş
nəfs atının ağzına cilov keçirib
ayağına üzəngi tapmaq...
Elə də asan deyilmiş
ucalıb alçaqlara dərd olmaq.
Elə də asan deyilmiş
bu namərd dünya
mərd olmaq...
Və ya: “Onu çəkdikləri min yerə çəkir” – deyir şair. Həyatın çətinliklərinin ən dolğun poetik ifadəsidir, məncə, bu misra.
Bəli, “Əyri zaman içindən düz çıxmaq çətin işdir”. (A.N.)
Şairin bu poetik nümunəsində özünə inamı da kifayət qədər aydın görünür.
Yaşadığı zamanın ağırlığının, insanların üzərinə çökmüş yükün fərqində olsa da,
öz kökündəki gücdən güc alaraq o yükü çəkib aparmağın qürurunu yaşadığını
oxucuya incə bir cizgi ilə çatdırır.
Müasir dövrdə metaforalardan bol-bol istifadə edilən və təkcə duyğu ilə deyil,
həm də düşüncə ilə qidalanan belə şeirlərin daha çox qəbul edildiyi, daha çox oxucu kütləsi qazandığını desək, yanılmarıq.
Ümumiyyətlə, poema şeirin avanqard üslubudur ki, öz epoxasının zövqünü
qabaqlayan şairlər bütün dövrlərdə bu üsluba müraciət ediblər. Çünki poemanın
imkanları olduqca genişdir. Yusif Nəğməkar da bu imkandan peşəkarlıqla istifadə edərək, sırf yazılan mövzu ilə kifayətlənməyib, hadisələrin axarında həm tarixə və tarixi şəxsiyyətlərə müraciət edir, həm də zamanın ictimai-siyasi hadisələrini,
sosial problemlərini bədii lövhələrlə diqqətə çatdırır.
Bəndlər arasında dolaşarkən “Ədəbiyyat”, “525-ci qəzet”lə rastlaşırıq,
Sokratın, Aristotelin, Hippokratın, Krımskinin yolundan ötüb, Bilgə Tonyukukun izindən adlayıb, Nizami Gəncəvinin söz xəzinəsinə baş çəkib, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin xeyir-duası ilə yola davam edirik. Tarixi şəxsiyyətlərin hər birinin adlarının çəkildiyi misralar olduqca spesifikdir. Şair öz qəhrəmanını şəxsiyyət olaraq belə təsvir edir:
Məğrur görkəm verir ona,
Fərəhdən dolan gözləri.
Üzeyirin musiqisi,
Əhməd Cavadın sözləri.
Oxucu isə bu təsvirdə Azərbaycan himninin sədalarını duyur, məğrur dayanan
o qəhrəmanın varlığında vətəni, bayrağı görür.
İkinci məqamda müəllif qəhrəmanını alim olaraq təqdim edir: “Əlacım olsaydı, onun adına “Fikir sərkərdəsi” təyin edərdim”.
Müəllif əsərdə xalq ruhunun bədii ifadəsini qorumaqla, Nizami Cəfərov kimi görkəmli alimin, böyük şəxsiyyətin həyat salnaməsini yaratmışdır.
Kitabın özünəməxsus kinematoqrafiyası var. Poemadan sənədli filmə qədər uzanan incə bir xətt diqqət çəkir. Oxucuları bu filmə dəvət edən səs duyulur...
Azərbaycan dilçilik elminin inkişafında əhəmiyyətli rolu olan N.Cəfərova həsr olunmuş bu əsərdə Yusif Nəğməkarın da bir filoloq olaraq Azərbaycan dilinə qazandırdığı yeni söz və ifadələr nəzərə çarpır. “Boynuqısıq dünya”, “adaməvəzlər”, “şahilik”, “ünyönü”, “ön ün”, “son ün” və s. Ana dilimizin sərhədlərinin genişlənməsi baxımından şairin bu xidməti də diqqətəlayiqdir.
Əsər boyunca müəllifin alimin ardınca addım-addım getməsini, elm dünyasına – ədəbi dünyanın yaranış nöqtəsinə girişini izləyirik, o aləmə açılan qapının səsini duyuruq.
Zəkanın işığı – çıraq yanması,
Düşüncə buludun sis anasıdır.
Yazı – iç aləmin aşkarlanması,
Nitq – lal düşüncənin səs aynasıdır.
Alimin izi ilə gedən elm aləminə çatar, – fikrilə, ağılla hissin, zəka ilə duyğunun - şairlə alimin bir yerdə birləşdiyinin şahidi oluruq. Həyatda bəzən bizi düşündürən suallar olur ki, uzun müddət aydınlaşdırmaqda çətinlik çəkirik. Etiraf edim ki, Yusif Nəğməkarın "Nizami demiş" kitabını oxuyarkən özlüyümdə məni düşündürən suallardan birinə cavab
tapdım. Öyrəndim ki, informasiyanı hansı formada daha yaxşı qəbul etmək olar.
Elmi, ədəbi nəzəriyyələrlə poeziyanın eyni vaxtda (ardıcıllıqla) oxunması öyrənmənin ən yaxşı üsuludur. Müasir elmi nəzəriyyənin bədii-poetik misraların əlvanlığı ilə birləşməsində həm öyrənmə tezliyi var, həm də xoş ovqat yaradır.
Yusif Nəğməkar bu inamı doğrultdu və ustadının izi ilə gedərək bütün
yaradıcılığında özünəməxsusluqla milliliyi qorudu. Yazının sonlarına yaxın
fərqinə vardım ki, gətirdiyim nümunələr hələlik ancaq bir kitabı üzərindən olub.
Yazılı nitqin də dioloji olduğunu nəzərə alaraq oxucuları yormamaq üçün hələlik
bu qədərilə kifayətləndim.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)
Kəlağayımız bu dəfə Mingəçevirdə
Könül, “Ədəbiyyat və incəsənət”
Bəli, kəlağayı get-gedə dəbə minir və moda mövzusundan danışanda mütləqdir ki, kəlağayı barədə də söz açılsın, gənc qızların bu milli-mənəvi dəyərimizə daha çox müraciət etməsi vurğulansın. Mingəçevir Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir keçirilib. Bu dəfə söhbətim bu barədədir.
Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrası və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan kəlağayısının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə “Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə İctimai Birliyin bir qrup əməkdaşı, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Giriş sözünü Ümummilli lider Heydər Əliyevin “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır” sözləri ilə başlayan MDU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova kəlağayının Azərbaycanın milli-mənəvi dəyərlərində yeri, tarixi, istehsal ənənələri, naxış növləri haqqında məlumat verib.
Açılış nitqindən sonra kəlağayı ilə bağlı hazırlanmış videoçarx izlənib.
Sonra, tədbirin proqramına uyğun olaraq “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı “Anam-Kəlağaydı, Kəlağay-anam…”, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günay Rzayeva “Basqal” kəlağayı sənəti”, MDU-nun müəllimlərindən Günel Yunusova “Milli-maddi sərvətimiz: Kəlağayı” və Səadət Ağakişiyeva “Kəlağayı sənətinin zənginliyi və fəlsəfəsi elmi-bədii əsərlərdə” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra, MDU-nun tələbələrinin ifasında milli-mənəvi ruhda şeirlər səsləndirilib, musiqilər oxunub və rəqslər nümayiş etdirilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı müəllifi olduğu kitabları MDU-nun kitabxana fonduna hədiyyə edib, Elm və Təhsil Nazirliyinə mənəvi dəstəyə görə, Mingəçevir
Dövlət Universitetinə yüksık təşkilatçılığa görə təşəkkürünü bildirib.
Kəlağayının təbliği ilə bağlı tədbirlər davam edəcək, mən də sizləri məlumatlandıracağam.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Qovurmali tərəvəz şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qovurmali tərəvəz şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Qovurma – 78 qr
§ Soğan – 25 qr
§ Qabaq – 30 qr
§ Badımcan – 30 qr
§ Kök – 30 qr
§ Pomidor (və ya tomat) – 30 qr
§ Bolqar bibəri – 20 qr
§ Acı bibər – 15 qr
§ Yeralması – 20 qr
§ Kartof – 40 qr
§ Alça qurusu – 10 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot – 0,5 qr
§ Duz – 6 qr
Xörək əlavəsi:
§ göyərti – 10 qr
HAZIRLANMASI:
Tərəvəzlər yuyulur, təmizlənir, kvadrat şəklində xırda-xırda doğranır. Qovurma qazana yığılır və qızdırılır. Qovurma tam qızdıqda qazana soğan əlavə olunur və qarışdırılır. Qızarana yaxın ardıcıl olaraq qalan tərəvəzlər əlavə edilərək tovlanır (qovrulur). Pomidor, kök, bibər, badımcan, qabaq, yeralması, kartof, alça yaxşıca qarış- dırıldıqdan sonra duz, istiot, ədviyyat vurulur, xörəyə işgənə əlavə olunur və bişməyə qoyulur. Xörəyin üzərindəki kəf yığılır. Qaynayandan 25-30 dəqiqə sonra xörək hazır olur. Süfrəyə verilən- də üzərinə göyərti səpilir və ya yanında verilir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)
Milanda “Şuşa. Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilib
Milan şəhərində “Mezo Art” rəqəmsal incəsənət qrupu, İtaliyanın MEET Mədəniyyət Mərkəzi və “Cariplo” Fondunun birgə təşkilatçılığı ilə “Şuşa. Naxışların rəqsi” (“Shusha. Dance of symbols”) rəqəmsal sərgisi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində MEET Mədəniyyət Mərkəzinin qurucusu Maria Qratsia Mattei və müasir Asiya incəsənəti üzrə ixtisaslaşmış Çikaqodan olan kurator Culi Volş çıxış edərək “2024. İstanbul Rəqəmsal İncəsənət Festivalı” haqqında məlumat verib, bugünkü sərginin Azərbaycanın mədəni irsini rəqəmsal formata çevirməsi, incəsənət həvəskarlarını unikal səyahətə çıxarmağı barədə danışıblar.
“Şuşa” süni zəka layihəsinin yaradıcısı Nabat Qaraxanova layihənin ərsəyə gəlməsi barədə qonaqlara ətraflı məlumat verib, bu sərginin texnologiyanın sərhədlərini aşaraq Azərbaycanın tarixi və mədəni zənginliyini sənətsevərlərə təqdim etməsi, əsrlər boyu İpək Yolunu formalaşdıran mədəni təsirlərin rəqəmsal aləmə gətirilməsi, Azərbaycanın ənənəvi incəsənətini gələcəyə ötürməsi barədə danışıb.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin, habelə Türkiyənin Milandakı Baş konsulluğunun nümayəndələri, İtaliyanın mədəniyyət, mətbuat və akademik dairələrinin əməkdaşları və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Martın 9-dək davam etmiş sərgidə “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsi əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş olunub.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkarlar və mühəndislər tərəfindən Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)
Gəncədə sirk bayramı baş tutdu
İstirahət günləri Gəncədə əsl sirk bayramı yaşanıb. Belə ki, “Gəncəland” attraksionlar parkında ölkənin ən böyük stasionar şapito-sirki Moskva Tsvetnoy Bulvarda Nikulin Sirkinin iştirakı ilə tamaşaçılara “Əfsanəvi sirk” adlı yeni sirk şou-proqramı təqdim edibdir.
Proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalında ən yüksək mükafatların laureatı Allahverdi İsrafilov idi.
Titullu Azərbaycan artisti bahar mövsümünün xüsusi olaraq Gəncədə açılması qərarını AzərTAC-ın müxbiri ilə söhbətində aşağıdakı kimi izah edib: “Mart Azərbaycanda ənənəvi olaraq ən çox bayramların olduğu aydır. Onun hər çərşənbə axşamı bahara doğru atılan bir addımdır. Bu, sirk sənətimizin öz köklərini aldığı rəngarəng və şən Novruzun intizarıdır: pəhləvanların qüvvətli çıxışları, at yarışları, nazik kəndir üzərində ustalıqla tarazlıqdan zövq alan kəndirbazların hiylələri. Keçəl və kosa obrazları isə bu gün hətta müasir klounların sələfi kimi qəbul edilir. Deyə bilərik ki, sirkin prototipi hərfi mənada “güc evi” kimi tərcümə olunan zorxana idi. Axı sirk təkcə güc, həm də qətiyyən fiziki güc demək deyil. Sirk ifaçıları həmişə iradəli olub, öz işlərinə sadiq qalıblar. Xüsusən də bir yerdən digərinə köç edəndə. Yeri gəlmişkən, şapitoların populyarlaşması və bu günə qədər də qorunub saxlanılması da daimi yerdəyişmə ilə bağlı olub
Allahverdi İsrafilovun sözlərini Gəncədəki şapito-sirkinin Azərbaycanda ən böyük sirk meydançası olması və onun parlaq çadırının artıq ölkəmizin ikinci ən böyük şəhərinin landşaftının ayrılmaz hissəsinə çevrilməsi də təsdiq edir. Təsadüfi deyil ki, şəhər sakinlərinin əksəriyyəti mövsümün açılmasını səbirsizliklə gözləyirlər.
Həmsöhbətimiz deyir: “İcazə verin, yenə də bir az tarixdən danışım. Deyirlər ki, Bakıda sirk kollektivlərinin yaranması ilə sirk tamaşaları o qədər populyarlaşıb ki, 1915-ci ildə Yelizavetpolda - indiki Gəncə şəhərində də Pospelovun vəsaiti ilə sirk tikilib. Bu faktın doğru olduğunu iddia etməyəcəyəm, qoy hətta həmin iddia yalnız əfsanə olsun, amma bu dəfə bahar turumuza buradan başlamaq qərarına gəldik”.
Yüz il əvvəl olduğu kimi, yenə də sirk sənətinin pərəstişkarları və sərrafları Rusiyanın ən qədim stasionar sirklərindən birinin istedadlı artistləri, maraqlı tryuklar və inanılmaz tamaşalarla görüşə şahidlik etdilər. Arenaya, həmçinin heç də az istedada malik olmayan heyvanlar – artist ayılar və ağ itlər çıxmışdı.
Moskva Tsvetnoy Bulvarda Nikulin Sirkinin artistlərinin qastrollarının təşkilatçısı diqqəti yenidən tarixi faktlara cəlb edir: “Yeri gəlmişkən, moskvalı sirk ustalarının Bakıya ilk qastrolları 1892-ci il aprelin 28-də olub. Düzdür, o zaman Nikitin qardaşlarının sirk truppası gəlmişdi və Azərbaycanda stasionar sirkin yaranma tarixi də onların adları ilə bağlıdır. Sənətini Gəncədə təqdim edən Moskva sirk truppası üçün də çadır formatı tanışdır. Beləliklə, deyə bilərik ki, çoxəsrlik ənənələr kanonik şəkildə müşahidə olunur”.
Möhtəşəm tamaşa əsnasında Gəncədəki şapito-sirk arenası tamaşaçılarda heyrət doğuracaq nömrələr ilə cəsarətin artistizmlə çulğaşdığı məkana çevrilib. Sirkin əvəzolunmaz iştirakçısı olan klounun manejdə görünməsi ilə qəhqəhə fırtınası başlayıb. Zalda əyləşənlərin hər biri mütləq və yenidən öz uşaqlıq illərinə qayıdıb.
Allahverdi İsrafilov vurğulayır: “Sirk sənətinin yeni formalarının meydana çıxmasına baxmayaraq, şapito-sirk tarixi bir rəmz olaraq qalır. Azərbaycanın qədim paytaxtında mövsümü açaraq, sirk sənətinin tərkib hissəsi olan mədəni ənənələrdə tarixi mərhələlərin sintezini əks etdirmək istədik. Üstəlik, bizləri ənənəvi olaraq ailəvi istirahətə yönəlmiş müxtəlif tədbirlər, səfərlər və ziyarətlərin nəzərdə tutulduğu tətillər gözləyir. Odur ki, keçmişə əsl səyahət edərək, inanılmaz dərəcədə gözəl Gəncəni ziyarət etməyiniz əla olar! Bu şəhərdə memarlıq abidələri sizlərə əsrlərin hüznlü tarixi ilə təmas qurmağa imkan verəcək, sirk tamaşası isə uşaqlıq zövqünü qaytarmağa şərait yaradacaq...”
Sirk üzrə “Oskar” mükafatının laureatı Allahverdi İsrafilovun qeyd etdiyi kimi, Moskva Tsvetnoy Bulvarda Nikulin Sirkinin artistlərinin hazırladığı “Əfsanəvi sirk” proqramı tamaşaçılara heyrətamiz hisslər bəxş edib ki, bu da hər kəsdə parlaq xatirələr və unudulmaz təəssüratlar yaradıb.
Ənənəvi olaraq, ilk tamaşa valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid ailələrinin övladları və Qarabağ müharibəsi veteranları üçün təşkil olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)
Bir sual, bir cavab - Aysel Nəsirzadə ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
“Fəlsəfə - ruhun özünədərkidir." (Əbu Turxan)
Aysel xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?
CAVAB
-İndi çox eşidirik "Fərqindəlik" sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)