“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, tanınmış şair Vaqif Bəhmənlinin şeirləri ilə tanışlıqdır.
EYNİ MƏHƏBBƏTLƏ
Eyni məhəbbətlə çıxdım işığa,
qaraya sığındım eyni sevgiylə.
Eyni məhəbbətlə ağ dedim ağa,
qeyri mətləbləri almadım dilə,
közü ölü küldən çəkdim qırağa.
Ata yoox...
yetimlik güc verdi mənə –
sığındım anamın kişiliyinə.
Soğan şirəsini sürtdüm sinəmə,
bükdüm dürməyimə keşniş iyini.
Tüpürdüm yalana səmimi-qəlbdən,
sarıldım doğruya qızıl ilantək.
İfalla yapışdım korun əlindən,
Xatalı keçiddən addatdım onu
dərsə apardığım körpə balamtək.
Eyni məhəbbətlə sevdim işığı,
zülmətdən yapışdım eyni eşq ilə.
Helləndim zirvədən üzüaşağı,
eşq ilə şığıdım yarğan müşkülə!
Düşmənə dost dedim, yada aşina,
eyni məhəbbətlə sevdim hamını.
Ayrılıq camını çəkdim başma,
sevdim bal şəhdini, zəhər tamını.
Nə fərqi, nur yağır,
ya qar ömrümə,
nə xeyrə vuruldum, nə bədi sevdim.
Yalan vədlər verib qaynar ömrümə
soyuq başdaşımı əbədi sevdim...
ALLAH, BAŞIMI QATMA
Sındırma boynumu, qaşımı çatma,
lütf elə, adınca bir əməl tutum.
Allah, qurban olum, başımı qatma,
elə eləmə ki, səni unudum.
İzninlə keçmişəm yolu qolboyun,
indi də sən mənim boynuma qol sal.
Elə bir hünərə yol aç,
qol qoyum...
Sən yerdən göyəcən məndən razı qal!
İkimiz bir yerdə bəsirət gözü,
Bir olsaq,
yol çönməz darlığa tərəf.
Varlıqdan aldığım zərbəyə dözdüm,
yoxluqdan ucaldım varlığa tərəf!
Bilmirəm, gözündə azam, yoxsa çox;
tam yaşıl olmadım, həm də solmadım.
Sayəndə...
dostumun say-hesabı yox,
nədən sənə layiq bir dost olmadım?
O sənin əlində nədir ki? –
heç nə!
Niyə yaratmadın günahsız məni?
Qəvvastək daldırıb günah içinə
indi də qoyursan pənahsız məni?!
Yaxşı da dostumdu, pis də dostumdu;
Rəbbin bundan layiq seçimi yoxdu.
Sənə göz açandan seçimi pusdum –
İlahi seçimin biçimi yoxdu...
İlahi, qoymadın qarmaqlar atım –
qarmağa keçəni çəkim, dişimə.
Qoymadın oğluma qaqla yaradım,
qızlarım getmədi həkim işinə.
Aldım beca yerə o pak iyini,
kəsdi pak yolumu köhnəlmiş ətlər.
Ağzımda qurutdum tüpürcəyimi –
sudan quru çıxdı şeytansifətlər!
Bəlkə də... sərvətin sızıb altından,
bilmirəm sənə dost, yoxsa düşmənəm.
Bəlkə, sən ovçusan,
haqq sapandından
şeytana atılan axır daş mənəm?
AXIR-UXUR
Qarından çıxanda nə idim? – kürü;
Sanırdım mətləbə çatıram artıq.
Nəhrə baş vuranda üzməkdən ötrü
gördüm təpəm sudu,
batıram artıq.
Kimindən böyüyəm, kimindən kiçik;
sərçə xatiratım dinsə də cik-cik...
Can nədi, qaşınır ruhumun içi –
dərdə mübtəlayam, qoturam artıq.
Mail gözlərimdə çəpəki maraq,
eyşi-işrətlərdən qurşandım yaraq...
Durultmur keyfimi zəhrimar araq,
badəmə zəncəfil qatıram artıq.
Bu necə dünyadı? –
balı şor kimi,
Hörümçək bürüyüb canı tor kimi.
Ötürəm yolumu baxar kor kimi –
namərd divarlardan tuturam artıq.
Vaqiflər mənsubdu ayrı bir tağa;
abıra, ismətə canım sadağa...
Hamı oyananda girib yatağa,
hamı gəzişəndə yatıram artıq!
TƏQDİMAT
Deyimmi mən kiməm, –
bulud təkinə
qalxıb səyahətə çıxan adamam.
Dağ təki təpilib Yerin tərkinə,
su kimi
dörd yana axan adamam...
Boğazı bağlayıb bəxtin ipinə,
üzüb axar boyu kəsə, çəpinə,
Çöküb səsdə-küydə səbrin dibinə,
sükutda şimşəktək çaxan adamam.
Heç sorma bu xislət nədəndi, nədən? –
Nədən ki, Həvvadan doğulmuşam mən!
Bəlkə, buna görə cin adam, zatən,
Yalquzaq, goreşən, xoxan adamam?!
Həm də ki tum salıb törəyən kəsəm,
sonra toxum-toxum çürüyən kəsəm,
Başını torpağa bürüyən kəsəm,
boyu qara yerə soxan adamam!
Mən yoxam, o yerdə həqiqət yoxsa,
Qoy yarsın köksümü, ədalət oxsa!
Şeytanla həmrəyəm, dediyi haqsa –
çox da ki, Allahdan qorxan adamam.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)