Super User
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Qadın çantasına bənzəyir Bakı...”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik.
... hər yerinnən duran “şairəm” deyir,
İnsanın üzündə həya gərəkdir!
M.Müşfiq
İşıqlar səsləyir yolnan gedəni,
qaranlıq baxmağa Aya saxladır,
qışda İlham pərim dindirmir məni,
qəlbində olanı yaya saxladır.
Pərim də soyuqdan bezardı bəlkə,
mənimki “mövsümü azardı” bəlkə?
Dünyanın yarısı yazardı bəlkə –
yaxşı ki, çoxunu həya saxladır!
Yer üzü o vaxtdan azarlı imiş,
sevinclər biçarə, dərd – varlı imiş!
Amma oğrular da abırlı imiş;
bilirmiş – çəpəri paya saxladır.
Zəkalar yenilməz zəfərlər çalır,
məğrur çiyinlərdə Vətən ucalır,
aqillər puluynan şəhərlər salır,
axmaqlar – şabaşlıq toya saxladır.
Didərgin köçləri düşüb yollara,
batar xəyanətdən pozulan sıra,
nəsillər kimləri yazacaq ora –
“Qızıl dəftərini” saya saxladır.
Pərvanə ömrüdür işıqlarınkı,
indiyə nə var ki, dərd sabahınkı!
Qadın çantasına bənzəyir Bakı –
içində hər cürə boya saxladır...
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
47 abidə yer üzündən tamamilə silinib
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Vaxtı yetişmiş bir sual: Qarabağ və Şərqi Zəngəzurda nə qədər tarixi və mədəniyyət abidəsi var? Açıq portfeldə növbəti rəqəmi açıqlayırıq və qeyd edirik ki, sözügedən bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Bu barədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” forumunda mədəniyyət nazirinin müavini Səadət Yusifova məlumat vermişdi və mən də bunu qeyd etmişdim.
Oeyd edək ki, işğaldan azad edilən ərazilərdə aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur.
İşğal dövründə onlar məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib.
2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb.
Bəli, rəqəmlər çox şeydən xəbər verir!
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Mübariz İbrahimov
Həvəskar şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Mübariz İbrahimova ithaf olunub.
MÜBARİZ AĞAKƏRİM OĞLU İBRAHİMOV
(07.02.1988.-18.06.2010.)
Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir, Azərbaycanın Milli Qəhrəmanı, qeyri-adi dərəcədə qorxmaz və cəsarətli, Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrilmiş şəhid!
MÜBARİZİN HÜNƏRİ
Adı kimi özü də cəsur, mübariz idi,
Babəkdən, Koroğludan, Həzidən varis idi.
Dözmədi erməninin şərəfsiz əməlinə,
Qəzəb ilə götürdü avtomatı əlinə.
Düşmən üstə yeridi, aslan kimi, nər kimi,
Qırdı, biçdi yağını, igid cəngavər kimi.
Doğma Vətəni, yurdu canından çox sevirdi,
Bu sevgiylə özünü pərvanəyə çevirdi.
Şəhidlik şərbətini qəhrəman kimi içdi,
Sevdiyi Vətən üçün əziz canından keçdi.
Mübarizin hünəri doğrudan da heyrətdir,
Müstəqillik yolunda şəhid olmaq qeyrətdir.
Şəhidlik zirvəsinə, xoşbəxtdir - ucalanlar,
Əbədi yaşayacaq bu yurddan güc alanlar.
Müqəddəs, pak yollarda gör nə qədər izlər var,
Vətən fəxr eyləyir ki, ölməz Mübarizlər var.
Mübariz ucalıqdır, Mübariz bir zirvədir,
Tariximə Tanrıdan bir əbədi töhfədir.
Ana yurdu salamlar, al gündüzlər, səhərlər,
Bu diyarı qoruyur Mübariztək əsgərlər.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Gülyaz Məmmədova: “Ailədə on uşaq olmuşuq, 6 bacı, 4 qardaş”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.
Növbəti müsahib müğənni Gülyaz Məmmədovadır. Ondan müsahibə1998-ci ilin fevralında götürülüb.
ALTI QIZIN BİRİ GÜLYAZ
Müsahibimiz gənc müğənni, Azərbaycan opera və Balet Teatrının solisti Gülyaz Məmmədovadır.
- Gülyaz xanım, bir əsrlik ənənəsi olan Opera teatrının solisti olmağı çox adlı-sanlı müğənnilər arzu etsə də, bu, hamıya nəsib olmur. Hələ çoxlarının tanımadığı gənc Gülyaz buna necə nail oldu?
- Mən hələ Asəf Zeynallı adına musiqi məktəbinmdə oxuyanda opera teatrına dəvət olunmuşdum. Polad Bülbüloğlu konsertlərin birində ifamı bəyənmiş və məsləhət görmüşdü ki, məni Leyli roluna dəvət etsinlər. musiqi məktəbində mənə muğamdan dərs deyən Nəriman Əliyev səhnəyə çıxmağı məsləhət görmədi. Dedi ki, hələ tezdir. Odur ki, təyinatımı operaya verəcəklərini əvvəlcədən bilirdim və elə də oldu.
- “Leyli və Məcnun”dakı ilk çıxışınızı necə xatırlayırsınız?
- Nəriman müəllim deyirdi ki, başın qarışacaq operaya, muğamın sirlərini tam öyrənə bilməyəcəksən. Ona görə operaya bu tezliklə gəlməyimi istəmirdi. Qəndab Quliyeva, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu onu dilə tutub, razı sala bildilər. təyinatımı opera teatrına aldım. Canəli Əkbərov Mənsum İbrahimovu Məcnun, məni isə Leyli roluna hazırladı. Mən onun zəhmətini xüsusi qeyd etmək istəyirəm. premyera 1993-cü ilin iyununda oldu. Bizimlə birlikdə Canəli müəllim də bərk həyəcan keçirirdi. Tamaşa uğurlu oldu. Tamaşadan sonra Polad müəllim dedi: “Mən fəxr edirəm ki, opera üçün yeni Leyli tapmışam”. Sonra Aşıq Qərib”də Sənəmi, “Arşın mal alanda Tellini oynadım.
- Sizin bacınız Gülyanaq xanım da müğənni kimi məşhurdur. Ailənizdə incəsənət mühiti olubmu?
- Şəkinin Böyük Dəhnə kəndində doğulmuşam. Atam dülgər idi, anam evdar qadın. Ailədə on uşaq olmuşuq, 6 bacı, 4 qardaş. Qızların hamısının musiqi səsi var. Atam arada toylara gedər, zurna çalardı. Qardaşlarımdan biri Şəki tərəfdə yaxşı qarmonçu hesab olunur. Böyük bacım Rəhimənin xüsusən güclü səsi var. O, Asəf Zeynallı adına Musiqi məktəbini bitirib. Sonra ailə qurdu, sənətdən uzaqlaşmağa məcbur oldu. İndi hər dəfə məni, Gülyanağı görəndə kövrəlir. Deyir ki, sizi səhnədə görəndə elə bilirəm özüm oxuyuram.
- Gülyanağı nə əcəb Leyli roluna dəvət etmirlər. Məncə, onda Leyliyə lazım olan hər şey var: güclü səs, uca qamət...
- Gülyanaq yəqin ki, gec-tez Leylini oynayacaq. İndi o, Rəşid Behbudov adına Mahnı Teatrında işləyir. Görünür, opera səhnəsinə çıxmağa hələ o qədər də tələsmir.
- Təxminən iki il sizi opera səhnəsində görmədik. Bu nə ilə bağlı idi?
- Ailə qurmağımla. Oğlum Ramazan dünyaya gəldi, səhnədən müvəqqəti uzaqlaşmağa məcbur oldum. Fasilə vermək müğənni üçün pis nəticə verə bilər. Amma xoşbəxtlikdən yenidən səhnəyə qayıdanda elə bir problemim olmadı. Kollektiv də məni çox mehriban qarşıladı.
- Sənətə qədəm qoyan hər bir gənc hansısa məşhur sənətkara vurulur, onu təqlid edir, sonra səhnəyə çıxır.
- Mənim ən çox sevdiyim müğənni Rübabə Muradova olub. Mənə elə gəlir ki, Rübabə xanım oxuyanda necə oxumaq haqqında fikirləşməyib, sadəcə ürəyindən gələn hissləri ifadə edib. Fatma Mehrəliyevanın da sənətini çox sevirəm.
- Fonoqramdan istifadə edirsinizmi?
- Əvvəllər fonoqrama qarşı çıxanlar çox olurdu. Amma elə vəziyyət olur ki, onsuz keçinmək olmur. Buna baxmayaraq, mənim fonoqramdan xoşum gəlmir. Fonoqramla oxuyanda elə bilirəm ki, dinləyici məni qınayır.
- Səhnəmizdə neçə-neçə Leyli olub, bu gün də sizinlə bərabər Opera səhnəsində Leylini oynayan müğənnilər var. Başqa Leyli ifaçılarından öz fərqinizi nədə görürsünüz?
- Bir onu bilirəm ki, heç kimi yamsılamıram. Yaxşıyam-pisəm, hər nəyəm, özüməm. Məncə sənətkar müəyyən yaşa qədər kimisə özünə kumir seçə bilər. Əgər kimsə müəyyən yaşdan sonra da başqasının təsiri altındadırsa, mən onun istedadına şübhə edirəm. Mən Rübabə Muradovanın Leylisini çox sevirəm, amma heç vaxt onu təqlid etmirəm.
- Müxtəlif Məcnunlarınız olub, bir Leyli kimi onlardan kimi daha çox sevirsiniz?
- Zahid Quliyev, Səfa Qəhrəmanov və Mənsum İbrahimovla “Leyli və Məcnun” tamaşasında tərəf müqabili olmuşam. Hər üç sənətkara böyük hörmətim var. Amma Mənsumla səhnəyə çıxanda özümü daha yaxşı hiss edirəm. mənə elə gəlir ki, Allah Mənsumu Məcnun rolu üçün yaradıb.
- Ən çox hansı bəstəkarların mahnılarını oxuyursunuz?
- Şəfiqə Axundova və Ramiz Mirişlinin. Çünki onların mahnıları milli ladlar və melodiyalar üstündə köklənir. Bu, Şərq deyil, amma Qərb də deyil, sırf Azərbaycandır. Şəfiqə Axundova ilə yaradıcılıq ünsiyyətimizin qurulmasında hər ikimizin də şəkili olmasının rolu olub. Çox mehriban, qayğıkeşş, ideal dərəcədə xeyirxah insandır. Allah can sağlığı versin. Mənə həmişə ana, böyük bacı qayğısı göstərir. Ondan yerdən-göyə qədər razıyam. Ramiz müəllimin ciddiyyəti, səmimiyyəti, sadəliyi və təbiiliyi təkrarsızdı. Nə yaxşı ki, Allah məni belə böyük sənətkarlara rast gətirib, onların məktəbindən keçmişən.
- Muğamlardan hansını daha çox sevirsiniz?
- “Hümayun” mənim ən sevimli muğamımdır.
- Deyəsən, axı, “Hümayun” çox az oxunan muğamdır..
.
- Bu, onun çətinliyindən irəli gəlir. Elə ona görə də mənə əzizdir. Amma, bu, yeganə səbəb deyil. Bu muğamda hardansa naməlum, əlçatmaz bir məkandan, ilahi başlanğıcdan süzülüb gələn bir enerji, bir kədər var.
- Sənətdə kədərimi çox sevirsiniz?
- Sənət qəmlə yoğrulub, amma insanın qəlbindəki kədəri əritmək məqsədi daşıyır. Müğnninin səsindəki kədər dinləyicinin qəlbində sevincə çevrilir.
- Hazırda nə üzərində işləyirsiniz?
- Baba Mahmudoğlu ilə birlikdə Şəfiqə Axundovanın “Gəlin qaya”sı operasını hazırlayırıq. Burada baş rolu – Gülbaharı oynayacam.
- Özünüzdəki hansı cəhətləri bəyənir, hansıları bəyənmirsiniz?
- Bəyəndiyim cəhətim düzgünlüyümdür, yalanı sevmirəm. Bəyənmədiyim cəhətim ifrat sadəlövhlüyümdür. Heç kəsin xətrinə dəymək istəmirəm. ümumən, insanda incəliyi, zərifliyi, nəzakəti çox sevirəm.
- Deyilənlərə görə, hər toy dəvətini qəbul etmirsiniz...
- Qohum toylarını çox yola vermişəm. Düşəndə, toydan imtina etmirəm. toya getməyə də əskik bir iş kimi baxmıram. Yaşamaq, dolanmaq lazımdır. Aldığımız cüzi maaşla bu mümkün deyil. Camaat qarşısına çıxan adamın xərcləri çox olur. Bir paltarı iki dəfə geyinən müğənniyə tamaşaçı birtəhər baxır. Amma opera müğənnisi üçün toya getmək bir az problem yaradır. Toy müğənnini mikrafona alışdırır. Opera tetrında isə mikrafonsuz oxuyursan. Odur ki, tamaşama iyirmi-otuz gün qalmış toylara getmirəm.
- Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
- Bu, çətin sual oldu (xeyli düşündükdən sonra) səsim onsuz da mənimlə gedəcək, oğlumu götürərdim.
- Arzu edirəm ki, Ramazan sizin sevginizə layiq övlad kimi böyüsün.
- Sağ olun.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Uorren Baffetdən: “Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.
Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
ÖTƏN İL BU GÜN: 2022-2023-cü moda ilində Qış stilinin zəruri atributları
Ötən il bu gün portalımızda nələrdən bəhs edilib? Məni bu səfər daha çox moda ilgiləndirdi. 2022-2023-cü moda ilində Qış stilinin zəruri atributları nələr olub?
Yeni il şənliklərinin başlamasına cəmi 5 gün qalıb. Deməli, xanımlar üçün parlamağın və seçilməyin əsl vaxtıdır!
2022-2023-cü moda ilində Qış stilinin zəruri atributları barədə xanımlarımıza bilgi vermək üçün ən kompitent ünvana iqtibas edəcəyik. Söhbət dünyanın moda aləminin əsas diktəedicisi olan VOGUE dərgisindən gedir.
Həcmli aksessuarlar
Dizaynerlər bayram üçün hazırladıqları kolleksiyalarda bir qayda olaraq həcmli aksessuarlara daha böyük yer verirlər. Məsələn, küknar ağacının oyuncaqlarını xatırladan sırğalar, boyunbağılar və qolbaqlar çox dəbdədir. Belə bəzək əşyaları stilinizə bayram əhval-ruhiyyəsi qatır, həm də toplanmış saç düzümünün fonunda effektli görünür.
Mirvarilər
Mirvarilər uzun müddətdir trendlərdən kənarda idi. Bu mövsüm isə dəniz daşları hipertrofiyalaşmış formada qarşımıza çıxır. “Giorgio Armani” və “Givenchy” kimi lüks markaların şoularında modellərin obrazları mirvari sırğalar və üzüklərlə bəzədilmişdi. Sözsüz ki, bu detal demokratik brendlərin diqqətindən qaça bilməzdi. Qeyri-standart mirvari aksessuarlarının daha ucuz versiyalarını demək olar ki, bütün mass-market markalardan tapa bilərsiniz. Yeri gəlmişkən, stilistlər hesab edir ki, belə dəniz daşları 2023-cü ilin ən eleqant bəzək əşyaları olacaq.
Kokteyl üzüklər
Böyük parlaq daşları olan kütləvi üzüklər adətən sağ əlin şəhadət və ya adsız barmağına taxılır. Bu ad üzüklərə ona görə verilib ki, məclisdə kokteyl tutduğunuz aksessuar xüsusilə diqqət cəlb edir. Bununla belə, daşların qiymətli olması şərt deyil. Əvvəllər kokteyl üzükləri birbaşa opera əlcəklərinin üzərinə taxılırdı. Əlcəklərin də mövsümün əsas tendensiyaları siyahısında olduğunu nəzərə alsaq, bu dəb ənənəsini asanlıqla təkrarlamaq olar.
Çiçək motivləri
Bu qış dizaynerlər bizə çiçəksiz qalmağı qadağan edir. Yeni mövsümdə çiçəklər xalta boyunbağıları, üzükləri, bilərzikləri, həmçinin digər zərgərlik və bijuteriyaları bəzəyəcək. Xüsusilə çiçəkli boyunbağılara nəzər salmağı tövsiyə edirik.
Uzun sırğalar
Nəhəng mirvarilərlə yanaşı uzun sırğalar da moda səhnəsinə geri dönüş edib. 2023-cü ildə sırğalar o qədər uzanacaq ki, çiyinlərinizə çatacaqlar. Böyük daşlı monoxrom və ya çox rəngli modellər daha möhtəşəm görünəcək. Belə sırğalar olduqca ağır görünür, lakin heç bir mərasimdə sizi diqqətdən kənarda qalmağa qoymayacaq.
Xalta boyunbağı
Xalta boyunbağılar formalarını dəyişsə də, bir neçə mövsümdür ki, gündəmdə qalmağa davam edir. Böyük zəncirli xaltalar, mirvari muncuqlar və ya kristal tennis boyunbağılar trendlər arasında gəlir. Belə bəzəklərin aşkar üstünlükləri odur ki, uzun boyunbağılardan daha çox yönlüdür və demək olar ki, hər şeyə uyğunlaşır.
Aksessuarlarınını seçməkdə kömək etdik. Libasları da özünüz seçin. Və haydı, Yeni il şənliklərinə. Hamıdan gözəl görünməyiniz arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Ferdinand Bryunetyer: “Ədəbiyyat tarixində janrların təkamülü”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün də tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsinin zamanıdır. Bu dəfə ədibin tərcüməsində Ferdinand Bryunetyerin “Ədəbiyyat tarixində janrların təkamülü” məqaləsini təqdim edirik.
“Janrların təkamülü sualının içindən, səhv etmirəmsə, beş başqa sual çıxır:
1. Janrların mövcud olub-olmaması haqqında sual: yəni janrlar sadəcə olaraq boş bir söz, tənqidçilərin özlərinə istiqamət götürməyi və bununla da çoxlu sayda əsərlər yığınından baş açmağı asanlaşdırmaq (əks halda onlar sonsuz müxtəlifliyinin içindən çıxa bilməzlər) üçün uydurduqları ixtiyari kateqoriyadır, yoxsa, bunun əksinə, doğrudan da, təbiətdə və tarixdə janrlar mövcuddur? Janrlar təbiətdən və tarixdənmi qaynaqlanır? Nəhayət, bunlar təkcə tənqidçilərin ehtiyaclarına görə deyil, hətta yazıçıların və sənətçilərin şıltaqlığından da asılı olmayaraq öz həyatlarını yaşayırlar? Birinci sual budur.
2. Janrların diferensiallaşdırılması haqqında sual. Tutaq ki, janrlar mövcuddur; bunun necə təkzib oluna biləcəyini başa düşmürəm, bəri başdan deyirəm. Çünki ən ifrat hallarda mahnı ilə oda qarışdırıla bilər, ancaq odanın, belə deyək ki, xarakterlər komediyası olmadığı aydındır: elə bunun kimi peyzaj rəsmi də heykəl deyil. Beləliklə, janrların mövcud olduğunu fərz etdikdə sual yaranır ki, onlar ilkin sinkretizmdən necə azad olurlar? Onlar arasında əvvəlcə onları bir-birindən ayıran, sonra onların xassələrini müəyyən edən və nəhayət, fərdiləşdirən fərqləndirmə necə baş verir? İkinci sual bundan ibarətdir və siz artıq görürsünüz ki, bu, mahiyyətcə təbiətşünaslıq elmində ayrı-ayrı fərdlərin varlığın dərinliklərindən və ya ümumi və yekcins bir substansiyadan özünəməxsus formaları ilə necə ayrıldığı və beləliklə, müxtəlif növlərin və cinslərin sələfinə necə çevrildikləri barədə suala oxşayır.
3. Janrların sabitliyi haqqında sual. Təbiətdə ayrı-ayrı növlər əlverişli şəraitdə sabit olmaqdan və dayanıqlı əlamətlər daşımaqdan məhrum olmadığı kimi, janrlar da, ən azından, müvəqqəti şəkildə sabitləşə bilər. Diqqət yetirin, bu bəzən onların bir-birindən toxunulmaz sərhədlər və ya keçilməz divarlarla ayrıldığını ağlımıza gətirə bilər. Ona görə də üçüncü sual janrların sabitliyi və ya daimi olması şərtləri ilə bağlıdır ki, bu da onların təkcə nəzəri deyil, həm də tarixi varlıq, yəni bir tarixdən digərinə keçən varlıq olmasını, fərdi varlıq olmasını, sizin və ya mənim başlanğıcı, ortası və sonu olan həyatımızla müqayisə edilə bilən bir varlıq olmasını təmin edir.
4. Növləri dəyişdirən amillər haqqında sual. Janrın tarixi varlığı əbədi deyil, buna görə də onu insan həyatı ilə müqayisə etmək olar. Təbiətdə olduğu kimi, janrın təkamülündə də dəyişkən xüsusiyyətlərin cəminin sabit xüsusiyyətlərin cəmindən çox olduğu bir məqam gəlir və onların ümumi tərkibi, belə demək mümkünsə, dağılır. Hansı amillərin təsiri altında? Başqa sözlə, janrı dəyişdirən nədir? Bu, dördüncü sualdır, yəqin ki, ən mürəkkəb və ən dolaşıq sualdır ki, onun üzərində xüsusi olaraq uzun müddət dayanmaq lazım gələcək; digər tərəfdənsə, bu sualda qoyulan məsələnin həlli bizi məşğul edən problemə ən böyük aydınlığı gətirəcək.
5. Janrların transformasiyası haqqında sual. Burada biz bu hadisənin ümumi qanunauyğunluqlarının olub-olmadığını və ya əksinə, əzəldən bəri hesab edildiyi kimi, hər bir janrın öz təkamül qanunlarının və janrların təkamülündə ümumi qanunauyğunluğun olub-olmadığını araşdırırıq. Burada misallara müraciət etməli olacağıq; mən çoxlu misallardan üçünü seçmişəm ki, izah ediləcək mövzuya uyğun olaraq onlarda layiq olduqları bütün dolğunluğu təqdim etməyə çalışım. Birinci nümunə keçmişdə məşhur, indi isə sözün həqiqi mənasında ölmüş olan diqqətəlayiq bir janrın, fransız faciəsinin tarixidir; üstəlik də, bu, haqqında hər şeyi bildiyimiz tarixi bir dövrdə dünyaya gəlməklə bir janrın necə doğulduğunu, yüksəldiyini, çiçəkləndiyini, tənəzzül etdiyini və nəhayət, öldüyünü göstərən əla, hətta demək olar ki, misilsiz bir nümunə ola bilər! İkinci misalda bir janrın digərinə necə keçdiyini görəcəyik; bu məqsədlə mən sizə ədəbiyyatımızın tarixində hansı daxili və xarici amillərin təsiri altında XVII əsrdə kafedral natiqlik sənəti kimi tanınan sənətin bu gün Lamartin, Hüqo, Vini və Müssenin lirik poeziyasına necə çevrildiyini göstərməyə çalışacağam. Nəhayət, sonuncu misal kimi fransız romanının tarixini təklif edərdim; və səhv etmirəmsə, burada müəyyən bir dövrün gəlişi ilə bir neçə başqa janrın qəlpələrindən yeni bir janrın necə formalaşdığını; onu müəyyənləşdirməyin daxili mahiyyəti adlandıracağım şeyə necə könüllü şəkildə tabe olduğunu; və bir çox sınaqlardan və yoxlamalardan sonra öz predmetini dərk edərək eyni zamanda öz vasitələri ilə tamlığa və kamilliyə necə nail olduğunu görərsiniz.
1. Janrların mövcud olub-olmadığı ilə bağlı birinci suala gəlincə, janrların olub-olmadığına qərar verərkən onların mütləq mövcud olduğunu sübut edəcəyik, çünki bu, aşağıdakılara uyğundur:
1) Hər bir sənətdəki vasitələr onun özünə aiddir. Məsələn, mərmər heykəltəraşlığının qanunları ilə tunc heykəltəraşlığının qanunları eyni ola bilməz.
2) Bu həm də hər bir sənətin predmetinin özünəməxsusluğuna uyğun gəlir, tarixə dair elmi əsər ilə romandan eyni həzzi almaq istəyində olmadığımız zaman bu, bəlkə də, diqqətə çarpmır, lakin teatra kilsə xütbəsindən fərqli gözləntilərlə getdiyimiz zaman çox aydın görünür.
3) Nəhayət, bu, intellektual tiplərin xüsusiyyətlərinə cavab verir; çünki deyə bilərik ki, intellektual tiplərin hər biri öz ehtiyaclarının və ideallarının sənətdəki ifadəsini seçmişdir və həmişə seçir - kimisi rəsmlərdə, kimisi musiqidə, kimisi şeirdə; hətta şeirdə də hər kəsin bir-birindən son dərəcə fərqli zövqü ola bilər. Horatsini Vergilidən üstün tutan xiridarlar və bilicilər həmişə olacaq, bu gün isə Beranjerin “Nəğmələr”ini Lamartinin “Düşüncələr”indən və ya Hüqonun “Odalar”ından üstün tutmağa hazır olanlar var.
2. İkinci suala, janrların necə differensiallaşdırılması sualına cavab verərkən biz təkamül nəzəriyyəsindən öz arqumentlərimizi və problemin tərkib hissələrinə ayrılmasını götürəcəyik. Şübhəsiz ki, ədəbiyyatın və incəsənətin tarixində janrların fərqləndirilməsi təbiətdə növlərin fərqləndirilməsi kimi baş verir, bu proses “dəyişkənlik” adlanan prinsipə uyğun olaraq birdən çoxa, sadədən mürəkkəbə, təkcinslidən heterojenə keçid yolu ilə irəliləyir. İndi bunun üzərində israr etməyə ehtiyac yoxdur, çünki faktlarla dəstəklənməyən bir tərif bizə sırf mücərrədlik kimi görünəcək.
3. Mən bu barədə danışanda janrların sabitliyini və ya daimiliyini nəzərdə tuturam. Bununla belə, indi sizə onu göstərəcəyəm ki, bu bir sualın içində ən azı üç əlavə sual var. Janrın cavan olduğunu hansı etibarlı əlamətə görə müəyyən etmək olar? Bəs tənəzzülünü, qocalıb əldən düşməsini və qaçılmaz ölümünü? Bəs daha da mühümü, janrın çiçəklənməsi və ya yetkinliyi haqqında hansı əlamətə görə mühakimə yürütmək olar? Bu, bildiyiniz kimi, mübahisənin ən gərgin nöqtəsidir. Və Labruyerin dediyi kimi: “Təbiətdə mükəmməlliyin və ya yetkinliyin yalnız bircə anı olur”. Buna oxşar olaraq, bəlkə, sənətdə də çiçəklənmənin yalnız tək bircə və bölünməz anı var? Gördüyünüz kimi, bu nə az, nə də çox, klassisizm problemindən başqa bir şey deyil: başqa hər yerdə – rəssamlıqda, heykəltəraşlıqda olduğu kimi, ədəbiyyatda da onun bütün mürəkkəbliyini, çətinliyini, genişliyini hiss edirsən və ya gələcəkdə hiss edəcəksən.
4. Dördüncü sual, yəqin ki, daha genişdir və orada ilişib qalmamaq üçün dəyişdirici amilləri bir-birindən ayırmaqdan başlamaq lazımdır. Dəyişdirici amil dedikdə mən janrlara təsir edən, bəzən onların sabitləşməsinə töhfə verən, bəzən də əksinə, onları zəiflədən az öyrənilmiş təsirləri başa düşürəm.
A. Hər şeydən əvvəl bu, irsiyyət və ya irqdir; məhz irsiyyət və ya irq epos kimi bir janrın, həmişə, məsələn, Hindistana xas olmasını, orada təbii şəkildə yenidən doğulmağa hazır olmasını təmin edir, bizdə isə bu janr az və ya çox dərəcədə ədəbi səciyyə daşıdığına görə süni olub.
B. Nəyə görə sami xalqlarda və çinlilərdə epos yoxdur? Nəyə görə dram sənəti almanlara xas deyil? Əgər irq bunu bizə izah etməsə, bəlkə, mühitin təsiri kömək edər. Mühit dedikdə isə: 1. Coğrafi və ya iqlim şəraitini, bunun xüsusiyyətlərini və təsirlərini müəyyən etməyə çalışacağıq. 2. İctimai quruluş tərəfindən müəyyən edilən sosial şərtlər. İctimai quruluş, sivilizasiya yolu ilə nə qədər irəliləməsindən asılı olaraq ya teokratik, ya aristokratik, ya da demokratik xarakter alır. 3. İctimai quruluşa daxildən və xaricdən təsir edən, lakin özü ondan asılı olmayan tarixi şərait. Məsələn, XIV Lüdovikin yarım əsr ərzində müharibə aparmasına zərurət yox idi və əgər onun səltənəti dövründəki müharibələr, şübhə doğurmur ki, ictimai quruluşa təsir göstəribsə, tarixi və sosial şəraitin fərqi buradadır.
C. Nəhayət, fərdiliyin əhəmiyyətini və gücünü sizə sübut etməyə çalışacağam. Qiymət verilməsi çətin olan daha bir təsir də fərdilik və ya orijinallıqdır. Başqa sözlə desək, orijinallıq şəxsiyyəti öz qismində bənzərsiz edən, ədəbiyyat və incəsənət tarixinə onun özündən əvvəl olmayan, onsuz mövcud olmayan və ondan sonra da yaşayacaq bir şey qatmağa imkan verən fəzilətlərin və çatışmazlıqların məcmusudur.
Düşünürəm ki, bu barədə sizə inandırıcı nümunələr göstərə bilərəm. Karlaylın mübaliğəsinə dalmadan görəcəksiniz ki, hadisələrin bütün axarını dəyişmək üçün bəzən tək bir insanın peyda olması da kifayət edir; onu da görəcəksiniz ki, təkamül doktrinasına janrların bu dəyişmə amili çərçivəsində dəyişdiyi üzərində israr etməkdən uyğun bir şey yoxdur, çünki, əslində, “növlərin mənşəyi”nə əsasən, hər yeni çeşidin təməli idiosinkraziyaya dayanır.
5. Bu paraleli davam etdirərək “Növlərin transformasiyası” başlığı altında təbiət elmlərinin var olmaq mübarizəsi, ən güclünün sağ qalması və ümumiyyətlə, təbii seçim adlandırılan bir şeyin ədəbiyyat və incəsənət tarixində də olub-olmadığını təhlil edəcəyik. İndi isə bu sualı verək: əgər müəyyən növlərin hər hansı məkan və zaman daxilində meydana çıxması bəzi digər növlərin yox olmasına səbəb olursa; əgər var olmaq mübarizəsinin şiddətinin bir-birinə yaxın növlər arasında olduğu kimi heç bir yerdə güclü olmadığı doğrudursa, ədəbiyyat və incəsənət tarixində də eyni şeyin olduğunu sübut edən çoxlu nümunələrə rast gəlməyəcəyikmi? Amma biz bu suala yalnız nəzəriyyələrimizin həqiqətə uyğunluğunu və etibarlılığını konkret misallarla sübut etməyə nail ola biləcəyimiz halda cavab verə bilərik.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
The Beatles, ilk paraşüt, Mao
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
26 dekabr
Hədiyyələr günü
Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.
Nıtik günü
Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.
Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao
Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.
Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb.
Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.
1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.
Paraşütün sevdası
1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.
Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
Bakı Kitab Mərkəzində “Heydər Əliyev haqqında” kitabın təqdimatı olub
Dekabrın 25-də Bakı Kitab Mərkəzində Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) və Bakı Kitab Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev haqqında” adlı kitabın və www.aboutheydaraliyev.com portalının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açaraq qeyd edib ki, “Heydər Əliyev haqqında” adlı kitabda dörd yüz nəfər nüfuzlu dünya liderinin, ictimai-siyasi xadimlərin, din, elm və mədəniyyət xadimlərinin Ulu Öndər Heydər Əliyev haqqında sitat və kəlamları yer alır.
Təşəbbüslər və Layihələr Mərkəzinin nümayəndəsi Aliyə Səfərova bildirib ki, layihə dörd dildə hazırlanıb. Kitabın bölmələri haqqında məlumat verən nümayəndə söyləyib: "Prezident İlham Əliyevin 2022-ci il noyabrın 28-də imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricdə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər silsiləsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM), eləcə də Bakı Kitab Mərkəzi tərəfindən hazırlanmış “Heydər Əliyev haqqında” kitabı və aboutheydaraliyev.com portalın əsasını sitatlar bölməsi təşkil edir. Tərcüməsi Azərbaycan, ingilis, rus, ispan dillərində olan kitabda ümumilikdə 400 sitat var. Bunlardan 94-ü “Dövlət və hökumət başçıları”, 133-ü “Dövlət xadimləri”, 69-u “İctimai-siyasi xadimlər”, 47-si “Elm, mədəniyyət və din xadimləri”, 32-si “Beynəlxalq təşkilatların nümayəndələri” 25-i isə “İş adamları”na məxsusdur. Onların Ulu Öndər haqqında fikirləri öz əksini tapır".
Təqdimat mərasimində dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini, qəbul etdiyi qərarların verdiyi töhfələrdən danışıb, ölkəmizin inkişafı naminə görülən misilsiz işlərin gənc nəslə çatdırılmasının vacibliyini qeyd ediblər.
Tədbirdə "Ana", "Küçələrə su səpmişəm", "Alagöz" əsərləri ifa edilib.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)
“Hədis” animasiya filmi beynəlxalq festivalın qalibi olub
“Hədis” qısametrajlı animasiya filmi Türkiyədə keçirilən 11-ci Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı animasiya filmi” mükafatını qazanıb.
AzərTAC xəbər verir ki, ekran əsərinin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi səslənir.
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.
Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilib.
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)