“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə MİLLİ ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Miraslan Bəkirlinin esselərini təqdim edirik.
BU MƏNƏM
Nər kimi ovcumda özümü, ər kimi ruhumda babalarımı, şir kimi dişimdə balalarımı, pir kimi qəlbimdə Tanrımı, nur kimi varlığmda ay-ulduzlu bayrağımı gəzdirirəm...
Altmışımda da hələ havalı oğlanlar kimi eşqimlə yol getməkdəyəm...
Mənim də varım-yoxum o dəli könlümdü, bir də bax, bu yazılarım - ağ vərəqdə naxışlanan qanımın, ruhumun, yaşantılarımın, mənimin bir parçası.
Doğmalarım, dostlarım inciməsin, onlar canımın bir parçası...
GECİKMƏ...
Yaman gec gəldin...
Bir göz qırpımından da uzun çəkdi sənin gəlməyin...
Qəlbimə bahar çiçəklərinin naxışı düzüldü, bu gözlədiyim vaxtda...
Cadar-cadar olan könlümə yaz yağışı süzüldü, bu gözlədiyim vaxtda...
Bilirdim ki, bu gözləmənin sonunda sənin vüsalın var. Sevə-sevə gözlədim...
Dəvə karvanının zınqırovlarının səsini, sevgililərin pıçıltısını, məsum körpə qığıltısını eşitdim, bu gözlədiyim vaxtda...
Sahili döyəcləyən ləpələrin laylasını, dağları sinəsində əks etdirən dəryanın aynasını yaşadım, bu gözlədiyim vaxtda...
Tək, əzəmətli bir çiçəkləyən meyvə ağacına kürəyimi söykəyib, səndən danışan yarpaqların pıçıltısını dinlədim, arı nəfsi, fəhmi ilə çiçəklərin, ləçəklərin gözəlliyini gördüm, sonra da xəyal pətəyi hördüm, bu gözlədiyim vaxtda...
Burnumu soyuq pəncərə şüşəsinə söykəyib, aram yağan yağışın səsində səndən danışan damlaların nəğməsini dinlədim, bu gözlədiyim vaxtda...
Dizimi qucaqlayıb çataçatla yanan sobanın rahatlığını və bayırda qar dənələrinin pəncərəyə çırpılan çovğununun narahatlığını yaşadım, bu gözlədiyim vaxtda...
Ağ vərəqdə səni gözlədiyimi naxışlayıram, bu ilahi yaşantıları mənə bəxş etdiyinə görə səni bu dəfə bağışlayıram...
Mənə uzaq olan qədər yaxınım, bir də gecikmə, yaxşı?!...
QARDAŞLAR
İki qardaşım var...
Biri yolumda ölən qardaşım;
biri mənli-mənsiz varımı bölən “qardaşım”...
Biri mənimlə ana dilimdə danışan, doğma ola-ola məndən aralı, ağrıma yanıb-alışan;
biri varımı yeyib, varlığıma darlıq olan, xəncəri kürəyimə saplamağa çalışan...
DİDƏRGİNLİK DƏRDİ
Qaysağı qoparılmış yaradı - didərginlik dərdi.
Didərginin arzuladığı nə var-dövlət, nə pul-paradı, ağrısı nə xəstəlikdi, nə yaradı.
Ürək göynədən, qəlb ağrıdan İblisin yaratdığı faciə simfoniyasıdı - didərginlik dərdi.
Vallah, qardaş, ağır dərddi didərginlik dərdi.
Onu çəkənlər bilər, elə didərginlikdi, didərgin dərdi...
QAN YADDAŞI
- Niyə yazırsan? - Soruşursan.
- Qəlbim yuxalıb-yuxalıb qırılmamaq üçün, sevincdən qanadlananda uçmamaq üçün yazıram.
Bəxtəvərliyim gəlməyəndə dilimə, bax, onda qələmi alıram əlimə.
Dərdlərimiz başımızdan aşanda, haramlıq acıyıb qabından daşanda yazıram.
İnsan övladı dininə, dilinə görə haqsızlıqları yaşayanda üzülürəm, bax, onda mürəkkəbə dönüb ağ kağıza qara naxış kimi düzülürəm.
Göynərtilərdən göyərməmək üçün, sevincdən yaxa qurtarmamaq üçün yazıram.
Babalarımın qan yaddaşıdı bu...
Onlar daş üstə yazıblar, mən kağız üstə yazıram.
ETİRAF - Dialoq
- Qorxaqsan, ölümdən qorxursan!
- Sən ondan qorxmursan?
- Yox! Qorxaq elə ölümdən qorxandı. Onnan bu tərəfə bədən, vücud qorxusu var, Onnan o tərəfə cəhənnəm əzabı, cənnət qoxusu var. Mənən onu addıya bilən Qəhrəmandı, Şəhiddi, Qazidi və Allaha yaxındı.
- Sən özünə Qəhrəman deyirsən? (gülümsünür) Özündən müştəbeh...
- Mən ruhən Qəhrəmanam, vücudumla torpağam, istəyimlə Şəhidəm, imanım, inamım və iradəmlə Qaziyəm, bütün məhəbbət və istəklərimin qaynağı Ondan olduğundan Ona yaxınam!
- (Dərin düşüncələr içində)
- Nə oldu? Səndən səs gəlmədi.
- Mən özümü və Allahımı sənin kimi dərk etməyənə qədər səsim gəlməyəcək.
TORPAQ
Anamızın anası, torpaq! Babalarımızın qəbir evi, müqəddəs əmanəti torpaq!
Balalarımızın ban evi, igidlərin dəyanəti, torpaq!
Nəvələrimizin ruzi payı, sabahı, səadəti, torpaq!
Səndən yaranıb, sənə döndüyümüz, varlığı ilə öyündüyümüz,
Üstündə gəzməyə başlayanda söyündüyümüz, torpaq!
Sinəsində min möcüzə bitirən, haramlığı, murdarlığı özünə çəkib itirən,
Bütün canlılara bərəkət gətirən, torpaq! Babamın can əmanəti torpaq!
İSTƏRƏM
Qara kösöv kimi ocağında yanmaq istərəm...
Dağlarımızın üstü ilə uçan qərib
durnaların bir lələyi olub, doğma torpaqlarımıza düşmək istərəm...
Axan çaylarında bir damla su, zirvələrində bir ovuc qar olmaq istərəm...
Göy otunla göyərrəm, ağaclarında tumurcuqlarınla bir yerdə açaram, Günəş kimi şölə saçaram, bircə sənə qayıda biləm, doğma el-obam mənim...
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)