Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bizim ölkədə vaxtı ilə hansı oğlan uşağından soruşsaydın ki, kimə oxşamaq istəyərdin, deyərdi, Mixayloya. Və bu obraz kimi onu canlandıran aktyor da çox məşhur idi.
Bəli, biz onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlamışıq. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə haqqında bəhs etdiyimiz aktyor - Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə — “Mixaylo” rolunu məharətlə canlandırıb.
Bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 97 il ötür.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə B.Şukin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.
Aktyorun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri var. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.
“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır.
Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub, onlarca aktyor ondan bəhrələnib.
Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
Bir şeyi də qeyd edim. “Uzaq sahillərdə” filmi o qədər məşhur idi ki, oradakı “Mixaylo şəhərdədir” frazası zərbi-məsələ dönüb dillər əzbəri olmuşdu. İnsanlar, çəkindikləri bir adam yaxınlıqda olanda bir-birilərinə bu cür xəbərdarlıq edirdilər. Xüsusən, iş yerlərində müdirin iş başında olması, müəssisəni gəzməsi xəbərini işçilər bir-birinə bu cür çatdırardı.
Ruhu şad olsun böyük aktyorun!
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)