Super User

Super User

Bazar ertəsi, 18 Mart 2024 12:15

Həqiqətən də, nədir axı bu Xoşbəxtlik?

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

“O gün yanvarın otuzu, fəsillərdən qış fəsli, günlərdən bazar günü idi. Hər kəs evdə öz işinin başındaydı, mən də hər zamankı kimi balaca oyuncağımla oynayırdım. Anam çöldə yağan qarı görüb yenə bikef halda danışır, atamsa sakitcə filmə baxırdı. Sanki söhbətini dinləyib təsdiqlədiyimi bəyan etsəm də, ürəyimdə qarın yağdığına necə sevindiyimi dilə gətirə bilməzdim, axı böyüklər əylənməyin nə demək olduğunu bilmirdilər, deyilmi?

Saatın keçməyini gözləyirdim atam işə getsin və mən də uşaqlarla oynamağa, soyuqdan donsam da saatlarla qarın yağmasına seyr edib dostlarımla əylənməyə gedim. Bir neçə dəqiqə anamı dilə tutduqdan sonra axır ki, icazəni alıb bayıra çıxmağı bacardım. Dostlarım da məni gözləyirdi. Qar o qədər yağmışdı ki, kəndimizdə olan balaca evlər üstlərinə qar qalaqlandığından, daha da maraqlı görünürdülər. Yalnız rəngləri ilə bir-birindən fərqlənən evlərin ən oxşar cəhəti bacadan çıxan odun dumanı idi.   O günü həyatımda ən maraqlı günlərdən biri idi".

 

-Yəni, həqiqətən də unudulmaz günlərdən biri olub, bəy? Bəs sizcə, indi xoşbəxtsiz?

- Bilirsiniz, xanım. Həyatda pulun olmağı hələ xoşbəxt olmaq demək deyil. Xoşbəxt olmaqçün  ilk növbədə sevməyi, sevilməyi, sevdirməyi bacarmaq lazımdır. Bu gün mənim hər şeyim var, amma mən özümü xoşbəxt zənn etmirəm, çünki yanımda nə mənə dəstək olan atam, nə də mənə sevgi ilə qayğını daddıran anam var. Düşünürəm, bəlkə də əlində bir çörəklə hər axşam övladının, ailəsinin yanına sağ salamat gedən insan məndən daha xoşbəxtdir, kim bilir...”

 

Bəli, xoşbəxtlik əslində bu qədər asan əldə olunacaq bir məvhumdur. Lakin biz bunu necə əldə edəcəyimizi bilmirik. Xoşbəxtliyi bəzən birinin səbəbsiz gülüşündə, bəzən bir insanın davranışında, bəzən zəhmətkeş bir atanın əlinin qabarında, bəzən övladını fərəhlə məktəbə aparan ananın işıqlı  gözlərində, bəzən də bir-birlərinə eşqlə yanaşan insanların duyğularında görmək mümkündür. Çalışaq, xoşbəxtliyi bu qədər saf, təmiz hisslərdə görməyi bacaraq. 

Belə, əziz dost. Sənə də qəlbən xoşbəxt olmağı arzu edirəm. 

Sağlıqla qal.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 11:45

Komitə sədri Əməkdar artisti təbrik edib

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin sədri, Əməkdar artist Nuriyyə Hüseynovanı 55 illik yubileyi ilə bağlı təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın sənət, pedaqoji və ictimai fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib. Təbrik məktubunu təqdim edirik:

 

“Hörmətli Nuriyyə xanım,

Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, sənətdə, ictimai və pedaqoji fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz ölkəmizin özünəxas zəngin milli-mənəvi, mədəni gələnəyinə sahib Ordubad elində boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA-da) ali təhsil almısınız.

Siz bir müğənni, muğam ifaçısı, pedaqoq və ictimai xadim olaraq uzunmüddətli, səmərəli xidmətlərinizlə seçilirsiniz. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solisti, AMEA-nın Folklor İnstitutunun “İrs” (“Dədə Qorqud”) ansamblının rəhbəri (2010-2023) olaraq ölkə hüdudlarından qıraqda unudulmaz çıxışlar etmiş, Azərbaycanı layiqincə təmsil etmisiniz.

Siz hələ 14 yaşınızdan beynəlxalq müsabiqələrə qatılmış, eləcə də, dövlət konsertlərində uğurla çıxış etmisiniz. Sənətə vurğulunluğunuz sənətə peşəkar bağlılıqla davam və inkişaf edib: 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA-da) Muğam ixtisası üzrə oxumusunuz. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (indi Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecində), 1994-cu ildə Bakı Mədəni-Maarif Texnikumunda (indi ADMİU-nun nəzdindəki Bakı Humanitar Kollecində), 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 2000-ci ildən ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olmuş, yeniyetmə və gənclərimizə sənətin sirlərini sevə-sevə öyrətmisiniz. Hazırda Milli Konservatoriyanın müəllimisiniz.

2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində keçirilən UNESCO-nun tədbirlərində “İrs” ansamblı ilə birgə yaddaqalan konsert proqramı ilə Azərbaycanı uğurla təmsil etmisiniz. “İrs”lə birgə həmçinin Düşənbədə keçirilən “Qəlblərin səsi” festivalında (2005), İstanbulda “İslam ölkələrinin mədəniyyət həftəsi”ndə yüksək səviyyəli çıxışlar etmisiniz. Doğma Təbrizdə, qardaş ölkələr – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Macarıstanda, habelə ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Hindistan, Rusiya, Rumıniya, İordaniya, İsveçrə, Kanada, Koreya, Küveyt və b. ölkələrdə təşkil olunmuş müxtəlif konsert proqramlarında Azərbaycan musiqisini uğurla təqdim, təmsil və təbliğ etmisiniz.

Akademik Teymur Bünyadovun “Sən olmasaydın”, yazıçı Rasim Gənzəlinin “Qəlbi asiman kimi” kitabları sizin həyat və yaradıcılığınıza həsr olunub.

2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmusunuz.

Sizi yaradıcılıq uğurlarınız, əlamətdar yubileyiniz və qarşıdan gələn Novruz bayramı ilə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Rubrikada bu dəfə sual bakılı tələbə Xəyal Nəcəfovdan gəlib. O, ənənəvi ‘’V Müasir Audiovizual Baxış’’ Mükafatının təqdimetmə mərasimi barədə sual edir, mükafatı kimin qazandığını soruşur. 

Həqiqətən də, gündəlik informasiya axını nəcürsə edib, bu tədbir barədə oxucularımıza məlumat vermək diqqətimizdən qaçıb. Gec də olsa səhvimizi düzəldir, Azərbaycan Respublikası Kino Agentliyindən aldığımız informasiyanı diqqətinizə çatdırırıq.

 

Sözügedən tədbir 6 gün öncə - martın 12-də baş tutub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "AzerNyuMedia" şirkətinin hər həftənin şənbə və bazar günləri "Real FM"-də təqdim etdiyi "Cinema Radio" Kino-Radio Kanalının ənənəvi ‘’V Müasir Audiovizual Baxış’’ Mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə kanalının rəhbəri Kamran Qasımov və aparıcısı, eləcə də redaktoru RJ Yaqut ''V Müasir Audiovizual Baxış’’ Mükafatının qalibini elan edib. Mükafat bu dəfə Vətən Müharibəsi mövzusunda ‘’Mən buradayam, ilahi’’ tammetrajlı bədii, ‘’Hasar’’ qısametrajlı bədii filminin quruluşçu rejissoru Qulu Əsgərova təqdim edilib. Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən saundtreklər də səslənib.

Qeyd edək ki, "Cinema Radio’’ Kino-Radio Kanalı 2019-cu il ildə fəaliyyətə başlayıb, 2019-2022-ci illərdə "Avto FM"-də, 2022-ci ildən isə "Real FM"-də yayımlanır. Kanalın ‘’Müasir Audiovizual Baxış’’ Mükafatı 2019-cu ildən təqdim olunur.

Biz də öz növbəmizdə yeni dalğa rejissorları arasında seçilən rejissor Qulu Əsgərovu təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 13:30

“KİNOTƏHLİL" də "Qaynana" filmi

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Uşaqdan böyüyə bir çoxumuzun hər dəfə qabağına çıxanda sevə-sevə izlədiyi məhşur “Qaynana” filminə gəlin birlikdə bir daha nəzər salaq. 

 

1978-ci ildə  ərsəyə gətirilən bu məhşur tammetrajlı (75 dəqiqəlik) film yazıçı Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Filmin baş qəhrəmanı, qaynana obrazına həyat verən hər kəsin sevimlisi, Azərbaycan kino industriyasının görkəmli siması Nəsibə Zeynalova olmuşdur. Musiqili komediya janrında olan bu məhşur film öz dövrünün ən sevilən və seçilən filmlərindən olmasından əlavə özündə əks etdirdiyi bir çox səhnələrdə günümüzün aktual məsələlərinin də müzakirəsini həyata keçirmişdir. "Bay-bay atondu, anondu" deyən bizim yaşlı və azacıq deyingən qaynanamız kinonun kuliminasiyasında isə ağlayaraq "Haradasan ay Məşədi Kazım?" deyib şəkildən ona acıqla baxan ərini öz harayına çağırırdı. Kinonun bütün məğzi elə məhz bu iki səhnəni həqiqətən dərk edə bilməkdən ibarət idi. 

Əhvalatın əvvəlində qaynanamız Cənnət xala oğlu Ayazın həyat yoldaşı Sevdadan daim narazıçılıq edir, öz oğlunu gəlininə qarşı doldururdu. Vəziyyətin çətinləşdiyini görən Sevda evi tərk edir. Bu zaman anasına dərs vermək istəyən Ayaz və dostu İlqar İlqarın nişanlısı Afəti Cənnət xalaya təzə gəlin kimi təqdim edirlər. Afət isə yalandan gəlinlik etdiyi qaynanaaını sözün əsl mənasında Sevdanın yerini mumla axtaracaq vəziyyətə gətirir. Afət Sevdanın əksinə dəli-dolu, söz altında qalmayan, dedi-qodulara qarşı dilini uzun saxlayan, evdə əlini ağdan qaraya vurmayan, əyləncəsinə düşkün bir obrazı canlandırdığından kinonun bütün gedişatında Cənnət xalanı canından bezdirəcək həddə gətirir. Və nəticədə Cənnət xala ilk gəlininə etdiyi haqsızlıqları anlayıb üz tutur onun işlədiyi xəstəxanaya ki, üzrxahlıq edib gəlinini geri gətirsin. Artıq anasının peşman olduğunu və məyus olduğunu anlayan Ayaz və dostu İlqar dözməyib Afətin rolunu sonlandırır. Kinonun sonunda piano başında "biz mehriban ailəyik" mahnısınln sədaları altında rəqs edərək xoşbəxt ailə tablosu yaradan obrazlar həqiqi xoşbəxtliyin təməlinin ailədən atıldığını bir daha sübut edirlər. 

Hər dəfə filmi izləyəndə çox zövq alır, bütün epizodları demək olar ki, əzbərdən bilirəm. Ancaq mənim ən sevdiyim epizod "gəlin evin süpürgəsidir, mən hara qoydum, orada da, durmalıdır" ifadəsinin işləndiyi səhnədir. Çünki o səhnədən sonra öz sakitliyini pozan Sevdanın yoxluğunda əslində bir süpürgə yox, ailəsinin xoşbəxtliyi üçün çox vaxt fədakarlıqlar edən, susan və haqqını müdafiə edə biləcəkkən qarşısındakı insanın yaşına, böyüklüyünə hörmət əlaməti ədəb ərkanlı bir Azərbaycan gəlini obrazı canlanmış olur. Və təəssüf ki, bu gün də, dünən də, ondan öncəki günlərdə, aylarda, illərdə ölkəmizdə və dünyanın bir çox ölkəsində susan, ədəbini saxlayan, bəzən daha da, betər şiddətlərə, söyüşlərə dözən, övladı üçün hər əzaba qatlanan qadınların həyat yoldaşları Ayaz qədər sadiq və centlmen olmadıqları üçün onlar şiddətə məruz qalır və öz körpələrinin gözləri önündə döyülür, hətta bəzən öldürülürlər. Bundan əlavə, Sevda obrazı öz işi olan, ayaqları üstündə güclü dura bilən ali təhsilli, peşəsi əlində bir xanım olduğu üçün cəmiyyətdə ona duyulan sayğı və sevgi bizlərə çox gözəl təqdim olunur. Deyəcəyim odur ki, əziz xanımlar, həyatınızı qurarkən keçdiyiniz yolları, xəyallarınızı, hədəfinizi və bütün şəfqətinizi sadəcə eşqə verib, özünüzü bir adama kölə olmağa həsr etsəniz, zaman sizi Sevdanı Ayazın qəlbindən silə bilmədiyi qədər şiddətlə adına eşq dediyiniz ərlərinizin ürəyindən sildirər, bəlkə də, sizin də adınızı "qadın cinayətləri qurbanları" başlığı altında statistikaya bir rəqəm olaraq daxil edər. Və siz Sevda ola bilmədiyiniz müddətcə sizin yerinizi Afəti şam işığında axtaracaq başqa afətlər doldurar. Özünüzə bu xəyanəti edib, gələcəyinizi və ruhunuzu yad qəlblərin torpağında soldurmayın.

Kinodakı obrazların rollarını laiqincə yerinə yetirməsi, güldürməsi və eyni zamanda düşündürməsi günümüzün kino sahəsində də öyrəniləcək çox şey vəd edən sərvətdir. Milli kinolarımız, bizim xalqımızın mədəni irsidir. Biz gənc nəslin borcu öz mədəni irsimizə sahib çıxıb onları layiqincə gələcək nəsillərə ötürməkdir. Mən öz növbəmdə kinonun linkini aşağıda yerləşdirməmişdən öncə ustadlarımızın əməyinə bir daha öz minnətdarlığımı bildirir və siz dəyərli oxucularıma xoş mütaliələr və izləmələr arzu edirəm.

 

https://youtu.be/JFGKyPqQuwA?si=pWIKMPklCCVe-bE8

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Zülfiyyə Yaqubun şeirlərini təqdim edir.

 

 

ATAMIN ÇÖRƏK PAYI

 

Günəşin üzünə baxıb gülümsədiyim
bir yurd vardı –
Buluduna baxıb ağladığım,
Otunu ayaqladığım,
qarını qucaqladığım.
Qum üstündə oynadığım,
O yer də darıxır, görən?
Darıxırmı eyvanında boz sərçələr?
Biz olanda səhər-səhər
Atam öz yemək payını
bölüb onlara verərdi.
Anam da baxıb deyərdi:
“Özünü ac qoyma belə,
Çörək tapılmayan vaxtı”'.
O gün qonşumuzu gördüm,
Deyir, sərçələr də köçüb
evin biz olmayan vaxtı...

 

 

UNUDAR ADAM

 

Özgələşdim hər kəsimlə,
Torpağıma, daşa yadam.
İnsan-insan yol dolaşıb,
İzini unudar adam.

Unudarmış sirlərini,
Aylarını, illərini.
Qucaqlayıb dizlərini,
Üzünü unudar adam.

Dualar cənnətdən ətir,
Qoxusu ovcumdan itir,
Kəlmə-kəlmə, sətir-sətir
Sözünü unudar adam.

Ömrün yalanı, düzü nə?
Kimsə görünməz gözünə.
Doğmalaşıb göy üzünə
Özünü unudar adam.

 

 

MƏKTUB  ƏLLƏRİM


Göydən yerə bir səs göndər, İlahi,
Kəlmə-kəlmə ruhum Səndə ərisin.
Gen dünyada Sənsizlikdən darılım,
Duyğularım ayaq açsın, yerisin.

 

Arzuların ala-toran vaxtıdır,
Günəş olsam, əridərdim həsrəti.
Qoy bu eşin səcdəsində alışım,
Dərdlərimə dərman olsun od ətri.


Can evimdən əza-əza ayrılıb,
Qürub çağı gözlərimə şeh dərim.
Mən ovcuma diləyimi danışdım,
Əlim məktub, söylə, necə göndərim?!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli ustad şairimiz  İbrahim İlyaslıdır.

 

-Xoş gördük, əziz İbrahim bəy. 

"Poeziya göylərin ab-havasını yerə ərmağan gətirmək, yeri qanadlandırmaq, canlandırmaq, ona uçuş əzmi vermək üçündür." - söyləyiblər. Əziz şairimiz İbrahim İlyaslının ruh aləmində baş verənləri peşəkarlıqla əql dünyasına ötürdüyü bizə məlumdur. Qəlbin ənginliyinin sirləri İbrahim İlyaslının qələmi ilə aşkara çıxması da ədəbiyyatsevərlərə tanışdır.

Poeziyaya tükənməz sevginizi gözəl bilirik və bu an üçün Əbülfəzqızı söyləsə ki, "Sevdiyin şeiri gəl mənə söylə" İbrahim İlyaslı hansı Şairimizdən şeir söyləyər?

 

-Şəhriyarın "Demişəm" rədifli şeiri var ya...

Şəhriyarın ilk baxışda adi və çox sadə görünən bu şeirində bol bir enerji var. Bu cür hallarla Səməd Vurğunun, Hüseyn Arifin şeirlərində də rastlaşmaq olur. Mətnin enerjisi adamı ağuşuna alıb aparır.

Dil rəvan, sözlər sadə, mətləb aydın, işıq ziyadə...

 

Yar qasidi

( Məhəmmədhüseyn Şəhriyar )

 

- Sən yarımın qasidisən

Əylən, sənə çay demişəm..

 

Xəyalini göndəribdir

Bəs ki, mən ax-vay demişəm..

 

Ax..! Gecələr yatmamışam

Mən sənə lay-lay demişəm..

 

Sən yatalı mən gözümə

Ulduzları say demişəm..!

 

Hər kəs sənə ulduz deyər

Özüm sənə ay demişəm..

 

Səndən sonra həyatə mən

Şirindisə, zay demişəm..!

 

Hər gözəldən bir gül alıb

Sən gözələ pay demişəm..

 

Sənin gün tək batmağıvı

Aybatana tay demişəm..

 

İndi yaya qış deyirəm

Sabiq qışa yay demişəm..

 

Gah toyunu yadə salıb

Mən dəli nay-nay demişəm...

 

Sonra yenə yasə batıb

Ağları hay-hay demişəm..

 

Ömrə sürən mən - qaragün

Ax demişəm, vay demişəm...

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam (Çünki qoşa şəklimiz yoxdu). Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. 

 

Zamanında (elə indi də) o ki var tərifləyiblər.  Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı.  Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı. Yalançı   tərifin əleyhinəyəm. Elə  həqiqətlərə kölgə salanların da.

Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB-yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm. (Kabinetinin qapısını). Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı  bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki...

Anar kökünə bağlı  yazıçıdı.  Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı  . Gəncliyim onun əsərlərinin arasında keçib.  Gecələr lampa işığına, ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar  oxumuşam. Bir də,  bir də.... Yazıçı  öyrədib, qoruyub, hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap  özünü  öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam.   Güvənə-güvənə, qoruya-qoruya, mübarizə edə-edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun "Sizsiz" əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt  daddırmışdı bizə Anar. Yetimləşmişdim  bircə anın içində ata-anam yanımda ola-ola.  Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını  bu qədər  hiss etməmişdim. Heç o çağacan  mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı. Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki   Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı  Anar olduğu üçün sevirdim yenə də. Zərrəcən  dəyişməmişdi duyğularım. Əvvəlki  çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə. 

Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin  orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa  girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu  bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan  xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə  bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə  üz-üzə qoymaqla gözəl həyat dərsi keçirdi  bizə. Bu da bir məsuliyyətdi.  Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gələ bilmirdik.  Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu. 

Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yazıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın.  Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran.

Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm  kimi.  Nə qədər  bacarıram, nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur. Özü də ömrünün 86-sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu "Dantenin yubileyi"-nə, " Gürcü familiyası"-na", "Təhminə və Zaur"-una, "Sizsiz"-inə, "Keçən ilin son gecəsi"-nə görə tanımışam. Bu tanışlığın içində dopdolu  sevgi və şükranlıq var.  

Təbrik edirəm. Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Oktyabrın 2-si idi. Səhər tezdən yerindən qalxıb yuyunmuş, yüngül səhər yeməyi yeyib vaxtın keçməsini gözləyirdi. Həsrətlə gözlədiyi gün gəlmişdi. Bu gün hər şey bitəcək, onu bezdirmiş bu tapşırıqdan da, bu şəhərdən də canı qurtaracaqdı. Ancaq hələ tez idi. Hamının evdən çıxıb işə getdikləri vaxtı gözləmək lazım idi. Adamların axını arasında daha az diqqət çəkəcəkdi. Saat 9-da isə iş yerlərinə gələn yüzlərlə adam eyni vaxtda ona lazım olan məkanda bir yerə yığışacaqdı. Bax bundan sonra o işini görüb oradan uzaqlaşacaqdı. Vəd olunan pulu ala bilməsi üçün hər şeyi dəqiq yerinə yetirməli idi. Saata  baxdı. Hələ saatın 9 olmasına qırx beş dəqiqə var idi.  Piyada gedəcəyi yola sərf edəcəyi vaxtı da təqribi hesablasa, bir saata hər şey bitəcəkdi. Pəncərəyə yaxınlaşıb küçə ilə keçən adamlara, maşınlara baxıb gülümsədi. Bir azdan bu şəhər bir-birinə dəyəcəkdi. Onun bu adamlarla heç bir qəsdi-qərəzliyi yox idi. Sadəcə onu iki ən böyük arzusuna çatdıracaq yol buradan keçirdi: çoxlu pul qazanıb ömrünün qalanını tropik ölkələrdən birində yaşamaqla keçirmək, ən əsası da gözəlçəsini, çox sevdiyi Anuşunu özü ilə aparmaq. Bu iki şeyin fonunda qalan nə varsa, onun üçün arxa plana keçmişdi-bu gün öldürəcəyi insanlar da, axıdacağı qanlar da...

* * *

Bütün gecəni gözümü yummamışdım. Həmişə mənə yaxın dostluq edən hissiyyatım heç yaxşı şeylərdən xəbər vermirdi. Xeyli şey öyrənə bilsək də, əsas məqamlar hələ məlum deyildi. Doğma şəhərimdə hər an dəhşətli partlayışın baş verə biləcəyi, ondan da doğma olan şəhər sakinlərinin həyatının təhlükədə olması fikri bir an da başımdan çıxmırdı. Səhərə qədər fikirləşmiş, təhlillər aparmışdım. İnternetə baş vurmuş, bəlkə üçgümbəzli kilsənin, ikibaşlı əjdahanın nəsə başqa bir məna verə biləcəyini axtarmışdımsa da, bu heç bir şey verməmişdi. Kilsə yazan kimi müxtəlif kilsələr haqqında ümumi məlumatlar, əjdaha yazıb axtarış verdikdə isə üçbaşlı əjdaha şəkli, onun mifik xüsusiyyətləri barədə bilgilər ekrana gəlmişdi. Solominin uşaqlıqdan rəssamlığa böyük sevgisinin olması, xüsusilə, başına gələn hadisələri tez-tez çəkməsi mənə açarın məhz bu şəkillərdə olduğunu deyirdi. Eksperiment üçün səhv yolda olduğumu fərz edib məsələyə əks tərəfdən də yanaşmışdım. Bu da heç nə verməmişdi. Yenə əsas ehtimalımın üzərinə qayıtmışdım. Bir insanı illərlə kəşfiyyat məktəbində hazırlamaq, onun bacarıqlarını mükəmməl həddə çatdırmaq olar. Ancaq uşaqlıqdan onun canına, qanına işləmiş vərdişləri unutması mümkün deyil. Çünki insan belə yaranıb. Sizə bir misal çəkim:Səhər yuxudan oyanmaq üçün saatın zəngini deyək ki, 06:48-ə, yaxud 07:26-ya quraşdırırsızmı? Əminəm ki, yox. Çünki hamımız bu halda dəqiqə üçün yuvarlaq ədədləri seçirik. Ya da, uzaqbaşı sonu 5-lə bitən ədədləri. Məntiq odur ki, biz özümüz də hiss etmədən, həyatımız boyu özümüzə bəzi şeyləri təlqin edirik və bunun niyə məhz bu cür olduğunun fərqinə belə varmırıq. Nəticədə ən əhəmiyyətsiz şeylər yaddaşımızda, xarakterimizdə dərin izlər qoyaraq az qala dəyişilməsi mümkün olmayan gündəlik vərdişlərə çevrilir. Sanki zəngli saata 06:50-nin yerinə 06:48 yazarıqsa, bu iki dəqiqə nəyisə dəyişəcək?! Dediyim məsələdə Solomin də istisna deyildi. Sizə ən əhəmiyyətsiz bir şeyi misal çəkməyimin səbəbi var. Əgər belə xırda bir şey hər gün təkrarlanan vərdişə çevrilirsə, Solominin uşaqlıqdan malik olduğu fitri istedadına söykənən məşğuliyyətinin qoyduğu izlər onu həyatı boyu izləməlidir. Elə bu dediklərimi əsas götürüb təhlillərimi bu istiqamətdə aparmışdım-«Koramal»ın tərgidə bilmədiyi, uşaq və yeniyetmə vaxtlarından ən sevimli məşğuliyyəti olan rəssamlığın onda qoyduğu izlərdən. Üstəlik də, Solomin kəşfiyyat məktəbində bayaq misal çəkdiyim kimi illərlə yox, cəmi bir il hazırlıq keçmişdi. Bu da dediklərimin xeyrinə olan daha bir arqument idi. Bir il, bir adamın az qala  sümüklərinə belə hopmuş vərdişlərini unutması üçün çox az müddət idi. Adam hətta həbsxana kamerasının divarlarını da cızıq-cızıq edibsə, məntiqimin əsaslı olduğuna şübhəm yoxdur. Saat 8:25-dir. Gecə axtarışlar aparan istehkamçılar işlərini bitirmiş olarlar. Mahirə zəng vurdum. Dərhal cavab verdi.

-Eşidirəm, Bəxtiyar.

-Bir nəticə varmı, Mahir?

-Təəssüf ki, yoxdur. Tam doğruluğuna əmin olduğumuz ehtimal puça çıxdı, qardaş. Siyahıdakı bütün yaşıllıq işləri aparılmış məkanları axtaran istehkamçılar heç nə aşkar etməyiblər. Heç bilmirəm neyləyim.

-Bəs Sultan?

-Axtarırıq. Bir aya yaxındır evə gəlmir. Bütün əlaqələri, ola biləcəyi yerlər nəzarətə götürülüb.

Susub fikrə getdim. Susduğumu görən Mahir, mənim də gecə ərzində nəsə əldə etmədiyimi başa düşdü. Səni yığaram,-deyib xətti kəsdi. Onun əhvalını başa düşürdüm.

* * *

 Güzgünün qarşısına keçdi. Qrim əşyaları əlində idi. Güzgüdəki əksinə gülümsəyib pıçıltı ilə dedi: Hə, İvan Solomin. Sonuncu dəfə İvan Nikolayev olmağın vaxtı çatdı. Bir neçə dəfə etdiyi üçün bu dəfə qrimlənməsi çox çəkmədi. Diqqətlə özünə baxdıqdan sonra hər şeyin qaydasında olduğuna əmin olub dolabın qarşısına keçdi və geyinməyə başladı. Bir azdan geyinib dəhlizə çıxdı. Onu bezdirmiş ayaqqabıları ayağına keçirib yenə gülümsədi. Sanki onlarla da vidalaşırdı. Sonra dönüb divara söykədiyi çəliyə baxdı.

-Hə, dostum, elə sənin də vaxtın gəlib çatdı…

* * *

Telefonu masanın üzərinə qoyub divana oturdum. Bu günə qədər istənilən vəziyyətdən çıxış yolu tapdığım halda indi sanki hər şey daşa dirənmişdi. Gecə yarısına qədər Mahirlə birlikdə apardığımız müzakirələr zamanı kiçik də olsa, bir fikir ayrılığı yaranmamışdı. Belə olmur. İki peşəkarın saatlarla apardıqları müzakirələrdən sonra gəlinən məntiqi nəticə özünü doğrultmaya bilməzdi. Hər şey isə əksinə alınmışdı. Yoooox, mən bununla razılaşa bilmərəm. Mütləq burada nəsə bir incəlik var ki, o məntiqdən kənara çıxır. Kilsə və əjdaha tapmacasını bir kənara qoyaq. Elə bilək ki, heç bunlar yoxdur. Bu halda məntiqdən kənara çıxan nə ola bilərdi? Yenə beynim sürətlə işləməyə başlamışdı. Vaxt gedirdi. Vaxt adamın xeyrinə işləməyəndə sanki dəqiqələr də ikiqat sürətlə ötür. Saata baxdım, 8:35-dir. Yaranmış qeyri-müəyyənlikdə hər ötən dəqiqə bizi gözlədiyimiz təhlükəyə bir az da yaxınlaşdırır. Qalxıb otaqda var-gəl etməyə başladım. Mahirin bayaqkı əhvalı onun ümidsizliyə qapılması deyildi. Sadəcə o da mənim kimi gəldiyimiz son qənaətin mütləq nəsə verəcəyinə arxayın idi. Məntiq bunu deyirdi. Heç kim müharibə şəraitində olan bir ölkənin paytaxtında, ciddi yoxlamaların aparıldığı bir şəhərdə, əlində partlayıcı olan çanta ilə haranısa partlatmağa getməz. Belə addım elə ilk dəqiqələrdən uğursuzluğa düçar olardı. Onlar bunu hesablaya biləcək qədər ağıllıdırlar. Lap əksini fərz edək. Deyək ki, onlar elə hər şeyi belə planlaşdırıblar. Onda bizə məlum olan Tərxan, Mahmud, Sultan onların nəyinə lazım idi? Elə buradakı rezidentləri lazımi anda partlayıcını Solominə verər, o da böyük risk altında nəzərdə tutulmuş məkana gedib partlatmağa cəhd edərdi. Yooox, yenə düz gəlmir. Əvvəla Solomin kamikadze deyil. Onun bu işə razılıq verməsinə öz səbəbləri var, ermənilərlə nə qədər dostluq etsə də, onların hansısa çürük ideologiyasına görə özünü ölümə atmaq ona lazım deyil və buna heç vaxt getməzdi. İkincisi, biz onların uzun müddət hazırlıq gördüklərini bilirik. Tərxanla Mahmudun öldürülməsi də bu son ehtimala heç bir yer qoymur. Biz doğru yoldayıq. Partlayıcı xeyli əvvəldən lazım olan məkana qoyulub. Sonra bu haqda məlumatlı olan adamlar daha lazımsız olduqları üçün aradan götürülüblər. Solomin təkcə hansısa yolla partlayıcını işə salmalıdır. Bu ən doğru ehtimaldır və mən yenə də gəldiyim qənaətimdə qalıram. Ancaq ən xırda bir şeyi nəzərdən qaçırmış ola bilərik, başqa heç nə. Həmin xırda şey qurduğumuz zəncirin tək bir halqası ola bilər. Çatışmayan halqası…

Var-gəl etdikcə növbəti dəfə otağın divarına çatdım. Geriyə dönəndə qəfildən gözüm qarşı divarda asılmış iri, şəkilli təqvimə sataşdı. Dünən sentyabr ayı bitmişdi. Oktyabrın  1-nə keçəndə onun vərəqini çevirmişdim. Oktyabr ayının təqviminin üst tərəfindən Bakı Bulvarının çox mənzərəli bir şəkli mənə baxırdı. Bakı gecəsinin işıqları dənizə düşüb orada əks olunur, dənizə xüsusi bir gözəllik verirdi. Ancaq indi mənim diqqətimi çəkən bu mənzərə deyildi. Döndüyüm yerdə, divara söykənib nəyisə yadıma salmağa çalışırdım. Bu təqvimi alanda əvvəlcə vərəqləmişdim, içərisindəki Bakı mənzərələrini çox bəyəndiyim üçün almışdım. Bütün diqqətimi təqvimə yönəldən, içimdən gələn bir hiss onu bir daha vərəqləməyimi deyirdi. Yaxınlaşıb təqvimi asdığım yerdən götürdüm və vərəqləməyə başladım. Yanvar ayından başladım. Çevirdikcə aylar bir-birini əvəz edirdi:  fevral, mart, aprel. Şəkillərə baxsam da, ağlıma heç nə gəlmirdi, hamısı tanış mənzərələr idi. Əlimi uzadıb növbəti vərəqi çevirdim. Növbəti may ayının təqvimi idi. Vərəqi çevirməyimlə bir anlıq yerimdə donub qaldım. Ancaq yalnız bir anlıq. Təqvimi kənara atıb cəld masanın üzərindəki telefonumu götürüb Mahiri yığdım. Təki o tez cavab verəydi.

 

  “Ədəbiyyat və incəsənət”

(18.03.2024)

 

 

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Qovurmali göbələk şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qovurma – 78 qr

§ Göbələk – 60 qr

§ Soğan – 15 qr

§ Kök – 35 qr

§ Pomidor (və ya tomat) – 45 qr

§ Yaşıl bibər – 30 qr

§ Kartof – 35 qr

§ Alça (və ya quru alça) – 10 qr

§ İstiot – 0,5 qr

§ Duz – 6 qr

 

HAZIRLANMASI:

Göbələk yuyulur, təmizlənir, nazik samanvarı doğranır, baş soğan təmizlənir, yuyulur, xırda doğranır. Pomidor yuyulur, doğranır. Kök yuyulur, təmizlənir, sürtkəcdən keçirilir. Kartof təmizlənir, yuyulur, xırda kvadrat şəklində doğranır. Qovurma qazana yığılır və ocağa qoyulur. Qovurma tam qızdıqda soğan və göbələk qazana əlavə olunur. Ərzaqlar qızardıqda digər tərəvəzlər əlavə edilir və tovlanır (qarışdırılır və qızardılır). Daha sonra pomidor, alça, işgənə əlavə edi- lir və bişməyə qoyulur. Bişənə yaxın isə duz, istiot, ədviyyat vurulur. Qaynayandan sonra 25-30 dəqiqə ərzində hazır olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

VAQİF MUSTAFAZADƏNİN 84-CÜ DOĞUM GÜNÜNƏ

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Görkəmli bəstəkar Tofiq Quliyev onu çox sevirdi, “oğlum” deyib əzizləyirdi. Onun dahiyanə caz-muğam sintezindən heyrət və məmnunluq duyurdu. 

Bəli, Vaqif Mustafazadə həqiqətən də fitri istedada malik idi. 

Növbəti qastrol səfəri Özbəkistana idi, yola düşərkən Tofiq Quliyevə dedi ki, qayıdım gəlim, görüşək. Ancaq qayıdıb gələ bilmədi. Çox cavan yaşında ömrü yarıda qırıldı. 

 

Ötən gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü idi. Anadan olmasının 84-cü ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə, qeyd etdiyimiz kimi, muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

Bu cəhətdən, musiqimizin dünyada fəal təbliğatçısı olan Şahin Novrəslini qeyd edə bilərik. 

1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəllimi olan anası məşğul olur. Elə anasının ixtisası da balaca Vaqifin gələcək taleyini həll edir. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Vaqif Bakı Musiqi Akademiyasına daxil olur və burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, bu dövrdə əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.

Deyilənə görə, o illərdə qadağalar aradan götürülür, qərbə bağlanan qapılar açılır, qərb mədəniyyəti sosializm düşərgəsinə - SSRİ-yə sirayət edirdi. 

1964-cü ildən Vaqif Mustafazadə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib, beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.

O, 1979-cu il dekabrın 16-da - həmin o əvvəldə qeyd etdiyimiz Tofiq Quliyevə qayıdarkən görüşmək vədi vermiş səfəri zamanı Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.