“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rəvan Məlikova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RƏVAN ƏLİABBAS OĞLU MƏLİKOV
(06.03.1996.-01.10.2020.)
Kürdəmirin Şıxımlı kəndindən olan olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
QORXMAZ RƏVAN
Sizə söhbət açım mən kürdəmirli Rəvandan,
Vətəni candan artıq sevən bir qəhrəmandan.
O, qısaca ömrünü yaşadı ləyaqətlə,
Vətənə xidmət etdi sonsuz bir sədaqətlə.
Şıxımlının mərd, qoçaq cəsurlarından biri,
Düşmənə qan udduran məğrurlarından biri.
İllər keçdi, böyüdü, çatdı on səkkiz yaşa,
Rəvan kənd məktəbini bitirdi, vurdu başa.
Hərbi xidmət zamanı, vaxtı gəldi, yetişdi,
Bu necə də şərəfli, müqəddəs yol, gedişdi.
Əsgər oldu, bərkidi, bütövləşdi orduda,
Elə bir məktəb keçdi, mətinləşdi orduda.
Əsgərliyi qurtarıb qayitdı kəndlərinə,
Çarə tapılmalıdır Vətənin dərdlərinə.
Düşündü: - Pünhan kimi, yenə də əsgər olsam,
Vətən daşı yastığım, evimsə səngər olsa…
Qardaşım kimi mən də ordumuzda qalaram,
Məqamında düşməndən intiqamı alaram.
Əsirlikdə qalammaz yurdun, çiçəyi, gülü,
Meşəsi, bulaqları, nə də Xarıbülbülü.
…Sevinirdi, orduda xidmət edəcək Rəvan,
Qalib kimi Şuşaya bir gün gedəcək Rəvan.
Hər kəs əməli ilə, alır əsil qiymətin,
Xidmətdə əsgərlərin qazanmışdı hörmətin.
Başladı müharibə, ölüm-dirim savaşı,
Haqq işimiz yolunda, namus-torpaq davası.
Ali Baş Komandandan sonsuz ilham alındı,
Ordumuzun gücüylə şanlı zəfər çalındı.
Rəvan da döyüşürdü qorxmaz bir əsgər kimi,
Düşməni tar-mar edən igid cəngavər kimi.
Deyirdi, Türk oğluyuq, göstərməliyik hünər,
Türkün qəlbi millətlə, Vətən ilə döyünər.
Vuruşların birində Rəvan canından keçdi,
Tanrı cənnətlik üçün əziz bəndəsin seçdi.
Zəfər tariximizdə Rəvanın da var adı,
Xalqımız da unutmaz belə əziz övladı.
“Ədəbiyyat və incəsənətz”
(18.03.2024)