“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 83 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
Bayramova Almaz Fəttah qızı 05.12.1975 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Tam orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə almışdır.
ADPU ibtidai təhsilin metodikası və pedaqogikası fakultəsini 1998-ci ildə bakalavr pilləsində bitirmişdir.
2000-ci ildə ADPU-nun pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə biritmişdir.
1997-2014-cü illərdə Nəsimi rayonu 5 N – li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.
2014-cü ildə “Bu günün və sabahın direktorları “ kursunu müvəffəqiyyətlə bitirmişdir.
2014-2019-cu illərdə Binəqədi rayonu 246 N – li məktəb-liseydə direktor vəzufəsində çalışmışdır.
2019-cü ildən Binəqədi rayonu 83 N – li məktəb-liseydə direktor vəzifəsində çalışır.
İşlədiyi müddətdə səmərəli fəaliyyətinə görə müxtəlif fəxri adlara layiq görülmüşdür:
2018-ci ildə “Qabaqcıl Təhsil işçisi döş nişanı“;
2016 – 2017-ci tədris ilində Fəxri fərman;
2020-ci ildə BŞTİ tərəfindən Fəxri fərman;
2020-ci ildə YAP Binəqədi rayon təşkilatı tərəfindən Fəxri fərman;
2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;
2021 – ci ildə BŞTİ tərəfindən Fəxri fərman;
2023-cü ildə BŞTİ tərəfindən Fəxri fərman;
2022– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;
Eyni zamanda işlədiyi müddətdə müxtəlif kurs və treyninqlərdə iştirak etmişdir:
2015-ci ildə Paris – Sorbonne Universiteti “School Based Management“ kursu I və II hissə - sertifikat;
“İnteraktiv texnolologiyalardan və elektron məzmundan istifadə“ sertifikatı;
“İnkyuziv təhsil “ – sertifikatı;
2016-cı ildə İnternational Learning Conference – sertifikat;
2016-cı ildə AMİM tərəfindən təşkil edilmiş “Direktorlar üçün strateji planlaşma“ modulunu müvəffəqiyyətlə bitirdiyinə görə“ – sertifikat;
2018-ci ildə “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə göstərdiyi dəstəyə görə - təşəkkürnamə;
2021-ci ildə “ STEAM Azərbaycan“ layihəsi çərçivəsində “Layihə Əsaslı Öyrənmə“ , “Birpalatalı platforma üzərində kodlaşdırma”, “ Modelləşdirmə və Dizayn“ modulları üzrə təlimləri müvəffəqiyyətlə bitirdiyinə görə settifikat;
2021-ci ildə “Vətəndaş məmnunluğunun idarə olunması“ – sertifikat;
2 metodik vəsaitin müəllifidir. Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV və V müsabiqələrin qalibi olmuşdur.
ŞAGİRD
Mən, Həsənova Tərlan Munir qızı 31 may 2007-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2013-cü ildə 244 nömrəli tam orta məktəbdə təhsilə başlamışam, 2016-cı ildən etibarən 83 nömrəli məktəb-liseydə təhsilimi davam etdirirəm. Dərs əlaçısıyam, məqsədim bəşəriyyətin əşrəfi olan insanlara şəfa verən həkim olmaq olsa da, Ədəbiyyata marağım var. Boş vaxtlarım məhdud olsa belə, mütaliə etməyi sevirəm. Hesab edirəm ki, mütaliə hər kəsin şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır və həyat yollarında düzgün istiqamət seçməkdə kömək edir. Oxuduğum əsərlərə aid duyğularımı kiçik esselərdə yazmağı sevirəm. Hətta bu sahədə uğurlarım da var, belə ki, 2021-ci ildə “Əbədiyaşar Liderimiz”mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin və 2022-ci ildə “Şəhidlik ən uca zirvədir” adlı layihənin qalibi olmuşam. Əməyimə verilən dəyər məni daha da ruhlandıraraq daha çox uğur əldə etməyə sövq edir.
Layihəyə qatılmağım “8 Mart Beynəlxalq Qadınlar Günü”nə təsadüf etdiyi üçün məhz Tanrının yaratdığı ən mükəmməl varlıq haqqında yazmaq qərarına gəldim.
ESSE
“Azərbaycan qadını dünyanın səkkizinci möcüzəsidir”
Qadın kimdir? Qadın-Allahın izni ilə, özündən sonra yaratdığını dünyaya gətirən ən zərif və ən güclü varlıqdır. Həyatı qadınsız təsəvvür etmək, Kainatı Günəşsiz təsəvvür etmək kimi çətindir. Amerikalı yazıçı Diane Mariechild demişdir: ”Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır. ” Dünyada gördüyünüz hər şey qadının əsəridir” demişdir Atatürk.
Cox qədim dövrlərdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və məhəbbət bəslənmişdir. Zərif cins hər zaman güclü cinslə çiyin-çiyinə Vətənə övlad yetişdirmiş, lazım gəldikdə Vətən uğrunda canından belə keçməyi bacarmışdı. Müdrik hökmdar və cəsur sərkərdə, böyük alim və bacarıqlı dövlət xadimi, istedadlı şair və mahir sənətkar olan Azərbaycan qadınlarının özünəməxsus tarixləri var. Azərbaycan qadını hələ ötən əsrdə Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ verilən bir qadındır. Dünənin Tomrisləri bu günün Mehribanları, məhz Azərbaycan qadınının şərəfli simasıdır. Bütün dünyada müasir Azərbaycan qadını deyəndə, Mehriban xanım Əliyevanın timsalında tanıdığımız bir qadın obrazı yada düşür. Hər birimizin idealına çevrilən Mehriban xanım kimliyindən, milliyyətindən asılı olmayaraq köməyə gəlməyə hazır olan, humanist ideyalarını dünyaya nümayiş etdirən, eyni zamanda həm daxili gözəlliyinin, həm də xarici gözəlliyinin vəhdətini özündə birləşdirən əsl Azərbaycan qadını obrazıdır. Ölkəmizin inkişafında, torpaqlarımızın işğaldan azad olunmasında xilaskar Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ömür-gün yoldaşı olaraq hər an onun yanındadır. Hər uğurlu kişinin arxasında bir güclü qadın var-deyirlər. Mehriban xanım güclü olduğu qədər də zərifdir, mərhəmətlidir, qayğıkeşdir.
Əliyeva Mehriban Arif qızı Bakı şəhərində ziyalı ailəsində anadan olub. O yazıçı ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Mehriban xanımın anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor idi. Aida xanım Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadın olub.
Atası Arif Paşayev də zəmanəmizin ən görkəmli alimlərindəndir, akademikdir, Milli Aviasiya Akademiyasının rektorudur.
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23-li məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Daha sonra 1988-ci ildə Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda ”Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. Və bu ixtisasın seçilməsində ona istiqamət verən ilklərə imza atan Azərbaycan qadınlarından ən görkəmlisi Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, qalib başçının anası akademik Zərifə Əliyeva olub. Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub və oftalmologiya sahəsində ən yüksək -akademik M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın olub.
Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmiş və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş yayılması məqsədi ilə üç dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan “Azərbaycan- İrs” jurnalını təsis edib. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fonduna rəhbərlik edir. 2004-cü ildən UNESKO-nun xoşməramlı səfiri olub. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Bədii Gimnastika üzrə keçirilən 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə keçirilməsinə və genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyeva “ 2005-ci İlin adamı” elan edilib. 2005, 2010, 2015, 2020-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Nəhayət-gözəl ana və həyat yoldaşıdır. Vətəninə, millətinə bağlı olan Mehriban xanım mədəniyyətimizi, milli dəyərlərimizi, musiqimizi yaşatmaqdan ötrü əlindən gələni edir və onu dünya səviyyəsində tanıdır. Milli-mənəvi dəyərlərimizə önəm verən, hər bir xanıma nümunə olan Mehriban xanım xeyirxah əməlləri ilə şəhid analarının, imkansız, köməyə ehtiyacı olan hər kəsin ümid və nicat yeridir. Bu, həm Allah yoludur, həm də böyüklük yoludur. Adı kimi özü də mehriban olan müasir Azərbaycan qadınının simvolu olan Mehriban xanım hər bir azərbaycanlının sevimlisi və mənim idealımdır. Mən də vətənimə, millətimə onun kimi xidmət etmək, sağlamlığın keşiyində dayanmaq, milli-mənəvi dəyərlərin qorunmasında əlimdən gələni etmək arzusundayam.
Mehriban xanım bu gün müasir Azərbaycan qadınının ən mükəmməl obrazıdır.
Azərbaycan qadını - gözəl ana, vəfalı ömür-gün yoldaşı, elini-obasını düşməndən qoruyan, haqq-ədalət yolunda qanını-canını əsirgəməyəndir. Azərbaycan qadını - övladını torpağa əmanət edən, ”Şəhadətin mübarək” deyərək, ən böyük “Şəhid anası” titulunu şərəflə daşıyandır. Azərbaycan qadını - bir saçını ağ, birini qara hörən, bu dünyada o dünyadakı ömür-gün yoldaşına vəfalı olandır. Azərbaycan qadını - dünyanın səkkizinci möcüzəsidir!
”Qadınsız insan yoxdur, qadınsız həyat yoxdur” Bu sözlərsə Ümummilli lider Heydər Əliyevə məxsusdur!
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)