Super User
Sabah Hacı Şahinin vəfatının ildönümüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bəli, ÖLÜMün də bədbəxti, xoşbəxti olur. Bədbəxti səssiz gəlib səsiz gedirsə, xoşbəxti hay-küylə gəlir, hamını ayağa qaldırır. Onun da ölümü ölkədə böyük əks-səda yaratdı. Minlərlə adam dəfninə tələsərək, mərhumu dərin hüznlə son mənzilə yola saldılar. Xeyirxah əməlləri, islami dəyərlərə düzgün yanaşması, təqvalı olması ona qarşı xalq sevgisi yaratmışdı. Mövhumatdan uzaq, müasir düşüncəli ruhanilərdən idi. Təkcə dini ədəbiyyatı yox, bədii kitabları da mütaliə etməyi xoşlayırdı...
Deyirdi ki:- “Ümumiyyətlə, ədəbiyyata düzgün baxışla yanaşmaq lazımdır. Məsəl üçün, mən ədəbiyyat nümunələrini mütaliə edəndə təftiş edərək oxumuram. Mən hesab edirəm ki, ədəbiyyatın da, elə digər mədəniyyət sahələrinin də işi maddiyyat dünyasını aşmaqdan ibarətdir. Məsələn, elm maddiyyat çərçivəsindədir, reallığı, təsdiq olunmuşu deyir. İncəsənət isə maddiyyat çərçivəsini aşandır. Ona görə də düşünürəm ki, ədəbiyyat insanlara doğru-düzgün baxış bucağı verməlidir. Bu baxımdan, sənət, ədəbiyyat elmdən də üstündür. Buna görə də ədəbiyyat adamları, mənə elə gəlir, mənəvi cəhətdən təmiz insanlar olmalıdır. Mən istəyərdim ki, ədəbiyyat maddiyyat çərçivəsindən çıxsın, ruha yaxınlaşsın. Hansısa ideologiyaya söykənməsin. Biz ideologiyaya söykənən ədəbiyyatın nə vəziyyətə gəldiyini görmüşük. Sovet dövrünü nəzərdə tuturam. Sənət ideologiyaya deyil, insana xidmət etməlidir. Məsələn, mən görüşməsəm də, Salam Sarvanı bəyənirəm. Aqşin Yeniseyi də oxumuşam. Şəhriyar Del Gerani ilə münasibətimiz olub, hətta məscid kitabxanasında onun kitab təqdimatını da keçirmişdik. Hazırda başqa yazalarını, adlarını xatırlaya bilmirəm, onları da oxumuşam. Ramiz Rövşəni çox sevirəm. İlqar Fəhmi ilə yaxşı münasibətimiz var, kitablarını da oxumuşam. Yaxşı qəzəlləri də var, romanları da...”
Haqqında söhbət açdığım Hacı Şahin 7 iyul 1974-cü ildə Bakıda anadan olub. İlahiyyatçı, ictimaiyyət arasında nüfuzlu din xadimi, Məşhədi Dadaş məscidinin axundu idi. "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qaqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, eyni zamanda QMİ-nin Qazilər şurasının üzvüydü. Bakı şəhəri, Səbail rayonu 189 saylı məktəbin rus bölməsində orta təhsilini başa vurub. Ali təhsilə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində yiyələnib. 2 mart 2023-cü il tarixində ürəkçatışmamazlıqdan vəfat edib. Özündən sonra iki qızı və iki oğlu yadigar qalıb. “Haradan başlamalı?”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifi idi...
“Ümumiyyətlə, çoxlarının dini ideologiya haqqında təsəvvürləri yanlışdır. Din insanın doğru-dürüst təfsiri, izahı, şərhidir. Dinin missiyası insanları çərçivəyə salmaq, hansısa ideoloji qəlibə atmaq deyil. Dinin missiyası insanın kimliyini və o kimliklə necə yaşamaq lazım olduğunu göstərməkdir. Düşünürəm ki, din insan potensialının maksimum reallaşdırılması imkanıdır. Din, əslində, insanı çərçivədən azad etmək üçündür. Din tək sənətin deyil, bütün həyatın içində olan yaşam tərzi, düşüncə tərzidir. Ona görə də hər sahə ilə bağlı ümumi prinsipləri din insanlara bəyan edir. Və bu prinsiplər insanın ağlı, düşüncəsi, hissi ilə həmahəngdir, yəni qeyri-rasional deyil. Din insana nəyin xeyirli, nəyin ziyanlı olduğunu anladır. Söhbət burda hansısa senzuranın tətbiqindən getmir. Din ədəbiyyatı maddiyyatdan qoparmaq üçün edir bunu. Yəni bir növ onu məhdudiyyətlərdən qurtarır. Dinin qoyduğu məhdudiyyətlər zahirən məhdudiyyət kimi görünsə də, əslində, bu məhdudiyyət sənətin vulqarlaşmasının, bayağılaşmasının qarşısını almaq üçündür. Bunlar hər hansısa bir qadağa deyil. Demir ki, filan şeyə toxunmaq olmaz. Məsələn, bir də görürsən ki, içində aqressiya olan biri əsər yazır və o aqressiyanı ötürür o əsərə və oxucunu da neqativə kökləyir. Mənim bədii əsərdən əsas meyarım mənfi yox, müsbət təəssüratlar almaqdır. Quranda bir ayə var, deyilir ki, yediyiniz yeməklərə fikir verin. Məncə, bu, yalnız maddi qidanı əhatə etmir. Biz buna imkan verməli deyilik ki, istənilən insan ruhumuza öz neqativini tökə bilsin.”- söyləyirdi.
Zəngin dünya görüşü, güclü mülahizə qabiliyyəti var idi. Hadisələrə düzgün rəy verməyi bacarırdı. Məsələn, Salman Rüşdinin, Seyid Əzimin, Rafiq Tağının sui qəsdə məruz qalmalarını belə izah edirdi...
Deyirdi ki:- “Seyid Əzimi öldürənlər əsl dindarlar deyildi. Mən Seyid Əzimin əsərlərində təqdim etdiyi dini qəbul edirəm. Seyid Əzimin qəzəllərində də bunu görmək olar. Onu şəxsi məsələ üstündə öldürdüklərini də deyənlər var. Hər halda yaxşı hal deyil. Mənim baxışım bundan ibarətdir ki, ümumiyyətlə, təhqir yolverilməzdir. Hətta ateistin fikirlərinə görə ləyaqətinin, şəxsiyyətinin alçaldılması da. Birmənalı şəkildə olmaz. Onların ölümlərinin bir çox səbəbi var: fikirlər dindarlar tərəfindən radikalca qarşılanır, yaxud da hər hansısa siyasi bir oyunun tərkib hissəsinə çevrilirlər və s. Hansısa siyasi xətlə islamafobiya yaradılır. Karikatura dalğası da bu səbəbdən ortaya çıxmışdı. Qərb bunu ifadə azadlığı adlandırdı ki, peyğəmbərin də karikaturası çəkilə bilər. Təəssüf ki, bəzən siyasət bu mövzulara sirayət edir. Hər bir mövzu tənqidə açıqdır. Kimsə dini də tənqid edə bilər. Din xadimləri bu tənqidə cavab verməli, müzakirələr olmalıdır. Bayaq dediyim kimi, təhqir artıq dəyərlərin ələ salınmasıdır. Bir əsər mənim dünyagörüşümə ziddirsə, mən onu daş-qalaq etməli deyiləm. Mən, ümumiyyətlə, hansısa prinsiplərin hədəfə alınmağını qəbul etmirəm. Fikir versəniz, mən sosial şəbəkədə hansısa ateist də təhqir olunanda buna qarşı çıxıram. Əsərdə nədən yazırsan yaz, fikrini elə ifadə elə ki, orda təhqir elementi olmasın. Bu da dinin diktəsi deyil, müasir dünyanın reallığıdır.”
Ünsiyyətdə çox mehriban adam idi. Necə deyərlər, böyüklə böyük, uşaqla uşaq… Davranışında nəzakətli, rəftarında nəcib olduğu üçün insanlarn rəğbətini qazanmışdı. Bəli, onu eşidirdilər, ona nəvaziş göstərirdilər. Amma təəssüf ki, aramızdan tez getdi. Axı nə yaşı var idi- vur-tut 48. Neçə-neçə arzu və istəklərilə yanaşı, görəsi işləri də yarımçıq qaldı.
Sabah Hacı Şahinin vəfatının ildönümüdür. Onu hörmətlə xatırlayır, ehtiramla yad edirik. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
EKSPRESS-SORĞU - Mənim üç arzum
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” in növbəti ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır?
Mənim cavabım belədir:
Arzudan doğulmuş arzular, ayağı gerçəkdən üzülmüş arzulardı deyirdi şair.
Xəyalən Düşünülmüş və bir o qədər də gerçəkdən uzaq olan arzular.
Kənardan baxan biri üçün necə də asandır bəlkə də bir insanın qurduğu arzularının arxasınca durmadan getmək istəyi və bu istəklərinin üzündən çox şeydən imtina etməsi.
Əslində biz hər birimiz xəyallar, arzular quraraq yaşayırıq həyatımızın hər anını.
Bəzən mümkünlərdən və bəzən də mümkünsüzlərdən yol alırıq ixtiyarsız.
Axı xəyal edib nələrinsə arzusunda olmaq hər bir insanın haqqıdır, elə deyilmi, gözəl insan?...
Bilmirəm, bəlkə də yanlış bir düşüncədi bir saniyədən sonrasını bilmədən, hələ yaşanmamış illərin ən gözəl dəqiqələrinin arzusunu qurmaq.
Bir gün Salehlərdən birinə "nəyi arzu edirsən?" deyə soruşulub, cavabında isə "arzu etməməyi arzu edirəm" demişdi.
Kim bilir, bəlkə o da neçə arzularını çoxlarımız kimi "qızlıq balığa" həvalə etmişdi.
Bəzən insanın gücü heç nəyə yetməyəndə yalan olduğunu bildiyi gerçəklərə inanır, təəsüf ki. Birimiz o balıqdan gələcəyimizi, birimiz keçmişimizi, birimiz də sadəcə xoşbəxtliyimizi arzu edib səbrlə gözləyirik, əziz dost.
Düşünürəm, hər kəsin bir qızıl balığı var əslində. Bilirsənmi nədir, gözəl insan?
qəlbimizdə gələcəyə olan ümidimiz. Çalışaq bizə verilmiş bu müddətli yaşamımızda üç arzumuzu qızıl balığa deyil də, içimizdə olan ümid və əzmimizə etibar edək.
Yaşanılması mümkün arzularımızın gerçəkləşməsi ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Sədaqət Qəhrəmanova: “Kimsəsizlərə, imkansızlara kömək etməkdən zövq alırdım..."
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Elm, təhsil, mədəniyyət və eləcə də həyatın müxtəlif sahələrində uğurla çalışan qadınlarımız az olmayıb. Sevindirici haldır ki, aralarında mötəbər vəzifələrdə işləyənləri də var. Onlar cəmiyyətdə həm ana və həm də bir işgüzar qadın kimi öz öhdəliklərini ləyaqətlə yerinə yetirirlər. Bu gün sizə həmin qadınlardan biri- Sədaqət Qəhrəmanova haqqında söhbət açmaq istəyirəm.
Sədaqət xanım 1949-cu ildə Şəmkir rayonunda dünyaya gəlib. Orta təhsilini Əli-Bayramlı şəhər(indiki Şirvan şəhəri) 2 saylı məktəbdə başa vurub. Sonra Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialında iqtisadçı peşəsinə yiyələnib. Daha sonra dörd il Bakı Ali Partiya məktəbində təhsil alıb. Bir müddət Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri işləyib. Və Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə, şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri, şəhər Partiya Komitəsində təlimatçı, şəhər Qarışıqmallar ticarət idarəsində rəis, yenidən Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi, sonra şəhər Xalq Nəzarət Komitəsinin sədri, Xalq Deputatları Sovetinin sədri və Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı, sonradan şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2005-ci ildən indiki Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində işləyir. Xidmətləri "Şöhrət" və 2-ci dərəcəli "Əmək" ordenlərinə, eləcə də "Əməkdar dövlət qulluqçusu" fəxri adına layiq görülüb...
Pakistanın sabiq baş naziri Benazir Buhuttonun gözəl bir deyimi var: “Qadın lap ölkəsinin baş naziri olsa belə, evinə daxil oldusa övladlarının anası, ərinin xanımıdır.”
Deyir ki;- “Mən ailə həyatı quranda 34 yaşım var idi. İndiki Şirvan şəhər Partiya Komitəsinin ideoloji işlər üzrə katibi vəzifəsində çalışırdım. Təbii ki, həyat yoldaşım da bunu bilirdi. Evlənməzdən öncə işləyib-işləməmək mövzusu ortaya gələndə, ona söylədim ki;- “İşimdən kənarlaşmaq fikrim yoxdur. Mənə evlənmək təklifi etməklə bunları da gözə alırsanmı? Çünki sabah desən ki, işindən ayrıl. Bu mümkün olmayacaq”. O zaman o, qərarının qəti olduğunu və hər bir şeyi gözə aldığını dedi. Eləcə də- “düşünərək bu addımı atıram”- söylədi.”
Və bu minval ilə xeyli müddətdir ki, bir ocaqda qoşa yaşayırlar. Dörd övladları var.- üç qız, bir oğlan. Ömür-gün yoldaşı Daməd kişi təqaüddə olan polis zabitidir…
Sədaqət xanım yuxarıda sadaladığım vəzifələrə işgüzarlığı və bacarığı ilə nail olub...
“O vaxt vəzifədə işləmək qadınlar üçün çox çətin idi. Cəmiyyət bunu birmənalı qarşılamırdı. İnsanlar arsında belə düşüncə var idi ki, guya vəzifəli qadın nə mətbəx işlərini bacarır, nə də ki, ailəsinə vaxt ayıra bilir. Əksinə, bir çox evdar xanımlar ailə öhdəliklərini daha aşağı səviyyədə yerinə yetirir, nəinki işləyən qadınlar. Vəzifəli xanım məsələsinə gəldikdə isə, öz təcrübəmdən deyə bilərəm ki, vəzifədə çalışan qadın hər bir məsələyə daha məsuliyyətli, həssas və diqqətli yanaşır. Onu da deyim ki, mən heç vaxt vəzifə başında olduğum üçün fərəhlənməmişəm. Bunu özümə Allahın verdiyi fürsət kimi dəyərləndirmişəm. İcra başçısı işlədiyim dövrdə çətin vəziyyətdə olan ailələrə, xüsusilə də qadınlara, kimsəsizlərə, imkansızlara kömək edə bildiyimdən zövq almışam...”- söyləyir.
Şirvan şəhəri Sədaqət xanım üçün yad şəhər olmayıb. Həmin şəhərdə böyüyüb boya-başa çatdığına görə, oranın hər bir qarışı ona doğma və əzizdir. Birinci katib, sonradan icra başçısı işləyəndə də mötəbər vəzifə tutmasına baxmayaraq, çox vaxt işə piyada gedib gəlib. Yolda insanlarla ünsiyyətdə olub, hal-əhval tutub, problemləri ilə maraqlanıb. Bütün bunlar ona hörmət və rəğbət qazandırıb...
Deyir ki,- “Ölkəmizdə gender siyasəti olduqca uğurla davam edir. Sevindirici haldır ki, bu gün qadınlarda ictimai fəaliyyətə maraq artmaqdadır. Digər tərəfdən, bu həm də, bizim komitənin yerlərdə qadınlar arasında apardığı maarifləndirmə işinin müsbət nəticəsi sayıla bilər. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllimə, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə təmsil olunmağa da maraq göstərirlər. Bizim bələdiyyələrə seçilən qadınlarımızla bu gün də çox yaxşı əlaqələrimiz var, bu əlaqələri davam etdiririk, onların problemləri ilə yaxından tanış oluruq, müəyyən mənada dəstək olmağa çalışırıq. Qadınların bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nigahı problemindən və ya kənddə yaşayan qadınların ortaya çıxan problemlərindən, o cümlədən, kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən çatışmazlıqların aradan qalxmasında həmin qadınların böyük rolu ola bilər. Ölkəmizdə keçirilən sonuncu parlament seçkisinin nəticələrinə əsasən də qadın millət vəkillərimizin sayının artdığını müşahidə etdik. Bəzən gender balansı dedikdə həmin anlayışı yarı-yarıya kimi qavrayırlar. Bu heç də belə deyil. Məsələyə kompleks şəklində yanaşılmalıdır. Əsas odur ki, qadınlar ictimai fəaliyyətlə məşğul olmağı tam varlıqları ilə istəsinlər, öz işlərinə can yandırsınlar. Bu istək olduğu halda həmin qadın həm evindəki analıq, həyat yoldaşı olmaq kimi məsuliyyəti tam həyata keçirər, həm də tutduğu postda öz işini uğurla icra edər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir dövlət postu qadın üçün ikiqat məsuliyyətdir. Bu baxımdan, gender məsələsinə incə yanaşma sərgilənməlidir...”
Müdrik və məğrur xanımdır. Adi qadınlardan çox fərqlənir. Uzun illər rəhbər vəzifələrdə çalışdığı üçün, əsl kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə ehtiva edə bilib. Heç vaxt artıq-əskik danışmır. Zabitəlidir. Sözü üzə deməyi bacarır. Mərdanə davranışı var. Onunla həmsöhbət olmaq adamdan ciddilik tələb edir. Şit zarafatlara, etikadan kənar sözlərə çox həssasdır. Necə deyərlər, düşüklüyə, müştəbehliyə qarşı amansızdır. Amma bütün bu xüsusiyyətlərlə yanaşı, həm də çox qayğıkeş və mehriban xanımdır...
Hər dəfə adı gələndə “Firəngiz” bədii filmi yadıma düşür. Həmin filimdə rəhmətlik Vəfa Fətullayeva rayon partiya komitəsinin birinci katibi Firəngiz Talıbovanın obrazını çox gözəl yaradıb. Firəngiz qayğıkeş olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. Çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa olunmasına nail olur və səmimi münasibəti, mehribanlığı, dürüstlüyü ilə hamının rəğbətini qazanır...
Bəli, haqqında söhbət açdığım Sədaqət xanım da tələbkarlığı, işgüzarlığı ilə ölkədə tanınan rəhbər qadınlardan biridir. Bu gün onun 75 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Çox yaşayın, Sədaqət xanım!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
“Eşq ilə yanmayan dərməsin səni” - Namiq Hacıheydərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Namiq Hacıheydərlinin şeirlərini təqdim edir. Bu dəfəki şeirlərin leytmotivi sevgidir, insanın təbiət və ilahi qüvvələr barədə düşüncələridir. Namiq Hacıheydərli bacarıqla qəzəl də yazır, onun bir qəzəli də sizlərin diqqətinizə çatdırılacaq.
SƏN...
Sən eşqin bağında bitən çiçəksən,
Eşq ilə yanmayan dərməsin səni.
Qaranlıq ürəkli, donuq baxışlı,
Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən,
Adında bal kimi dadı duymasa;
Gəzməsin bu qutsal torpağın üstə,
Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib,
Mələklə göylərdə yaşıyanımsan.
Türküstan çölünün, Tanrı dağının
Ətrini ruhunda daşıyanımsan.
DEDİ
Əllərimdən tutmasan,
Bu yollarda azaram.
Dedim: qoyma darıxım,
Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni,
əfv edərmisən məni?!
Dedi: acı kəlməni
mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam,
Kədər gölündə batam...
Dedi: sənə üz tutan
Dərdə quyu qazaram...
Ah çəkdim yana-yana;
“Mən atayam, sən ana...”
Dedi: hər şey bir yana,
Taleyimi pozaram.
Dedim: dərd oldum sənə...
Dedi: eşqsiz yaşam nə?
Ya yurd ollam eşqinə,
Ya da sənə məzaram.
OLAR
Ömrü yellərə vermək
Aqillərə ar olar.
Bir mürşid yanılarsa,
Min-min mürid xar olar.
Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz,
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs
Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən
Kor olar, həm kar olar.
(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana
Geniş yer də dar olar.
Yox! – deyib batma yasa,
Var! – söylə – var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.
BƏYAN
Külli aləm zülmət idi, biz o zaman gündüz idik,
Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə,
Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən,
4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
"Var ol!" dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,
Əzəldən öncə var olan, sondan sonra ölməz idik.
Söyləyən biz, söylədən biz, endirən, həm enən bizdik,
Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq,
Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə, biz endirdik o dinləri,
Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, misirlilər Amon dedi,
Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,
İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik...
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə ŞƏMS TƏBRİZİ
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Şəms Təbrizinin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan? Allah səni insanlara sevdirmək istəyir, sənin dağılmış parçalarını toplayır. Eşqə nankorluq etmə!
***
Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanarsa, Allah da onu başqasına möhtac eləməz.
***
Bil ki, günəşə baxmağa cəsarəti olmayan kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.
***
Düzənim pozulur, həyatım alt-üst olur deyə, narahatlıq keçirmə. Haradan bilə bilərsən həyatın altının üstündən daha yaxşı olmayacağını?
***
Əgər Kəbəni birdən-birə aradan götürsəydilər, adamlar görərdi ki, bir-birinin könlünə sitayiş edirlər.
***
Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil!..
Yolgöstərənin daim ürəyin olsun...
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
REDAKSİYANIN POÇTUNDAN – Əşrəf İbrahimovun rəng palitrasının özəllikləri barədə
“Ədəbiyyat və incəsənət” portalının poçtuna Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin tanınmış rəssam, yazıçı və publisit Əşrəf İbrahimov barədə yazısı daxil olub. Yazıda Əşrəf İbrahimovun rəsm əsərləri, rəssamlıq texnikası barədə ətraflı məlumat verilir, onun bədii və publisitik yaradıcılığına toxunulur. Yazını sizlərə təqdim edirik.
İbrahimov Əşrəf Məmmədvəli oğlu 1941-ci il yanvarın 19-da Azərbaycanın Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində kolxozçu ailəsində doğulmuşdur. Yeddi illik məktəbi doğma kəndində, orta məktəbi Vartaşendə bitirmişdir (1958).
Əvvəlcə Bakıda 6 saylı sənət məktəbində, sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini davam etdirmişdir (1959-1964), Azərbaycan SSR Dövlət Musiqi Mədəniyyəti Muzeyində tərtibçi-rəssam (1967-1969) işləmişdir.
ADU- nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1965-1971). Ali təhsilini başa vurduqdan sonra - 1971-ci ildə qısa bir müddət Oğuz rayon Xalq teatrında rəssam işləmişdir. Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin “Gənclik” redaksiyasında kiçik redaktor, məktəblilər üçün veriliş redaksiyasında, ədəbiyyat və incəsənət redaksiyasında redaktor, böyük redaktor olmuşdur (1970-1978).
Əşrəf İbrahimov “Ədəbiyyat və incəsənət” qəzetində təsviri incəsənət şöbəsinin müdiri (1978-1991), “İncəsənət”qəzetinin baş redaktoru (1991-2000) olmuşdur. Mədəniyyət və incəsənət Universitetində müəllim işləmişdir. Hekayə və publisist yazıları dövri mətbuatda 1969 - cu ildən müntəzəm dərc olunmuşdur.
O, respublikaının tanınmış rəssamlarından biri, Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi.
Oçerklərinin birində özünün də etiraf etdiyi kimi, çəkdiyi rəsm əsərləri onun sözlə ifadə edə bilmədiyi hissləri idi. Deyirlər ki, ilk təəssürat, uşaqlıq təəssüratı həm güclü, həm də pak və təmiz olur. Təxminən 45 il bundan əvvəlin söhbətidir. Əşrəf İbrahimov kənddə kolxozun sifarişi ilə rəsm tabloları çəkirdi. Onun üçün kolxoz malikanəsində kiçik bir otaq ayırmışdılar. Tez-tez mən bu otağa gələr, çəkilmiş lövhələrə heyranlıqla tamaşa edərdim. O vaxt Əşrəfin fırçasını sehirli sanardım. Sonralar başa düşdüm ki, bu fırçanın sehri də, gücü də onun sahibinin Vətənə, onun daşına, torpağına və bu torpağın üstündə yaşayan Vətən övladlarına olan sonsuz məhəbbətdədir.
O həmçinin bir sıra filmlərin və teatr tamaşalarının rəssamı olmuşdur. 1976-cı ildə görkəmli yazıçımız İlyas Əfəndiyevin hekayəsi əsasında çəkilmiş və geoloqların fəaliyyətindən bəhs edən “Bizi dağlarda axtarın” filminin rəssamı olmuşdur. Bir müddət Oğuzdakı xalq teatrında quruluşçu rəssam, Mədəniyyət və incəsənət Universitetində ixtisası üzrə müəllim işləmişdir.
Ə.İbrahimov Azərbaycan Yazıçılar Birliyinin də üzvü idi. O, “Talelər” (1971), “Azərbaycan mənzərəsi” (1975), “Bəyli kəndinin evləri” (1985), “Hafiz Məmmədov” (1985), “Hacağa Nəzərov” (1986), “Hekayələr” (1990), “Sultan Məhəmməd” (1992), “Əminə Dilbazi” (2000) və s. əsərlərin müəllifidir.
Yaradıcılığının əsas ilham qaynağı isə Azərbaycan, onun dilbər guşələrindən biri olan Oğuz və buranın mərdlik və müdriklik mücəssəməsi olan övladları idi.
Doğma torpağa bağlılıq və təəssübkeşlik Əşrəfin bədii yaradıcılığının da ana xəttini təşkil edir. 1971-ci ildə çap olunmuş “Talelər” adlı kitabda toplanmış oçerklərdə də bunu aydın görmək mümkündür. Kitaba daxil olan “Layihələr, arzular...”, “Bizim balaca Zabitə”, “”Gözəl qızlar haqqında hekayə”, “Dənizin nəğməsi” və “Emalatxanada söhbət” oçerklərində Vətənə və xalqa qəlbən bağlı olan yaradıcı insanların fədakar əməyindən söhbət açılır. Bu qəhrəmanlar müəllifin şəxsən tanıdığı, üzbəüz oturub saatlarla söhbət etdiyi insanlardır.
“Yolda” oçerkində müharibənin insanlara gətirdiyi fəlakətlər çox inandırıcı təsvir olunur. “Qumral qızunun əfsanəsi” oçerkində isə çoban həyatının bütün romantikasını duyan, yamyaşıl yamacların, diş göynədən bulaqların zümzüməsini canında yaşadan müəllif bu həyatdan real lövhələr təqdim edir. Oçerklərdəki hadisə və əhvalatların xarakterinə uyğun olaraq təsvirlərdə daxili bir lirizm, nağıl şirinliyi də vardır.
1985-ci ildə çap olunmuş povest və hekayələrdən ibarət “Bəyli kəndinin evləri” kitabı Ə.İbrahimovun bədii yaradıcılığında xüsusi yer tutur. Kitaba daxil olan “Bəyli kəndinin evləri” povesti Əşrəfin yaradıcılığında məna dolğunluğu ilə seçilir. Əslində bu povest müəllifin öz doğma kəndi haqqında, onun keçmişi və bir-birinə bənzəməyən adamları barədə yaddaşa köçmüş xatirəsinin əksidir. Burada o, hadisələrin təsvirçisi yox, iştirakçısıdır. Əsərdə təsvir olunan Bəyli kəndi dünyanın kiçicik bir parçasıdır, amma öz gözəlliyi ilə bu dünyaya meydan oxuyur. Bəylilər isə andına, inamına sədaqətli adamlardır. Qonşu baglı- bagatlı kəndlərin adamlarının dilində bu kəndin camaatının güzaranı, işi-gücü həmişə nağıla, zərb-məsələ çevrilmişdir. Bütün əsər boyu kənd inkişafda təsvir edilir. İllər keçdikcə Bəyli abadlaşır, öz simasını dəyişir. Dəyişməyən Vətən, hər şəraitdə milli-mənəvi simasını qoruyub saxlayan vətən övladları və müəllifin onlara olan sonsuz məhəbbətidir. Povestdə yaradılmış usta Abbas obrazı ilə Ə.İbrahimov doğma el-obasında yaşayanların xarakterini ümumiləşdirmişdir. Usta Abbasın yaşadığı hisslər, onun daxili aləmi bütün bəylilərə xasdır.
Bəylilərin su həsrəti usta Abbasın şəxsində belə ümumiləşdirilmişdir: “Usta kəndin lap yuxarı başında – evinin qabağındakı torpaqla bərabər sal qayanı ömrü boyu oyub ki, su çıxarsın. Üç arşın çapıb, amma suya çata bilməyib. Ömrünün axırına kimi həyətdəki şabalıd ağacının dibindən qulağına su şırıltısı gəlirmiş. Özündən başqa heç kim eşitməyib busəsi.”
Təsirli və gözəl ümumiləşdirmədir. Çünki bəylilər ömür boyu su həsrəti ilə yaşamışlar, su burada kənd bina olandan bir nömrəli problem olmuşdur.
Əsərdəki obrazların xarakterində ümumi cizgilərlə yanaşı onları fərqləndirən fərdi keyfiyyətlər də vardır. Buna görə də əsərdəki mühasib Ağbaş Müslüm, briqadir Səməd, dəllək Nəsir, çayçı Cəlil, Süleyman, Yetər, Səbinə və digər surətlər öz fərdi xüsusiyyətləri ilə bir-birindən seçilir, bitkin obrazlar kimi yadda qalırlar. Bu mənada kitaba daxil olan ikinci povestin – “Qan pulu” povestinin qəhrəmanları da müstəsnalıq təşkil etmirlər. Əsərdə qeyrətli həmyerlilərimizin prototipləri yaradılmışdır. Povestin qəhrəmanı Kərəm müharibəyə gedən oğlanlarının da ailəsinə baxan qoca və xəstə Qurban kişinin ömrü boyu ilmələrinə tamaşa etməkdən doymadığı xalçanı ehtiyac ucbatından bazarda dəyər-dəyməzə dəlallara satmasına dözmür. O, müharibəyə gedən “həmin iki şümal oğlanın” gülüşlərinin hopub qaldığı bu xalçanı öz pulu ilə geri alıb dünyasını dəyişmiş Qurban kişinin ailəsinə qaytarır. Bu epizod M.Cəlalın “Bir gəncin manifesti” romanındakı məlum epizodu xatırladır. Burada əsgər ailəsinə diqqət və qayğının, milli mədəniyyət nümunələrimizin təəssübünü çəkməyin gözəl nümunəsi ilə rastlaşırıq. Ə.İbrahimov “Bəyli kəndinin evləri” kitabına daxil olan hekayələrdə də obrazların daxili aləmini psixoloji cəhətdən dolğunluğu ilə açmağa çalışır və buna nail olur. Bunu “Gecikmiş məhəbbət” və “Dəyirman yolunda” hekayələrində də aydın görmək mümkündür. Hekayələrin baş qəhrəmanları Rəhilə və İbrahim kişi gözümüz qarşısında bütöv xarakterə malik obrazlar kimi canlanırlar. Oxucu qəhrəmanların keçirdiyi hisslərin səmimiliyinə inanır, onların hərəkətlərinə bəraət qazandırır.
1992-ci ildə Əşrəfin “Əşrəf Səid İbrahim” imzası ilə Təbriz miniature məktəbinin yaradıcısı Sultan Məhəmmədə həsr olunmuş “Sultan Məhəmməd” romanı çap olunmuşdur. Bu roman uzun illər Yaqublu məktəbinə direktorluq etmiş, kəndin və rayonun ictimai-siyasi həyatında fəal rol oynamış müəllim H.Qurbanova ithaf olunmuşdu. Birinci kitab iki hissədən ibarətdir. Birinci hissədə XVI əsrin ilk illərində Azərbaycanda baş vermiş siyasi hadisələr fonunda rəssamın uşaqlıq və gənclik illərindən, yaradıcıl mühitə gəlişindən, ikinci hissədə isə onun Təhmasib sarayının aparıcı sənətkarlarından biri kimi formalaşmasından bəhs olunur. Romanda Sultan Məhəmmədin simasında yeni Təbriz miniatür məktəbinin yaranmasından, inkişafından və Şərq sənəti konteksində böyük tarixi hadisəyə çevrilməsindən də söhbət açılır.
Əşrəfin yaradıcılığına xas olan əsas xüsusiyyətlərdən biri də onun yaratdığı qəhrəmanların çoxunun peşə etibarı ilə rəssam, memar və heykəltaraş olmasıdır. Bu Ə.İbrahimovun ilk və sevimli peşəsi olan rəssamlığa və incəsənətin bu növlərinə qəlbən bağlılığı ilə əlaqədardır. “Keçmişdən gəlmiş qoca”, “Pirosman”, “Şamaxının qonağı” hekayələrinin baş qəhrəmanlarının rəssam, “Bəyli kəndinin evləri” povestinin və “Layihələr, arzular...” oçerkinin qəhrəmanları Süleyman, Səbinə və Məmmədin memar, “Emalatxanada söhbət” oçerkinin qəhrəmanı Hamletin heykəltaraş olması da incəsənətə olan sevginin nəticəsirdir. Bu sevgini biz Ə.İbrahimovun 1990-cı ildə çap olunmuş dünyanın görkəmli rəssamlarının həyatından bəhs edən “Qəribə talelər” adlı sənədli hekayələr kitabında da görə bilərik. Görkəmli alim A.Məmmədov kitaba yazdığı ön sözdə deyir: “Əşrəf öz hekayələrində bu və ya başqa bir sənətkar ömrünün oxunaqlı, illüstrativ və publisistik izahından, təsvirindən daha çox həmin ömrün sənət özülünə, mənəvi qida mənbəyinə can atır.... Ən başlıcası, bu hekayələrin hər birində bütün güc və enerjisini insanlara təmənnasız xidmətə sərf edən dahi sənətkarların ömrünə də, yaradıcılığına da əbədi hörmət və minnətdarlıq hissi aparıcı rol oynayır...”
BDU-nun jurnalistika fakültəsinin məzunu olan Ə.İbrahimov həm də tanınmış jurnalist idi. Yuxarıda da qeyd etdiyimiz kimi o, Azərbaycan Jurnalistlər Birliyinin də üzvü idi. 1990-ci ildən nəşr olunan “İncəsənət” qəzetinin naşiri və redaktoru olmuşdur.
Əşrəfin yaradıcılığında publisistika geniş yer tutur. Onun publisistikası öz istiqaməti, ideya, dil və üslub özünəməxsusluğu ilə diqqəti çəkir. Burada düşüncə tərzi, uslub, dünyabaxışı, həyata, insanlara münasibət son dərəcə orjinaldır. Həmin əsərlərdə aparıcı mövzular azərbaycançılıq, müstəqillik və Qarabağ hadisələridir. Bu baxımdan Əşrəfin sənədlərə, şahidlərin ifadələrinə əsasən qələmə alınmış digər məqalələri ilə yanaşı, “Şahid şəhidlər haqqında” yazısı maraqlıdır. Burada oxuyuruq: “Qarabağ uğrunda mübarizənin əsas faktoru kimi verdiyimiz şəhidlərin, bütünlükdə imperiya qurbanlarının qanı hədər getməyəcək. Bunlar zaman-zaman xalqımızın silinməz yaddaşına çevriləcək, həmişə Azərbaycanın müstəqillik rəmzi kimi yaşayacaq”.
Bu yazı gələcək nəsillər üçün yaddaş, yaşanan tarix haqqında məlumat qoyub getmək istəyi ilə qələmə alınmışdır.
Ə.İbrahimovun ayrı-ayrı sənət adamları və onların əsərləri, respublikamızın içtimai-siyasi və mədəni həyatındakı yeniliklərdən bəhs edən məqalələri də xüsusi maraq doğurur.
Ə.İbrahimov 2000 - ci il dekabrın 90-da Bakıda vəfat etmişdir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Şəhidlər barədə şeirlər – Nurlan Eminov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nurlan Eminova həsr edilmiş şeirlə tanış olacaqsınız.
NURLAN PƏRVİZ OĞLU EMİNOV
(02.07.2000.-03.10.2020.)
Kürdəmir rayonunun Ərəbqubalı kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
NURLANIN HÜNƏRİ
İyirmi il yaşadın, şərəflə, ləyaqətlə,
Döyüşdün düşmənlərlə mərdliklə, rəşadətlə.
Yazdırdın qəhrəmanlar cərgəsinə adını,
Almşdın düşmənlərin gözlərinin odunu.
Rahatlığın, dincliyin nə zamandı itmişdi,
Vətən sevgisi səni MAXE-əsgər etmişdi.
İdmançı-güləşçiydin durmadan çalışırdın,
“Qarabağım”-deyərək yanırdın, alışırdın.
Düşmən sirrin açmışdın kəşfiyyatda nə qədər,
Zəhmətin boş olmadı, düşmənə verdin kədər.
Tanrı sənə vermişdi, qorxmaz bir cəsur ürək,
Buzluq kəndi uğrunda döyüşdün cəngəvərtək.
Vətən, sağ olsun, deyib son anadək vuruşdun.
Əbədi yaşamaqçün şəhidliyə qovuşdun.
Ucaldın sən zirvəyə Vətən məhəbbətiylə.
Ərəbqubalı kəndi fəxr edir qeyrətinlə.
Ruhun şad olsun, Nurlan, azad oldu Qarabağ.
Sənin kimi oğullar düşməndə qoymaz torpaq.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Hədəf Liseyi Amerikadan təltif alıb
Azərbaycan təhsilində ilk! Hədəf Liseyi STEM.org Accredted™ Educational Experience etibar nişanı ilə təltif olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Hədəf Liseyindən məlumat verilib.
Hədəf Liseyi ölkəmizin STEAM əsaslı təhsil verən ilk özəl liseyidir. STEAM elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat (Science, Technology, Engineering, Art, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır.
STEM.org Amerikada ən uzun və davamlı fəaliyyət göstərən, özəl olaraq idarə edilən STEM təhsili tədqiqatı və etimadnaməsi təşkilatıdır. 2001-ci ildən bəri onun rəhbərliyi hərəkatın böyüməsi və yayılması üçün kritik rol oynayan əsas təşəbbüslərə, o cümlədən 2005-ci il STEM Konqresinin Qrupu üzrə ilkin işlərə kömək edib. Onun komandası dünyanın ən yaxşı brendlərini, təşkilatlarını və qlobal miqyasda minlərlə pedaqoqları dəstəkləyib pedaqogika sahəsində ən yaxşıları nümayiş etdirir.
Qeyd edək ki, beləcə, Hədəf Liseyi ISO/IEC 17024:2012 standartını ödəyərək akkreditasiyadan keçmiş hesab olunur.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Qapını arxadan bağlayan adam pıçıltı ilə dedi:
-Keç içəri, evdə danışaq.
İrəlidə mavi kostyumlu, ardınca ev sahibi kiçik həyəti keçib evə girdilər. Evin ortasında qoyulmuş masada yerlərini rahatladıqdan sonra ev sahibi yenə pıçıltı ilə davam etdi:
-Vəziyyət qəlizləşib. Sən də son dərəcə ehtiyatlı ol.
Bunu deyib ev sahibi ona bir zərf uzatdı.
Qonaq zərfi alıb cibində gizlətdi.
Ev sahibi yenə sözünə davam etdi:
-Zərfi sənə məlum ünvanın poçt qutusuna atarsan. Sonra evə gedirsən. Bu gündən evdən bir addım da kənara atmırsan. Adamımız istənilən vaxt əmanətin dalınca gələ bilər. O, xəbərdarlıqsız gələcək, bilirsən. Nəsə səhv getsə, özündən küs.
Son sözlərdən mavi kostyumlunun bədənini soyuq tər basdı. Qarşısındakı sakit-sakit danışan adamın nəyə qadir olduğunu o, qısa müddətdə gözəl öyrənə bilmişdi. Ona görə də tələsik cavab verdi:
-Arxayın ol. Evdən bir addım da kənara atmayacam.
-Elə isə, daha tərpən.
Birlikdə ayağa qalxdılar. Bir dəqiqədən sonra qonağı yola salıb qapını arxadan bağlayan ev sahibi həyətin ortasında dayanıb bir siqaret yandırdı. Siqaretinə dərin bir qullab vurub tüstünü sinəsinə çəkdi. Sonra əlini cibinə salıb telefonunu çıxardı.
* * *
Mahirin zəngi gözlədiyimdən tez gəldi. Onun heç iki saat keçməmiş zəng edərək dediklərini maraqlı adlandırmaq sadəcə bu məlumata qarşı insafsızlıq olardı. Dedikləri olduqca maraqlı idi.
-Bəxtiyar, sənin maraqlandığın adamın, yəni Sərxan Nağıyevin meyiti dünən səhər saatlarında şəhər qəbiristanlığında tapılıb. Elə dünən də yarıldıqdan sonra axşam saatlarında morqdan təhvil verilərək qohumları tərəfindən dəfn olunub. Ekspertlərin verdiyi rəyə əsasən o, sentyabr ayının iyirmi altısından iyirmi yeddisinə keçən gecə ürəyindən vurulmuş bir bıçaq zərbəsi ilə öldürülüb. Sənin istədiyin məlumatlar hazırlanarkən meyit hələ aşkar olunmadığından, tapılandan sonra isə şəxsiyyətini müəyyən edilməsi xeyli vaxt apardığından bundan xəbərimiz olmayıb.
-Meyitin üzərində nə olub?-ilk sualım bu oldu.
-Səni cib telefonu maraqlandırırsa, olmayıb. Ev açarı, yüz on iki manat pul, barmağındakı qızıl üzük, siqaret və alışqan, bir də cib dəsmalından başqa üzərində heç nə olmayıb.
-Meyiti kim aşkar edib?
-Qəbiristanlığın gözətçisi.
Bu gün sentyabrın iyirmi doqquzudur. Əgər meyit dünən, ayın iyirmi səkkizində səhər saatlarında tapılıbsa, deməli, otuz saatdan çox vurulduğu yerdə qalıb. Bunları fikirləşib növbəti sualımı verdim.
-Ehtimal etsək ki, meyitin orada qaldığı müddətdə kimsə gözətçidən əvvəl onu görüb və telefonunu götürüb, onda bunu edən adam xislətinə uyğun olaraq üzüyü də, pulları da götürmüş olmalıydı. Ancaq bunu etməyib. Deməli, öldürən hər kimdirsə, məhz telefonu orada qoymaq istəməyib.
-Razıyam,-Mahir yenə qısa cavab verdi.
-Ayrıca, Sərxanın qətlə yetirildiyi tarixə fikir ver, bu sənə heç nədən xəbər vermir ki?
-Özü də necə bir şeydən xəbər verir-Mahir də mənim tonumda cavab verdi: Bizim üçün vaxtın işə düşdüyü bir gündə, sentyabrın iyirmi yeddisində adı araşdırmamızdakı məlumatlarda keçən birinin qardaşının vaxtına son qoyulur.
-Deməli, buz qırılmağa başladı, cənab polkovnik.
-Razıyam, Bəxtiyar. Buz nəhayət ki, çat verdi.
Gecədən dönə-dönə təhlil etdiyim yeddi keçmiş məhkum barədə olan məlumatları əzbərdən xatırlayırdım. Lazım olanları bir daha tez yaddaşımdan keçirdim:Tərxan həbs olunandan sonra həyat yoldaşı uşaqları ilə birlikdə onu atıb gedib. Qardaşı Sərxan isə heç vaxt ailə qurmayıb. Ataları çoxdan dünyasını dəyişib. İki qardaş yaşlı anaları ilə ata evində yaşayıblar. Həbsdən çıxan Tərxan təxminən il yarım əvvəl dünyasını dəyişib. İndi də Sərxanın qətlə yetirildiyi məlum olub.
Alınan məlumat həqiqətən çox gözlənilməz idi. Mahirin susması onun səhərdən nəyə işarə vurduğumu başa düşməsi, indi də eynilə mənim düşündüklərimi təhlil etdiyi anlamına gəlirdi. Sükutu birinci mən pozdum:
-Təcili bütün mobil operatorlara sorğu verin. Son iki ildə hər iki qardaşın istifadəsində olmuş nömrələr haqqında cavab tələb edin. Cavablar ən xırda məlumat belə nəzərdən qaçırılmadan, ən qısa müddətdə verilsin.
-Sorğuları şifahi verəcəm. İki saata cavablar bizdə olacaq.
* * *
Səhər saatlarında mindiyi yerdə avtobusdan düşən mavi kostyumlu adam dayanacağın yaxınlığındakı ərzaq mağazasına girdi. Yarım saatdan sonra əlində bir neçə dolu zənbillə oradan çıxıb evinə tərəf yan aldı. Qeyri-müəyyən bir müddətdə evini tərk etməmək tapşırığı almış bu adam, ərzaq ehtiyatını tutmaq üçün əlinə gələni alıb zənbillərə doldurmuş, indi bu dolu zənbillərin ağırlığı altında ayaqlarını zorla sürüyürdü. Nəhayət mağaza ilə evinin arasındakı məsafəni qət edib açarı çıxarmaq üçün zənbilləri yerə qoydu. O, bu ikimərtəbəli evdə tək yaşayırdı. Evin qapısını açıb zənbilləri götürdü və içəri keçdi. Arxasınca ayağı ilə itələyib örtdüyü qapının kilidi avtomatik olaraq bağlandı. Zənbilləri yerə qoymadan ayaqqabılarını çıxarıb mətbəxə keçdi.
Evə gəlməmişdən qabaq lazımı ünvana gedib ona verilmiş zərfi tanış mənzilin poçt qutusuna atmışdı. Daha görüləcək bir işi qalmamışdı. Aldıqlarını yerbəyer edib dincələcəkdi. Ona gözləmək tapşırılmışdı.
* * *
Bütün qurumlar hərbi rejimə keçdiyi üçün operativlik ikiqat sürətlə təmin olunurdu. Lazım olan məlumatı Mahir iki saatdan da az vaxtda əldə edə bilmişdi. Təhlillər əsasında yaranmış ehtimalımın doğruluğunu təsdiq edən bir fakt artıq ortaya çıxmışdı-diqqət mərkəzimə düşən Sərxan Nağıyev ölü halda tapılmışdı. Özü də müharibənin başlayacağı gecə qətlə yetirilmişdi. Az əvvəl mobil operatorlardan alınan son cavablarla doğru yolda olduğumuzun bir təsdiqini də tapmışdıq. Ehtimalımın tam doğruluğunu təsdiq edən yol isə, oğlunu itirmiş dərdli ana ilə söhbətdən keçirdi. Təcili Sərxanın anası ilə görüşmək tələb olunurdu. Böyük ehtimalla indi qohum-əqrəba, qonşular dünən oğlunu dəfn etmiş, tək qalmış ananın başına yığışıb. Ancaq başqa çarə yox idi. Az əvvəl zəng etmiş Mahir alınan cavabların nəticə verdiyini deyib, oraya birlikdə getməyi təklif etmişdi.
Hazırlaşıb onu gözləyirdim. Tez gələcəyini bilirdim. Belə də oldu. Heç on beş dəqiqə keçməmiş Mahir gəldi və birlikdə bizə lazım olan ünvana yollandıq. Bizi çətin söhbətin gözlədiyi məlum idi. Ancaq belə hallarda dialoqun necə qurulacağını, həqiqəti üzə çıxarmaq üçün hansı üsullardan istifadə olunduğunu ikimiz də gözəl bilirdik. Bircə «əmma» var idi ki, söhbət edəcəyimiz adam cəmi bir gün əvvəl övladını torpağa tapşırmış yaşlı ana idi. Ona görə də seçəcəyimiz sözlərdə son dərəcə diqqətli olmalıydıq.
Bütün yas düşmüş evlərdəki kimi getdiyimiz evin də həyət qapısı laybalay açıq idi. Hələ içəri girməmiş həyətdə qaynadılan samovarın tüstüsünün iyi burnumuza vurdu. Qapıdan keçib bizi qarşılayan gənclə salamlaşdıq. Həyət kifayət qədər böyük idi. Salamımızı alan gənc bizi yuxarı başda, iri tut ağacının altında qoyulmuş masaya dəvət edib kimisə işarə ilə çağırdı. Oradan yaxınlaşan orta yaşlı kişinin müşayiəti ilə uzun masanın arxasında oturmuş kişilərin yanına gəldik. Salamlaşıb başsağlığı verdikdən sonra masaya əyləşdik. Mollanın verdiyi fatihədən sonra salavat çevirib mərhuma rəhmət dilədik. Öz-özlüyümdə, əgər ehtimalım təsdiqlənərsə, bu rəhməti geri götürəcəyimi qət etdim. Məclisdə xeyli adam var idi. Bayaq bizi qarşılayan gənc yaxınlaşıb gətirdiyi iki stəkan çayı qarşımıza qoydu və yenə də samovarın yanına qayıtdı.
Mərhumun anasının adı Səyyarə idi. İçəri girən kimi Səyyarə xanımı soruşub onunla söhbət etmək istədiymizi demək yaxşı qarşılanmazdı. Belə işlərdə mentaliteti nəzərə almaq mütləq idi.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
UĞUR QAZANDIRAN KİTABLAR – Con Maksvell, «Uğurlu insanlar necə düşünür».
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Con Maksvell, «Uğurlu insanlar necə düşünür».
Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.
Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.
Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:
- Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.
- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.
- Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.
- «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!
- Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.
- Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.
- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.
- Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.
- Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər.
Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.
İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)