Milanda “Şuşa. Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilib

Milan şəhərində “Mezo Art” rəqəmsal incəsənət qrupu, İtaliyanın MEET Mədəniyyət Mərkəzi və “Cariplo” Fondunun birgə təşkilatçılığı ilə “Şuşa. Naxışların rəqsi” (“Shusha. Dance of symbols”) rəqəmsal sərgisi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində MEET Mədəniyyət Mərkəzinin qurucusu Maria Qratsia Mattei və müasir Asiya incəsənəti üzrə ixtisaslaşmış Çikaqodan olan kurator Culi Volş çıxış edərək “2024. İstanbul Rəqəmsal İncəsənət Festivalı” haqqında məlumat verib, bugünkü sərginin Azərbaycanın mədəni irsini rəqəmsal formata çevirməsi, incəsənət həvəskarlarını unikal səyahətə çıxarmağı barədə danışıblar.

“Şuşa” süni zəka layihəsinin yaradıcısı Nabat Qaraxanova layihənin ərsəyə gəlməsi barədə qonaqlara ətraflı məlumat verib, bu sərginin texnologiyanın sərhədlərini aşaraq Azərbaycanın tarixi və mədəni zənginliyini sənətsevərlərə təqdim etməsi, əsrlər boyu İpək Yolunu formalaşdıran mədəni təsirlərin rəqəmsal aləmə gətirilməsi, Azərbaycanın ənənəvi incəsənətini gələcəyə ötürməsi barədə danışıb.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin, habelə Türkiyənin Milandakı Baş konsulluğunun nümayəndələri, İtaliyanın mədəniyyət, mətbuat və akademik dairələrinin əməkdaşları və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Martın 9-dək davam etmiş sərgidə “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsi əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş olunub. 

Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkarlar və mühəndislər tərəfindən Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.