Bu gün saat 19:00-da Aktyorlar Evində (Xaqani küç., Sahil Metrosuna yaxın) Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" tamaşasının premyerası baş tutacaq. Tamaşa Qazax Dövlət Dram Teatrının əməkdaşları tərəfindən səhnələşdirilib, teatr premyeranı öncə məhz tələbkar paytaxt tamaşaçılarına təqdim edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır. Gənc rejissor həm də Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində teatrda təlimlər həyata keçirib.
Maraqlı premyera olacağı şəksizdir.
Bir zamanlar həm teatr kollektivinə, həm də teatra getməyə maddi durumu imkan verməyən incəsənət həvəskarlarına dəstək verən şəxslər olurdu, təşkilatlar olurdu, biletləri alıb inaanlara paylayardılar. Günümüzdə bu ənənə əfsus ki unudulub. Amma budur, tək-tük də olsa, incəsənət himayədarları vardır.
"Qazax" Xeyriyyə İctimai Birliyi Qazax Dövlət Dram Teatrına dəstək olaraq çox sayda biletlər alıb və onu teatr həvəskarlarına paylayıb. Bu nəcib təşəbbüsü sadəcə alqışlamaq qalır.
Şəkildə: Tamaşadan səhnə.
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)