Super User

Super User

Çərşənbə axşamı, 19 Mart 2024 10:45

Şəhidlər barədə şeirlər – Ruslan Abbasov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ruslan Abbasova  həsr edilmiş şeirlə tanış olacaqsınız.

         

RUSLAN HİKMƏT OĞLU ABBASOV

(25.05.2000.-14.10.2020.)

 

Qaradağ rayonunun Sahil  qəsəbəsindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 MƏRD RUSLAN

 

Vardı təbəssümlü üzü,

İnamlı baxışı, gözü,

Mənalıydı hər bir sözü,

Hər kəlməsi  “bəli”, “hə, can”,

Qoçaq, igid, mərd Ruslan.

 

 Dərindi  ağlı, kamalı,

Düzlük idi  saf amalı,

Saysızdı arzu, xəyalı,

Sahil doğulduğu məkan,

Qoçaq, igid, mərd Ruslan.

 

Əsgər oldu –  zirək, cəsur,

Qorxmaz, güclü, mətin, məğrur,

Vətən ondan duyur qürur,

Düşmənlərə uddurdu qan,

Qoçaq, igid, mərd Ruslan.

 

Düz yeddi postu aldılar,

Düşməni dərdə saldılar,

Qəlbdə əbədi qaldılar,

Qisas hissi olur  yaman,

Qoçaq, igid, mərd Ruslan.

 

Hər kəs ola bilməz igid,

Komandirlər buna şahid,

Füzulidə oldu şəhid,

Dağ-dərəni aldı duman,

Qoçaq, igid, mərd Ruslan.

 

Verdi canın torpaq üçün,

Üçboyalı  bayraq üçün,

Xoş gələcək, növraq üçün.

Unudulmaz heç bir zaman,

Qoçaq, igid, mərd Ruslan.

 

“Ədəbiyyat və incəsənətz”

(19.03.2024)

 

Çərşənbə axşamı, 19 Mart 2024 11:30

Bozqurd – azadlığın və cəsarətin simvolu

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, heykəl, adət-ənənələr, mərasimlər vardır. Amerikada yaşayan Mayya tayfaları bu gün də qurda sitayiş edirlər, Romanın simvolu kimi qurd qəbul edilir, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər, Avrasiyada qurd daha çox yol göstərən kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər. Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda da xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurdbaşlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib.

 

Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd (Bozqurd) kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə Bozqurd həmişə müqəddəs tutulmuşdur. Bəzi türk xalqları bozqurdu hörmətlə tanrı oğlu adlandırırdılar. Altay dağlarında, qədin hun məskənlərində çoxlu qurd tanrı heykəlləri, dişlərini qıcırtmış və quyruğunu belinə qaldırmış zolaqlı qurd təsvirləri və petroqlflər vardır. Şəkidə e.ə. III-II yüzilliklərə aid qurqandan tapılmış boyunbağının üzərində qurd şəkilləri təsvir edilmişdir. Qədim türk əfsanə və dastanlarında çoxlu qurd personajlarının və onlara xüsusi ehtiramın olduğunu görürük. Göytürklərin göy bayraqlarında qurd başı rəsmi vardı. Qədim türklərin dini inanışlarından danışan Çin qaynaqlarında Ötüken (kultdur) qurdbaşlı varlıq olaraq xatırlanırdı. Ə.Firdovsi “Şahnamə” əsərində türklərin yaşadığı yerləri “keşvare qorqsar” (“qurdlar məskəni”) adlandırır.

Xalq inanclarında qurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılırdı. Yuxuda və ya gəzərkən qurd görmək xeyirə yozulardı. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular, yeni doğulan oğlan uşağının beşiyinin dörd tərəfinə qurd şəkli çəkilərdi. Qurdun parçaladığı qoyun murdar sayılmazdı. Südü kəsilmiş anaların yenidən südünün gəlməsi üçün qurd əli dualarla qadının döşlərində gəzdirilər, bədəninin bir yerində ağrısı olan və ya boğazı gələn uşaqların ağrıyan bölgələrinə “qayıt, qayıt” deyilərək yenə qurd əli sürülərdi. Bizcə, bu örnəklər qurdun əski türk düşüncə və inancında hansı anlam daşıdığını bəlli etmək üçün kifayətdir.

Onu da qeyd etmək lazımdır ki, bu inancların bir qismi indi də yaşamaqdadır. Qurd adı ilə bağlı çoxsylı toponimlərin mövcudluğu, yuxarıda göstərilən inanclarla yanaşı, qurdu söymək və ona qarğımağın günah sayılması, “qurd üzünün mübarək” hesab edilməsi, şansı gətirən adama “qurdu uladı” və ac adama “qurd kimi acımış” deyilməsi, qorxmaz, cəsur, dözümlü və təcrübəli insanlar barədə söylənilən “qurdlarla dolaşır”, “qurd ürəyi yeyib”, “qurd kimiöz qanını yalayır”, “qurdla qiyamətə qalacaq”, “qoca qurd” kimi ifadələr, qurdla bağlı andlar (“Bozqurdun ruhuna and olsun”, “And olsun Bozqurdun mübarək üzünə” və s.), atalar sözləri (“Qurdun adı, yesə də, qurddur, yeməsə də”, “Qurdun səbəbinə quş da yeyər”, “Qurdu nə qədər əhilləşdirsən, gözü yenə meşəyə baxacaq.” və s.), məsəllər (“Kor qurdun qismətini verən Allah mənim də qismətimi verər”, “Qurd getdi yazıya, meydan qaldı tazıya”, “Süfrəmizin qurd payı” və s.), nağıllar (“Kor qurdun qisməti” və s.), oyunlar (“Yoldaş, məni qurd apardı” və s.) , adətlər (“Qurd ağzı bağlamaq”, “Qurd ayağı gətirmək” və s.) və s. qurd barədə əski inancların uzantısı olub, hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə cağdaş türkün əski türklə düşüncə ortağı olduğunu bildirir.

Əski türk dastan, əfsanə, nağıl, atalar sözü və məsəllərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində (xüsusən poeziya nümunələrində) “qurd” sözünün, o cümlədən “Kitabi Dədə Qorqud” dastanının müxtəlif boylarında rastlaşdıqları “qurd üzü mübarəkdir, qurd ilə xəbərləşim”, “qara başım qurban olsun, qurdum, sana”,”issiz yerin qurdu kibi ulaşdılar”, “əzvay qurd ənügi erkəgində bir köküm var”, “yeni bayırın qurduna bənzər igidlərim”; N.Gəncəvinin “İsgəndərnamə” poemasında “Gəldi qurd ağzından sübhün nəfəsi, Keşikçi itinin kəsildi səsi” beytindəki “qurd ağzı”; “Koroğlu ilə Bolu bəy” qolunda “yeyib qurdlarınla ulaşım, dağlar”, Koroğlu qoşmalarındakı “gərək budur qurddan olan qurd olsun”, “… adım qurd oldu, qurd oldu” deyimləri; atalar sözlərində təsadüf etdiyimiz “Qurd görəndə salavat çevir”, “Qarşına qurd çıxsa, əlinə pay gələr”; müasirlərimizin şeirlərindəki “qurdbaşlı bayrağın balası bayraq” (B.Vahabzadə: “Bayraq”), “Dur, özünü bozqurd eylə” (M.Araz: “Ayağa dur, Azərbaycan), “Bozqurd sənsən, bozqurd mənəm, Bu qurd kimi düşmənimi bir gün yenəm” (X.Rza: ”Bozqurd”), “Namazını qurd üzünə, Yarpaq üstə qılan gəlsin.”, “Yuxumda bir ağız qurd ular keçər” (R.Behrudi: “Vida türküsü” və “Boz qurd”), “Mən bir acıyalquzağam, Qurd ulayır içimdə” (M.Yaqub: “Tənhalığın üsyanı”), “Qorqudun, boz qurdun, türk ulun olum” (F.Böyükkişi: “Mən də sənin kimi təkəm, tənhayam…”) və s. kimi ifadə və cümlələrdəki “qurd” sözü ilə tez-tez rastlaşırıq.

Türk inanışlarına görə Bozqurdun rolu (funksiyası) üç şəkildədir; ata (əcdad), rəhbər (yol göstərən, hami) və qurtarıcı (xilaskar).

Qədim türklər özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda - ilkin zamanda - əcdadlarının zamanında yaranışlarında, soylarında qurdla qohumluq bağları olduğunu iddia edər, nəsillərinin bu müqəddəs varlıqdan törədiyinə inanardılar. Təsadüfi deyil ki, mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində ana (məsələn:“Bozqurd” və “Asena” dastanlarında), bəzilərində ata (məsələn: “Törəyiş”, “Doqquz Oğuz – On Uyğur” dastanlarında) olaraq görülən Bozqurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Bir hun əfsanəsində doqquz oğuzların törəməsini qurd – insan cütləşməsi davam etdirir. Çou-shu adlı Çin xanədan xronikasında törəyiş əfsanəsi ilə ilgili xəbər, Ərgənəkon dastanı və çox qədim bir türk əfsanəsində dişi qurdun tək qalmış uşağı himayə etməsi, VI əsrə aid bir daş qəbirdə, Kül Tikin kitabələrinin birində qurddan süd əmən uşaq təsviri, 1957-ci ildə (sonuncu fakt) Türkmənistan ərazisində insan övladının qurdlar tərəfindən bəslənilməsi hadisəsinin baş verməsi və dıgər mənbələr də deyilənlərə inam oyadır.

Türklər boz qurdu həm də bir hami, rəhbər kimi qəbul edirlər. Mifoloji materialarda, o cümlədən qədim türk dastanlarında görürük ki, millətin həyatının həlledici anında Bozqurd onlara yol göstəirir, rəhbərlik edir. Məsələn, “Ərgənəkon” dastanında və “Kut dağı” əfsanəsində Bozqurdun rəhbər rolunu aydın görmək mümkündür.”Oğuz Xaqan dastanı”nda Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir.

Materiallar Bozqurdun həm də qurtarıcı olduğunu deyir. Türk zor duruma düşəndə bozqurd ortaya çıxaraq onu qurtarır. “Köç”, “Manas”, “Ərgənəkon” dastanlarında bozqurd qurtarıcıdır. İndiyədək qurd mövcud olan bir tatar əfsanəsində görürük ki, meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbiləni bir qurd mühasirədən çıxarır, məhv olmasına imkan vermir.

Bozqurdun əcdadlıq funksiyası əsasən Göy Türk xaqanlığında tanınmışdır. Oğuzlarda onun əsas funksiyaları yol göstərən və xilaskardır.

Gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk Bozqurdu simgə olaraq seçib. Bozqurdun simgə olduğu sürəcdə türk yenilməz olub. Məhz bunu çox yaxşı bilən türk düşmənləri Bozqurdu, əslində bozqurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişi gözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiyədə kommünizmi yerləştirmək üçün öncə onlara dinlərini, milliyyətlərini unutdurmak və qafalarına yerləşmiş olan Bozqurd əfsanəsini söküp atmak lazımdır.”

Bəs nə üçün türklər digər yırticıları deyil, məhz qurdu əcdad, rəhbər və xilaskar “seçir”? Bu məsələ türk etnik-mədəni sistemi çərçivəsində aydınlaşdırılmalıdır. Onlar bilməlidirlər ki, qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətləri hansılardır və onların hansı xüsusiyyətləri şüurlu insanın davranışına daha yaxındır.

Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapınmışdı. Heç təsadüfi deyildir ki, Səlcuqilər dövründə güney Azərbaycanda yaradılan bir nimçədə yazılmışdı: “Türklə ucuz başla danışmaq olmaz.” Dünyanın cansız əşyalara tapındığı dönəmdə türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılışdan ruhu ruhuyla tən gələn Bozqurdu məhz əlçatmaz ruhuna görə sevdi, əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Türk güc axtarışında olsaydı, aslanı, pələngi və s. simgə seçərdi. Bozqurdu simgə olaraq seçən türk Bozqurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu. Bu ruh türkün enerji qaynağı oldu.

Qədim türklərin düşüncəsinə görə, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş canlılardır. Tədqiqatçılar (M.Seyidov, M.Həkimov, N.Hacıheydərli, C.Bəydili, C.Bayramlı, O.Salayev, R.Qafarlı və b.) türklərin xarakterik xüsusiyyətlərinin bir çoxunun qurd psixologiyası üzərində qurulduğunu və haradasa onu xatırlatdığını göstərirlər. Məsələn, aşağıda qeyd edilənlərə diqqət edək:

       1.Qurd azadılıqsevən heyvandır. Həmişə azadlığa can atır. O, yeganə yırtıcı heyvandır ki, əhilləşdirmək və zəncirləmək mümkün deyil. Pəncəsi tələyə düşəndə belə qurd onu dişləri ilə didib-parçalayıb özünü xilas edir. Əğər bozqurd ona saldıran çox sayda yırtıcının qarşısında çıxılmaz vəziyyətdə qalarsa, əsir olmamak için köksünü parçalayıp özünü öldürür. Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki Bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu türklərinin, habelə, bütün türklərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: ”Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər”; Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: “Türklər sizə toxunanadək onlara toxunmayın”.

2. Qurd heç vaxt təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Onun öz lideri var. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz. Türklər, onun liderləri də hər zaman öz dövlətinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər.

        3. Qurd ailəsinə, evinə sadiqdir. Balalarının, “xanımının” yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna kimi başqa dişi ilə “evlənmir”. Dişisini başqa bir erkəklə görən qurd onu parça-parça edib, yalquzaq kimi yaşamağa belə razı olur.

4. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç bir canlı ala bilməz.

5. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan qurd ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və Tanrıya məxsus olduğunu göstərir. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Qurdun ulaması birliyə çağırış kimi mənalandırılır .

Sadaladığız xüsusiyyətlərin böyük əksəriyyətinə türklərin psixologiyasında rast gələ bilərik. Türklər özləri də xasiyyət və davranışları ilə qurd arasında elementar oxşarlıqlar görürdülər. Hətta aypara taktikası (və ya Turan türk taktikası) adı verilən yarımçevrə ilə düşməni ortaya götürüb çevrəni qapamaq strategiyasının qurdlardan götürülərək ilk dəfə türklər tərəfindən tətbiq edildiyi ehtimal olunur.

Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran!”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşır. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.

Qurdların növləri çoxdur. Bəs nə üçün türklər ancaq Bozqurdu simgə kimi qəbul edirlər? Çünki qədim türklərin psixologiyası ancaq bozqurdun “psixologiyası” ilə tən gəlirdi.Yuxarıda göstərilən nümunələr də bunun sübutu ola bilər.

“Bozqurd” və ya “göy saçaqlı qurd” adlanan heyvan yalnız müəyyən zamanda zühur edir və yalquzaqdır. Yəni o digər heyvanlar kimi təbiətdə yaşamır, səmavidir. Ancaq ehtiyac olduğunda, türklərin çətin zamanında izə çıxır. Əski türk dastan, əfsanə və deyimlərində Bozqurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmiş», «göy mənşəli», «qutsal», “qurd” sözü isə “qurtuluş” anlamındadır . Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də göydən enən ağ işığın içindən çıxdığını görürük. Əksər hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur.

Əski türk isə yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verirdi. Bir sözlə, əski türklərin Bozqurdu simvol olaraq seçməsinin iki ana səbəbi olmuşdur:

1.Bozqurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri

2.Bozqurdun Göy mənşəli (gök kurt) – müqəddəs olması

Bu xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər.

Yəqin çoxunuz qurd adam, yaxud ay bədirlənəndə bəzi insanların qurda dönməsi barədə əfsanələri eşitmiş və ya oxumusunuz . Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının mifoloji mətnlərində (məsələn: “Qurd Zalxa” və “Qurd adam”) insanın qurda çevrilməsi barədə kifayət qədər material vardır. Vaxtı ilə tarixin atası sayılan Hedrodot da öz əsərlərində bu barədə söhbət açmışdır. Tarixdə 1520 – 1630-cu illərdə Avropada otuz mindən çox qurd adam hadisəsi qeydə alınmışdır. Son illərdə məlum olmuşdur ki, sovetlər dönəmində Moskva və Sank- Peterburqdakı institutlarda gizli şəkildə insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırmış.

Elm bu yaxınlara kimi insanın qurda çevrilməsi fonemini rədd edirdi. Lakin son vaxtlar Rusiya Milli Elmlər Akademiyası və Amerika Səhiyyə Assosiasiyası apardıqları ekspedisiyaların nəticələrinə əsaslanan dəqiq faktlar və dəlillərə istinad edərək bəyan etdilər ki, insanın qurda çevrilməsi fenomeni var. Rusiyanın şimallarında məskunlaşmış, əsasən, türk əsilli xalqların şamanları, Şimali Amerika hinduları (əsasən türk əsilli), Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri elmi məqalələrlə təsdiq olunur .

Məqalələrdə göstərilir ki, türk şamanlar arasında müxtəlif dua və ayinlərin köməyi ilə asanlıqla qurda çevrilə bilənlər (onlara “noyd” deyirlər) indi də vardır. Bu zaman onların insan olduqlarını ancaq gözlərindən və səslərindən tanımaq mümkün olur.

Qurda, o cümlədən digər canlılara çevrilmək insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunun sübutudur. Mifoloji tədqiqatlar göstərir ki, fərqli coğrafiyalarda yaşayan insanlar ancaq qurda yox, digər canlılara da (məsələn: ayı, maral, bizon, sırtlan (leşlə bəslənən çirkin üzə sahib heyvan) və s.) çevirlə bilirmişlər. Qurda isə daha çox türk əsilli xalqların nümayəndələri dönürlərmiş. Bizcə, türkün digər canlılara yox, ancaq qurda çevirilməsinin əsas səbəbi yuxarıda da qeyd etdiyimiz, kimi ortaq xarakterlərin olması, bozqurda olan ehtiramın təzahürüdür.

Tədqiqatlarda qeyd edilir ki, mifoloji mətnlərdə heyvanın əcdad, soybaşı kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir, yəni soykökündə boz qurd kimi şüsaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə hədəflənir, onun bioloji əcdadı olmasına yox.

Beləliklə, əcdad, rəhbər – yol göstərən, xilaskar – qurtarıcı funksiyalarını yerinə yetirən qurd türklərin ədəbi-bədii təfəkkürdə azadlıq, işıq, mərdlik, yurdsevərlik, sadiqlik, liderlik, ən başlıcası türkçülüyün simvolu kimi anılaraq qəbul edilir və özünün tarixi-fəlsəfi, o cümlədən ideya yükünü hələ də ünvanlara çatdırmaqda davam edir.

Bu gün Bozqurdla bağlı mifoloji elementlər, sözün həqiqi mənasında, milli estetik fikir yatırımına, yetişməkdə olan nəslin azadlıq və istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşması və təkamülünə güclü təsir vasitəsinə çevrilmişdir. 44 günlük Qarabağ savaşında oğullarımızın qəhrəmanlıqları və onların divarlara, qayalara cızdıqları Bozqurd rəsmləri, şəhid gizirimiz X.Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bir çoxlarının Bozqurd işarəsini göstərilməsi bunun ən gözəl sübutudur.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

 

 

 

 

 

 

Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz" aylıq ədəbiyyat dərgisi unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi elan ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə öz şeir nümunələri ilə qatıla bilərlər.  Şeirlərin yeni, yaxud köhnə, dərc edilmiş, yaxud edilməmiş  olmasına fərq qoyulmur. 

Müsabiqənin Təşkilati dəstəkçisi “Kəpəz hospital", informasiya dəstəkçisi “Ədəbiyyat və İncəsənət" portalıdır. 

 

1. Şeirlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçtuna göndərilir.   

2. Hər müəllif yalnız iki şeirlə iştirak edə bilər.  (Vord formatda)                                

3. Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.

 

Mükafat fondu və mükafatlandırma mərasimi barədə sonrakı günlərdə məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 11:00

“Yağışlı mart səhərində” - ƏDƏBİ DEBÜT

“Ədəbiyyat və incəsənət” portalı gənc Aytac Yolçunun ədəbi debütünü - “Yağışlı mart səhərində” adlı hekayəsini təqdim edir. 

 

Yağışlı bir mart səhəri Bakının dar dalanlı küçələrində tələsik, olduqca iti addımlarla, əlində qəzetə bükülmüş çörəklə irəliləyən qara paltolu, bəstəboy oğlan onun diqqətini cəlb etdi. Pəncərəni açıb arxası ilə hansı tərəfə getdiyini görmək üçün boylandı. Uzun illər burada yaşamağına baxmayaraq onu buralarda ilk dəfə görürdü. Üzünü tam görməsə də ilk baxışda elit, əfəndi, gənc və yaraşıqlı biri təsəvvürünü bağışlamışdı. Xarici görkəmini xəyal etdikdə yerişi və qaməti onu bir az daha əlçatmaz edirdi. Bu vaxt yağış damcıları sanki pəncərəyə yox, Elinanın duyğularına damlayırdı. Səbəbsizcə yad adamı xəyal edib təsəvvüründə yarımçıq obrazını tamamlamağa çalışırdı. 

 

Günlər yerini bir-birinə verir, saat 12 rəqəmin üstündə tez-tez dövr edir, saniyələr dayanıb rəhm etmirdi. Elina hələ də əli çənəsində pəncərə önündə onun ruhunu tilsimləyəm naməlum gənci gözləyirdi. Öz-özünə düşünürdü ki, niyə anlıq şeylər bu qədər dərin məna kəsb edir. Onu bir də görə biləcəkdimi? Eyni hislər onun daxilində yenidən tüğyan edəcəkdimi? Günəşin şüaları qarşı binaların üzərində əriyib itərkən Elina dik atıldı. Adam yenə eyni geyimdə idi. Bu dəfə məsum bir görüntü daha var idi. Əlindən tutduğu  uşağın hoppanmağına icazə verir, onunla bərabər addımlarını sayırdı- "bir-iki-üç". 

Dərinlərdə itib-batan Elina uşağın gülüşlərinə yuxudan ayılmış kimi oldu. İki-üç  yaşlı, sarı və qıvrım saçları olan ağbəniz oğlan çox sevimli görünürdü. 

Demək, o evli imiş.

Elinanın təbəssümünün üzündə solduğunu iki mərtəbə aşağıdan da hiss etmək oludu. 

Onlar uzaqlaşmadan geri çəkilib pəncərəni bağladı və məyus bir halda dərindən ah çəkərək başını yellədi. Gəlib yazı masasının arxasında əyləşdi. Qələmini bir neçə dəfə mürəkkəbə daldırıb çəkdi. Bir azdan kağız üzərində şütüyən hərflər və yanağından süzülüb axan yaşlar birləşib yeni rəng aldı. Əlini qələmdən çəkib masanın üstündə çarpazladı, üzünü qollarına söykəyərək gözlərini yumdu. 

Bir neçə dəqiqə sonra otağa daxil olan Rema bacısının yenə yazıları üzərində yuxuya getdiyini gördü, gülümsəyib başını yellədi. Astaca yaxınlaşaraq yarı qolunun altında qalmış vərəqləri sürüşdürüb çıxardı. Yazı belə başlanırdı: "Bu dəfə də yanıldım. Onun da görünüşü məni yanıltdı. Bəlkə özlüyündə o da iradəcə, daha doğrusu, mənəviyyatca zəif biri idi. Onun da düşüncə və istiqamətlərini, fikir və qərarlarını başqaları idarə edə bilirdi. O da özünü başqalarının vicdanına əmanət edirdi. Öz fikri, öz yolu yox idi. O da məcbur olmadığı vaxtlarda yalan danışan, buna baxmayaraq özünün doğruluğunu diktə edən biri idi. Yaraşıqlı, sevəcən, əyləncəli və bundan daha çox əsəbi, sərt və kəskin xarakterə malik idi. Bəlkə onun da görünüşündə, vücudunda, bir sözlə, xaricində görülməyən, olmayan xətalar ruhunda, mənəviyyatında gizlənmişdi".

Bu da bir təsəlli idi. Sənin olmasını istədiyin, amma sənin olmayan birisində qüsurlar axtarışı. 

Bəlkə o pisdir?

Bəlkə də! 

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 10:30

Fəxrəddinin faciəsi bu gün də aktualdır

Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət”

 

Əziz oxucularım, bu gün sizlərə dramaturgiyamızdakı ilk faciə haqqında maraqlı məlumatlar təqdim edəcəyəm. 

 

Söhbət Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılmış “Müsibəti-Fəxrəddin" əsərindən gedir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. Əsərdə dramaturqun azadlıq və humanizmlə bağlı ideyaları öz əksini tapmışdır. Fikrimcə, yazıçı cəhalətlə mübarizəni tək bir insana, bir ailəyə aid yox, bütün ölkənin, humanizmin mübarizəsi kimi qələmə vermişdir. Əsərdə diqqəti daha çox çəkən obrazlar Rüstəm və Fəxrəddin obrazlarıdır. 

Rüstəm bəy obrazı yeniliyə, inkşafa qarşı çıxan nadan mülkədarları təmsil edən obrazdır. Biz bu obrazın xarakterini əsərin lap əvvəlindəki monoloqdan bilə bilirik. Təəssüf ki, o hələ də cəmiyyətdə olan bəzi geri qalmış tiplərdən biridir. Bəli, o mənfi adətləri qoruyan, qan davası anlayışını əsas sayan, nəticədə nələrin olacağını düşünmədən, düşünərsə belə, nəticə nə olur olsun, öz fikrindən dönməyən bir obrazdır. Hətta o, bu qan davası nəticəsində gözünü necə qan tutubsa, nəinki davalı, qanlı  olduqları ilə,  hətta öz övladları ilə də naqiscəsinə davranır. Sonda biz onun faciəsini görürük ki, bu da tək onun yox, bütün geriliyin faciəsidir. 

Ancaq bunlarla bərabər Rüstəm bəy övladlarının təhsilinə də önəm verir, oğullarının ölümündən sarsılır, gec də olsa günahını anlayır. Bu faktlara əsasən deyə bilərik ki, Rüstəm bəy ziddiyətli obrazdır.  

Bu obrazın əksini isə nadanlıqla mübarizə aparan Fəxrəddin obrazında görürük.  O inkşaf üçün çalışır, öz büdcəsindən xəstəxana və məktəb açdırır. Bu işləri həvəslə görür. Sonda ölümü faciəli olsa da onun əkdiyi bu inkşaf toxumları gələcəkdə onu daima yaşadacaqdır. 

Eyni zamanda bu əsər bir yeniliyi də ədəbiyyatımıza gətirib. Səadət xanım obrazı ilə dramaturgiyamıza ilk maarifçi qadın obrazı yaradılıb. Bu nəcib qız Fəxrəddinlə həmfikirdir. 

Həmçinin digər Mələk xanım, Şahmar bəy, Cahangir bəy, Mahmud bəy, Əhməd, Gülbahar, Hürü nənə kimi fərdi xüsusiyyətləri ilə seçilən obrazlar olan bu əsər əminəm ki, gənclərə  köhnəliklə yenilik arasında olan çəpəri görməyə və o çəpəri yarmağa kömək edəcəkdir.

 

Şəkildə: Füzuli Dram Teatrının ifasında “Müsibəti-Fəxrəddin” tamaşası nümayiş edilir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 10:15

Kukla Teatrı Lənkəranda!

Azərbaycan Dövlət Kukla Teatrı Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Məlikməmməd” tamaşası ilə çıxış edib. Bu barədə teatr məlumat yayıb. 

 

Məlumata görə, xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan səhnə əsərində canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdəti göstərilib.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və digər aktyorlar ifa edib. Qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizlərə güneyin növbəti şairini - Məryəm Qurbanzadəni təqdim edir. Onun şeirlərini bəyənəcəyinizə əminik. 

 

I

 

Saçlarımdan

Bağlama teli yaradın

Gələcək aşiqlər mahnısız qalmasın bəlkə.

Tarixdən sonraya yazdı bunu qadın

Yəni:

“Mən”.

 

1.

Yazdım eşq

Oxudunuz daş-qalaq.

Gözlərimin yaşına baxmayanların

Anası kim idi, kim?

 

2.

Evin adresi mənəm

Dünya ətəyimdir.

Daşlarını atdım

Bir

Bir

Ayrıldınız sonra

Savaşdan sonrakı barışın yolu mənim bağrımdı

Açdım sizə bağrımı

Gözlərimdə bağladınız ağrılarımı.

 

3.

Qırılmış aynada qanad açdım yalqızlığa

Gözlədim gələcəyi gəlmədən

Sən hayandasan oğlum!

Bir

Güllə açıldı bağrında qaranlıq gizlənən dünyada.

 

4.

Əllərim

Qırılmış telləridir bağlamanın

Oy gözəlim, hüznümün qanadsızlığı oy...

 

5.

Ağarmış saçlarıma

Qonaq çağırdınız qışı

Yaz

Gələcək alın yazımdır mənim

İcazə versəniz:

Çiçək qondura bilərəm dodaqlarınıza.

 

6.

Sürgün gedən qızcığazların baxışında

Yerə töküldü ruhum

Savaşdan qalan həyatın yükünü

Çiyinlərimdə dolandırıram

O isə

Siz

Xəritələrin üzünü qaralayırsınız.

 

7.

Dünyanın dərdini

Köksümdə yirğalayıram

Süd verirəm

Lay-lay oxuyuram

Amma hayıf

Amma hayıf

Əllərinizdə tüfəng tumurcuqlanıt yenə

Hansı ananın bağrında

Sovrulacaqsınız?

Hansı?

 

II

 

Yazdım

Sarıldım

Qoxusunda torpaq göyərmiş

Yağısın göz bəbəklərinə

Və tanrı

Əlləri ciblərində tikilmiş buludlara

Göy qurşağı ilə

Sehirbazlıq edir.

Özlərim səni

Ölümü özlərcəsinə.

Sevdim səni

Üsyanı sevərcəsinə.

Gözləmək göz bəbəklərimdə tumurcuqlanıb

Savrulmadan öncə

Sənə qayıdacağam.

Bir qırpım göz ver mənə

İşığım

Saçlarının qaranlığında

Gizlən-qaç oynasın.

 

III

 

Sevməkdən sonra gələn söyüşdə

Yara açdı bağrım.

Titrek barmaqlarımla susqunluq basdım ağrıma

Hansı yalqızlığımın qulağına fısıldayım qadın olduğumu?

Hansı quşun qanadına bağlayım üsyanımı?

Hansı köksün ümidində ağlayım gələcəklərimə?

Ötürdüm

Dəniz göyərdi gözlərimdə

Qüllabın qulağına asılmıs

Bir balıq kimi,

Ağzı açıq qaldı

Sorğularına, bu şeirin.

 

Özümü deyirəm.

 

IV

 

Güzgüdəki pəncərənin yalqızlığını

Kim quylayacaq?

Düşündüm və

Qürbətdən sonra gələn adım kimi

Həsrətə topladım saçlarımı.

Oturdum

Tikə parça yaşadığım özümü

Tikiş tikdim oğlumun həyatına.

Gözlərimdə titrəyən qorxunun adını

Qadın qoydu tanrı.

Ağladıqdan sonra gülümsədim buna, evi yığışdırıb,

Göz yaşlarımı açıqladım pəncərələrə

Bir ibkisin ayaqlarına yapışıb sürüklənən ömrümə

Göyü açıqladım,

Səssizliyində qanad qucaq açdı sanki.

Durdum

Getməməyə

Ümid verdim

Yenə.

 

V

 

Biz də sevdalandıq

Biz də şeir yazdıq

Biz də üsyan yandırdıq boğazlarımızda

Amma

“Sevdada erkək olmalısan” – dedilər.

“Şeirdə kişi olmalıdan” – dedilər.

“Səsin boğazında sınmalıdır” – dedilər

Ayaqlarımızın altındakı cənnətə yol tapmaq üçün

Qorxuluq qoydular

Göyərməmiş tarlaların ortasında bizi.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Çərşənbə axşamı, 19 Mart 2024 10:00

Arif Hüseynovun rəsmləri Ankarada sərgilənir

Xəbər tutduq ki, Azərbaycanın xalq rəssamı Arif Hüseynovun rəsmləri Ankarada sənətsevərlərlə görüşür.

Sakuder Akademi İncəsənət Mərkəzində TÜRKSOY-un dəstəyi ilə təşkil olunan rəsm sərgisinin açılış mərasimində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının -  TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf mərasimdə çıxışında Arif Hüseynovun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının rəssamı olduğunu vurğulayıb. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan xəbər verilib. 

 

Xəbərə görə, Sait Yusuf çıxışının davamında “Türk sivilizasiyasını dünya sivilizasiyaları tarixindən silsək, dünyada sivilizasiyanın adı ilə adlandırıla biləcək heç bir şeyin qalmayacağını” deyib və bildirib ki, onlar TÜRKSOY olaraq Arif Hüseynovun rəsmlərinin sənətsevərlərlə görüşünə öz töhfələrini verməkdən çox məmnundurlar. 

Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin baş katibi İslam Quliyev TÜRKSOY-un türk dünyasının mədəniyyəti və sivilizasiyası naminə gördüyü işləri yarandığı gündən çox alqışladığını bildirib. 

TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın TÜRKSOY-un baş katibi Sultan Raevə Arif Hüseynovun sərgisi ilə bağlı təbrik və təşəkkür məktubunu oxuyub. 

Fazil Mustafa məktubunda yazıb: "Arif Hüseynov müasir dövrdə türk dünyasının təsviri sənətinin ən mühüm istiqamətlərindən biri olan miniatürün inkişafında mühüm yer tutur. Hüseynov ümumi Türk Mədəniyyəti və incəsənətinin Estetik dəyərlərini müasir toxunuşlarla şərh edir və onları öz sənətində əks etdirir”.

TÜRKSOY-un baş katibi Sultan Raev “80-ci ilində Novruz naxışları fərdi sərgisi” adlı bir kitabça üçün yazdığı ön sözdə qeyd edib: “Arif Hüseynovun rəsm sənətini qədim türk miniatür ənənəsi ilə qarışdırdığını və müstəsna əmək sərf etməklə xüsusi bir cərəyan yaratdığını söyləmək mübaliğə olmaz."

O, öz sətirləri ilə Arif Hüseynovun yaradıcılığının innovativ tərəfini vurğulayıb və qeyd edib ki, Hüseynovun 80 yaşı tamam olub. O qeyd edib ki, onun doğulduğu ili TÜRKSOY ailəsində böyük məhəbbətlə qeyd ediblər. 

Açılış mərasimində eksklüziv müsahibəsində Arif Hüseynov rəsmlərinə hörmət göstərən Ankara sənətsevərlərini salamladığını bildirib və deyib: “Mən sənətimlə Azərbaycandan yola çıxaraq bütün türk dünyasına hizmət etməyə çalışıram".

Rəssamın 80 yaşı tamam olur. Ankara sənətsevərlərinə doğum ilinə həsr olunmuş "Novruz naxışı" sərgisində təqdim olunan Novruz mövzulu rəsmlər Novruzun istiliyini və bu qədim türk bayramına aid ikonaların sənətkarın nöqteyi-nəzərindən şərhini ehtiva edir. Sərginin açılışında ənənəvi Novruz mərasimləri də nümayiş olundu, səməni, bayram təamları, yumurta döyüşdürülməsi…

Tədbir rəssam Arif Hüseynovun 80 illiyinə həsr olunub. Doğum Günü münasibətilə TÜRKSOY baş katibinin müavini Sait Yusuf rəssamı təşkilatın 30 ili medalı ilə təltif edib. 

Mərasim fortepiano dinləməsi və Azərbaycan xalq mahnılarının canlı ifası ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 18:22

Prezident İlham Əliyevin Novruz təbriki

 

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı Prezident İlham Əliyevin təbrikinin mətnini diqqətinizə çatdırır:

 

Əziz bacılar və qardaşlar.

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.

Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.

Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir #gəncnəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız #Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən #xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “ZəfərMeydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.

Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi.

Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.

Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqakı da son təmizləmə işlərini görür.

Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Bazar ertəsi, 18 Mart 2024 18:20

Bu gün Xan Şuşinskinin anım günüdür

 

Bu gün məşhur xanəndə Xan Şuşinskinin anım günüdür. Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsi sosial mediada paylaşım edibdir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, paylaşımda deyilir:

 

Azərbaycanın Xalq artisti, Azərbaycan muğam sənətinin korifeyi, xanəndə 

Xan Şuşinskinin vəfatının 45-ci ildönümüdür (İsfəndiyar Aslan oğlu Cavanşir; 20.08.1901, Şuşa – 18.03.1979, Bakı).

XanŞuşinski hələ 16 yaşındaykən, ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz tərzdə ifa edib; məhz bu ifasına görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. 

XX yüzilliyin 20-ci illərində Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirməyə başlayıb. 

Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirib. Bundan sonrakı illərdə o, böyük ün qazanıb, bir çox ölkədə qastrol səfərlərində olub. 

Təsadüfi deyil ki, Səməd Vurğunun ünlü "Azərbaycan" şeirində də sənətkarın adı keçir:

 

"Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan;

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi".

 

Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar aşılayıb.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən "Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası"nda böyük uğur qazanaraq, birinci mükafata layiq görülüb. O, digər şəhərlərdə, ölkələrdə keçirilən sənət yarışmalarında, konsertlərdə, digər mədəniyyət tədbirlərində də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təmsil edib.

1943-cü ildə sənətkara Azərbaycanın Xalq artisti fəxri adı verilib. 

Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradıb, burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.

O, həmçinin Asəf Zeynallı adına Musiqi Məktəbində (indi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində) dərs deyib, muğam ifaçılarının yeni nəslini yetişdirib. 

Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan, onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. 

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. - O, Üzeyir bəy Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olaraq, həmin mahnını yüksək zövqlə oxuyub, dillər əzbəri edib. 

(Xan Şuşinski Üzeyir bəydən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib).

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən günümüzə yalnız 240 dəqiqəlik lent yazısı qalıb...

Sayğılarla anırıq.

Ruhu şad olsun.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.