Super User

Super User

Bazar ertəsi, 25 Dekabr 2023 09:00

MƏQAMI UCA XAQAN- İlham Əliyev!!!

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”

 

Onun məqamı Tanrı dərgahında çox Ucadır, çox Böyükdür!

Tanrı istədiklərini, sevdiklərini ucaldar, ən qatı zülmətlərdən, ən dərin quyulardan çıxarar.

Tanrı buyurduğu üçün İlham Heydər oğlu Əliyev Prezident oldu. Qədim türklər üçün dövləti idarə edən, dövləti quran şəxsin titulu “Xaqan” idi.  Ən qədim konstitusiyamız sayılan, Ötükəndə tarixə şahid qalan Bilgə Xaqanın daş məktubunda belə yazıdırıb:

“Babamızın, əmimizin qazandığı millətin adı- sanı yox olmasın deyə, Türk milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül Tegin ilə, iki şad ilə məhv olmaqdan qurtardım… Ondan sonra dövlətim, qismətim olduğu üçün, öləcək bir milləti əyin-başlı etdim. Fağır milləti zəngin etdim. Az milləti çox etdim. Dəyərli ellərdən, dəyərli xaqanlardan daha yaxşı etdim”.

Doğulandan kürəyinə Çingiz Xan tamğası vurulan Xaqan İlham Heydər oğlu!

Məqam elə məqamdır ki, Bilgə Xaqanın daş kitabəsinə yazdıqları İlham Əliyevin alın yazısı oldu.

“Adil hökmdar, Ədalətli Xaqan, Uzaqgörən Prezident!”.

Bu adların hamısını ona bu XALQ verdi! Onu bu XALQ seçdi! Bu XALQ ona inandı!!!

...Tanrı sevib seçdiyinə səbr verər. Səbirlidir. Bütün beynəlxalq basqılara, düşmən həmlələrinə, içərimizdə olan “daxili düşmənlərə” səbrlə cavab verdi.  

2003-cü ildə hakimiyyətə gəldiyindən bu günə kimi xalqa verdiyi vədlərini söz-söz, cümlə-cümlə həyata keçirdi və xalqına müjdələr verməkdədir.

 

Bilgə Xaqanın kitabında yazılır:

“Tanrı buyurduğu üçün, özüm də dövlətli  olduğum için Xaqan oturdum. Xaqan oturup aç, fağir milləti həp toplatdım. Fağir milləti zəngin kıldım. Az milləti çox kıldım. Yoksa bu sözümdə yalan var mı? Türk bəyləri, milləti, bunu eşitin!".

Azərbaycan yurdunun Xaqanı - İlham Heydər oğlu Əliyev bu dövlətin rəhbəri olduğu gündən  gecə uyumadan, gündüz oturmadan- dünyanın hər yerindən üstümüzə gələn siyasi güclərin ucbatından qaytara bilmədiyimiz Vətən və torpaq problemimizin çözülməsi üçün yollar axtardı... Sonunda 2020-ci ildə savaşa üstünlük verdi. Əmir Teymurun hərb siyasətinə uyğun bir döyüş siyasəti aparıb, İlham Heydər oğlunun adına yazılacaq yeni döyüş siyasəti yazdı. Bu həm də dünyaya açılan haqq-ədalət savaşı idi. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuz tarixi torpaqlarımızı geri qaytardı. Tarixin çiyinlərinə qoyduğu missiyanı bir Türk fatehi, Türk sərkərdəsi kimi mətinliklə, qətiyyətlə həyata keçirdi.  

Bilgə Xaqan atası Kutluq Xaqan haqqında daşa həkk etdiyi məktubda elə bil ki, bizim taleyimiz yazılıb.

 

Bilgə Xaqanın kitabında yazılır:

“...Toplanıb yetmiş ər olmuş. Tanrı qüvvət verdiyi üçün babam xaqanın əsgəri qurd kimi idi, düşməni qoyun kimi idi. Şimala-Qərbə əsgərlərini yığıb topladı. Hamısı yeddi yüz ər oldu. Yeddi yüz ər olub, elsizləmiş eli, xaqansız milləti , cariyə olmuş , qul olmuş milləti , Türk törəsini buraxmış milləti, əcdadımın töprəsini yığıb, yetişdirdi”.

Həmin tarixi savaş günlərimizi təkcə azərbaycanlılar deyil, bütün dünya xatırlayır. Biz adi vətəndaşlar, sıravi əsgərlər, ordumuzun əzəmətli oğulları düşmənlə vuruşduqsa, Ali Baş Komandan İlham Əliyev bütün dünya ilə, böyük güclərlə siyasi və güc savaşına çıxdı. Dünya yeni bir İlham Əliyevi tanıdı! Dünya bildi ki, qarşılarındakı adi insan deyil, fövqəlbəşər bir sərkərdə, diplomat və sərkərdədir!

Həmin ağrılı və savaşlı, qanlı-qadalı günlərimizdə bir gözümüzü güldürüb, bir gözümüzü ağlatdı qəhrəman oğullarımız! Lakin hamımız bir olub Ali Baş Komandanın ətrafında birləşə bildik! Hər gün ondan hesabat gözlədik. Sərkərdə İlham Əliyev də mavi ekranın işığı ilə bizə Ordumuzun qazandığı uğurları bəyan edirdi.  

Böyük güclərin Şahmat taxtasında oyuna çıxarılan Azərbaycanı Şah gedişi ilə başa gətirdi. Dünyanı mat qoydu.

2023-cü il 15 oktyabrda Xankəndində üçrəngli hilalımız dalğalandı. Azərbaycanın tarixi torpaqları birmənalı şəkildə İlham Əliyevin iradəsi, gücü ilə özünə qayıtdı. İndi içimizdə bir rahatlıq, bir firavanlıq vardır.

İki gün bundan əvvəl Xankəndində furbol oyununu izləyən dostlardan biri sosial şəbəkədə belə bir fikir yazmışdı: “Tanrıya and olsun, hər il bu vaxtı Xankəndində boran, tufan, qar olardı. İndi isə havaya bir baxın, Günəş şəfəqləri ilə Xankəndini nura boyayıb”.

Bu məqamın özündə də böyük Yaradanın, Tanrının hikməti və bildiyi vardır. Tanrı xoş məqsədlə yola çıxanın yolunu işıqlandırar... Həmin gün Xankəndinə istisini çoxaltmışdı ki, Xaqan İlham Əliyevin düşmənin viran qoyduğu torpaqlarımızda apardığı quruculuq, abadlıq işlərini dünya bir daha görsün.

... Bir neçə gün bundan əvvəl bir taksi sürücüsü ilə söhbətimi xatırlatmaq istəyirəm. Söhbət 2024 cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən düşdü. Sürücü dedi: “Mən və mənim bütün sülaləm İlham Əliyevə səs verəcəyik. Çünki mənim aşağıya dikilmiş başımı, qısa dilimi uzun edib. Bacı, tez-tez səfərlərdə olurdum. Ərəb ölkələri, Rusiya, Avropa.... Azərbaycanlı olduğumu biləndə məni dəfələrlə pərt etmək üçün Qarabağın kimin torpağı olduğu haqqında suallar verirdilər. “Bizimdir” deyəndə, rişxəndlə  deyirdilər ki, səninki olsaydı səndə olardı... Prezidentimiz “Qarabağ Azərbaycandır!”-dedi. Və bunu tarixə yazdı. Heç bilirsiniz, indi bizə münasibət necə dəyişib? Azərbaycanlı olduğumu biləndə hər kəs İlham Əliyevdən danışır...”.

Siyasi lider, güclü sərkərdə İlham Əliyevin apardığı siyasi xətt bu gün Azərbaycanı geosiyasi məkanda ən güclü region edibdir. Türk Dövlətləri Təşkilatında, BMT-də, İslam Əməkdaşlıq Təşçkilatında... və digər beynəlxalq təşkilatlarda qərarlar veriləndə , mütləq Azərbaycanın nüfuzu və gücü, imzası nəzərə alınır.

“İmza” dedim, cənab İlham Əliyevin İMZA-sını xatırladım. Onun “Sözü imzası qədər, imzası da sözü qədər keçərlidir!”.

Dünya hara baxsa da, neyləsə də İlham Əliyevin çevik siyasəti nəticəsində indi dünyanın bütün yolları Azərbaycandan keçir.

Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzində yerləşir. Bu baxımdan, ölkənin nəqliyyat dəhlizləri sahəsində əhəmiyyəti günbəgün artır. Ətrafımızda gedən prosesləri nəzərə alsaq, Azərbaycan alternativsiz varianta çevrilir. Ona görə də hazırda respublikamız Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzərində fəal iş aparır. Bu, çoxformatlı bir şəbəkədir. Azərbaycan həm də TDT-nin yaradıcılarından biri olmaqla yanaşı, nəqliyyat dəhlizi üçün alternativsiz bir məkandır.

XXI əsr türk əsridir. Bu əsrə hər bir türk dövləti və ədalət, haqq axtaran ölkələr, dövlətlər və insanların öz tövhələrini verəcəklərinə inanıram.

Bu əsrdə İlham Əliyevin imzası ilə yazılan türk tarixində qalacaq böyük Qələbəmiz vardır. Əsrin əvvəlini belə böyük bir Zəfərlə başlamağın özü də gələcək yolların İPƏK kimi olacağına inamı artırır. Bu yol Zəngəzurdan keçir. Zəngəzurdan keçən yolun tarixi adı isə İpək Yolu olub.  Bu yolda özünü türk sayan, soyu-kökü türk olan hər bir kəs, hər bir dövlət Azərbaycanın yanındadır.

 

Bilgə Xaqan məktubunda yazır ki:

“İnsan oğlunun üzərinə əcdadım Bumun Xaqan (Kutluiq Xaqan nəzərdə tutulur), İştemi Xaqan oturmuş. Oturaraq türk millətinin elini, törəsini ucaltmış, bir araya gətirmiş. Dörd tərəfimiz düşmən idi. Ordu yığıb, dörd tərəfimiz düşmən idi. Başıyla baş endirdi, diziylə diz çökdürdü.  Doğuda Kadırğan meşələrinə qədər, Batıda Dəmir Qapıya qədər əraziləri aldı... İlteriş Xaqan qazanmasaydı, mən özüm qazanmasaydım el də millət də yox olacaqdı. İlteriş Xağan qazandığı üçün, mən özüm qazandığım üçün, elimiz el oldu, millətimiz millət oldu... “.

Tarixin İpək Yolunda Zəfərlə qoşulanlar nə xoşbəxtdirlər.

Bu Zəfəri, bu Qələbəni Göy Tanrı istəyir. Pis niyyətli neyləsə də, Tanrı sevdiyini hər bəladan, hər qəzadan hifz edər.

 

Necə ki, Bilgə Xaqanın daş kitabında yazılıb:

“Türk- Oğuz bəyləri, eşidin! Üstdə göy  çökmədikçə, altda yer dənizi  yarılmayınca, elin, türkün törənini kim poza bilər? Ey Türk ulusu! Kəndinə dön. Səni yüksəltmiş Bilgə Xağanına, özgür və azad ölkənə qarşı  xəta etdin, pis duruma düşürdün”.

Vətənimizi, elimizi pis duruma salmamaq üçün bir olaq, birlik olaq, birgə olaq! Unutmayın ki, Tanrı da buyurub ki, əvvəl Söz yarandı. Və o sözü ilk dəfə daşlara da göy türklər yazdı. Ona görə də belə hesab edirəm ki:

“Ulu türkük, daşda bitən sözümüz,

Bir İMZAdır daş  tarixin içində”.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bakıdakı “Holidey İnn” otelinin böyük konfrans zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Simurq” Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə Assosiasiyanın Qurultayı keçirildi. 

Qurultayda “Simurq”un prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədov ilk öncə təşkilatın xarici üzvlərini - “Sülh Mədəniyyəti İnstitutu”nun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq”un vitse-prezidenti, akademik Engel Tagirovu (Tatarıstan), “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti Sühəyl Fərəhi, “Dünya Söz Akademiyası”nın prezidenti, akademik Hayrəttin İvgini (Türkiyə) və b.-larını təqdim etdi. 

 

Professor Fuad Məmmədov çıxış edərək Assosiasiyanın 1990-cı ilin aprelində təhsil və maarifçilik uğurlarını inkişaf etdirmək məqsədilə yaradıldığını bildirdi. “Simurq”un görkəmli nümayəndələri tərəfindən Azərbaycan xalqının ruhi mədəniyyətinə vətəndaş yardımı üçün təsis edilən yeni tipli, ilk çoxşaxəli, mədəniyyət təşkilatı olduğunu qeyd edən professor söylədi: “Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını hazırlayıb, Azərbaycanda və xaricdə üç yüzdən çox elmi maarifləndirici layihə, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirib. Qurultay ərəfəsində Assosiasiya fədakar üzvlərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib”.

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Qurultayda çıxış etdi. O, Ümummilli liderin mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət-qayğısından söz açıb, bu unudulmaz diqqət-qayğının ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam və inkişaf etdirildiyini bildirdi. 

Fazil Mustafa Assosiasiyanın, şəxsən Assosiasiya prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədovun uzunmüddətli, çoxşaxəli və səmərəli fəaliyyətini təqdirlə qeyd etdi, ürək sözlərini bölüşdü. O, Mədəniyyət Komitəsinin təbrik məktubunu professor Fuad Məmmədova təqdim etdi. 

Komitənin təbrik məktubu üçün təşəkkür edən professor Fuad Məmmədov öz növbəsində, Komitə sədrinin “Simurq”un 30 illik yubiley medalı ilə təltif olunduğunu bildirdi, medalı və müvafiq sertifikatı Komitə sədrinə təqdim etdi. 

Qurultayda digər təltiflər də oldu. 

96 yaşlı akademik, görkəmli heykəltaraş Ömər Eldarovun təltif olunduğu

“Simurq”un ali mükafatını - tunc Simurq quşu heykəlciyini akademikə Fazil Mustafa təqdim etdi. 

Mədəniyyət sahəsinə verdikləri töhfələrə görə azərbaycanlı və xarici mədəniyyət xadimlərinə, eləcə də assosiasiya üzvlərinə medal, diplom və təşəkkürnamələr verildi. Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis “Simurq” Beynəlxalq medalı və müvafiq Sertifikatla təltif olundu. 

Daha sonra alim və tədqiqatçıların müəllifi olduğu kollektiv monoqrafiya təqdim olundu. 

Tədbirdə Milli Məclisin üzvü, Mədəniyuət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək, assosiasiyanın təsisçiləri və üzvlərini 30 illik yubiley münasibətilə təbrik edib, yeni uğurlar dilədilər. 

Bəli, “Simurq” 30 ildir ki pərvəzlanıb Azərbaycanın mədəniyyət səmasında qanad çalır. Ömrü uzun olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kino tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdirƏlisəttar Atakişiyev. O, 1906-cı il dekabr ayının 25-də Bakıda anadan olub. Qəribədir ki, eyni gündə iki görkəmli sənətkar dünyaya gəlib. Az öncə haqqında bəhs etdiyim Əli Sultanlı da 1906-cı il 25 dekabrda dünyaya göz açıb.

Əlisəttar Atakişiyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini bitirib. “Azərfilm” studiyasına dəvət olunan operator ilkin olaraq “Bakılılar” filmində baş operator işləyib, daha sonra yenə “Mosfilm”də iş alıb, orada ilk rəngli filmlərin yaradılmasında iştirak edib. Əlisəttar Atakişiyev müharibə illərində Bakıya gəlib, burada “Arşın mal alan” və  “Fətəli xan” filmlərində işləyib, 1953-cü ildə Tallinə göndərilib, orada Estoniyanın ilk rəngli (“Axşam düşəndə” ) filmini çəkib. 1956-cı ildə Azərbaycana qayıtdıqdan sonra “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” və bir neçə sənədli filmdə operator kimi fəaliyyət göstərib, rejissor kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri ilə Azərbaycan uşaq kinosunun əsasını qoyub. Kinorejissor Əlisəttar Atakişiyevin istər operator, istərsə də rejissor kimi çəkdiyi filmlər Azərbaycan kino tarixində ən çox baxılan filmlər kimi öz layiqli yerini tutur.

Görkəmli sənətkar heyran olunacaq dərəcədə sadə insan olub, özünü təkcə operator və rejissor kimi deyil, həm də dekorasiya rəssamı, geyim rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, dublyaj rejissoru kimi də təsdiqləyib. “Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə Azərbaycan kinosunu zənginləşdirməklə rəssam kimi də fəaliyyətini ortaya qoyub. Onun Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətlərindən biri də dublyaj sənətinin inkişafına təkan verməsi olub, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bu böyük insan, mən bildiyim qədəri, başqa heç bir təltif almayıb, 1990-cı il noyabr ayının 7-də Moskvada, Kino Veteranları evində vəfat edib. Ruhu şad olsun qədri layiqincə bilinməyən bu insanın.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Deyilənə görə, o dərs deyəndə həmişə dərsləri açıq olurdu, tələbələr bir yana, ədiblər də gəlib onun mühazirələrini dinləmək, bəhrələnmək istəyirdilər.

Ədəbiyyatşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Əli Abdulla oğlu Sultanlı. O, 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində anadan olub. 1930-cu ildə Azərbaycan Pedaqoji İns­titutunun Şərq fakültə­sini bitirib, oradaca müxtəlif vəzifələr alıb, 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini vəzifəsində çalışıb. Əli Sultanlı Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə “M.F. Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi olub. 1945-ci ildə o, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmlər doktoru alimlik dərəcəsi, 1947-ci ildə professor adı alıb.

Əli Sultanlı Azərbaycanda müqa­yisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir, xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üçcildlik, monumental  “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin əsas müəlliflərindən və elmi redaktorlarından biridir. Ə. Sultanlı SSRİ Ali Sovetinin fər­manı və Əmək igidliyinə görə medalı ilə təltif olunub.

Böyük alim 1960-cı il iyul ayının 18-də Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Bazar ertəsi, 25 Dekabr 2023 10:30

Qaziantep, Milad bayramı və Çauşesku

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.

 

25 dekabr

 

Katoliklərin Milad bayramı

 

Christmas Day. Milad bayramı xristian dünyasının ən əsas bayramı hesab edilir, xristianlıq peyğəmbəri İsanın doğulmasını özündə ehtiva edir. Dünyanın 100-dən artıq ölkəsində Milad dövlət bayramı sayılır. Tarixdə xristianların Miladı bayram etməsinə aid ilk yazılı mənbə 4-cü əsrə aiddir. İsa Məsihin dəqiq doğulma tarixi həmişə mübahisələrə yer açıb, amma katoliklər bu tarixi 25 dekabr kimi qəbul ediblər. Olsun ki, məhz bu tarixi seçməkdə erkən dövr xristianlarının 25 dekabrda Xristin təməli və Pasxa bayramlarını qeyd etmələri, eyni zamanda Günəşin bərqərar olması gününü də bu təqvim günündə qeyd edilməsi rol oynayıb. Bu bayram 4 gün öncədən başlayıb 6 gün sonrayadək davam edir, bayramaxşamı – ayın 24-də soşelnik deyilən məcburi rituala bütün katoliklər əməl edirlər – buğda və bal qarışığı yeyilir, səmada ilk ulduz görününcəyə qədər bu post davam edir. Gecə, ayın 25-nə keçəndə, işıqlaşanda və  25-i günorta hər kəs Allaha xidmət edir, dualar oxuyur, şam yandırır. Kilsələrə böyük axın olur, uşaq və gənclər nəğmə oxuyaraq, şənlənərək evlərə gedir, hər bir ailəyə xoşbəxtlik diləyir. Əvəzində ailələr onlara qovrulmuş şabalıd, boyanmış yumurta, kolbasa qaxacları, meyvə və şirniyyat verir. Pay verməyən xəsis ev sahiblərini lağa qoyur, onları bədbəxtçiliklərlə qorxudurlar. Səs-küylü şənlənmələrdə hamı maska taxır, əsl karnaval əhval-ruhiyyəsi duyulur.

 

Məbədlərdə xüsusi Milad çörəkləri bişirilib insanlara paylanılır. Və ən vacibi – dekabrın 24-də, Miladdan bir gün öncə evlərdə rəngbərəng şarlarla bəzədilmiş küknar ağacları qurulur, bu, üstü meyvəli cənnət ağacının simvolu sayılır, bollu-bəhərli bir yeni il arzulanır hər kəsə.

 

 

 

Çauşeskunun və Yelenanın güllələnməsi

 

Lüteryanların da Milad bayramıdır bu gün. Pakistanda Kvay-e-Azam günüdür, o, Pakistanın milli dövlətinin atası-qurucusu hesab edilən şəxsdir. Pakistanın rəqibi olan Hindistanda Tulasi Pudjan Divas günüdür, bu günün bir adı da “müqəddəs reyhan günüdür”, indust dinində reyhan müqəddəs bitki hesab edilir. Peruda Takanakuy adlanan rəqs festivalı başlayır. Çin və Tayvan Konstitusiya, Kamerun uşaqların müdafiə günü, Mozambiksə ailə gününü qeyd edir. Zat aliləri amerikalılar isə bu gün iki mətbəx bayramı qeyd edirlər. Birincisi Milli balqabaq piroqu günüdür. Dadmışam, çox dadlıdır. İkincisi, Milli aşbazları öpmə günüdür. Bax bunu dadmamışam, nə yalan deyim.

 

1989-cu ilin bu günündə rumınlar ölkənin keçmiş rəhbəri Nikolae Çauşeskunu və həyat yoldaşı Yelenanı güllələyiblər. “Xalqın sərvətini ailə olaraq talayan, rumınları zillət içində yaşadan, azadlığa həsrət qoyan” diktator və həyat yoldaşı küçədə, minlərlə insanın gözü qarşısında öldürülüb.

 

1977-ci ildə dünyaşöhrətli komik aktyor Çarli Çaplin 88 yaşında vəfat edib. 1969-cu ilin bu günündə amerikalı Artur Blessit dünya tarixindəki ən uzun piyada səyahətinə başlayıb, o, 29 il ərzində  55011 kilometr məsafə qət edib. 1958-ci ildə SSRİ qanunvericiliyində milyonlarla insanın qəniminə çevrilmiş “xalq düşməni” ittihamı ləğv olunub. 1741-ci ildə isveç astronomu Anders Selsiy temperaturu ölçmək üçün şkalanı kəşf edib. Ən nəhayət, 1000-ci ildə macar qardaşlarımızın başda 1-ci Stefan olan Macar krallığı yaradılıb.

 

 

 

Qaziantepin azadlığı günü

 

Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir. Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır. 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(25.12.2023)

 

 

Bazar ertəsi, 25 Dekabr 2023 12:30

Konstantin Balmont: “Poeziya sehr kimi”

Məti Osmanoğlunun tərcüməsində

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində hələ ki tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsi davam edir. Bu gün Məti müəllim özü tərcümə etdiyi rus poeziyasının zirvələrindən sayılan Konstantin Balmontun “Poeziya sehr kimi” məqaləsini təqdim edir.

 

 

 

Güzgüdə əks olunan güzgü, iki əksi qarşı-qarşıya yerləşdirin və onların arasına bir şam qoyun. Şamın alovu ilə şölələnən iki dibsiz dərinlik getdikcə dərinləşdirəcək, biri digərini dərinləşdirəcək, şamın alovunu zənginləşdirəcək və onları bir yerdə birləşdirəcək. Bu, şeirin obrazıdır.

Bir-biri ilə əlaqəsi olmayan, lakin bir qafiyə ilə şölələnən iki misra ahəngdar şəkildə qeyri-müəyyənliyə və məqsədsizliyə gedir və bir-birinə baxa-baxa dərinləşir, birləşir və ahənglə şəfəq saçan vahid bir bütövlük yaradır. Üçlüyün bu qanunu, ikinin üçüncü ilə birləşməsi bizim Dünyamızın əsas qanunudur. Güzgünü güzgüyə yönləndirərək dərindən baxsaq, hər yerdə oxuyan qafiyə tapacağıq. Dünya çoxsəsli musiqidir. Bütün dünya heykələ dönmüş bir misradır.

Sağ və sol, yuxarı və aşağı, hündürlük və dərinlik, yuxarıdakı Göy və aşağıdakı Dəniz, gündüz Günəş və gecə Ay, göydəki ulduzlar və çəmənlərdəki çiçəklər, ildırımlı buludlar və nəhəng dağlar, gözişləməz düzənliklər və sərhədsiz fikir, havadakı tufanlar və ruhdakı fırtınalar, qulaqbatıran göy gurultusu və qulağa güclə çatan çay səsi, qorxunc bir quyu və dərin bir baxış – bütün dünya ikiliyə əsaslanan bir uyum, nizam, harmoniya içindədir, gah səslərin və rənglərin sonsuzluğuna dalır, gah da ruhun daxili bir himninə, ayrıca bir ahəngdar mənzərənin vəhdətinə, sağın və solun, yuxarının və aşağının, zirvənin və uçurumun ucsuz-bucaqsız müxtəlifliyini özündə cəmləşdirən bir Mənin hər şeyi əhatə edən simfoniyasına qovuşur.

Bir günümüz iki yarıya – gündüzə və gecəyə bölünür. Günümüzdə iki parlaq şəfəq var, səhər və axşam şəfəqləri, biz gecədə toranlığın qatılaşan və seyrəkləşən ikiliyini bilirik və həmişə varlığımızdakı  başlanğıcın sonla qovuşduğu ikiliyinə arxalanırıq, gümüşü ulduzlar səpələnmiş qara məxmər yolda səhərdən axşama qədər aydınlığa, parlaqlığa, ayrılığa, genişliyə, həyatın çoxluğu ilə kainatın ayrı-ayrı hissələrinin rəngarəngliyi duyğusuna, ala-toranlıqdan ala-qaranlığa doğru gedib böyük sükut məbədinə, mənzərənin dərinliyinə, vahid bir xorun, bütöv bir Ahəngin dərkinə daxil oluruq. Həmin dünyada gecə-gündüz o ahəngi səsləndirə-səsləndirə ikini bir araya gətiririk, ikiliyi həmişə bütövlüyə çeviririk, birləşdirən düşüncəmizlə, onun yaradıcı toxunuşu ilə bir neçə simi səsli bir alətdə birləşdiririk, əbədi ayrı olan iki böyük yolu bir araya gətiririk, onlar qafiyədə öpüşən iki ayrı misra kimi ayrılmaz ahəngdə birləşirlər. 

 

Səslər və əks-sədalar, hisslər və onların yaratdığı xəyalat,

Yaradıcılığın sirri, yeni yaranmış misra.

 

Bir yaz səhərində leysan yağışının təzəcə yağdığı və selin bütün su tutarlarından daşdığı zaman gərginləşmiş qulağımıza bəzən kristal bir səs gəlir – damın harasındansa düşən damlalar uzun müddət yüngül cingilti ilə bir-birini təqib edir,  su yığıntısının altından gələn bu səs fikirlərdə əks-səda verərək insan düşüncəsini bir xəyaldan başqasına, bir daxili xülyadan yeni xülyaya aparır, bu xülya getdikcə genişlənir, kiçik ilə böyüyü, fərd ilə dünyanı qovuşdurur. Bir damcı səslənərək Dünya haqqında danışır, bərq vuran bir damlada göy qurşağının bütün rəngləri cilvələnir. Beləcə misra doğulur, ahəngdar obraz yaranır, insan özünü Dünyada görür, əks olunan Dünyanı da özündə tapır.

İnsan həm damladır, həm də Dəniz. Dənizdə nə qədər xəzinələr var! Mərcan meşələri, ağ, mavi, çəhrayı, qırmızı, sarı, göy və sirli yosunlar, kürəyində xaç təsviri olan, müxtəlif nöqtə və xətlərin bir-birilə kəsişdiyi naxışlı meduza var - və dəniz suyunun ənginliklərində rəngarəng formada balıqlar  qaçışır, elə orada kəskin qısqacları olan dəhşətli canlılar sürünür. Gecə bənövşələri üzür, kiçik avarlara oxşayan üzgəcləri ilə hərəkət edir, onlar gündüzlər Dənizdə qırmızımtıl talalar əmələ gətirir, gecələrsə fosfor işığı ilə işıldayırlar və bu işıq dalğada yellənib daha güclü alovlanır, sülhməramlı Dənizdə şüa saçan kökayaqlılar yaşayır, onların naxışlı üzləri cilvələnir, tikan-tikan kiçik şəffaf toplar, canlı torlar, dəbilqələr və fənərlər, canlı səbətciklər, zənglər, minlərlə xırda məxluqlar -  hamısında da mahnı var, onların hər qatarı bir misradır.

Dərinliklərindəki formaların səssiz musiqisindən ləzzət alan Dənizin üzündə dalğalar nərə çəkir, oyulmuş çanaqları sahilə atır – onlardan bəzilərini insan Dəniztək zəngin olmaq, dəniztək azad olmaq üçün talisman kimi sinəsindən asacaq, bəzilərini qalaq-qalaq yerə atacaq, tapdalayacaq, əzib onlardan hamar yollar salacaq, üçüncü qismini naxışlı, yüngül, kiçik boyunbağıya düzəcək, əyri buynuza bənzəyən, spiral şəklində bükülüb dənizin qorxunc səsini özündə saxlayan dördüncü qismini isə acgözlüklə dodaqlarına toxunduracaq və bu, ilk döyüş şeypuru olacaq, insan onda ilk döyüş havasını çalacaq, havasını təzələmək istəyəndə isə öldürməyə gedəcək.

Təbiətin bütün səslərinin musiqisini dinləyən ibtidai ağıl onları öz içinə yığır. O, tədricən naxış-naxış çoxlaylı ərintilərə qarışaraq daxilində onlardan musiqi yaradır və zahirdə onu ahəngdar sözlə, nağılla, sehrlə, tilsimlə ifadə edir.

Poeziya zahirdə ölçülərə salınmış nitqlə ifadə olunan daxili musiqidir.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyə ədibləri ilə müsahibələrimiz davam etməkdədir. Bu dəfə sizləri Türkiyədə öz qələmi ilə adından söz etdirən Yıldız Tek Gamlı xanımla tanış edəcəyəm. Buyurub oxuya bilərsiniz…

 

-Salam Yıldız xanım ! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.

 

-Salam, mən uşaq hekayələri yazıçısıyam və eyni zamanda keçmiş pedaqoqam, baxmayaraq ki, hazırda aktiv vəzifədə deyiləm. Ankarada doğulmuşam, böyümüşəm və oxumuşam. Əslən Nevşehirdənəm. Hazırda Bursada yaşayıram. Mühasibat uçotu, Xəstəxana menecmenti, Səhiyyə menecmenti, Uşaq inkişafı üzrə təhsil almışam. Hazırda Arxeologiya fakültəsinin ikinci kurs tələbəsiyəm. İngilis və bir az da alman dilini bilirəm. Həyatım boyu öyrənməyə və öyrətməyə davam edirəm.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Özümü tanıyandan oxumağı, yeni insanlar və dünyalar tanımağı sevirəm. Orta məktəb illərində hər bir yeniyetmə kimi mən də üsyankar şeir və esselər yazmağa başladım. Oxuduqca, böyüdükcə yazılarım, dünyaya baxışım dəyişdi. Xərçənglə rəqs edərkən həyatın çox da uzun olmadığını anladım və gələcəyi əmanət edəcəyimiz uşaqlara çatmaq istədim.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Çıxdığım yolda müxtəlif yaş qrupları üçün 11 kitabım və jurnalda bir köşəm var. Yaşadıqca yazmağa davam etməyi planlaşdırıram.

“Gökçe və Göksu” seriyası 7 kitabdan ibarətdir. Onların hər biri 3-6 yaş qrupunda olan uşaqlara sevməyi, özünü sevməyi, paylaşmağı, bir-birinə kömək etməyi, fərqli olanlara hörmət etməyi, təbiəti, heyvanları və ətraf mühiti qorumağı öyrətmək məqsədi daşıyan sadə, axıcı hekayələrdən ibarətdir. “Cemil Han'ın Maceraları” xüsusilə kitab oxumağı sevməyən, qızların da həvəslə oxuduğu 9 yaşdan yuxarı oğlanlar üçün yazılmış xəyalpərəst, tənbəl, kompüter yönümlü, kosmik agent olmaq istəyən Cemil Han haqqında gülməli hekayələrdən ibarətdir.

“Kayıp Balerin” 3-6 yaş qrupu üçün darıxdırıcı, zəhlətökən olmadan sadə, səlis bir dildə oxunan, bacı-qardaş qısqanclığı və valideynlərin hansı yolu izləməsi haqqında hekayədən ibarətdir.

“Büyüklere Küçüklerden Masallar”” mənim üçün xüsusi bir kitabdır... Təkcə 9 yaşdan yuxarı olanların deyil, bütün valideynlərin, hətta pedaqoqların mütləq oxuması lazım olan kitabdır.

Hər biri digərindən xüsusi olan 4 fərqli uşağın öz hissləri ilə danışdığı 4 hekayədən ibarətdir. Düşünürəm ki, bu, hamımızın uşaqlara baxış tərzimizi dəyişdirəcək və onları anlamağımıza kömək edəcək xüsusi bir kitabdır.

“Bir Kapadokya Masalı” inanclardan uzaq, pəri bacaları haqqında gələcəyə xəbər verən mifoloji araşdırma hekayəsidir və hər kəsin diqqətini çəkəcəyini düşünürəm.

 

-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Oxuyuram, bütün janrlarda oxuyuram. İstər türk ədəbiyyatı olsun, istər dünya ədəbiyyatı, əlimə düşən hər kitabı oxuyuram. Mən tələbə olanda dünya klassikası adı altında bizə ancaq ingilis, rus, fransız ədəbiyyatı öyrədilirdi, ancaq ədəbiyyat bunlarla məhdudlaşmır, məsələn, bir müddət Yapon, Skandinaviya, İran, Özbək, İrlandiya ədəbiyyatı diqqətimi çəkdi. Bu mənada düşünürəm ki, nəşriyyatlar daha çox əsərləri tərcümə edib oxuculara çatdırmalı, ədəbiyyat birtərəfli olmamalıdır.

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Mənim üçün zaman əbədiyyətlə an arasında həm çox uzun, həm də çox qısa bir xətt kimi hiss olunur. Bəzən nəfəs almadan saatlarla yaza bilirəm və ac olduğumu dərk etmirəm, sadəcə kofe içirəm, bəzən də günlərlə cümlənin predikatı haqqında fikirləşirəm. Yəqin ki, yaşımla bağlı olan azadlıqla gecə yarısından səhərə qədər və ya istədiyim vaxt yazmaq lüksüm var.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq vərdişi yetkinlikdə əldə oluna bilən xüsusiyyət deyil, mən yetkinlikdə oxunan məcburi kitabları vəzifə kimi qəbul edirəm və heç kimin zövq almadığı işlə məşğul olmasını istəmirəm. Kitab oxumaq zövqdür və əgər bunu vərdiş etmək istəyirsinizsə, zəhmət olmasa, lütfən uşaqlarınıza 3 aylıqlarından nağıl danışın, uşağın kitaba toxunmasına icazə verin, şəkillərə baxın, lazım gələrsə yenidən rəngləndirin, hətta eyni kitabı hər dəfə fərqli səslərlə oxuyun, əmin olun ki, bu, uşağınızın diqqətini çəkəcək, kitab oxuduğunuz hər anı gözləyəcəkdir. Gələcəkdə övladınıza kitab oxuyun deyəndə, zəhmət olmasa onunla birlikdə siz də kitab oxuyun. Çünki uşaq sizin dediyinizi deyil, sizin etdiyinizi edir. Bu, çox sadə bir qaydadır; Uşağınızın gələcəkdə olmasını istədiyiniz insan kimi yaşayın.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Türkiyədə kitab oxuma nisbəti 1 faizdir və bu təkcə mənim ölkəmdə deyil, bütün dünyanın problemidir. Təəssüf ki, telefon və kompüter aludəçisi bir nəsil var və biz Korona dövründə evdə onlayn təlimlə bu asılılığı daha da artırdıq. Elə gənclər var ki, kitab oxumaq bir yana, çörək almağa da getmir, telefonla sifariş verir. Bu məni həm bir pedaqoq, həm də bir ana kimi kədərləndirir. Mən bacardığım qədər hər uşağa yetişməyə çalışıram, amma burada fərdilikdən çox dövlətlərin üzərinə məsuliyyət düşür. Dövlət mütaliə səviyyəsini artırmaq üçün  uşaqları, gəncləri əhatə etməli, milli təhsil çalışması aparmalıyıq.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-İzmirdə kitab sərgisində olarkən ilk tanış olduğum azərbaycanlı yazıçı Əzimə Ağalorova idi. Füzuli divan ədəbiyyatında ərəb və fars dillərində yazıb, biz bunu dərsliklərdən öyrənmişik. Vaqif Səmədoğlunu eşitmişəm. Tanıdığım şairlər arasında Nizami Gəncəvi və Fələki Şirvanidir... Sizin şeirlərin də duyğusal olduğunu düşünürəm. 

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Uşaqlar üçün, gələcək üçün bildiklərimi yazmağa, istehsal etməyə və  gələcəyə ötürməyə davam edəcəyəm. Tədqiqatını və infrastrukturunu hələ yazmağa başlamadığım, çıxanda bütün dünyanın zövqlə oxuyacağı sürpriz bir kitab üzərində işləyirəm. Ona görə də indi inanılmaz dərəcədə həyəcanlıyam.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Məncə, kitabların çap və ya rəqəmsal olmasının fərqi yoxdur, yetər ki, oxucuya çatsın. Texnologiya əsrinə ayaq uydurmalıyıq. Mən bir fərd olaraq kitablara toxunmağı, vərəqləməyi, kitabı qoxulamağı, əlimdə tutmağı, oxuduğum kitabı saxlamağı xoşlayıram. Ona görə də evdə kitab rəfləri ilə dolu qonaq otağım var, hətta oturarkən kitabları görmək belə məni xoşbəxt edir.

 

– Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir?

 

-Əvvəla, qardaş ölkəm Azərbaycanda sizin vasitənizlə bir portalla əlaqə qurmaq mənim üçün çox xüsusi hissdir. Bunun üçün sizə təşəkkür edirəm. Bir gün mən də qardaşlarımla yan-yana bir tədbirdə olmağı istərdim. Mənim üçün Azərbaycan eyni olduğumuz əziz ölkədir və mən hər bir azərbaycanlı qardaşımı ürəkdən sevirəm. Yazmağa, istehsal etməyə, gələcəyə qalıcı əsərlər buraxmağa davam edək. Sevgilərlə...

 

-Dəyərli vaxtınızdan bizlərə zaman ayırdığınız üçün minnətdaram Yıldız xanım! 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Bazar, 24 Dekabr 2023 12:48

Komitə sədri təltif olunub

Bakıdakı “Holidey İnn” otelinin böyük konfrans zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Simurq” Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə Assosiasiyanın Qurultayı keçirilib.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Qurultayda çıxış edib. O, Ümummilli liderin mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət-qayğısından söz açıb, bu unudulmaz diqqət-qayğının ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam və inkişaf etdirildiyini bildirib.

 

Fazil Mustafa Assosiasiyanın, şəxsən Assosiasiya prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədovun uzunmüddətli, çoxşaxəli və səmərəli fəaliyyətini təqdirlə qeyd edib, ürək sözlərini bölüşüb. O, Mədəniyyət Komitəsinin təbrik məktubunu professor Fuad Məmmədova təqdim edib.

 

Məktubda deyilir:

“Hörmətli Fuad müəllim,

Sizi, Sizin timsalınızda “Simurq”un bütün üzvlərini Ümummilli lider Heydər Əliyevin 100 illik əlamətdar yubileyinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyinə həsr olunmuş VII Qurultay münasibəti ilə təbrik edir, Qurultayın işinə uğurlar diləyirəm! Azərbaycan kulturologiya məktəbinin yaradıcısı olan görkəmli alim kimi Sizin elmi və ictimai fəaliyyətiniz, uğurlarınız sayəsində “Simurq” bir Azərbaycan brendinə çevrilib. “Simurq” məktəbi keçmiş yeni nəsil aydınlarımız tarix, kulturologiya elmimizdə, vətəndaş cəmiyyəti quruculuğunda öz töhfələri ilə seçiliməkdədir.Bəlli olduğu kimi, Simurq quşu Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın, dirçəlişin rəmzidir. Görkəmli Azərbaycan aydınlarının təşəbbüsü ilə yaranan assosiasiyanız da xeyirxahlığa, dirçəlişə xidmət edərək, öz adını tam doğruldub. Təsadüfi deyil ki, assosiasiyanız ölkəmizin hüdudlarından uzaqlarda da yaxşı tanınır.Çox şadıq ki, “Simurq”un 30 illik yubileyini Qarabağda işğal mədəniyyətsizliyinə son verib, quruculuq-abadlıq mədəniyyətinə başlamağımızın 3-cü ildönümündə keçirirsiniz.

Sizi, assosiasiyanızın hər bir üzvünü Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyir, ən xoş arzularımızı yetiririk”!

 

Komitənin təbrik məktubu üçün təşəkkür edən professor Fuad Məmmədov öz növbəsində, Komitə sədrinin “Simurq”un 30 illik yubiley medalı ilə təltif olunduğunu bildirib, medalı və müvafiq sertifikatı Komitə sədrinə təqdim edib.

Qurultayda digər təltiflər də olub.

96 yaşlı akademik, görkəmli heykəltaraş Ömər Eldarovun təltif olunduğu

“Simurq”un ali mükafatını - tunc Simurq quşu heykəlciyini akademikə Fazil Mustafa təqdim edib.

Onu da vurğulayaq ki, Qurultayda

“Simurq”un xarici üzvləri - “Sülh Mədəniyyəti İnstitutu”nun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq”un vitse-prezidenti, akademik Engel Tagirov (Tatarıstan), “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti Sühəyl Fərəh, “Dünya Söz Akademiyası”nın prezidenti, akademik Hayrəttin İvgin (Türkiyə) və b.-ları iştirak edib.

Professor Fuad Məmmədov çıxış edərək Assosiasiyanın 1990-cı ilin aprelində təhsil və maarifçilik uğurlarını inkişaf etdirmək məqsədilə yaradıldığını bildirib. “Simurq”un görkəmli nümayəndələri tərəfindən Azərbaycan xalqının ruhi mədəniyyətinə vətəndaş yardımı üçün təsis edilən yeni tipli, ilk çoxşaxəli, mədəniyyət təşkilatı olduğunu qeyd edən professor deyib: “Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını hazırlayıb, Azərbaycanda və xaricdə üç yüzdən çox elmi maarifləndirici layihə, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirib. Qurultay ərəfəsində Assosiasiya fədakar üzvlərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib”.

Tədbirdə Milli Məclisin üzvü, Mədəniyuət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək, assosiasiyanın təsisçiləri və üzvlərini 30 illik yubiley münasibətilə təbrik edib, yeni uğurlar diləyiblər.

Daha sonra alim və tədqiqatçıların müəllifi olduğu kollektiv monoqrafiya təqdim olunub və assosiasiyanın ən fəal azərbaycanlı və xarici üzvlərinə medal, diplom və təşəkkürnamələr verilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2023)

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Rəssamlar Evində olub, rəssamların emalatxanalarını gəzərək, onların yaradıcılıq ortamı ilə yaxından tanış olub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, professor Arif Hüseynov 

Komitənin sədri Fazil Mustafanı rəssamların emalatxanaları ilə tanış edərək, ətraflı bilgi verib. 

Fazil Mustafa Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadənin, Əməkdar rəssamlar Elşən Hacızadə, Adil Şıxəliyev, Natiq Fərəcullazadə, Azad Zeynalovun və Azərbaycan Rəssamlar İttifqqının üzvü, heykəltəraş Nəriman Məmmədovun emalatxanalarını gəzib fəaliyyətləri, qayğıları və yaradıcılıq uğurları ilə yaxından maraqlanıb. 

Daha sonra, gələn ay 80 yaşı tamam olacaq Xalq rəssamı Sirus Mirzəzadənin Atelyesinin açılışı olub. 

Fazil Mustafa Xalq rəssamına Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib, ürək sözlərini bölüşüb. 

Təbrik məktubunda deyilir:

 

“Hörmətli Sirus müəllim,

Sizi - çağdaş təsviri sənətimizin görkəmli nümayəndəsini, Xalq rəssamımızı qarşıdan gələn 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik! 

Siz Azərbaycan Rəssamlar İttifaqının və "HüsnArt" Təsviri Sənət Mərkəzinin tanınmış üzvüsünüz; 55 ilə yaxındır peşəkar yaradıcı fəaliyyət göstərir, sənətin estetik dəyərlərinə sadiq qalaraq, yeni əsərlər yaradırsınız. Sizin özgü əsərləriniz, ictimai fəal mövqeyiniz respublikamızın mədəni həyatını daha da canlandırmağa xidmət edir. Siz Mədəniyyət Komitəsi ilə də yaxından əməkdaşlıq edirsiniz. Ustad sənətkar olaraq, mədəni irsimizin təbliğ-tərənnümü ilə bağlı, eləcə də, dünya təsviri sənətində axın edən çağırışlarla bağlı qabaqcıl ideyalarınız bizə bəllidir. 

Siz zəngin yaradıcılıq yolu keçmiş, uzunmüddətli, səmərəli yaradıcı fəaliyyətinizlə seçilmisiniz. Məmnunluqla bildiririk ki, Siz 80 illik yubileyinizə yaradaraq və yaşadaraq yetişən sənətkarsız. İstər Sovet dönəmində, istərsə müstəqillik illərində yaratmış olduğunuz əsərləriniz ilə - özəlliklə, monumental işlərinizlə öz üfüqügenişliyinizi, fitri istedadınızı, peşəkarlığınızı sübut etmisiniz. 

Yubileyiniz ərəfəsində incəsənət studiyası açmağınız sevindirici hadisədir. Ümidvarıq, bu studiya istedadlı gənclər üçün də bir ocağa dönüşəcəkdir.

Sizi yubileyiniz və sənət uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk”!

 

Rəssamın atelyesinin açılışında Xalq rəssamı Fuad Salayev, Xalq yazıçısı Natiq Rəsulzadə, Bakı Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri - Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Ülviyyə Ağayeva, Komitənin eksperti Əkbər Qoşalı, sənətşünas alim, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, gənc sənətşünas Ziyarət Cabarova və b. qonaqlar iştirak edib. 

Atelyedə Azərbaycan təsviri sənətinin problemlərinə aid geniş müzakirələr aparılıb. 

Azərbaycan təsviri sənətinin gələcəyi ilə bağlı dəyərli fikirlər mübadiləsini təqdir edən Fazil Mustafa, Mədəniyyət Komitəsinin qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu deyib. 

Azərbaycan təsviri sənətinə aid belə görüşlərin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun sayılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2023)

 

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti  İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı TÜRKSOY-a istinadən təbrik mətnini təqdim edir. 

 

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

 

23 dekabr 2023, 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük uğurudur.

 

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və Türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.

 

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında

Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.

 

Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

 

Ən dərin hörmət və ehtiramla,

Sultan Raev

TÜRKSOY-un Baş katibi

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.