Super User

Super User

Dima Bilan, Pelageya, Aleksandr Qradski və Leonid Aqutin onuncu, yubiley mövsümünün "Qolos" şousunun müəllimləri təyin olunublar, bu barədə Birinci kanalın mətbuat xidmətindən jurnalistlərə bildiriblər.
"Yubiley mövsümündə təlimçilərin kreslolarını bu məşhur dördlük tutacaq, layihənin çoxillik populyarlığına və tamaşaçı sevgisinə görə yubileydə münsiflər heyətinin bu cür qızıl tərkibi olmasının qeydinə qalınıb ", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiyanın əsas vokal layihəsinin yeni mövsümünün çəkilişləri yeni studiyada keçiriləcək. Kor dinləmələrdə iştiraka ilkin kastinqlərdən uğurla keçmiş vokalçılar buraxılıb - bu, təxminən, 120 nəfərdir, onların arasında seçimdən keçmiş 18 iştirakçı da var ki, ötən mövsümdə kor dinləmələrdə çıxış edə bilməyiblər.
Bununla yanaşı, həm peşəkar ifaçılar, həm də əsas işi musiqi ilə bağlı olmayan həvəskarlar, o cümlədən hüquqşünaslar, mühasiblər, dilçilər, menecerlər, rabitə elektromantyorları və hətta polis kapitanı da səhnəyə çıxacaq. Müsabiqədə Rusiyanın 66 şəhərindən və xaricdən ifaçılar iştirak edəcəklər. Şounun aparıcısı Dmitri Nağıyev olacaq.

Türkiyənin İLESAM təşkilatı (Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi)  4-cü Türk Dünyası Kitabxanalarına Kitab Hədiyyə Layihəsi 2021-in icrasını davam etdirir. Bu dəfə Özbəkistana ümumilikdə 20 000 kitab bağışlanacaq. Türkiyənin Mədəniyyət Nazirliyinin və TİKA təşkilatının dəstəyi ilə 2018-ci ildən başlayaraq türk dünyası kitabxanalarının Kitab ianə layihəsi çərçivəsində qurum Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Kosovoya və Şimali Makedoniyaya cəmi 48000 müəllifin  80 000 kitabını hədiyyə edib.
2021-ci ildə Daşkənddəki Türkiyə səfirliyinin xahişi ilə həmin layihə çərçivəsində İLESAM əvvəllər 10 000 kitab bağışladığı Özbəkistana bu dəfə ümumilikdə 20 000 kitab hədiyyə edir, kitablar Özbəkistan kitabxanalarına, o cümlədən Milli kitabxanaya veriləcəkdir.



XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
AzərTAC xəbər verir ki, bu günlərdə Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin qonağı olub. Mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri səfiri” diplomuna layiq görülüb.
Görüşün sonunda Cefri Verbok səmimi ab-havada təşkil olunan görüş üçün Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovaya və onun komandasına təşəkkürünü bildirərək, görüşdən məmnun qaldığını qeyd edib.

Bu il 90 illik yubileyini qeyd edilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti Lənkəran şəhərinə səfər edərək Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş növbəti düşərgədə tamaşa ilə çıxış ediblər.
AzərTAC xəbər verir ki, kuklaçılar “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “YAŞAT” düşərgəsi iştirakçıları üçün teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.
Məşhur Azərbaycan xalq nağılı “Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında hazırlanan tamaşaya teatrın rejissoru Anar Məmmədovun quruluş verib. Mono kukla tamaşasının quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda (Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar) çıxış edir. Tamaşanın ifaçısı sevilən aktrisa Ülviyyə Əliyevadır. İstər tamaşa, istərsə də nümayişdən sonra keçirilən əyləncəli oyunlar uşaqların böyük sevincinə səbəb olub.
Qeyd edək ki, silsilə xeyriyyə aksiyalarını, sosial-mədəni layihələrini daim gündəmdə saxlayan, Vətən müharibəsi dövründə, ondan sonra da ölkə miqyasında müxtəlif layihələrə qatılan Dövlət Kukla Teatrının kollektivi bunu özünün ən ümdə vəzifəsi və müqəddəs borcu hesab edir.

 

19 avqust. Ümumdünya Humanitar Yardım Günü

 

Bu gün bu yardım daha çox Afrikanın aclıq çəkən ölkələrinə, habelə müharibə gedən Suriya kimi ərazilərə şamil edilir. Təəssüf ki, uzun illər bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan da fəlakət zonası elan edilib bu sayaq yardımlar alırdı. Yardımlar barədə sizə yazıçı dostum Əlibala Məhərrəmzadədən eşitdiyim bir olmuş hadisə danışım. Rayonlardan birində məskunlaşan məcburi köşkünlərə Almaniyanın bir humanitar təşkilatının göndərdiyi ərzaq paylanırmış. Köçkünlər bir-bir yerli məmurların qutuları aradan çıxardıqlarını görürmüşlər. Onsuz da köçkünlər yerli məmurların qanunsuz əməllərindən beziblərmiş. Bu əliəyrilik, köçkün malına göz dikmək də üstəlik. Bir qoca qarı yardımını götürəndə məmur irişə-irişə ona deyib ki, ay nənə, bu ərzağı sizə  nemeslər göndəriblər. İkinci dünya müharibəsini, faşizmin zülmünü görmüş yaşlı insanlar üçün nemes anlamı bir başqa məna kəsb edir axı. Qarı da əvəzində onun üstünə bozarıb ki, nemsə onlar deyil, əsl nemsə sizsiz. Bax belə!

 

19 avqust. Ümumdünya Oranqutan Günü

 

Sizə oranqutanlar barədə nə deyə bilərəm? Elm təsdiqləyib ki, insandan sonra ən ağıllı canlıdır o. Adının mənşəyi də maraqlıdır, oranqutan – qədim latın və malay dillərində meşə adamı mənasını verir. DNK qomologiyasına görə insana ən yaxın canlıdır oranqutan. Adını o qədər eşitmişik, elə bilirik ki, dünyada ən çox yayılan meymun növüdür. Amma belə deyil, onlar sayca çöx azdırlar, dünyada cəmi iki yerdə - Kalimantan və Sumatra adalarının meşələrində yaşayırlar. Nəsilləri kəsilmək üzrə olduğundan Qırmızı kitaba düşüblər. Praktiki olaraq bu canlılar bütün həyatlarını ağacların üzərində keçirirlər, yanaşı açılarkən 2 metr uzunluq alan iri əllərinin köməyi ilə budaqdan budağa hərəkət edir, hətta su içmək prosesini də yerə düşmədən, yağışdan sonra yarpaqların üzərinə yığılan suyu içməklə həyata keçirirlər.

 

Oranqutanları digər meymunlardan fərqləndirən aralarında olan möhkəm sosial əlaqələr və mədəniyyətdir. Oranqutanların dişiləri balaları ilə uzun illər bir yerdə yaşayırlar və balalarını tərbiyə edirlər. Oranqutanlar ağac yarpaqlarından çətir kimi istifadə edə bilirlər. 10 yaşlı oranqutan 200-dən artıq bitki növünün rəngini və dadını tanıya və ayırd edə bilir. Oranqutanlar özlərini güzgüdə tanıya bilirlər.

 

Chantek adlı 39 il yaşamış məşhur oranqutanın isə yəqin ki, adını eşidənləriniz olub. ABŞ-ın Georgia ştatının Atlanta şəhərində 9 il bir antropoloq bu meymunu müşahidə edibmiş.Bu dövrdə Chantek otağını təmizləməyi, alətləri hazırlayıb istifadə etməyi və restorana yolu əzbərləməyi öyrənibmiş.O, həmçinin Amerika işarə dili ilə ünsiyyət qurmağı bacaran nadir insanabənzər meymunlardan biri idi.

 

19 avqust. Ümumdünya Fotoqrafiya Günü

 

2009-cu ildə avstraliyalı fotoqraf Korske Arenin təklifi ilə qeyd olunmağa başlanılıb bu gün. 19 avqust – Fransa hökumətinin ilkin fotoqrafiya prosesi üçün daqerrotip cihazına patent əldə etməsi günüdür. Xüsusən ağıllı mobil telefonlar kəşf edildikdən, hər kəs kameraya malik olduqdan sonra hamı foto çəkməkdədir. Bununla belə, peşəkar fotoqrafiya öz statusunu həmişə qoruyur. Azərbaycanımızda da bu cür peşəkarlar az deyil. Asim Talib, S. Rasim, Şahin Yüksəl Sərkərov kimi ustadlar, eləcə də yeni dalğa fotoqrafiya sənətinin Mirnaib Həsənoğlu, Araz Adiloğlu, Babək Həsənov, Bahadur Cəfərov, Bəhruz Əlizadə, Cavid Məmmədov, Denis Sveçnikov, Dilavər Nəcəfov, Ehtiram Jabi, Elay Mikayıl, Eldar Əkbərov, Elmar Mustafazadə, Elşad Asəfov, Emil Xəlilov və digərləri kimi nümayəndələri fotoqrafiya sənətinə töhvə verməkdədirlər. Var olun, yaşayın və yaradın!

 

19 avqust. Kartof günü

 

Gədəbəylilər, yaxın oturun. Bu gün sizin bayramdır. Ensiklopedik nəşrlərdə bu ən məşhur tərəvəz barədə bunlar yazılıb – badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən çoxillik bitki növüdür. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu və And kartofu var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Bizdə yayılan da elə bu növdür. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.

 

1565-ci ildə kartof ilk dəfə İspaniyaya, 17 əsrin sonunda Rusiyaya,18 əsrin sonu - 19 əsrin əvvəllərində Azərbaycana gətirilmişdir. Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 20 milyon hektara yaxındır. Əkinlərin 35%-i Avropa ölkələrinin payına düşür. Polşa, Almaniya və Fransada əkin sahələri daha çoxdur. Azərbaycanda bu bitkinin əkin sahəsi 69-70 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı təqribən 1 milyon ton, hektardan orta məhsuldarlıq 153 sentner olur. Kartofun vətəni Gədəbəydir deyənlər hardasa haqlıdırlar, Gədəbəydə dağ iqlimi şəraitində yetişən kartof unikal dadı ilə seçilir, ölkəmizdə ən çox kartof yetişdirilən region isə Cəlilabaddır.

 

Kartof həm də qadınların üz ağlığıdır, qayğanaq və kartof qızartması onları daha mürəkkəb xörəkləri bişirib əziyyət çəkməkdən xilas edən vasitələrdir.

 

19 avqust. QKÇP, Belka və Strelka, Ruzvelt və Çörçil

 

1991-ci ilin bu günündə məşhur QKÇP hadisəsi baş verib, Kremldə çevrilişlə hakimiyyətə yeni qüvvələr gəliblər. 1960-ci ildə ruslar kosmik fəzaya Belka və Strelka adlı iki itlə kosmik gəmi buraxıblar. 1943-cü ildə ABŞ və İngiltərənin rəhbərləri – Ruzvelt və Çörçil gizlincə atom bombasının yaradılması barədə saziş imzalayıblar. Bugünkü gün keçmiş ABŞ prezidenti Bill Klinton (1946), dünyaşöhrətli fransız kuturye Koko Şanel (1883) doğulublar, ünlü fransız riyaziyyatçısı Blez Paskal (1662), qərb sivilizasiyasının ən möhtəşəm memarı, klassisizmin banisi italyan Andrea Palladio (1580), habelə ilk Roma imperatoru Oktavian Avqust (14) vəfat ediblər.

 

19 avqust. Görkəmli teatr rejissoru və aktyoru İsmayıl Hidayətzadənin 120 illiyi

 

Mədəniyyətimizin inkişafında rolu olmuş hər kəsi tanımaq, onların adlarını yaşatmaq bizlərin borcudur. İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci il avqust ayının 19-da Bakıda anadan olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq ona “İttihad” məktəbində güzəştlə oxumağa izn verilmiş, lakin 1917-ci ildə atasının vəfatından sonra təhsildən uzaqlaşmaq məcburiyyətində qalmışdır. Elə həmin ildən də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq etmiş, tamaşalar hazırlamışdır. 1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də var idi. O, rejissorluq sənətinə də maraq göstərmiş, Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləmişdir. 1926-ci ildə arabir özünü rejissorluqda sınamış, sonra Mirzə Rza Vaizzadənin “Səyavuş” pyesini tamaşaya qoymuşdur. İndiki Milli Dram Teatrında 1937- ci ilədək aktyor, sonra həm də rejissor işləmişdir. Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına keçirilmiş, az sonra həmin teatra baş rejissor təyin olunmuşdur. Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını, Rus Dram Teatrında “1905-ci ildə”, “Vaqif” tamaşalarını səhnələşdirmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanmışdır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırmış və Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilmişdir. Rejissor və teatr xadimi İsmayıl Hidayətzadə aktyor kimi də coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. Səhnədə çevik və həssas görünürdü. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Hacı Qara (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilmişdir. Görkəmli aktyor, rejissor 1933-cü ildə “Əməkdar artist”, 1938-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. İsmayıl Hidayətzadə 1951-ci il noyabr ayının 11-də Bakıda vəfat etmişdir. Bakı şəhərindəki küçələrdən biri rejissorun adını daşıyır. Ruhu şad olsun!

 

Şəkildə: İsmayıl Hidayətzadə çoxsaylı rollarından birini oynayarkən. Mənbə: Kino-teatr.ru

 

(Varisin “11-20 avqustun təqvimi” yazısından fraqmentlər)

 

“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi adlı yeni təşkilat yarandı. Təşkilatın əsas məqsədi musiqili əsər (bəstəkar və şair) müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi, həmin hüquqların kollektiv əsasda idarə edilməsidir. Təşkilatın sədri bəstəkar Gövhər Həsənzadə, İdarə Heyətinin üzvləri Xalq şairi Vahid Əziz, bəstəkarlar Yaşar Baxış və Vaqif Gərayzadədir.
Təşkilat sosial media hesabları  vasitəsi ilə musiqili əsər müəlliflərini üzvlüyə dəvət edir.
Qeyd edilir ki, təşkilata üzv olan müəlliflərlə "Müəllif və ələqəli hüquqlar"ın Kollektiv idarəçiliyə verilməsi haqqında Qanununa əsasən fərdi müqavilələr imzalanır və bundan sonra onlara əsərlərinin istifadəsinə əsasən qonorar hesablanır.

Dünyanın bir nömrəli bestselleri “Səssiz xəstə” (The Silent Patient) romanının müəllifi Aleks Mixaelidesdən yeni bestseller - “Qızlar” gələndə hamı nəsə fövqəladi bir hadisənin baş verəcəyini dərhal duydu. Aleks oturub illərlə gözləyir, qəfildən sakit səmada şimşək çaxdırmağı bacarır.
Öncə ondan başlayaq ki, “Qızlar” romanı dərhal məşhurlaşdı, təsadüfi də deyil ki, ilin bir nömrəli trelleri, “Nyu-York Tayms”ın ən çox satılan bestselleri adını məhz o qazandı.
Biz bilmirik, azərbaycanlı oxuculara Aleks Mixaelides adı tanışdırmı, amma yuxarıda sadaladığımız titullar belə deməyə əsas verir ki, mütləq tanış olmalıdır. Cənubi Kipr əsilli Britaniya yazıçısı və ssenaristi, 44 yaşlı Mixaelides bu saat üçün dünyada triller janrının bir nömrəlisidir.
İndi də yeni romana keçək. Yunan mifologiyasını, psixologiyasını və qətli bir araya gətirən həyəcanlı və gərgin bir trillerdir “Qızlar”.
Edvard Fooska qatildir. Buna Mariana əmindir.
Xarizmatik və  yaraşıqlı olan Edvard  professordur,  Kembricdə yunan faciəsinin kursunu öyrədir. O, həmkarları və tələbələri tərəfindən sevilir. Xüsusilə müəllimləri üçün hər şeyə hazır olan gizli "Qızlar” Cəmiyyətindən olan tələbələr tərəfindən. Mistik təlimlərlə qızları idarə edən professor onlar üçün gizli  oyunlar və ritual mərasimləri təşkil edir. Və tezliklə bu qızlardan birinin kəsilmiş boğazla və çıxarılmış gözlərlə meyidi tapılır.
Mariana Andros ərinin ölümündən sonra travmatik depressiyaya düşmüş istedadlı bir psixoterapevtdir. O, aydın şəkildə görür: Edvard Fooska – insanları məharətlə manipulyasiya edən narsisistik sosiopatdır. Mifə görə, Persephone-yə səcdə edənlər qara qüvvələr sayılır, Edvard Fooska da Persephpne-yə səcdə edir.
Persephone-Yunan mifologiyasında məhsuldarlığın və ölülərin tanrısıdır. Əfsanəyə görə, o, bir ilin üçdə birini yerin altında, həyat yoldaşı Hades ilə, üçdə ikisini isə Yerin üzündə, anası Demetra ilə keçirmək məcburiyyətindədir. Mif mövsümlərin dəyişməsini simvollaşdırır. Və qızın ölümü onun həyatdansonrakı dünyaya  səyahətinin hərfi təcəssümüdür. Qız son aylarını Edvard Fooskanın tam təsiri altında keçirib. Hər şey gün kimi aydındır. Edvard qatildir. Təkcə bunu  sübut etmək qalır… Mariana bunu bacaracaqmı?

İndi də “Ədəbiyyat və incəsənət” “Nyu-York Tayms”a istinadən oxucularına “Qızlar” romanı barədə tanınmış ədəbiyyat funksionerlərinin və nəşrlərinin fikirlərini təqdim edir:
"Xeyli tutqun, tünd boyalı, o qədər də zərif, son dərəcə cəlbedici roman – sonunda gözlənilməz dönüş ilə məni hədsiz heyran elədi. Bu roman "Səssiz xəstə"dən daha çox xoşuma gəldi - bu isə çox şeydən xəbər verir!"- Lucy Foley
"Bu roman yüksək səviyyəli peyc- ternerdir”- David Boldaççi
"Çox parlaq romandır. O qədər həyəcanlandırır ki, ürək sanki sinədə yox, boğazda döyünür”– Stephen Fry
"Mixaelides bu sahədə əsas oyunçudur". – Publishers Weekly
"Eleqant, uğurlu, şık və maraqlı - bu roman son on ilin ən yaxşı trillerlərindən biridir. Sizin sələflərinizi necə ötə bilərsiniz sualına həm də bir cavabdır. Cavab aydın oldumu? Sadəcə, yaxşı bir şey yazmaq lazımdır". - Chris Uitaker

Materialı dərc edərkən  “Ədəbiyyat və incəsənət” portalına istinad etmək vacibdir. Əməyimizə lütfən hörmət edin.


Beynəlxalq Muğam Mərkəzi (BMM) TÜRKSOY-a daxil olan ölkələrin müstəqilliyinin 30 illiyi münasibətilə təşkil edilən beynəlxalq festivalda milli musiqi alətlərimizi təbliğ edən proqramla təmsil olunur.
Bu barədə AzərTAC BMM-ə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət və sənət adamlarının iştirak etdiyi festival avqustun 17-dən 23-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilir. TÜRKSOY-un təşkil etdiyi festival çərçivəsində türk dünyasının folklor musiqisi, fotosərgi və müxtəlif sənət növlərini təmsil edən iştirakçıların ustad dərsləri nümayiş olunacaq.
Xatırladaq ki, 2008-cu il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda açılışı olan Beynəlxalq Muğam Mərkəzi Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bir layihədir. Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.


Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçil bizim yaddaşımızda 2-ci dünya müharibəsi filmləri ilə qalıb. O, ABŞ prezidenti Ruzvelt və Sovet rəhbəri Stalin faşist Almaniyasını üçlükdə məğlub ediblər. Amma Çörçil həm də gözəl rəssam olub.
“Ədəbiyyat və incəsənət” portalı Rusiyanın “İzvestiya” nəşrinə istinadən məlumat verir ki, bu yay Çörçilin çəkdiyi bir rəsm əsəri Nyu-Yorkdakı hərracda $1,8 mln satılıb, Phillips hərrac evinin saytında bu xəbər yerləşdirilib. Rəsm 1921-ci ilin avqustunda yağlı boyayla çəkilib, ölçüsü 76x63,3 sm-dir.
Kətanda meşə, habelə kiçik bulaq təsvir olunub, Çörçil bu rəsmi naturadan Brekls şəhəri yaxınlığında çəkib. Əsər hərraca qədər yunan sahibkarı Aristotel Onassisin (1906-1975) kolleksiyasının bir hissəsi idi.
Daha öncə - mart ayında məşhur  Hollivud aktrisası Ancelina Coli Britaniya siyasətinin simvolunun rəsmləri üçün ən rekord qiyməti fiksə etdirərək onun rəsm əsərinə görə $11,5 mln. qazanıb. Bu, keçmiş baş nazirin 1943-cü ildə ABŞ-ın sabiq prezidenti Franklin Ruzveltə hədiyyə etdiyi məşhur “Əl-Kutubiya məscidinin minarəsi" əsəridir ki, taleyin hökmü ilə gəlib Anjelina Coliyə qismət olmuşdu. Ancelinadan sözügedən rəsm əsərini alan adı açıqlanmayan bir yəhudi kolleksioner olub ki, sentyabr ayında o, rəsm əsərini yenidən auksiona çıxarmaq fikrindədir.
Olduqca sirli-sehirli aurası olan bu rəsm əsərində təsvir edilən Əl-Kutubiyə məscidi (ərəb dilində kitabçıların məscidi anlamını verir) Mərakeş paytaxtının ən böyük məscididir, 12-ci əsrdə inşa olunub, 69 metrlik minarəsi ona xüsusi gözəllik verir.
Bildirək ki, Uinston Çörçill 40 yaşı olanda rəssamlıqla məşğul olmağa başlayıb. Həyatı boyunca o, 540 rəsm əsəri çəkib ki, bunların əksəriyyəti özəl kolleksiyalarda və ya onun nəsil nümayəndələrinin evlərindədir.
Portalımızın oxucularına “Əl-Kutubiya məscidinin minarəsi" tablosunu təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizi “Çərşənbə söhbətləri” rubrikasında  Respublikanın Əməkdar Artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımova ilə görüşdürür. Fərqanə Qasımova Azərbaycan musiqisinin canlı korifeyi Alim Qasımovun qızıdır, amma sənət yollarında ata şöhrətinə sığınmadan, öz yolu, öz dəst-xətti ilə addımlayır. Xanəndə ilə söhbəti əməkdaşımız Aysel Kərim aparır.

 

-Xoş gördük, dəyərli və əziz Fərqanə xanım. Yay aylarınız necə keçir? Səssizliyə, seyrəkliyə, yoxsa səs-küyə, qələbəliyə meyil edirsiniz?

 

-Xoş gördük, əziz həmsöhbətim Aysel xanım və əziz oxucular. Yay aylarımı öz doğma bölgəm Şamaxı rayonunda keçirirəm. Həqiqətən də bura səssiz, səs-küydən, qələbəlikdən uzaq bir yer olduğu üçün burada özümü tapıram, istirahət edirəm. İstirahət dedikdə, ən azı, sakit yaşam tərzi yaşayıram. Burda xüsusi bir istirahət seçimim yoxdur. Elə səs-küydən uzaq durmağın, sakitçiliyin özü də indi mənə görə böyük bir istirahət sayılır.

 

-Studiya çalışmamızda bir ifadənizi xatırlayıram. “Kaş ki, bəstəkar olardım, xanəndəliyin sirrini, onsuz da, atam öyrədirdi” deyib təəssüf hissinizi ifadə etmişdiniz. Oxucular üçün bunu daha ətraflı izah edərsinizmi?

 

-Bəli, Aysel xanım, siz o ifadəni çox düz xatırlayırsınız. Mənim keçmişdə “kaş ki” dediyim sözlər çox deyil. Deyərdim, bir və ya iki dənə olar. Çünki mən həmişə yaşam tərzimdən razı qalan insanam. Hər zaman nə qədər çətinliklərdən, hansı keşməkeşdən keçsəm də “bu mənim yaşam tərzimdir” anlayışı ilə çox rahat davranıram. Yəni bu həyatda heç bir peşmançılıqlarım yoxdur. Amma “kaş ki” dediyim bir-iki məsələ var. Onlardan birini oxucular üçün açıqlamaq istəyirəm. “Mən 1996-cı ildə Konservatoriyaya daxil olanda kaş ki, xanəndəlik yox, bəstəkarlıq üzrə təhsil alardım” deyə düşünürəm. Çünki mənim orta ali piano təhsilim olduğu üçün belə bir fürsətə sahib idim. Ona görə də bu cür şansı əlimdən qaçırdığıma görə “kaş ki” deyib hərdən təəssüflənirəm. Xatırlayıram, Aysel xanım, mən bunu sizə dedikdə siz həmin an özünüz də buyurdunuz ki, indi də gec deyil. Bəli, mən də sizinlə razıyam ki, heç də gec deyil. Yəqin ki, gələcək illərdə mən bu “kaşkimi” həyata keçirə bilərəm. Bunu edə biləcəyimi düşünürəm.

 

-Əvvəl sənətkarlar sənətini televiziyada nümayiş etdirirdi. Tanınmış sənətçilər çox az idi. Bədii Şuraların ələyindən ələnmək lazım gəlirdi. İndi gənclər sənətə demək olar ki, birbaşa sosial media üzərindən gəlirlər. Paylaşımlarını reklam edərək milyonlarla insanın önünə çıxmaq şansına sahibdirlər. Tez zamanda tanınmağı, ifalarını tanıtmağı asan bacarırlar. Siz o dövrü, yoxsa indiki dövrü qiymətləndirirsiniz? Dünya səhnələrində ifa nümayiş etdirmiş sənətkar olaraq müqayisələriniz çox maraqlı olar.
-
Bəli, əvvəl sənətkarlar sənəti televiziyada nümayiş etdirirdilər. Sizinlə tamamilə razıyam. Mən deyərdim ki, o zamanı sevirəm. O zaman sosial şəbəkələr yox idi. Yəqin ki, olsaydı o cür olmazdı və bu gün var deyə bu dəyişim, fərqlilik özünü göstərir. Alim Qasımov danışır ki, “ Xatırlayıram, gənc idim, rəhmətlik böyük tarzənimiz Hacı Xanməmmədov televiziyaya müraciət etdi ki, “İstedadlı gənc xanəndəmiz var, adı Alim Qasımovdur. İstəyirəm onunla ”Çahargah” dəstgahı yazdırım”, amma onun bu müraciətinə müsbət cavab gəlmədi. Baxmayaraq ki, bunu Hacı Xanməmmədov demişdi, yenə də yaşımın gənc olmasına görə heç mənim istedadını ölçmədən icazə vermədilər.” Görürsünüzmü? O dövr də belə dövr idi. Əgər o vaxt icazə versəydilər belə yadigar bir əsər olardı. Çox təəssüf ki, razı olmadılar. Amma o zamanın ən böyük dəyəri onda olub ki, məsələn, bizim on xanəndəmiz olubsa, elə onu da öz möhürünü vurmuş, tarixdə qalmış sənətkarlar olub. Onlar öz güclərinə, xalqın ələyindən keçib televiziyada, istər radioda özlərini doğrulda-doğrulda, sevdirə-sevdirə gəlib böyük sənətkarlara çevriliblər. İndinin özündə onların səsini biz eşidəndə üzlərini görməsək də bilirik ki, bu hansı xanəndəmizdir, Rübabə xanım Muradovadır, Tükəzban xanım İsmayılovadır, Sara xanım Qədimovadır, Şövkət xanım Ələkbərovadır, digərləridir. Həmçinin, eynilə də kişi xanəndələrimiz olsun. Amma bu gün sosial şəbəkənin inkişaf etdiyi bir dövrdə bəzən biz kimlərisə adi ötürürük. Tanısaq da belə ona sənətçi kimi baxmırıq. Yaxud TV-lərdə hər kəsə yaşıl işıq yandırırlar, bəziləri oxuyan kimi kanalı çeviririk, hansınısa sevirik, hansınısa sevmirik. O zamanlar isə bütün sənətkarlar o qədər dəyərli idi və sevilirdilər ki, hərəsi bir sənət, bir tarix, bir əsər idi. Bu gün hamı axına düşüb, hamı oxuyur, amma bu yüzlərlə oxuyanın içində üç-dörd nəfər sənətkar olar, ya olmaz. O bir məsəl var, deyir, “Palaza bürün, elnən sürün”. Hamı o selin içində axıb gedir, inanın. Bu, əlbəttə çox üzücü və kədərlidir.

 

-Pandemiya mədəniyyət sahəsinə çox təsir etdi. Bu sənətə heç ara verməyi düşündüyünüz oldumu?

 

-İstəsək də, istəməsək də sənətlə aramızda böyük ayrılığa səbəb oldu bu bəla. Baxmayaraq ki, biz bu sıralarda az da olsa xaricdə konsertlərə getdik. Əlbəttə, pandemiyayla bağlı daha çoxusu mümkün olmadı. Sərhəd yolları bağlı, səhnələr bağlı. Nə yaxşı ki, istisnalar oldu. Bu ərəfələrdə Portuqaliyada mənim solo konsertim keçirildi. Sonra Alim müəllimlə Moskvada bizim iki konsertimiz oldu. (Bu konsertlər barədə “Ədəbiyyat və incəsənət” xəbər vermişdi – red.) Sonra mənim Fransada üç konsertim oldu. Yəni özümüzdən asılı olmadan biz bu pandemiya çuxasından arada çıxa bildik. Mən bu sənətə ara verməyi düşünmürəm və düşünməmişəm. İşsiz-gücsüz qaldığım müddətdə isə mən yenə də öz musiqi fəaliyyətimlə təmasda oldum. Bəzi muğamlara, bəzi qədim təsniflərə baş vurdum. İnanıram ki, pandemiya hamımızı nə vaxtsa azad buraxar. Rahatçılığa qovuşarıq. Yenə də öz sənət həyatımızla yenidən birgə addımlamış olarıq.

 

-İndiki yaşınız sizə nə hiss etdirir?

 

-Mən elə bilirəm ki, hər zaman bu yaşda olmuşam. Keçmişi, sadəcə, oxuduğum kitab kimi xatırlayıram. Elə bil kiminsə bir romanını, kiminsə hekayəsini oxumuşam. Orda sadəcə özümü, öz həyatımı oxuyuram, nəinki başqasını. Əgər bu həyatı yaşamasaydım heç vaxt keçmişə baxıb “kaş bunu öncədən bilərdim” deyə bilməzdim indi. Demək ki, yaşamısan, öyrənmisən. Keçmişə baxanda isə hansısa boşluğu görürsən. O boşluğu görmək üçün mütləq sən onu yaşamalısan ki, bu gün sən onu hiss edə biləsən, dərk edə biləsən. Ancaq mən heç bir zaman həyatda “kaş” sözünü işlətməyi sevməmişəm. Məhz ona görə ki, bu söz Allahın xoşuna gəlmir. Allah bu sözü bəyənmir. Biz Allahın bizə yaşatdıqlarını, bizə qismət etdiklərini yaşayırıq. Mən bunu belə başa düşürəm. Əlbəttə, hətta bəzi seçimləri Allah bizim üzərimizə qoyarsa belə, yenə də mən düşünürəm ki, biz Allahın istədiyi cür yaşayırıq. Nə qədər böyük dərdin, problemin olsa da “bunu Allah yaşatdı” deyib düşünsən, rahat qəbul edə bilərsən, rahat yaşayarsan. Bu hissin adı isə kamillik olar, beləcə bu həyatdan kamilcə keçə bilərsən.

 

-Siz lirik əsərlərdə, lirik mahnılarda özünüzü tapmısınız. Biz də artıq sizi belə qəbul etmişik. Ritmik mahnılar ifa etməməyiniz xarakterinizdən irəli gəlir?

 

-Aysel xanım, düz düşünürsünüz. Lirik əsərlərdə, lirik mahnılarda, bəli, özümü tapıram. Nəinki lirik mahnılar və lirik əsərlər, siz diqqət etsəniz mənim ifa etdiyim əsərlərin içində çox etnik səslər, etnik musiqi janrı var. Özümüzün milli və bəstəkar mahnılarımızın ritmini dəyişməyi, aranjıman etdirməyi, başqa tərzdə, içimdən gələn formada oxumağı çox sevirəm, çox bəyənirəm. Ritmik mahnılara gəldikdə isə, düzdür,  mən oxumuşam, mənim repertuarımda var, amma o cür deyil ki, mən oxuyum, insanlar qalxsın oynasın. Yox. Elə gözəl ritmik mahnılar da var ki, həqiqətən insanın, necə deyərlər kefini, əhval-ruhiyyəsini düzəldir, amma o demək deyil ki, həmin mahnılara toyxana mahnıları kimi, həmən qalxıb oynanılmalıdır.

 

- Tamaşaçı diqqəti sizi qane edirmi?

 

-Bu gün o qədər, cürbəcür bayağı mahnılar, ifaçılar və ifalar, tərzlər, üslublar, aranjımanlar var ki, insanlar özlərinin artıq nəyə qulaq asdıqlarını çaşdırıblar. Siz yaradıcı gəncimiz kimi özünüz də bunu çox gözəl bilirsiniz, əziz Aysel. İnsanların artıq zövqü qarışıb. Bir vaxt mən filan mahnıları sevirəm deyənlər artıq hər cür mahnıya qulaq asırlar. Özü də artıq çözə bilmirlər ki, nəyi sevir, nəyi sevmirlər. Ona görə də mən indiki insanları qınamıram. Biz elə zəmanəyə gəlmişik ki, insanların zövqünü çaşdırmışıq. Onları özlərindən və öz dünyalarından uzaqlaşdırmışıq. Onlar da artıq özlərini bu janrlarda tapa bilmirlər. Mən isə öz tamaşaçılarımdan çox məmnunam. Çünki bəzi tamaşaçılar ağı-qaradan seçməyi bacarırlar. Çox şükür ki, belələri hələ də mövcuddurlar.

 

-Atanız Alim Qasımov həm də müəlliminizdir. Siz tələbə olan dönəmlər Alim müəllimin iradlarını rahat qəbul edirdiniz?

 

-Bəli, Alim Qasımov mənim əzəli və əbədi müəllimimdir. Niyə belə deyirəm, çünki mənim sənətdə başqa müəllimim olmayıb. Bir tək səsyazmalardan dinlədiyim ifaçıların üzərimdə haqqı da var ki, onlardan hansısa bir nəfəs, boğazda hansısa xırdalıq götürmüşəm. Əlbəttə ki, bunu da danmaq olmaz. Bəli, Alim müəllimin iradları çox olub. Alim müəllim heç nəyi boğazdan yuxarı etməyib. Eləcə də mənə qarşı bu sənətdə hər şeyi ürəkdən edib, elə-belə etməyib. Nə öyrədibsə, nə deyibsə ürəkdən edib. Alim müəllim heç bir sirlərini məndən gizlətməyib. Bu mənim çox xoşuma gəlib. Ağıl və məntiqlə düşünmüşəm deyə, ürəyimdə demişəm ki, yaxşı ki, mənim atamın bu cür qəlbi var, heç bir sirrini məndən gizlətmir.
-Mütaliəyə marağınızdan xəbərim var. Hansı mövzuda kitablar oxuyursunuz?

 

-Mənim, əsasən, mütaliə etdiyim kitablar böyük, dahi klassik şairlərin qəzəlləri, şeirləri, həyat-yaradıcılıqları olur. İndiki dövrdə bəzi kitablar var ki, onlar müasir insanı anladan kitablardır. Məsələn, bizə bəzi şeyləri vaxtı ilə yanlış aşıladan, bu gün isə doğru aşılayan kitablar var. İstər övlad tərbiyəsi, istər insanlara qarşı mövqe, istər şəxsi maraqları əks etdirən kitablar olsun. Əlbəttə, oxumağa həvəsim var.
-Siz Tanrıya inanclı bəndəsiniz. İnanmayanlarla mübahisəniz olurmu? Yoxsa onları öz mənəvi dünyaları ilə baş-başa buraxırsınız?

 

-Bəli, Əlhəmdülillah. O da bizə Allahın böyük lütfüdür ki, Allah hər bəndəsinə öz sevgisini verməz. Əgər Allah bizə öz sevgisini verməsə biz əsla onu sevə bilmərik. Çünki Allah bizim görmədiyimiz bir varlıqdır ki, o, öz məhəbbətini bizə hədiyyə edir və biz onu sevirik. Mən də Allahın lütf qazanmış bəndələrindənəm ki, Allahtəala mənə öz sevgisini bəxş edib. Allah təki bu sevgini əbədi etsin. İnanmayanlara mənim heç bir sözüm ola bilməz. Əstağfurullah. Əsla! Artıq söz deyə bilmərəm. Çünki həyat çox qəribədir. Mən bəzi şeylərdən çox qorxuram. Mən bu gün Allahı sevdiyimə görə o qədər şükr edirəm ki. Bu məhəbbətin məndə əbədi qalmasını ancaq Allahdan diləyirəm. Sevməyənlərə isə Allahdan şəfa diləyirəm.

 

-Dörd övlad anasısınız.  Uşaqlarınızla vaxt keçirtməyə zamanınız olurmu? Böyük qızınız bilirik ki, tələbədir.
-Bəli, Allah cümlə balaları valideynlərinə çox görməsin. Bu bəşəriyyət üçün, bu cahan üçün hər bir övladı xeyirli övlad etsin ki, zamanəmiz, dövrümüz pisliyə deyil, yaxşılığa getsin inşallah. Bu, bizim dünyaya gətirdiyimiz övladlardan çox asılı olan bir şeydi. Nə qədər zamanım olubsa mənə ayırılan ömürdən mən zamanımı övladlarıma ayırmışam. Mən özüm üçün yaşamamışam bu həyatda. Nə qədər vaxtım olub, övladlarım üçün, sənətim üçün yaşamışam. Xüsusi bir zaman ayırmamışam özümə. Yalan nə deyim. Bəlkə bundan sonra övladlarım böyüyər, ola bilər ki, bundan sonra zamanım olar. Amma çox şükür ki, Allahtəala mənə zaman verib ki, sənətim üçün, xalqıma yararlı insan olmaq üçün, sənətimi yaşatmaq üçün yaşayım. İnsanlara paklğı mesaj etməklə yaşamışam. Kimin üçün, kimlər üçünsə yaşamaq mənimçün böyük hissdir. Bəli, qızım tələbədir. Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Heykəltaraşlıq üzrə təhsil alır.

 

- Çox təmkinli, səbrli insan təsəvvürü yaradırsınız. Belə xarakterlə bu dövrdə sizə çətin deyilmi?

 

-Bəli, düz qeyd etdiniz, görünüşümlə xatakterim üst-üstə düşür. Doğrudan da o cür insan tipindəyəm. Təmkinli və səbrli insanam. Əlbəttə ki, hamının formadan çıxmaq obrazı da olur. Deyə bilmərəm ki, mən ömür boyu səbrliyəm. Bu heç düzgün olmaz. O bir söz var, üzr istəyirəm, deyirlər, gərək həyası olmayan biri olasan ki, işlərin qabağa getsin. Bəzən nələrsə adamın səbrini alır. Amma bu istisnadır. Yenə də deyirəm ki, Allah bizə nəyi yazırsa onu da yaşayırıq.

 

- Hansısa arzunuzun gerçək olmamasına görə sonradan Tanrıya şükür etdiyiniz olubmu?

 

-Bəli, elə dualarım olub ki, indi, məsələn, tövbə edirəm ki, mən gərək o duanı etməzdim. Hətta dua etmişəm ki, kaş belə olardı, sonradan görmüşəm ki, mən dua etsəm də, ancaq mənim bəxtimə, taleyimə bu yazılmayıb. Tövbə etmişəm ki, Allahım, onu mən səndən israrla istəmişəm. Ancaq mən sənin verdiyin yazıyla razılaşıram. Çox şükür edirəm və səndən əvf diləyirəm.
-Səhnə və alqış Fərqanə Qasımova üçün nəyi ifadə edir? Hər gurultulu alqışda, hər tamaşaçı diqqətində o, yenidənmi doğulur?

 

-Səhnə və alqış bizim evimizdən, işimizdən, yaşadığımız hərgünkü həyatımızdan  tamamən çox fərqli yerdədir. Səhnə və alqış hər adama qismət olmur. Allahın qismətinə yazdığı insanlara nəsib olur. Çox şükür ki, mən onu həm böyük ustad, həm böyük sənətkar Alim Qasımovla paylaşmışam. Həm də, tək halda da dəfələrlə yaşadığım olub. O, elə hissdir ki, onu orda yaşayan an hiss edirsən ki, sən hardasan və kimlərlə bir yerdəsən.

 

-Sizi bu həyatda ən çox nə kədərləndirib, nə sevindirə bilər?

 

-Mən hər zaman deyirəm ki, sabah başımıza nələr gələcəyini bilmirik. Mən həyatda  heç kimə nə çox kədərlənməyi, nə də heç kimə çox sevinməyi arzu etmirəm. Mən öz payıma deyirəm, sakit həyatımız olsun. Allahdan bunu istəyirəm. Düzdür, gələn kədər də, sevinc də Allahdandır, ancaq mən həm özümə, həm də hər kəsə arzu edirəm ki,  Allahtəala bu dünyada hamımıza rəhm etsin.

 

-Arzunuz çin olsun, dəyərli Fərqanə xanım. Müsahibəyə görə minnətdarıq sizə.

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.