MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Oktyabrın 2-si idi. Səhər tezdən yerindən qalxıb yuyunmuş, yüngül səhər yeməyi yeyib vaxtın keçməsini gözləyirdi. Həsrətlə gözlədiyi gün gəlmişdi. Bu gün hər şey bitəcək, onu bezdirmiş bu tapşırıqdan da, bu şəhərdən də canı qurtaracaqdı. Ancaq hələ tez idi. Hamının evdən çıxıb işə getdikləri vaxtı gözləmək lazım idi. Adamların axını arasında daha az diqqət çəkəcəkdi. Saat 9-da isə iş yerlərinə gələn yüzlərlə adam eyni vaxtda ona lazım olan məkanda bir yerə yığışacaqdı. Bax bundan sonra o işini görüb oradan uzaqlaşacaqdı. Vəd olunan pulu ala bilməsi üçün hər şeyi dəqiq yerinə yetirməli idi. Saata  baxdı. Hələ saatın 9 olmasına qırx beş dəqiqə var idi.  Piyada gedəcəyi yola sərf edəcəyi vaxtı da təqribi hesablasa, bir saata hər şey bitəcəkdi. Pəncərəyə yaxınlaşıb küçə ilə keçən adamlara, maşınlara baxıb gülümsədi. Bir azdan bu şəhər bir-birinə dəyəcəkdi. Onun bu adamlarla heç bir qəsdi-qərəzliyi yox idi. Sadəcə onu iki ən böyük arzusuna çatdıracaq yol buradan keçirdi: çoxlu pul qazanıb ömrünün qalanını tropik ölkələrdən birində yaşamaqla keçirmək, ən əsası da gözəlçəsini, çox sevdiyi Anuşunu özü ilə aparmaq. Bu iki şeyin fonunda qalan nə varsa, onun üçün arxa plana keçmişdi-bu gün öldürəcəyi insanlar da, axıdacağı qanlar da...

* * *

Bütün gecəni gözümü yummamışdım. Həmişə mənə yaxın dostluq edən hissiyyatım heç yaxşı şeylərdən xəbər vermirdi. Xeyli şey öyrənə bilsək də, əsas məqamlar hələ məlum deyildi. Doğma şəhərimdə hər an dəhşətli partlayışın baş verə biləcəyi, ondan da doğma olan şəhər sakinlərinin həyatının təhlükədə olması fikri bir an da başımdan çıxmırdı. Səhərə qədər fikirləşmiş, təhlillər aparmışdım. İnternetə baş vurmuş, bəlkə üçgümbəzli kilsənin, ikibaşlı əjdahanın nəsə başqa bir məna verə biləcəyini axtarmışdımsa da, bu heç bir şey verməmişdi. Kilsə yazan kimi müxtəlif kilsələr haqqında ümumi məlumatlar, əjdaha yazıb axtarış verdikdə isə üçbaşlı əjdaha şəkli, onun mifik xüsusiyyətləri barədə bilgilər ekrana gəlmişdi. Solominin uşaqlıqdan rəssamlığa böyük sevgisinin olması, xüsusilə, başına gələn hadisələri tez-tez çəkməsi mənə açarın məhz bu şəkillərdə olduğunu deyirdi. Eksperiment üçün səhv yolda olduğumu fərz edib məsələyə əks tərəfdən də yanaşmışdım. Bu da heç nə verməmişdi. Yenə əsas ehtimalımın üzərinə qayıtmışdım. Bir insanı illərlə kəşfiyyat məktəbində hazırlamaq, onun bacarıqlarını mükəmməl həddə çatdırmaq olar. Ancaq uşaqlıqdan onun canına, qanına işləmiş vərdişləri unutması mümkün deyil. Çünki insan belə yaranıb. Sizə bir misal çəkim:Səhər yuxudan oyanmaq üçün saatın zəngini deyək ki, 06:48-ə, yaxud 07:26-ya quraşdırırsızmı? Əminəm ki, yox. Çünki hamımız bu halda dəqiqə üçün yuvarlaq ədədləri seçirik. Ya da, uzaqbaşı sonu 5-lə bitən ədədləri. Məntiq odur ki, biz özümüz də hiss etmədən, həyatımız boyu özümüzə bəzi şeyləri təlqin edirik və bunun niyə məhz bu cür olduğunun fərqinə belə varmırıq. Nəticədə ən əhəmiyyətsiz şeylər yaddaşımızda, xarakterimizdə dərin izlər qoyaraq az qala dəyişilməsi mümkün olmayan gündəlik vərdişlərə çevrilir. Sanki zəngli saata 06:50-nin yerinə 06:48 yazarıqsa, bu iki dəqiqə nəyisə dəyişəcək?! Dediyim məsələdə Solomin də istisna deyildi. Sizə ən əhəmiyyətsiz bir şeyi misal çəkməyimin səbəbi var. Əgər belə xırda bir şey hər gün təkrarlanan vərdişə çevrilirsə, Solominin uşaqlıqdan malik olduğu fitri istedadına söykənən məşğuliyyətinin qoyduğu izlər onu həyatı boyu izləməlidir. Elə bu dediklərimi əsas götürüb təhlillərimi bu istiqamətdə aparmışdım-«Koramal»ın tərgidə bilmədiyi, uşaq və yeniyetmə vaxtlarından ən sevimli məşğuliyyəti olan rəssamlığın onda qoyduğu izlərdən. Üstəlik də, Solomin kəşfiyyat məktəbində bayaq misal çəkdiyim kimi illərlə yox, cəmi bir il hazırlıq keçmişdi. Bu da dediklərimin xeyrinə olan daha bir arqument idi. Bir il, bir adamın az qala  sümüklərinə belə hopmuş vərdişlərini unutması üçün çox az müddət idi. Adam hətta həbsxana kamerasının divarlarını da cızıq-cızıq edibsə, məntiqimin əsaslı olduğuna şübhəm yoxdur. Saat 8:25-dir. Gecə axtarışlar aparan istehkamçılar işlərini bitirmiş olarlar. Mahirə zəng vurdum. Dərhal cavab verdi.

-Eşidirəm, Bəxtiyar.

-Bir nəticə varmı, Mahir?

-Təəssüf ki, yoxdur. Tam doğruluğuna əmin olduğumuz ehtimal puça çıxdı, qardaş. Siyahıdakı bütün yaşıllıq işləri aparılmış məkanları axtaran istehkamçılar heç nə aşkar etməyiblər. Heç bilmirəm neyləyim.

-Bəs Sultan?

-Axtarırıq. Bir aya yaxındır evə gəlmir. Bütün əlaqələri, ola biləcəyi yerlər nəzarətə götürülüb.

Susub fikrə getdim. Susduğumu görən Mahir, mənim də gecə ərzində nəsə əldə etmədiyimi başa düşdü. Səni yığaram,-deyib xətti kəsdi. Onun əhvalını başa düşürdüm.

* * *

 Güzgünün qarşısına keçdi. Qrim əşyaları əlində idi. Güzgüdəki əksinə gülümsəyib pıçıltı ilə dedi: Hə, İvan Solomin. Sonuncu dəfə İvan Nikolayev olmağın vaxtı çatdı. Bir neçə dəfə etdiyi üçün bu dəfə qrimlənməsi çox çəkmədi. Diqqətlə özünə baxdıqdan sonra hər şeyin qaydasında olduğuna əmin olub dolabın qarşısına keçdi və geyinməyə başladı. Bir azdan geyinib dəhlizə çıxdı. Onu bezdirmiş ayaqqabıları ayağına keçirib yenə gülümsədi. Sanki onlarla da vidalaşırdı. Sonra dönüb divara söykədiyi çəliyə baxdı.

-Hə, dostum, elə sənin də vaxtın gəlib çatdı…

* * *

Telefonu masanın üzərinə qoyub divana oturdum. Bu günə qədər istənilən vəziyyətdən çıxış yolu tapdığım halda indi sanki hər şey daşa dirənmişdi. Gecə yarısına qədər Mahirlə birlikdə apardığımız müzakirələr zamanı kiçik də olsa, bir fikir ayrılığı yaranmamışdı. Belə olmur. İki peşəkarın saatlarla apardıqları müzakirələrdən sonra gəlinən məntiqi nəticə özünü doğrultmaya bilməzdi. Hər şey isə əksinə alınmışdı. Yoooox, mən bununla razılaşa bilmərəm. Mütləq burada nəsə bir incəlik var ki, o məntiqdən kənara çıxır. Kilsə və əjdaha tapmacasını bir kənara qoyaq. Elə bilək ki, heç bunlar yoxdur. Bu halda məntiqdən kənara çıxan nə ola bilərdi? Yenə beynim sürətlə işləməyə başlamışdı. Vaxt gedirdi. Vaxt adamın xeyrinə işləməyəndə sanki dəqiqələr də ikiqat sürətlə ötür. Saata baxdım, 8:35-dir. Yaranmış qeyri-müəyyənlikdə hər ötən dəqiqə bizi gözlədiyimiz təhlükəyə bir az da yaxınlaşdırır. Qalxıb otaqda var-gəl etməyə başladım. Mahirin bayaqkı əhvalı onun ümidsizliyə qapılması deyildi. Sadəcə o da mənim kimi gəldiyimiz son qənaətin mütləq nəsə verəcəyinə arxayın idi. Məntiq bunu deyirdi. Heç kim müharibə şəraitində olan bir ölkənin paytaxtında, ciddi yoxlamaların aparıldığı bir şəhərdə, əlində partlayıcı olan çanta ilə haranısa partlatmağa getməz. Belə addım elə ilk dəqiqələrdən uğursuzluğa düçar olardı. Onlar bunu hesablaya biləcək qədər ağıllıdırlar. Lap əksini fərz edək. Deyək ki, onlar elə hər şeyi belə planlaşdırıblar. Onda bizə məlum olan Tərxan, Mahmud, Sultan onların nəyinə lazım idi? Elə buradakı rezidentləri lazımi anda partlayıcını Solominə verər, o da böyük risk altında nəzərdə tutulmuş məkana gedib partlatmağa cəhd edərdi. Yooox, yenə düz gəlmir. Əvvəla Solomin kamikadze deyil. Onun bu işə razılıq verməsinə öz səbəbləri var, ermənilərlə nə qədər dostluq etsə də, onların hansısa çürük ideologiyasına görə özünü ölümə atmaq ona lazım deyil və buna heç vaxt getməzdi. İkincisi, biz onların uzun müddət hazırlıq gördüklərini bilirik. Tərxanla Mahmudun öldürülməsi də bu son ehtimala heç bir yer qoymur. Biz doğru yoldayıq. Partlayıcı xeyli əvvəldən lazım olan məkana qoyulub. Sonra bu haqda məlumatlı olan adamlar daha lazımsız olduqları üçün aradan götürülüblər. Solomin təkcə hansısa yolla partlayıcını işə salmalıdır. Bu ən doğru ehtimaldır və mən yenə də gəldiyim qənaətimdə qalıram. Ancaq ən xırda bir şeyi nəzərdən qaçırmış ola bilərik, başqa heç nə. Həmin xırda şey qurduğumuz zəncirin tək bir halqası ola bilər. Çatışmayan halqası…

Var-gəl etdikcə növbəti dəfə otağın divarına çatdım. Geriyə dönəndə qəfildən gözüm qarşı divarda asılmış iri, şəkilli təqvimə sataşdı. Dünən sentyabr ayı bitmişdi. Oktyabrın  1-nə keçəndə onun vərəqini çevirmişdim. Oktyabr ayının təqviminin üst tərəfindən Bakı Bulvarının çox mənzərəli bir şəkli mənə baxırdı. Bakı gecəsinin işıqları dənizə düşüb orada əks olunur, dənizə xüsusi bir gözəllik verirdi. Ancaq indi mənim diqqətimi çəkən bu mənzərə deyildi. Döndüyüm yerdə, divara söykənib nəyisə yadıma salmağa çalışırdım. Bu təqvimi alanda əvvəlcə vərəqləmişdim, içərisindəki Bakı mənzərələrini çox bəyəndiyim üçün almışdım. Bütün diqqətimi təqvimə yönəldən, içimdən gələn bir hiss onu bir daha vərəqləməyimi deyirdi. Yaxınlaşıb təqvimi asdığım yerdən götürdüm və vərəqləməyə başladım. Yanvar ayından başladım. Çevirdikcə aylar bir-birini əvəz edirdi:  fevral, mart, aprel. Şəkillərə baxsam da, ağlıma heç nə gəlmirdi, hamısı tanış mənzərələr idi. Əlimi uzadıb növbəti vərəqi çevirdim. Növbəti may ayının təqvimi idi. Vərəqi çevirməyimlə bir anlıq yerimdə donub qaldım. Ancaq yalnız bir anlıq. Təqvimi kənara atıb cəld masanın üzərindəki telefonumu götürüb Mahiri yığdım. Təki o tez cavab verəydi.

 

  “Ədəbiyyat və incəsənət”

(18.03.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.