Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Uşaqdan böyüyə bir çoxumuzun hər dəfə qabağına çıxanda sevə-sevə izlədiyi məhşur “Qaynana” filminə gəlin birlikdə bir daha nəzər salaq.
1978-ci ildə ərsəyə gətirilən bu məhşur tammetrajlı (75 dəqiqəlik) film yazıçı Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Filmin baş qəhrəmanı, qaynana obrazına həyat verən hər kəsin sevimlisi, Azərbaycan kino industriyasının görkəmli siması Nəsibə Zeynalova olmuşdur. Musiqili komediya janrında olan bu məhşur film öz dövrünün ən sevilən və seçilən filmlərindən olmasından əlavə özündə əks etdirdiyi bir çox səhnələrdə günümüzün aktual məsələlərinin də müzakirəsini həyata keçirmişdir. "Bay-bay atondu, anondu" deyən bizim yaşlı və azacıq deyingən qaynanamız kinonun kuliminasiyasında isə ağlayaraq "Haradasan ay Məşədi Kazım?" deyib şəkildən ona acıqla baxan ərini öz harayına çağırırdı. Kinonun bütün məğzi elə məhz bu iki səhnəni həqiqətən dərk edə bilməkdən ibarət idi.
Əhvalatın əvvəlində qaynanamız Cənnət xala oğlu Ayazın həyat yoldaşı Sevdadan daim narazıçılıq edir, öz oğlunu gəlininə qarşı doldururdu. Vəziyyətin çətinləşdiyini görən Sevda evi tərk edir. Bu zaman anasına dərs vermək istəyən Ayaz və dostu İlqar İlqarın nişanlısı Afəti Cənnət xalaya təzə gəlin kimi təqdim edirlər. Afət isə yalandan gəlinlik etdiyi qaynanaaını sözün əsl mənasında Sevdanın yerini mumla axtaracaq vəziyyətə gətirir. Afət Sevdanın əksinə dəli-dolu, söz altında qalmayan, dedi-qodulara qarşı dilini uzun saxlayan, evdə əlini ağdan qaraya vurmayan, əyləncəsinə düşkün bir obrazı canlandırdığından kinonun bütün gedişatında Cənnət xalanı canından bezdirəcək həddə gətirir. Və nəticədə Cənnət xala ilk gəlininə etdiyi haqsızlıqları anlayıb üz tutur onun işlədiyi xəstəxanaya ki, üzrxahlıq edib gəlinini geri gətirsin. Artıq anasının peşman olduğunu və məyus olduğunu anlayan Ayaz və dostu İlqar dözməyib Afətin rolunu sonlandırır. Kinonun sonunda piano başında "biz mehriban ailəyik" mahnısınln sədaları altında rəqs edərək xoşbəxt ailə tablosu yaradan obrazlar həqiqi xoşbəxtliyin təməlinin ailədən atıldığını bir daha sübut edirlər.
Hər dəfə filmi izləyəndə çox zövq alır, bütün epizodları demək olar ki, əzbərdən bilirəm. Ancaq mənim ən sevdiyim epizod "gəlin evin süpürgəsidir, mən hara qoydum, orada da, durmalıdır" ifadəsinin işləndiyi səhnədir. Çünki o səhnədən sonra öz sakitliyini pozan Sevdanın yoxluğunda əslində bir süpürgə yox, ailəsinin xoşbəxtliyi üçün çox vaxt fədakarlıqlar edən, susan və haqqını müdafiə edə biləcəkkən qarşısındakı insanın yaşına, böyüklüyünə hörmət əlaməti ədəb ərkanlı bir Azərbaycan gəlini obrazı canlanmış olur. Və təəssüf ki, bu gün də, dünən də, ondan öncəki günlərdə, aylarda, illərdə ölkəmizdə və dünyanın bir çox ölkəsində susan, ədəbini saxlayan, bəzən daha da, betər şiddətlərə, söyüşlərə dözən, övladı üçün hər əzaba qatlanan qadınların həyat yoldaşları Ayaz qədər sadiq və centlmen olmadıqları üçün onlar şiddətə məruz qalır və öz körpələrinin gözləri önündə döyülür, hətta bəzən öldürülürlər. Bundan əlavə, Sevda obrazı öz işi olan, ayaqları üstündə güclü dura bilən ali təhsilli, peşəsi əlində bir xanım olduğu üçün cəmiyyətdə ona duyulan sayğı və sevgi bizlərə çox gözəl təqdim olunur. Deyəcəyim odur ki, əziz xanımlar, həyatınızı qurarkən keçdiyiniz yolları, xəyallarınızı, hədəfinizi və bütün şəfqətinizi sadəcə eşqə verib, özünüzü bir adama kölə olmağa həsr etsəniz, zaman sizi Sevdanı Ayazın qəlbindən silə bilmədiyi qədər şiddətlə adına eşq dediyiniz ərlərinizin ürəyindən sildirər, bəlkə də, sizin də adınızı "qadın cinayətləri qurbanları" başlığı altında statistikaya bir rəqəm olaraq daxil edər. Və siz Sevda ola bilmədiyiniz müddətcə sizin yerinizi Afəti şam işığında axtaracaq başqa afətlər doldurar. Özünüzə bu xəyanəti edib, gələcəyinizi və ruhunuzu yad qəlblərin torpağında soldurmayın.
Kinodakı obrazların rollarını laiqincə yerinə yetirməsi, güldürməsi və eyni zamanda düşündürməsi günümüzün kino sahəsində də öyrəniləcək çox şey vəd edən sərvətdir. Milli kinolarımız, bizim xalqımızın mədəni irsidir. Biz gənc nəslin borcu öz mədəni irsimizə sahib çıxıb onları layiqincə gələcək nəsillərə ötürməkdir. Mən öz növbəmdə kinonun linkini aşağıda yerləşdirməmişdən öncə ustadlarımızın əməyinə bir daha öz minnətdarlığımı bildirir və siz dəyərli oxucularıma xoş mütaliələr və izləmələr arzu edirəm.
https://youtu.be/JFGKyPqQuwA?si=pWIKMPklCCVe-bE8
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)