Şair İqbal Nəhmətin yaradıcılığında mövzu rəngarəngliyi - ƏDƏBİ TƏNQİD Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Sabir Rüstəmxanlıya qədər, Yardımlıdan şair kimi ölkə miqyasında tanınan heç kim olmayıb. Doğrudur, Sahib Əliyev, Hafiz Rüstəm, Məşallah Məftun, Zöhrab Zövünlü, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Tapdıq Əlibəyli, Sakit İlkin və Rafail Həbiboğlu qismən də olsa ölkədə tanınırlar, amma Sabir Rüstəmxanlı qədər məşhur deyillər. Sevindirici haldır ki, bu gün Yardımlıda yeni nəsil şairlər yetişir. Biz onların poeziya nümunələrini sosial şəbəkələr vasitəsi ilə izləyə bilirik. Bu gün onlardan biri- İqbal Nəhmətin yaradıcılığı barəsində sizə söhbət açmaq istəyirəm. Təbi rəvan, rəngarəngdir. Mövzu qıtlığı, fikir kasadlığı, poetik axsama, texniki səriştəsizlik yaradıcılığından çox uzaqdır. Gəlin, sıradan bir şeirinə nəzər yetirək. Bu şeir “İnciyərəm” adlanır.

 

Bu bahar da gəlməsən,

Güllərdən inciyərəm!

Bircə xoş söz deməsən,

Dillərdən inciyərəm!

 

Qorxma uzat əlini, 

Dayaz edək dərini, 

Bilməsə dost qədrini, 

Ellərdən inciyərəm! 

 

Qaş olub çatılmasa, 

Ruhuma qatılmasa, 

Göz üstə atılmasa, 

Tellərdən inciyərəm! 

 

Çırmandım dizə qədər, 

Düz getdim düzə qədər, 

Çatmasam yüzə qədər, 

İllərdən inciyərəm! 

 

Məncə, bu poetik nümunənin xüsusi təhlilə ehtiyacı yoxdur. Rəvan, rəngləri yerində olan, aşıq ədəbiyyatından bir janr- Gəraylı! Sərbəst vəzndə yazdığı bu nümunə isə onun bəşərə baxışının fəlsəfi təsnifatıdır: 

 

Sən, yağışdan sonra çıxan 

göy qurşağısan, 

Rənglərin elə gözəl, elə özəl ki...

 

Sən, göylərin ən gözəl, 

ən təmiz uşağısan. 

Yaşılın baharın rəngi, 

göyün göy rəngi. 

Bir də sarı var, qırmızı var. 

Sarı bütün rənglərin ən gözəlidir 

mənim üçün. 

Qırmızı qan rəngidir, 

ölümün, zülümün, bir də azadlığın rəngi. 

Çox iti gedirsən, elə bil zamanın atındasan. 

Atlar da yorulur, elə insanlar da. 

Amma unutma, 

bir tək zaman yorulmur. 

Qoxunu uzaqdan duyuram, insan! 

Sən, yağışdan sonra 

torpağın hər qatındasan!..

 

Digər nümunədə şair doğulub boya-başa çatdığı elin dialektini nəzmə gətirib. Şirin Yardımlı şivəsində giley-güzarını təəssüflə dilə gətirir.

 

Gedeysən dərdüy deməyə, 

Qoymeylər qağa, qoymeylər. 

Başlar qərışıb yeməyə, 

Doymeylər qağa, doymeylər. 

 

Gedəndə biyaz dərinə, 

Arvad bağırey ərinə. 

Adami, adam yerinə, 

Saymeylər qağa, saymeylər.

 

Kim döyulsən, sən bi şeysən, 

Bi düşün görəy, yaşeysən? 

Toy edib borcə düşeysən, 

Gəlmeylər qağa, gəlmeylər. 

 

Göl içində qur-qura bax, 

Qulu çapan quldura bax, 

Otuz illik məmura bax, 

Ölmeylər qağa, ölmeylər. 

 

Min gül əkdüy, birin dərdüy, 

Söz istəyənə söz verdüy, 

İqbal, nöşün sənun qədrüy, 

Bilmeylər qağa, bilmeylər. 

 

“Sənin xətrinə” adlı daha bir şeirində şair təbiət lövhələri ilə sevgilisinə səmimi etiraf edir. 

 

Daradım yolların tikan saçını, 

Göynədi əllərim sənin xətrinə. 

De, çoxmu gözlədim yolunu sənin? 

Yubandı illərim sənin xətrinə. 

 

Sən yoxsan, dərəni, iyləyəni yox, 

Hərdən su verəni, belləyəni yox, 

Ətrinə bir misra söyləyəni yox, 

Saraldı güllərim sənin xətrinə. 

 

Dağım dağa döndü, bitdi dağımda, 

Solumda tapdığım, itdi sağımda, 

Qocala bilmədim, cavan çağımda, 

Ağardı tellərim sənin xətrinə. 

 

“Siz deyin, sizə neynim?” şeirində isə, şair onu əhatə edən mühitə nəzmin dili ilə ismarınc göndərir: 

 

Görə - görə qapandı, 

Kor olan gözə neynim? 

Yüz ağızda çeynəndi, 

Çürüyən sözə neynim? 

 

Közük, alovuq, oduq, 

Hələ özgəyik, yadıq. 

Bir yerə yığılmadıq, 

Dağılan bizə neynim? 

 

Verən, alan içində, 

Zəhər ilan içində, 

Batıb yalan içində, 

Boğulan düzə neynim? 

 

Nə qədər mərd olacaq 

O qədər dərd olacaq. 

Nə qədər pərt olacaq – 

Qızaran üzə neynim? 

 

Əlim üzümdə dustaq, 

Dilim sözümdə dustaq. 

Özüm - özümdə dustaq, 

Siz deyin, sizə neynim? 

 

“Mən nə boyda ölüm ki?” şeirində şair sanki dünyanın dərd – sərini öz üzərinə götürmək, insanları xoşbəxt görmək arzusunu poetik dildə ifadə edir: 

 

Ört bütün qapıları, 

Yetər ki, baca qalsın. 

Mən nə boyda ölum ki, 

Ölüm balaca qalsın? 

 

Mən nə boyda gülüm ki, 

Eşitməsin ağlayan. 

Bəlkə də, o, olacaq

Gözümü son bağlayan. 

 

Mən nə boyda bölum ki, 

Bir tikəni yüz yerə... 

Ac qalmasın bir kimsə, 

Payın götürsün hərə. 

 

Açılmadı önüm ki, 

Köçən köçümdə qalsın. 

Mən nə boyda olum ki, 

Dünya içimdə qalsın? 

 

Müasir insan uzun-uzadı söhbətləri xoşlamır, dinləməyə səbiri çatmır. Odur ki, çox danışıb sizi yormaq istəmirəm. Bir sözlə, İqbalın rəngarəng şeirləri qulaqlara sığal çəkməyi bacarır. Əslində, qələm adamı daxilən nə qədər səmimidirsə, bu keyfiyyət yaradıcılığında da öz əksini tapır. Xoşbəxt o yazarlardır ki, şəxsiyyəti ilə yaradıcılıqları üst-üstə düşür və bu vəhdət onları insanların gözündə ucaltıqca ucaldır. Yaradıclığın bir düşməni var: “Hamıdan gözəl mənəm, mən” – iddiası. Necə ki, dünyanın bütün qadınları özlərini yer kürəsinin ən gözəl xanımı hesab edir, yaradıcı adamlar da bu sevdaya düşəndə yanılırlar. İçindəki “MƏN”ə qalib gəlməyən şairin xarüqələr yaratmaq şansı çox azdır...

 

 Bəli, İqbal Nəhmət bu gün cənub bölgəsinin yaxşı şairlərindən biri kimi tanınır. İnanmaq istəyirəm ki, zaman keçdikcə, illər ötdükcə İqbal Nəhmət püxtələşəcək və XXI əsrin ən yaxşı imzalarından biri kimi ədəbiyyat tarixində yer alacaq...  

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.