“Ədəbiyyat və incəsənət” portalı gənc Aytac Yolçunun ədəbi debütünü - “Yağışlı mart səhərində” adlı hekayəsini təqdim edir.
Yağışlı bir mart səhəri Bakının dar dalanlı küçələrində tələsik, olduqca iti addımlarla, əlində qəzetə bükülmüş çörəklə irəliləyən qara paltolu, bəstəboy oğlan onun diqqətini cəlb etdi. Pəncərəni açıb arxası ilə hansı tərəfə getdiyini görmək üçün boylandı. Uzun illər burada yaşamağına baxmayaraq onu buralarda ilk dəfə görürdü. Üzünü tam görməsə də ilk baxışda elit, əfəndi, gənc və yaraşıqlı biri təsəvvürünü bağışlamışdı. Xarici görkəmini xəyal etdikdə yerişi və qaməti onu bir az daha əlçatmaz edirdi. Bu vaxt yağış damcıları sanki pəncərəyə yox, Elinanın duyğularına damlayırdı. Səbəbsizcə yad adamı xəyal edib təsəvvüründə yarımçıq obrazını tamamlamağa çalışırdı.
Günlər yerini bir-birinə verir, saat 12 rəqəmin üstündə tez-tez dövr edir, saniyələr dayanıb rəhm etmirdi. Elina hələ də əli çənəsində pəncərə önündə onun ruhunu tilsimləyəm naməlum gənci gözləyirdi. Öz-özünə düşünürdü ki, niyə anlıq şeylər bu qədər dərin məna kəsb edir. Onu bir də görə biləcəkdimi? Eyni hislər onun daxilində yenidən tüğyan edəcəkdimi? Günəşin şüaları qarşı binaların üzərində əriyib itərkən Elina dik atıldı. Adam yenə eyni geyimdə idi. Bu dəfə məsum bir görüntü daha var idi. Əlindən tutduğu uşağın hoppanmağına icazə verir, onunla bərabər addımlarını sayırdı- "bir-iki-üç".
Dərinlərdə itib-batan Elina uşağın gülüşlərinə yuxudan ayılmış kimi oldu. İki-üç yaşlı, sarı və qıvrım saçları olan ağbəniz oğlan çox sevimli görünürdü.
Demək, o evli imiş.
Elinanın təbəssümünün üzündə solduğunu iki mərtəbə aşağıdan da hiss etmək oludu.
Onlar uzaqlaşmadan geri çəkilib pəncərəni bağladı və məyus bir halda dərindən ah çəkərək başını yellədi. Gəlib yazı masasının arxasında əyləşdi. Qələmini bir neçə dəfə mürəkkəbə daldırıb çəkdi. Bir azdan kağız üzərində şütüyən hərflər və yanağından süzülüb axan yaşlar birləşib yeni rəng aldı. Əlini qələmdən çəkib masanın üstündə çarpazladı, üzünü qollarına söykəyərək gözlərini yumdu.
Bir neçə dəqiqə sonra otağa daxil olan Rema bacısının yenə yazıları üzərində yuxuya getdiyini gördü, gülümsəyib başını yellədi. Astaca yaxınlaşaraq yarı qolunun altında qalmış vərəqləri sürüşdürüb çıxardı. Yazı belə başlanırdı: "Bu dəfə də yanıldım. Onun da görünüşü məni yanıltdı. Bəlkə özlüyündə o da iradəcə, daha doğrusu, mənəviyyatca zəif biri idi. Onun da düşüncə və istiqamətlərini, fikir və qərarlarını başqaları idarə edə bilirdi. O da özünü başqalarının vicdanına əmanət edirdi. Öz fikri, öz yolu yox idi. O da məcbur olmadığı vaxtlarda yalan danışan, buna baxmayaraq özünün doğruluğunu diktə edən biri idi. Yaraşıqlı, sevəcən, əyləncəli və bundan daha çox əsəbi, sərt və kəskin xarakterə malik idi. Bəlkə onun da görünüşündə, vücudunda, bir sözlə, xaricində görülməyən, olmayan xətalar ruhunda, mənəviyyatında gizlənmişdi".
Bu da bir təsəlli idi. Sənin olmasını istədiyin, amma sənin olmayan birisində qüsurlar axtarışı.
Bəlkə o pisdir?
Bəlkə də!
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)