“Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirləri ilə tanışlığı davam etdirir. Bu gün oxuculara gənc müəllifin 3 şeirini təqdim edəcəyik.
CƏZALI QƏZA
Ömrümü qoymuşam atın belinə,
Yüyənini tuta bilmirəm
Amma.
Çalışıram ayaq-ayağa verim,
Nə edirəm, çata bilmirəm
Amma...
Bu at keçib zamanımın üstündən -
Həm yorğası,
Həm dördnalı cəzadı.
Hərdən dizləri üstə dincəlməyi,
Yatmış arzularım üçün qəzadı...
Bu qəzamla hüzuruna gəlmişəm,
Ey Allahım, babalımı de,
Bilim.
Mən qulunam, bəlkə tərsə dönmüşəm -
Tərs haramdı,
Halalımı de, bilim.
GUYA Kİ...
Bismillahla keçib arxın üstündən
Ağırlığı suya atdıq
Guya ki.
Yağışa küləyin göz yaşı deyib
Ah-vayına çətir tutduq
Guya ki...
Bir gün ölüm mələk üzlə gələcək,
Qorxu çəkdik sabahadək
Guya ki?
Yorğan tapıb uzatdıq savabların
Ayaqların günahadək
Guya ki...
GERÇƏK ADAMLAR
Biz gerçək adamlarıq:
Hərə bir cür anlayır
Dünyanın qərib üzün -
Fitvasına bağlayıb
Gecəsin, həm gündüzün.
Biz gerçək adamlarıq:
Həqiqətdən güc aldıq,
Yalanla yoğrulmadıq -
Dünyanın daş yerinə
Boş yerə doğulmadıq.
Biz gerçək adamlarıq:
Nəfsimizin halına
Haqqımızla yanırıq -
Bircə addım geridə
Səbirlə dayanırıq.
Biz gerçək adamlarıq:
Gülümüzdə arılar
Şəfqətini anlayır -
Bal yığa bilməyəndə
Pətəyini danlayır.
Biz gerçək adamlarıq:
Saatımız köklənib
Həqiqətin vaxtına -
Yovşan kök üstə bitir
Hər yoncanın baxtına.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)