BİR DİREKTOR, BİR ŞAGİRD - Sitarə Abbasova və Fidan Məmmədli Featured

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun 

Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir. 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini  1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.

2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin,  2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.

 

ŞAGİRD:

Mən, Məmmədli Fidan Vüsal qızı 19 avqust 2011-ci ildə dünyaya göz açmışam. 2017-ci ildə Binəqədi rayonu 244 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşam. 2021-ci ildən isə 247 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsilimi davam etdirmişəm və hal-hazırda həmin məktəbdə təhsil alıram.

 

ESSE:

“Hacı Zeynalabdin Tağıyev”

Azərbaycanın görkəmli mesenatı Hacı Zeynalabdin Tağıyev kamil insanlardan biri idi. O öz doğma vətəninin gözəlləşməsi və abadlaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Belə ki, Azərbaycan xalqına öz xeyriyyəçi xidmətləri ilə böyük töhfələr verən Hacı Zeynalabdin Tağıyevin ömür yolu hər birimiz üçün örnək olmalıdır. O, xeyir əməllərin carçısı, bir millət fədaisi kimi çar Rusiyasının müstəmləkə siyasətinə zərbə vuran ilk milli kapitalistimiz olmuşdur.

Bu gün onun xeyirxah əməllərinin layiqli davamçısı Heydər Əliyev Fondudur. Fond da Hacı Zeynalabdin Tağıyev kimi dövlətimizin mütərəqqi ölkə kimi tanınmasında bəşəri addımlar atır.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada evlənmişdir. Zeynalabdinin anası Ümmü xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında olarkən atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. 

Tağıyev müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edirdi. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar məktəbinin binasında onun dəsti-xətti hiss edilir.

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O həm də, Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçilərdən idi.

 

“Neft sənayesi və nəqliyyat”

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır, lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z. Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxartdı. Nəticədə onun gəlirləri sürətlə artmağa başladı. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun,  indiki Volqoqradda, Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtkü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.

Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınaraq neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə maraq göstərir.

1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud neft hasil edir.

"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb,Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda "Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti" təsis olunarkən Z. Tağıyev Şuranın 6 üzvündən biri olur.

Bundan başqa Tağıyev "Kaspi" birliyi ilə əməkdaşlığını sürətlə inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka və körpüyə sahib idi.

 

“Qız məktəbinin açılmasına mane olanlarla mübarizə”

Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnəfikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu, iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb, isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə, imamlardan hədislər və sübutlar gətirərək, bu işi küfr adlandırırdılar. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dillərində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burada nə pis iş var?”

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.